Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ordumuz tezliklə xalqımıza qələbə sevinci yaşadacaq - Əhliyyət Mehdiyev

“Dünəndən başlayaraq ehtiyatda olan hərbi vəzifəlilər təlim və hərbi yoxlama üçün xüsusi toplanışlara çağırılırlar. Bu, hər bir azərbaycanlı kimi bizi də sevindirir və vətənpərvər gənclərimizlə qürur duyuruq”. Bu fikirləri Publika.az-a danışan Aprel döyüşlərinin iştirakçısı, Qarabağ müharibəsi əlili Əhliyyət Mehdiyev deyib. O qeyd edib ki, vətəndaşlarımız dövlət-ordu-xalq vəhdətini həm Aprel döyüşlərində, həm Tovuz hadisələrində, həm də hazırkı vaxtda ən yüksək səviyyədə nümayiş etdirir: “Bu, hər bir azərbaycanlı kimi bizi də sevindirir. Son illərdə, xüsusilə Aprel döyüşlərindən sonra və Tovuz hadisələrində gördük ki, yüz minlərlə Azərbaycan gənci Ali Baş Komandana, ordumuza, dövlətimizə dəstək nümayişlərinə qatıldı və əsgərlərimizin yanında olduqlarını bildirdilər. Bu gənclər bu gün də Səfərbərlik Xidmətinə, Müdafiə Nazirliyinə müraciət edirlər. Minlərlə gənc döyüş bölgələrinə yollandı və döyüşməyə hazır olduğunu bildirdi. Biz bu gün öz gəncliyimizlə, vətəndaşlarımızla qürur duyuruq, mütəmadi olaraq gənclərlə görüş keçiririk, onlardan özümüz də müsbət enerji alırıq. Hər bir auditoriyada görürük ki, yüzlərlə yeni Poladlar, Mübarizlər, Raquflar, Samidlər və neçə-neçə igidlər yetişir. Bu, bizi qürurlandırır. Bir daha əmin oluruq ki, sabahımız etibarlı əllərdədir. İnanıram ki, tezliklə ordumuz qələbə sevincini xalqımıza yaşadacaq. Xalqımız qələbəyə layiqdir və bu, tezliklə olacaq. Hər şey göz önündədir. Gəncliyimizlə, vətənpərvər gənclərimizlə, vətəndaşlarımızla qürur duyuruq”. Akqabay Mıradov

2020-09-22 00:00:00
3513 baxış

Digər xəbərlər

İlham Əliyev Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Qvineya-Bisaunun ətraf mühit naziri Viriato Kassama da daxildir. Dövlətimizin başçısı bu yaxınlarda Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşünü məmnunluqla xatırlayaraq əlaqələrimizin perspektivləri və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından bu görüşün çox səmərəli olduğunu dedi və həmin görüşdən az müddət keçməsinə baxmayaraq Qvineya-Bisaudan nazirlər səviyyəsində nümayəndə heyətinin ölkəmizə səfərini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev iqtisadiyyat, o cümlədən ticarət və investisiya sahələrində əməkdaşlığın qurulmasının siyasi əlaqələrin də möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu dedi. Xoş sözlərə görə minnətdarlığını bildirən Karlos Pinto Pereira Qvineya-Bisau Prezidentinin Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmlənməsi istəyini ifadə edərək, rəhbəri olduğu nümayəndə heyətinin ölkəmizə bu məqsədlə gəldiyini vurğuladı. Söhbət zamanı təhsil sahəsində əməkdaşlığa toxunuldu, Azərbaycan tərəfindən ölkəmizin ali təhsil müəssisələrində Qvineya-Bisaudan olan tələbələrə xüsusilə mühəndislik, neft-mühəndisliyi və digər sahələrdə təhsil təqaüdlərinin ayrılması məsələsi qeyd edildi. Hələ sovetlər dövründə Qvineya-Bisaudan olan çoxlu sayda tələbənin müxtəlif sahələr üzrə Azərbaycanda təhsil aldıqları məmnunluqla xatırlandı, hazırda həmin şəxslərin Qvineya-Bisau Hökumətində təmsil olunduqları bildirildi, həmçinin bugünkü nümayəndə heyətinin tərkibində olan nazirlərin və digər rəhbər şəxslərin də vaxtilə Azərbaycanda təhsil aldıqları vurğulandı. Görüşdə neft və mədənçilik sahəsində əməkdaşlıq qeyd edildi, Azərbaycanın bu sahədə təcrübəsini bölüşməsi və geoloji kəşfiyyat işlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Ölkələrimiz arasında diplomatik məsləhətləşmələr mexanizminin inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələləri müzakirə olundu. Azərbaycanın “ASAN xidmət” təcrübəsinin Qvineya-Bisau üçün maraqlı olduğu qeyd edildi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanın dövlət orqanları və özəl qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin vahid məkanda təmin edilməsi təcrübəsi olan “ASAN xidmət” BMT tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Prezidenti bildirdi ki, ölkəmiz bu sahədə öz təcrübəsini Qvineya-Bisau ilə bölüşməyə hazırdır.

Hamısını oxu
Belqradda “Faşizmsiz dünya uğrunda mübarizənin əsas metodları” mövzusunda beynəlxalq konfrans keçirilib

Bosniya və Herseqovinanın paytaxtı Belqradda “Faşizmsiz dünya uğrunda mübarizənin əsas metodları” mövzusunda beynəlxalq konfransı təşkil edilib. Tarixi, mədəni irsin qorunması və saxlanılması missiyasını başlıca fəaliyyət məqsədi sayan “Qələbənin varisləri” beynəlxalq birliyinin təşkil etdiyi konfrans İkinci Dünya müharibəsinin 75 illiyinə həsr olunub. İyirmidən çox ölkədən yüksək vəzifəli nümayəndə heyətlərinin, o cümlədən iki ölkənin prezidentinin qatıldığı konfransda Azərbaycanı Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təmsil edib. Tədbirdə “Veteranların müdrikliyi - müharibə və faşizmə sipərdir” adlı məruzə ilə çıxış edən C.Xəlilov Azərbaycanın faşizmə qarşı mübarizədə müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Həmin müharibədə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar, əvəzsiz xidmətlər göstərib. Azərbaycan neftinin qələbədəki payı xüsusilə böyük olub. Bu gün həmin Qələbənin canlı yaddaşı veteranlardır. Əbədi fəxrimiz olan veteranlar ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunublar. C.Xəlilov qonaqların diqqətini Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün pozmasına, 25 ilə yaxın müddətdə BMT-nin qəbul etdiyi dörd qətnamənin bu ölkə tərəfindən bu günədək icra olunmamasına yönəldib. O, bu faktı faşizmin dirçəldilməsinin bariz nümunəsi kimi dəyərləndirib, tarix beşiyimiz olan Qarabağın hələ də işğal altında saxlanmasını və milli-mədəni sərvətlərimizin talan olunmasını böyük təəssüf hissi ilə diqqətə çatdırıb. Eyni zamanda, Ermənistanda nasizmə xidmət edənlərə son illərdə abidə ucaldılmasını ciddi tənqid edərək deyib: “Biz nasistlərlə əlbir olanların qəhrəmanlaşdırılmasının əleyhinə çıxmalıyıq. Artıq bir neçə ildir ki, müasir erməni faşistləri öz sələflərinin, İkinci Dünya müharibəsində alman faşizminə xidmət göstərmiş cəlladlar, erməni qisasçı legionlarına rəhbərlik etmiş Qaregin Njde və general Dronun genişmiqyaslı təbliğatı ilə məşğul olurlar. Ermənilər bədnam niyyətlərinin həyata keçirilməsində hər vasitəyə əl atır, hətta qonşu ölkələrin mətbuatının imkanlarından istifadə etməkdən belə çəkinmirlər. Vaxtılə Qarabağda və Zəngəzurda azərbaycanlılara qarşı qırğınlar törətmiş Njde kimi faşist başkəsənlərinin bəraətinə xidmət edən bu təbliğatda o dərəcədə ifrata varılır ki, cəlladlar qəhrəman səviyyəsinə yüksəldilir. Ermənilərin bəşəriyyətin məhvinə çalışan, milyonların cəlladları olanlara abidə ucaltmaları hiddətləndiricidir. İkinci Dünya müharibəsi tarixinə adları nasistlərlə birgə kütləvi qırğınların törədiciləri sırasına yazılmış bu qaniçənlər faşizmə xidmət etdikləri üçün qınaq obyekti olmalı, lənətlə xatırlanmalıdırlar”. Respublika Veteranlar Təşkilatının sədr müavini Azərbaycanda heç zaman dini, irqi ayrı-seçkiliyə yol verilmədiyini, xalqımızın tolerantlığının dünya tərəfindən qəbul edilən reallıq olduğunu əminliklə bildirib. O, Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində qeyd olunan ənənələrin dövlət siyasəti səviyyəsinə qaldırılmasından və həyat tərzinə çevrilməsindən bəhs edərək konfrans iştirakçılarını bunun bariz nümunələri ilə tanış edib. Azərbaycanda yaşayan bütün xalqların hüquq bərabərliyinin təmin edilməsi, müxtəlif dinlərə etiqad edən insanların etnik-mədəni və dini dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən tədbirləri qeyd edən natiq müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrinin bir arada harmonik mövcudluğunun dünya üçün nümunə olduğunu vurğulayıb. Konfransda digər ölkə nümayəndələrinin də çıxışları dinlənilib, faşizmsiz dünya uğrunda mübarizənin metodlarından bəhs olunub.

Hamısını oxu
Azərbaycan Memarlıq və İnşaat Universitetində veteranlarla görüş keçirilmişdir

Hamısını oxu
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatı (23.03.2020)

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir: Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.Bu müddət ərzində: 1. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin. 2. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılsın. 3. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın. 4. Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin. 5. Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etsin. Sərnişinlərə tövsiyə edilsin ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər. 6. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin. 7. İnsanlararası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin. 8. İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin; 9. Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılsın; 10. Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin. 11. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilsin.Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi, koronavirus xəstəliyi üçün xarakterik simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etməyi ciddi tövsiyə edir.

Hamısını oxu