Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 4-də ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident universitetin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar. ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya yeni korpuslarda yaradılan şərait barədə məlumat verib. Bildirib ki, yeni korpusların inşası 2016-2019-cu illər ərzində aparılıb. Yeni korpuslarda təlim-tədrisin ən müasir səviyyədə aparılması üçün bütün imkanlar var. Burada 535 nəfərlik akt zalı, sinif və qrup otaqları, kitabxana, laboratoriyalar müəllim və tələbələrin ixtiyarına veriləcək. Sinif otaqları tərcümə sistemi, smart lövhə və digər zəruri tədris avadanlığı ilə təchiz olunub.

Yeni istifadəyə verilən korpusların birində ADA Universitetinin Dövlət və ictimai münasibətlər, Biznes-iqtisadiyyat fakültələri yerləşir. Burada 1500-ə yaxın tələbə, o cümlədən 45 ölkə vətəndaşı təhsil alır. İndiyədək ADA Universitetində 2000 diplomat və dövlət qulluqçusu təlim keçib.
Yeni inşa olunan digər korpusda isə ADA Universitetinin 2019-cu ildə fəaliyyətə başlayan kollec tipli ADA Məktəbi yerləşir. ADA Məktəbində 500-ə yaxın X və XI sinif şagirdi Azərbaycan və ingilis dillərində təhsil alır. Dövlətimizin başçısı və Birinci vitse-prezident ADA Universitetinin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar. Ümumi ərazisi dörd hektardan artıq olan parkın əsas hissəsi yaşıllıq zonasıdır. Orijinal üslubda yaradılan bu istirahət məkanında təbii ekoloji mühit maksimum qorunub. Burada göllər də yaradılıb. ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu ali təhsil müəssisəsinin gələcək iş planı barədə məlumat verib.  

2020-09-04 00:00:00
3535 baxış

Digər xəbərlər

Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər

Suraxanı rayonunda ağacların kəsilərək yerində obyekt tikilməsinə dair məlumatlar yayılıb. Məsələni araşdıran zaman məlum olub ki, həqiqətən də Yeni Günəşli qəsəbəsində bir neçə ağac kəsilərək yerində obyektlər tikilir. COP29 kimi dünya miqyasında mötəbər iqlim tədbirlərinə ev sahibliyi edən Azərbaycanda kiminsə biznes maraqlarına görə ağacların kəsilməsi təəssüf doğurur. Bu illərdir ölkəmizdə aparılan yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və ekoloji təmiz şəhər siyasətinə zidd addımlardır. Bu hadisə Bakıətrafı hansısa yeni tikilən məhəllədə baş versəydi, düşünmək olardı ki, gözdən yayınıb, amma ağacların kəsilərək yerində obyekt tikilməsi Ramiz Cəfərov küçəsində, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin yaxınlığında, yerli icra strukturlarının gözü önündə baş verib. Belə ki, ikinci Qarabağ müharibəsi qazisi olduğunu deyən Elvin Zeynalov ərazidəki ağacları kəsdirərək yerinə dəmir konstruksiyalar ilə quraşdırılmış kiosk yerləşdirib.  Həmin ərazi SOCAR-ın Azneft İstehsalat Birliyinin balansında olduğundan neft sənayesi obyektlərinin təhlükəsizliyini təmin edən “Security Operation Services” özəl mühafizə şirkətinin əməkdaşları torpaq sahəsinin özbaşına zəbt edilərək üzərində qanunsuz obyekt tikilməsinə icazə verməyib. Əməlinin qanuna zidd olması barədə Elvin Zeynalova mühafizəçilər tərəfindən dəfələrlə xəbərdarlıq olunub, lakin o ətrafına topladığı bir neçə müharibə veteranı ilə birlikdə tikintinin dayandırılmasını tələb edən mühafizəçilərə hücum çəkib. Elvin Zeynalov nümayişkəranə şəkildə heç bir sənədinin olmadığını, “Qarabağ qazisi” olduğunu bildirib və buna görə də onun qanunsuz tikintisinə göz yumulmasını tələb edib. Torpaq zəbti barədə Daxili İşlər Nazirliyinə, Suraxanı Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Lakin əraziyə gələn icra hakimiyyətinin əməkdaşları nədənsə qanunsuz torpaq zəbtinə laqeyd münasibət sərgiləyib, hətta obyekt tikintisinə göz yummadıqları üçün mühafizəçilərlə münaqişəyə belə giriblər. İcazəsiz daşı daş üstünə qoymağın mümkün olmadığını bildiyimiz üçün icra hakimiyyətinin işçilərinin qanunsuz tikintiyə olan “isti” münasibəti bizdə bu özbaşına tikilinin hansı dairələrdə “bişməsinə” dair müəyyən təsəvvürlər yaradır. İnternetdə kiçik araşdırma etməklə Elvin Zeynalovun bundan öncə də bir neçə dəfə qanunsuz torpaq zəbti həyata keçirdiyini öyrəndik.(BAX: https://report.az/hadise/qazi-adindan-istifade-ede...) Belə ki, o 2021-ci ildə Sabunçu rayonu ərazisində neft kəmərinin mühafizə zonasında boş torpaq sahəsini zəbt edərək üzərində qanunsuz tikinti işləri həyata keçirib. “Evim yoxdu, illərdir kirayələrdə sürünürəm” deyən Elvin Zeynalovun inşaat işləri sona yaxınlaşdıqca tikilinin ev yox, obyekt olduğu məlum olub. Bir neçə müddət sonra isə Elvinin həmin obyekti məşhur mağazalar şəbəkəsinə icarəyə verdiyinə dair videolar paylaşılıb: Elvin Zeynalov bütün müharibə əlilləri kimi dövlətin tam sosial qayğısı ilə əhatə olunub, hətta əldə etdiyimiz məlumata görə, ona mənzil də verilib. Bununla belə “Qarabağ qazisi” adından istifadə edib qanunsuz işlərinə göz yumulmasını tələb edən Elvinin əməlləri təəssüf doğurur. Və bütün bunlardan sonra insanda sual yaranır, Elvin Zeynalov neçə obyekt sahibi olmalıdır ki, neft sənayesinə aid torpaqları zəbt etməkdən gözü doysun, qanunsuz əməllərindən əl çəksin? azpolitika.info

