Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Riyaziyyat İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunda 8 Noyabr- Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 44 günlük Vətən müharibəsinin şanlı xronikasını, Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlığı və işğaldan azad edilmiş torpaqlarımızda dalğalanan üçrəngli bayrağımızın əzəmətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş nitqi ilə açan Riyaziyyat İnstitutunun direktoru, texnika elmləri doktoru, dosent Elxan Səbziyev Azərbaycanın tarixi Zəfərinin əhəmiyyətindən bəhs edib. O, çıxışında Ümummilli Lider Heydər Əliyevin ölkəmizin ərazi bütövlüyünün qorunması və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərini qeyd edib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi-siyasi strategiyasının və Azərbaycan Ordusunun rəşadətinin tarixi qələbəmizin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb.
Elxan Səbziyev böyük Zəfərin xalqımızın milli birliyinin, əyilməz iradəsinin və Vətən sevgisinin təntənəsi olduğunu bildirib. O, qazanılan qələbənin gələcək elmi-texnoloji inkişaf və milli təhlükəsizlik strategiyaları ilə vəhdət təşkil etdiyini diqqətə çatdırıb. İnstitutun direktoru kollektivi Zəfər Günü münasibətilə təbrik edərək, şəhid ailələrinə və qazilərə dərin ehtiramını ifadə edib.


Tədbirin dəvətli qonağı – “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Gənclərin hərbi-vətənpərvərlik və ideoloji hazırlığı şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev geniş məruzə ilə çıxış edib.
Polkovnik Azərbaycanın müasir hərb tarixinə və keçdiyi çətin, lakin şərəfli yola nəzər salaraq, Birinci və İkinci Qarabağ müharibələrinin xalqımızın tarixindəki həlledici məqamlarını təhlil edib.
O, ilk növbədə 1990-cı illərin əvvəllərində baş vermiş Birinci Qarabağ müharibəsindən danışıb. Həmin dövrdə ölkədə hökm sürən siyasi xaos, ordu quruculuğundakı çatışmazlıqlar və silah-sursat qıtlığına baxmayaraq, xalqımızın və qəhrəman oğullarımızın torpaq uğrunda göstərdiyi fədakarlıqları xatırladıb.

Polkovnik bildirib ki, Birinci Qarabağ müharibəsində verilən şəhidlər, çəkilən ağrılar və itirilən torpaqlar xalqımızın qəlbində Vətən sevgisini və torpaqlarımızın azadlığına olan sarsılmaz inamı daha da gücləndirib.
Çıxışında 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinə də toxunan Adil Haqverdiyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın güclü orduları sırasında yer alıb. O, 44 gün ərzində yazılan yeni hərb tarixinin, müasir hərbi texnologiyaların tətbiqinin və Azərbaycan əsgərinin rəşadətinin tarixi qələbənin əldə olunmasında həlledici rol oynadığını qeyd edib.
Daha sonra “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Gənclərin hərbi-vətənpərvərlik və ideoloji hazırlığı şöbəsinin baş mütəxəssisi Nəbi Hacıyev çıxış edib. O, Zəfər Gününün Azərbaycan ziyalıları, elmi ictimaiyyəti və veteran hərəkatı üçün böyük mənəvi əhəmiyyət daşıdığını bildirib.


Nəbi Hacıyev institut əməkdaşlarına və ziyalılara müraciət edərək, qazanılmış hərbi Zəfərin qorunub saxlanılması və ideoloji baxımdan möhkəmləndirilməsi üçün gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsinin milli təhlükəsizlik strategiyasının mühüm tərkib hissəsi olduğunu vurğulayıb.
Tədbirdə Riyaziyyat İnstitutunun Qeyri-xətti analiz laboratoriyasının elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, dosent Telman Qasımov da çıxış edib. O, döyüş meydanında qazanılan şanlı qələbənin arxa cəbhədə çalışan hər bir vətəndaşın, o cümlədən elmi ictimaiyyət nümayəndələrinin rəşadətli orduya göstərdiyi mənəvi dəstəyin və inamın təntənəsi olduğunu bildirib.


