Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib
Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
AZƏRTAC müraciəti təqdim edir.
Prezident İlham Əliyevin
müraciəti
- Əziz həmvətənlər, müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq.
Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin! Eyni zamanda, mənfur düşmən bizim yaşayış məntəqələrimizi daim atəşə tutur, hər gün cəbhəboyu şəhərlərimiz, kəndlərimiz mənfur düşmənin atəşinə məruz qalır. Bu namərd atəşə ən çox məruz qalan Tərtər rayonudur, eyni zamanda, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, digər şəhər və rayonlarımız düşmən tərəfindən atəşə tutulur. Gəncə şəhərinə namərd zərbələr nəticəsində dinc əhali həlak olur - uşaqlar, qadınlar, qocalar. Düşmən üçün bunun fərqi yoxdur. Belə bir fərq onlar üçün mövcud deyil. Onlar döyüş meydanında məğlubiyyətə uğrayır, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün, bizə zərbə vurmaq üçün bütün dünyanın gözü önündə mülki əhaliyə qarşı cinayət törədir. Bütün dünya görür ki, Azərbaycan hansı mənfur, vəhşi düşməndən öz doğma torpaqlarını azad edir. Otuz il ərzində bizim torpaqlarımızda oturub bizə meydan oxumağa çalışırdı. Otuz il ərzində bizim torpaqlarımızı istismar edirdi, bizim təbii resurslarımızı istismar edirdi, oğurluq, talançılıq onların xislətidir. Dağıdılmış kəndlərin, şəhərlərin vəziyyətinə baxmaq kifayətdir, hər kəs görsün ki, bizim qarşımızda hansı vəhşilər dayanıb. İşğal olunmuş və artıq azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb. Bütün binalar sökülüb, talan edilib, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, talan edilib, təhqir edilib. Onlar hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Onlar hesab edirdilər ki, bu torpaqları əbədi işğal altında saxlayacaqlar. Onlar bizim şəhərlərimizin adlarını dəyişdiriblər, rayonlarımızın sərhədlərini dəyişdiriblər, kəndlərimizin adlarını dəyişdiriblər, bizim torpaqlarımızı erməniləşdirmək istəyiblər, amma buna nail ola bilmədilər, Azərbaycan xalqının iradəsini qıra bilmədilər.
Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlının timsalında gördük. İşğaldan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıbdır. Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar. Necə ki, vaxtilə bizim işğal edilmiş bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsi yaradılıbdır. Amma mənfur düşmən bu irsi məhv etmək istəyirdi, bizim məscidlərimizi dağıdırdı. Biz Çocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərini inşa edəndə və onun açılışında demişdim ki, məscidlərin binalarını onlar dağıda bilərlər, amma bu məscidləri biz öz qəlbimizdə yaşadırıq və gün gələcək bizim dağıdılmış bütün məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır.
Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar, baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin istifadəyə verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilibdir. Onlar bu qayğıya görə bizə minnətdarlıq edirlər və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər. Ancaq, eyni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərait yetişməlidir. Mənə inanırdılar və mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq, mən deyirdim ki, bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır. Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm. Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik.
30 ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. İşğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Sadəcə olaraq, vaxtı uzadırdılar və bununla bərabər işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparırdılar, Laçın şəhərində minlərlə insanı yerləşdiriblər, Kəlbəcərdə minlərlə insanı yerləşdiriblər. Bu gün işğaldan azad edilmiş torpaqlarda da - Füzuli, Cəbrayıl və digər rayonlarımızda da onlar bizim kəndlərimizdə yaşayıblar. O kəndlərin böyük hissəsi dağıdılıb, ancaq bəzi evlərdə onlar bizim torpağımızda yaşayıblar. Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, azərbaycanlılara qarşı soyqırımı törətmək, bizim vətəndaşlarımızı doğma torpaqdan didərgin salmaq və ondan sonra “referendum” keçirmək tamamilə insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Heç kim qondarma “Dağlıq Qarabağ respublikasını” tanımayıb. İndi onlar əlləşirlər, vurnuxurlar ki, dünya ölkələri qondarma kriminal qurumu tanısınlar. Ağıllarını itiriblər, başa düşmürlər ki, heç kim bunu etməyəcək, başa düşmürlər ki, bunu edən hər bir ölkə artıq Azərbaycan üçün dost ölkə sayıla bilməz. Nəinki dost ölkə, bu ölkə ilə biz bütün əlaqələri kəsəcəyik. Amma onlar ağılını itiriblər. Bu gün çalışırlar ki, status-kvonu bərpa etsinlər. Mən demişəm, status-kvo yoxdur. Status-kvonu biz məhv etmişik və düz də etmişik. 30 ilə yaxın gözləmişik. On il bundan əvvəl Minsk qrupunun həmsədrləri, onların prezidentləri səviyyəsində açıqlama verilmişdir ki, status-kvo qəbuledilməzdir. Biz də bunu dəstəklədik, biz bunu bəyəndik və bizdə böyük ümidlər yarandı, ondan sonra danışıqlar masasında əldə edilmiş müəyyən tərəqqi bizim ümidlərimizi artırdı. Amma sən demə, mənfur düşmən, sadəcə olaraq, bizi və beynəlxalq aləmi aldadırdı. Bu, beynəlxalq vasitəçilərə hörmətsizlikdir.
Biz döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdik. Mən bunu bu toqquşmalardan əvvəl demişdim, bir neçə dəfə demişdim, bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Biz iyirmi il gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar, sadəcə olaraq, kağızda qaldı. Nə üçün? Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir.
