Digər xəbərlər
Cəlilabad Rayon Veteranlar Təşkilatı Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlqədar tədbir keçirib. Tədbir iştirakçıları Vetetanlar evində Cəlilabad rayon Dövlət Rəsm Qaleriyasının təşkil etdiyi Ulu Öndərə həsr olunan rəsm sərgisi ilə tanış olublar. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla anılıb. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra sözü nəhəng ictimai-siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə etmək üçün Göytəpə şəhər tam orta məktəbin tarix müəllimi Firudin Zeynalova verib. Dahi şəxsiyyətin ictimai-siyasi xidmətlərini dolğun əks etdirən məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. "Qarabağ qaziləri" İctimai birliyinin rayon bölməsinin sədri Maşalla Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Abbas, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad rayon nümayəndəsi Cavidan Rəşidov, "Gənc qazilər"İctimai birliyinin sədri Vüsal Muradzadə, Qarabağ müharibəsi iştirakçıları Aqil Məzərov, Paşa Əliyev, Qurban Əhməd, hərbçi mayor Elşən Abasov və başqaları çıxış edərək ümumxalq məhəbbəti qazanmış nadir tarixi şəxsiyyət Heydər Əliyev haqqında öz ürək sözlərini söyləyib və xüsusi olaraq vurğulayıblar ki, Ulu Öndərin unudulmaz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
Hamısını oxu
Tədbirdə Sumqayıt Musiqi Kollecinin müəllim-tələbə heyəti konsert proqramı ilə çıxış edib Veteran.gov.az xəbər verir ki, Aprel döyüşlərinə həsr olunmuş "Şanlı Aprel" tədbiri keçirilib. Şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan himni səslənib. Sumqayıt Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Nərgiz Nağıyevanın çıxışından sonra Sumqayıt şəhər İcra Hakimiyyəti aparatının Vətən Muharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə ürək sözlərini deyib. Qazilərimiz Həmzəyev Ramin, Məmmədov Ehtiram, Vəliyev Rəşad Aprel döyüşləri zamanı keçdikləri döyüş yollarından danışıblar. Şəhid Əbdülməcid Axundovun anası Ceyran xanım ürək yanğısı ilə çıxış edərək gənc iştirakçıları vətənpərvərliyə səsləyib. Şəhid Şulan Bayramovun anası Türkan xanım da tədbirdə iştirak edib. Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin tələbələri və müəllim heyəti konsert proqramı ilə çıxış etdilər. Kollecin Vətən Muharibəsi iştirakçıları olan tələbələri Əvəzxan Əzizov və Nicat Tağıyev "Xudayar təsnifi"ni ifa ediblər. Tarda Kamran Teymurov, kamançada Natavan Həşimovanın müşayəti ilə Sədəf Budaqova və Əvəzxan Məmmədovun ifasında "Qarabağ şikəstəsi" gənc iştirakçılara Vətən sevgisi aşılayıb. Vokalist Lalə Əliyevanın ifasında Fərhad Bədəlbəylinin "Ave Maria" əsəri müharibənin ağrı -acısını bir daha xatırladaraq qəlbləri göynədib. Firəngiz Xəlilovanın rəhbərliyi ilə kollecin tələbə xoru "Həzin oxu,dünya", "Ey Vətən" ifa edib. Allah şəhidlərimizə rəhmət eləsin!
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, SOCAR AQŞ şirkətinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. SOCAR AQŞ-nin Baş Direktoru Samir Mollayev və şirkətin əməkdaşları Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar. Şəhidlərimizin ruhunu dərin ehtiramla anırıq. Mənbə: www.socar-aqs.az
Hamısını oxu
Hərbi sirrin qorunması kimliyindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq və vicdan borcudur. Bunu saytımıza müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik bildirib ki, hər bir Azərbaycan vətəndaşı bu həqiqəti daim yadda saxlamalı və öz fəaliyyətində rəhbər tutmalıdır: “Hərbi sirrin qorunması, yayılması qanunla qadağan edilən informasiyaların məxfi saxlanılması Azərbaycan Respublikasının müvafiq qanunlarında ehtiva edilən, aydın və izahlı şəkildə əksini tapan məsələlərdir. Bu, o deməkdir ki, hər hansı hərbi məlumatın yayılması ilk öncə qanunun pozulması, onun tələbinin nəzərə alınmamasıdır. Bu isə heç şübhəsiz qanuni pozan şəxsin müvafiq qaydada məsuliyyətə cəlb edilməsini şərtləndirir. Lakin bu məsələdə qanun faktoru məsələnin sadəcə bir tərəfidir. İşin həm də mənəvi-vicdani tərəfi var ki, bu da qanunu amildən heç də az əhəmiyyət kəsb etmir. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, onun yayılması qanunla qadağan edilən informasiyanı yayması adi qanun pozuntusu deyil. Bu, dövlətin təhlükəsizliyinə zərbə vurmaq, insanların həyatını təhlükəyə atmaq deməkdir. Çünki bu cür informasiyalardan Azərbaycana düşmən olan qüvvələr də bəhrələnir ki, bu da təhlükəsizliyimiz üçün ciddi risk və təhdidlər yaradır. Məncə, heç bir azərbaycanlı istəməz ki, onun ehtiyatsızlığı və ya məsuliyyətsizliyi səbəbi ilə dövlətimizə, xalqımıza zərrə qədər də ziyan dəysin. Buna görə də, hər bir vətəndaş həm mediada, həm də sosial mediada bu məsələlərə son dərəcə ehtiyatlı yanaşmalı, hərbi sirrin yayılmasına yol verməməlidir”. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, bəzən kimlərsə özünü başqalarından daha məlumatlı şəxs kimi təqdim etməyə çalışır, məhz bu səbəbdən də sahib olduqları informasiyanın mahiyyətini, önəmini dərk etmədən bunu sosial mediada tirajlayırlar: “Bu günədək təcrübə sübut edir ki, media və xüsusilə də sosial mediada yayılması qadağan edilən informasiyaların yer alması bir çox hallarda müəyyən şəxslərin özlərini ətrafdakı adamlara daha informasiyalı şəxs kimi göstərmək istəyi ilə bağlıdır. Yəni bəzi şəxslər belə informasiyaları yaymaqla göstərmək istəyirlər ki, onlar baş verən proseslərdən, onun təfərrüatlarından hər kəsdən daha çox məlumatlıdır və ya onların ciddi mənbələrə çıxışı var. Təəssüflər olsun ki, məhz bu cür yanaşma bəzi hallarda dövlətimizin təhlükəsizliyinə təhdid yaradan informasiyaların yayılmasına səbəb olur. Tövsiyəm ondan ibarətdir ki, hər bir şəxs hansısa məlumatı tirajlamaq istəyərkən öncə atacağı addımın nə dərəcədə qanuni olub-olmadığını, bu addımın dövlətimizin, xalqımızın təhlükəsizliyinə təhdid yaradıb-yaratmayacağını müəyyənləşdirsin. Heç kim unutmasın ki, onun yayacağı hər hansı məlumat dövlətimizin təhlükəsizliyi üçün ciddi təhlükəyə çevrilə, düşmən qüvvələr üçün qiymətli kəşfiyyat məlumatına çevrilə bilər”. “Bu məsələdə hərbi yönümlü qeyri-hökumət təşkilatları (QHT) da maarifləndirmə baxımından ciddi iş aparmalı, dövlətə dəstək olmalıdır: “Təbii ki, bu məsələdə QHT-lər, xüsusilə də hərbi yönümlü vətəndaş cəmiyyəti institutlarının üzərinə də böyük məsuliyyət düşür. QHT-lərimiz cəmiyyət, xüsusilə də gənclər arasında hüquqi maarifləndirmə haqqında geniş iş aparmalı, yayılması qadağan edilən informasiyaların işıqlandırılmasının hansı fəsadlara səbəb ola biləcəyini ətraflı şəkildə izah etməlidir. Hər kəs anlamalıdır ki, bu dövlət, bu xalq hər birimizin dövləti, hər birimizin xalqıdır və onun təhlükəsizliyinə də hər birimiz cavabdehik”, - deyə sədr müavini vurğulayıb.
Hamısını oxu