Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında Prezident İlham Əliyevin çıxışı daim Azərbaycan Ordusunun yanında olan veteranları da ruhlandırır və onları daha əzmkar fəaliyyətə səfərbər edir Hər bir dövlətin beynəlxalq münasibətlər sistemindəki yeri onun gücü ilə şərtlənir. 100 illərdir dəyişməyən reallıq odur ki, ordu güc amilinin ən vacib həlqəsini təşkil edir. Beynəlxalq münasibətlərə dair əksər nəzəri konsepsiyalarda Silahlı Qüvvələr milli dövlətin müstəqilliyini və təhlükəsizliyini təmin edən başlıca faktor kimi təsbit olunub. Bu gün 102 yaşını qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələri həqiqətən də şanlı, ancaq heç də hamar olmayan bir yol keçmişdir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə əlahiddə korpus kimi yaradılmış Milli Ordunun nəsillərə nümunə sayılacaq tarixi var. Cümhuriyyət dövründə 25 min nəfərlik ordunun yaradılması nəzərdə tutulduğu halda, S.Mehmandarov, Ə.Şıxlinski, M.Sulkeviç, H.Səlimov kimi görkəmli hərbçilərin səyi və qətiyyəti nəticəsində 40 min nəfərlik nizami ordu formalaşdırmaq mümkün olmuşdu. Bu tarixin ən şərəfli səhifələrini bugünkü bayram günündə yada salmaq xüsusilə gənc nəslin öz sələflərinə layiq vətənpərvər insanlar kimi yetişməsində mühüm əhəmiyyət kəsb edir. İlk müstəqil dövlətimizin mövcud olduğu illərdə erməni separatçılarına qarşı Qarabağda aparılmış döyüşlərdən tutmuş, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbədə iştiraka, nəhayət dövlət müstəqilliyinin bərpasından sonra Dağlıq Qarabağın Azərbaycandan qoparmaq iddiası və niyyəti ilə torpaqlarımıza təcavüz edən erməni hərbi birliklərinə qarşı müharibədə Azərbaycan Ordusunun, milli diviziyalarının, bir sözlə azərbaycanlı əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlar qürurvericidir. Bu gün tarixi zəfər yürüşlərini davam etdirmək əzmində olan Azərbaycan Ordusunun həyatında yeni dövr, müasir ordu quruculuğu mərhələsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Böyük dövlət adamı çox çətin dövrdə digər sahələrdə olduğu kimi nizami ordu quruculuğu sahəsində də möhkəm təməllər yaratmağı bacarmış, ümumxalq mənafelərinə xidmət edən, vahid komandanlığa tabe ordunun formalaşdırılmasına nail olmuşdur. Ordu quruculuğu siyasətini inamla və müasir standartlara uyğun davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük səyi, tələbkarlığı və dəstəyi ilə bu gün Azərbaycan Ordusu dünyanın ən inkişaf etmiş ölkələrinin orduları ilə müqayisə ediləcək bir səviyyəyə çatmışdır. Ən müasir tələblər səviyyəsində silah-sursat, maddi-texniki təchizatı həyata keçirilmiş Azərbaycan Ordusu döyüş qabiliyyətinə və mənəvi-psixoloji hazırlığına görə fərqlənən ordu olduğunu 2016-cı ilin Aprel döyüşlərində bir sıra ərazilərimizi erməni işğalından azad etməsi ilə sübuta yetirdi. Öz Ali Baş Komandanından dəstək və hərtərəfli qayğı görən əsgər və zabitlərimiz erməni ordusuna vurduqları sarsıdıcı zərbələrlə bütün Ermənistanı lərzəyə saldılar. Qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirmək gücünə malik olan Azərbaycan Ordusu öz Ali Baş Komandanının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün təmin olmasına qadir olduğunu 2018-ci ildə keçirdiyi uğurlu hərbi əməliyyatlarla Naxçıvanda 10 min hektardan çox ərazini düşmən işğalından azad etməsi ilə bir daha göstərdi. Bu həm də onu göstərdi ki, beynəlxalq təşkilatların qəbul etdikləri bir sıra rəsmi sənədlərə baxmayaraq, Azərbaycan ərazilərinin bir qismini bu gün də işğal altında saxlayan Ermənistanın öz işğalçılıq siyasətini qeyri-qanuni məskunlaşdırma aparmaqla davam etdirmək cəhdləri də əbəsdir. Sülh danışıqlarını hər vasitə ilə pozmağa çalışan düşmən bu gün ordumuzun işğal altındakı torpaqlarımızı azad etmək əzmini görüb ciddi narahatlıq keçirir. Azərbaycan Ordusunu inamlı, güclü edən səbəblər sırasında Ali Baş Komandanın qətiyyətli mövqeyi və əzmkar fəaliyyəti nəticəsində şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, yeni hərbi hissələrin, şəhərciklərin, hərbi bazaların tikilməsi, yaxud faktiki olaraq yenidən qurulması və sair amillər də var. Bütün bunlar bir məqsədə Azərbaycanda müasir tələblərə cavab verən, güclü Ordunun, vətəninə, xalqına, dövlətinə sədaqətli şəxsi heyətin formalaşdırılmasına xidmət edir. Ordunun müasir silah-sursat və texnika ilə təmin edilməsi məqsədi ilə Müdafiə Sənayesinin təşkil edilməsi, ixtisaslı kadrların hazırlanması məqsədi ilə hərbi məktəblərin, Akademiyaların  yenidən qurulması ordumuzun müasirliyini bir daha sübut edir. Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur ki, bunlar Azərbaycan ordusunun təchizatında istifadə edilməkə yanaşı, onlarla ölkəyə ixrac edilir. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında Prezident İlham Əliyev gənclərimizdə Ermənistanla apardığımız müharibədə ideoloji tərbiyənin yüksəkdilməsi istiqamətində ardıcıl işlərin davam etdirilməsinin vacibliyinini də vurğulamışdir. Həmçinin Ali Baş Komandan  hər bir hərbi hissədə ideoloji tərbiyənin yüksək səviyyədə təşkil edilməsinin, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda böyüməli, ölkəmizin tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmasını, eləcə də, gənclərin bugünkü Ermənistanın Azərbaycan torpaqlarında formalaşdığını, Ermənistanın xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməsinin vacibliyini xüsusi olaraq qeyd etmişdir. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi inam yaradır ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması istiqamətində daim tədbirlər görülür ki, ordumuz daha da güclənsin, Azərbaycan Rspublikasının ərazi bütövlüyünü bərpa etmək üçün hər an hazır olsun. Çünki hərbi təhlükəsizliyimizin qarantı olan Azərbaycan Silahlı Qüvvələri müstəqilliyimizin suverenliyimizin təminatçısıdır. Bu mesajı dövlət başçısı beynəlxalq təşkilatlara, beynəlxalq güclərə də həmişə qətiyyətlə çatdırır və Azərbaycanın mövqeyindən dönməyəcəyini bəyan edir. Bu tələblərin başlıca məntiqi budur ki, ATƏT Minsk qrupu erməni tərəfinin beynəlxalq hüquqla bir araya sığmayan qanunsuz addımlarına obyektiv münasibət bildirməli, işğalın nəticələrinin qanuniləşdirilməsi cəhdlərinin yolverilməzliyini qəti bəyan etməlidir. Nəhayət beynəlxalq hüququn prinsipləri tətbiq edilməli, işğalçı ilə işğala məruz qalana eyni yanaşmaya, ikili standartlara birdəfəlik son verilməlidir. Çünki bu həqiqət hamıya məlumdur ki, Azərbaycan beynəlxalq təşkilatlardan layiq olduğu ədalətli mövqeni görməyincə, münaqişənin sülh yolu ilə həlli mümkün olmayacaqdır. Respublika Veteranlar Təşkilatı bu inamlı siyasətin mümkün qədər tez reallaşmasına öz dəstəyini Silahlı Qüvvələrdə vətənpərvərliyin, şəxsi heyətin ideoloji hazırlığının yüksəldilməsində iştirakda görür. Biz bu fəaliyyətimizi karantin rejiminin mövcud olduğu günlərdə də davam etdirməyə, malik olduğumuz təbliğat vasitələrindən, qəzetimizdən və rəsmi saytımızdan, habelə ölkə KİV-nin imkanlarından yararlanmağa çalışırıq. Bir məsələni də xüsusi vurğulamaq istərdim. Əlbəttə, ordu, təhlükəsizlik, ərazi bütövlüyü kimi məsələlərdə xalqla dövlətin birliyi olduğu kimi, cəmiyyətin, onun müxtəlif siyasi təşkilatlarının, ayrı-ayrı qruplarının da fərqli maraqları, mövqeləri ola bilməz. Vətən bölünmədiyi kimi, onun mənafeyi, milli maraqlarımız da bölünməzdir. Bugünki çətin günlərdə, bütün qüvvələrin koronavirus kimi bir bəla ilə mübarizəyə səfərbər olunduğu bir vaxtda parçalanmaq ovqatı aşılamaq, ordu, digər dövlət orqanlarımızla bağlı arzuedilməz fikirlərin yayılmasına çalışmaq və bununla da düşmənə hər hansı imkanın verilməsi cəhdləri yolverilməzdir. Biz pandemiya təhlükəsinin nə olduğunu dərk etməklə, koronavirusla mübarizədə olduğu kimi, ondan az təhlükəli olmayan erməni faşizmi ilə mübarizədə də bir olmalı, ümumxalq, ümumdövlət mənafelərini hər şeydən yüksək tutmalıyıq.

