Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyev Azərbaycan Veteran hərəkatının yaradıcısıdır.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 32 illik fəaliyyəti ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib və bu gün də yüksək fəallığı ilə seçilən aparıcı ictimai qurumdur. Hazırda sıralarında Böyük Vətən müharibəsi, əmək, Silahlı Qüvvələr və hüquq-mühafizə orqanlarının veteranları, məhəlli döyüşlərin iştirakçıları, arxa cəbhə veteranları, Leninqrad şəhərinin mühasirəsi iştirakçıları olmaqla, ümumilikdə 80 min nəfərə yaxın üzvü birləşdirir. Təşkilatımız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işini təbliğ edir, veteranların sosial müdafiəsi məsələlərinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, erməni faşizminin ifşası, eləcə də dünyada sülhün və əmin-amanlığın qorunub saxlanılmasına töhfələr verir. Bildiyimiz kimi, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında qəhrəmanlıq nümayiş etdirmiş veteranlarımıza ən yüksək diqqət və qayğının göstərilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə, xüsusilə 1970-80-ci illərdə respublikada bütün sahələrdə olduğu kimi veteran hərəkatında da canlanma yaranmış, bu hərəkat tədricən bütün ölkəni əhatə etmişdir. Belə ki, bütün rayon və şəhərlərdə veteran təşkilatlarının yaranmasına göstərdiyi kömək hərəkatın yüksəlişində başlıca rol oynadı. Şərəfli fəaliyyətinin 32 ilini geridə qoyan, 1987-ci ildə təsis olunan Respublika Veteranlar Təşkilatına həmin vaxt general-mayor Mustafa Nəsirov sədrlik edirdi. Lakin 1990-cı illərin əvvəllərində ölkədə yaşanan hərc-mərclik Respublika Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərib. Məhz xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra veteranlar təşkilatının fəaliyyəti bərpa olundu, 9 May - Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edildi, müharibə iştirakçılarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıldı. Müdrik dövlət xadimi Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı “Veteranlar haqqında” Qanunda bu diqqət və qayğının hüquqi əsasları müəyyənləşdirilib. Onun veteranlara qayğı siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb. Veteranların sosial müdafiəsinin təminində cənab Prezidentin qayğısını xüsusi qeyd edərək bütün dövlət orqanlarının köməyini də yüksək qiymətləndiririk. Bu qayğının nümunəsi kimi Respublika Veteranlar Təşkilatına müasir avadanlıqlarla təchiz edilmiş inzibati binanın ayrılmasını və açılışında şəxsən cənab Prezident İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın iştirakını, müntəzəm imzalanan sərəncamlar əsasında 1941-1945-ci illər müharibəsi iştirakçılarına ayrılan birdəfəlik maddi yardımları, pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranlara və müharibə əlillərinə mənzil və avtomobillərin verilməsini, onlara Prezident təqaüdünün təsis edilməsini qeyd etmək olar. Səmərəli fəaliyyətin təşkilində göstərilən dəstəyə görə veteranlar adından Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Veteranlar bu qayğını daim yüksək qiymətləndirir, buna əməli işləri, ölkənin ictimai-siyasi həyatında yaxından iştirakları ilə cavab verməyə çalışırlar. Yaradılmış şəraitə görə dövlətimizin başçısına daim minnətdar olan veteranlar Prezidentimizin daxili və xarici siyasətini fəal dəstəkləyirlər. Respublika Veteranlar Təşkilatının Azərbaycan cəmiyyətinin həyatında müstəsna yeri və rolu var. Bu müstəsnalıq ondan irəli gəlir ki, təşkilatın sıralarında Azərbaycanın ən layiqli nümayəndələri, o cümlədən İkinci Dünya, Əfqanıstan, Qarabağ müharibələrinin iştirakçıları, Silahlı Qüvvələr və əmək veteranları birləşiblər. Veteranların keçdiyi döyüş və həyat yolu hər bir azərbaycanlı, xüsusən də gənclər üçün örnəkdir. Respublika Veteranlar Təşkilatı hazırda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların dövlətimizə və xalqımıza sədaqət ruhunda yetişmələri istiqamətində ardıcıl və səmərəli fəaliyyət göstərir, veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər bizi daha da ruhlandırır. Təşkilatımız xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrini genişləndirir. Dünya Veteranlar Federasiyası ilə çoxtərəfli əlaqələrimiz uğurla davam edir. Təşkilatın fəaliyyəti Dünya Veteranlar Federasiyası tərəfindən yüksək qiymətləndirilir. Təşkilat mütəmadi olaraq beynəlxalq tədbirlərə ev sahibliyi edir. Son dövrlərdə “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” keçirilmiş beynəlxalq konfranslar və başqaları Təşkilatımızın beynəlxalq arenadakı mövqeyini göstərdi. Bu gün Respublika Veteranlar Təşkilatı dünyada Azərbaycan veteranlarını layiqincə təmsil edir. Təşkilat dünyada sülh və əminamanlığın qorunub saxlanılması üçün əlindən gələni əsirgəmir. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışır. Bu baxımdan cənab Prezidentin Valday forumunda və Aşqabaddakı çıxışları beynəlxalq münasibətlərdə milli maraqlarımızı qorumaqla yanaşı erməni təbliğatını ifşa edərək ölkəmizin haqq səsini bir daha dünyaya çatdırdı.  Bu, Prezident İlham Əliyevin, həm də Azərbaycanın yüksək nüfuzunun göstəricisidir və biz veteranlar bundan qürur duyuruq. Prezidentin hər iki çıxışını bəyənir və ədalətli addımını dəstəkləyirik. Qeyd edim ki, Respublika Veteranlar Təşkilatı da öz növbəsində erməni neofaşizminin ifşa edilməsi ilə bağlı dünyanın elm, siyasət, din xadimlərinə bəyanatlar göndərməklə erməni xislətini və siyasətini beynəlxalq aləmdə yayır. Ölkəmizin inkişafında xüsusi yeri və rolu olan Respublika Veteranlar Təşkilatı və çoxsaylı veteranlar ordusu bundan sonra da fəaliyyətini uğurla davam etdirəcək, millətimizə, dövlətimizə və dövlətçiliyimizə sadiq olacaq.     general-polkovnik Tofiq Ağahüseynov Respublika Veteranlar Təşkilatının sədri

