Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev

Hörmətli cənab Prezident,   Həm Aprel döyüşlərində, həm də son günlərdə Tovuzda baş verən erməni təxribatına layiqli cavab verilmişdir. Qüdrətli ordumuz istənilən vaxt işğalda olan torpaqlarımızı azad etmək iqtidarındadır.   Bu gün ordumuz düşmənin öhdəsindən layiqincə gəlməyə qadirdir. Ordudakı zabitlərimiz yüksək təhsilli zabitlərdir. Əsgərlərimizin də döyüş hazırlığı, peşəkarlığı yüksək səviyyədədir. Ancaq şübhəsiz ki, veteranların ordumuzla birliyi də həmişəki kimi məqsədəuyğun olardı. Bunu hər şeydən öncə veteranların özü arzulayır. Bu vətən hamımızındır və onun işğal altında olan ərazilərinin azadlığı üçün hər birimiz əlimizdən gələn fədakarlığı əsirgəməməliyik.   Sizin qətiyyətli çıxışlarınızda böyük qələbənin işartılarını görürük. Əminik ki, bu günlərdə yaşananlar Şuşada, Xankəndidə dalğalanacaq bayrağımızın şanlı yolunun başlanğıcı olacaq. İgid əsgərlərimiz, unudulmaz şəhidlərimiz artıq bu yola cığır salıblar. Biz veteranlar qətiyyətli siyasətinizi dəstəkləyir, hər an Sizin yanınızda olduğumuzu bildirir, döyüş əmrinizi gözləyirlər. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev, bir əmriniz ilə Vətən uğrunda son nəfəsimizə qədər döyüşməyə hazırıq! Sizə olan inamımız sonsuzdur. Biz Sizin ətrafınızda sıx birləşmişik və daim əmrinizə hazırıq.   Biz, müharibə od-alovunu görmüş, ölümün gözünə dik baxaraq mənfur düşmənə qarşı vuruşmuş insanlarıq. Biz, düşməni görüb üzərinə getmişik. Torpaqlarımızı işğal etmiş erməni daşnaklarına qarşı nifrətimiz sonsuzdur. Odur ki, torpaqlarımızın azad olunması uğrunda istənilən əmrinizə hazırıq, veteran ordusu hər daim döyüşə hazırdır. Qəlbimiz hər zaman Vətənimiz-Azərbaycanla döyünür.   Ölkəmizin inkişafı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin durmadan artırılması, torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olan Azərbaycan Ordusunun düşmənə öz gücünü göstərməsi qəlbimizdə qürur və inam hissi doğurur. Biz çoxsaylı veteranlar Sizin rəhbərliyiniz ilə Vətənə, xalqa, dövlətə şərəf və ləyaqətlə xidmət etməkdən sonsuz qürur duyuruq.   Hörmətlə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynov

2020-07-19 00:00:00
3779 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib. AZƏRTAC xəbər verir ki, xalqa müraciətində bu xoş xəbəri çatdıran dövlətimizin başçısı deyib: “Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi”. Kəlbəcərin, eləcə də hər bir rayonun işğalını böyük faciə adlandıran Prezident qeyd edib ki, 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğalından sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. “Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Hamısını oxu
“Gədəbəy Rayonunun Şəhidləri” kitabının onlayn təqdimatı keçirilib

Moderator.az xəbər verir ki, “Sağlamlığın Qorunması” İctimai Birliyinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gədəbəy Rayonunun Şəhidləri” kitabının onlayn təqdimatı keçirilib.   Təqdimatı giriş sözü ilə açan Yazgül Abdıyeva ‘Gədəbəy Rayonunun Şəhidləri” kitabının Şəhidlərimizə əbədi ehtiram əlaməti məqsədilə çap olunduğunu diqqətə çatdırıb. Təqdimatda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Millət vəkilləri Qənirə Paşayeva, Arzu Nağıyev, Sevinc Hüseynova, kitabın müəllifi Vahid Aslan, professor Maarifə Hacıyeva, professor Mahmud Rüstəmov, Dossent Rəşid Mahmudov, tarixçi-alim Faiq Ələkbərli, Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, tanınmış yazıçı Elçin Hüseynbəyli, əməkdar artist Nuriyyə Hüseynova, Qazilər Süleyman Abdulla, Baycan Abdullayev, Məzahir Hüseynov, Əmrah Cabbarlı, Elşad İsmayılov, Rusiyada yaşayan həmvətənlərimiz Ülvi Hüseyn, Rizvan Cəfərli , Arif Cəfərov ,Habil Alısoy və digər ziyalılar çıxış etdilər. Təqdimatın sonunda yekun fikir bildirən Yazgül Abdıyeva bir daha vurğuladı ki, bundan öncə təqdimatı keçirilmiş “Gədəbəydə doğulan şairlər” kitabı kimi “Gədəbəy Rayonunun Şəhidləri” kitabı da elimizə-obamıza olan mənəvi borcun timsalında yazılıb və çap olunub.   Kitabın ərsəyə gəlməsində böyük əmək sərf edən Vahid Aslana da mnnətdarlıq ifadə olunub.  

