Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncamları veteranlar tərəfindən də rəğbətlə qarşılanıb

Bakı, 23 yanvar, AZƏRTAC Əhalinin maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” imzaladığı sərəncamlar ölkə veteranları tərəfindən də rəğbətlə qarşılanıb. Respublika Veteranları Təşkilatından AZƏRTAC-a bildiriblər ki, veteranları məmnun edən başlıca cəhət əhalinin, xüsusilə onun aztəminatlı və sosial müdafiəyə daha çox ehtiyac duyan hissəsi sayılan pensiyaçıların rifah halının ilbəil yüksəldilməsi dövlətimizin başçısının daim diqqət mərkəzində olmasıdır. Bu baxımdan son qərarlar ümumən ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb. Təşkilata müraciət edən ölkə veteranları Prezident İlham Əliyevin bu humanist addımını yüksək qiymətləndirir, onun əmək pensiyası alan veteranların maddi durumuna müsbət təsir göstərəcəyini xüsusilə vurğulayırlar. Veteranlar, həmçinin bildirirlər ki, bu addım Azərbaycan Prezidenti İlham Əliyevin yaşlı insanların, eləcə də aztəminatlı ailələrin sosial problemlərinin həllinə daim qayğı və diqqətlə yanaşmasının növbəti təzahürüdür. Veteranlar Azərbaycan dövlətinin bütövlükdə ölkə vətəndaşlarının, xüsusilə veteranların sosial-maddi vəziyyətinin yaxşılaşması istiqamətində ardıcıl proqramlar həyata keçirdiyini, cari ildə də bu məsələlərin diqqətdə saxlanacağına əminliklərini ifadə ediblər

2017-01-23 00:00:00
3877 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov 103 yaşlı veteranla görüşüb, onu ad günü münasibətilə təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 15 yanvar 2024-cü il tarixində 103 yaşlı veteran Tamleyxa Həsənovla görüşüb, onu ad günü münasibətilə təbrik edib. Tamleyxa Həsənovun həyat yolunun gənclərə örnək olduğunu bildirən sədr müavini, veterana uzun ömür, cansağlığı arzulayıb, ona Təşkilatın xüsusi mükafatını təqdim edib. Məlumat üçün qeyd edək ki, Tamleyxa Həsənov İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə aktiv iştirak edib, igidliyinə görə bir sıra orden və medallarla təltif olunub.

Hamısını oxu
Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva ustad dərsi keçib

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2022-ci ilin birinci yarımili üçün nəzərdə tutulmuş İş planının 4.2-ci bəndinin icrası məqsədilə cari ilin 15 fevral 2022-ci il tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət Məktəblərinin fortepiano ixtisası və rəsm sənəti üzrə müəllimlərin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbində ustad dərs keçirilmişdir”. Veteran.gov.az xəbər verir ki, bu barədə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sosial şəbəkədəki səhifəsində məlumat verilib. Məlumatda deyilir: “Bildiyimiz kimi, Bədii təhsil sahəsinin inkişafı müasir çağırışlara cavab verən yeni metodların ərsəyə gəlməsi və bilavasitə tətbiqi nəticəsində baş verir. Qeyd edək ki, yeni metodlardan istifadə şagird, həmçinin müəllim kontingenti üçün ən mühüm məsələlərdən biridir. Növbəti “Ustad dərslər” layihəsi fortepiano ixtisası üzrə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva, rəsm sənəti üzrə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının pedaqoqu Aydan Şahbazlı tərəfindən reallaşdırılmışdır. Təşkil edilən ustad dərslərdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət Məktəbi, Qəbələ rayon Uşaq İncəsənət Məktəbi, İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbi, Qobustan rayon Təklə kənd Uşaq Musiqi Məktəbi, Ağsu rayon Uşaq Musiqi Məktəbi, Şamaxı şəhər Uşaq İncəsənət Təhsili Mərkəzinin müəllim və şagird heyəti iştirak etmişlər. Dərs zamanı adları qeyd edilən məktəb şagirdlərinin çəkdiyi rəsmlər, həmçinin dərs proqramları üzərində praktiki göstərişlər edilərək, müəyyən tövsiyələr müəllimlərin diqqətinə çatdırılmışdır. Ustad dərslərin sonunda isə müəllimlər tərəfindən verilən müəyyən suallara aydınlıq gətirilərək fikir mübadiləsi aparılmış, eyni zamanda ustad dərsdə iştirak edən müəllimlər dərsin keçirilməsinə görə təşkilatçılara öz dərin minnətdarlıqlarını bildirmişlər”.  

Hamısını oxu
“Dövlət Sərhəd Xidməti erməni faşizmi üzərindəki tarixi qələbəmizə böyük töhfə verib”

Cəlil Xəlilov: “Sərhədçilər bu gün də vətənimizin keşiyində ayıq-sayıq dayanmaqdadır”   18 avqust Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramıdır. Bu tarixi günlə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, peşəkar sərhədçi polkovnik Cəlil Xəlilov Dövlət Sərhəd Xidmətinin 8 Noyabr zəfərinin əldə edilməsindəki tarixi roluna toxunub, sərhədçilərin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib:   “27 sentyabr 2020-ci il tarixində başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsindən biri kimi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları da  yaxından iştirak etmiş, qanlı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmişdi. Suqovuşan, Füzuli, Zəngilan, Cəbrayıl və s. yaşayış məntəqələrimizin erməni işğalından azad edilməsində sərhədçilər mühüm rol oynamış, düşməni  həm canlı qüvvə, həm də hərbi texnika baxımından ağır itkilərlə üz-üzə qoymuşdular. Müharibənin taleyinə həlledici təsir göstərən Şuşa döyüşlərində də sərhədçilərimiz şücaətlə döyüşmüş, şəhərin azad edilməsinə böyük töhfə vermişdir. Qürurvericidir ki, sərhədçilərimiz  bu gün də vətənimizin, onun təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanmaqda, onu etibarlı şəkildə qorumaqdadır.   Mən 18 avqust peşə bayramı münasibəti ilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla bütün sərhədçiləri təbrik edir, onlara ağır və şərəfli peşələrində uğurlar arzulayıram. Sərhədçilərimiz bilməlidir ki, onların fədakarlığı Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndirilir və minnətdarlıq hissi ilə yad edilir”.  