2020-06-26 00:00:00
4349 baxış

Digər xəbərlər

Hərbi-siyasi gərginlik mənbəyi: tərksilah mütləqdir!

Hamısını oxu
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub

Veteran.gov.az xəbər verir ki, Ankara şəhərindəki ən böyük bələdiyyələrdən olan Keçiören bələdiyyəsi beynəlxalq mədəniyyət festivalı – Hıdırellez mövsümi bayram münasibətilə festival keçirilmişdir. Festivala Türkiyədə Türk dövlətlərinin diplomatik nümayəndəlikləri, mədəniyyət mərkəzləri qatılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyətinin diplomatik nümayəndəlikləri ölkələrinə dair milli stendlər qurmuşlar. Azərbaycanı tədbirdə Türkiyədəki Səfirliyimiz və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Tədbir çərçivəsində Keçiören bələdiyyəsi rəhbəri Mesut Özarslan Azərbaycan səfiri Rəşad Məmmədov və digər diplomatları qəbul etmiş, qarşılıqlı əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılmışdır. Daha sonra Keçiören bələdiyyəsinin qarşısında meydanda tədbir bədii proqramla davam etmişdir. Festivalda ölkələrin milli stendlərinə baxış keçirilmiş, qonaqlar Azərbaycan stendində milli mədəniyyətimizə dair suvenirlər, nəşrlərlə tanış olmuş, milli mətbəximizə dair yemək və şirniyyatlara qonaq edilmişlər. Festivalı Keçiören bələdiyyəsi rəhbəri Mesut Özarslan çıxış edərək, qonaqları salamlamış, Türk dünyasında baharın gəlişi kimi qeyd olunan Hıdırellez bayramı haqqında danışaraq, unudulmaqda olan adət və ənənələrin bərpasının önəmini söyləyərək, bayramın xalqlarımız arasında birlik, həmrəylik və gözəl ənənələrə malik olmağımızın göstəricisi olduğunu qeyd edib. Mesut Özarslan Türk dünyası arasında tarixi dostluq və qardaşlıqdan danışaraq, əlaqələrin daha da genişləndirilməsinin vacib olduğunu qeyd etmiş və Türk dövlətlərinin qardaşlaşmış bələdiyyələri ilə əməkdaşlığın inkişafının diqqətdə saxlayacağını vurğulayıb. Daha sonra iştirakçı ölkələrə fəxri diplomlar təqdim olunmuş, Azərbaycanın Türkiyədəki Səfiri Rəşad Məmmədov Anakara Keçiören bələdiyyəsinin Fəxri diplomu ilə təltif olunmuşdur. Festivalda bədii proqramda müxtəlif ölkələrin rəqs kollektivləri milli rəqslərini təqdim ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram təqdim edilib, Ankaradakı “Hazar” Rəqs Ansamblı “Uzundərə”, “Naz eləmə” kimi milli rəqslərimizi ifa ediblər. Müxtəlif rəqs ansamblların çıxışı, konsert proqramından sonra Hıdırellez bayramının adətlərindən olan tonqallar qalanmış, çəkiclə dəmirdöymə mərasimi icra edilmiş, bayramın əsas ənənəsi olan ağaçlara diləklər tutaraq yaylıqlar bağlanmışdır.

