Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ombudsman dövlət sərhədində aparılan monitorinqin nəticələrini beynəlxalq təşkilatlara göndərib

“Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində hərbi təxribat törətməsi, eyni zamanda, xarici ölkələrdə yaşayan dinc azərbaycanlı aksiyaçılara qarşı hücumlar təşkil edilməsi ermənilərin milli zəmində aqressiyası və radikalizminin daha bir bariz nümunəsidir”.

Bu fikiri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Modern.az.a açıqlamasında söyləyib.

Ombudsman bildirib ki, Ermənistanın təxribat törətdiyi dövlət sərhədində apardıqları monitorinqlərin nəticələri ilə bağlı hesabat beynəlxalq təşkilatlara göndərilib:

"Hesabatda BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməyən, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməsi faktlar əsasında diqqətə çatdırılıb.

Təcavüzkar ölkənin fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha təhlükəli vəziyyət yaratmasının beynəlxalq təşkilatlar və sülhsevər dövlətlər tərəfindən kəskin şəkildə pislənilməsinin, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsinin zəruriliyi qətiyyətlə vurğulanıb.

Bununla yanaşı, ABŞ, Belçika, Fransa, Böyük Britaniya, İsveç, Polşa, Niderland və Avstraliyada yaşayan azərbaycanlı dinc aksiyaçılara qarşı erməni təxribatçıları tərəfindən psixoloji və fiziki zorakılığın tətbiq olunması ilə əlaqədar müvafiq beynəlxalq təşkilatlara¸ müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına bəyanat ünvanlamışıq.

Bəyanatlarda Milli İnsan Hüquqları institutlarını və insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatları dinc aksiyaçılara qarşı törədilmiş erməni hücumlarını qınamağa, bu cür etnik zəmində nifrəti təbliğ edən təxribatların qarşısını almağa, bir daha baş verməməsi üçün sərt tədbirlər görməyə, ən əsası, hüquq pozuntusuna yol vermiş şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunmalarına qətiyyətlə çağırmışıq”.

“Tərəfimizdən 12-24 iyul tarixlərində həm dövlət sərhədinin Tovuz rayonu istiqamətində, həm də xarici ölkələrdə yaşanmış təxribatlarla bağlı ikinci aralıq hesabat hazırlanıb və beynəlxalq təşkilatlara göndərilib”,-deyən Ombudsmanın sözlərinə görə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına edilmiş hücumlar, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar çox ciddi qanun pozuntularını, milli zəmində nifrət və hücum aktlarını özündə ehtiva edir.

“Ona görə də beynəlxalq ictimaiyyət bu məsələyə ciddi reaksiya verməli, bu halların qarşısı alınmalıdır”.

2020-07-29 00:00:00
3301 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev Azərbaycan gənclərini təbrik edib

Prezident İlham Əliyev 2 Fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə müraciət ünvanlayıb. Veteran.gov.az xəbər verir ki, paylaşımda deyilir: "Əziz gənclər! Sizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl gənclərimizin geniş və açıq müzakirə tribunasına çevrilmiş ilk ümumrespublika gənclər forumunun keçirildiyi günün ölkəmizdə Gənclər Günü kimi qeyd olunması ənənəsi və bu cür forumların müntəzəm təşkili sübut edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən onilliklər ərzində icra olunan dövlət proqramları nəticəsində gənclərin fərdi inkişafı və ictimai-siyasi fəallığının artması üçün əlverişli zəmin yaranmış və dövlət quruculuğunda onların rolu daha da güclənmişdir. Sevindirici haldır ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizə dərindən bağlı olmaqla yanaşı, həm də müasir dünyanın inkişaf tendensiyası ilə ayaqlaşa bilən intellektual gənc nəsil formalaşmışdır. Sizlər bu gün iqtisadiyyatdan elm və mədəniyyətə qədər bütün sahələrdə dövlətimizin qüdrətini artıran bir qüvvəsiniz. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, zəngin mədəni irsimizin qorunması və beynəlxalq aləmdə tanıdılması yolunda atdığınız hər addım xalqımızın ümumbəşəri ideallara sadiqliyinin ifadəsidir. Dövlətimizin yaratdığı hərtərəfli şəraitin və aşıladığı vətənpərvərlik ruhunun nəticəsidir ki, Azərbaycan gəncliyi üçün böyük imtahan olan 44 günlük Vətən müharibəsində gənclərimiz misilsiz rəşadət göstərdilər. 30 illik işğala son qoyaraq xalqımızın Qələbə əzmini bütün dünyaya nümayiş etdirən qəhrəmanlarımızın əksəriyyətini məhz gənclər təşkil etmişdir. Bu Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir. Əminəm ki, müasir tariximizin yeni intibah dövründə də Azərbaycan gəncliyi öz innovativ potensialı və yaradıcı enerjisi ilə dövlətimizin gələcək inkişafına layiqli töhfələr verəcəkdir".  

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva İzmirdə zəlzələ nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib

Bakı, 30 oktyabr, AZƏRTAC Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında Türkiyənin İzmir şəhərində baş verən zəlzələ ilə bağlı paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Türkiyənin Egey bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını diləyirəm. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”.

