Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: Azərbaycan Ordusunun, iqtisadiyyatının güclənməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub

Zəngin və mənalı həyat yolu keçən ulu öndər Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərib. Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı zamanın ağır sınaqlarından çıxarıb. Dahi şəxsiyyət böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında ikən Ulu Öndərə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb edib. Dünya azərbaycanlılarının Ümummilli Liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb. Bu sözləri ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramını bildirmək üçün dekabrın 12-də Fəxri xiyabana gələn Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində deyib. “Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında müstəsna rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin özünəməxsus yeri var. Ulu Öndər Azərbaycan və dünya tarixinin yaddaşında qalacaq. Azərbaycan Ordusunun, iqtisadiyyatının güclənməsində və ölkəmizin dünyada tanınmasında Heydər Əliyevin müstəsna xidmətləri olub. Azərbaycan xalqı milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığı, ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini öz xilaskarına etibar edib. Xalqının təkidli dəvətini qəbul edən Heydər Əliyevin hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi həkk olunub”, - deyə Cəlil Xəlilov vurğulayıb.

2019-12-13 00:00:00
3776 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup nümayəndəsi ulu öndərin məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup nümayəndəsi təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında ulu öndərin məzarını ziyarət edib. Ziyarət əsnasında Heydər Əliyevin məzarının önünə  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından əkil və gül dəstələri qoyulub, ümummilli liderin ölümsüz xatirəsi ehtiramla yad edilib.  

