Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Hərbi Prokurorluğun rəhbərliyi Zəfər günü münasibətilə gənc əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşüb

8 noyabr – Zəfər günü münasibətilə Hərbi Prokurorluğun rəhbərliyi Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətə yeni başlamış gənc əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşüb. 

Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi zəfərin əhəmiyyətindən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasında göstərilən qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub.

Tədbir iştirakçıları Vətən uğrunda canlarında keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr və şəhid ailələrinə sovqatlar təqdim olunub.

 

 

2026-11-06 16:36:00
22 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: Cinayətkarların heç biri məsuliyyətdən yaxa qurtara bilməyəcək

Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlılar Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmədə dünən ittiham aktı elan olundu. Hər iki şəxs azərbaycanlı əsirlərə ağır işgəncələr verməkdə ittiham olunur. Əli xalqımızın qanına batanların hamısını dünən məhkəmə qarşısında dayanan erməni təxribatçılarının aqibəti gözləyir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. C.Xəlilov vurğulayıb ki, əsirlikdən azad edilən soydaşlarımız verdikləri ifadələrdə həmin ermənilərin onlara işgəncə verdiyini, fiziki və mənəvi məhrumiyyətlərə məruz qoyduğunu bildiriblər. Azərbaycanda ədalət mühakiməsi qarşısında cavab verən ermənilərin düşdükləri vəziyyət digərlərinə də ibrət olmalıdır. Hər bir erməni faşisti anlamalıdır ki, əli xalqımızın qanına batanların hamısını bu gün məhkəmə qarşısında dayanan erməni təxribatçılarının aqibəti gözləyir. Onların hamısı törətdikləri qanlı əməllərə görə gec və ya tez məhkəmə qarşısında cavab verəcək, məsuliyyətə cəlb olunacaqlar. Cinayətkarların heç biri məsuliyyətdən yaxa qurtara bilməyəcək. “Ermənistan 44 günlük Vətən müharibəsində rüsvayçı məğlubiyyətə uğrasa da, öz təxribatlarından əl çəkmək istəmir. Dövlət sərhədlərinin tez-tez pozulması, erməni diversantların Azərbaycan əraizisində minalama işi aparmağa səy göstərməsi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyannamənin şərtlərinə əməl etmək istəməməsi rəsmi İrəvanın məkrli niyyətlərindən xəbər verir. Ancaq qeyd etdiyimiz kimi, dünənki məhkəmə prosesi Ermənistanın hərbi-siyasi rəhbərliyinə, hər bir erməni faşistinə dərs olmalıdır. Onlar anlamalıdırlar ki, Azərbaycan işğaldakı torpaqlarını azad etməyə, düşməni hərbi müstəvidə cəzalandırmağa qadir olduğu kimi, xalqımıza qarşı cinayət əməlləri törədənləri hüquqi müstəvidə məsuliyyətə cəlb etməyə də qadirdir və bu prosesin qarşısını heç bir qüvvə ala bilməz”.

Hamısını oxu
“Aprel döyüşləri düşmənə tarixi gözdağı, əbədi ibrət dərsidir”