Mən görürdüm, bəzi hallarda bu hadisələrə qədər Azərbaycan vətəndaşları, o cümlədən köçkünlər hesab edirdilər ki, belə diplomatik uğurlar, əlbəttə, önəmlidir, ancaq onlar məsələnin həllini təmin etmir. Mən isə həmişə onlara izah edirdim ki, bu, beynəlxalq qanun çərçivəsində həll olunası bir məsələdir. Buna görə biz bütün aparıcı beynəlxalq təşkilatlarla işləməliyik ki, bu münaqişənin həlli üçün hüquqi bazanı genişləndirək. BMT Təhlükəsizlik Şurasının qətnamələri işləmirdi. Biz böyük səylər göstərdik, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni, budur bu münaqişənin həlli üçün əsas. Ona görə bu gün artıq özünü lap dilənçi kimi, lap düşük kimi, - bağışlayın, ifadəmə görə, amma onlar hər bir ifadəyə layiqdirlər, - aparan Ermənistan rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir, bəyanatlar verir ki, niyə, səsinizi çıxarmırsınız? Onlar necə səsini çıxara bilərlər? Onlar artıq bu qətnamələri, bu qərarları qəbul ediblər və Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik, - bizim belə planlarımız yoxdur, - baxmayaraq ki, onlar Gəncəni Ermənistan ərazisindən iki dəfə bombalamışdılar. Biz cavab vermədik onların yolu ilə. Biz döyüş meydanında cavab verdik. Mən bildirmişdim ki, biz onların intiqamını döyüş meydanında alacağıq və alırıq. Biz şəhidlərimizin qanını yerdə qoymayacağıq və qoymuruq. Bax, beynəlxalq təşkilatlarda bizim fəaliyyətimizin əsas məqsədi o idi ki, bu hüquqi baza təkmil olsun, genişlənsin və biz buna nail ola bildik.
Ona görə, bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onlara diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atırdı, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Haradadır bu “yenilməz Ermənistan ordusu?”. Görün, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq. Otuz il bizi təhqir edirdi. Otuz il idi ki, işğal edilmiş torpaqlarda abidələrimizi dağıdırdı, tarixi-mədəni irsimizi silmək istəyirdi. Otuz il ərzində beynəlxalq aləm nə üçün sanksiya tətbiq etmədi təcavüzkar dövlətə qarşı? Mən dəfələrlə demişəm ki, sanksiyalar tətbiq edilməlidir. Bu ölkə, bu ölkənin rəhbərliyi öz xoşu ilə bu torpaqlardan çıxmaq istəmir. O, bizi aldadır, danışıqları imitasiya üçün aparır. Onlara inam yoxdur və mən haqlı çıxdım. İndi baxın orada qurulmuş istehkamlara. Belə istehkam quran ölkə, bu qədər oraya vəsait xərcləyən ölkə oradan çıxarmı? Çıxmaq istəsəydilər, bunu etməzdilər. Yəni, onların hər bir sözü yalandır. Bu gün də onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurma yayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haqqında. Sanki kimsə gəlib bizim əvəzimizə vuruşur. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir. Təkbaşına vuruşuruq, hər kəs bunu bilir. Amma özlərinə sığışdıra bilmirlər, çünki miflər dağılır, miflər onların ideologiyasının əsasdır. Tarix haqqında yalan. Əfsuslar olsun ki, onu da indi bir çox ölkələrə qəbul etdirə biliblər, tarixi yalanı. Xocalı haqqında yalan, guya ki, Azərbaycan özü Xocalı soyqırımını törədib. Gəncənin bombalanması haqqında onların rəsmi nümayəndələri yalan bəyanat veriblər ki, Ermənistan bu raket atəşini təşkil etməyib. Nə vicdan var, nə əxlaq var, nə mənəviyyat var. Ağıl da yoxdur. Ağıl olsaydı deyərdilər ki, baxın, bu ballistik raketin start nöqtəsi və atış istiqaməti dünyada aparıcı ölkələr tərəfindən izlənilir, haradan atılıb, hara dəyib. Ballistika raketlərə döyüş tapşırığı verilir. O təsadüfən o yaşayış massivinə düşməmişdir. Gecə vaxtı, qəsdən. Amma ağıllarını itiriblər, guya, dünyanı aldatmağa davam edirlər ki, bəs kim atıb Gəncəyə bu raketi? Biz özümüzə atmışıq? Necə ki, yalan danışırdılar, Azərbaycan özü Xocalı soyqırımını törədib, indi də yalan danışırlar. Bütün dünyaya yalan danışır, bütün müsahibələrdə yalan danışır. Bu yalançıları biz bundan sonra da qovacağıq. Onlar gördülər ki, kim kimdir. Gördülər ki, biz onlara elə dərs veririk ki, bu dərsi heç vaxt unutmayacaqlar. İndi isə imdad diləyirlər. Ona-buna zəng edirlər, kömək edin, kömək edin! Bəs, hanı sənin “müzəffər ordun”, hanı sənin “yenilməz ordun?!”. Bizim üçün müqəddəs olan Cıdır düzündə Ermənistanın baş naziri sərxoş vəziyyətdə rəqs edirdi. Fikirləşməli idi ki, bu təhqir Azərbaycan xalqına necə təsir edə bilər? Amma hesab edirdi ki, heç kim onlara toxunmayacaq. Hesab edirdi ki, bütün ölkələr onları bundan sonra da müdafiə edəcək, dünya erməniliyi, erməni lobbiləri, ondan sonra onların bəzi dost ölkələri. Ona görə azğınlaşmışlar, ona görə qudurmuşlar. Onlara yerlərini göstərdik, onların başından elə zərbə vurduq ki, çətin ayılsınlar. Onların ordusunu, texnikasını demək olar ki, məhv etmişik. Qaçırlar, hələ qaçacaqlar.
Bir sözlə, döyüş meydanında bizim üstünlüyümüz artıq heç kimə sirr deyil. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, şəhidlər veririk, öz ərazi bütövlüyümüzü bərpa edirik. Bundan sonra da bu addımlar atılacaq. Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər.
Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik. Çox çətin məsələdir.
Gün gələcək, bu haqda geniş məlumat veriləcəkdir. Əminəm, Azərbaycan xalqı yaxşı başa düşür ki, bu gün nəyi demək mümkündürsə onu deyirik. Çünki döyüşlər gedir və biz istəyirik ki, tezliklə bu döyüşlər başa çatsın, tezliklə ərazi bütövlüyümüz bərpa edilsin. Ona görə hesab edirəm ki, Azərbaycan ictimaiyyətinə verilən məlumat və məlumatın həcmi tam kifayətdir.
