Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Mənim generalım

"Mənim generalım"... İyulun 13-də Ermənistan qoşunlarının Tovuz rayonuna hücum cəhdinin qarşısının alınması zamanı həlak olmuş general-mayor Polad Həşimova yüzlərlə, minlərlə əsgər belə deyirdi.
İndi milyonlarla soydaşımız mərhum generalı belə adlandırır. Vətənin bağrından qopub Vətən torpağı uğrunda düşmənin önünü kəsən və şəhid düşərək Vətən torpağına verilən general Polad Həşimov. Əsl insan, əsl general, əsl vətəndaş. Ağır itkidir, söz yox. Amma döyüşlərdə, hərbi əməliyyatlarda itkilər qaçılmazdır. Ölkəmiz və insanlarımız da general Polad Həşimovu itirdi. Qürrələnməliyik, fəxr etməliyik generalımızla və ordumuzla. General-mayor Polad Həşimovun şəhadəti göstərdi ki, Azərbaycan ordusunda generallar səngərdən çox uzaqda, arxa cəbhədə oturmaqla işlərini bitmiş saymırlar. Bilaəks, generallarımız döyüş zamanı hərdaim ön cəbhədə, əsgərlərin yanında olur və Vətən torpaqlarını bacarıqları, bilikləri, peşəkarlıqları ilə bahəm, sinələri, canları və qanları ilə qoruyurlar. Fransa imperatoru Napoleon Bonopartın generalları İohim Mürat, Mişel Ney, Jan-Batist Jurdan, Jak Makdonald, Lüi Qabriel Sühe kimi. Polad Həşimov adını xalqın yaddaşına, Vətən tarixinə qanı ilə yazıb və bu millət var olduqca, o qəlblərimizdə müzəffər, cəsur və mərd insan, Əsl General kimi yaşayacaq. Lakin... Savaş meydanlarında və hərb olmadığı dönəmlərdə əsgərlər də dünyalarını dəyişir, generallar da həlak olur və ya vəfat edirlər. Bu, reallıqdır və elə bir ölkə yoxdur ki, onun ordusu generalını itki qismində əldən verməsin. Əsrlər əvvələ qayıtsaq, 17-ci əsrdə Avropadakı savaşlarda 125 (!) general həlak olmuşdu. 18-ci əsrdə bu rəqəm 183, 19-cu əsrdə 211, 20-ci əsrdə isə 734 oldu. Birinci Dünya Savaşı bəşər tarixinin axarını dəyişməklə yanaşı, döyüş meydanlarında və hospitallarda həlak olan generalların sayına görə "tarixi rekord"a səbəb oldu. Sadəcə, Qərbi Avropadakı savaşlarda 162 general həlak olmuşdu. Dünya tarixinin ən qanlı, məşum və genişmiqyaslı müharibəsi olan İkinci Dünya Savaşında isə 572 general həyatlarını itirdilər. 1945-ci ildən, həmin savaş başa çatandan bəri "general vuruldu", "general həlak oldu" xəbərləri səngimir. Postsovet məkanı ilə yanaşı, dünyanın ən müxtəlif ölkələrinin silahlı qüvvələri general itkiləri verirlər. Ukrayna general-mayor, Milli Qvardiyanın əfsanəsi, Milli Qəhrəman Sergey Kulçitskinin həlakı günü matəmə bürünmüşdü. O, "əsgər general", "əsl general" kimi ad çıxarmışdı və silahlı qüvvələrdə Kulçitskinin nüfuzu həddən ziyadə idi. 2015-ci ildə Fransanın Əcnəbi Legionunda (Légion étrangère) xidmət etməyə başlayan, briqada generalı rütbəsinədək yüksələn ukraynalı Dmitri Martınyuk bu ilin aprelin 23-də Malidə teraktda həlak olanda da Kiyev itkinin acısını yaşamışdı. Postsovet məkanında isə Sovetlər Birliyi dağılanan sonra ən çox general itkisi verən ölkə Rusiyadır. Belə ki, 1991-ci ildən bəri Rusiyanın güc strukturlarının 42 generalı müxtəlif şəraitdə həlak olublar. Şimali Qafqazda, Çeçenistandakı hərbi əməliyyatlarda 14 rusiyalı general döyüşlərdə həlak olublar. İki gün əvvəlsə Suriyanın Deyr əz Zor şəhərinin yaxınlığında Rusiya ordusunun general-mayoru Vyaçeslav Qladkix partlayışda həlak olub. Qardaş Türkiyəyə gəldikdə, Ankaranın Beytepe səmtində Şəhid Generallar abidəsi var. Türkiyənin Silahlı Qüvvələri