Hamısını oxu
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI

Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 28-dək dəfn edilən 2823 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yeni məlumatı təqdim edib. Milli.Az nazirliyə istinadən bildirir ki, hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə işlər davam etdirilir. Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.Allah bütün şəhidlərimizə rəhmət eləsin!Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Əsrə Bərabər Ömür: Nəbi Nuriyev

Səssiz-səmirsiz bir kəndin köhnə həyətində bir zamanlar dərin düşüncələrə qərq olmuş ağsaçlı bir kişi oturardı. Baxışları uzaqlara dikilərdi və sanki keçmişin tozlu yollarında, döyüş səngərlərində, itirilmiş yurd yerlərində gəzirdi. O, müharibənin od-alovundan keçmiş, taleyin sərt sınaqlarından alnıaçıq çıxmış bir Azərbaycan övladı Nəbi Nuriyev idi. Nəbi Nuriyev bu dünyadan köçsə də, onun qürur dolu ömrü, yaddaşlarda iz qoyan xatirələri, yaşadığı həyat və qoyub getdiyi irs yaşamaqdadır. O,  bir dövrün canlı siması, bir xalqın hekayəsi, bir millətin şəxsiyyət salnaməsi idi. Nəbi Nuriyev Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuşdu. 1942-ci ildə Qarabağlar rayon hərbi komissarlığından cəbhəyə yola düşmüş və 130-cu atıcı alayın tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüşlərdə göstərdiyi şücaət və fədakarlığa görə ona çavuş rütbəsi verilmiş, daha sonra isə bölmə komandiri vəzifəsinə yüksəlmişdir. Nəbi Nuriyev təkcə Almaniyaya qarşı gedən döyüşlərdə deyil, həm də Sovet-Yapon müharibəsindəki ağır döyüşlərdə iştirak etmişdir. Xüsusilə Kvantun ordusunun darmadağın edilməsində onun da mühüm rolu olmuşdur. Yaponiyanın Vadlin şəhərinədək uzanan döyüş yolu keçən Nəbi Nuriyev Kvantun ordusunun təslim olması əməliyyatında qəhrəmanlığı ilə fərqlənmişdir. Yaponiya üzərində qələbəyə görə, həmçinin Qələbənin 20, 40, 50, 60, 65, 70 və 75 illik yubiley medalları ilə təltif olunmuş, II dərəcəli "Vətən Müharibəsi Veteranı" medalı və SSRİ Silahlı Qüvvələrinin 70 illik yubiley ordeninə layiq görülmüşdür. 2000-ci ildə isə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə "1941–1945-ci illər müharibəsi veteranı" nişanı ilə də təltif olunmuşdur. Lakin Nəbi Nuriyevin mübarizəsi bununla bitmədi. Vətənə döndükdən sonra qarşılaşdığı həyat döyüş meydanlarından heç də daha asan deyildi. Gəncliyini səngərlərdə qoymuşdu, amma ümidini yox. 1946-cı ilin dekabrında yurduna qayıtdı, ailə qurdu. Lakin 1949-cu ilin sərt qışında həyat onu yenidən sınağa çəkdi. İki yaşlı oğlu, 40 günlük körpəsi və həyat yoldaşı ilə birlikdə doğma elindən deportasiya edildi. İmişlinin Qaralar kəndinə köçürüldü. Burada kənd ağsaqqalı Qurban kişi ona sığınacaq verdi. Kolxoz sədri Mirəli kişinin dəstəyi ilə taxılçılıq sahəsində briqadir təyin olundu. Həyatın acı-şirin günlərini görən Nəbi kişi bir buğda dənəsinin belə itkiyə getməsinə imkan verməzdi. Kolxoz rəhbərliyi onun təhsil almasına şərait yaratdı. Ağdamdakı kənd təsərrüfatı kadrlarının ixtisasartırma məktəbində təhsil aldı. Təqaüdə çıxanadək müxtəlif vəzifələrdə çalışdı. Müharibə və əmək veteranı kimi el-obada və rayonda hörmət qazandı. Birinci Qarabağ müharibəsi və 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı da igidlərimizə xeyir-dua verənlərdən biri məhz o olmuşdu. Çünki müharibənin nə demək olduğunu o, səngərlərdə, barıt qoxulu gecələrdə, itkilərin ağrısında yaşamışdı. Bu savaş artıq uzaqlarda deyil, doğma Qarabağ torpağında baş verirdi. Cəbhəyə yollanan igidlər arasında onun doğmaları da var idi. Ailəsi arasında şəhid olanlar, yaralananlar oldu. Nəvəsi Rövşən Binnətov Vətən müharibəsinin könüllü iştirakçısı kimi cəbhəyə yollanmış, bir sıra ərazilərimizin azad olunmasında iştirak etmiş, “İgidliyə görə” medalı ilə təltif olunmuş və zabit rütbəsi almışdır. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə təkcə bu günün nəsli üçün bir dərs deyil, Nəbi Nuriyev kimi igidlərin, əsgər babaların illərlə qəlblərində daşıdıqları müqəddəs arzu və amalın gerçəkləşməsi üçün bir addım idi. Nəbi Nuriyev düz 100 il yaşadı və şərəfli, qürurlu və ləyaqətli bir ömür sürdü. Bu ömürdə müharibə, deportasiya, zəhmət, ailə sədaqəti, zəfər və Vətən sevgisi vardı. Böyük Vətən Müharibəsinin 80 illik yubileyinin qeyd olunması da məhz Nəbi Nuriyev kimi fədakar insanların sayəsində mümkün olmuşdur. O, bu yubileyin mənəvi daşıyıcısı olmaqla yanaşı, tariximizin canlı şahidlərindən biri kimi yaddaşlarda qalacaqdır. Ona təqdim edilən medallar və təşəkkürnamələr Azərbaycan xalqının öz qəhrəman övladına göstərdiyi dərin ehtiram və minnətdarlığın parlaq ifadəsidir. Nəbi Nuriyev həm döyüş, həm əmək meydanlarında xidmət etmiş, dövlətə və Vətənə sədaqətlə bağlı olan nadir şəxsiyyətlərdən biri idi. Nə qədər ki, Azərbaycan dövləti və bu torpaq var, xalqımız yaşayır Nəbi Nuriyevin adı və əziz xatirəsi də əbədi yaşayacaqdır. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu