Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Operativ Qərargah: Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib. Bu barədə AZƏRTAC-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumatda bildirilir ki, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə: • yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur; • bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür; • restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla); Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda, xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır. Eyni zamanda, 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə: • muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur; • 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda, insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir. Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır: • yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; • xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; • bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması; • Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması; • “ASAN xidmət” və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması; • dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması; • toy məclislərinin təşkilinin qadağan olunması; • bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması; • tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması; • ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması; • əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması; • muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması; • nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılması; • ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması; • Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması; • tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi; • idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla); • masaj və hamam xidmətlərinin göstərilməsi. Fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bir daha vurğulayırıq ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Bu baxımdan, COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

2020-05-15 00:00:00
2696 baxış

Digər xəbərlər

Mətbuat Şurasının sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının onlayn konfransında iştirak edib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının iqlim dəyişikliyinin mediada işıqlandırılmasına həsr olunmuş onlayn konfransında iştirak edib.   Bu mövzudakı müzakirələrdə iştirak edən Ə.Amaşov bildirib ki, Azərbaycanda jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması oistiqamətində işlər aparılıb. Bu layihə çərçivəsində nəşr edilən vəsait çap, elektron media və teleradio jurnalistləri, həmçinin ali məktəblərin jurnalistika fakültələrində təhsil alan tələbə-gənclər, vətəndaş cəmiyyətləri, təhsil müəssisələri üçün nəzərdə tutulmuşdu. Qeyd edilən fəaliyyətin reallaşmasında Azərbaycan Mətbuat Şurası da bilavasitə iştirak etmişdi.   Müzakirələr gedişində MŞ-nin mövcud istiqamətdəki təcrübəsinin əsas götürülərək Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının xəttilə geniş beynəlxalq toplantının təşkilinin qmümkünlüyü vurğulanıb.   Tədbirdə həmçinin bildirilib ki, iqlim dəyişikliklərinin mediada işəqlandırılmasının həsas məqamları jurnalist ictimaiyyəti içərisində də ciddi müzakirə olunmalıdır. Çünki məsələnin cəmiyyətə çatdırılmasında xarakterik xüsusisyyətlər var. Bu xüsusiyyətlərin dolğunluğu ilə öyrənilməsi isə həm peşəkarlıqdır, həm də ictimai maraqların ödənilməsi.  

Hamısını oxu
AFFA Millinin oyunlarından əldə olunan gəlirin bir qismini Qarabağ Dirçəliş Fonduna ianə edəcək

Veteran.gov.az xəbər verir ki, sentyabrın 7-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Portuqaliya oyununun bilet satışından əldə olunan gəlirin 10%-i Qarabağ Dirçəliş Fonduna ianə ediləcək. AFFA və Qarabağ Dirçəliş Fondu arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan – Portuqaliya oyunundan başlayaraq, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının bütün ev oyunlarında bilet satışından əldə olunan gəlirin 10%-i Qarabağ Dirçəliş Fonduna ianə olunacaq. Qeyd edək ki, ianə olunan məbləğ işğaldan azad olunan ərazilərdə futbol infrastrukturunun bərpası və inkişafı kimi məqsədlərə sərf olunacaq.   Azərbaycan – Portuqaliya oyununa biletləri “iTicket.Az” veb saytı, mobil tətbiqi və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən “iTicket” bilet satış məntəqələrindən əldə etmək mümkündür. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq.   Qeyd edək ki, yaxın günlərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Qarabağ Dirçəliş Fondu arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məqsədilə əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanacaq.   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan, əsas vəzifəsi işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması, inkişaf etmiş, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstəyinin göstərilməsi olan Qarabağ Dirçəliş Fondu, bu mühüm işlərə qoşulmaq istəyən bütün vətəndaşlarımız üçün vahid və əlçatan platformadır.   İanələrin köçürülməsi ilə bağlı daha ətraflı burada: https://qdf.gov.az/iane-et/  

Hamısını oxu
“Çarəsizlik İrəvanı qadınları, qocaları ordu sıralarına cəlb etməyə vadar edir”

