Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan–İtaliya Biznes Forumunda Bakının şəhərsalma inkişaf perspektivləri təqdim olunub

Azərbaycan–İtaliya Biznes Forumunda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov əsas məruzəçi qismində çıxış edərək paytaxtın strateji inkişaf prioritetlərini və şəhərsalmanın iqtisadi və regional əlaqələrin gücləndirilməsində rolunu təqdim edib.

Çıxışında Read Qasımov müasir şəhərsalma planlaşdırmasının iqtisadi artım, investisiyaların cəlb edilməsi və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Xüsusi diqqət Bakının 2040-cı ilədək inkişafına dair Baş Planına yönəldilib. Bildirilib ki, Baş Plan paytaxtın çoxmərkəzli inkişaf modelinə keçidini, yeni işgüzar mərkəzlərin formalaşdırılmasını, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini və iqtisadi fəallığın daha balanslı paylanmasını nəzərdə tutur.

“Bakı Ağ Şəhər” layihəsi, ictimai nəqliyyatın modernləşdirilməsi və sahilyanı ərazilərin inkişafı nümunəsində kompleks şəhərsalma həllərinin özəl investisiyaların cəlbinə, yeni iş yerlərinin yaradılmasına və paytaxtın iqtisadi rəqabət qabiliyyətinin artırılmasına töhfəsi diqqətə çatdırılıb.

Forum çərçivəsində, həmçinin Azərbaycan və İtaliya arasında memarlıq, infrastruktur və şəhər mühitinin yenilənməsi sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri qeyd olunub.

 

2026-11-24 19:14:00
39 baxış

Digər xəbərlər

ВС АЗЕРБАЙДЖАНА ПРОВОДЯТ УСПЕШНЫЕ ОПЕРАЦИИ

Hamısını oxu
“Ermənistanın təxribatçı addımlar üçün kimdən cəsarət aldığı məlumdur”

Nəsib Məhəməliyev: “Rusiya sülhməramlıları erməni terrorçunu dərhal fiziki olaraq məhv etməli idilər”   Son vaxtlar ermənilər tərəfindən təxribat xarakterli addımların sayı artmaqdadır. Laçın və Şuşada baş verən son olaylar erməni təxribatlarının sistemli xarakter almağa başladığını göstərir.   Maraqlıdır,  Vətən müharibəsində hərbi potensialının 80%-ni itirən Ermənistanın yeni qarşıdurmaya cəhd etməsi nə dərəcədə anlaşılandır? Məğlub Ermənistan özündə bu cəsarəti haradan alır?   Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:   “Erməni separatçısının hərbçilərimizin xidməti postuna əl qumbarası atması terror hadisəsidir və ən ağır şəkildə cəzalandırılmalıdır. Əks halda, yeni terror hadisələrinin törədiləcəyi şübhəsizdir. Burada məsuliyyət Rusiya sülhməramlılarının üzərinə düşür və onlar terrorçunu dərhal fiziki olaraq məhv etməli idilər. Terrorla mübarizədə effektiv İsrail təcrübəsi var. Heç bir halda terrorçulara güzəşt olunmur.   Nəzərə almaq lazımdır ki, Ermənistan, dünyanın bir çox ölkələrində diplomatları, siyasətçiləri, qətlə yetirən terror dövlətidir və bu sahədə geniş təcrübəyə malikdir. İnsanlıq əleyhinə ən ağır cinayətlər törətmiş qatı terrorçuları milli qəhrəman səviyyəsinə qaldıran toplumdur.   Heç kimə sirr deyil ki, hər bir terrorun arxasında siyasi məqsədlər dayanır. Mənə elə gəlir ki, bu terrorun da əsas məqsədi, 44 günlük müharibədə darmadağın olmuş və psixoloji baxımdan sındırılmış və alçaldılmış erməni əsgərinin döyüş ruhunu qaldırmaqdır.   Eyni zamanda, nizamlama prosesini əngəlləmək, 10 noyabr üçtərəfli bəyanatla razılaşdırılmış bəzi müddəaların icrasından yayınmaq məqsədi daşıyır. Bu yaxınlarda, Rusiya prezidentinin sözcüsü Dmitri Peskov dövlət başçılarının yaxın vaxtda görüşünün baş tutacağını bəyan etdikdən dərhal sonra, bir çox erməni siyasətçiləri, politoloqları bunun əleyhinə çıxdıqlarını, hər hansı sülh müqaviləsinin bağlanmasına imkan verməyəcəklərini bildirdilər.   Digər tərəfdən, düşünürəm ki, Türk dünyasının güclənməsi, inteqrasiya proseslərinin sürətlənməsi, bir çox dairələrin narahatlığına səbəb olur. Bu istiqamətdə müvəffəqiyyətlər əldə olunduqca, bədxahların ,,sürprizlərinə ,, hazır olmalıyıq.   Ermənistanın gücü haradan alması, bəlli məsələdir. Ermənistan bu gücü ilk növbədə regionda maraqları olan ənənəvi geosiyasi güclərdən və biabırçı məğlubiyyətlə barışa bilməyən daxili millətçilərdən alır. Erməni cəmiyyəti yekdil deyildir. Cəmiyyətin daxilində müxtəlif xarici orqanlara xidmət edən destruktiv qüvvələr var. Onlar istənilən an, öz xəstə ideyalarını yeritmək naminə cinayət işlətməyə hazırdırlar. 1999-cu ildə parlamentdə baş nazirin, parlament rəhbərliyinin güllələnməsi və s. buna sübutdur. Amma Ermənistanın yaxın illərdə Azərbaycanla qarşı-qarşıya gəlməsi, genişmiqyaslı müharibə aparması qeyri-mümkündür”.   Seymur ƏLİYEV