Cəlil Xəlilov: “Əgər Ermənistan bu döyüşlərdən lazımi nəticə çıxartsaydı, indiki acınacaqlı duruma düşməzdi”   2016-cı ilin aprel döyüşlərinin beşinci ildönümüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov aprel döyüşlərinin mühüm tarixi və hərbi əhəmiyyətə malik olduğunu qeyd edib:   “2016-cı ilin aprel döyüşləri və bu döyüşlər zamanı Azəbaycan ordusunun əldə etdiyi qələbə həm hərbi, həm tarixi, həm də mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir.  Bir sıra yüksəkliklərin və yaşayış məntəqələrinin Ermənistan ordusunun işğalından azad edilməsi ilə nəticələnən bu döyüşlər zamanı, Azərbaycan ordusu öz gücünü, qüdrətini düşmənə göstərdi, işğalçıların yarılmaz, keçilməz hesab etdiyi möhkəmləndirilmiş müdafiə xətlərini bir həmlə ilə keçdi. Azərbaycan ordusunun aprel döyüşləri zamanı ordaya qoyduğu əzm və iradə Ermənistan ordusunu sarsıtdı, onu geri çəkilməyə məcbur etdi. Azərbaycan ordusu əməli surətdə sübut etdi ki, işğaldakı torpaqları azad etməyə qadirdir və heç bir qüvvə ona mane ola bilməz.   Bu baxımdan aprel döyüşləri düşmənə tarixi gözdağı və əbədi ibrət dərsidir. Lakin təəssüflər olsun ki, Ermənistan 2016-cı ildə yaşadığı bu acı məğlubiyyətdən lazımi dərs çıxarmadı. Əgər Ermənistan aprel döyüşlərindən lazımi nəticə çıxarsaydı, işğalçılıq siyasətindən əl çəkər, nəticə etibari ilə indiki acınacaqlı, rüsvayçı duruma düşməzdi. Ancaq Ermənistan aprel döyüşlərindən sonra da işğalçılıq, terror və təxribatçılıq siyasətini davam etdirməyə cəhd etdi. Nəticədə, Ermənistanın yürütdüyü işğal siyasəti, davamlı təxribatlar 44 günlük Vətən Müharibəsi ilə nəticələndi ki, bu da Ermənistan ordusunun darmadağın edilməsi ilə yekunlaşdı. Ali Baş Komandanın rəhbərliyi altında işğaldakı torpaqları azad edən şanlı Azərbaycan ordusunun sürətli hücumu, ölümcül həmlələri nəticəsində düşmən kapitulyasiya sazişini imzalamağa məcbur oldu. Müharibə Ermənistanın hərbi potensialının 80%-nin məhv olması, kütləvi fərarilər ordusunun meydana çıxması, Ermənistan iqtisadiyyatının tamamilə məhv olması ilə nəticələndi.   Artıq aprel döyüşlərinin beşinci ildönümüdür. Torpaqlarımız düşmən işğalından azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Ancaq sadəcə  bu gün deyil, illər, əsrlər sonra da aprel döyüşləri, bu döyüşlər zamanı ordumuzun sərgilədiyi qəhrəmanlıq qürur hissi ilə yad ediləcək, fərəhlə xatırlanacaq.   Veteranlar olaraq bu döyüşlərdə şəhid olan igidlərimizi ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Onlar sonsuz qədər Azərbaycan xalqının qəlbində yaşayacaqlar”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Qazi-yazarın "Alabaş" və "Qara mamba" kitablarının təqdimatı keçirilib