və jandarmeriyası PKK terrorçuları ilə mübarizədə, habelə müxtəlif hərbi əməliyyatlarda 17 generalını şəhid verib. İraq ordusunda son 30 ildə 46 general həlak olub ki, bu siyahıda son şəxs iyulun 28-də Ənbər vilayətinin qərbindəki Hit şəhərində pusquya salınaraq öldürülən briqada generalı Əhməd Əbdül Vahid əl Ləmidir. Əfqanıstanda son 10 ildə 8 general həlak olub. General Zahir Gül Müqbil Mərcada döyüşdə aldığı güllə yaralarından keçinib və o, hələlik döyüşdə həlak olan son əfqanıstanlı generaldır. İran son 10 ildə 18 general itirib ki, onların 17 nəfəri Suriyadakı hərbi əməliyyatlarda həlak olublar. Suriyada öldürülən ilk iranlı general Hüseyn Həmədani idi. Sonralar Əbdül Rza Muciri, İzzətulla Süleymani, Hüseyn Həcc, Fərşad Həsunizadə və s. kimi generallar həlak oldular. Venesuelada briqada generalı Markes Morilo 2009-cu ildən bəri həlak olmuş 14 venesuelalı generalın sonuncusudur. Tayvan ordusunun Baş Qərargah rəisi, 63 yaşlı general-polkovnik Şen İminsə son 19 ildə həlak olmuş tayvanlı generalların arasında ən məşhuru idi. General İmin bu ilin yanvarında həlak olub. Ümumiyyətlə isə, son 10 ildə Asiya ölkələrində 734, Afrikada - 836, Avropa Birliyində - 18, Şimali Amerikada - 5, Cənubi Amerikada - 87, Avstraliyada 2 general həlak olub. Bütün bunlar rəqəmlərdir, statistikadır və hesablamaların kölgəsində qalan insan taleləri, yarımçıq bitən həyatların anları, təbii ki, görünmür. Polad Həşimov isə daim görünəcək, çünki o, özünü yalnız döyüşdə irəli verən şəxsiyyətdi. Sadəcə, hərbçi yox, həm də hərb adamı idi.   Savaşı evlərimizin kandarından uzaqlaşdırmaq, düşməni elə Vətənin sərhədində qarşılamaq daha əfzəldir istənilən halda və məhz bu səbəbdən də generalımız ulusun kandarında şərəflə ləyaqətdən yoxsun düşməni önlədi. Ermənilər çox qorxurdular. Düşmən həmişə qorxduğunu öldürməyə çalışır və elə buna görə də Polad Həşimov cismani olaraq itkimiz olsa da, Vətən və cəmiyyət olaraq payımızdır. Şəhadət, vətənpərvərlik, cəsarət və ləyaqət payı - ən gözəl ənam bu deyilmi? ... Azərbaycan general Polad Həşimovun ölümünü yaşadı. Azərbaycanın yaşaması üçün şəhid olan generalın... Elçin Alıoğlu
Milli.Az

2020-08-20 00:00:00
1319 baxış

Digər xəbərlər

Suraxanı rayonunda 44 Günlük Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

Respublika Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 5 may 2021-ci il tarixində  Suraxanı rayonunda qazilərlə görüşüb.   Tədbirdə  rayonun 44 günlük Vətən müharibəsi qaziləri - Sultanov Azad, Rufullayev Namiq, Hüseynov Əsgər, Birinci Qararabağ müharibəsi iştirakçıları Bayramov Oruc, Şəkərov Aslan, Quliyev Məhərrəm, Muxtarov Vahid, əmək veteranı Baxşəliyev Paşa və digərləri iştirak edib.    Tədbiri  Suraxanı  rayon VT-nın sədri Eldar Rüstəmov açıb.O ,qonaqları tədbir iştirakçılarına təqdim edib, daha sonra söz polkovnik Aduk Haqverdiyevə verilib. Adil Haqvürdiyevin təklifi ilə torpaqlarımızın bütövlüyü  uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xalqın öz qaziləri ilə qürur duyduğunu bildirən Adil Haqverdiyev, Azərbaycan ordusunun tarixi qələbəsinə kölgə salmaq istəyən qüvvələrə bundan sonra da layiqli cavab verməyin vacibliyini qeyd edib.   Qazi Namiq Rufullayev, Nəbi Hacıyev, qazi anaları da çıxış edərək ölkə başçısına öz minnətdarlıqlarını bildirib, hər zaman dövlətin, Ali Baş Komandanın yanıdna olduqlarını vurğulayıblar.

