Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Avropada keçirilən aksiyalar itkin probleminin qlobal miqyasda ictimailəşdirilməsi deməkdir

Bu aksiyalar həm də erməni faşizminin anti-insani mahiyyətini ifşa edir

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin Avropadakı silsilə aksiyaları davam edir. Cari ilin oktyabrın 20-də Avropa Parlamentinin qarşısındakı “Place du Luxembourg”, oktyabrın 21-də isə Avropa İttifaqının əsas təsisatlarının yerləşdiyi “Schuman” meydanında keçirilən aksiyalar oktyabrın 22-də Brüssel şəhərinin tarixi “Place de l’Albertine” meydanında davam etdirilib.

Aksiyalarda erməni işğalı fonunda itkin düşən azərbaycanlılar haqqında iştirakçılara ətraflı məlumat verilib, onların fotoşəkilləri, şəxsi əşyaları və s. nümayiş olunub. Aksiyalarda ziyarətçilərə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə 4010 azərbaycanlının itkin düşdüyü, onların arasında 71 uşağın, 288 qadının və 319 ahıl şəxsin olduğu barədə də geniş məlumat verilib.

Xatırladaq ki, itkin problemi hər zaman Azərbaycan dövlətinin əsas diqqət mərkəzində olub, məlum problemin həlli istiqamətində rəsmi Bakı tərəfindən ardıcıl səylər ortaya qoyulub. Xüsusilə də, 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımızın işğaldan azad edilməsi bəzi itkinlərin aqibətinə aydınlıq gətirməyə imkan verdi. Lakin bütün bunlara rəğmən bu gün də  bir çox vətəndaşımızın taleyi naməlum olaraq qalır. Məhz bu səbəbdən də  “Qarabağ İtkin Ailələri” İctimai Birliyi itkin problemini beynəlxalq aləmin diqqətinə çatdırmaq, problemin həlli üçün dünya ictimaiyyəti və beynəlxalq təşkilatlardan dəstək almaq məqsədilə Avropada silsilə aksiyalara start verib.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin gerçəkləşdirdiyi aksiyalar bir çox baxımdan həyati əhəmiyyət kəsb edir.

Bu aksiyalar hər şeydən öncə itkin problemini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, onu qloballaşdırmaq baxımından son dərəcə önəmlidir. Etiraf etmək lazımdır ki, itkin problemi ilə bağlı bugünə qədər bu miqyasda aksiyalar keçirilməyib, beynəlxalq aləmə sözügedən problemlə bağlı bu qədər dolğun məlumat verilməyib. Bu baxımdan, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin keçirdiyi aksiyaların müstəsna əhəmiyyətə malik olduğu birmənalıdır.

İkincisi, Avropada keçirilən bu aksiyalar həm də erməni faşizminin, onun anti-insani mahiyyətinin ifşası baxımından mühüm önəm kəsb edir. Çünki itkin problemi məhz erməni vəhşiliyi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq müharibəsi fonunda baş verib. Ermənistanın bu gün də itkinlərlə bağlı Azərbaycanla əməkdaşlıqdan imtina etməsi, dövlətimizə informasiya dəstəyi göstərməməsi rəsmi İrəvanın günümüzdə də itkin probleminin həllində maraqlı olmadığını göstərir.

Üçüncüsü, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin həyata keçirdiyi aksiyalar bir daha sübut etdi ki, Azərbaycanın üzləşdiyi itkin problemi əslində bütün bəşəriyətin problemidir və buna görə də hər bir dövlət, hər bir xalq bu problemin həllində maraqlı olmalıdır. Çünki itkin düşən hər bir Azərbaycan vətəndaşı həm də bəşəriyyətin bir fərdi, bir nümayəndəsidir və onların aqibətinə biganəlik bütün insanlığın faciəsi demək olar.