Bu gün ənənəyə, gözəl ənənəyə sadiq qalaraq Azərbaycan xalqına yeni bilgilər vermək istərdim. Düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları ilə bağlı məlumatı əziz xalqıma çatdırıram.
Beləliklə, düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Amma yenə də hələ ki, tanklar var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində. Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər? Bax, biz deyirik 241 tank məhv edilib. Biz sonra onların nümayişini təşkil edəcəyik. 39 tank saz vəziyyətdə götürülüb və bu gün bizim əsgərlərimiz o tanklarda oturub düşmənə onların öz tankları ilə atəş açırlar.
Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb və bu gün bizim əlimizdədir. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Son dəfə mən bu məlumatı Azərbaycan ictimaiyyətinə çatdıranda iki “S-300” zenit-raket kompleksi məhv edilmişdi. Bu gün artıq dörd kompleks məhv edilib. Hər bir kompleksin, hər bir qurğunun qiyməti bəllidir, çox bahalı hərbi texnikadır. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb. Biz düşmənin hərbi texnikasını bundan sonra da məhv edəcəyik. Olan-qalan da məhv ediləcəkdir.
İndi isə əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram.
Füzuli rayonu – azad edilmiş kəndlərin adları: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı.
Cəbrayıl rayonu - azad edilmiş kəndlər: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli.
Xocavənd rayonu – azad edilmiş yaşayış məntəqələrinin siyahısını çatdırıram: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng. Bu kəndə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!
Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!
Əziz xalqım, əziz zəngilanlılar, füzulilər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!
Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!
2020-10-20 00:00:00
3302 baxış
Digər xəbərlər
Millət vəkilləri Sumqayıtın ekoloji təhlükəsizliyi səbəbi ilə bir araya gəldi
Dünən Sumqayıt şəhərindən Milli Məclisə seçilən deputatlar - Müşfiq Məmmədli, Tahir Mirkişili, Hicran Hüseynova və Emin Hacıyev ilə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və "Təmiz şəhər" ASC-nin sədri Etibar Abbasov arasında Balaxanıda Bakı bərk məişət tullantılarının yandırılması zavovunda görüş keçirilib.
Görüş zamanı Sumqayıt şəhərində tullantı materiallarının utilizasiyası və emalı ilə bağlı şəhər ictimaiyyətini narahat edən məsələlər, Sumqayıt şəhərində ekoloji vəziyyətin tənzimlənməsi ilə bağlı lazım olan tədbirlərin həyata keçirilməsi üçün zəruri texnologiyaların tətbiqi yönündə fikir mübadiləsi aparılıb. Deputatlar Sumqayıtın hazırkı ekoloji durumu ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Müzakirələrdən sonra deputatlar "Təmiz Şəhər" ASC-nin tərkibində olan Bakı Bərk Məişət Tullantıları Zavodunun, Balaxanı şəhər Tullantılarının zərərsizləşdirilməsi poliqonunun iş prinsipləri ilə əyani şəkildə tanış olublar. Görüşdə həmçinin, deputatlar analoji müəssisələrin Sumqayıt şəhərində də qurulması və tətbiqi ilə bağlı müzakirələr aparmışlar.
Daha sonra Balaxanı Sənaye parkında fəaliyyət göstərən rezidentlərlə tanış olub və onların fəaliyyətlərin müşahidə ediblər.
Növbəti görüşün Sumqayıt şəhərində müvafiq icra orqanları ilə keçirilməsi nəzərdə tutulub.
Zəfərdən Dirçəlişə: Beş ildə Qarabağın yoxdan var olması, Azərbaycanın qlobal səsə çevrilməsi
Zəfərdən Dirçəlişə: Beş ildə Qarabağın yoxdan var olması, Azərbaycanın qlobal səsə çevrilməsi
Beş il öncə 2020-ci il noyabrın 8-dəAzərbaycan xalqı tarixinin ən qürurlu səhifəsini yazdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində əldə edilən tarixi Qələbə yalnız ərazi bütövlüyümüzü bərpa etmədi, eyni zamanda xalqın milli ruhunu, dövlətin siyasi iradəsini və ordunun gücünü dünyaya nümayiş etdirdi.
Bu Qələbə yalnız hərbi zəfərlə yekunlaşmadı. Ardınca yeni bir mərhələ – Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi, “Böyük Qayıdış” prosesi və regional sülhün qurulması dövrü başlandı. Son beş ildə bu torpaqlarda həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq və diplomatik təşəbbüslər Azərbaycanın qlobal miqyasda nüfuzunu daha da möhkəmləndirdi. 2020-ci ildən bəri Qarabağda görülən bərpa işləri misilsiz miqyas alıb. Prezident İlham Əliyev hələ müharibədən sonra “Biz bu torpaqları dirçəldəcəyik, Qarabağı cənnətə çevirəcəyik” demişdi. Bu gün həmin sözlər gerçək olur. Artıq 1400 kilometrdən çox yeni avtomobil yolu, 300 kilometrə yaxın dəmir yolu, üç beynəlxalq hava limanı Füzuli, Zəngilan və Laçın istifadəyə verilib. Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya inşa olunaraq dünya miqyasında tikinti rekorduna imza atdı. Bu, yalnız mühəndislik uğuru deyil, həm də azad torpaqlarda yeni həyatın rəmzidir. Zəngilan və Laçın hava limanları regionun beynəlxalq əlaqələrinə yeni nəfəs gətirib. Bu limanlar Qarabağın “hava qapısı” kimi xidmət edir, həm humanitar yüklərin daşınmasında, həm də xarici investorların bölgəyə gəlməsində mühüm rol oynayır.