Hamısını oxu
Şəhidlərimizin ruhu Gürcüstanın Qardabani rayonunda ehtiramla yad olunub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı iyulun 14-də müdafiənin ön xəttində qəhrəmancasına şəhid olan polkovnik İlqar Mirzəyevin xatirəsi doğulduğu Gürcüstanın Qardabani rayonunun İstisu (Tbilistskaro) kəndində ehtiramla anılıb. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, rayon və kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər. Səfir Dursun Həsənov çıxış edərək düşmənin silahlı bölmələrinin iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə məlumat verib. Bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş son hadisələr Paşinyan rejiminin daxili elektorata hesablanmış növbəti təxribatıdır. Bu qondarma “demokratik” rejim növbəti dəfə dəhşətli xarici düşmən obrazı yaratmağa, həm əhalinin, həm də müxalifətin diqqətini yayındırmağa çalışır. Diplomat vurğulayıb ki, Ermənistanın hərbi təxribatı nəticəsində bir neçə hərbi qulluqçumuz şəhid olub. Onlardan biri də polkovnik İlqar Mirzəyevdir. Vətən uğrunda canından keçən oğullarımızın qisası ordumuz tərəfindən alınıb. İnanırıq ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək hərbi-vətənpərvərlik ruhu olan güclü Azərbaycan Ordusu düşmənin təxribatına bundan sonra da layiqli cavab verəcək. Deputat Azər Süleymanov, şəhidin təhsil aldığı İstisu kənd məktəbinin direktoru Mehman İsayev, Qardabani şəhər 3 saylı tam orta məktəbin direktoru Abay Süleymanov və başqaları çıxış edib, şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Çıxışlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə telefonla zəng etməsi xüsusi qeyd olunub. Bildirilib ki, dövlətimizin başçısının bu diqqət və qayğısı ordumuzun döyüş ruhunu daha da artırıb. Birliyimiz, həmrəyliyimiz sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq. Sonda şəhidlərin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.   Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi

Hamısını oxu
Fundamental dilçilik əsəri

Veteran.gov.az xəbər verir ki, bu günlərdə "Füyuzat" nəşriyyatında filologiya elmləri doktoru, professor İdris Abbasovun "Ümumi dilçilik: dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları" adlı monoqrafiyası çapdan çıxıb. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru Günel Bayramova, rəyçilər professorlar Məsud Mahmudov, İsmayıl Məmmədli, filologiya elmlər doktorları Kamilə Vəliyeva, Gülsüm Hüseynova və Lalə Qurbanovadır.  Əməkdar elm xadimi, akademik Nizami Cəfərov monoqrafiyaya ön söz yazmışdır. Həmin ön sözü təqdim edirik. Müasir dilçilik dilin müxtəlif səviyyələrdə fərqli aspektlərdən kompleks tədqiqi və təhlilini tələb edir. İnsan təfəkkürünün başlıca fəaliyyəti olan dil dilçiliyin tədqiqat istiqamətləri və sahələrini müəyyənləşdirir. Ümumi dilçilik özünün inkişafının hazırki mərhələsində filologiya, psixologiya, dil fəlsəfəsi, ədəbi nəzəriyyələr, koqnitiv elm, neyroelm, biolinqvistika, sosiolinqvistika, psixolinqvistika və s. kimi elmlərin qovşağında yerləşir. Üçüncü minilliyin astanasında dil unikal bəşəri-bioloji əsaslara malik fəaliyyət kimi kroslinqvistik nəzəriyyələr müstəvisində tədqiqata cəlb olunur. Eksperimental metod və mexanizmlərlə məşğul olan linqvistlər, koqnitivistlər, neyrobioloqlar, psixolinqvistlər, koqnitiv qrammatiklər, neyrolinqvistlər, süni intellekt mütəxəssisləri arasında intensiv əlaqələrin olması dilçiliyin multidisiplinar xarakterini səciyyələndirir. Bununla