İyun ayının 21-də "Libraff" kitab mağazaları şəbəkəsinin " Park Akademiya" filialında  Xüsusi Təyinatlı gizir,  qazi-yazar Zaur Bayramoğlunun "Alabaş" və "Qara mamba" kitablarının təqdimat və imza mərasimi keçirildi.  "Sherg.az" xəbər verir ki, tədbirdə Zaur Bayramoğlu yaradıcılığını sevərlər, ədəbi ictimaiəyyət və media nümayəndələri,  Vətən müharibəsinin və  ədibin "Qara mamba" kitabına daxil olan "Pusqu" povestinin real qəhrəmanları olan Xüsusi Təyinatlı zabitlər və onların istehkam müəllimləri baş gizir Yavər Qabulov, müəəlifin hal-hazırda üzərində işlədiyi "Fədailər" trilogiyasının real qəhrəmanları Ramin və Rza Yunusov qardaşları və b. iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan "Libraff"ın PR mütəxəssisi, bloger Sərxan Rüstəmov iştirakçılara Zaur Bayramoğlunun yaradıcılığı haqqında məlumat verərək, sözü qazi-yazarın özünə verdi. Hər iki yeni kitabı haqqında əsas məlumatları oxucuları ilə bölüşən müəllif Zəfər savaşında Hadrutun azad edilməsindən bəhs edən "Pusqu" povesti haqqında ətraflı danışdı və əsərin real qəhrəmanları kapitan Nicat Əbdürrəhmanovu, baş gizir Hamid İsayevi,  gizir Mahir Məmmədovu iştirakçılara təqdim etdi. Xüsusi Təyinatlıların təqdimata gəlişləri kimi, çıxışları da iştirakçıların alqışları ilə qarşılandı. Tədbirdə filoloq-tərcüməçi, şairə Sədaqət Əhmədova, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar, Yevlax rayonunda çıxan "Kür" qəzetinin baş redaktoru Əminə Yusif qızı, 1990-cı illərdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı olmuş, hazırda təqaüddə olan Ramiz Tağıyev, müharibə başlayandan bu günə kimi qazi və şəhid ailələrinin daimi ziyarətçisi, şəhidlər haqqında bir çox yazıların və video-çəkilişlırin müəllifi Aytən Məmmədova, "libraff"ın nəşrlər üzrə məsləhətçisi Əminə İbrahimli çıxış edərək, 1-ci qrup hərbi əlil olan Zaur Bayramoğlu Muradovu digər yazarlamızdan fərqləndirən xüsusiyyətləri, əvvəlcə silahı, hal-hazırda isə qələmi ilə daim Vətən torpaqlarının işğalçılardan azad edilməsi uğrundakı yorulmaz və nikbin mübarizliyindən, Vətən qəhrəmanlarının hünərini tərənnüm etmək və onların qəhrəmanlıq tarixini əbədiləşdirmək yolundakı inadkar və əzmli zəhmətindən, bir hərbçi və tarixçi kimi bu mövzularda nümayiş etdirdiyi dərin biliyindən və bir yazar kimi bədii istedadının gücündən  heyranlıqla söz açdılar, onun Azərbaycan əsgərinin mübariz siması olmasından qürur duyduqlarını ifadə etdilər. Sonda Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqə sükutla yad edən tədbir iştirakçıları müəlliflə və qazilərimizlə, eləcə də təqdimatla bağlı səmimi təəssüratlarını bölüşdülər, qazi-yazar Zaur Bayramoğlu Muradovun gənclərimizə hərbi vətənpərlik ruhunda yazılan əsərləri detektiv əsərlər kimi sevdirmək yolunda böyük iş gördüyünü təqdir etdiklərini bildirdilər. Tədbirin sonunda Zaur Bayramoğlu və onun Xüsusi Təyinatlı qazi-qəhrəmanları müəllifin kitablarını oxucular üçün imzaladılar.

Hamısını oxu
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi qulluqçuları Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsən 28 may – Müstəqilik günü münasibətilə hərbi qulluqçuları təbrik edib. Təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər! Sizi dövlətçilik tariximizin ən şanlı səhifələrindən sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümü, 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Vətənə müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayıram. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dönəmlərində ölkəmizin dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsi yüksək tutulmuş, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında və dövlətçilik ənənələrimizin möhkəmlənməsində müstəsna xidmətləri olmuşdur. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın iqtisadi dayaqları daha da güclənərək demokratik dövlət quruculuğu prosesində beynəlxalq nüfuzu artmaqda davam edir və bu gün Azərbaycan regionda dayanıqlı sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilmişdir. Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun gücləndirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilmiş təlimlər şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə Azərbaycan Ordusunun tarixində yeni qəhrəmanlıq səhifələrinin açılmasına təkan vermişdir. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüşlər, həmçinin antiterror əməliyyatı nəticəsində işğalda olmuş torpaqlarımız azad olundu. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü və peşəkarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildi, bütün ölkə ərazisində konstitusiya quruluşu tam bərpa olundu. Ötən il Bakı şəhərində keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş təntənəli hərbi parad ölkəmizin müdafiə qüdrətinin gündən-günə artırılmasının göstəricisidir. Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin aparılmasına böyük töhfədir. Bu gün qüdrətli Azərbaycan Ordusunun bölmələri Vətənimizin keşiyində əzmlə dayanaraq, Böyük Qayıdış proqramı çərçivəsində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə öz layiqli töhfələrini verir. İnanıram ki, ordumuz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalaraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəkdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva Vətən uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçulara, o cümlədən şəhid ailələrinə və müharibə veteranlarına hər zaman xüsusi diqqət və qayğı göstərmişdir. Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, sağlamlığını itirən döyüşçülərimizi, veteranları Müstəqillik Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Bir daha 28 May – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram. 28 May – Müstəqillik Gününüz mübarək olsun!"

Hamısını oxu