Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qələbə bizimlədir, Qarabağ bizimdir - RƏY

“Azərbaycanın ordu quruculuğu, ordumuzun potensialı, döyüş qabiliyyəti bu gün çox yüksək səviyyədədir. Tərtər-Ağdərə uğrunda döyüşlərdə iştirak etmişəm. O dövrlərdə silah-sursatımız az idi, hərbi hazırlıq səviyyəsi aşağı idi. İndi Azərbaycan Ordusu çox güclüdür. İnanıram ki, qələbə bizimlədir, Qarabağ bizimdir”. Bu sözləri Publika.az-a açıqlamasında ehtiyatda olan baş gizir Tapdıq Məmmədov deyib. O bildirib ki, dövlət qəsbkarlara qarşı dözdü, biz məsələnin sülh yolu ilə həll olunmasına çalışdıq: “Lakin indi haqq-ədalət öz yerini tutmaq üzrədir. Gördük ki, ATƏT-in Minsk Qrupundan heç bir köməklik göstərilmədi. İndi dövlətimizin qüdrətli ordusu var. Döyüşə hazırıq, qələbə isə sözsüz ki, bizim olacaq. Cəmiyyətdə ordumuza çox böyük inam var, hər kəs qələbə ruhunda danışır və düşünür. Döyüş mütləq olmalıdır. Azərbaycan hərbçiləri yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq səlnaməsi yaradıb. Bütün Azərbaycan xalqı, hər bir vətəndaş milli ordumuzun, hərbçilərimizin təəssübünü çəkir, ordumuzun gücünə inanır və güvənir. Yadda saxlamaq lazımdır ki, ya silahla qələbə qazanmaq olar, ya da güclü təxribatla. Panika silahdan güclüdür. Odur ki, ordumuz və hərbçilərimizə qarşı inamsızlıq formalaşdırmağa çalışan, yalan, dezinformasiya yayan şəxslər ən sərt şəkildə qınanılmalıdır. Bu gün ordumuz müasir texnika ilə təmin olunub. Artilleriyada yeni silahlar və qurğular var”. Tapdıq Məmmədov onu da əlavə edib ki, Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi ilə yanaşı, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, onların əməkhaqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Aytən Məftun

2020-09-22 00:00:00
3615 baxış

Digər xəbərlər

Prezidentdən Ermənistana: “Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get, başqa ölkənin tərkibində yaşa”

“Müharibəyə gəldikdə, bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər - 10 mindən çox fərari olub. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi”. Oxu.Az-ın məlumatına görə, bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. Prezident bildirib ki, Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz:   “Onların ordusu oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edildi?! Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların “qəhrəmanları” qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar. Ermənistan rəhbərliyi artıq özü bunu deyir ki, 20 il ərzində - 1998-ci ildən 2018-ci ilə qədər bu ölkəyə quldurlar, oğrular, qorxaqlar, fərarilər rəhbərlik edib. Son iki il yarım ərzində isə kim rəhbərlik edib? Artıq bütün dünya görür və bu ölkəyə hansı ad vermək olar? Ancaq bir ad – uğursuz ölkə. Bu uğursuzluğun səbəbi nədir? İşğal! Mən bunu dəfələrlə demişəm. Hər kəs baxa bilər mənim çıxışlarıma, müsahibələrimə. Demişəm ki, bu işğal Ermənistanı uçuruma aparacaq. Demişəm ki, biz heç vaxt bu işğalla barışmayacağıq, gec-tez torpağımızı qaytaracağıq. Ancaq Ermənistan o tarixi şansı itirəcək”. İ.Əliyevin sözlərinə görə, Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil: “Ermənistan faktiki olaraq müstəmləkədir. Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar. Onlar Bakıda, Gəncədə, bizim başqa şəhər, rayonlarımızda yaşayırdılar. Onlara söz deyən var idi? Yox. Onlar bundan məhrum oldular. Bizim xalqımızı oradan qovaraq, etnik təmizləmə siyasəti apararaq buradan da getməli oldular. Nə qazandılar? Heç nə. İndi isə bax, bu rəzil durumda bir-birini didirlər, olan-qalan dövlətçiliyi də məhv edirlər. Mən o vaxt demişdim ki, onlar ağıllarını başlarına yığsınlar, bu işğala son qoysunlar. Bu işğal davam etdikcə Ermənistan inkişaf edə bilməz və bilmədi. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdırıblar. Bunların ideoloji əsasları yalan üzərində qurulub, tarixi saxtakarlıq üzərində qurulub və keçmiş üzərində qurulub. Saxtalaşdırılmış keçmişdən əl çəkə bilməyən ölkə necə qabağa gedə bilər? Baxın, dünyada nə qədər müharibələr olub. Elə bu son 100 ili, 200 ili götürün. Nə qədər insanlar həlak olub müharibələrdə. Kim bu ədavəti, kim bu kini-küdurəti yaşadıb öz ürəyində illərlə? Kim öz uşaqlarını nifrət hissi ilə böyüdüb? Budur, bunun gələcəyi, budur, bunun reallıqları. Sovet İttifaqı Almaniya ilə müharibə zamanı on milyonlarla insan itirib, 10 il, 20 il keçəndən sonra artıq barışıq olub”. “İndi Rusiya ilə Almaniya arasındakı münasibətlər normal inkişaf edir. Avropa ölkələri özləri. Fransa İtaliya ilə nə qədər müharibə aparıb. Almaniya ilə Fransa nə qədər müharibə aparıb. Hansı ölkənin xalqı bu nifrəti öz ürəyində yaşadır, bunu, necə deyərlər, alovlandırır. Bax, budur, Ermənistanı bu günə salan. Onlar bütün öz bəlalarında özləri günahkardır. Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər? Türkiyəyə qarşı ərazi iddiası. Heç ağlı yoxdur. Türkiyə kimi böyük bir ölkəyə qarşı ərazi iddiası irəli sürmək özünəqəsd deməkdir. Azərbaycana qarşı ərazi iddiası. Onlar bu iddianı müəyyən müddət ərzində reallaşdıra bilmişdilər, bizim torpaqlarımızı işğal etmişdilər, qonşu xalqı didərgin salmışdılar. Hesab edirdilər ki, onlar haqlıdır və saxta tarix yaradırdılar. İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get, başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa. Onlar özləri öz bəlalarının səbəbkarlarıdır. Onlara vurulmuş bu zərbə, onların başına gələn bu hadisələr bəlkə də onları ayıltdı ki, onlar normal ölkə kimi bundan sonra yaşaya bilsinlər, əgər düzgün seçim etsələr, əgər qonşularla münasibətləri normallaşdırsalar. Mən nə üçün bu barədə danışıram?! Çünki biz bu bölgədə yaşayırıq və istər-istəməz bu qonşuluq davam edəcək, istəsək də, istəməsək də. Mən ölkə Prezidenti və Ali Baş Komandan kimi maraqlıyam ki, bölgəmizdə, Cənubi Qafqazda ədavətə artıq son qoyulsun və normal, işgüzar münasibətlər qurulsun. Hər halda, biz bunu istəyirik. Mən müharibə dövründə demişəm, bir daha deyirəm, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Biz erməni xalqına qarşı enik təmizləmə aparmamışıq, necə ki, onlar bizə qarşı aparıblar. Biz onların tarixi abidələrini dağıtmamışıq, biz onları qoruyuruq və bildiyiniz kimi, bu məsələ ilə bağlı önəmli addımlar atmışıq”, - deyə Prezident əlavə edib.

Hamısını oxu
“Ölkəmizdə qazilərə, şəhid ailələrinə, əlillərə qayğı dövlət siyasətinin nüvəsini təşkil edir”