Ağıllı Kəndlərdən Ağıllı Şəhərlərə – Qarabağın Yeni Həyat Nəbzi
Beş il əvvəl sükutun hökm sürdüyü, hər addımda mina təhlükəsinin hiss olunduğu Qarabağ torpaqları bu gün həyat səsi ilə doludur. Küləyin səsi indi tikinti maşınlarının, uşaqların gülüşünün, məktəb zənglərinin səsinə qarışır. Azadlıqdan sonra başlayan “Böyük Qayıdış” proqramı artıq reallığa çevrilib, yurd həsrəti bitir, həyat yenidən doğulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proqram təkcə köç prosesi deyil, həm də tarixi ədalətin bərpası, milli ruhun dirçəlişi deməkdir. Ötən 5 il ərzində 10 mindən çox sakin öz doğma torpaqlarına Füzuli, Laçın, Zəngilan rayonlarına qayıdıb. Hər qayıdış bir ailə hekayəsidir, bir həyatın yenidən başlanğıcıdır.
Bərpa prosesi çərçivəsində Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Laçın şəhərlərinin baş planlarının təsdiqlənməsi Qarabağda müasir şəhərsalmanın yeni mərhələsini açdı. Bu planlar sadəcə tikinti sənədi deyil, həm də azad olunmuş torpaqlarda həyatın yenidən təşkili konsepsiyasıdır. Yeni baş planlar üzrə hər şəhərin memarlıq ruhu həm milli kimliyi, həm də müasir urbanizasiyanı əks etdirir. Füzuli şəhərinin planında “ağıllı nəqliyyat sistemi”, “yaşıl enerji ilə işləyən küçə işıqlandırması” və “ekoloji park zolaqları” nəzərdə tutulub. Şəhərin mərkəzi meydanında yerləşəcək “Zəfər Kompleksi” isə azadlıq və yenidənqurmanın rəmzinə çevriləcək. Cəbrayıl şəhərində sənaye və logistika zonası qurulur. Bu istiqamətdə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı təsis edilib və onun əsas məqsədi regionu istehsal və ticarət mərkəzinə çevirməkdir. Eyni zamanda, şəhərin cənub hissəsində “Yaşıl Texnopark” layihəsi reallaşdırılır. Burada günəş panelləri, elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri və aqrotexnologiya laboratoriyaları fəaliyyət göstərəcək. Laçın şəhərinin baş planı isə dağ ekosisteminə uyğun, təbiətlə harmoniya içində planlaşdırılıb. Burada dağ turizmi, ekoloji kənd təsərrüfatı və qış idmanı infrastrukturu əsas inkişaf istiqamətləridir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Laçın Azərbaycan dağ turizminin paytaxtına çevriləcək.”
Bu konsepsiyaların ən parlaq nümunəsi isə Zəngilanın Ağalı kəndidir. Bu kənd artıq “ağıllı kənd” modelinin gerçək simasına çevrilib. Burada enerji tam bərpa olunan mənbələrdən günəş panelləri və bioenerji sistemlərindən əldə olunur. Kənddə ağıllı idarəetmə sistemi fəaliyyət göstərir: hər evdə “ağıllı sayğac”, “ağıllı suvarma”, “enerji monitorinqi” və rəqəmsal kənd idarəetmə mərkəzi mövcuddur.
Eyni zamanda, Qarabağın mədəni paytaxtı – Şuşa şəhəri yenidən qurulur. Azərbaycanın musiqi və ədəbiyyatının beşiyi olan bu qədim şəhər, hər daşında tarix, hər küçəsində mədəniyyət nəfəsi ilə canlanır. Xarıbülbül festivalı, Vaqif poeziya günləri, Xurşidbanu Natavan və Üzeyir Hacıbəyli irsinə həsr olunmuş tədbirlər, Bülbülün ev-muzeyi Qarabağın dirçəlişinin, mədəni zənginliyinin göstəricisidir. Beləcə, Qarabağda kənd və şəhər həyatı bir-birinə inteqrasiya olunur: burada texnologiya, davamlı inkişaf, mədəni irs və təhsil bir araya gəlir. Kəndlər müasir imkanlarla, şəhərlər isə tarixi və mədəniyyət zənginliyi ilə seçilir. Bu sintez Qarabağın gələcəyinin həm dayanıqlı, həm də mədəni baxımdan zəngin olacağını göstərir. Şuşada yalnız mədəniyyət deyil, həyatın bütün sahələri yenidən canlanır. Burada yaşayış kompleksləri inşa edilir, tarixi memarlıq abidələri bərpa olunur, məscidlər və çeşmələr sakinlər və turistlər üçün yenidən açılır. Yaradıcı mərkəzlər, konfrans və turizm infrastrukturu şəhəri gənclərin yaradıcılığı və regional iqtisadi inkişaf üçün də cəlbedici məkana çevirir. Təhsil də regionun gələcəyində mühüm rol oynayır. Regionun universitet və musiqi məktəbləri, o cümlədən Qarabağ Universiteti və Ağdam Musiqi Məktəbi gəncləri yalnız biliklə təmin etmir, onları gələcək nəsillərə dayanıqlı bacarıqlar ötürməyə hazırlayır. Hər tələbə, hər musiqi ifası, hər elmi araşdırma Qarabağın dirçəlişinə bir işıq qatır. Şuşa indi həm tarix, həm mədəniyyət, həm də müasir həyatın harmoniyasını əks etdirir. Burada qədim qala divarları ilə yeni yaşayış kompleksləri, tarixi məscidlər ilə innovativ təhsil müəssisələri bir-birinə qarışır. Bu şəhər Azərbaycanın zəfərinin, Qarabağın dirçəlişinin nişanəsidir. Şuşa yalnız keçmişi xatırlatmır, həm də gələcəyi formalaşdırır. Burada hər addım tarix, hər baxış mədəniyyət, hər nəfəs isə Qarabağın inadkar ruhu ilə doludur.
