Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində olub. AZƏRTAC xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirildi.

2020-10-07 00:00:00
3671 baxış

Digər xəbərlər

Ümummilli lider Heydər Əliyevin ölkəmizdə qadın hərəkatının formalaşmasında rolu...

Azərbaycan xalqının ümummilli lideri, dahi siyasətçi Heydər Əliyev  Azərbaycan qadını haqqında belə bir müdrik fikir söyləyib: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyilə, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınıb”. Türk etnosunun yaratmış olduğu ən qədim yazılı kitabə olan “Kitabi-Dədə Qorqud”da qadın, ana hüquqları Tanrı səviyyəsinə qaldırılır. Ulu Tanrıdan sonra ikinci yaradıcı ana hesab edilir.  Azərbaycan xalqı tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duymuş,ana adını uca tutub, qadına dərin hörmət və ehtiramla yanaşıb. Fitri istedadı, müdrikliyi və iradəsi ilə seçilən qadınlarımız tarixin ən müxtəlif dönəmlərində səmərəli fəaliyyət göstərərək, xalqımızın taleyüklü məsələlərinin həllinə öz sanballı töhfələrini veriblər.  Azərbaycan qadını azad, dövlət işlərində kişilərlə bərabərhüquqlu iştirak etmək, seçki, əmək hüququna malik olmaq, yüksək təmsil olunmaq kimi hüquqlara nail olmaq yolunda keşməkeşli bir həyat yaşayıbdır. Şərqdə ilk dəfə seçki hüququnu məhz Azərbaycan qadınının qazanması asan əldə olunmamış və bu yolda heç bir qüvvə mərd, mübariz Azərbaycan qadınını qələbə əzmindən döndərə bilməmişdir. Azərbaycan qadınının inkişafı, onun təhsili, cəmiyyətin bütün sahələrində yüksək təmsilçiliyi, xürafat və cəhalətdən qorunması, onların dövlət idarəçiliyinə cəlb olunması kimi problemlər hələ sovet dövründə Heydər Əliyevi düşündürən ən aktual məsələlərdən biri olmuşdur. Yetmişinci illərdə Azərbaycan qadınları ölkənin qanunvericilik orqanlarında irəli çəkilməyə, əməyinin, ağlının təkcə istehsalat üçün yararlı olmayıb, yüksək kürsülərə layiq olduğunu sübut edirdisə, əsrin sonlarında onlar dünya qadın hərəkatının aparıcı qüvvələri kimi hərəkət edir, kişilərlə bərabər hüquq qazanmaq, öz iradəsini, bilik və düşüncəsini dövlətin – ölkənin idarəetmə və qanunvericilik sahəsinə tətbiq etməyə çalışırdılar. Əslində, Azərbaycanda qadın hərəkatı dedikdə XIX əsrin ortalarından başlayan maarifçilik fəaliyyəti, 1905-ci il inqilabından sonrakı yüksəliş başa düşülürsə, ictimai və siyasi iştirakçılıq baxımından bu tarixi uğur və nailiyyət Heydər Əliyevin ölkəmizə  rəhbərlik etdiyi həm birinci və həm də ikinci dövrə təsadüf edir. Respublikamızda Ulu Öndərimizin rəhbərliyi ilə keçirilən  qadın qurultayları isə Azərbaycanda qadın hərəkatının dünya qadınlar birliyinə inteqrasiya yolunda  böyük üfüqlər açıb. Azərbaycanda qadın hərəkatının təşəkkül tapmasında, Azərbaycan qadınının uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin qadın siyasəti amili dayanır. Dövlət başçısı qadın problemlərinin  dövlət səviyyəsində  həlli üçün mühüm fərman da imzalamışdır. 1998-ci ildə Qadın problemləri üzrə Dövlət  Komitəsi yaradılmışdır. Komitə  qadın hüquqlarının müdafiəsi istiqamətində  əhəmiyyətli işlər görmüş, tədbirlər həyata keçirmişdir. Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan Qadınlarının I Qurultayı, 2003-cü ildə isə II qurultayı baş tutmuşdur. Dünyanın müxtəlif ölkələrindən  dövlət və cəmiyyət həyatında xidmətləri  olan tanınmış  qadınlar bu qurultaylarda iştirak edirdilər. Qadınlarımız bu qurultayla  demokratik cəmiyyətdə qadın hərəkatının əsasını qoymuşdular. Şərəfli tarixi keçmişi olan Azərbaycan qadın hərəkatı Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində inkişaf dövrünü yaşamışdır. Onun Azərbaycanın siyasi rəhbərliyində olduğu bütün dönəmlərdə  qadınlar daim diqqət və ehtiramla, məhəbbətlə əhatələnmişdir.      Heydər Əliyev 15 sentyabr 1998- ci ildə keçirilən Azərbaycan Qadınlarının I Qurultayında iştirak edən şəhid analarına öz hörmət və ehtiramını bildirmişdir. Qeyd etmişdi ki, Azərbaycan qadınları Azərbaycan ordusunu daha da gücləndirmək , inkişaf etdirmək, daha  da qüdrətli etmək üçün bundan sonra da gözəl insanlar yetişdirəcək, o insanlar tərbiyəli, vətənpərvərlər olacaqlar. Məhz unudulmaz dövlət rəhbərimizin sonsuz qayğısının, diqqətinin bariz ifadəsidir ki, Azərbaycan qadınları artıq bütün dövlət idarəçilik strukturlarında, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməklə, yüksək səviyyədə təmsil olunurlar. Bu gün ölkəmizdə beynəlxalq standartların tələblərinə cavab verən dövlət qadın siyasətinin formalaşmasını, hətta ən mötəbər beynəlxalq təşkilatlar da  təsdiqləyir. Artıq  respublikamızda da qadın hüquqları, qadın hərəkatı və gender siyasəti təhsil müəssisələrində tədris edilməklə dərindən öyrənilir və elmi tədqiqat obyekti kimi tədqiq edilir. İllər keçəcək, əsrlər və qərinələr bir-birini əvəz edəcək, Azərbaycan qadını daim ölkəmizdə əzəmətli qadın hərəkatına görə müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, əvəzolunmaz dövlət rəhbəri, gözəl insan, dünya şöhrətli siyasətçi Heydər Əliyevi ehtiramla yad edərək ona daim minnətdar olacaqdır. Müstəqil respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli sərəncamı gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturu olduğu da xüsusi qeyd olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapmışdır. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Qanun gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini və vəzifələrini müəyyən etmişdir. Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırır, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolunu gücləndirir. Qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı qadınlar həm də, ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilirlər. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. O, Ali Baş Komandan, Prtezident İlham Əliyevin ən yaxın silahdaşı kimi, Azərbaycanın inkişafı, daha da güclü və qüdrətli dövlət olması üçün əlindən gələni əsirgəmir. Bu gün müasir Azərbaycanda qadın hərəkatının inkişafında torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlar, bütün şəhid anaları və xanımları, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşları, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının da rolu danılmazdır. Çünki qəhrəman analarımızın sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək, Azərbaycanın ərazi bütövlüyünü təmin etdilər. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq. Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Mustafayeva Arifə Akif qızı