Telman Qasımov institut əməkdaşlarının bundan sonra da elmi nailiyyətləri ilə dövlətimizin güclənməsinə və işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına töhfə verməyə hazır olduqlarını qeyd edib. O, kollektivi Zəfər Günü münasibətilə təbrik edib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

İmath.az

 

2026-11-11 15:05:00
10 baxış

Digər xəbərlər

İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı

İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırılıb. Həmin görüntüləri təqdim edirik:

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında 9 May faşizm üzərində Qələbənin 74-cü ildönümü qeyd edildi

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli bayram tədbiri təşkil olunmuşdur. Respublika Veteranlar Təşkilatının inzibati binasının həyətində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən quraşdırılmış 150 nəfərə xidmət üçün nəzərdə tutulan səyyar mətbəx və Böyük Vətən müharibəsi dövrünün hərbi geyimində olan əsgər, zabitlər veteranlara nostalji hisslər yaşadaraq, Qələbə bayramının sevincinə əlavə rəng qatmışlar. Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında səslənən müharibə, Vətən, qəhrəmanlıq, sevgi haqqında o illərin mahnıları bu ovqatı daha da artırmışdır.   Tədbirdə Müdafiə Nazirliyinin, Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar, ziyalılar, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Seçenov adına Tibb Universitetinin Bakı filalının  tələbələri, gənclər və media nümayəndələri iştirak etmişdirlər. Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov çıxış etdi, hər kəsi 9 May faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibəti ilə səmimiqəlbdən təbrik etdi.  Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında əlamətdar gün münasibətilə bütün veteranları təbik etdi, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətlərindən danışdı. C.Xəlilov:  “İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Qələbə Gününün canlı yaddaşı isə veteranlardır. Veteranlar bu Qələbənin yükünü çiyinlərində daşıyıblar. Bu tarixin ən əlamətdar anı isə 1945–ci il mayın 9-u Qələbə Günüdür. Xalqımız veteranları ilə hər zaman fəxr edir.” Digər çıxış edən veteranlar onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib, keçdikləri döyüş yolu, həyatlarının ən kəşməkəşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşüblər. Onlar üçün hazırlanmış İkinci Dünya müharibəsini xatırladan ab-hava veteranların ürəyincə oldu. Veteranlar hər kəsə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Qələbə Bayramını tezliklə işğal altında olan torpaqlarımıza da qeyd ediləcəklərinə əminlik ifadə etdilər. Hərbi orkestrin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin və “Cənab leytenant” patriot qrupunun ifasında səsləndirilən musiqi proqramı proqramı, veteranların bayram əhval-ruhiyyəsini daha da artırdı.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının başsağlığı

Azərbaycandan Türkiyəyə istiqamətlənən və qardaş Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtmışdır. Bu ağır faciə nəticəsində həlak olan hərbi qulluqçulara Uca Allahdan rəhmət, onların ailələrinə və yaxınlarına səbir və dözüm diləyirik. Azərbaycan veteranları adından qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı bildirir, bu ağır itkinin kədərini ürəkdən paylaşırıq. Azərbaycan hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyənin yanındadır.   Allah rəhmət eləsin.

Hamısını oxu
ADNSU-da müharibə veteranları ilə görüş keçirilib

Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə birgə “Gənclər bizim bu günümüz, həm də sabahımızdır” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı gənclərlə müharibə veteranlarının görüşlərinin davamlı olaraq keçirilməsini dəstəklədiyini bildirib. ADNSU-da gənclərə yüksək səviyyəli təhsillə yanaşı, milli vətənpərvərlik hisslərinin aşılanmasına da xüsusi diqqət yetirildiyini  deyən rektor, professor M.Babanlı universitetdə Milli qəhrəman Mübariz İbrahimovun heykəlinin qoyulduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da öz çıxışında gənclərin hərbi vətənpərvərlik ruhunda yetişdirilməsinin önəmindən danışıb və bu təbliğatın prezident İlham Əliyev tərəfindən mühüm vəzifə kimi qarşıya qoyulduğunu vurğulayıb. Tədbirdə çıxış edən digər müharibə veteranları  İsmayıl Fərəcov, Adil Haqverdiyev və Bəhram Atakişiyev də Azərbaycan gənclərinin aprel döyüşlərində göstərdikləri şücaətlərdən danışıb və  şanlı tariximizin, döyüş ənənələrimizin hərtərəfli təbliğ olunmasında bilik və təcrübələrini əsirgəməyəcəklərini bildiriblər. Tədbirin sonunda rektor, professor M.Babanlı Polkovnik Cəlil Xəlilova xatirə hədiyyəsi təqdim edib. Polkovnik Cəlil Xəlilov da öz növbəsində rektor, prof. Mustafa Babanlıya "General Mehmandarov" adına medal təqdim edib.

Hamısını oxu