Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikası “Xatirə” kitabı”nın 15-ci cildinin təqdimatı

Respublika Veteranlar Təşkilatı Azərbaycanın İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə verdiyi böyük töhfələr, milli atıcı diviziyalarımızın şanlı döyüş salnaməsi, azərbaycanlıların bu müharibədə göstərdikləri qəhrəmanlıqlar və keçdikləri şərəfli mübarizə yolunun təbliğini daim diqqət mərkəzində saxlayır. Bu sahədə mühüm işlərdən biri “Azərbaycan Respublikası Xatirə Kitabı”nın yaradılmasıdır. AZƏRTAC xəbər verir ki, bu fikirlər martın 9-da “Azərbaycan Respublikası Xatirə Kitabı”nın 15-ci cildinin təqdimatı ilə əlaqədar Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən tədbirdə səsləndirilib. Əvvəlcə İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələrində həlak olmuş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Xatirə Kitabı”nın hazırlanmasına sovet dövründən başlandığını vurğulayıb. Bildirib ki, həmin vaxt nəşrin redaksiya heyəti “Xatirə Kitabı”nın hazırlanması ilə əlaqədar SSRİ respublikalarındakı redaksiyalarla yazışmalar aparıb, onların arxivlərindən müharibədən qayıtmayan Azərbaycan vətəndaşları haqqında məlumatlar toplayıb. Eləcə də Azərbaycan SSR Hərbi Komissarlığının köməyi ilə ölkə ərazisindəki rayon (şəhər) hərbi komissarlıqlarının arxivlərində saxlanılan, Böyük Vətən müharibəsində həlak olan və itkin düşən yüz minədək döyüşçü haqqında məlumatlar əldə edilib. Redaksiya heyətinin əməkdaşları 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olan və itkin düşən Azərbaycan övladları haqqında məlumatların axtarışını və toplanmasını mütəşəkkil qaydada təşkil ediblər və bu işə müqəddəs vəzifə kimi yanaşıblar. Ancaq 1980-ci illərin sonu-1990-cı illərin əvvəllərində Azərbaycanda yaşanan xaos, hərc-mərclik Veteranlar Təşkilatının fəaliyyətinə, o cümlədən “Xatirə Kitabı”nın hazırlanması işinə də mənfi təsir göstərib. “Azərbaycan Respublikası Xatirə Kitabı”nın hazırlanması yönündə növbəti addımların atılmasına yalnız ümummilli lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışından sonra başlanılıb”, - deyən C.Xəlilov vurğulayıb ki, Ulu Öndər 1997-ci il dekabrın 23-də “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Qanunu imzalaması ilə bu kitabın nəşri kimi ciddi zəhmət tələb edən proses sürətlənib. Bunun nəticəsi olaraq, həmin il “Respublika Xatirə Kitabı”nın birinci cildi çapdan çıxıb. Prezident İlham Əliyevin xalqımızın tarixinin və mədəniyyətinin öyrənilməsinə, təbliğinə yüksək diqqət və qayğısı sayəsində “Azərbaycan Respublikası Xatirə Kitabı”nın artıq 15 cildi hazırlanaraq işıq üzü görüb. Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, AMEA-nın həqiqi üzvü, akademik Ziyad Səmədzadə, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev və başqaları çıxışlarında “Respublika Xatirə Kitabı”nın yaradılmasının əhəmiyyətindən, müharibələrdə vuruşmuş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsindən, Azərbaycan xalqının və Bakı neftinin faşizm üzərində Qələbənin qazanılmasında danılmaz rolundan, ümummilli lider Heydər Əliyevin Böyük Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğıdan danışıblar. Natiqlər xalqımızın, gənclərimizin və dünya ictimaiyyətinin geniş məlumatlandırılması işində, vətəndaşlarımızın müharibədə həlak olmuş və itkin düşmüş yaxınlarının tapılmasında bu kitabın önəmini qeyd edib, nəşrin ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlıqlarını bildiriblər. Sonra “Xatirə Kitabı”nın hazırlanmasında və ölkəmizin ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup şəxs Respublika Veteranları Təşkilatının medal və fəxri fərmanları ilə təltif olunub. Bu nadir nəşrdə Vətən yolunda canından keçmiş soydaşlarımız haqqında yığcam bioqrafik arayışlar verilir. “Respublika Xatirə Kitabı”nın 15-ci cildində isə soyadı “U”, “Ü”, “V” hərfləri ilə başlayan 20 minə yaxın soydaşımızla bağlı məlumatlar əksini tapıb. Kitab İkinci Dünya müharibəsində, Azərbaycanın milli istiqlal mübarizəsində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, ölkəmizin ərazi bütövlüyü uğrunda və müstəqilliyimiz yolunda gedən döyüşlərdə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olmuş, itkin düşmüş Vətən övladlarının əziz xatirəsinə həsr olunub.

2017-03-09 00:00:00
3870 baxış

Digər xəbərlər

“Mehdi Hüseynzadə ilə bağlı keçirilən tədbir xalqımızın qəhrəmanlarına və milli-mənəvi dəyərlərinə sevgisinin təzahürüdür”

22 dekabr 2025-ci ildə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin doğum günü ilə əlaqədar olaraq Novxanıda təntənəli tədbir keçirilib.  İş adamı Cəlil Nağıyevin dəstəyi, kənd ağsaqqalı Nuhbala Ağayevin təşkilatçılığı ilə baş tutan tədbirdə əfsanəvi kəşfiyyatçının abidəsi ziyarət olunub, onun həyat və döyüş yolu ilə bağlı maraqlı faktlara toxunulub. Veteran.gov.az-a açıqlama verən millət vəkili Asim Mollazadə bu və bu qəbildən olan tədbirlərin qəhrəmanlıq tariximizin təbliği baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb: "Mehdi Hüseynzadə ilə bağlı keçirilən tədbir xalqımızın qəhrəmanlarına, habelə, milli-mənəvi dəyərlərinə olan sevgisinin təzahürüdür. Bu fakt bir daha sübut edir ki, illər, əsrlər keçsə də, xalq öz qəhrəmanlarını unutmur, bu qəhrəmanları hər zaman böyük hörmət və dərin ehtiram hissi ilə yad edir.  22 dekabr tarixində Novxanıda Mehdi Hüseynzadə ilə bağlı belə bir tədbirin keçirilməsi qürurverici və təqdirəlayiqdir. Bu, hərb tariximizə ehtiram əlaməti olmaqla yanaşı, həm də əsl vətənpərvərlik təbliğatı, gənc nəslə praktiki nümunədir. Bu cür tədbirlər xalqımızın qəhrəmanlıq ənənəsinin nəsildən-nəsilə ötürülməsi, onların öz tarixlərinə bələd olması, gələcəklərini tarixlərindən güc alaraq inşa etməsi baxımından həyati əhəmiyyətə malikdir. Hesab edirəm ki, qəhrəmanlarımızın yad edilməsi, onların igidliklərinin təbliği ilə bağlı bu gözəl ənənə bundan sonra da davam etdirilməli, yaşadılmalı və müqəddəs bir əmanət kimi gələcək nəsillərə ötürüməlidir”. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan dövlətinin Lideri ölkəmizin maraqlarını ən yüksək səviyyədə qoruyur

Cəlil Xəlilov: Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı “Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi bölgədəki mövcud reallığın nəticəsidir””. Bunu “İki sahil”ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 2020-ci illə müqayisədə bu gün Qarabağda tamam fərqli bir mənzərə mövcuddur: “Xatırladaq ki, Qarabağda Rusiya sülhməramlıları 10 noyabr üçtərəfli bəyanata uyğun olaraq yerləşdirilmişdi. Həmin vaxt Qarabağda qanunsuz erməni silahlı birləşmələri mövcud idi. Ölkəmizin suverenliyi tam bərpa edilməmişdi və bölgədə hərbi qarşıdurma ehtimalı öz mövcudluğunu qoruyub saxlayırdı. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində bölgədəki bütün erməni silahlı birləşmələri zərərsizləşdirildi. Azərbaycan öz suverenliyini tam bərpa etdi. Həmin ərazidə yaşayan bütün vətəndaşların, eləcə də erməni əsilli şəxslərin təhlükəsizliyi tam təmin edildi. Belə olan halda Rusiya sülhməramlılarının bölgədə qalması heç bir məna kəsb etmirdi. Məhz bu səbəbdən də Rusiya və Azərbaycan rəhbərliyi arasında sülhməкamlıların vaxtından tez bölgədən çıxarılması ilə bağlı razılıq əldə edildi”. Polkovnik qeyd edib ki, sülhməramlıların bölgədən çıxarılması onların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı: “Rusiya sülhməramlıları bölgəyə gəlişindən sorna bəzi radikal müxalifətçilər, antimilli qüvvələr iddia edirdi ki, guya bu, yanlış addımdır və bundan sonra onları Azərbaycan ərazisindən çıxarmaq mümkün olmayacaq. Ancaq bu gün baş verən olaylar bir daha sübut edir ki, Azərbaycan dövləti, onun Müzəffər Ali Baş Komandanı ölkəmizin maraqlarını ən yüksək səviyyədə qorumağa qadirdir və bu cür tənqidlər qərəzdən başqa bir şey deyil”.

Hamısını oxu
İlham Əliyev və Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb  

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində edilən paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”

Hamısını oxu