Digər xəbərlər
Dmitriy Solntsev Aleksandoroviç Bakıda anadan olub. Orta və ali təhsilini də burada bitirib. Azərbaycan ordusunda hərbi xidmət keçib. Publika.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, o, 2020-ci ilin mayından pandemiya dövründə könüllü olaraq TƏBİB sıralarına qatılıb. TƏBİB-in tabeliyində olan müəssisələrdə biomühəndis kimi fəaliyyət göstərirdi.Dmitriy Solntsev bu ilin sentyabrında könüllü olaraq Vətən Müharibəsinə yollanıb. Oktyabrın 23-ü Qubadlı uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.Milliyyətcə rus olan 25 yaşlı şəhidimizin ürəyi hər zaman Azərbaycanla döyünüb. Onun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq isə heç şübhəsiz ki, əsl vətənpərvərlik nümunəsidir və Azərbaycanın milliyyətindən asılı olmayaraq burada yaşayan hər kəs üçün müqəddəs olduğunun göstəricisidir...
Hamısını oxu
15 iyun 2021-ci il Azərbaycanın müasir tarixində mühüm bir dönüm nöqtəsinin tarixidir. Məhz həmin gün Azərbaycanın mədəniyyət beşiyi qədim Şuşa şəhərində azadlığın və Zəfərin simvoluna çevrilmiş bu müqəddəs torpaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu sənəd yalnız iki qardaş ölkə arasında strateji münasibətlərin zirvəsi deyil, həm də bölgədə yeni geosiyasi nizamın əsasını qoyan tarixi aktdır.Şuşa Bəyannaməsinin ruhu tarixdən gəlir. Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərində yeni mərhələnin təməli oldu. Bu Bəyannamə ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün mirasına sadiqliyin göstəricisidir. Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ulu öndər Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” fikirləri bu sənədin fəlsəfi və ideoloji dayağına çevrilmişdir. Ölkə rəhbəri İlham Əliyevin dediyi kimi, “biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannəməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk”.Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin yalnız siyasi və hərbi deyil, bütün strateji sahələri – iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, təhsil, mədəniyyət, ordu quruculuğu və diplomatiyanı əhatə edən bir sənəddir. Daha doğru ifadə etsək, bu, sadəcə bir Bəyannamə deyil, bu, ortaq gələcəyə verilən imzadır. İki dövlətin birgə maraqlarını təmin edən hüquqi və siyasi baza kimi çıxış edən sənəd bölgədə sabitlik və əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır.Şuşa Bəyannaməsinin məhz Şuşada - Qarabağda imzalanması Qalib Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsinin, siyasi qətiyyətinin və strateji düşüncəsinin nəticəsidir. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər təkcə torpaqlarımızın azadlığı deyil, həm də regionda yeni reallıqların formalaşdırılması idi. Prezident İlham Əliyev bu reallıqları peşəkar diplomatiya ilə Şuşa Bəyannaməsi ilə hüquqi və diplomatik çərçivəyə saldı.İkinci Qarabağ müharibəsində Azərbaycanın gücünü nümayiş etdirən müasir hərbi texnologiyalar – xüsusilə pilotsuz uçuş aparatları – Türkiyə ilə hərbi əməkdaşlığın effektivliyinin bariz nümunəsi oldu. Artıq bu əməkdaşlıq daha da genişlənərək, müdafiə sənayesi, ortaq hərbi təlimlər və qarşılıqlı hərbi yardım kimi sahələri də əhatə edir. Bu, gələcəkdə istənilən təhdidə qarşı birgə müdafiənin təminatıdır.Bəyannamədə xüsusi yer tutan Zəngəzur dəhlizi layihəsi Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir. Bu dəhliz yalnız iki ölkəni deyil, Türk dünyasını birləşdirəcək mühüm bir arteriya kimi çıxış edir. Şərqdən Qərbə uzanan yeni nəqliyyat və iqtisadi yolun açılması regional inteqrasiyanın, strateji sabitliyin və iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verir.