2019-10-15 00:00:00
1051 baxış

Digər xəbərlər

İlham Əliyev Bakıda yerüstü piyada keçidinin açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, bu yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçid Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov keçidin texniki-iqtisadi göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib.   Bildirilib ki, keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılıb. Rahat hərəkət üçün keçiddə beynəlxalq standartlar nəzərə alınmaqla panduslar quraşdırılıb. Pandusların maililiyi 8 dərəcəyə bərabərdir. Qeyd edək ki, bu piyada keçidinin layihəsi italiyalı dizaynerin təxəyyülünün məhsuludur, konstruksiyaları isə yerli mütəxəssislər tərəfindən hazırlanıb. video  

Hamısını oxu
44 günlük Vətən müharibəsi iştirakçısı olan daha üç nəfər Respublika Veteranlar Təşkilatının üzvlüyünə qəbul edilib

Veteran.gov.az xəbər verir ki, 12 sentyabr 2024-cü il tarixində üç nəfər 44 günlük Vətən müharibəsi iştirakçısı – Etibar Gülverdiyev, İsmayıl Rüstəmov, Məhəmməd Əsədov Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlüyünə qəbul edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov müharibə iştirakçılarına üzvlük vəsiqələrini təqdim edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Məlumat üçün qeyd edək ki, hər üç şəxs Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Şuşa istiqmətlərində gedən döyüşlərdə sürücü kimi iştirak ediblər. Seymur ƏLİYEV  

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm prezident, Cənab Ali Baş Komandan!   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı çoxsaylı veteran ordusu və Təşkilatın Rəyasət Heyəti adından Sizi 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində inamlı qələbə münasibəti ilə ürəkdən təbrik edir, Vətənin tərəqqisi və xoş gələcəyi yolundakı fədakar fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Sizin Azərbaycan qarşısındakı tarixi xidmətləriniz, ölkəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artması sahəsindəki geniş fəaliyyətiniz xalq tərəfindən daim yüksək qiymətləndirilir. Siz ulu öndər Heydər Əliyevin siyasi varisi, layiqli davamçısı kimi onun başlatdığı qüdrətli, müasir dövlət, güclü cəmiyyət və firəvan xalq modelini yeni mərhələdə inkişaf etdirməklə Azərbaycanın sabitlik və təhlükəsizliyin bərqərar olduğu bir məkana çevirmisiniz. Bu gün dünyanın əksər ərazilərində çaxnaşmaların, qanlı qarşıdurmaların baş verdiyi şəraitdə ölkəmizdə hökm sürən əmin-amanlıq və vətəndaş sülhü Sizin düşünülmüş daxili və xarici siyasətinizin nəticəsidir. Veteranlar bütün bunları yüksək qiymətləndirir, göstərdiyiniz hərtərəfli qayğı və diqqətdən bəhrələnərək ölkənin gələcək tərəqqisi naminə daim Sizinlə olduqlarını bir daha əzmlə bəyan edirlər. İnanırıq ki, uğurlu siyasi xəttiniz və gərgin səyləriniz Qarabağın azad olunmasına yol açmaqla, daha güclü, qüdrətli Azərbaycanın qurulmasına zəmin yaradacaqdır.   Dərin hörmətlə, Respublika veteranları və RVT Rəyasət Heyəti üzvləri adından:   Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik                                                            Tofiq Ağahüseynov

Hamısını oxu
Sumqayıt Tibb Mərkəzi tərəfindən 2024-cü ilin fevral ayı ərzində vətəndaşlara 465 minə yaxın tibbi xidmət göstərilib

Veteran.gov.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzi (STM) 2024-cü ilin fevral ayında şəhər əhalisinə göstərilən xidmətlərin statistikasını açıqlayıb. STM-nin tabeliyində olan tibb müəssisələrinə fevral ayı ərzində əhaliyə 464 min 769 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 348 min 237-si ambulator, 116 min 532-si isə stasionardır. Qeyd edək ki, tibb müəssisəsinə müraciət edən hər bir ölkə vətəndaşı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.

Hamısını oxu