Heç şübhə yoxdur ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin keçirdiyi bu aksiyalar itkin probleminin beynəlxalq səviyyəyə yüksəlməsinə, erməni faşizminin amansız simasının qlobal miqyasda ifşasına öz töhfəsini verəcək, problemin həlli üçün daha əlverişli zəmin formalaşdıracaq.

Seymur ƏLİYEV

 

2026-10-26 15:29:00
23 baxış

Digər xəbərlər

Azərbaycanda bir sıra məhdudiyyətlər aradan qaldırılır

Ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzarət altına alınmışdır. Bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda, bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, bununla yanaşı sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılır. Eyni zamanda, 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilmişdir: ● Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur; ● ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla); ● açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir; ● Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla); Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır. Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

Hamısını oxu
“AzerGold” QSC-də ənənəvi qanvermə aksiyası keçirilib

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC-də irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə növbəti qanvermə aksiyası təşkil olunub. Aksiyada qurumun mərkəzi aparatı və törəmə müəssisəsi olan “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları könüllü donor qismində iştirak ediblər. Tədbir Səhiyyə Nazirliyinin Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən sanitar-gigiyenik qaydalara uyğun şəkildə həyata keçirilib. Qanvermədən əvvəl donorlar tibbi müayinədən keçiblər. Aksiya çərçivəsində toplanan qan ehtiyatı laborator müayinədən sonra talassemiya, hemofiliya və leykozdan əziyyət çəkən uşaqların müalicəsində istifadə olunmaq üçün Respublika Qan Bankına təhvil veriləcək. Qeyd edək ki, cari il ərzində “AzerGold” QSC tərəfindən sosial məsuliyyət fəaliyyəti çərçivəsində həssas qruplara, xüsusilə uşaqlara dəstək yönümlü layihə və aksiyaların təşkili davam etdiriləcək.  