Şuşa Bəyannaməsi iqtisadi baxımdan da önəmlidir. Hər iki ölkənin qarşılıqlı investisiya təşəbbüsləri, azad olunmuş ərazilərdə birgə layihələr və sərmayələr regionun inkişafına yeni nəfəs verir. Xüsusilə Şuşa və ətraf ərazilərin turizm imkanlarının reallaşdırılması, bu bölgənin həm iqtisadi, həm də mədəni cəhətdən dirçəlməsini təmin edəcək.Bəyannamədə əksini tapan müddəalar Ermənistanın revanşist dairələrinə də mühüm mesajdır. Türkiyə açıq şəkildə bildirir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı istənilən təhdid Ankara üçün də qırmızı xətdir. Bu, regional sülh və təhlükəsizlik üçün mühüm zəmanət hesab oluna bilər.Bəyannamənin imzalanmasından sonra hər il 15 iyun tarixində Şuşada keçirilən beynəlxalq konfranslar sənədin nə qədər dərin məna daşıdığını göstərir. Bu tədbirlər həm Şuşa Bəyannaməsinin ideoloji təbliği, həm də onun icrasının siyasi monitorinqi üçün mühüm platformaya çevrilmişdir.Hazırda Azərbaycan müttəfiqlikdən strateji birlik mərhələsinə qədəm qoyub. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı münasibətlər tarixi birliyə əsaslanaraq strateji ittifaq səviyyəsinə yüksəlib. Bu sənəd iki dövlətin gələcək əsrlərə uzanan birliyinin hüquqi əsasını, siyasi iradəsini və hərbi-siyasi təhlükəsizliyini təmin edir. Prezident İlham Əliyev bu Bəyannamə ilə özünü təkcə Zəfər Sərkərdəsi kimi deyil, həm də bölgənin gələcəyini müəyyən edən strateq lider kimi tarixə yazdırdı. Məşhur MəmmədovMilli Məclisin deputatı
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, bu gün Respublika Veteranlar Təşkilatında 9 may Qələbə Günü münasibəti ilə hərbi orkestrin iştirakı ilə təntənəli tədbir keçirilib. Hərbi vətənpərvərlik mahnılarının sədaları altında keçirilən tədbir veteranlarla yanaşı, ətraf ərazidə yaşayan vətəndaşların da böyük marağına səbəb olub. Tədbir iştirakçıları qarşısında çıxış edən Respublika Veetranlar Təşkilatının sədri Fatma Səttarova, faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə xalqımızı təbrik edib, həm İkinci Dünya müharibəsi, həm də Vətən müharibəsi iştirakçılarının hər zaman minnətdarlıq hissi ilə xatırlanacağını bildirib. Tədbir bayram süfrəsi arxasıdna davam edib.
Hamısını oxu
Musavat.com Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müsahibəsini təqdim edir: - Hər vaxtınız xeyir, hörmətli Mehriban xanım. İlk növbədə, Azərbaycanın bir sıra şəhərlərinin və yaşayış məntəqələrinin işğaldan azad edilməsi münasibətilə Sizi öz adımdan və oxucularımızın adından təbrik etmək istərdim. - Bütün xalqımızı bu əlamətdar hadisələr münasibətilə təbrik edirəm. Demək olar ki, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Bizim əsgərlər və zabitlər döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Onlar uğurlu əməliyyatlar keçirərək, bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir, strateji yüksəklikləri tuturlar. Uzun fasilədən, təqribən 30 ildən sonra biz hamımız Azərbaycan əsgərinin doğma torpaqlarımızda bayrağımızı sancmasını qürurla müşahidə edirik. Bu, sadəcə, hərbi uğur deyil. Bu, tarixi ədalətin bərpasıdır, çünki bunlar bizim əzəli, tarixi torpaqlarımızdır. Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini! Mən xalqın öz Prezidenti ətrafında necə sıx birləşdiyini, dövlət başçısının ümumi məqsəd naminə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə birləşməyə çağırışını gənclərimizin necə qətiyyətlə və mərdliklə qəbul etmələrini görürəm. - Sizin söylədiyiniz hər bir kəlmə xalqımızın istəyi ilə həmahəngdir və əməllərdə, hərəkətlərdə misli görünməmiş fəallıq doğurur. Sizin müraciətinizdən dərhal sonra həmvətənlərimizin erməni yalanlarını və böhtanlarını ifşa etməyə yönəlmiş səyləri buna parlaq sübutdur. - İnformasiya məkanında fəallıq göstərmək barədə çağırışıma qoşulan hər kəsə təşəkkür etmək istəyirəm. Biz daim yadda saxlamalıyıq ki, qarşıdurma təkcə bilavasitə döyüş əməliyyatları bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Mən bizim gənclərimizin, vətəndaşlarımızın erməni təbliğatının feyklərini necə ifşa etdiklərini, erməni təcavüzü haqqında həqiqəti bütün mümkün platformalarda beynəlxalq ictimaiyyətə necə çatdırdıqlarını görürəm. Onların haqq səsi tarixin saxtalaşdırılması hallarını aşkar etməyə və tamamilə əsassız, açıq-aydın yalan, təhrikçi materialların yayılmasının qarşısını almağa kömək edir. Kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edirəm, onların obyektivliyi və yüksək peşəkarlığı sayəsində bugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur. Əllərinə bayraq götürərək təcavüzkara etirazlarını bildirən və Ermənistanın işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə göstərən xaricdə yaşayan soydaşlarımızı qeyd etməmək mümkün deyil. Azərbaycan xalqı ilə həmrəy olan, ona dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən dünyadakı bütün dostlarımıza minnətdaram. Bu gün biz hamımız cəbhədə baş verənlər barədə fikirlərlə yaşayırıq. Azərbaycan xalqı öz Prezidentinə inanır və əmindir ki, Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir. Buna görə də biz bütün hərəkətlərimizdə və fəaliyyətimizdə həmişəkindən daha çox həmrəyik. Şübhəsiz, bizim əsgərlərimiz bu dəstəyi hiss edirlər. Bilirlər ki, onların arxasında bütün Azərbaycan xalqı dayanır. - Mehriban xanım, Siz bəyanatlarınızda dəfələrlə qeyd etdiyiniz kimi, hətta düşmənin mülki əhaliyə qarşı vəhşicəsinə təxribatlarına baxmayaraq, xalqımız inanılmaz ruh yüksəkliyi və mərdlik nümayiş etdirir. - Təəssüf ki, erməni tərəfi məqsədyönlü şəkildə nəinki beynəlxalq konvensiyaların tələblərini pozur, hətta əxlaq normalarını tapdalayır. Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy, Naftalan və digər yaşayış məntəqələrinin dinc əhalisinə edilən hücumlar Ermənistanın Azərbaycana qarşı məkrli siyasətini açıq ifşa edir. Dəfn mərasimi zamanı qəbiristanlığı necə atəşə tutmaq olardı? Gecə vaxtı, sakinlər yatarkən Gəncə şəhərini raket atəşinə necə məruz qoymaq olardı? Günahsız mülki şəxslər, uşaqlar, qadınlar həlak olub. Bu, insanlığa qarşı cinayətdir, bu, terrorizmdir. Bütün bunlar birmənalı şəkildə göstərir ki, Yerevanın sülhdə marağı yoxdur, o, yalnız münaqişənin eskalasiyasını, onun regional qarşıdurmaya çevrilməsini arzu edir. Lakin Ermənistanın heç bir alçaq əməli, – nə siyasi platformaya əsaslanan iyrənc provokasiyaları, nə informasiya məkanında məkrli avantüraları, nə dinc vətəndaşlara vəhşicəsinə hücumları, – heç nə Azərbaycan xalqının iradəsini sındıra bilməz. Birlik, həmrəylik, bir-birinin dərdinə şərik olmaq və qarşılıqlı dəstək nümayişi müəyyən mənada heç kəsin heç vaxt bizim iradəmizi və Vətənimizi işğaldan azad etmək istəyimizi sındıra bilməyəcəyinə dair Azərbaycan xalqının ismarıcıdır. Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa və Azərbaycanın mülki əhalisinə qarşı vəhşicəsinə qəddarlığı kəskin pisləməyə çağırıram. Yerevan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzü dayandırmağa çağıran qətnamələrinə etinasızlığa son qoymalıdır. Azərbaycan dövlətinin heç vaxt başqalarının torpaqlarında gözü olmayıb. Biz dinc əhaliyə hücum etmirik. Bizim işimiz haqq işidir. Bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad edir. Bizim əsgərlər qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşür, öz