yanaşı, bir çox müasir alimlərin iddiasının əksinə olaraq demək olar ki, müasir dilçilik özünün tarixi köklərindən təcrid olunmamışdır. Dilin fonologiya, morfologiya, sintaksis, semantika və bir çox formal elementlərini tənzimləyən qaydalar toplusu hələ yunan, Roma, ərəb, çin, hind, yapon və s. dilçilik məktəblərində işlənib-hazırlanmış və dövrümüzə qədər mürəkkəb təkamül yolu keçmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovun “Ümumi dilçilik: Dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları” adlı monoqrafiyası, son dövrlər ölkəmizdə ümumi dilçiliyə dair yazılmış əsərlərdən öz orijinallığına, mövzuların yeniliyinə, zənginliyinə və əhatəliliyinə görə fərqlənir. Geniş həcmli bu tədqiqat işi dilçiliyə dair bir növ ensiklopedik biliklər məcmusudur. Burada lap qədim dövrlərdən tutmuş günümüzə qədər dilçiliyin keçdiyi tarixi yol izlənilir, Azərbaycan dilçiliyində indiyədək toxunulmamış mövzular gündəmə gətirilir, dilçilik tarixinin və nəzəriyyəsinin, koqnitiv elmlərin epistemoloji əsaslarının aydın və maraqlı mənzərəsi yaradılır. Monoqrafiyaya müqəddimə ilə başlayan müəllif dilçiliyin tarixindən danışarkən ənənəvi olaraq qədim hind, yunan, Roma, ərəb dilçiliklərindən savayı, Babil qrammatik ənənəsi, çin və yapon qrammatik ənənəsi, Türk-Azərbaycan qrammatik ənənəsindən də bəhs edir. Əsərdə Antonio Nebrixa, Fransisko, Sançes, Kaspar Şoppe, o cümlədən Por-Royal qrammatikası haqqında dolğun məlumat verilir, XVIII—XIX  əsrlərdə dilçilikdə onomasiologiya istiqamətinin üç nümayəndəsi – E. de Kondilyak, D.Hərris və İ.Adelunqun linqvistik görüşləri yığcam şəkildə xülasə edilir. Frans Bopp, V.Humboldt, A.Şleyxer, H. Şteyntal, A.A.Potebnya, F.Fortunatov, H.Şuxardt, K.Fossler, De Kurtene, F. de Sössür kimi məşhur dilçilərin adları və görüşləri azərbaycanlı oxuculara məlumdur. XIX əsrin sonu və XX əsrin əvvəllərində digər linqvistik nəzəriyyələr, batini və zahiri forma, XX əsr dilçiliyində sosiolinqvistika və psixolinqvistika məsələlərindən savayı, SSRİ-də nəzəri dilçilik, XX əsrin 60-90-cı illərində Rusiyada nəzəri dilçilik məsələlərinə təmas edilir. Amerikan struktur dil­çi­li­yin­dən bəhs edən müəllif bu istiqamətin Edvard Sepir, Leonard Blumfild, Noam Çomski kimi görkəmli nümayəndələri və onların dilçilik görüşləri haqqında məlumatlar verir, taqmemik yanaşmaya aydınlıq gətirir. Monoqrafiyanın ikinci hissəsində müəllif ümumi və ya nəzəri dilçiliyin izi ilə gedərək sintaksis, semantika və praqmatika, dil fəaliyyəti, dil və nitq, xarici və daxili linqvistika, makrolinqvistik və mikrolinqvistik sahələr, sinxronik linqvistikaya dair təhlil üsullarını nəzərdən keçirir. O, qrammatika haqqında ümumi məlumat verdikdən sonra deskriptiv və preskriptiv qrammatika,  stratifikasiya qrammatikası və ya təbəqəli yanaşma, konstruksiya qrammatikası, rol və istinad qrammatikası, taksonomik əlaqələr, universal qrammatika, prinsiplər və parametrlər nəzəriyyəsi haqqında mövzulara yaxından təmas edir. Burada müəllif vurğulayır ki, parametrik variasiyanın müzakirəsi qrammatik konstruksiya tiplərindəki fərqləri əhatə edəcək şəkildə genişdir. O, multidissiplinar perspektivlərin önəmini vurğulayaraq mürəkkəb anlayış olan məna nəzəriyyələri haqqında maraqlı mülahizələr yürüdür. Mənanın mürəkkəbliyi onun öyrənilməsində birləşən akademik fənlərin mürəkkəbliyindən irəli gəlir. Müəllif mənaya akademik maraq göstərən fənlər kimi fəlsəfə, psixologiya, neyroelm, semiotika və