Hamısını oxu
Veteranlar həmişə ön sıradadırlar

Bakı, 27 dekabr, AZƏRTAC Yola salmağa hazırlaşdığımız 2017-ci il Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üçün uğurlu hesab edilə bilər. İl ərzində veteranlarımız üçün ən yaddaqalan hadisə alman faşizmi üzərində Qələbənin 72-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin müharibə iştirakçıları ilə görüşü olub. Dövlətimizin başçısı həmişə olduğu kimi, veteranlarla səmimi söhbət edib, onların qayğıları ilə maraqlanıb. Həmin görüşdə veteranlarımız bir daha əmin olublar ki, Azərbaycan dövləti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş veteranlara diqqət və qayğı siyasətini bundan sonra da uğurla davam etdirəcək. Bu fikirləri Respublika Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qurumun il ərzindəki fəaliyyəti ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib. Hesabat dövründə təşkilatın yeddinci Plenumunun keçirildiyini və istefada olan general-polkovnik Tofiq Ağahüseynovun Rəyasət Heyətinin sədri vəzifəsinə təsdiq edildiyini xatırladan C.Xəlilov bildirib ki, həmin iclasda qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub. Azərbaycanda veteranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışan sədr müavini deyib ki, 2017-ci ilin noyabrınadək İkinci Dünya müharibəsi iştirakçılarının sayı 602 nəfər olub. Onlardan 16-sının yaşı 100-dən çoxdur. Hazırda respublikamızda 4742 məhəlli döyüş iştirakçısı, 3340 arxa cəbhə və 21 min 954 Silahlı Qüvvələr veteranı, 133 min 624 əmək veteranı var. Veteranların dul qadınlarının sayı 6683-dür. Veteranlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bu il Mərdəkandakı Müharibə və Əmək Veteranları Respublika Xəstəxanasında 3786 veteran müalicə kursu keçib. Qurum itkin düşmüş müharibə iştirakçılarının axtarışı ilə də məşğul olub. Hazırda ölkəmizdə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 13 mindən çox şəxsə əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri verilir. Bundan əlavə, həmin şəxslərin, eləcə də şəhid ailələrinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin isə minik avtomobilləri ilə təmin edilməsi üzrə sosial proqramlar icra olunur. Son iyirmi ildə 3646 nəfər müharibə əlilinə və şəhid ailəsinə mənzil və fərdi ev verilib. Ötən il 450 nəfər müharibə əlili sanatoriya və kurortlara göndərilib. C.Xəlilov bildirib ki, veteranlarımız Azərbaycan dövlətinin yüksək diqqət və qayğısına cavab olaraq ölkəmizin ictimai-siyasi həyatında, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal iştirak edirlər. Bu istiqamətdə paytaxt Bakı ilə yanaşı, bölgələrdəki ali və orta təhsil müəssisələrində tələbələr, şagirdlər, eləcə də cəbhə bölgəsindəki hərbi hissələrdə şəxsi heyət ilə intensiv görüşlər təşkil olunur, digər tədbirlər həyata keçirilir. Görüşlərdə əsas diqqət gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ordumuzun döyüş ruhunun artırılmasına, yeniyetmə və gənclərin hərbi xidmətə, Vətəni qorumağa daim hazır olmalarına yönəldilib. Bu baxımdan gənclərə ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı, dünyada söz və nüfuz sahibinə çevrilməsi, ordumuzun qüdrəti, şanlı tariximiz, aprel döyüşlərində qazanılan qələbələr ilə bağlı ətraflı məlumat verilir. Müsahibimiz, həmçinin qeyd edib ki, Azərbaycanın İkinci Dünya müharibəsində iştirakının araşdırılması və təbliği işinə böyük önəm verən qurum bu istiqamətdə çoxşaxəli fəaliyyət həyata keçirir. Belə ki, bu ilin martında Respublika Veteranları Təşkilatında “Azərbaycan Respublikası Xatirə Kitabı”nın 15-ci cildinin təqdimatı olub. Hazırda “Xatirə Kitabı”nın növbəti cildlərinin hazırlanması üzərində iş uğurla davam etdirilir. Təşkilatın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işində fəal iştirak etdiyini vurğulayan C.Xəlilov deyib ki, veteranlarımız xarici ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanın faşizm üzərində Qələbəyə verdiyi mühüm töhfələrlə yanaşı, Ermənistanın Azərbaycana hərbi təcavüzü və bu işğalın ağır nəticələri barədə də ətraflı söhbət açıblar. Veteranlarımız ölkəmizlə bağlı, eləcə də cəbhə xəttində baş verən hadisələrə dərhal reaksiya verir, bu məsələlərə dair mətbuatda intensiv çıxışlar edirlər. Veteranlar Təşkilatı bu ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı qəsəbəsini minaatan və qumbaratanlarla atəşə tutması nəticəsində 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın həlak olması ilə bağlı işğalçı ölkənin beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymadan cəbhə xəttində müntəzəm surətdə gərginlik yaratmasını, xüsusilə dinc sakinləri hədəfə almaq siyasətini sərt şəkildə pisləyən bəyanatlar verib. Bu bəyanatlar bütün nüfuzlu beynəlxalq təşkilatlara göndərilib. Gələn ilin Azərbaycan, o cümlədən Respublika Veteranlar Təşkilatı üçün mühüm hadisələrlə əlamətdar olacağını qeyd edən C.Xəlilov deyib: “2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin, Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri qeyd olunacaq, ölkəmizdə növbəti Prezident seçkiləri keçiriləcək. Eləcə də Böyük Vətən müharibəsinin iştirakçısı, Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubiley mərasiminin də təşkili planlaşdırılır. Veteranlar həmişə olduğu kimi, builki Prezident seçkilərində də fəal iştirak edəcəklər. Onlar Prezident İlham Əliyevə hər zaman dəstək nümayiş etdirir, onun ətrafında sıx birləşirlər. Bundan başqa, Böyük Vətən müharibəsində Azərbaycan milli diviziyalarının keçdikləri döyüş yolu haqqında bəzi universitetlərdə elmi-praktiki konfransların, Qələbənin 73-cü ildönümünə həsr edilmiş görüşlərin təşkili nəzərdə tutulur. Yeri gəlmişkən qeyd edim ki, Respublika Veteranlar Təşkilatı Qələbənin 75 illik yubileyinə indidən xüsusi hazırlaşır. Ölkədə veteran hərəkatının, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, onların ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməsi, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və digər istiqamətlərdə fəaliyyətimizi yüksəltməklə, ölkəmizin ümumi inkişafına töhfə verməyə çalışırıq. Bu, həm də bizim dövlətin yüksək qayğı və diqqətinə layiqli cavabımız olardı”. Respublika Veteranlar Təşkilatının yaradılmasının otuz illiyi münasibətilə nəzərdə tutulan tədbirlərdən danışan istefada olan polkovnik bildirib ki, bu əlamətdar hadisə ilə əlaqədar Təşkilatın muzeyi yaradılıb və otuz illik tarixi yolu əks etdirən kitab çapdan çıxıb. Yubiley tədbirinin gələn il keçirilməsi planlaşdırılır. Bununla bağlı Təşkilatın mətbu orqanı olan “Azərbaycan Veteranı” qəzetinin və “veteran.az” saytının imkanlarından da səmərəli istifadə olunacaq. C.Xəlilov təşkilatın fəaliyyətinin geniş işıqlandırılmasında və ölkə ictimaiyyətinə çatdırılmasında quruma dəstək olan KİV-lərə, o cümlədən AZƏRTAC-a təşəkkürünü bildirib. Respublika Veteranlar Təşkilatının fəaliyyətinin səmərəli qurulmasında Prezident İlham Əliyevin veteranlara göstərdiyi yüksək diqqət və qayğının mühüm rol oynadığını vurğulayan C.Xəlilov yaradılmış şəraitə görə dövlətimizin başçısına veteranlar adından minnətdarlığını bildirib, onların dövlət siyasətini bundan sonra da fəal dəstəkləyəcəklərinə inamını ifadə edib.