Hamısını oxu
SON DƏQİQƏ: İlham Əliyev onlara “Vətən Müharibəsi Qəhrəmanı” ADI VERDİ - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb. Publika.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib: Mehdiyev İlham İsmayıl oğlu – general-leytenant Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant İslamzadə Namiq Sərəfruz oğlu – general-mayor Məmmədov Zaur Sabir oğlu – general-mayor Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor Cahangirov Ələkbər Məhəmməd oğlu – polkovnik Ələkbərov Babək Mürsəl oğlu – polkovnik Hüseynov Telman Əsgər oğlu – polkovnik İsrayılov Raqif İbadulla oğlu – polkovnik Qurbanov Babək Vahid oğlu – polkovnik Mövlanov Nizami Bəydəmir oğlu – polkovnik Nudirəliyev Zaur İsmayıl oğlu – polkovnik (ölümündən sonra) Sultanov Vüsal Eynulla oğlu – polkovnik Yusibov Zəfər Qəzənfər oğlu – polkovnik Zeynalov Zaur İlham oğlu – polkovnik Quliyev Zaur Hikmət oğlu – 1-ci dərəcəli kapitan Abdurahmanov Əfqan Ağasəf oğlu – polkovnik-leytenant (ölümündən sonra) Baxışov Səxavət Mamed oğlu – polkovnik-leytenant Camalov Ceyhun Fikrət oğlu – polkovnik-leytenant Cəfərov Ramiz Sübhan oğlu – polkovnik-leytenant (ölümündən sonra) Əkbərov Orxan Nadir oğlu – polkovnik-leytenant (ölümündən sonra) Əliyev Anar Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra) İbrahimov Xaliq Arif oğlu – polkovnik-leytenant İmrəliyev Füzuli Şiraslan oğlu – polkovnik-leytenant Qasımov Faiq Qaçay oğlu – polkovnik-leytenant (ölümündən sonra) Qasımov Ramiz Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra) Qebedov Elnur Ceerov oğlu – polkovnik-leytenant Qurbanov Səfər Qurban oğlu – polkovnik-leytenant Mirzəyev Anar Mehman oğlu – polkovnik-leytenant Nadirov Rəşad Soltanağa oğlu – polkovnik-leytenant Ağayev Vüqar Əhməd oğlu – mayor (ölümündən sonra) Bağıyev Mirdamət Səristan oğlu – mayor Bayramov Elbrus Eyvaz oğlu – mayor (ölümündən sonra) Heydərov Amid Rəbbil oğlu – mayor (ölümündən sonra) Həsənov Saleh Valeh oğlu – mayor Hüseynquliyev Şahin Yusif oğlu – mayor Hüseynov Zaur Rahat oğlu – mayor Qaflanov Şixamir Oruc oğlu – mayor (ölümündən sonra) Qasımov Anar