Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib

Bakı, 22 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edib. AZƏRTAC xəbər verir ki, qonağı salamlayan Prezident İlham Əliyev dedi: -Salam, xoş gəlmisiniz. Şərəf Malkoç: Xoş gördük. Prezident İlham Əliyev: Şadam ki, gəlmisiniz. İndiki şəraitdə sizin Azərbaycanda olmağınızın xüsusi mənası var. Bildiyiniz kimi, Ermənistan Azərbaycana qarşı növbəti təcavüz aktı törədib, növbəti terror aktı törədib. Həm bizim mülki vətəndaşlara, həm də hərbçilərimizə qarşı hərbi cinayət törədib. Bilirəm ki, siz səfər çərçivəsində Gəncə şəhərinə gedəcəksiniz. Orada özünüz görəcəksiniz ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Onlar döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmirlər və çalışırlar ki, bu acı məğlubiyyətin əvəzini dinc insanlardan çıxsınlar. Gəncəyə iki namərd hücum və Gəncə şəhərinin ballistik raketlərlə vurulması hərbi cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək. Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar. Bildiyiniz kimi, çoxlu itkilərimiz var, yaralılarımız var, o cümlədən uşaqlar, qadınlar, qocalar. Bu, bir daha erməni faşizminin yırtıcı mahiyyətini göstərir. Bu, bir daha göstərir ki, biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan, böyük faciədən xilas etmiş oluruq. Bununla bərabər, bizim bütün cəbhəboyu şəhərlərimiz və kəndlərimiz hər gün atəşə tutulur. Bu gün mənə verilən məlumata görə, səhər saat 6-dan 8-ə qədər təkcə Tərtər rayonuna 190 mərmi düşüb. Ağdam rayonuna 90-dan çox mərmi düşüb. Elə günlər var idi ki, Tərtər rayonuna 2 min mərmi düşüb. Yəni, onlar bizim şəhərlərimizi dağıtmaq istəyirlər, Azərbaycan xalqının iradəsini qırmaq istəyirlər. Ancaq buna nail ola bilmirlər və daha da çox azğınlaşırlar. Biz intiqamımızı döyüş meydanında alırıq. Biz heç zaman mülki əhaliyə qarşı heç bir addım atmamışıq və atmayacağıq. Baxmayaraq ki, onlar bizim qədim tarixi şəhərimizi – Gəncəni atəşə tuturlar, biz nə Ermənistan şəhərlərini, nə də ki, Dağlıq Qarabağda yerləşən şəhərləri atəşə tutmuruq və tutmayacağıq. Bizim üstünlüyümüz, bax, bu mənəvi dəyərlər çərçivəsində də bir daha özünü büruzə verir və bir daha bütün dünyaya göstərir ki, Ermənistan dünya üçün böyük təhlükədir. Ermənistanda hökm sürən kriminal faşist rejimi bölgəmiz üçün ən böyük təhdiddir və Azərbaycan bu təhdidin aradan qaldırılması üçün əlindən gələni edir. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün yeni şəhərləri, kəndləri işğalçılardan azad edirik. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını icra edir. Sizin bu gün Azərbaycanda olmağınızın çox böyük mənası var. Bildiyiniz kimi, qardaş Türkiyə ilk saatlardan bizə öz dəstəyini göstərmişdir. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan, mənim əziz qardaşım ilk saatlardan bildirmişdir ki, Türkiyə Azərbaycanın yanındadır. Türkiyənin digər yüksək vəzifəli şəxsləri də buna oxşar bəyanatlar vermişlər. Türkiyə xalqı bizə öz dəstəyini göstərir. Türkiyə mətbuatında bu münaqişə geniş işıqlandırılır. Azərbaycanın haqq işi Türkiyə mətbuatı vasitəsilə dünyaya çatdırılır. Bunun da çox böyük önəmi var. Çünki əfsuslar olsun ki, bir çox ölkələrin mətbuatı birtərəfli qaydada Ermənistanın tərəfini tutur. Bu, böyük ədalətsizlikdir. Bu, saxtakarlıqdır. Bu, hadisələrin təhrifi deməkdir. Azərbaycanı işğalçı, yaxud da ki, təcavüzkar dövlət kimi təqdim etmək cəhdləri, əlbəttə, heç bir əsasa malik deyil. Ona görə, Türkiyə mətbuatının ilk günlərdən burada olması və döyüş bölgələrindən reportajların verilməsi dünyada da bu məsələ ilə bağlı düzgün məlumatın olmasına xidmət göstərir. Bir də ki, biz bu illər ərzində beynəlxalq aləmə sübut edirdik və hesab edirəm, sübut edə bilmişik ki, biz haqlıyıq, biz işğala məruz qalmışıq. Bu gün işğaldan azad edilmiş şəhərlərin, kəndlərin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzəyik. O şəhərlərdə, o kəndlərdə, onların böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb. Füzuli şəhərini tamamilə dağıdıblar. Bir salamat bina tapa bilmədik ki, orada Azərbaycan bayrağını qaldıraq və nəhayət, bu mərasim də keçirildi. Bütün kəndlərimizin binaları dağıdılıb, məscidlərimiz dağıdılıb. Dünən internetdə Zəngilanın bir kəndində dağılmış məscidin görüntülərini bütün dünya gördü. O məsciddə donuzlar saxlayıblar. Bizim məscidlərimizi təhqir ediblər. Bizim bütün tarixi abidələrimizi dağıdıblar. Evlərdən demək olar ki, yalnız daşlar qalıb. Bütün dam örtükləri, pəncərələr, əşyalar talan edilib. Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində xaricdən gələn dəstək hesabına onlar bizim torpaqlarımızı zəbt ediblər. İndi də, indiki şəraitdə də biz görürük ki, onlara xaricdən yardım edilir. Oraya muzdlular, pullu əsgərlər göndərilir. Oraya böyük silahlar göndərilir. Buna baxmayaraq, biz bu çirkin rejimin belini qırırıq, qıracağıq. Haqq işimizi davam etdiririk, Türkiyə kimi qardaş ölkə yanımızdadır, hər zaman birlikdəyik. Bir daha sizə təşəkkür edirəm, xoş gəlmisiniz. x x x Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç dedi: -Xoş gördük, cənab Prezident. Çox sıx iş qrafikinizdə vaxt ayırıb bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik, sağ olun. Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Bütün danışıqlara baxmayaraq, 30 il boyunca irəliləyiş olmadı. Ona görə Sizin bu gün apardığınız mübarizə bir haqq mübarizəsi, hüquq mübarizəsidir, insan haqları sahəsində bir mübarizədir - öz vətəninizdən işğalçıları qovmaq. Bu, beynəlxalq hüququn da, insan vicdanının da, insan əxlaqının da ən təbii və doğru haqqıdır. Siz bunu qeyri-adi dərəcədə gözəl həyata keçirirsiniz. Sizin hər axşam neçə kəndin, neçə şəhərin işğaldan azad edildiyi barədə açıqlamalarınız bütün Türkiyədə insanların könlünə fərəh, sevinc gətirir. Biz Türkiyə Ombudsmanı olaraq, eyni zamanda, İslam Ölkələri Ombudsmanları Assosiasiyasına sədrlik edirik.