Hamısını oxu
Prezident İlham Əliyev 9 May - Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edib

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatında mühüm rol oynayıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.  video Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 may - Qələbə Günü qeyd olunur. Ümummilli Lider müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı. Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Azərbaycan Prezidentinin 2019-cu il 23 aprel tarixli Sərəncamı ilə İkinci Dünya müharibəsinin iştirakçılarına 1 000 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım verilib. Respublikamızda müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 may tarixli Sərəncamına əsasən isə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Veteranlar Təşkilatına 300 min manat ayrılıb. Bütün bunlar bir daha təsdiqləyir ki, müharibə veteranlarına hərtərəfli qayğı və diqqət Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir. İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 74 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. Prezident, Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoydu, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad etdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdilər. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşısından keçdi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun ailə üzvləri və Oistervijk şəhərinin meri Hans Janssen ilə görüşdülər. Sonra dövlətimizin başçısı və xanımı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə  Mərasimdə Baş Nazir Novruz Məmmədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Hamısını oxu
Məlik Məhərrəmov-100

Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun 100 illik yubileyi münasibəti ilə Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, ideoloji və mədəniyyət mərkəzlərində silsilə tədbirlər həyata keçirilir. Nəzərə çatdıraq ki, Məlik Məhərrəmov 1920-ci il avqusutun 29-da Zərdab rayonunun Bıçaqçı kəndində anadan olub. O, 1936-cı ildə orada natamam orta təhsilini başa vuraraq, Bakıda Xalq Təsərrüfatı Texnikumunda oxuyub. 1939-cu ildə oranı bitirdikdən sonra isə keçmiş sovet ordusu sıralarına çağırılıb. 1942-ci ildə Rusiyanın Vladimir şəhərində hərbi məktəbi bitirib. Məlik Məhərrəmov 1941-1945-ci illər müharibəsində Berlinədək şərəfli döyüş yolu keçib. Belarusiya, Ukrayna uğrundakı döyüşlərdə xüsusilə fərqlənib. Onun komandir olduğu bölük 1943-cü ilin payızında Dneprin keçilməsində böyük məharət göstərib. Həmin döyüş əməliyyatına görə Məlik Məhərrəmova və onun bölüyündən 17 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilib. M.Məhərrəmov müharibədən sonra atıcı divizayada tabor komandiri kimi xidmət edib. O, 1954-cü ildə Frunze adına Hərbi Akademiyanı bitirib, alayın qərargah rəisi vəzifəsində çalışıb. M.Məhərrəmov 1966-cı ilə qədər Azərbaycan Respublikasının hərbi komissarlıq sistemində məsul vəzifələrdə xidmət edib, 1966-1973-cü illərdə isə indiki Bakı Dövlət Universitetində hərbi kafedranın rəisi olub. 1973-cü ildə ehtiyata buraxılsa da, universitetdə fəaliyyətini davam etdirib. Məlik Məhərrəmov müharibə illərində göstərdiyi hərbi məharətə, komandirlik bacarığına və igidliyinə görə o dövrdə ən yüksək qəhrəmanlıq adına - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. SSRİ-nin bir sıra orden və medalları ilə təltif edilib. 1995-ci ildə yubileyi təntənəli surətdə qeyd edilib və müstəqil respublikamızın “Şöhrət” ordeni ilə təltif olunub. Hələ ötən əsrin yetmişinci illərində istefada olan polkovnik Məlik Məhərrəmov Ulu Öndərimizin yaratdığı o vaxtlar analoqu olmayan ixtisaslaşdırılmış xüsusi orta məktəbin bir müddət rəisi olub və bu gün də haqqında xoş xatirələr söylənilir. İstər xalqımızın ümummilli lideri Heydər Əliyev, istərsə də dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən onun xatirəsinin həmişə əziz tutulub. Müharibə, Əmək və Silahlı Qüvvəllər Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov ölkəmizin hərb tarixinə, sərkərdələrimizin, qəhrəmanlarımızın, şanlı döyüş ənənələrimizin təbliğinə xüsusi önəm verildiyini, Müdafiə Nazirliyinin şəxsi heyətin bu istiqamətdə tərbiyə olunmasında məqsədyönlü fəaliyyətini yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə şəxsən öz adından, həmçinin çoxsaylı veteranlar adından minnətdarlığını bildirir.

Hamısını oxu