Heydər Əliyev irsinin təbliği ən böyük ideoloji iş və əsl vətənpərvərlik tərbiyəsidir -TƏHLİL!
Hərbi Prokurorluğun bu sahədəkı fəaliyyəti mənəvi dəyər və milli maraqlarımızın müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir
2 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edən Prezident İlham Əliyev ölkəmizdə müasir ideoloji işlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. İdeoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər mühüm əhəmiyyət kəsb etdiyini bildirən dövlət başçısı, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin də böyük əhəmiyyətə malik olduğunu bildirib:
“İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına”. (https://president.az/az/articles/view/73619 ).

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xarici təxribatlara qarşı effektiv mübarizə, Azərbaycan həqiqətlərinin bütün dünyada təbliği, milli-mənəvi dəyərlərimizin və milli maraqlarımızın müdafiəsi baxımından ideoloji işin yüksək səviyyədə təşkili, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi mühüm önəm kəsb edir. Azərbaycanın üzləşdiyi mövcud situasiya belə bir təbliğatın zəruriliyini daha da artırır, ona həyati əhəmiyyət qazandırır.
Əminliklə demək olar ki, ən böyük ideoloji iş, vətənpərvərlk tərbiyəsi sahəsində ən effektiv fəaliyyət Ümummilli Lider Heydər Əliyev irsinin təbliği ilə bağlıdır. Çünki məhz Heydər Əliyev irsində mill-mənəvi dəyərlərimiz, eləcə də, milli maraq və mənafeyimiz, tərəqi və təhlükəsizliyimiz dolğun şəkildə öz əksini tapıb. Azərbaycançılıq ideyası, vətənə sədaqət, milli tarixi və ana dilini göz bəbəyi kimi qorumq, milli həmrəyliyin təmini, Azərbaycan həqiqətlərinin dünyada təbliği, dövlətimizin tərəqqisi və təhlükəsizliyi üçün hər bir fədakarlığa hazır olmaq, ruhən və qəlbən vətənlə bütövləşmək, onun ağrısını və sevincini şəxsi ağrı və sevinc kimi hiss etmək Heydər Əliyev irsinin təməlini təşkil edir. Bu baxımdan Heydər Əliyev irsinin təbliği əslində ideoloji iş və vətənpərvərlik tərbiyəsinin ən ali səviyyədə təşkili deməkdir ki, Hərbi Prokurorluğun timsalında bu həqiqəti aydın şəkildə müşahidə etmək mümkündür.

Qeyd edək ki, Hərbi Prokurorluq Azərbaycan Silahlı Qüvvələrində mütəmadi şəkildə tədbirlər həyata keçirir ki, bu tədbirlərdə Heydər Əliyev irsi, Ümummilli Liderin dövlətçilik siyasəti, milli-mənəvi dəyərlərə münasibəti, ordu quruculuğu haqqında hərbçilərə ətraflı məlumat verilir. Buna nümunə olaraq 4 may 2026-cı il tarixində Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin “N” saylı hərbi hissəsində “Ulu Öndər irsi – dövlətçilik və ordu quruculuğunun təməli” mövzusunda keçirilən tədbiri göstərmək olar. Hərbi prokuror Bəhruz Əhmədov və Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi tədbirdə Ulu Öndərin ordu quruculuğu sahəsindəki fəaliyyəti ilə yanaşı, onun milli-mənəvi dəyərlərə verdiyi önəm haqqında da hərbçilərə ətraflı məlumat verilib.
Hərbi Prokurorluq hərbi hissələrlə yanaşı, hərbi təhsil müəssisələrində də Heydər Əliyev irsinin təbliği istiqmətində mütəmadi addımlar atmaqda, çoxsaylı tədbirlər həyata keçirməkdədir. Bu cür tədbirlərdən biri 9 may 2026-cı il tarixində Cəmşid Naxçıvanski adına hərbi liseydə gerçəkləşdirilib. Ümummilli Lider Heydər Əliyev anadan olmasının 103-cü ildönümünə həsr olunan “Ulu Öndər irsi və milli hərbi təhsilin inkişaf yolu” adlı tədbirdə Hərbi prokuror Bəhruz Əhmədov və Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rəhbər vəzifəli şəxsləri Ulu Öndər irsinin önəmindən bəhs edib, bu irsə sadiqliyin dövlətimizin və xalqımızın tərəqqisi və təhlükəsizliyi baxımından böyük önəm kəsb etdiyini vurğulayıblar.

Sevindiricidir ki, Hərbi Prokurorluğun Heydər Əliyev ideyalarının təbliği istiqamətindəki fəaliyyəti günümüzdə də uğurla davam etməkdə, bu fəaliyyət Prezident İlham Əliyevin çağırış və tələbləri ilə həmahəng şəkildə uzlaşmaqdadır.
Qətiyyətlə demək olar ki, hərbçilərimizin Heydər Əliyev ideyaları ilə silahlanması onların mənəvi-psixoloji gücünü və ideoloji hazırlıq səviyyəsini daim yüksək səviyyədə saxlayacaq, əsgər və zabitlərimizin bundan sonra da vətənə sevgi və sadəqətlə xidmət etməsini təmin edəcək.
Seymur ƏLİYEV