Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Türk dövlətlərinin Xocavənddəki birgə hərbi təlimləri sülh və təhlükəsizliyə xidmət edir”

“Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Xocavənddə keçridiyi birgə təlimlər sülh və təhlükəsziliyə xidmət edir”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu təlimlər Azərbaycan və digər qardaş türk dövlətlərinin qlobal müstəvidəki təhdid və təhlükələrə adekvat reaksiyasıdır:

“Bildiyiniz kimi, müasir dünyamızda regional və qlobal təhlükəsizliklə bağlı ciddi problemlər mövcuddur. Dünyada münaqişə və qarşıdurmaların, eləcə də hibrid müharibələrin çoxalması bu təhlükələrə çevik reaksiya verməyi, onları zamanında önləməyi zəruri edir. Bu isə hər bir dövlətdən güclü ordu ilə yanaşı, həm də etibarlı müttəfiqlər, qlobal müstəvidə səmimi əməkdaşlıq tələb edir. Bu gün Xocavanddə keçirilən hərbi təlimlər sübut edir ki, türk dünyası öz hərbi gücünü, Silahlı Qüvvələrinin peşəkarlığını dinamik şəkildə artırmaqla yanaşı, qarşılıqlı əməkdaşlığa da xüsusi önəm verir, bu məsələdə vahid, koordinasiyalı mövqe ortaya qoyur”.

Polkovnik qeyd edib ki, Xocavənddəki təlimlər gələcəkdə oxşar tədbirlərin daha geniş tərkibdə keçirilməsi üçün ciddi zəmin formalaşdırır:

“Heç kimə sirr deyil ki, Azərbaycan dövləti hər zaman, eləcə də günümüzdə qardaş Türkiyə dövləti ilə çoxlu sayda silsilə təlimlər keçirib və bu təlimlər gələcəkdə də davam etdiriləcək. Xocavənddəki təlimlərin əsas özəlliklərindən biri bu təlimlərə qardaş Özbəkistan dövlərinin də qoşulmasıdır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə əksər türk dövlətlərinin iştirakı ilə birgə təlimlər keçirilə bilər ki, bu da türk dünyası daxilində hərbi əməkdaşlığı genişləndirməklə yanaşı, xalqlarımızın birliyinə də böyük töhfə vermiş olar.

Əminəm ki, biz qarşıdakı dönəmdə oxşar hərbi təlimlərin Türkiyə və Özbəkistan ərazisində də keçiriləcəyinə şahid olacaq, türk dünyası daxilində hərbi əməkdaşlığın güclənməsi meyillərini qürurla izləyəcəyik”.

Seymur ƏLİYEV

2026-09-23 15:58:00
74 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında ehtiyatda olan polkovnik Adil Haqverdiyevin 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir

Adil  İsmayıl  oğlu Haqverdiyev 1942-ci il avqustun  20 -də Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olmuşdur. O, Azərbaycan Silahlı Qüvvələrinin təcrübəli hərbiçisi, Əfqanıstan və Qarabağ müharibəsi veteranıdır. Tədbirdə Müdafiə Nazirliyinin ictimai əlaqələr və mədən-kütləvi iş şöbəsinin rəisi polkovnik-leytenant Etbar Əliyev, veteranlar, yubliyarın xidmət, eləcə də, döyüş yoldaşları, Respublika Veteranlar Təşkilatının kollektivi və digər şəxslər iştirak etmişdirlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov açaraq Adil Haqverdiyin keçdiyi həyat yolundan, xidmət illərindən, bu gün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki fəaliyyətindən danışaraq demişdir: “Adil Haqverdiyevin peşəkar hərbçi kimi həyatının 40 ilə yaxın bir dövrü ordu ilə, Silahlı Qüvvələrlə bağlı olmuşdur. Öz istəyilə seçdiyi bu mürəkkəb və şərəfli yol Xarkov Ali Hərbi Tank qosunları komandanlığı məktəbini bitirdiyi 1964-cü ildən başlanmış, Ukraynadan, Rusiya Federasiyasından, Moldavadan, Özbəkistandan, Əfqanıstandan keçərək, nəhayət doğma Azərbaycana qədər uzanmışdır. Müxtəlif hərbi hissələrdə yüksək vəzifələr tutmuş, Əfqanıstanda, Qarabağda döyüş əməliyyatlarında işturak etmiş, hərbi tədrislə məşğul olduğu illərdə də eyni həvəs və məsuliyyətlə çalışmış, vəzifə borcuna daim sadiq qalmışdır. 1975-ci ildə Moskvada M.B Frunze adına Hərbi Akademiyanı bitirmiş azsaylı azərbaycanlılardan biri kimi Vətənin çətin günündə övladlıq borcunu layiqincə yerinə yetirmiş, öz biliyini, təcrübəni doğma Azərbaycan torpaqlarının müdafiəsinə həsr etmiş, 2 dəfə yaralansada da öz postunu tərk etməmişdir. Xidməti vəzifələrin öhdəsindən layiqincə gəldiyinizə görə, A.Haqverdiyev komandanlıq tərəfindən dəfələrlə müxtəlif mükafatlara, təltiflərə layiq görülmüşdür. A.Haqverdiyevin 2015-ci ildən bugünədək Respublika Veteranlar Təşkilatının şöbə müdiri kimi gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində ardıcıl və səmərəli fəaliyyət göstərir. Hazırda 75 yaşının tamam olduğu vaxtda da yenə sırada olmaqla, gənc peşəkarlar nəslinin yetişdirilməsində yaxından iştirak edir, bilik və bacarığını əsigəmir”. Daha sonra Müdafiə Nazirliyinin əməkdaşı polkovnik-leytenant Etbar Əliyev və digər qonaqlar çıxış edərək, yubliyarla bağlı xatirələrini danışıb Adil Haqverdiyevi bir daha ürəkdən təbrik edib, ona fəaliyyətində uğurlar arzuladılar. Tədbirin sonunda söz yubiliyara verildi. Adil Haqverdiyev xoş sözlərə görə minnətdarlığını ifadə edərək, peşəkar hərbiçi kimi torpaqlarımızın azadlığı uğrunda hər zaman döyüşməyə hazır olduğunu və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini bildirdi.

Hamısını oxu
AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, səfirliyin və universitetin nümayəndələri, tələbələr iştirak edib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra hər iki qardaş ölkənin dövlət himnləri səsləndirilib.   “İdarəçi rəhbərlərlə tanışlıq” layihəsi çərçivəsində təşkil olunan görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan və Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb. Azərbaycan və Türkiyə münasibətlərinin qardaşlıq və həmrəylik nümunəsi olduğunu bildirən rektor bu birliyin möhkəm təməllər üzərində qurulduğunu diqqətə çatdırıb. Hazırda qardaş ölkələr arasında münasibətlər xalqımızın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarına uyğun inkişaf edir. Rektor qeyd edib ki, iki qardaş ölkə arasında əlaqələrin bugünkü səviyyədə inkişaf etməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri də mühüm rol oynayır. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi bu münasibətlərin daha bir nümunəsi idi.   Daha sonra Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı çıxış edib. Səfir qeyd edib ki, qardaş ölkələr arasında münasibətlərin dərin tarixi olduğu üçün, bunu 30 ilə sığışdırmaq olmaz. Diplomat bildirib ki, Türkiyə və Azərbaycanın sevinci də, kədəri də bir olub. İstər Çanaqqala döyüşündə, istərsə də 1918-ci ildə Bakının işğaldan azad olunmasında biz bu birliyin, qardaşlığın şahidi olmuşuq. 44 günlük Vətən müharibəsi zamanı da Türkiyə qardaş Azərbaycanın yanında idi. Cahit Bağçı qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanması qardaş ölkə münasibətlərinin zirvəsi oldu. Tarixi Qars müqaviləsindən 100 il sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığını, birliyini və həmrəyliyini təsdiq edən mühüm sənəddir. Səfir vurğulayıb ki, qardaş ölkələrin tarixi birliyi gələcək nəsillərə miras olaraq qalacaq. Tədbirdən sonra Cahit Bağçı tələbələrin və media nümayəndələrinin suallarını cavablandırıb.     Qeyd edək ki, səfirin bu formatda görüşü ilk dəfə məhz AzTU-da təşkil olunub.   

Hamısını oxu
Laçın yolunun şimalında: nəzarət tədbirləri zəruri addım kimi

Hamısını oxu
İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 (min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Bu Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5,9 milyon (beş milyon doqquz yüz min) manat ayrılıb. Maliyyə Nazirliyi həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik maddi yardımın bu Sərəncamda nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etmək tapşırılıb.

Hamısını oxu