linqvistikanı göstərir. Təqdqiqatın gedişində müəllif sintaksisin tədqiqinə dina­mik şəbəkə yanaşması,avtonomluq anlayışının mürəkkəbliyi, semantizm, komplementarizm və praqmatizm, mənanın şəkil nəzəriyyəsi, tip-token dixotomiyası, Sörl-Derida debatı üzərində dayanır. Monoqrafiyanın üçüncü hissəsində epistemologiya haqqında ümumi məlumat verilir. Müəllif qeyd edir ki, koqnitiv elmlərin inkişafı nəticəsində epistemik koqnisiya mövzusu dövrün aktual mövzularından birinə çevrilmişdir. Bilik problemi insanların lap qədim zamanlardan fikrini məşğul etmişdir. İnsan ağılın necə işləməsini öyrənmək üçün öz ağlından istifadə edən yeganə varlıqdır. Biliyin, yaxud epistemologiyanın tədqiqi fəlsəfə və digər elmlərin öyrənilməsinin əsas sütunlarındandır. Epistemologiya beyini yox, idrakı tədqiq edir. Tədqiqatçılar funksional nöqteyi-nəzərdən qavrayışın, təfəkkürün, yaddaşın, anlamanın, dilin və digər əqli-psixoloji hadisələrin funksiyalarını başa düşməyə çalışırlar. Müəllif belə nəticəyə gəlir ki, epistemologiya – koqnitiv psixologiya, dilçilik, süni intellekt, rasional fəlsəfə və neyrobiologiyanın (neyroelmin) müştərək məhsuludur, yəni fənlərarası elm sahəsidir. Freym nəzəriyyəsi, koqnitiv psixologiya və süni intellekt bölümündə müəllif göstərir ki, freym nəzəriyyəsi süni intellekt sahəsində işlənib hazırlan-mışdır. Qeyd olunur ki, koqnitiv psixologiya və süni intellekt koqnitiv linqvistikanı da əhatə edərək koqnitiv elm adlanan interdisiplinar bir sahənin təşəkkülünü səciyyələndirir. Bu hissədə oxucu Fridrix Bartlett, Marvin Minsky, Rocer Şenk, Robert Abelson və Deyvid Rumelhart kimi məşhur dilçilərlə tanış olmaq imkanı qazanır. Bunun ardınca freym nəzəriyyəsi və koqnitiv linqvistika, koqnitiv psixologiya, süni intellekt, linqvistika, semiotika və ya semiologiya, ağılın fəlsəfəsi, koqnitiv neyroelm, biolinqvistika, elmdə inqilablar və klassik konsept nəzəriyyəsi kimi mövzular tədqiq olunur. Mövzular bir-birini tamamlayır. Kitabın dördüncü hissəsi koqnitiv linqvistikaya həsr olunmuşdur. Koqnitiv linqvistika yeni və çoxşaxəli elmi paradiqma kimi nəzərdən keçirilir. Burada koqnitiv linqvistikanın təşəkkülü, onun koqnitiv elmlərlə əlaqəsi, prototip nəzəriyyə və təsnifatlandırma, radial şəbəkələr və ideallaşdırılmış koqnitiv modellər, klaster modelləri, radial strukturlar və prototip effektlər, dil və təfəkkürdə metonimik modellər, maddiləşdirilmiş realizm və onun fenmomenoloji intensivliyi, konseptuallaşma və ikoniklik, koqnisiya müstəvisində sxem, koqnitiv linqvistikaya skeptik yanaşmalar və digər məsələlər öz izahını tapmışdır. Koqnitiv qrammatika: mental sxemlər və semantik perspektivlər beşinci hissənin ana xəttini təşkil edir. Burada koqnitiv qrammatika anlayışı və qrammatikanın koqnisiyaya münasibəti, dilin maksimalist və minimalist konsepsiyası, semantik-koqnitiv nəzəriyyə kimi güc dinamikası, sxematik sistemlər çərçivəsində güc dinamikası, sintaktik məna və mənanın dinamik konstruksiyası, eyni zamanda fiqur-fon seqreqasiyası və ya asimmetriya problemi, mental reprezentasiyaların fiqur-fon problemi, koqnitiv qrammatikada polisemiyanın dinamik konstruksiyası, koqnitiv sahə, kompleks matrisa və freym semantikası, polisemiyaya linqvo-koqnitiv yanaşma və digər mövzular diqqətlə işlənmişdir. Qrammatik şəbəkə modelləri, mental məkanların koqnitiv statusu və konseptual inteqrasiya nəzəriyyəsi adlanan altıncı hissə də əvvəlki bölmələr kimi çoxsaylı linqvistik