Hamısını oxu
Avropanın siyasi paytaxtında Azərbaycanın növbəti diplomatik qələbəsi

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə işgüzar səfəri bir çox mühüm məqamlarla yadda qaldı. Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycanın həm NATO, həm də Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğu, ölkəmizin yaratdığı reallıqların regional və beynəlxalq əhəmiyyət daşıdığı bir daha bəyan edildi.  Bununla yanaşı, yeni geostrateji şəraitdə şərtləri diktə edən Azərbaycanın postmüharibə dövründə proseslərin tənzimlənməsi ilə əlaqədar mövqeyinin dəyişməz olduğu növbəti dəfə öz təsdiqini tapdı.   Tarixi Qələbədən sonra ən mühüm görüş   Şübhəsiz ki, Azərbaycanın tarixi Qələbəsindən sonra Brüssel danışıqları ən mühüm – diqqətçəkən görüş kimi tarixə düşdü. Xüsusilə də, indiyə qədər əldə olunmuş razılıqlar bir daha təsdiqləndi, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və demarkasiyası  kimi məsələlərdə Azərbaycanın üstün mövqeyi növbəti dəfə əks olundu.   Regional nəqliyyat əlaqələrinin inteqrasiyası ilə bağlı çox mühüm fikirlər ifadə edildi. Dövlət başçısının diqqət yetirdiyi vacib məsələlərdən biri də Zəngəzur dəhlizi və onun hüquqi rejimi ilə bağlıdır. Sirr deyil ki, Azərbaycan Asiya ilə Avropa arasında mühüm nəqliyyat-tranzit xətti olacaq bu dəhlizin açılmasında güclü siyasi iradə nümayiş etdirir və müvafiq addımlar atır. Ümumiyyətlə, Zəngəzur dəhlizinin yaradılması məsələsi təkcə Azərbaycanın deyil, bütövlükdə, regionun siyasi gündəliyinin mühüm tərkib hissəsidir. Bu da təsadüfi deyil, çünki dəhlizin reallaşması həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək. Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə Muxtar Respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır. Təbii ki, bu, sosial-iqtisadi cəhətdən çox önəmlidir. Bütövlükdə, yeni infrastrukturun yaranması nəticəsində Azərbaycanın tranzit əhəmiyyətinin artması, iqtisadi inkişafının sürətlənməsidir. Təbii ki, Orta Asiya ilə Avropanı birləşdirən bu infrastruktur layihəsi digər region ölkələri üçün də iqtisadi fayda əldə etmək üçün perspektivlidir. Bu dəhlizin yaradılması elə Ermənistan üçün də tarixi şansdır. Ermənistan bu imkandan istifadə edərək dəmir yolu ilə həm İranla, həm də Rusiya ilə əlaqə yarada bilər ki, bu da iqtisadi mənfəət qazanmaq deməkdir. Azərbaycan Prezidenti qeyd etdi ki, biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzusudur.   Azərbaycanın dəhlizə dair haqlı mövqeyi bir daha təsdiqləndi   Ümumiyyətlə, Avropanın siyasi paytaxtında Zəngəzur dəhlizi boyunca dəmir yol xəttinin çəkilişi ilə bağlı konkret mövqeyin ifadə olunması  çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prezidentinin bu məsələ ilə əlaqədar yanaşması aydın idi, dövlətimizin başçısı bir daha mövqeyini konkret ifadə etdi. Ermənistan baş naziri Nikol Paşinyan isə üçtərəfli görüşdə Azərbaycan Prezidenti ilə dəmir yolunun bərpa olunması barədə razılığı təsdiqlədiklərini bildirdi. Öz növbəsində Aİ Şurasının Prezidenti Şarl Mişelin yaydığı bəyanatda dəmir yol xəttinin çəkilişi xüsusi olaraq qeyd olunub. Həmçinin dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkil olunacağı vurğulanıb. Bununla da Azərbaycanın dəhlizə dair haqlı mövqeyi bir daha təsdiqlənib.   Laçın dəhlizində gömrük yoxdursa, Zəngəzur dəhlizində də olmamalıdır   Dövlət başçısının toxunduğu çox mühüm məsələlərdən biri Zəngəzur dəhlizinin hüquqi rejimidir. Ermənistan tərəfi bu məsələni spekulyasiya edərək fərqli beynəlxalq ictimai rəy formalaşdırmağa, təmasların əhəmiyyətini azaltmağa, dəhlizin inşası və istifadəyə verilməsi prosesini gecikdirməyə çalışır. Təbii ki, proses geriyədönməz xarakter daşıyır, şərtləri diktə edən Azərbaycanın üstün mövqeyi və həm regional, həm də regiondankənar bir sıra dövlətlərin yanaşması fonunda Zəngəzur dəhlizinin açılması labüddür. Ermənistan istəsə də, istəməsə də, dəhliz məsələsi reallaşacaq. Elə dəhlizin hüquq rejiminin müəyyən olunması da Azərbaycanın prinsipial yanaşması və beynəlxalq normalar əsasında olacaq. Prezident İlham Əliyev bu məsələdə ölkəmizin prinsipial mövqeyini birmənalı şəkildə ifadə etdi: “Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.   Sülh, sabitlik və inkişaf naminə   Bunlarla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın sülhyaratma prosesində və təhlükəsizliyin təmin olunmasında qətiyyətli mövqeyini – prinsipial yanaşmasını ortaya qoydu. O, Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiq olduğunu bəyan etdi. “Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik”,-deyə Azərbaycan Prezidenti vurğuladı. Bu, o deməkdir ki, Ermənistan ərazi iddiasından əl çəkməli, ölkəmizin ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsini imzalamalıdır. Belə olan halda, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitini təmin etmək mümkün olacaq. Bu, Ermənistan da daxil olmaqla regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir.   Nəticə etibarilə, Brüsseldə baş tutan görüşlər postmüharibə mərhələsində Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Bu isə onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli mövqeyi qarşıda duran bütün strateji hədəflərə çatmağa imkan verəcək.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu
İsmayıllının Lahıc qəsəbəsində "Kənd turizmi" yaradılır

