Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident BMT-də Ermənistanı faktlarla İFŞA ETDİ

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 5-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanı dünyanın ali tribunasından ifşa etdi və bu çıxış təkcə işğalçı ölkənin mahiyyətinin dünyanın diqqətinə çatdırılması yox, Azərbaycanın işğal faktı ilə barışmayacağının növbəti dəfə bəyan edilməsi idi.

Azərbaycan liderinin çıxışının Ermənistana həsr olunmuş hissəsi özündə mühüm aspektləri birləşdirir.

Müharibə cinayəti

Dövlət başçısı Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərinə qanunsuz köçürmə həyata keçirdiyini qeyd edib: “Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal edilmiş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur”.

Prezident qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz.

Avqustun 4-də Beyrut limanında baş verən partlayışdan sonra bütün dünya bu humanitar fəlakətin aradan qaldırılmasına yardım etdiyi vaxt, Ermənistan “humanitar addım” və “Livan ermənilərə dəstək” atı altında onların işğal edilmiş ərazilərə köçürülməsini sürətləndirdi. Ermənistan bu qanunsuz köçürməni rəsmən təsdiqləyir. Bu ölkənin Diaspor İşləri üzrə Baş Komissarlığının mətbuat katibi Zare Sinanyan bildirir ki, “Livan ermənilərindən iki həkim ailəsi “Artsax”-a (Dağlıq Qarabağ) köçürüldü, onlar Şuşa şəhərində məskunlaşdırıldı”. Livan ermənisi olan aşpaz Toni Hajar erməni mediasında müsahibəsində üç nəfərdən ibarət olan ailəsi ilə birlikdə məskunlaşdığı işğal altındakı Şuşada “kulinariya layihəsi”ni həyata keçirmək niyyətində olduğunu açıqlayıb.

Qarabağdakı separatçıların rəhbəri Araik Arutunyan isə “Livan koloniyası”nın yaradılacağını deyib.

Ermənistanın işğal olunmuş ərazilərə qanunsuz köçürmə siyasəti illərdir davam edir. 2015-ci ildən başlayaraq, Suriya erməniləri də bu ərazilərə köçürülür. Hazırda həmin ermənilər “Hələb koloniyası”nda məskunlaşıb. Yaxın Şərq ölkələrindən Qarabağa köçürülən ermənilərdən muzdlu əsgər kimi istifadə edildiyi faktları da var.

Ermənistanın bu qanunsuz siyasəti beynəlxalq hüquqda əksini tapmış “müharibə cinayəti”dir. 1949-cu ildə qəbul olunan Cenevrə Konvensiyasında işğalçı dövlətin işğal olunmuş ərazilərdə məskunlaşdırma siyasəti aparması müharibə cinayəti kimi tövsif edilib.

Konvensiyanın 49-cu maddəsində deyilir: “İşğalçı dövlət öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə deportasiya edə və ya köçürə bilməz”.

Bu prinsip Konvensiyaya 1977-ci ildə əlavə edilən Beynəlxalq Hərbi Münaqişə qurbanlarının qorunmasına dair 1 saylı Protokolda, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsi, Birləşmiş Millətlər Təşkilatının Şərqi Timordakı Keçid İdarəsi Qaydasında da qeyd olunur.

Prezident bu şirkətlərə xəbərdarlıq etdi...

Prezident İlham Əliyev Ermənistanın işğal altındakı ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsini məhv etdiyini, Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismar edildiyini də bəyan edib.

Ermənistan işğalı altındakı ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdır, Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir. Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalıb.

Ermənistanın maddi-mədəni irsimizə qarşı vandalizmi bu gün də davam edir. 1994-cü ilin qiymətləndirmələrinə görə, dəyərini müəyyən etmək mümkün olmayan daşınmaz tarix və mədəniyyət abidələrindən başqa respublikamıza dəymiş ümumi zərərin məbləği 23 trilyon 680 milyon manat və ya 6 milyard 71 milyon ABŞ dollardır.

Prezident İlham Əliyev Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlərə də xəbərdarlıq edib. Bildirib ki, bu şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmadıqları halda onlar hüquqi məsuliyyətlə üzləşəcəklər.

Ermənistanın terror siyasəti və ASALA-nın Qarabağa gətirilməsi

Dövlət başçısı BMT tribunasından Ermənistanın terrorla əməkdaşlığını da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

“Ermənistan müxtəlif ölkələrdən olan muzdluları və terrorçuları cəlb edir və onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var”, - Prezident bəyan edib.

Tovuz döyüşlərindən sonra PKK və ASALA terror təşkilatlarının Dağlıq Qarabağa gətirilməsi faktı bunu sübut edir.

Son bir ayda 250 PKK terrorçusu Qarabağa gətirilib. Bununla yanaşı, PKK tərkibində yaradılan “Nubar Ozanyan” adlı erməni taborunun terrorçuları da işğal olunmuş ərazilərdədir. Məlumatlara görə, erməni erməni taborunun üzvləri, eləcə də Qəndil və Qamışlıdan gələn digər terrorçular Ağrı dağı üzərindən Ermənistana keçib. Terrorçuların Ağrı dağından keçidinə “Ağrı qartalları” qruplaşmanın üzvləri olan Livan Qaradağ, Hemaran Kervaçiyan və Sərvət Boqapşin adlı terrorçular bələdçilik edib. 400-ə yaxın terrorçunun Göyçə gölü ərazisində PKK üçün ayrılan Vardenes düşərgəsində təlimlər keçdiyi, ardınca Dağlıq Qarabağa göndərildiyi deyilir. Döyüşlərdə əsasən təcrübəli terrorçulardan istifadə olunur.

Azərbaycan Prezidenti BMT tribunasından “Erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var” deməklə beynəlxalq ictimaiyyətin diqqətinə Ermənistanın terror dövləti olduğunu çatdırdı.

BMT tribunasından BMT-yə çağırış

Prezidentin çıxışında ən mühüm məqamlardan biri BMT Təhlükəsizlik Şurasının erməni hərbi birləşmələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarlmasına dair 4 qətnaməsinin hələ də icra edilmədiyi haqda fikirləri idi.

“BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir. Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yaradılmalıdır”, - dövlət başçısı bəyan edib.

Azərbaycan lideri BMT tribunasından “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq” deyir və dünyanın ən ali təşkilatından qəbul etdiyi qətnamələri icra etməyi tələb edir.

Ermənistanın hücum planı ifşa edildi

Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti işğalçı Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə də çağırıb.

“Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə verməmişdir. Ermənistanın məqsədi işğal ilə bağlı cari status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ Prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanmışdır. Azərbaycan tərəfi həmin bəyanatları alqışlayır, lakin bəyanatlar kifayət etmir. Real addımlara ehtiyac var”, - dövlət başçısı qeyd edib.

Azərbaycan lideri BMT tribunasından Ermənistanın işğalçı siyasətini və hücum planlarını ifşa etdi. Bəyan etdi ki, “İşğalçı dövlət olan Ermənistana beynəlxalq sanksiyalar tətbiq olunmalıdır”.

Prezident İlham Əliyevin bu çıxışının Ermənistanda ciddi rezonans yaratması da təsadüfi deyil. Keçmiş ədliyyə naziri Arpine Ovannisyan Azərbaycan Prezidentinin BMT-nin tribunasından Ermənistanı biabır etdiyini, baş nazir Nikol Paşinyanın isə İlham Əliyevə verməyə cavabının olmadığını bildirib.

Asif Nərimanlı

2020-09-25 00:00:00
3418 baxış

Digər xəbərlər

Binəqədi rayonunda veteranlarla görüş keçirilib

Respublika Veteranlar Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və həmin şöbənin baş mütəxəssisi Nəbi Hacıyev 14 aprel 2021-ci il tarixində  Binəqədi rayonunda veteranlarla görüş keçirib.   Tədbirdə  Binəqədi rayon VT-nin müavini Teyyub Həsənov, Birinci Qarabağ Müharibəsi iştirakçısı, ehtiyatda olan mayor Telman Vəliyev, 44 günlük Vətən müharibəsi iştirakçısı Xaliq Namazlı, əmək veteranları Rəna Əliyeva, Zakir Əliyev və başqaları iştirak edib.   Tədbiri giriş sözü ilə açan Teyyub Həsənovun təklifi ilə ərazi bütövlüyü uğrunda canından  keçən şəhdilərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən ehtiyatda olan polkovnik Adil Haqverdiyev müharibə iştirakçılarının sağlamlıq durumu və döyüş yolu ilə  maraqlanıb. Vətən müharibəsində ordumuzun Ali Baş Komandanın rəhbərliyi altında  işğalçıları tarixi torpaqlarımızdan qovduğunu bildirən Adil Haqverdiyev, bundan sonra da ölkə başçısı ətrafında sıx birləşməyin zəruriliyini vurğulayıb.   Çıxışdan sonra Adil Haqverdiyev tədbir iştirakçılarının suallarını cavablandırıb.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Heydər Əliyev: Ömrünü xalqın rifahına həsr edən lider!

Azərbaycan xalqının sosial rifahının yüksəlməsi, onun yaşam səviyyəsinin davamlı olaraq  yaxşılaşması hər zaman Ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində  - mürəkkəb hərbi-siyasi vəziyyətdə hakimiyyətə gələn Heydər Əliyev, ölkənin düşdüyü ağır duruma rəğmən vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində silsilə addımlar atır, bu yöndə mühüm qərarlar qəbul edirdi. Ulu öndər hesab edirdi ki, müharibə və iqtisadi böhran şəraitində belə xalqın sosial rifahının diqqət mərkəzində saxlanılması vacibdir və bu, çoxsaylı problemlər fonunda prioritet məsələlərdən biri olmalıdır. Bu baxımdan Heydər Əliyevin səyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiyada əhalinin sosial rifahının yüksəldilməsi, layiqli həyat səviyyəsinin təmin olunması öz əksini tapır. Sosial rifah amilinin konstitusiyada yer alması, dövlətin əsas məqsədlərindən biri elan edilməsi Heydər Əliyevin xalqa, onun layiqli yaşamına verdiyi yüksək diqqətin göstəricisidir. Ulu öndərin sosial siyasəti rəqəmlərin dili ilə... 1993-cü ildən - hakimiyyətə gəldiyi ilk gündən xalqın sosial rifahının yaxşılaşdırılması istiqamətində konkret addımlar atan Heydər Əliyev, zaman-zaman bu yöndə böyük uğurlar əldə etmiş, əhalinin rifah səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə nail olmuşdur. Təkcə bir faktı qeyd edək ki, 1993-2003-cü illər ərzində Heydər Əliyev qayğısı sayəsində pensiya və müavinətlər 8 dəfə artmışdır ki, bu da əhalinin həssas təbəqəsinin sosial rifahının önəmli dərəcədə yaxşılaşmasına öz töhfəsini vermişdir. Ulu öndər əmək haqlarının artırılması məsələsini də diqqət mərkəzində saxlayır, ölkənin iqtisadi imkanlarından istifadə edərək bu sahədə ciddi irəliləyişlərin təmininə nail olurdu. Statistika göstərir ki, Ulu öndər 1993-2003-cü illər ərzində orta aylıq əmək haqqının 6 dəfə artırılmasına nail olmuşdur ki, bu da o dövrün reallığı baxımından olduqca yüksək göstəricidir. Onu da qeyd edək ki, Ulu öndər bütün bu uğurlara bir tərəfdən erməni işğalna qarşı mübarizə, digər tərəfdən iqtisadi böhran və siyasi təzyiqlərlə mübarizə fonunda nail olmuş, xalqın sosial rifahını yüksəltməklə yanaşı müasir ordu formalaşdırmaq, iqtisadiyyatı gücləndirmək, müstəqilliyi möhkəmləndirmək istiqamətində böyük işlər görmüşdür. Ümummilli lider: “Bütün təbəqələrin həyat tərzini yaxşılaşdırmağa çalışmalıyıq” Ulu öndər Heydər Əliyevin yürütdüyü sosial siyasətdə həssas kateqoriyadan olan şəxslərə daha çox diqqət yetirilsə də, Ümummilli lider bütövlükdə bütün xalqın sosial rifahını yüksəltməyə çalışır, bütün vətəndaşların həyat şəraitini yaxşılaşdırmağa səy göstərirdi. Təsadüfi deyil ki, 1993-cü ildə Bakı Kondisioner zavodunda paytaxtın sənaye müəssisələri əmək kollektivləri nümayəndələrinin mitinqində çıxışı zamanı bu reallığa toxunan Heydər Əliyev demişdir: “On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın.” Heydər Əliyevin məlum açıqlaması bir daha göstərir ki, onun sosial siyasətinin hədəfində ayrı-ayrı şəxslər deyil, bütöv xalq dayanırdı və o, xalqın sosial rifahını yaxşılaşdırmaq yolunda yorulmadan çalışırdı. İlham Əliyev Ulu öndər irsinə, onun sosial siyasətinə sadiqdir Sevindiricidir ki, Ulu öndərin sosial siyasəti sonrakı dönəmdə Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş, bu istqiamətdə mühüm nailiyyətlərə nail olunmuşdur. Hakimiyyətə gəldiyi ilk gündən yoxsulluğa qarşı mübarizəyə mühüm diqqət verən dövlət başçsı hələ 2019-cu ildə Azərbaycanı dünyada yoxsulluğu 5%-ə endirən 29 dövlətdən biri etmişdir. 2003-2019-cu illər arasında pensiyalar 9, əmək haqları isə 7 dəfə artırılmışdır. Məcburi köçkünlər üçün aylıq müavinətlərin artırılması, problemli kreditlərin həlli istiqamətində atılan addımlar da Prezident İlham Əliyevin sosialyönümlü siyasətə böyük diqqət verdiyini göstərdi. Ulu öndər Heydər Əliyev kimi Prezident İlham Əliyev də həssas kateqoriyadan olan vətəndaşlara – şəhid ailəəlrinə, qazilərə, əlillərə, məcburi köçkünlərə xüsusi həssaslıqla yanaşır, onlarla mütəmadi görüşlər keçirir, bu insanların sosial rifahının yaxşılaşması üçün dövlətin bütün imkanlarını maksimum səfərbər edir. Prezident İlham Əliyev sonrakı dönəmdə də sosialyönümlü siayasət xəttini qoruyub saxlamış, vətəndaşların sosial rifahının yaxşılaşması üçün ciddi addımlar atmışdır. Qeyd edək ki, 2021, 2022 və 2023-cü illərin dövlət büdcəsində sosial xərclər 38,8%-dən 46%-ə qədər yüksədilmişdir. 2023-cü ilin dövlət büdcəsindən sosial xərclər üçün 15 milyard manatdan çox vəsait ayrılıb ki, bu da Azərbaycanın müstəqilik tarixində rekord göstəricidir. 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının qayğısı sayəsində 124 min şəhid ailəsi və müharibə iştirakçısına sosial dəstək paketi çərçivəsində 281 min xidmət göstərilib. Vətən müharibəsindən sonra şəhid ailələrinə, müharibə əlillərinə 13 460 mənzil və fərdi ev verilib ki, bu da dövlətin öz vətəndaşlarının mənzi-məişət şəraitinin yaxşılaşmasına necə böyük qiymət verdiyini göstərir. Xatırladım ki, Prezidentin tapşırığına uyğun olaraq cari ildə də ən az 1500 mənzil və fərdi evin sözügedən kateqoriyadan olan şəxslərə verilməsi nəzərdə tutulur. Bütün bunlar onu göstərir ki, müasir Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu öndərin siyasətinə sadiqdir və bu siyasəti mütəmadi şəkildə inkişaf etdirir. Səmyar Abdullayev Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri  