problemlərin tədqiqinə həsr edilmişdir. Müvafiq fəsillərdə və yarımfəsillərdə qrammatik şəbəkə modeli, mental məkanların koqnitiv statusu və konseptual inteqrasiya nəzəriyyəsi, blend nəzəriyyəsi, kontrfaktiv əsaslandırma və mental modelləşdirmə, qrammatik blendlərin konseptual xüsusiyyətləri metafora daha üstün trop kimi ritorika və koqnitiv linqvistikanın qovşağında, konseptual inteqrasiya və təsnifatlandırma, simpleks şəbəkələr, güzgü şəbəkələr, təksferalı və ikiqatsferalı şəbəkələr, neyron şəbəkələr haqqında qənaətbəxş araşdırmalar aparılmışdır. İ.Abbasov bu monoqrafiyada qədim dövrlərdən tutumuş bu günümüzə qədər ən aparıcı dilçilik istiqamətlərinə təmas etmiş, müasir dilçiliyin aydın mənzərəsini yaratmağa müvəffəq olmuşdur. Linqvistikanı dilin rasional və sistemli bir elmi tədqiqat sahəsi kimi xarakterizə edən müəllif bu sahəni üç dixotomioyaya bölür: sinxronik-diaxronik, nəzəri-tətbiqi və mikrolinqvistik-­makrolinqvistik. Dilin sinxronik təsviri dili müəyyən bir zaman kəsiyində təsvir edir. Diaxronik təsvir dilin tarixi inkişafını və onda baş vermiş struktur dəyişiklikləri ifadə edir. Nəzəri dilçiliyin məqsədi dil strukturunun ümumi nəzəriyyəsinin və ya dillərin təsviri üçün ümumi nəzəri çərçivənin qurulması ilə şərtlənir. Tətbiqi diliçiliyin məqsədi dilin elmi cəhətdən öyrənilməsinin nəticə və üsullarını praktik məsələlərə, xüsusən, dilin tədrisinin təkmilləşdirilmiş metodlarının işlənib-hazırlanmasına tətbiq etməkdir. Mikrolinqvistika və makrolinqvistika terminləri hələ tam formalaşmayıb. Mikrolinqvistika dilçiliyin əhatə dairəsinə daha dar, makrolinqvistika isə  daha geniş baxışı nəzərdə tutur. Mikrolinqvistik baxışa görə, dillər sosial funksiyasına, uşaqlar tərəfindən dilin mənimsənilməsi tərzinə, nitqin qavranılmasının əsasını təşkil edən psixoloji mexanizmlərə, ədəbi-estetik mühitə və ya kommunikativ funksiyaya istinad etmədən öz-özülüyündə təhlil edilməlidir. Bunun əksinə, makrolinqvistika dilin bütün aspektlərini əhatə edir. Makrolinqvistikanın müxtəlif sahələri terminoloji cəhətdən təsbit edilmişdir: psixolinqvistika, sosiolinqvistika, neyrolinqvistika, antropoloji dilçilik, dialektologiya, riyazi və hesablama dilçiliyi, üslubiyyat  və s. Mikrolinqvistikada olduğu kimi makrolinqvistikanın hər bir hissəsində, prinsipcə, nəzəri aspekt mövcuddur. Ümumiyyətlə, nəzəri, sinxron mikrolinqvistikanı, adətən, struktur dilçilik və çox hallarda nəzəri dilçilik adlandırırlar. Dilin əsas funksiyasının konseptual strukturu dil forması ilə əlaqələndirməkdən ibarət olduğunu söyləyən müəllif qeyd edir ki, qrammatika semantik məzmunu simvollaşdırmaq vasitəsidir. Buna görə də o, müxtəlif mürəkkəblik dərəcələrində ifadələrin formalaşmasına və istifadəsinə təkan verən koqnitiv prinsiplərin təsvirinə xidmət edir. Stratifikasiya qrammatikasının konturunda dil, strukturun bir neçə əlaqəli təbəqələrindən ibarət sistem kimi modelləşdirilir. Məsələn, ingilis dili üçün altı təbəqə qeyd olunur. Hər bir təbəqə stratal sistemlər toplusu baxımından təşkil edilir və hər bir stratifikasiya qrammatikası sistemi dil strukturunun digər təbəqələrdə fəaliyyət göstərən strukturlarından asılı olmur və s. Ümumiyyətlə, mündəricatda göstərilən təxminən 155 fəsil,  paraqraf və yarımparaqrafdan ibarət dərin elmi-linqvistik məzmunlu kitab çox aktual mövzuları əhatə edir. Nəzəri dilçiliklə əlaqədar əksər mövzular Azərbaycan dilçiliyində ilk dəfədir ki, araşdırılıb tədqiqatçıların