Hamısını oxu
Dörd Günlük Savaş, Əbədi Qürur: Samid İmanov və Aprel Döyüşləri

 Aprel ayı... Təbiətin oyanışının, baharın nəfəsinin duyulduğu bu ay Azərbaycan tarixində qəhrəmanlığın, qürurun və milli iradənin rəmzinə çevrilmişdir. 2016-cı ilin aprelində cəbhə xəttində baş verən və tarixə “Aprel döyüşləri” kimi düşən hadisələr Azərbaycan xalqının yaddaşında silinməz iz qoydu. Həmin günlərdə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 2 aprel tarixindən 5 aprelədək dörd gün davam edən bu döyüşlər təkcə hərbi qarşıdurma deyil, həm də milli qürurun bərpası idi. Azərbaycan əsgəri sübut etdi ki, o, yalnız səbr etməyi deyil, lazım gəldikdə qətiyyətlə irəliləməyi də bacarır. Döyüşlər nəticəsində Goranboy rayonu və Naftalan şəhəri üçün ciddi təhlükə yaradan Talış kəndi ətrafındakı strateji yüksəkliklər, həmçinin Seysulan yaşayış məntəqəsi düşmən qüvvələrindən tam azad edildi. Eyni zamanda Füzuli rayonu istiqamətində yerləşən, geniş əraziyə nəzarət imkanı verən mühüm strateji mövqe – Lələtəpə yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçdi və burada üçrəngli dövlət bayrağımız ucaldıldı. Döyüşlər zamanı düşmənə ağır zərbələr endirildi, yüzlərlə canlı qüvvə zərərsizləşdirildi, çoxlu sayda texnika sıradan çıxarıldı. Azərbaycan Ordusunun peşəkarlığı, döyüş ruhu və texniki üstünlüyü bir daha öz təsdiqini tapdı. Aprel döyüşlərinin nəticələri qısa müddətdə özünü yalnız hərbi sahədə deyil, sosial həyatda da göstərdi. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verildi. Xüsusilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yeni həyat qazandı. Burada müasir yaşayış məntəqəsi salındı, illərlə doğma yurd həsrəti çəkən insanlar öz evlərinə qayıtdılar. Aprel döyüşləri Azərbaycan dövlətinin və xalqının qəti mövqeyini bir daha ortaya qoydu: ölkə heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir. Bu döyüşlərdən sonra Ermənistan ordusunda ciddi sarsıntılar baş verdi, hərbi-siyasi rəhbərlikdə dəyişikliklər edildi və bu məğlubiyyət onların daxili vəziyyətinə də təsirsiz ötüşmədi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin iştirakçıları ilə görüşdə bu qələbəni yüksək qiymətləndirərək bildirmişdir ki, bu döyüşlər dövlətimizin gücünü, xalqımızın birliyini və ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu şanlı tarix qəhrəmanların igidliyi ilə yazıldı. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, mayor Samid Gülağa oğlu İmanovdur. 1981-ci il oktyabrın 14-də Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açan Samid İmanov gənc yaşlarından hərbi peşəni seçmiş, 1998-ci ildə orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olmuş və 2003-cü ildə oranı fərqlənmə ilə başa vurmuşdur. O, xidmət etdiyi illər ərzində yalnız peşəkar zabit kimi deyil, həm də liderlik keyfiyyətləri ilə seçilən bir komandir kimi formalaşmışdır. Samid İmanov müxtəlif beynəlxalq hərbi təlim və kurslarda iştirak etmişdir. Türkiyədə komando hazırlığı, paraşütlə sərbəst atlayış kursları, “Anadolu” təlimləri, Pakistanda “antiterror” kursları, İsveçrədə dağ təlimləri və digər ixtisasartırma proqramları onun hərbi bilik və bacarıqlarını daha da möhkəmləndirmişdir. 2004-cü ildən etibarən xüsusi təyinatlı hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edən Samid İmanov qrup komandirindən başlayaraq hərbi hissə komandirinin müavini vəzifəsinədək yüksəlmişdir. Xidməti dövründə 6 medalla təltif olunması onun yüksək xidmətinin göstəricisidir. O, 2014-cü ildə düşmənin təxribatının qarşısının alınması zamanı rəhbərlik etdiyi əməliyyat nəticəsində düşmənə ciddi itkilər verdirərək uğurla geri qayıtmışdı. 2016-cı ilin aprel döyüşləri isə onun həyatının son, lakin ən şərəfli səhifəsi oldu. Aprelin 3-dən 4-nə keçən gecə Talış istiqamətində gedən şiddətli döyüşlər zamanı ağır yaralanmasına baxmayaraq, o, döyüş mövqeyini tərk etmədi. Əksinə, əsgərlərinin həyatını özündən üstün tutaraq yaralı döyüş yoldaşının xilas edilməsini əmr etdi. Komandir kimi son əmri də insanlıq və vətənpərvərlik nümunəsi idi. Əsgərləri təhlükəsiz əraziyə uzaqlaşdıqdan sonra o, tək qaldı. Aldığı ağır yaralar nəticəsində qan itirərək şəhid oldu. Samid İmanov 9 aprel 2016-cı ildə Neftçalada Şəhidlər Xiyabanında dəfn edildi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan əsgəri Vətən uğrunda canını fəda etməyə hər zaman hazırdır. Bu döyüşlərdə igid oğullarımız şəhidlik zirvəsinə ucaldı. Onların hər biri bir tarix, bir qəhrəmanlıq dastanıdır. Onlar son nəfəsində belə “Vətən sağ olsun!” dedilər. Bu sözlər bir xalqın ruhunu, iradəsini və gələcəyə olan inamını ifadə edir. Aprel döyüşləri ilə yazılan tarix sonradan qazanılan Böyük Zəfərin müjdəçisi oldu. Qəhrəmanlar unudulmur. Onlar xalqın yaddaşında, dövlətin tarixində və dalğalanan bayrağımızda əbədi yaşayır.

Hamısını oxu
İlham Əliyevdən bəzi şəxslərin avtomobillə təmin edilməsi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya Müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.  Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin tibbi göstərişlər üzrə avtomobillə təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 878 020 (iki milyon səkkiz yüz yetmiş səkkiz min iyirmi) manat ayrılıb.   Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.  Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Hamısını oxu