Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib..

Bakı, 25 oktyabr, AZƏRTAC Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib. AZƏRTAC xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib.

  Prezident İlham Əliyevin
çıxışı
-Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Gün ərzində müntəzəm olaraq mənə döyüş bölgələrində aparılan əməliyyatlar haqqında məlumat verilir və mənim tərəfimdən müvafiq göstərişlər verilir. Demək olar ki, hər saat müxtəlif bölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, həm Müdafiə Nazirliyi və digər qurumlar məni məlumatlandırırlar. Hər gün operativ müşavirələr keçirilir. Bir sözlə, vəziyyət tam nəzarət altındadır. İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilibdir, 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan azad edilibdir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır. Bu şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə təqdim edilir və hər kəs görə bilər ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Bir dənə də salamat bina qalmayıb, bütün binalar, evlər, inzibati binalar, sosial obyektlər, tarixi-dini abidələrimiz mənfur düşmən tərəfindən dağıdılıb. İşğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir. Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınsın, aktlar tərtib edilsin, bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçota alınsın və əlbəttə ki, Ermənistan dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir. Bir daha bütün dünya gördü ki, biz hansı vəhşilərlə üz-üzəyik. Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur. Biz qan tökürük, şəhidlər veririk, hərbçilər, eyni zamanda, mülki şəxslər şəhid olur. Ermənistan döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmir və yenə də hər zaman olduğu kimi, öz çirkin əməllərini yaşayış məntəqələrimizi, mülki əhalinin yaşadıqları yerləri atəşə tutur. Bu namərd atəş nəticəsində 60-dan çox mülki şəxs həlak olub, 300-ə yaxın mülki şəxs yaralanıb. İki gün bundan əvvəl Milli Qəhrəman Şükür Həmidov qəhrəmancasına həlak olub. Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərmişdir. Mənim tərəfimdən ona Milli Qəhrəman fəxri adı verilmişdir və Milli Qəhrəman ulduzunu şəxsən ona təqdim etmişdim. Təklif edirəm ki, döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla yad edilsin. Allah rəhmət eləsin. Yaralı hərbçilərimizə və mülki şəxslərə Allahdan şəfa diləyirəm. Bu günlər ərzində biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil. Bir daha gördük ki, Ermənistan bu 30 il ərzində, sadəcə olaraq, vaxt udmaq, danışıqlarda imitasiya aparmaq və status-kvonu əbədi etmək fikrində idi. Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər işğalçı dövlətə lazımi təzyiq göstərə bilməmişlər, yaxud da ki, bunu etmək istəməmişlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı. Onu da bildirməliyəm ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilmişdir. İclasda bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkmək mənası daşıyan sənəd irəli sürülmüşdür. Biz buna qəti şəkildə etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirir. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bu müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir. Biz öz səsimizi ucaltmışıq və şadam ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etiraz etmişdir. Baxmayaraq ki, onlara böyük dövlətlər tərəfindən təzyiqlər göstərilmişdir. Ancaq bu ölkələr Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Azərbaycana onlar tərəfindən göstərilən dəstək əlbəttə ki, çox yüksək qiymətləndirilir və onu göstərir ki, Qoşulmama Hərəkatı çərçivəsində yüksək səviyyəli həmrəylik var. Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüş meydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbə qazanırıq. Düşməni necə ki, döyüş meydanından qovuruq, düşmənin havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk. Baxmayaraq ki, Ermənistan dəfələrlə bu müddət ərzində bizi təxribata çəkib, Ermənistan ərazisindən bizim hərbi mövqelərimizi atəşə tutub, yaşayış yerlərimizi atəşə tutub, Gəncə şəhərinə Ermənistan ərazisindən iki dəfə ballistik raketlərlə zərbə vurub, atəş açıb, bunun nəticəsində günahsız insanlar həlak olublar. Hər gün Tərtər, Ağdam və digər cəbhəboyu şəhərlərimizə və kəndlərimizə yüzlərlə, minlərlə mərmi atılır, amma beynəlxalq birlik buna səssiz qalır, vasitəçilər buna səssiz qalırlar. Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır. Bunun bir yolu var - Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmalıdır, rədd olmalıdır. Bunu beynəlxalq hüquq tələb edir. Ancaq onlara təsir göstərilmir, təzyiq göstərilmir, əksinə, bizə təsir və təzyiq cəhdləri müşahidə olunur. Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir, çox ciddi mübarizə gedir. Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik. İki dəfə Ermənistanın xahişi ilə, böyük dövlətlərin təklifi ilə atəşkəs elan olunmuşdur. İki dəfə də Ermənistan bu atəşkəsi pozub. Birinci dəfə elə bir gün keçməmiş Gəncəni bombalamışdır. İkinci dəfə atəşkəsdən iki dəqiqə sonra atəşkəsi pozmuşdur. Belə olan halda, Azərbaycan əlbəttə ki, onlara layiqli cavabını verib və verəcək. Bundan sonra da düşməni torpaqlarımızdan qovacaq, sona qədər qovacaq. Bizim bir şərtimiz var, əgər Ermənistanın təəssübkeşliyini çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizim torpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistana şərait yaradan ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki, Ermənistan işğal edilmiş torpaqlardan çıxacaq. Belə bir bəyanatı biz eşitməmişik. Əksinə, xalqların öz müqəddəratı haqqında danışır və faktiki olaraq danışıqlar prosesini məhv edibdir. Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür. Mən də xalqıma hər zaman həqiqətləri demişəm. Nə var onu da demişəm. Bu gün də nə var onu deyirəm. Bildirməliyəm ki, bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və Yerevana nə vaxt gəlib və içində nə var. İndiki döyüşlər zamanı 300-ə yaxın Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimət kimi götürülüb. Haradandır bunlarda bu qədər pul? Kasıb bir ölkədir, nə pulu, nə imkanı var. Müftə alıbdır. Altı S-300 hava hücumuna qarşı zenit-raket kompleksi məhv edilibdir. Onların qiyməti bəllidir. Haradandır bu? “Tor”, “OSA” zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları, təyyarələr, hansılar ki, artıq Azərbaycan tərəfindən məhv edilib. “Toçka-U”, “SCUD”, haradandır? Pulsuz verilib və verilir. Biz də buna səssiz qala bilmərik. Hər kəs bunu bilsin. Biz təkbaşına vuruşuruq, təkbaşına! Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq, mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi! Əlbəttə ki, yox. Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də lazım deyil. Biz döyüş meydanında uğurlar qazanmışıq. Ancaq, eyni zamanda, bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda, bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik. Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər. Ona görə növbəti günlərdə, - bu gün biz bu barədə danışacağıq, - bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək. Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir. Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Amma buna nail olmaq üçün əlbəttə ki, hər bir vəzifəli şəxsdən böyük məsuliyyət tələb olunur, cəsarət tələb olunur və nizam-intizam tələb olunur. Mən bu günlər ərzində müntəzəm olaraq Azərbaycan xalqına müraciət edirəm, öz fikirlərimi bildirirəm, uğurlar haqqında məlumat verirəm. Bu gün də Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!