Misir oğlu – mayor Quliyev Röyal İlham oğlu – mayor Mansurov Elçin Elşən oğlu – mayor (ölümündən sonra) Məmmədov Anar İbrahim oğlu – mayor Orucov İlqar Rəhman oğlu – mayor Səfərli Gündüz Ağamməd oğlu – mayor Səfərov Elvin Sərraf oğlu – mayor Şirinov Elnur Ramiz oğlu – mayor Şükürov Anar Mehman oğlu – mayor (ölümündən sonra) Abdullayev Rəşad Arif oğlu – kapitan (ölümündən sonra) Babayev Nihad Akif oğlu – kapitan (ölümündən sonra) Bağırlı Qəzənfər Kərim oğlu – kapitan Bədəlov Nicad Mehman oğlu – kapitan Əliyev Fərid Vaqif oğlu – kapitan Həsənov Ceyhun Aydın oğlu – kapitan (ölümündən sonra) Hudulov Ramazan İzzət oğlu – kapitan Qasımlı Rəşad Məzahir oğlu – kapitan Mahmudov Cavid Hilal oğlu – kapitan (ölümündən sonra) Musibov Veysəl Yadullayeviç – kapitan (ölümündən sonra) Noçuyev Surxay Əbdül oğlu – kapitan (ölümündən sonra) Səmədov İsmayıl Məhəmməd oğlu – kapitan (ölümündən sonra) Şıxnəbiyev Renat Güləmməd oğlu – kapitan Ağayev Qəzənfər Mahmud oğlu – baş leytenant Balacayev İzzət Zakir oğlu – baş leytenant Behbudov Cavid Ədalət oğlu – baş leytenant Bədəlov Valeh Vahid oğlu – baş leytenant (ölümündən sonra) Hümbətov Azad Arif oğlu – baş leytenant (ölümündən sonra) İbrahimli Adil Asəm oğlu – baş leytenant (ölümündən sonra) Allahyarov Şahin Hüseynbala oğlu – baş gizir (ölümündən sonra) Cəbrayılov Sübhan Rahim oğlu – baş gizir (ölümündən sonra) Hüseynov Yaşar Əhəd oğlu – baş gizir İsmayılov Camal Vidadi oğlu – baş gizir (ölümündən sonra) Niftəliyev Mehrab Söhrab oğlu – baş gizir (ölümündən sonra) Yusifli Azər Nazim oğlu – baş gizir (ölümündən sonra) Əsgərli İntiqam Bayram oğlu – gizir (ölümündən sonra) Vəliyev Elyar Arif oğlu – gizir (ölümündən sonra) Cabbarov Orxan Rövşən oğlu – kiçik gizir (ölümündən sonra) Əhmədov Yaşar Mirağa oğlu – kiçik gizir Hüseynov Əli Rəşid oğlu – kiçik gizir İbrahimli Nail Nəriman oğlu – kiçik gizir (ölümündən sonra) Novruzov Amin Tacəddin oğlu – kiçik gizir (ölümündən sonra) Zalov Fəqan Amil oğlu – kiçik miçman (ölümündən sonra) Abdullazadə Azər Rizvan oğlu – əsgər Əflətov Murad İlyas oğlu – əsgər Yaqubov Vüsal Elşən oğlu – əsgər.