Hamısını oxu
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 18 ildə əsrə bərabər inkişaf yolu keçib

Görkəmli dövlət xadimi, yeni əsrin yeni Lideri olan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 18 il keçir. 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. 1993-cü ildə Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seçdi. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı. AZƏRTAC Prezident İlham Əliyevin 18 illik hakimiyyəti dövründə Azərbaycanın keçdiyi misilsiz inkişaf yolunun bəzi məqamlarına nəzər salır. Əsrə bərabər 18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Tarixə nəzər salsaq görərik ki, ötən 18 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı İlham Əliyev xarici KİV-ə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Əlbəttə, Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən on səkkiz ilə nəzər salsaq görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. İqtisadi və sosial sahədə qazanılmış bir neçə göstəricini diqqətə çatdırmaq kifayətdir. Ötən 18 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, yoxsulluq 49 faizdən təxminən 5 faizə enib, 2 milyondan çox yeni iş yerləri yaradılıb, əməkhaqları, pensiyalar dəfələrlə artırılıb. Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib. Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peykləri orbitdə uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox layihələrin, inqilabi islahatların müəllifidir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini - “ASAN xidmət” mərkəzlərini buna misal göstərmək olar. Son 18 il ərzində Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı “Eurovision” mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, “Formula 1” yarışlarına, futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa ev sahibliyi edib. Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçib. Təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir. Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Füzuli aeroportu artıq təyyarələri qəbul etməyə hazırdır, Şuşaya gedən Zəfər yolunun tikintisi tamamlanmaq üzrədir. Ağdam və Cəbrayıl şəhərlərinin bərpasının təməli qoyulub. Prezidentimiz deyir ki, Qarabağ tezliklə cənnətə çevriləcək, keçmiş məcburi köçkünlər maksimum qısa müddətdə doğma yurdlarına qayıdacaqlar. Ötən 18 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.

Hamısını oxu
İstanbuldakı məşhur Topkapı Saray Muzeyi, yeni təcrübə - Dijital Deneyim Müzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlıq müzakirə olunub