Yaşıl Enerji və “Zəngəzur Dəhlizi” – Yeni İqtisadi Arxitektura
Bu iki nəhəng layihə Azərbaycanın gələcək iqtisadi simasını formalaşdırır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan edilib. Bununla da bölgədə yeni bir dövr - “yaşıl dirçəliş dövrü” başlayıb. Bu, Azərbaycanın enerji strategiyasının növbəti mərhələsidir.
Cəbrayıl və Zəngilanda BP, Masdar və ACWA Power kimi beynəlxalq şirkətlərin iştirakı ilə günəş və külək stansiyaları tikilir. Bu layihələr həm enerji ixracını artırır, həm də ekoloji baxımdan dayanıqlı inkişaf modelini formalaşdırır. 240 meqavat gücündə Cəbrayıl Günəş Elektrik Stansiyası, Zəngilan - Cəbrayıl Enerji Korridoru, Laçın və Kəlbəcərdə yeni hidroqovşaqları Azərbaycanın enerji xəritəsini yenidən yazır.
Bu yenidənqurmanın ikinci nəfəsi isə Zəngəzur Dəhlizidir. Bu dəhliz Azərbaycanı Naxçıvan, Türkiyə və daha sonra Avropa və Orta Asiya ilə birləşdirən yeni tranzit xəttidir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Zəngəzur Dəhlizi XXI əsrin əsas nəqliyyat arteriyası olacaq.” Horadizdən Qarsa uzanan bu strateji yol Azərbaycanın qitələri birləşdirən logistika sisteminə çevrilir. Artıq 80 kilometrlik Horadiz-Ağbənd dəmir yolunun əsas hissəsi hazırdır, Zəngəzur magistralında tunellər və körpülər yüksəlir. Bu dəhliz Naxçıvanı və Türkiyəni birləşdirməklə, Asiyadan Avropaya uzanan yeni “İpək Yolu”nu reallığa çevirir. Bu marşrut yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının iqtisadi və logistik birliyini möhkəmləndirir. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatının son Zirvə görüşündə bu layihə “Türk birliyinin arteriyası” adlandırıldı.
Qarabağ Zəfəri – Türk Birliyinin Oyanışı
2020-ci ilin payızında baş verən Qarabağ Zəfəri yalnız bir müharibənin qalibiyyəti deyildi. Bu, həm də Türk dünyasının birliyinin, ortaq ruhunun oyanışı idi. Həmin günlərdə bütün türk dövlətlərinin ürəkləri bir döyünürdü. Azərbaycan bayrağı ilə Türkiyə və Pakistan bayraqlarını yanaşı dalğalanarkən, bu qardaşlıq hissi təkcə duyğu deyil, yeni bir siyasi, iqtisadi və mənəvi ittifaqın təməl daşı kimi formalaşırdı. Bu gün artıq həmin birlik sarsılmaz strateji müttəfiqliyə çevrilib.
2021-ci ilin 15 iyunu günü tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan mədəniyyətinin beşiyi, müqəddəs Şuşa şəhərində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini imzaladılar. Bu sənəd təkcə iki dövlətin dostluq rəmzi deyil, bütün Türk dünyasının birliyinin strateji əsasnaməsi kimi dəyərləndirilir. Bəyannamə ilə Azərbaycan və Türkiyə münasibətləri “strateji müttəfiqlik səviyyəsinə” yüksəldi. Sənədin hər bəndi müdafiə, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahələrində birgə addımların yol xəritəsini müəyyənləşdirdi. Bu birliyin əyani təzahürü artıq Qarabağ torpağında görünür. 50-dən çox türk şirkəti Şərqi Zəngəzur və Qarabağın yenidən qurulmasında iştirak edir. Onların hər biri yalnız inşaat deyil, sülhün, dostluğun və sabitliyin memarlarıdır.
2023-cü ilin iyulunda Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü də bu mənada simvolik idi. Zəfər torpağında toplanan türk liderləri “Türk Dünyası 2040 Baxış Sənədi” üzrə gələcək yol xəritəsini müəyyən etdilər. Nəqliyyat, enerji, rəqəmsal iqtisadiyyat, müdafiə və mədəni inteqrasiya kimi sahələrdə vahid türk stratejisi artıq reallığa çevrilir.
Vaşinqtonda tarixi imza: “Tramp Memorandumu” Azərbaycanın qlobal rolunu gücləndirir
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında tarixi əhəmiyyətə malik “Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” imzalandı. Bu sənəd Azərbaycan ilə ABŞ arasında münasibətləri yeni strateji tərəfdaşlıq mərhələsinə daşıyaraq iki ölkənin enerji, təhlükəsizlik və innovasiya sahələrində birgə fəaliyyətini sistemli şəkildə genişləndirməyi nəzərdə tutur. Prezident İlham Əliyev qeyd etdi ki, bu razılaşma “Azərbaycan diplomatiyasının çoxvektorlu və müstəqil kursunun növbəti uğurudur.”
Memoranduma əsasən iki dövlət arasında yaradılan Strateji İşçi Qrupu qarşıdakı altı ay ərzində Strateji Tərəfdaşlıq Xartiyasını hazırlayacaq və əməkdaşlığın əsas istiqamətlərini müəyyən edəcək. Enerji və tranzit - Cənub Qaz Dəhlizinin genişləndirilməsi, enerji ixrac marşrutlarının təhlükəsizliyinin təmin edilməsi və Xəzər - Qara dəniz bağlantılarının inkişafı, İqtisadiyyat və innovasiya, rəqəmsal infrastruktur və yüksək texnologiyalar üzrə birgə layihələrin icrası, Təhlükəsizlik və müdafiə - Müdafiə sənayesi məhsullarının satışı, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və terrorizmə qarşı mübarizədə əməkdaşlıq kimi sahələr məhz bu anlaşmanın əsas istiqamətlərini müəyyən edir. Qarabağda aparılan bərpa və enerji layihələri, xüsusən də Zəngilan–Laçın istiqamətində tətbiq olunan “Sərhəd Texnologiyaları Layihəsi” ABŞ ilə strateji əməkdaşlığın praktiki təzahürü hesab olunur. Bu layihə çərçivəsində müasir müşahidə sistemləri, enerji təhlükəsizliyi infrastrukturu və kibermüdafiə texnologiyaları bölgədə tətbiq ediləcək. Tramp Memorandumu həm enerji sektorunda, həm də rəqəmsal diplomatiya sahəsində yeni imkanlar açır. ABŞ şirkətlərinin Azərbaycanın yaşıl enerji layihələrinə sərmayə yatırması, süni intellekt və innovasiya sahəsində birgə mərkəzlərin yaradılması nəzərdə tutulur. Azərbaycanın çoxşaxəli diplomatiyası nəticəsində bu sənəd yalnız iki ölkə arasında deyil, qlobal enerji və təhlükəsizlik sistemində də mühüm hadisəyə çevrilib. “Tramp Memorandumu” Azərbaycanın beynəlxalq nüfuzunun, müstəqil diplomatik kursunun və regional liderliyinin daha da möhkəmləndiyini göstərir. Bu sənəd bir daha sübut etdi ki, Azərbaycan artıq regionda təkcə enerji ixracatçısı deyil, həm də sabitliyin və tərəqqinin etibarlı qarantıdır.