Hamısını oxu
Şəhid Əlövsət Məmmədovun məzarı və ailəsi ziyarət olunub

  Veteran.gov.az xəbər verir ki, Goranboy rayonunda Vətən müharibəsi şəhidi Əlövsət Məmmədovun məzarı və ailəsi ziyarət olunub. Bu barədə Goranboy rayon Gənclər və İdman İdarəsinin sosial şəbəkədəki hesabında məlumat verilib. Məlumatda deyilir:   “19 sentyabr 2021-ci il tarixdə Goranboy rayon Gənclər və İdman İdarəsi, Rayon İcra Hakimiyyətinin əməkdaşı və bir qurup gənc könüllülərlə birgə Vətən Müharibəsi şəhidi, rabitə xidmətinin rəisi mayor Məmmədov Əlövsət Əli oğlunun məzarı və ailəsi ziyarət olunub.   Məmmədov Əlövsət Əli oğlu 28.02.1988-ci il tarixdə Goranboy rayon Muzdurular kəndində doğulub, 44 günlük Vətən Müharibəsində qəhramancasına şəhid olub, 09.11.2020-ci il tarixdə dəfn olunub.   Ailəlidir, 3 övladı var.   Şəhidimizin kiçik oğlu Sənanın bu gün doğum günüdür. Bu münasibətlə ona ad günü hədiyyəsi təqdim edilib.   Şəhid ailəsilə görüşdə atası Əli Məmmədov onlara göstərilən diqqətə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Oğlunun nə qədər qoçaq olduğunu və onun kimi igid, qəhrəman övladlarımızla fəxr etdiyini vurğulayıb.Onlara əmanət olan şəhidimizin övladlarını da vətənə layiqli övlad kimi böyüdəcəyini bildirib. Şəhidimizin övladları da gələcəkdə ataları kimi hərbiçi olacaqlarını deyiblər.   Doğum günü münasibətilə qəhraman şəhidimizin övladı Sənan balanı təbrik edir, cansağlığı və  uzun omur arzu edirik.   Allah bütün şəhidlərimizə rəhmət eləsin!”  