Hamısını oxu
Onlar Zəhra üçün geri dönəcək

Üç il əvvəl erməni hərbi aqressoru yenidən özünün şiddət tanrısına qanlı qurban apardı. 4 iyul 2017-ci ildə təxminən 20:40 radələrində Azərbaycanın işğal olunmuş ərazilərinə dislokasiya olunan erməni hərbi birləşmələri 82 və 120 millimetrlik minaatanlar və qumbaraatanlardan Füzuli rayonunun Alxanlı kəndini atəşə məruz qoydular. Erməni tərəfinin provokasiyası nəticəsində kənd sakinləri Sahibə İdris qızı Quliyeva (1967-ci il) və onun iki yaşlı nəvəsi Zəhra Elnur qızı Quliyeva (2015-ci il) həlak oldular. Əsgər ölmədi, hansı ki, döyüş meydanında öz ölkəsinin azadlığı üçün ölmək mümkün mükafatlardan ən yüksəyidir. Hətta həyatını yaşamış və həzz almış yaşlı insan belə ölmədi. Ölən yenicə yaşamağa başlayan körpə idi. Hələ yenicə kiçik ayaqları ilə bu torpaqda gəzməyə başlayırdı. Bəlkə də yenicə dil açaraq, sözləri gülməli və uşaqcasına qarmaqarışıq formada deməyə başlayırdı. Beləliklə, o, erməninin qaniçən tanırısının qurbangahına gətirildi, erməni minasının qəlpəsi isə bu kiçik ürəyin döyüntüsünü dayandırdı. Hansı ki, o ürək sevə bilərdi, bu amansız dünyaya nəsə əbədi, ölümsüz və möhtəşəm şey gətirə bilərdi. Lakin erməni keşişlər artıq minlərlə qurbanın qanında boğulan bütlərini onun qanıyla suladılar. Alman faşist işğalçıları uşaqları və qadınları öldürməyə başlayanda onlar insan simasına bürünən düşmən olmaqdan çıxdılar. Onlar pislik oldular və hər bir insanın borcu onları məhv etmək oldu. Ukrayna və Belarusda yandırılan kəndlərdən insan ətinin qoxusunu verən duman çıxanda müharibə artıq iki ordunun mübarizəsi formasını dayandırdı və xalq savaşına çevrildi. Hər kəs – kişilər, qadınlar, uşaqlar nasist cəhənnəminin bədheybətləriylə mübarizə aparırdı. Azərbaycan kəndlərindən çıxan yanğın dumanı da yandırılmış insan əti qoxusu verirdi. Xocalı yaxınlığındakı qarla örtülü sahələr boz səmaya baxan boş, donmuş uşaq gözlərini xatırlayırlar. Erməni quldurları tərəfindən işğal edilmiş Azərbaycan evlərinin divarları təcavüz edilmiş Azərbaycan qızlarının göz yaşlarını, eləcə də ermənilərin qırışmış yanaqlarına çırpdıqları və murdar paltarlarını yumağa məcbur etdikləri yaşlı azərbaycanlı qadınların depressiyalı, gücsüz fəryadını xatırlayır. Canilər tərəfindən işğal edilən hər daş, hər qarış torpaq öz doğma yurdlarından vəhşicəsinə qovulan azərbaycanlı kəndlilərin əməksevər əllərini xatırlayır. Hər yaşlı ağac isti günlərdən onun kölgəsində oturan azərbaycanlı ağsaqqalların uzun söhbətlərini xatırlayır. Xatırlayır ki, oğlan və qız dəstələri şirin tut və turş alçadan dadmaq üçün onun budaqlarına necə çıxırdılar. Xatırlayır və onların evlərinə nə zaman dönəcəyini gözləyir. Onlar isə dönəcəklər. 45-ci ildə Simonovun nasizmi öldürüb, öz yuvasında boğmaq əmrini sona qədər yerinə yetirənlərin qürurlu və güclü varisləri qayıdacaqlar. Onlar dönəcəklər. Qəhrəmanlar, qəhrəmanların nəvələri və nəticələri, Berlində məhv olan, amma gözlənilmədən, 40 ildən sonra Böyük Vətən müharibəsində iştirak edən ölkədə baş qaldıran nasizmin son yuvasını məhv etmək əmrini icra etmək üçün gələcəklər. Onlar geri dönəcəklər. Məhz 9 mayda Şuşa üzərində Azərbaycan bayrağı dalğalansa, 8 mayda işğal edilən ərazilərdə məhz 9 mayda Azərbaycan himni oxunsa, xilaskar Azərbaycan əsgəri tərini silib, torpaqlarına toxunsa, bu, çox simvolik olacaq. Məhz bu an Avropada nasist zibilini əzənlər və Qafqazda onların son davamçılarını məhv edənlər vahid bir sistemdə birləşəcəklər. Onlar Zəhranın döyünən ürəyinin dayanmasının, Xocalıda döyünən oğlan və qızların ürəklərinin döyüntüsünün kəsilməsinin qisasını almaq üçün geri dönəcəklər. Onlar geri dönəcəklər. Bizim işimiz haqq işidir - düşmən məhv ediləcək, qələbə bizimlə olacaq.

Hamısını oxu
Ali Baş Komandana mahnı həsr olundu: “Qalib sərkərdə”

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə mahnı həsr olunub. “Qalib sərkərdə” adlanan mahnının musiqisi bəstəkar Azad Zahidə, sözləri isə Abdulla Qurbaniyə məxsusdur.  Əməkdar artist Ramil Qasımovun ifa etdiyi mahnıda Azərbaycanın II Qarabağ savaşında qazandığı qələbə və Ali Baş Komandanın Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edilir.    Əməkdar mədəniyyət işçisi Ülviyyə Könül “Qalib sərkərdə” üçün musiqi çarxı hazırlayıb. Musiqi çarxında Azərbaycan Ordusunun şücaəti, Ali Baş Komandanın çıxışları, Azərbaycan xalqına müraciəti yer alıb.

Hamısını oxu