adlarını Azərbaycanın tarixinə yazırlar. Mən bütün yaralıların tezliklə sağalmalarını arzu edirəm. Həlak olmuş hərbi qulluqçuların ailələrinə, doğmalarına dərin hüznlə başsağlığı verirəm. Vətən naminə şəhid olmuş igid övladlarımıza Allah rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq və qalmır. Düşmənə layiq olduğu cavab verilir. Mənim tapşırığımla Heydər Əliyev Fondu həlak olanların ailələrinə lazımi kömək göstərir. Yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün nə mümkündürsə edilir. Bu gün bizim bütün yaralı əsgər və zabitlər tezliklə ayağa qalxmaq və Vətən uğrunda ədalətli mübarizəni davam etdirmək üçün yenidən döyüş əməliyyatları zonasına yola düşmək istəyirlər. Budur Azərbaycan xalqının ruh yüksəkliyi və vətənpərvərliyi. - Mehriban xanım, Siz bu günlərdə xalqımızın qeyri-adi birliyini qeyd etdiniz. Koronavirus pandemiyasına qarşı mübarizədə bir növ şüara çevrilmiş “Biz birlikdə güclüyük!” cümləsini hamımız xatırlayırıq. Demək olarmı ki, bu gün həmin cümlə xüsusi məna kəsb edir? - Bu, şübhəsiz belədir. Biz yalnız birliyimizi qorumaqla və Prezidentin ətrafında sıx birləşməklə bu ilin yadda qalacağı bütün çağırışları və çətinlikləri dəf edə bilərik. Siz koronavirus pandemiyasını xatırlatdınız və mən bu məsələyə bir qədər ətraflı toxunmaq istərdim. Biz bu günədək vaxtında və hərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çox ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilmişik. Ekspertlərin fikrincə, bizim ölkəmiz epidemiyanın ilk və olduqca təhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlər sırasındadır. Biz epidemiya ilə mübarizənin bütün aspektlərini koordinasiya edən peşəkar komanda yaratmağa, zəruri texniki və insan resurslarını birləşdirməyə müvəffəq olduq. Tətbiq edilmiş karantin tədbirləri koronavirusun yayılma sürətini azaltmağa kömək etdi. Biz birlikdə Vətənimizi bu xəstəliyin təhlükəli surətdə yayılmasından qoruya bildik. Təəssüf ki, çoxsaylı ölkələrə və xalqlara bu qədər bəla və iztirab gətirmiş virusa hələ də qalib gəlmək mümkün olmayıb. O, hələ də ciddi təhlükə mənbəyidir, bütün dünyada pisləşməkdə olan statistika buna sübutdur. Pandemiyaya qarşı müharibə hələ davam edir. Avropa dövlətlərinin çoxunda çoxsaylı məhdudiyyətlər yenidən qüvvəyə minir. Təəssüf ki, bizim ölkəmiz də istisna deyil. Məlumdur ki, son günlərdə yoluxanların sayının artması müşahidə olunur, təhsil müəssisələrində, ictimai nəqliyyatda yenidən bəzi məhdudiyyətlər tətbiq edilib. Mən sizin hər birinizi koronavirusun təhlükəli olduğunu unutmamağa, aylarla riayət etdiyimiz elementar qaydaları gözləməyə, məsafəyə riayət etməyə, həqiqətən real zərurət olmadığı halda insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməyə çağırıram. Bizə yaxşı məlum olan bütün bu qaydalar yoluxma riskini azaltmağa və deməli, bizi və yaxınlarımızı xəstəlikdən qorumağa kömək edər. Biz yaşlı nəslə həmişə xüsusi qayğı və hörmətlə yanaşırıq. Pandemiyanın birinci mərhələsi dövründə biz onları qayğı ilə qoruduq. Əminəm ki, indiki şəraitdə biz daha diqqətli olacağıq. Bu gün, ordumuz öz tarixi missiyasını davam etdirdiyi bir vaxtda dövlətimizin, o cümlədən səhiyyə sisteminin üzərinə düşən yükü maksimum azaltmaq lazımdır. İndi bütün resursların bizim xilaskarlıq əməliyyatı üzərində cəmləşməsi müstəsna əhəmiyyət kəsb edir. Biz arxa cəbhədə öz sağlamlığımızın qeydinə qalmaqla, sayıqlıq və intizam nümayiş etdirməklə, eyni zamanda, ön cəbhədəki əsgərlərimizə kömək edir və onları qoruyuruq. Əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və bir daha sübut edəcəyik ki, gücümüz birlikdədir!
Hamısını oxu