ixtiyarına verilir. Kitabın ərsəyə gətirilməsində linqvistikanın ən yeni nailiyyətlərini əks etdirən yüzlərlə elmi ədəbiyyatdan istifadə edilmişdir. Həmin ədəbiyyatın, demək olar ki, hamısı son onilliklərdə Qərb elminin nailiyyətlərini əks etdirən fundamental əsərlərdir. İrihəcmli və dərin  məzmunlu monoqrafiya ilk növbədə yerli tədqiqatçılar üçün ana dilində yazılmış ideal mənbədir. Ondan ali məktəb müəllimləri və tələbələr, doktorantlar, dissertantlar, dil nəzəriyyəçiləri, komparativistlər, müx­təlif profilli dilçi-filoloqlar faydalana bilərlər. Beləliklə, filologiya elmləri doktoru, professor İdris Abbasovun “Ümumi dilçilik: Dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları” adlı monoqrafiyası müasir dilçilik baxımından zəngin araşdırma təqdim edən yüksək məziyyətlərə malik qiymətli əsərdir. Əsər çoxşaxəli linqvistik tədqiqatlar üçün yeni perspektivlər vəd edir. NİZAMİ CƏFƏROV Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi,  filologiya elmləri doktoru, professor

Hamısını oxu
Dövlət Təhlükəsizliyi Xidməti öz əzəmət və peşəkarlığının zirvəsindədir

Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və fəaliyyətinin müəyyənləşdirilməsi idi. O, Azərbaycan təhlükəsizlik orqanlarının müstəqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. Birinci dövrdə qəfildən öz xidmət təyinatını dəyişmiş şəxsi heyət üçün bütün dəyərlərin yenidən qiymətləndirilməsi; yenidən təşkilatlanma ilə əlaqədar şaşqınlıq vəziyyəti səciyyəvi idi və bunlar obyektiv çətinliklər idi. Lakin bu dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin naşılığı səbəbindən o zamankı Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı məlumatlar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısına çevrilmişdi. Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fəxri professor Cəlil Xəlilov deyib. Professor bildirib ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi dövlət təhlükəsizliyi sisteminin daha da təkmilləşməsinə səbəb oldu: “Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bütün dövlət qurumlarının, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətində ciddi dönüş yarandı. Ulu Öndər ordunu gücləndirməklə yanaşı, əsl peşəkarları təhlükəsizlik sisteminə cəlb etməklə dövlətin təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsinə nail oldu. Təhlükəsizlik orqanının əməkdaşları terror cəhdlərinin qarşısının alınmasında, daxili sabitliyin güclənməsində mühüm rol oynadı. Daxili və xarici düşmənlərin bir çoxu məhz təhlükəsizlik orqanları əməkdaşlarının səyi nəticəsində ifşa olundu”. Cəlil Xəlilov hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlığa malik olduğunu, sözügedən qurumun öz fəaliyyəti ilə Ulu Öndərin arzu və istəklərini doğrultduğunu vurğulayıb: “Bizim üçün qürurvericidir ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti öz tərəqqi və əzəmətinin zirvəsindədir. Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin 44 günlük Vətən müharibəsində ortaya qoyduğu əzm, şanlı Zəfərimizin əldə edilməsinə verdiyi böyük töhfə bu qurumun peşəkarlığının, vətən, xalq sevgisinin göstəricisidir. Mən Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarını 28 mart – peşə bayramı münasibətilə təbrik edir, onların hər birinə öz şərəfli vəzifələrində uğurlar arzulayıram. Əminəm ki, Dövlət Təhlükəsizliyi Xidməti hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq və ölkəmizlə bağlı bütün məkrli planları alt-üst edəcək”.

Hamısını oxu