Hamısını oxu
“Azəriqaz”ın Baş direktoru istehlakçılara müraciət edib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev istehlakçılara müraciət edib.   Müraciətdə deyilir:   “Azəriqaz” təbii qaz təchizatı sahəsində kommunal xidmət göstərən dövlət müəssisəsi olaraq, fəaliyyətində yüksək keyfiyyət və operativ xidmət təqdim etməklə yanaşı, sahə üzrə qanunvericiliyin tələblərinə ciddi riayət etməsini əsas vəzifə kimi dəyərləndirir. Abunəçilərimizə münasibətdə qazın istifadəsi nəticəsində yaranmış borcun ödənilməsi ilə əlaqədar problemlərin həlli istiqamətində əsasən danışıqlar yoluna üstünlük verilir, bu mümkün olmadıqda isə məhkəmə qaydasında məsələyə baxılır. Belə məsələlərdən biri də Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1560/2020 iş nömrəsi üzrə 18.08.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi təşkil edir. Cəlilabad rayonu Komanlı kənd sakini cavabdeh Əbilov Xosrov Təvəkgül oğlunun İstehsalat Birliyinin xeyrinə cəmi 338 manat pul ödəməsi qət olunsa da, cavabdeh borcun ödənilməsindən boyun qaçırır. “Qaz təchizatı haqqında” qanunun 13.6 maddəsinə və Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 6.1.4 yarımbəndinə görə, istifadə olunmuş qazın dəyərinin ödənilməməsi qazın verilişinin dayandırılması üçün əsasdır. Qanuni qüvvə almış qətnaməni rəhbər tutaraq, sahə üzrə qanunvericiliyin tələbləri gözlənilərək 22 sentyabr 2021-ci il tarixində qazın verilişinin dayandırılması ilə əlaqədar işlər icra edilərkən cavabdeh 1966-cı il təvəllüdlü qaynaqçı Fərəcov Mətləb Aşur oğluna müxtəlif dərəcəli bədən xəsarəti yetirib, onun üst paltarını cıraraq yararsız hala salıb. Baş vermiş olay müvafiq qaydada aktlaşdırılmış və X.Əbilovun hərəkətindən hüquq-mühafizə orqanına şikayət edilib.   Məlum olduğu kimi qanunvericiliyin tələblərinin gözlənilməsi bütün fiziki və hüquqi şəxslərin, o cümlədən qaz təchizatı ilə əlaqədar yaranmış münasibətlərin iştirakçıları olan həm qaz paylayıcısı, həm də istehlakçı üçün əsas vəzifədir. Nəticə etibarı ilə mən də daxil olmaqla hamımız istehlakçıyıq. Bu prizmadan da irəli gələrək istehlakçıların müraciətlərinə (təklif, istək, şikayət, təşəkkür) daim açıq və əlçatanıq, onlar tərəfindən qaldırılan məsələlərə həssaslıqla yanaşırıq. Unutmayaq ki, təhqirə və fiziki təzyiqə məruz qalan işçimiz də bir istehlakçı, valideyn, övlad və Azərbaycan vətəndaşıdır. “Azəriqaz” dövlət müəssisəsi olaraq öz koorporativ maraqlarını insan və vətəndaşın hüquqlarının üzərində deyil, onların bir istehlakçı kimi hüquqlarının, maraq və mənafelərinin qorunması üzərində qurur.   O, vətəndaş cəmiyyətində müsbət davranış modelinin formalaşdırılması üçün sosial şəbəkələrin imkanlarını, bu şəbəkədə təmsil olunan, o cümlədən sahə üzrə nüfuz sahibi olan iştirakçıların rolunu nəzərə alaraq, sizlərə səslənərək xahiş edir:   - zorakılığın hər hansı bir formasına dözümsüzlük nümayiş etdirilməsində, onların ictimai qınanmasında;   - qarşılıqlı anlaşma və hörmət əsasında problemlərin həll olunmasında bundan sonra da səylərinizi əsirgəməyin.   Biz sizlərə xidmət göstərməyimizlə fəxr edir, “Azəriqaz”a münasibətdə qazandığımız müştəri məmnunluğundan qürür duyuruq!  

Hamısını oxu