Azərbaycan – Şərqlə Qərbin Kəsişdiyi Yeni “İpək yolu” Körpüsü
Bu gün qədim İpək Yolunun nəfəsi yenidən dirçəlir, lakin bu dəfə onun ritmi müasir Bakıdan gəlir. Azərbaycanın qapılarından keçən ticarət karvanları artıq yalnız tarixin deyil, həm də gələcəyin xəritəsini cızır. Şərqdən – uzaq Çindən başlayan bu yol Qafqazın ürəyinə - Bakı limanına qədər uzanır və buradan Avropaya səmərəlilik, sürət və etibar daşıyır.
“Bir Kəmər, Bir Yol” təşəbbüsünün ən mühüm tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan bu gün Avrasiyanın logistik nəbzini əlində tutur. Bakı–Tbilisi–Qars dəmir yolunun istismara verilməsi ilə Çin yüklərinin bu marşrut üzrə həcmi son illərdə 20 faiz artıb. Bu rəqəmlər sadəcə iqtisadi göstərici deyil bu, Azərbaycanın beynəlxalq etimad və etibar körpüsünə çevrildiyinin sübutudur.
Hazırda Bakı ilə Pekin arasında “Yaşıl Ticarət Dəhlizi” üzrə yeni saziş layihəsi hazırlanır. Bu sənəd həm də ekoloji məsuliyyətin də sərhədlərini genişləndirəcək. “Rəqəmsal İpək Yolu” konsepsiyası ilə Azərbaycanın coğrafiyası yenidən bir mədəni və iqtisadi qovuşma məkanına çevrilir. Burada Şərqin zəngin təcrübəsi Qərbin innovasiyası ilə birləşir. Eyni zamanda Bakı və Moskva arasında münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurulub. Əsas diqqət sərhəd təhlükəsizliyinə, xüsusilə də Qarabağ və Ermənistan sərhədlərində sabitliyin qorunmasına yönəlib. Zəngilan və Laçın istiqamətlərində müasir sərhəd məntəqələrinin inşası artıq tamamlanıb, Azərbaycan Ordusu və Dövlət Sərhəd Xidmətinin fəaliyyəti regionda sülhün və təhlükəsizliyin etibarlı təminatına çevrilib.
Bu gün Azərbaycan diplomatiyası üç istiqamətdə Türk dünyası, Qərb və Şərq arasında incə, amma möhkəm bir tarazlıq yaradır. Şuşadan Astanaya, Vaşinqtondan Pekinə qədər uzanan bu diplomatik xəritənin mərkəzində Bakı – sabitliyin və tərəqqinin paytaxtı dayanır.
Bu çoxşaxəli siyasət Azərbaycanın geosiyasi nüfuzunu artırmaqla yanaşı, ölkəni enerji, logistika və təhlükəsizlik baxımından regionun əsas dayağına çevirib. Əsrlər öncə karvan yolları ilə daşınan ipək indi rəqəmsal məlumat, enerji və ideyalar şəklində Azərbaycan torpağından keçir. Beləcə, qədim İpək Yolunun müasir nəfəsi bu torpaqlarda yenidən duyulur lakin bu dəfə karvanların başında Azərbaycan dayanır: müstəqil, güclü və qlobal nizamın etibarlı dayağı kimi.
Zəfərin Beş İli – Qəhrəmanlıq, Vətənpərvərlik və Dövlətçilik Salnaməsi
“Zəfərin beş ili”, bu ifadə artıq Azərbaycan tarixində qürur, fərəh və milli dirçəliş rəmzinə çevrilib. 2020-ci ilin şanlı 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyi, əzmi və iradəsi sayəsində tarixi ədalətin bərpası ilə nəticələndi. Bu möhtəşəm Qələbə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdrik rəhbərliyinin, strateji düşüncəsinin və sarsılmaz iradəsinin bəhrəsidir. İlham Əliyevin rəhbərliyi altında ordumuz düşməni darmadağın edərək torpaqlarımızı azad etdi, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və dövlətimizin suverenliyini bərpa etdi. Bu Zəfər, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin illərlə arzuladığı müqəddəs amalların gerçəkləşməsi, onun siyasi kursunun və milli ideyalarının real nəticəsidir. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” kəlamı artıq təkcə ideya deyil, müzəffər ordumuzun qanı, xalqımızın birliyi ilə təsdiqlənmiş tarixi həqiqətdir. Prezident İlham Əliyev bu böyük missiyanı – ata vəsiyyətini – ləyaqətlə, şərəflə yerinə yetirdi. Lakin Zəfər təkcə hərbi güc və qələbə ilə ölçülmür. Bu qələbənin mənəvi dayağı xalqın birliyi, dövlətin xalqına olan diqqəti və qayğısıdır. Hər bir qəhrəmanın, hər bir ailənin arxasında dayanan güc – Azərbaycan qadınının mərhəməti, şəfqəti və fədakarlığıdır. Bu ali keyfiyyətlərin bariz nümunəsi olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın milli birliyini, humanizmi və Vətənə məhəbbəti öz şəxsiyyətində birləşdirir.
Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdiyi mənəvi dəstək, onların həyatına işıq saçan qayğı və diqqəti hər bir vətəndaş üçün nümunədir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə sosial məsuliyyətin, mərhəmətin və insanlığa xidmətin rəmzinə çevrilib. Fondun həyata keçirdiyi çoxsaylı layihələr şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qazilərin reabilitasiya və müalicə proqramları, təhsil, mədəniyyət və idman sahəsindəki təşəbbüslər dövlətin və cəmiyyətin bir məqsəd uğrunda birləşməsinin bariz göstəricisidir. Heydər Əliyev Fondu təkcə yardımlar paylamır, o, insanlara ümid verir, həyatlarını dəyişir, gələcəyə inam bəxş edir. Fond tərəfindən həyata keçirilən "Yeniləşən Qarabağ", "Şəhid ailələrinə dəstək", "Qazilər üçün reabilitasiya mərkəzləri" kimi layihələr bir millətin öz qəhrəmanlarına göstərdiyi dərin hörmətin ifadəsidir. Hər bir tədbir, hər bir yardım paketi, hər bir reabilitasiya proqramı həm də bir mesaj daşıyır – “Siz Vətən üçün döyüşdünüz, Vətən də sizin üçün var.” Bu mesaj xalqla dövlət arasında sarsılmaz bağın, etimadın və qarşılıqlı sevginin rəmzidir. Zəfərin beşinci ili münasibətilə biz bir daha anlayırıq ki, bu Qələbə yüzillərlə formalaşmış milli kimliyimizin, iradəmizin və birliyimizin təntənəsidir. Qarabağ artıq dirçəlişin, quruculuğun, bərpa və yenidən doğuluşun məkanıdır. Azad edilmiş torpaqlarda tikilən məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları və məscidlər Azərbaycanın gələcəyə doğru inamla irəlilədiyini göstərir. Bu gün Azərbaycan xalqı Zəfər bayramını qeyd edərkən həm qəhrəman şəhidlərimizin ruhuna ehtiramını bildirir, həm də dövlətimizin gücünə, xalqımızın birliyinə inamını bir daha nümayiş etdirir.
Qarabağ Zəfəri: Gücün, İradənin və Qəhrəmanlığın Manifesti
Bu beş ildə Azərbaycan Ordusu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Hərbçilərin peşəkarlığı artdı, şəxsi heyətin döyüş ruhu yüksəldi, mənəvi-psixoloji hazırlığı gücləndi, ordumuz ən müasir silah və texnika ilə təchiz olundu. Bu səylər Azərbaycan Silahlı Qüvvələrini regionun ən qüdrətli ordularından birinə çevirdi. Ali Baş Komandanın uzaqgörən strategiyası “Güclü dövlət – güclü ordu” prinsipi üzərində qurulmuşdu və ilk məqsəd torpaqlarımızı düşmən tapdağından xilas etmək, ərazi bütövlüyümüzü təmin etmək idi. Dövlət büdcəsində hər il müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı, ordu modernləşdirildi. Bu qüdrət beynəlxalq səviyyədə də tanındı və Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. 2011-ci il iyunun 26-da Bakıda keçirilən Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilmiş hərbi parada bu güc və peşəkarlıq ilk dəfə açıq nümayiş etdirildi. Ordumuz 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt Zəfəri ilə uğurlu əməliyyatlar həyata keçirdi. Bütün bu nailiyyətlərdən sonra isə tarixi an yetişdi: 2020-ci il sentyabrın 27-də düşmənin təxribatına cavab olaraq Azərbaycan Ordusunun Haqq yürüşü başladı. 44 gün davam edən Vətən müharibəsi zamanı ordumuz sarsıdıcı zərbələr endirdi, 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Ermənistan cəmi 44 gün tab gətirə bildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Qarabağ Zəfəri xalqımızı həsrətində olduğu torpaqlara qaytardı, vətəndaşların ürəklərində qürur və sevinc yarandı.
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradı bu Qələbənin və Ordumuzun gücünün dünyaya nümayişi oldu. Hərbi qulluqçularımız 2 min 900-dən çox şəhid vermişdi, lakin onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Dövlət başçısının imzaladığı sərəncamlarla ərazi bütövlüyümüzün bərpasında iştirak edən hərbi qulluqçular orden və medallarla təltif edildi, bir qismi isə yüksək hərbi rütbəyə layiq görüldü.
Zəfərin Beş İli – Ordumuzun Qüdrəti, Xalqın Birliyi və Dövlətin Əzəməti
Ordumuzun qəhrəmanlığı 2020-ci ilin şanlı Qələbəsi ilə tamamlanmadı. Azərbaycan əsgəri, Ali Baş Komandanın əmrlərini dəqiqliklə yerinə yetirərək, daim ayıq-sayıq mövqedə dayandı, ölkəmizin suverenliyinin və təhlükəsizliyinin keşiyində mətin dayanmağı davam etdirdi.
2023-cü il sentyabrın 19–20-də həyata keçirilən uğurlu əməliyyatla Azərbaycanın suverenliyi bərpa edildi, dövlətin bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə qürurla dalğalandı.
Bu tarixi hadisə bir daha göstərdi ki, Azərbaycan Ordusu regionda sülhün, ədalətin və sabitliyin qarantıdır. Onun qarşısında heç bir qüvvə dayana bilməz, çünki bu ordu xalqın iradəsindən, dövlətin qüdrətindən, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyindən güc alır. 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən Zəfər paradı bu möhtəşəm tarixi yekunlaşdırdı. O gün Xankəndidə dalğalanan üçrəngli bayraq suveren Azərbaycanın rəmzinə çevrildi.