Hamısını oxu
Birinci Qarabağ müharibəsinin şəhidi Cəlilabadda torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Quliyev Mahir Abuzər oğlu Cəlilabad şəhər qəbiristanlığındakı şəhidlər cərgəsində  dəfn edilib. Şəhidin nəşinin qalıqları bu gün yaşadığı Cəlilabad  şəhərinə gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb, dualar oxunub. Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri,  şəhid ailələri,  Əmək və Müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə şəhidin Vətən qarşısında xidmətlərindən danışılıb, onun xatirəsinin daim əziz tutulacağı bildirilib. Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb. Tabutun üzərinə örtülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin oğluna verilib. Qeyd edək ki, Quliyev Mahir Abuzər oğlu 1958-ci il oktyabrın 31-də Cəlilabad şəhərində  anadan olub. O, Birinci Qarabağ müharibəsində iştirak edərək Vətənin müdafiəsində xidmət göstərib. 1992-cü il iyunun 15- də Ağdərə rayonunun Sırxavənd kəndində gedən ağır döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları Ağdərə işğaldan azad edildikdən sonra aşkarlanıb, aparılan müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.

Hamısını oxu
İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib. Dövlətimizin başçısı Əli Əkbər Əhmədianın ölkəmizə səfərinin əlaqələrimizin inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Qəbula görə minnətdarlığını bildirən qonaq qeyd etdi ki, dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluq duyur. Əli Əkbər Əhmədian İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın Ali Rəhbərinə və Prezidentinə çatdırmağı xahiş etdi. Əli Əkbər Əhmədian vurğuladı ki, regionda Azərbaycan ilə İranın mədəni, tarixi, dini, o cümlədən sivilizasiya əlaqələrinin oxşarı yoxdur və bu cür qədim əlaqələrə malik iki ölkə tapmaq mümkün deyil. O, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırdı və bütün bunlara görə çox sevindiklərini dedi. Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Prezident İlham Əliyev xalqlarımızın çox sıx tellərlə bir-birinə bağlı olduğunu deyərək, iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının vacibliyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, ölkəmiz İran İslam Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişafına həmişə xüsusi əhəmiyyət verir. İranda yeni prezident seçkilərindən sonra Azərbaycanın bir neçə yüksəksəviyyəli nümayəndə heyətinin bu ölkəyə səfər etdiyi məmnunluqla xatırlandı. Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Ermənistan işğal dövründə Azərbaycanın həmin ərazilərini darmadağın edib, mədəni və dini abidələrimizi, o cümlədən məscidlərimizi təhqirə məruz qoyub, ibadət ocaqlarında donuz və inək saxlayıb. Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır və bu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan 3+3 formatının təşəbbüskarı da məhz Azərbaycan Respublikası olub. Regiondankənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməz olduğu bir daha qeyd edildi. Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin və bu baxımdan Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq formatının vacibliyinə toxunuldu, Azərbaycanda bu istiqamətdə böyükhəcmli yüklərin olduğu bildirildi. Həmçinin “Araz dəhlizi” layihəsi və bu çərçivədə Ağbənd məntəqəsi istiqamətində, Araz çayı üzərində körpülərin və yol-nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı fikir mübadiləsi aparıldı, bu layihənin də regional nəqliyyat bağlantılarının inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edildi. Azərbaycan ilə İran arasında Araz çayı boyunca su elektrik stansiyalarının inşası layihələri müzakirə olundu. Azərbaycan, Rusiya və İran arasında elektrik xətlərinin birləşdirilməsi məsələsinə toxunuldu, bu istiqamətdə əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulandı. Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipi əsasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olundu, yaxın gələcəkdə Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyi bildirildi. İclas çərçivəsində dövlət başçıları tərəfindən qeyd olunan konkret layihələrin müzakirəsi baxımından əlverişli imkanın olacağına ümidvarlıq ifadə edildi.

Hamısını oxu