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Respublikası Prezidentinin Milli Saraylar İdarəsi Topkapı Sarayı dairə başçısı İlhan Kocamanla görüşərək, ikitərəfli əməkdaşlığı müzakirə edib. Görüşdə İlhan Kocaman Osmanlı İmperiyasının 600 illik tarixinin 400 ilində Osmanlı sultanlarının yaşadığı və dövlətin inzibati mərkəzi kimi istifadə edilən sarayın strukturları, memarlığı, kolleksiyaları barədə məlumat verib, 300.000-ə yaxın arxiv sənədləri ilə dünyanın ən böyük muzey-saraylarından olan bu mədəniyyət ocağının Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 3 aprel 1924-cü ildə Cümhuriyyətin ilk muzeyi olduğunu qeyd edib. Topkapı Sarayının Muzeyinin Azərbaycan muzeyləri ilə əməkdaşlığa açıq olduğunu qeyd edən dairə başçısı İlhan Kocaman dövlətlərimiz arasında yüksək səviyyəli münasibətləri vurğulayaraq, mədəniyyət sahəsində əməkdaşlığa dair mühüm sənədlərin imzalandığını söyləyib. Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımızın qarşılıqlı səfərləri, imzaladıqları sənədlər, mədəniyyət sahəsində əməkdaşlıq haqqında danışaraq, muzeylərimiz arasında birgə layihələrin önəmini qeyd edib. O, Azərbaycanda muzey sahəsində həyata keçirilən işlər, ölkənin aparıcı muzeyləri haqqında məlumat verərək, dünyanın ən böyük və unikal muzeylərindən olan Topkapı Saray Muzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlıq, təcrübə mübadiləsinin aparılmasının ölkəmiz üçün əhəmiyyətli olduğunu bildirib. Diplomat Topkapı Saray Muzeyində Azərbaycan tarixi üçün də əhəmiyyətli eksponatların yer aldığını və gələcəkdə birgə layihələr əsasında bu eksponatların Azərbaycanda da nümayiş etdirilməsi, Azərbaycan mədəniyyətinə dair sərgilərin isə Topkapı Sarayının qalereya və salonlarında sərgilənməsinə dair təkliflərlə çıxış edib. Görüşdə Azərbaycan muzeyləri ilə qarşılıqlı əməkdaşlıq, Topkapı Sarayının kitabxanasında saxlanılan Azərbaycana dair əlyazmaların tədqiqata cəlb olunması, Saraylar İdarəsinin ixtisas kitabxanasına Azərbaycana dair nəşrlərin hədiyyə olunması, Sarayda Azərbaycan mədəniyyəti həftəliyinin keçirilməsi razılaşdırılmışdır. Bundan başqa, Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov İstanbuldakı muzey sahəsində qabaqcıl təcrübə olan İstanbul Dijital Deneyim Müzesi - Rəqəmsal Təcrübə Muzeyi ilə tanış olub, muzey rəhbərliyi ilə Azərbaycanla əməkdaşlıq məsələlərini müzakirə olunub. Ənənəvi muzey ziyarətindən fərqli, yeni yanaşma olan Virtual muzey - Rəqəmsal Təcrübə Muzeyində sensor ekranlar, süni intellektlə dəstəklənən interaktiv tətbiqlərə qədər geniş çeşidli texnologiyalardan istifadə etməklə ziyarətçilərə əsərlərlə birbaşa ünsiyyət qurmaq və qarşılıqlı əlaqə yaratmaq imkanı təklif olunur. Qeyd edək ki, İstanbul Rəqəmsal Təcrübə Muzeyində yenilikçi addımları və müasir yanaşmaları sayəsində ənənəvi muzeyşünaslıq anlayışını texnologiyanın sonsuz imkanları ilə birləşdirərək mədəniyyət və incəsənətin universal dilini yaradılıb. Muzeyin hər bir küncündə ziyarətçilərə incəsənətin müxtəlif ölçüləri ilə qarşılaşmaq imkanı verən interaktiv sərgilər təşkil edilib, nümayiş etdirilən interaktiv dizaynlar və proqram təminatı yerli yaradıcılıq və innovasiyaların nümayişi kimi türk proqram tərtibatçıları və dizaynerləri tərəfindən diqqətlə hazırlanmışdır. 3D və 4D təcrübələri təqdim edən Rəqəmsal Təcrübə Muzeyi hər ziyarətdə yeni hekayə və macəra təqdim edir, hər yaşdan və hər təbəqədən olan ziyarətçilərə sənət və texnologiyanın sehrli dünyasını kəşf etməyə və yaradıcılıqlarını üzə çıxarmağa imkan verir. Ziyarət zamanı İstanbul Rəqəmsal Təcrübə Muzeyində ziyarətçilər üçün yaradılan imkanlar, müxtəlif guşələr, rəqəmsal otaqlar, dəhlizlər, məlumat sensorlarına baxış keçirilmiş, gələcəkdə Azərbaycan muzeyləri ilə təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.

Hamısını oxu