Hamısını oxu
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

Aprelin 15-də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 40 illiyinə həsr olunmuş toplantı keçirilib. Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov toplantıda çıxışında Zərifə Əliyevanın yüksək insani keyfiyyətləri haqqında fikirlərini bölüşüb. Sözünə davam edən M.Həsənov Ulu Öndər Heydər Əliyevin fikirlərinə istinad edərək, Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanımın bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarmasından və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlməsindən danışıb. Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, digər çıxış edənlər akademik Zərifə Əliyevanın bir alim kimi Azərbaycan oftalmologiya elmini ölkənin hüdudlarından kənarda tanıtmasını iftixar hissilə dilə gətiriblər. Qeyd edilib ki, akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolu həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Azərbaycan oftalmologiya elminin beynəlxalq səviyyəyə qaldırılmasına böyük töhfə verən akademik Zərifə Əliyeva çoxşaxəli elmi-pedaqoji, elmi-tədqiqat fəaliyyəti ilə xalqımızın tərəqqisi yolunda ciddi işlər görüb. Daha sonra toplantıda görkəmli alimin həyat və fəaliyyətini əks etdirən “Unudulmaz Zərifə xanım” adlı film nümayiş olunub.      

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ADA tələbələri kibertəhlükəsizlik mövzusunda tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, 4 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ADA tələbələri - Hacı Zeynalabdin Tağıyev müsabiqəsi çərçivəsində iştirak edən CyberEye komandası (https://www.instagram.com/cybereye.hzt?igsh=ZHhiN2UzZTljNmFk ) kibertəhlükəsizlik mövzusunda tədbir keçirib. Maarifləndirmə xarakterli tədbirdə Nuray Cəfərova, Fərid Xəlilov, Rza Ağarzazadə, İlkin Bayramlı, Hafiz Bəylərli çıxış edərək kibertəhlükəsizlik mövzusunda aktual problemlərə toxunublar. Tədbirdə gənclər, veteranlar, media nümayəndələri iştirak ediblər. Seymur ƏLİYEV

Hamısını oxu