Veteran.gov.az xəbər verir ki, Lahıc qəsəbəsində “Bələdiyyə turizmi” xidməti yaradılıb. Bununla bağlı qəsəbədə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, qəsəbə sakinləri, rayon ictimaiyyətin nümayəndələri iştirak edib. Burda turistlərin rahatlığı üçün tikilmiş 3 ədəd kotecin açılışı olub.   Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə çıxış edən rayon rəhbəri İsmayıllı rayonunun turizm potensialının geniş olduğunu bildirib, həmçinin o, qeyd edib ki, Lahıc qəsəbəsi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olmaqla yanaşı, həm də sənətkarlığı və adət-ənənələri ilə də məşhurdur. Son illər qəsəbəyə gələn turistlərin sayında artım müşahidə olunur. Turizmin daha da inkişaf etdirilməsi üçün həmçinin onların maraqlarının təmin olunması istiqamətində daha geniş işlər aparıldığını vurğulayıb. Tədbirdə o ,da vurğulanıb ki, İsmayıllı rayonunda və eləcə də, turizm potensialı yüksək olan kəndlərdə, qəsəbələr də "Kənd turizmi" inkişaf etdiriləcəkdir.   Qəsəbə sakinləri ilk növbədə ölkə başçısı Prezident İlham Əliyevə və layihənin Lahıcda həyata keçirilməsində rolu olan hər bir kəsə dərin minnətdarlıqlarını bildiriblər.   Məlumat üçün bildiriririk ki, görülən işlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Lahıc bələdiyyəsi tərəfindən həyata keçirilib.Layihənin davamı olaraq tikilən koteclərin ətrafında turistlərin vaxtlarının səmərəli və maraqlı keçməsi üçün əlavə işlər görüləcək.  

Hamısını oxu
Fudokançılarımız Avropa çempionatında daha iki medal qazanıblar

Polşanın Katovis şəhərində fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdirirlər.   Veteran.gov.az Azərtac-a istinadən xəbər verir ki, bu gün 18-21-yaşlı fudokançılarımızdan Əsəd İmanov gümüş, Nicat Əsədov bürünc medal qazanıblar.   Azərbaycan komandası bu nəticə ilə şəxsi kumite yarışlarında (18-21 yaşlılar) üçüncü pillədə qərarlaşıb.   Bundan əvvəl idmançımız Elməddin Səlimli uşaqlar arasında Avropa çempionatının qalibi olub. Qeyd edək ki, turnirdə ölkəmizi Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin rəhbərliyi altında 4 idmançı təmsil edir.   Otuzdan çox ölkədən idmançıların iştirak etdiyi qitə çempionatı oktyabrın 6-dək davam edəcək.  

Hamısını oxu