Hamısını oxu
“Azərbaycanda nizami ordunun yaradılması Heydər Əliyevin adı ilə bağlıdır”

Cəlil Xəlilov: “Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətləri sonsuz və əbədidir”   Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib. Polkovnik qeyd edib ki, Heydər Əliyevin ən böyük xidmətlərindən biri müstəqil Azərbaycanın nizami ordusunu formalaşdırması ilə bağlıdır: “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin milli dövlətçilik tariximizdə bir sıra ilklərə imza atdığı heç kimə sirr deyil. Bu cür ilklərdən biri də ölkəmizdə nizami ordunun formalaşdırılması ilə əlaqədardır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müstəqillik əldə etsə də, nizami ordu mövcud deyildi. Ayrı-ayrı silahlı dəstələr, yerli özünümüdafiə batalyonlarının hər bir öz imkanları daxilində erməni işğalına müqavimət göstərməyə çalışırdı. Nizami ordunun və vahid komandanlığının mövcud olmaması bu qüvvələri birləşdirməyə, düşmənə qarşı sistemli mübarizə aparmağa, hərbi əməliyatları bir mərkəzdən idarə etməyə imkan vermirdi. Məhz bu səbəbdən də düşmən irəliləyir, Azərbaycan xalqına məxsus tarixi torpaqları zəbt edirdi. Ümummilli lider Heydər Əliyev nizami ordu formalaşdırmaqla bu problemi həll etdi. Bütün silahlı dəstələr, özünümüdafiə batalyonları nizami ordunun tərkibində birləşdi. Vahid komandanlıq yaradıldı. Ordunun ehtiyaclarının qarşısılanması, onun maddi-texniki təminatının, silah təchizatının, peşəkarlığının artıırlması istiqamətində ciddi addımlar atıldı. Qısa bir müddətdə  Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda düşmənə layiqli cavab verən, onun hücum əməliyyatlarını dayanmdıran nizami ordu formalaşdırıldı”. Polkovnik qeyd edib ki, nizami ordunun formalaşmasında Heydər Əliyevin sovet dönəmində yetişdirdiyi milli hərbi kadrlar həlledici rol oynayıb: “Təbii ki, nizami ordu quruculuğunun həyata keçirilməsi asan məsələ deyildi. Bunun üçün ilk növbədə peşəkar kadrlara ehtiyac duyulurdu. Bu məsələdə bir daha Ulu öndərin uzaqgörənliyi öz sözünü dedi. Hələ sovet dönəmində  Azərbaycanda hərbi məktəblər açan, o cümlədən azərbaycanlı gəncləri keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almağa göndərən Heydər Əliyev, nizami ordu quruculuğu prosesində hərbi kadrlara olan ehtiyacı məhz həmin kontingent hesabına təmin edə bildi. Eyni zamanda, yüzlərlə gənc hərbi təhsil almaq məqsədi ilə dünyanın müxtəlif dövlələrinə göndərildi. Bütün bu tədbirlər nəticəsində, bəlli bir müddətdən sonra Azərbaycan ordusunda hərbi kadrlara olan ehtiyac təmin edildi.Bir tək bu fakt sübut edir ki, Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətləri sonsuz və əbədidir”. Sədr müavini bildirib ki, sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər Azərbaycan Ordusunu dünyanın ən qüdrətli orduları sırasına çıxardı ki, məhz bu ordu Qarabağ probleminin hərbi yolla həllinə nail oldu: “Heydər Əliyevin ordu quruculuğui siyasəti sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu siyahısında qərarlaşıb. Vətən Müharibəsində düşmənin  44 gün içində darmadağın edilməsi faktı Ali Baş Komandanın qurduğu ordunun gücünün ən böyük isbatıdır. Prezident İlham Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidməti, heç şübhəsiz, erməni işğalına son qoyması, 8 noyabr zəfəri ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsidir. Bu böyük zəfər bütün Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir və tarixə qızıl hərflərlə həkk olunacaq. 8 noyabr zəfərinin önəmi sadəcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmır. Bu zəfər Azərbaycan xalqının özünə olan daxili  inamının, mənəvi gücünün, tapdanmış heysiyyatının bərpası demək idi. Və bizə bu böyük sevinci, bu böyük qürur hissini məhz möhtərəm prezidentimiz yaşatdı. Xalqımızın hər bir fərdi kimi mən də əminəm ki, cənab prezidentimizin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə yeni-yeni uğurlara imza atacaq, həm regionda, həm də beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirəcəkdir. Veteranlarımız bu böyük, müqəddəs işdə bu günə qədər olduğu kimi, bundan sonra da prezidentimizi dəstəkləməkdə davam edəcək, onun siyasətini qətiyyətlə müdafiə edəcəkdir”.  

Hamısını oxu