2020-10-22 00:00:00
3365 baxış

Digər xəbərlər

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümünə həsr edilən tədbir keçirilib

İyunun 23-də Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümünə həsr edilən tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixindən danışıb. Bildirib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabinetinin qərarına əsasən 1918-ci il iyunun 26-da birinci nizami hərbi hissə - əlahiddə Azərbaycan korpusu, avqustun 1-də isə Xosrov bəy Sultanovun rəhbərliyi ilə Hərbi Nazirlik yaradılıb. Azərbaycanın müstəqilliyini gözü götürməyən istilaçılardan ölkəmizin müdafiə edilməsində Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar və başqalarının böyük xidmətləri olub.   Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev hələ sovet dövründə milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Bu məqsədə çatmaqda 1972-ci ildə açılmış Cəmşid Naxçıvanski adına hərbi liseyinin böyük rolu olub. Məktəbin məzunları erməni təcavüzkarlarına qarşı mübarizədə, habelə müasir Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasında iştirak ediblər. Qeyd edilib ki, Azərbaycan rəhbərliyinin hərbi sahənin inkişafına daim diqqət göstərməsi nəticəsində ölkəmiz regionda müstəqilliyin keşiyində duran və dövlətimizin pozulmuş sərhədlərini bərpa etməyə hər zaman hazır olan qüdrətli orduya malikdir.  D.Rzayev tədbir iştirakçılarını Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü qeyd edilir. Silahlı Qüvvələrin yaradılmasının ildönümü azərbaycanlı vətənpərvərlər üçün mühüm hadisədir. Sonra Böyük Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan veteranlarına “Rusiya Veteranları İttifaqı” Ümumrusiya Veteranları İctimai Təşkilatının xatirə nişanları təqdim edilib. D.Rzayev Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin nümayəndəsinə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Həzi Aslanov” medalını təqdim edib. Həmçinin Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi veteranlarına və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlərinə “Səməd Mehmandarov”, “Əliağa Şıxlinski” medalları təqdim edilib.

Hamısını oxu
“Gənclər və İdman Nazirliyinin, o cümlədən onun tabeliyindəki Nərimanov Rayon Gənclər və İdman İdarəsinin şəhidlərimizin xatirəsinə həsr etdiyi turnirlər alqışlanmalıdır”