Cəlil Xəlilov: “Buna görə bütün veteranlar adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirik”   Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər.   Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, bunu ölkə başçısı və Birinci vitse-prezidentin şəhid ailələrinə, müharibə qazilərinə olan diqqət və qayğısının növbəti təzahürü kimi dəyərləndirib:   “Bildiyiniz kimi, avqustun 26-da Abşeron rayonunda daha bir qrup şəhid ailəsinə, müharibə əlilinə, Vətən müharibəsi qəhrəmanlarına ev və avtomobillər verildi, onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Mən bu nəcib, xeyirxah və humanist təşəbbüsə görə həm Prezident İlham Əliyevə, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşkilatımız adından öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.   Azərbaycanda şəhid ailələrinə, əlillərə, qazilərə dövlətimiz tərəfindən yüksək diqqət və qayğının göstərilməsi  artıq uzun illərdir ki, ənənəyə çevrilib. İstər Ümummili lider Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev tərəfindən bu məsələ hər zaman xüsusi diqqət mərkəzində olub. Qazilərə, şəhid ailələrinə, əlilərə qayğı dövlət siyasətinin nüvəsini təşkil edir. Qazilərimizin müalicəsinin yüksək səviyyədə təmin edilməsi, onların problemlərinin operativ həlli üçün YAŞAT Fondunun yaradılması faktının özü buna nümunədir.   Qazi və əlillərə, Vətən müharibəsi qəhrəmanlarına olan bu diqqət və qayğının daha bir önəmi bundan ibarətdir ki, dövlət başçısının bu addımı cəmiyyət, onun bütün təbəqələri üçün də mesaj xarakteri daşıyır. Bu cür addımlar hər bir vətəndaşa müharibə əlillərinin, qazilərin dövlətimiz, xalqımız üçün nə qədər önəmli olduğunu göstərir. Dövlət rəhbərliyinin qazilərə, şəhid ailələrinə münasibətinə şahid olan hər kəs bütün qəlbi ilə anlayır ki, qazilərə, şəhid ailələrinə diqqət göstərmək, onlara qayğı ilə yanaşmaq hər bir vətəndaşın borcudur və hər kəs bu borca sədaqətlə yanaşmalıdır.   Mən bir daha qazilərə, şəhid ailələrinə göstərilən qayğıya görə həm Prezident İlham Əliyevə, həm də Birinci Vitse-prezident Mehriban Əliyeva veteranlarımız adından təşəkkür edir, onlara xalqımız, dövlətimiz üçün müstəsna əhəmiyyət kəsb edən fəaliyyətlərində uğurlar arzulayıram”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Zəfərin Qəhrəmanı – İmran Əliyev

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi əsrlər boyu igid oğulların qanı, canı və Vətənə sonsuz sevgisi ilə yazılıb. Bu salnamənin ən parlaq səhifələrindən biri isə 44 günlük Vətən müharibəsidir. Bu müqəddəs savaşda Azərbaycan Ordusu öz qüdrətini, gücünü və yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu zəfərin arxasında isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti dayanırdı. Bu gün azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın qürurla dalğalanması şəhidlərimizin bizə əmanətidir. Onlar təkcə tarix yazmadılar, onlar həm də xalqın ruhunu dirçəldən, 30 illik Qarabağ nisgilinə son qoyan müqəddəs bir yol açdılar. Şəhidlərimiz Azərbaycanın ən şanlı səhifəsinin müəllifləridir. Onların hər biri bir dastan, bir örnək, bir məktəbdir. Belə qəhrəmanlardan biri də Əliyev İmran Əli oğludur. 7 aprel 1993-cü ildə Göyçay şəhərində dünyaya göz açan İmran Əliyev uşaqlıq və gənclik illərini Bakı şəhərində keçirmişdir. O, paytaxtda yerləşən 54 nömrəli məktəbdə təhsil almış, daha sonra Azərbaycan Texniki Universitetinin kompüter mühəndisliyi fakültəsinə daxil olaraq ali təhsilini başa vurmuşdur. Vətənə xidmət amalını həyatının əsas məqsədinə çevirən İmran Əliyev Naxçıvan Muxtar Respublikasında Fövqəladə Hallar Nazirliyinin hərbi hissəsində xidmət etmiş, sonra isə təlim-tədris mərkəzində kurs keçərək leytenant rütbəsi ilə Bərdə şəhərində yerləşən hərbi hissədə fəaliyyətə başlamışdır. 2020-ci ilin əvvəlindən etibarən xidmətini davam etdirən İmran, qısa zamanda özünü nizam-intizamlı, məsuliyyətli və cəsur zabit kimi göstərmişdir. Daha sonra Tərtər istiqamətinə ezam olunan İmran Əliyev Vətən müharibəsinin ilk günlərindən döyüşlərə atılmışdır. Suqovuşan uğrunda gedən ağır və şiddətli döyüşlərdə o, misilsiz igidlik nümayiş etdirmiş, son damla qanına qədər Vətən uğrunda vuruşaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Onun həyat yolu Vətənə bağlılığın, şərəfin, qeyrətin və sonsuz vətənpərvərliyin təcəssümüdür. İmran Əliyev sübut etdi ki, Azərbaycan oğulları yenilməzdir, qorxmazdır və Vətən uğrunda canlarını fəda etməyə hər zaman hazırdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İmran Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Bu mükafatlar onun qəhrəmanlığına dövlət tərəfindən verilmiş yüksək qiymətin göstəriciləridir. Bu gün İmran Əliyev təkcə doğmalarının deyil, bütün Azərbaycan xalqının qəlbində yaşayır. Azərbaycan var olduqca onun adı da yaşayacaq, xatirəsi daim ehtiramla anılacaq. Çünki şəhidlər ölmür, onlar Vətənin yaddaşına çevrilir, xalqın ruhunda əbədi yaşayırlar. Ruhun şad olsun, qəhrəman         Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilov

Hamısını oxu
“Azərbaycanda hər kəsin, eləcə də xarici ölkə vətəndaşlarının təhlükəsizliyi yüksək səviyyədə təmin olunur”

Cəlil Xəlilov: “Terror ehtimalı ilə bağlı ABŞ Dövlət Departamentinin bəyanatın heç bir real əsası yoxdur”   “Ölkəmizdə vətəndaşların təhlükəsizliyi yüksək səviyyədə təmin olunur və bununla bağlı hər hansı problem mövcud deyil”.   Bunu veteran.gov.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyəti, xüsusi xidmət orqanlarının sayıqlığı terror ehtimalını heçə endirir:   “ABŞ Dövlət Departamentinin Azərbaycanda terror ehtimalının mövcudluğu ilə bağlı verdiyi bəyanat əsassızdır və hər hansı reallığa söykənmir. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin verdiyi bəyanatdan da göründüyü kimi, ictimai rəydə çaşqınlıq doğuran, ölkəmizin imici baxımından arzuedilməz olan bu açıqlama üçün heç bir əsas, real zəmin yoxdur.   Azərbaycanda xüsusi xidmət orqanlarının öz işini yüksək səviyyədə qurduğu, dövlətimizin və xalqımızın təhlükəsizliyi üçün risk təşkil edən ən xırda təhlükəni belə zamanında de-şifrə etdiyi və zərərsizləşdirdiyi məlumdur. Təkcə bir falktı qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı belə Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı, hüquq-mühafizə orqanlarımızın peşəkarlığı sayəsində hər hansı terror aktının reallaşmasına imkan verilmədi. Düşmən qüvvələr güc orqanlarımızın formalaşdırdığı təhlükəsizlik səddini yara, öz mənfur əməllərini reallaşdıra bilmədi.   Bu gün də Azərbaycan ərazisindəki vətətəndaşların, o cümlədən xarici ölkə vətəndaşlarının təhlükəsizliyi yüksək səviyyədə qorunur. Ölkəmizdə möhkəm sabitlik, etibarlı təhlükəsizlik sistemi mövcuddur. Bu isə o deməkdir ki, istənilən xarici ölkə vətəndaşı ölkəmizə səyahət edə, bu səyahət zamanı özünü doğma vətənindəki qədər rahat və təhlükəsiz hiss edə bilər.   Təbii ki, biz təhlükəsizliyimizin etibarlı təminatına görə ilk növbədə ölkə başçısına, onun səyləri və tövsiyyələri əsasında öz peşəkarlığını durmadan artıran hüquq-mühafizə orqanlarımıza minnətdarıq. Hər kəs əmin ola bilər ki, heç bir məkirli qüvvənin bu təhlükəsizliyi pozmasına, ölkəmzidəki sabitliyə xələl gətirməsinə bundan sonra da imkan verilməyəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu