Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq kampaniyanı 2026-cı il oktyabrın 7-də Çexiyanın ikinci böyük şəhəri - Brnoda davam etdirib. Çexiya azərbaycanlılarının “Land of Fire” diaspor təşkilatının tərəfdaşlığı ilə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair Brnoda ekspozisiya açılıb.

Ekspozisiyada Ermənistanın mina müharibəsindən zərər çəkmiş azərbaycanlıların həyat hekayələrini, mina partlayışlarının ağır nəticələrini özündə əks etdirən sənədli fotoşəkillər yer alıb.

Ziyarətçilərə məlumat verilib ki, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən mina ilə kəskin çirkləndirilməsi və qarşı tərəfin səhih mina xəritələrini hələ də təqdim etməməsi azərbaycanlarının doğma yurd yerlərinə təhlükəsiz qayıdışı üçün ən böyük maneələrdən biridir. Qeyd olunub ki, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün Ermənistan humanitar məsuliyyət nümayiş etdirməli, real mina xəritələrini gizlətməməlidir.

Brno ekspozisiyasında o da vurğulanıb ki, mina problemi və itkinlər məsələsi bir-biri ilə sıx bağlıdır, hər ikinin əsas hədəfi dinc insanlardır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar olunub, insan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını təsdiqləyib.

“Gilavar” Foto Klubu Azərbaycanın QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.

 

2026-10-20 11:52:00
34 baxış

Digər xəbərlər

Məşhur Məmmədov seçicilərlə görüşüb

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat məhələsi çərçivəsində deputatlığa namizəd Məşhur Məmmədovun vətəndaşlarla görüşü davam edir.  Veteran.gov.az xəbər verir ki, avqustun 12-də Məşhur Məmmədov Masallı rayonunun Mahmudavar kəndində yerləşən “Elçin” şadlıq sarayın həyətində Mahmudavar, Rüdəkənar, Molalan kəndlərinin seçiciləri ilə görüş keçirib. Deputatlığa namizəd çıxışında Yeni Azərbaycan Partiyasının hər zaman xalqın inam və etimadını layiqincə doğrultduğunu, xalqın rifah halının yaxşılaşmasına, dövlətin inkişafına müstəsna töhfələr verdiyini diqqətə çatdırıb. Məşhur Məmmədov ənənəsinə sadiq qalaraq kəndin şəhid ailələri və müharibə iştirakçılarına da baş çəkib. Seymur ƏLİYEV  

Hamısını oxu
Ordumuzun qüdrətini artıran xalq-ordu birliyidir

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Ordunun yaranması və  quruculuğu sahəsində əhəmiyyətli addımlar Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf etsə də, Cümhuriyyətin süqutundan  sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli liderin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-xalq-ordu birliyini formalaşmışdır. Bu birliyin nəticəsi İkinci Qarabağ müharibəsində öz təsdiqini tapdı. Ölkə Prezidentinin bir çağırışı ilə minlərlə insan səfərbərlik xidmətlərinə müraciət edərək könüllü cəbhəyə getməyə hazır olduqlarını bildirdilər. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu gözəl nümunə Xalq-ordu birliyinin ən bariz nümunəsidir. Vətən müharibəsində xalq-ordu birliyinin nümayişi olaraq insanlar ordumuzla həmrəylik nümayiş etdirdi, öz şəxsi təsərrüfatlarında yetişdirdikləri məhsullardan ordumuza dəstək göstərdilər. Xalq-ordu həmrəyliyi 44 gün davam edən Vətən müharibəsində ölkəmizə qələbə qazandırdı, Azərbaycan torpaqları işğaldan azad edildi. Bu gün ölkəmizdəki həmrəylik həm də dövlətimizin inkişafının, insanların vətənpərvərliyinin göstəricisidir. Ona görə də birliyimiz, həmrəyliyimiz hər il daha da möhkəmlənməli, hər kəs harada işləməsindən, xidmət etməsindən asılı olmayaraq ölkənin inkişafı, tərəqqisi üçün səy göstərməli, müstəqilliyimizin qorunması naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik və tərəqqi dövrü olacaqdır". Müstəqil Azərbaycan dövlətinin əbədiliyi ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin, xalqımızın bu günü və gələcəyi naminə göstərdiyi misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Ulu öndərimiz ordu quruculuğuna xüsusi diqqət yetirmiş, onun müdrikliyi və uzaqgörənliyi sayəsində Silahlı Qüvvələrin müasir texnika və silahlarla təchiz olunması, ordunun zabit kadrları ilə komplektləşdirilməsi, hərbi hisələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Bütün bunlar ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin ulu öndərimizin siyasətini uğurla davam etdirməsinin bəhrələridir. Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində öz gücünü bütün dünyaya göstərən Azərbaycan ordusu şanlı zəfər tarixi yazdı. Böyük qürurla və iftixar hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan Ordusunun hərbçiləri də Qarabağda gedən hərbi əməliyyatlarda böyük şücaət göstərmiş, torpaqlarımızın işğaldan azad olunması üçün canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş, qazi olmuşlar. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.  Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən ordumuzun madi-texniki bazasının gücləndirilməsi yanaşı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dillərdə dastan olan "Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar-ordu birliyini və qarşılıqlı inamı nümayiş etdirdi.   Məşhur Məmmədov Milli Məclisin deputatı  

Hamısını oxu
“Mavi Ürəklər” xor qrupundan maraqlı təqdimat...

1992-ci ildə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən məhdudiyyətli insanlar təşkil edir.   “Birgə və Sağlam” İctimai Birliyinin autizm spektr pozuntulu üzvlərindən ibarət “Mavi Ürəklər” xor qrupu “Əlilliyi olan insanların Beynəlxalq günü”  ilə əlaqədar söz və musiqisi Arzu Səmədqızına aid olan “Eşidin Səsimi” mahnısını təqdim edir. Diqqətinizə çatdıraq ki, mahnını Nuray Eynallı və autizmli şəxslər olan Əlisahib Bayramov, Kənan Məmmədov ilə Ayxan Quluzadə səsləndirib.   Bu video ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAlD) və "The Black Sea Trust for Regional Cooperation" qurumlarının maliyyə və təşkilati dəstəyi ilə "Hər Kəs Üçün Bərabər Təhsil Hüquqları" lahiyəsi çərçivəsində hazırlanmışdır.    

Hamısını oxu
Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib

Bakı, 27 oktyabr, AZƏRTAC Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. - Hər vaxtınız xeyir, cənab Prezident. Xahiş edirəm deyin, yeni sülh barışığı, bu yeni atəşkəs qüvvədə olacaqmı? Səhv etmirəmsə, bu, artıq üçüncü atəşkəsdir. - Hər şey Ermənistanın özünü necə aparacağından asılı olacaq. Ona görə ki, ilk iki atəşkəs məhz Ermənistan tərəfindən pozulub. Humanitar mülahizələrə əsaslanan birinci atəşkəsdən sonra 24 saat ərzində Ermənistan atəşkəsi pozdu. Özü də vəhşicəsinə, gecə vaxtı Gəncə şəhərinə ballistik raket atmaqla. Birinci atəşlər nəticəsində 10 nəfər həlak oldu, xeyli insan yaralandı. Sonra onlar daha bir dəfə, yenə gecə vaxtı Gəncəyə zərbə endirdilər. Bu dəfə qurbanların sayı daha çox oldu. Ona görə də biz cavab verməyə məcbur idik. İkinci atəşkəsə gəldikdə isə bizdə atəşkəsin Ermənistan tərəfindən pozulmasının xronologiyası var. Onlar təyin edilmiş atəşkəs saatından düz 2 dəqiqə sonra atəşkəsi pozdular. Bu gün saat 08.00-dan yeni atəşkəs qüvvəyə minib. İndi Bakıda səhər saat 10.00-dır. Saat 8-dən təxminən 3-4 dəqiqə sonra Tərtər şəhərinə yenidən bir neçə mərmi atılıb. Biz buna cavab vermirik. Ümid edirik ki, bu, təsadüfən olub. Lakin əgər bu, davam etsə, təbii ki, biz adekvat cavab verməyə məcbur olacağıq. -Cənab Prezident, sentyabrın axırlarında Sizin hərbi əməliyyatlara başlamağınıza, əslində, nə səbəb olmuşdu? Nə üçün belə oldu? -Bu, siyasi və hərbi xarakterli hadisələrin gedişi ilə bağlıdır. Əsas səbəb ondan ibarətdir ki, Ermənistan danışıqlar prosesini hər vasitə ilə pozmaq istəyirdi. Ermənistanın yeni hökuməti dəfələrlə bəyan etmişdi ki, baza prinsipləri ondan ötrü qəbuledilməzdir, o, işğal edilmiş ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmır. Bu isə baza prinsiplərinə ziddir. Baş nazir bəyan edirdi ki, Azərbaycan danışıqları Ermənistan ilə deyil, qondarma “Dağlıq Qarabağın” rəhbərləri ilə aparmalıdır. Bu, həm bizim üçün, həm də ATƏT-in Minsk qrupu üçün qəbuledilməz idi. Baş nazir, həmçinin bəyan edirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bununla da o, danışıqlar prosesini tamamilə pozmuş oldu. Son bir ildə praktiki olaraq, danışıqlar aparılmayıb və Ermənistan bunun təqsirini bizim üzərimizə yıxmaq üçün üç dəfə təxribat cəhdi göstərdi - iyul ayında sərhəddə, avqust ayında təxribat qrupu göndərildi və sentyabr ayında bizim dinc şəhərlər atəşə tutuldu. Onlar yəqin düşünürdülər ki, biz bu dəfə də təmkin göstərəcəyik, lakin belə olmadı. Biz onlara elə cavab verdik ki, indi onlar təəssüflənirlər. - Elə isə Siz öz hərbi əməliyyatlarınızı hansı şərtlər daxilində dayandırmağa razı olacaqsınız? Siz dəfələrlə demisiniz ki, Ermənistan tərəfindən konstruktiv yanaşma zəruridir. Konstruktiv yanaşma necə olmalıdır? - Konstruktiv yanaşma ondan ibarət olmalıdır ki, onlar baş nazirin şəxsində açıq bəyan etməlidirlər ki, baza prinsiplərini qəbul edirlər. Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur. Prinsip etibarilə bu yanaşmalar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır, həmin qətnamələr də praktiki olaraq, bunu tələb edir. Lakin Ermənistanın baş naziri deyəndə ki, onlar bircə qarış belə torpağı bizə verməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlayacaq və bizə qarşı təcavüz həyata keçiriləndə, bu, əlbəttə, konstruktiv yanaşma deyil. O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığa gələrik. - Cənab Prezident, bir məsələ çox mübahisəlidir. Bəzi ölkələr, təkcə Ermənistan deyil, o cümlədən Fransa da Sizi və Türkiyəni Suriyadan minlərlə muzdlunun Türkiyədən keçməklə Qarabağa göndərilməsində ittiham edirlər. Siz bu cür ittihamlara necə cavab verərsiniz, Azərbaycan ərazisində türkiyəli döyüşçülərin və Türkiyəyə məxsus hərbi təyyarələrin olması barədə ittihamlara Siz necə cavab verərsiniz? - Mən bu suala bir neçə dəfə cavab vermişəm, bir də cavab verərəm. Əvvələn, bizə bu cür əsassız ittihamları cəmi iki ölkə təqdim edib – Fransa və Rusiya. Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində. Hərbi əməliyyatlar başlanandan dərhal sonra bizə bu cür ittihamlar təqdim edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil, heç bir sübut təqdim edilməyib. Üstəlik, ilk dəfədir deyirəm, mən Fransa tərəfə müraciət etmişəm ki, müvafiq xidmətlərin müvafiq rəhbərləri görüşsünlər, söhbət etsinlər və bizə sübutlar təqdim etsinlər. Bizə heç nə təqdim edilməyib. Ona görə bütün bunlar insunasiyadır. Bütün bunlar Azərbaycana qara yaxmaq cəhdidir. Mən təəssüflənirəm ki, bu cür əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur. Onlar obyektiv olmalıdırlar. Axı, biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq. Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək, həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət etməli olan ölkələr tərəfindən gəlir. Buna görə biz bu insunasiyaları qətiyyətlə rədd edirik, buna ehtiyac yoxdur. Bizim nizami ordunun 100 min döyüşçüsü var. Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik. Yeri gəlmişkən, Ermənistandan fərqli olaraq, biz bunu elan etməmişik. Ona görə bütün bunlar yalan və böhtandır. Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə isə bu da yalandır. Heç bir sübut yoxdur. Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib. Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar. - Cənab Prezident, sonuncu sual bu və ya digər dərəcədə bizim ölkəyə - İtaliyaya da aiddir. Siz yəqin bilirsiniz ki, Avropada ərazi mübahisələrinin və ya regional separatizmin dinc yolla nizamlanmasına dair çoxlu uğurlu nümunələr var. Belə nümunələrdən biri bizdə - İtaliyadadır. Bu, Alto-Adice (Zyudtirol) regionudur. Sizə elə gəlmirmi ki, İtaliya Qarabağın statusunun həll edilməsi üçün öz təcrübəsi ilə konkret kömək edə bilərdi. Xüsusən ona görə ki, İtaliya həm Sizinlə, həm də Ermənistanla çox səmimi, sıx, güclü siyasi, mədəni əlaqələrə malikdir. - Bəli, mən hesab edirəm ki, İtaliya münaqişənin nizamlanması işində çox mühüm rol oynaya bilər. Qeyd etməliyəm ki, Minsk qrupu yaradılan vaxt, çoxdan, təqribən 30 il bundan əvvəl bu Minsk qrupunun rəhbəri məhz İtaliya nümayəndəsi, italiyalı diplomat idi. Bu, həmsədrlər təsisatı yaradılandan əvvəl idi. Həmsədrlər təsisatı yaradılandan sonra Minsk qrupu, əslində, ölkələr qrupu kimi heç bir fəaliyyət göstərməyib, çünki həmsədrlər bu fəaliyyəti özlərinin inhisarına götürüblər. Bunun nəyə gətirib çıxardığını görürük. 28 il ərzində heç bir irəliləyiş olmayıb, heç bir nəticə yoxdur, yalnız vədlər, yalnız bürokratik prosedurlar var və bu gün bizə belə gəlir ki, əslində, həmsədrlərin fəaliyyəti münaqişənin həllinə deyil, onun dondurulmasına yönəlmişdi. İtaliyada mövcud olan modelə gəldikdə isə biz onu öyrənmişik. Biz Aland adaları modelini, muxtar qurumların digər uğurlu təcrübələrini də öyrənmişik. Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli dövlətdir. Yəqin siz bilirsiniz, Ermənistanda əhalinin 99 faizi ermənilərdir. Buna görə çox müsbət olan bu özünüidarə təcrübəsi bizim halda da tətbiq edilə bilərdi. Yeri gəlmişkən, mənim bildiyimə görə 1990-cı illərin ortalarında bu cür təkliflər olub. Hətta qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, politoloqlardan ibarət qruplar sizin ölkəyə də, haqqında danışdığınız regiona da, Aland adalarına da səfər edirdilər. Lakin Ermənistan bunu həmişə qəti surətdə rədd edirdi. Onlar hesab edirdilər ki, dünyanın aparıcı ölkələrinin hərbi, siyasi, iqtisadi dəstəyinə güvənərək bizim əraziləri əbədi işğal edə biləcəklər, lakin onlar kobud səhv edirdilər. Bu gün biz özümüzün haqlı olmağımızı döyüş meydanında sübut edirik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçiririk və beynəlxalq hüququ bərpa edirik. - Cənab Prezident, ən sonuncu sual: bir ildən sonra biz bu münaqişədə hansı səviyyədə olacağıq? Münaqişənin həlli olacaqmı? Yoxsa bu, münaqişənin həlli olacaq? - Bilirsiniz, bu bir ay ərzində mən, demək olar ki, hər gün xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə ünsiyyətdə oluram və Azərbaycan xalqına öz müraciətlərimdə bizim mövqeyimizi həmişə dəqiq şərh edirəm. Biz Qarabağ regionunun, – təkcə Dağlıq Qarabağın deyil, həm də Aran Qarabağın, çünki Qarabağ Azərbaycanın böyük bir hissəsidir, - gələcəyini həm oraya qayıtmalı olan azərbaycanlıların, həm də hazırda orada yaşayan ermənilərin dinc yanaşı yaşayacaqları firavanlaşan, dinc bir ərazi kimi görürük. Bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, tərəflərin qarşılıqlı xoş məramı olsa buna nail olmaq mümkündür. Ona görə ki, axı, bu gün Bakıda və Azərbaycanın digər şəhərlərində minlərlə erməni yaşayır. Həm Rusiyada, həm də Gürcüstanda azərbaycanlılar və ermənilər biznesə malikdirlər, qarışıq ailələr var. Buna görə də düşünürəm ki, barışıq mümkündür, sadəcə, Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etməlidir. Əgər belə olsa biz öz investisiyalarımızla və ölkənin yenidən qurulması üzrə təcrübəmizlə bu regionu dünyanın ən firavan regionlarından birinə çevirə bilərik. Lakin bundan ötrü müharibənin nəticələri aradan qaldırılmalıdır. İşğal aradan qaldırılmalıdır, azərbaycanlılar əsrlərboyu yaşadıqları torpaqlara qayıtmalı və erməni əhali ilə qonşuluqda, razılıq şəraitində yaşamalıdırlar. Bu, asan olmayacaq, buna vaxt lazım gələcək. Lakin Avropa ölkələrinin vuruşduğu İkinci Dünya müharibəsindən sonra ölkələrin necə barışdığını bilirik – bugünkü qonşular o vaxt çox insanı qətlə yetiriblər. Lakin bu, daim yaddaşda yer tutmamalı, nifrət doğurmamalıdır. Erməni ideoloqları bu gün bununla məşğuldurlar. Xoş məram göstərilməlidir. Əgər belə olsa, mənim dediyim olacaq. Əgər olmasa, biz hər bir halda bu torpaqları qaytaracağıq. Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nəyin bahasına olsa, qaytaracağıq. Ya dinc yolla, ya da müharibə yolu ilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistan rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır. - Cənab Prezident, çox sağ olun və italyanlar demişkən, bono fortuno. - Siz də sağ olun. Təşəkkür edirəm. - Xudahafiz. Xudahafiz.  

Hamısını oxu