 Naqif Həmzəyev: “Bu yarışlar gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyətə malikdir”   “Şəhidlərimiz və qazilərimiz içərisində çempion titulu qazanan idmançılar var”   Artıq bir ilə yaxındır ki, Gənclər və İdman Nazirliyi, o cümlədən bir sıra gənclər və idman idarələri şəhidlərin xatirəsinə həsr edilən müsabiqə və turnirlər təşkil etməkdə, idman yarışları keçirməkdədir. Bu baxımdan Nərimanov Rayın Gənclər və İdman İdarəsi öz məhsuldarlığına, liderlik mövqeyinə görə xüsusilə seçilir.   Gənclər və İdman Nazirliyi, o cümlədən onun tabeliyində olan Nərimanov Rayon və Gənclər İdarəsinin  təşkilatçılığı ilə bu cür idman yarışlarının, müsabiqələrin keçirilməsi həm vətənpərvərlik təbliğatı, həm də şəhidlərimizin, qəhrəmanlarımızın tanıdılması baxımından nə dərəcədə əhəmiyyətlidir?   Veteran.gov.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bu cür müsabiqələrin mühüm önəm kəsb etdiyini vurğulayıb:   “Şəhidlərimizin, qazilərimizin adı ilə keçirilən bütün tədbirləri alqışlayırıq. Burada bir hədəf, bir məqsəd var. O da gənclərimizi milli ruhda, vətənpərvərlik ruhunda yetişdirmək, həmin qəhrəmanların Vətən müharibəsindəki şücaətini cəmiyyətə çatdırmaqdan ibarətdir. Məqsəd həm də canlı qəhrəmanların nümunəsində vətənpərvərlik sevgisini təbliğ etməkdir.   Bizim idmançı şəhidlərimiz və qazilərimiz içərisində çempion titulu qazanan şəxslər var idi. Onlar şöhrət qazanan, məşhurluq əldə edən insanlar idi. Onlar könüllü olaraq ordu sıralarına yazıldılar və sona qədər döyüşdülər.   Hesab edirəm ki, şəhidlərimizin, qazilərimizin adına həsr edilən turnirlər sağlam həyat tərzinin təbliğində də mühüm rol oynayacaq. Gənclər özlərinə həmin şəhid və qaziləri nümunə seçəcəklər. Bu cür turnirlər gələcək illərdə daha çox keçiriləcək. Çünki pandemiya son bir il ərzində daha çox tədbir keçirməyə imkan vermədi. Amma əminəm ki, qarşıdakı illərdə bu cür turnirlər, yarışlar daha çox olacaq.   Mən bütün nazirliklərə, dövlət qurumlarına səslənirəm. Bütün qurumlar çalışmalıdırlar ki, şəhidlərimizi təbliğ etsinlər, onların adına həsr edilən müsabiqələr keçirilsin. Biz də millət vəkilləri olaraq bu cür tədbirlərin təbliğinə kömək etməli, bu tədbirlərdə iştirak etməliyik. Bu baxımdan istər Gənclər və İdman Nazirliyinin, istərsə də Nərimanov Rayon Gənclər və İdman İdarəsinin həyata keçirdiyi müsabiqə və turnirləri alqışlayır, bunu son dərəcə faydalı hesab edirəm”.   Seymur ƏLİYEV

Hamısını oxu
İlham Əliyev Qubadlıda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonuna səfər edib. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videoməlumat paylaşılıb. Qubadlıda hərbçilərlə görüşən dövlət başçısı Azərbaycana məxsus torpaqların müharibə yolu ilə qaytarıldığını xüsusi vurğulayıb. “Qarabağ danışıqlar yolu ilə yox, döyüş meydanında əldə edildi. Danışıqlar yoluna qalsaydı, hələ 30 il də davam edəcəkdi. Bizim başımızı aldadırdılar. Amma görün, 27 ildə ermənilər özləri üçün burada qəsəbə salıblar. Xaricdən ermənilər gətiriblər. Gördülər bizim gücümüzü. Hesab edirdilər ki, əbədi bizim torpaqlarımızda oturacaqlar, bizə meydan oxuyacaqlar. Səbrimiz tükəndi, dedik, irəli. Məğrur Azərbaycan əsgəri özü gücünü bütün dünyaya göstərdi. İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrinin ali məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu bir yenilikdir. 21-ci əsrin müharibəsidir. Həm peşəkarlıq, həm iradə, həm milli ruh, həm də qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etmişik”.

Hamısını oxu
Qobuda şəhid ailələri və veteranların iştirakı ilə tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Abşeron rayon Qobu qəsəbəsindəki Sənətkarlıq Evində tədbir keçirilib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qəsəbə nümayəndəliyi və qəsəbə Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə baş tutan mərasimə şəhid ailələri və qazilər, qəsəbə ağsaqqalları, icra nümayəndəliyi və bələdiyyə, eyni zamanda ictimai fəalların nümayəndələri iştirak edib. Çıxışlarda Ulu Öndər tərəfindən təsis olunmuş 31 Dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Gününün siyasi, tarixi, dini və mənəvi dəyərinin əhəmiyyətindən, bu sahədə ötən müddət ərzində Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən və  Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultaylarından ətraflı bəhs olunub. Tədbirdə həmçinin vurğulanıb ki, Ulu Öndərin layiqli davamçısı cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib. Dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımız qüdrətli və müstəqil Azərbaycanla haqlı olaraq fəxr edirlər. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı mənfur düşməni doğma torpaqlarımızdan qovmuş bir xalqın övladı kimi fəxr edir, qürur hissi keçirir. Tədbirdə İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifasında vətənpərvərlik mahnıları səslənib, məktəblilərin söylədikləri şeirlər alqışlarla qarşılanıb.

Hamısını oxu