Xəbər verdiyimiz kimi, Ermənistan ordusunda yaşanan insan resursu çatışmazlığı rəsmi İrəvanı bir-birindən əcaib addımlar atmağa məcbur etməkdədir. Son vaxtlar  diqqət çəkən belə əcaib addımlardan biri də yanğısöndürmə dəstələrinin ön xətdə təhkim edilməsi, döyüş postlarında növbətçilik prosesinə cəlb olunmasıdır. Hansı ki, rəsmi İrəvanın bu addımı  Ermənistan daxilində ciddi narazılıq və etiraza rəvac verməkdədir.  Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov baş verənləri Ermənistan ordusunun acınacaqlı durumunun növbəti təsdiqi kimi dəyərləndirib: “Bu, onu göstərir ki, artıq Ermənistanın rezervi bitib. Orduya gedən, ordu sıralarına qatılan yoxdur. Buna görə də erməni hərbi-siyasi rəhbərliyi məcburiyyət qarşısında qalıb qadınları, yaşlıları ordu sıralarına cəlb edir. Bu isə əhali arasında ciddi narazılığa səbəb olur. Baş verənlər öz növbəsində etirazlarla, aksiyalarla nəticələnir. Bütün bunlar Ermənistanın hərbi hazırlıq durumunun nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərir.  2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun rezerv qüvvələrindən istifadə etmədən, heç bir mobilizasiya aparılmadan düşmən hücumu dəf edildi və uğurlu əks-hücum həyata keçirildi. Bir neçə strateji yüksəklik düşməndən azad edildi. Lakin bu gün ermənilər sadəcə müdafiəni təmin etmək üçün ən müxtəlif kateqoriyadan olan insanları, eləcə də yanğınsöndürənləri orduya  cəlb edirlər. Bu, düşmən ordusundakı ağır vəziyyətdən xəbər verir.  Ermənilər əvvəllər ərazilərindəki rus hərbi bazalarına arxayın idilər. Lakin bu gün rus hərbçiləri Azərbaycanın işğal edilmiş torpaqlarına daxil olmaqdan imtina edir, Qarabağ müharibəsinə hər hansı şəkildə qarışmaq istəmir. Qarabağ Azərbaycanın ərazisidir və əgər Azərbaycan bu ərazidə terrorizmə və separatizmə qarşı mübarizə aparırsa, bu, onun daxili işidir. Azərbaycanın daxili işinə isə kimsə qarışa bilməz. Rusiya da bu məsələni anlayır. Son vaxtlar Rusiya açıq şəkildə ermənilərə işarə edir ki, Azərbaycanla probleminizi özünüz həll etməlisiniz. Bir sözlə, Ermənistanın vəziyyəti bu gün kifayət qədər ümidsizdir və onun qadınları, qocaları, müxtəlif peşə sahiblərini orduya cəlb etməsi də düşmən ölkədəki acınacaqlı durumdan xəbər verir”.  Seymur ƏLİYEV

Hamısını oxu
Bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüş keçirilib

Azərbaycan Milli İncəsənət Muzeyində bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi, ziyalı ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov iştirak edib. Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov son illər ölkəmizdə müxtəlif sahələrin, o cümlədən mədəniyyətin inkişafı, vətəndaşların problemlərinin həlli istiqamətində ciddi islahatların həyata keçirildiyini və bununla bağlı reallaşdırılan layihələrə dəstəyin gücləndirildiyini deyib. Anar Ələkbərov COVID-19 pandemiyasının bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsinə də təsirsiz ötüşmədiyini bildirib. Qeyd edib ki, koronavirusun geniş yayılması səbəbindən hazırda bütün dünyada, o cümlədən ölkəmizdə kütləvi tədbirlər keçirilmir. Buna baxmayaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən çoxsaylı mədəni layihələrin icrası davam edir. Anar Ələkbərov bu görüşün əsas məqsədinin mədəniyyət xadimləri ilə fikir mübadiləsi aparmaq, onların təkliflərini dinləyib ölkə rəhbərliyinə çatdırmaq  olduğunu bildirib. O, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olaraq Heydər Əliyev Fondunun fəaliyyətini də qeyd edib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin inkişafı və dünyada təbliği, mədəniyyət obyektlərinin yenidən qurulması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində reallaşdırdığı layihələrdən danışıb. Anar Ələkbərov bildirib ki, bundan sonra görüləcək işlər də artıq müəyyənləşdirilib. Bunlarla bağlı mədəniyyət və incəsənət xadimlərinin fikir və təkliflərinin öyrənilməsi və birgə addımların atılması səmərəli olacaq. Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov yeni yaradılan İctimai Şuranın ictimaiyyət nümayəndələri ilə münasibətlərin genişləndirilməsində faydalı olacağını bildirib. Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov belə görüşlərin yaradıcı təşkilatların fəaliyyəti üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə təmsil etdiyi qurumun Rusiyada keçiriləcək “Tarixi irsin saxlanılması və istifadəsi” festivalında Azərbaycanın işğal olunmuş ərazilərində memarlıq abidələrimizin vəziyyətinə dair sərgi ilə iştirak edəcəyini deyib. Anar Kərimov isə diqqətə çatdırıb ki, tarixi memarlıq abidələrimizin reyestri sonuncu dəfə 2001-ci ildə aparılıb. Ötən 19 ildə həyata keçirilən arxeoloji qazıntılar nəticəsində yeni abidələr tapılıb. Ona görə də yeni siyahının müəyyənləşdirilməsi istiqamətində artıq işlərə başlanılıb. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev və digər çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatları yüksək qiymətləndiriblər. Son vaxtlar cəbhə bölgəsində ordumuzun düşmən təxribatlarının qarşısını almaq üçün göstərdiyi hünər və rəşadət xüsusi qeyd olunub. Mədəniyyət və incəsənət xadimləri mədəni irsin qorunması, təbliği və təşviqinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər. Ölkəmizdə müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində görüləcək işlərə dair müzakirələr aparılıb. Tədbir iştirakçıları belə görüşlərin əhəmiyyətini vurğulayıblar, müzakirələr üçün seçilən bu formatın qarşıda duran məsələlərin səmərəli həlli üçün zəruri olduğunu qeyd ediblər.

Hamısını oxu