Parad bir daha nümayiş etdirdi ki, Azərbaycan Ordusu məğlubedilməzdir, qalibdir və bu qalibiyyət əbədi olacaq! Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində ən uca, ən müqəddəs yerdədir. Onların canı, qanı bahasına qazanılan bu Qələbə hər bir azərbaycanlının qürur mənbəyidir. Onların ruhuna ehtiram əlaməti olaraq Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi yaradıldı. 10 hektara yaxın ərazini əhatə edən Zəfər Parkı Azərbaycanın qəhrəmanlıq salnaməsinin canlı yaddaşına çevrildi. Burada ucaldılan Zəfər Tağı, memorial abidələr, tematik bağçalar və ümumi baxış nöqtəsi Qələbənin əzəmətini, xalqın birliyini və dövlətin qüdrətini əks etdirən amil kimi tarixi abidəyə döndü. Muzeydə şəhidlərimizin adları qızıl hərflərlə həkk olundu, ordumuzun igidliyi, xalqımızın dözümü və əzmi əbədiləşdirildi.
Bu Qələbə təkcə əsgərlərin deyil, həm də bütün xalqın, bütün nəsillərin zəfəridir. Respublika Veteranlar Təşkilatının üzvləri bu tarixi qələbə ilə dərin qürur hissi keçirir, özlərinin bu zəfərdə payı olduğuna görə fəxrlə danışırlar. Onlar Ali Baş Komandan İlham Əliyevin onlara göstərdiyi diqqət və ehtirama, veteranlara verilən yüksək qiymətə görə minnətdarlıq ifadə edir, Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirlər.
Zəfər Günü – bu, millətin birliyinin, dövlətin qüdrətinin, xalqın sarsılmaz iradəsinin rəmzidir. Bu gün biz bir daha fəxrlə deyirik:
Qarabağ Azərbaycandır!
Bu Qələbə əbədi olacaq, çünki onu xalqın inamı, şəhidlərin qanı, ordumuzun şücaəti və dövlətin iradəsi ilə qazanmışıq!
Cəlil Xəlilov
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru ilə görüşüb
Bu gün Respublika Veteranlar Təşkilatında “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini Cəlil Xəlilov arasında görüş keçirilib.
Veteran.gov.az xəbər verir ki, qəbul üçün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya təşəkkür edən Nəzakət Məmmədova, veteranların ölkəmizin ictimai həyatındakı roluna diqqət çəkib, onların istər həyat, istərsə də döyüş yolunun gənc nəslə nümunə olduğunu bildirib.
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova veteran hərəkatının tarixindən bəhs edib, xalqımızın igid oğul və qızlarının tarixin bütün mərhələlərində düşmənə qarşı mərdliklə mübarizə apardığını bildirib. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun öz tarixi ənənəsinə sadiq qalaraq böyük qəhrəmanlıqlara imza atdığını bildirən Fatma Səttarova, gənc nəslin öz atalarının, babalarının sahib olduğu vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyinə toxunub.
Respublika Veteranlar Təşkilaıtnın sədr müavini, polkovnik Cəlil Xəlilov isə dövlətin veteranlara böyük diqqət və qayğı göstərdiyini bildirib, bu sahədə görülən işlərə, həyata keçirilən layihələrə diqqət çəkib.
Sonda Nəzakət Məmmədova "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif olunub.
“Azərbaycan Vətən müharibəsində onu dəstəkləyən dost Pakistanla əməkdaşlıqda maraqlıdır”
Arzu Nağıyev: “Pakistan Azərbaycan-Ermənistan münaqişəsi başlayan andan işğalçı dövlətlə bütün diplomatik əlaqələri kəsib”
Bugünlərdə Azərbaycan hərbçiləri Pakistandakı paradda iştirak edib, dost dövlətlə həmrəylik sərgiləyiblər. Bundan başqa, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovla Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı general Qamar Caved Bacva arasındakı görüşdə iki dövlət arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə edilib.
Maraqlıdır, Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişafı hər iki dövlətin maraqları baxımından nə dərəcədə önəmlidir?
Veteran.gov.az xəbər verir ki, Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev, Azərbaycanın bütün dost dövlətlər, o cümlədən Pakistanla əməkdaşlığı genişləndirməkdə maarqlı olduğunu bildirib:
“Bir sıra dövlətlər var ki, bizim həmin dövlətlərlə iqtisadi, siyasi, mədəni, mənəvi və hərbi əməkdaşlığımız mövcuddur. Pakistan Azərbaycan-Ermənistan münaqişəsi başlayan andan Ermənistanla bütün diplomatik əlaqələri kəsib. Pakistan hərbi baxımdan da güclü bir dövlətdir. Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın mövcudluğu mühüm əhəmiyyətə malikdir. Bizim bir sıra dövlətlərlə yanaşı, Pakistanla da müəyyən silah-sursatın idxalı ilə bağlı müqavilələrimiz mövcuddur.
44 günlük Vətən müharibəsaində Pakistan bizə mənəvi dəstək verən islam dövlətlərindən biridir. Təbii ki, Türkiyə ilə münasibətimiz yüksək səviyyədədəir. Pakistanla münasibətlərimiz də kifayət qədər qənaətbəxşdir. Azərbaycan və Pakistan arasında humanitar sahədə də geniş əməkdaşlıq var. Heydər Əliyev Fondunun Pakistanın bir sıra qurumları ilə əlaqəsi buna nümunədir.
Bu gün Pakistan hərbi qüdrətinə görə dünyanın ən güclü dövlətlərindən biridir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də bizim Pakistanla effektiv əməkdaşlığımız mövcuddur. Pakistandakı paradda Azərbaycanın müdafiə nazirinin iştirak etməsi, hərbçilərimizin bu paradda təmsil olunması faktı da göstərir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bizi dəstəkləyən hər bir dövlətlə, o cümlədən Pakistanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Hansı ki, bu əməkdaşlıq həm Azərbaycanın, həm də Pakistanın dövlət maraqlarına tam cavab verir”.
Seymur ƏLİYEV