2020-10-25 00:00:00
3596 baxış

Digər xəbərlər

“Hər bir əsgər döyüşə Mübariz kimi, Fərid kimi köklənməlidir”

“Hər bir əsgər döyüşə Mübariz kimi, Fərid kimi köklənməlidir”  “Ordumuz aprel döyüşlərindəki qəhrəmanlığı təkrarlamağa hazırdır”  Cəlil Xəlilov: “Xarici dövlətlərdən hərbi-texniki təchizat baxımından asılılığımız sürətlə azalmaqdadır”  “Müdafiə Sənayesi Nazirliyinin yaradılması strateji uğurlarımızdan biridir”  “SHXÇDX-nin hərbi vətənpərvərliklə bağlı keçirdiyi tədbirlər təqdirlayiqdir”   Ordumuzun güclənməsi, onun döyüş qabiliyyətinin, peşəkarlıq səviyyəsinin yüksəldilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biridir. Hansı ki, 2016-cı ilin aprel döyüşlərini bu uğurun paraktiki isbatı hesab etmək olar. Lakin torpaqlarımızın hələ də işğal altında qalması, erməni təxribatının bu gün də davam etməsi ordumuzun hazırlıq səviyyəsini artırmaq səylərinin davam etdirilməsini zəruri edir. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovla söhbətimizdə ordumuzun mövcud hazırlıq səviyyəsi, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin önəmi, milli hərbi-sənaye kompleksinin durumu və s. kimi məsələlərə aydınlıq gətirməyə çalışdıq.   -Cəlil müəllim, ordumuz 2016-cı ildə olduğu kimi, 2017-ci ildə də cəbhəboyu təşəbbüsü əldə saxladı. Bilmək istərdik ki, bunun qarşıda bizi gözləyən böyük qələbənin ilkin şərtlərindən biri hesab etmək mümkündürmü?   -Təbii ki, bu, qələbə üçün vacib amillərdən biridir. Hazırkı vəziyyət bizə ordunun hər an müahribəyə hazır olmasının vacibliyini diktə edir. Biz torpaqlarımızı erməni separatçlarından azad etməyə hazır olmalıyıq. Ordumuz yüksək döyüş, eləcə də mənəvi-psixoloji hazırlığa malik olmalıdır. Ordu düşmən üzərində qələbəyə nail olmaq üçün xüsusi hazırlığını mütəmadi artırmalıdır. Təsadüfü deyl ki, Silahlı Qüvvələrimiz həm Ali Baş komandan, həm də ordu rəhbərliyi tərəfindən xüsusi diqqət var. Xarici ölkələrdən ən müasir hərbi texnikanın alınması, mütəmadi hərbi təlimlərin keçirilməsi, peşəkarlığın artırılması, düşmən mövqelərinə dəqiq və ölümcül zərbələrin endirilməsinə hazırlıq bu diqqətin göstəricisidir. Ordu yüksək döyüş hazırlığına malik olmaqla daim düşmən mövqelərini izləməli, onları nəzarətdə saxlamalıdır. Ordumuzun qonşu dövlətlərlə - Rusiya, Türkiyə, Gürcüstanla da birgə həyata keçirdiyi təlimlər də bu məqsədə xidmət edir. Bütün bunlar döyüş hazırlığının yüksəlməsinə təsir edən amillərdir. Biz hər an Ali Baş komandanın “hücum” əmrinə hazır olmalıyıq. Bunun üçün isə peşəkarlığın artırılması vacibdir.   -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mütəmadi surətdə “Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbirlər keçirir. Hansı ki, həmin tədbirlərdə Qarabağ müharibəsi veteranları da iştirak edir, yeniyetmələrə və gənc nəslin nümayəndələrinə öz xatirə və tövsiyyələrini dilə gətirir. Sizcə bu cür tədbirlər gənc nəsildə vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəldilməsi baxımından nə dərəcədə zəruridir?   -Hərbi vətənpərvərlik tərbiyəsi uşaq bağçalarından, orta məktəblərədn başlamalıdır. Mən SHXÇDX-nin keçirdiyi bu cür tədbirləri təqdirlayiq hesab edirəm. Respublika Veteranlar Təşkilatının həm Gənclər və İdman Nazirliyi, həm Hərbi Prokurorluqla birlikdə həyata keçirdiyi Tədbirlər Planı mövcuddur. Təhsil Nazirliyi ilə də birgə tədbirlər keçirmək niyyətindəyik. Bunda əsas məqsəd gənc nəslin nümayəndələrində orduya marağı artırmaq, hərbi-vətənpərvərlik tərbiyəsini yüksəltməkdir. Biz istəyirik ki, gənclərimiz həqiqi hərbi xidmətə, bir məcburiyyət olaraq yanaşmasınlar. Buna sevgi ilə, qəlbən can atsınlar. Gəncləri elə hazırlamaq lazımdır ki, onlar vətən borcunu ləyaqətlə yerinə yetirsinlər. Elə etmək lazımdır ki,mənəvi-psixoloji hazırlıq baxımından bizim əsgəri gücə bərabər güc olmasın. İstəyirik ki, hər bir əsgərimiz döyüşə Mübariz kimi, Fərid kimi köklənsin. Hər bir gənc torpaqları işğaldan azad etməyə hər an hazır olmalıdır.   -Necə hesab edirsiniz, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində milli tariximizə müraciət etməyə, tarixi qəhrəmanlarımızın təbliğinə yer ayırmağa ehtiyac varmı?   -Təbii ki, buna böyük ehtiyac var. Biz gənc nəsildə vətənpərvərlik ruhunu yüksəltmək üçün tarixi faktlardan istifadə etməliyik. Hansı ki, tariximiz bu baxımdan xüsusilə zəngindir. Hazırda 100 illiyini qeyd etməyə hazırlaşdığımız Xalq Cümhuriyyəti dövründəAzərbaycan Ordusu Qarabağda erməni separatçılarını məğlubiyyətə uğratdı. II Dünya Müharibəsində 124 nəfər Azərbaycan döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Minlərlə azərbaycanlı mühribədə göstərdiyi şücaətə görə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Aprel döyüşlərində də əsgər və zabitlərimiz böyük qəhrəmanlıqlar ortaya qoydular. Bu gün ordumuz bu qəhrəmanlıqları təkrarlamağa hazırdır.   -Azərbaycanda hərbi sənayenin inkişafı istiqamətində ciddi addımlar atılır. Necə hesab edirsiniz, müharibə şəraitində olan bir ölkə üçün hərbi sənayenin inkişafı nə dərəcədə vacibdir?   -Prezidentimizin strateji addımlarından biri Müdafiə Sənayesi Nazirliyinin yaradılması oldu. Bu, çox vacib bir məsələdir. Elə dövlətlər var ki, onlar müharibə aparan dövlətlərə silah-surat satışına qadağa qoyub. Bu gün ölkəmiz bu məsələdə digər dövlətlərdən çox da asılı vəziyyətdə deyil. Təbii ki, güclü dövlətlərdən müəyyən silah-sursat alırıq. Ancaq bu gün silahların çoxu ölkəmizin özündə istehsal edilir. Milli hərbi sənayenin inkişafı ölkəmizə həm hərbi, həm də iqtisadi maraqlar baxımından zəruridir. Bizim istehsal etdiyimiz bi çox silah növləri var ki, bu silahlar beynəlxalq sərgilərdə nümayiş olunur, onlara xarici dövlətlərin marağı böyükdür. Bu baxımdan ölkəmizdə milli hərbi sənayenin inişafı müstəsna önəmə malikdir.   -Bəzən bu cür fikirlər səslənir ki, müharibə başlayacağı təqdirdə I Qarabağ müharibəsinin iştirakçılarının təcrübəsinə ciddi ehtiyac olacaq. Sizcə Qarabağ uğrunda yeni bir müharibə başlayacağı təqdirdə I Qarabağ müharibəsinin iştirakçılarının təcrübəsinə doğrudan da böyük ehtiyac yaranaqmı? Əvvəla mən bitməmiş Qarabağ müharibəsi deyərdim. Çünki Qarabağ uğrunda 100 ildən çoxdur ki aparılır, bu gündə davam edir. -Təbii ki, təcrübəyə hər zaman ehtiyac var. Keçmişin dərslərinə  hər zaman müraciət etmək lazımdır. Həm Qarabağ, həm də Əfqanıstan müharibəsinin iştirakçılarının təcrübəsi bu baxımdan önəmlidir. 2016-cı ilin aprel döyüşləri zamanı yüzlərlə müharibə veteranı müraciət edərək ön xətdə getmək istəklərini bildirdilər. Ancaq onlara elə  bir ehtiyac olmadı. Bu gün ordumuz düşmənin öhdəsindən layiqincə gəlməyə qadirdir. Ordudakı zabitlərimiz yüksək təhsilli zabitlərdir. Əsgərlərimizin də döyüş hazırlığı, peşəkarlığı yüksək səviyyədədir. Ancaq şübhəsiz ki, veteranların ordumuzla birliyi də həmişəki kimi məqsədəuyğun olardı. Bunu hər şeydən öncə veteranların özü arzulayır. Unutmayaq ki, bu vətən hamımızındır və onun işğal altında olan ərazilərinin azadlığı üçün hər birimiz əlimizdən gələn fədakarlığı əsirgəməməliyik.   Seymur Əliyev      

Hamısını oxu
İlham Əliyev Qubadlıda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonuna səfər edib. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videoməlumat paylaşılıb. Qubadlıda hərbçilərlə görüşən dövlət başçısı Azərbaycana məxsus torpaqların müharibə yolu ilə qaytarıldığını xüsusi vurğulayıb. “Qarabağ danışıqlar yolu ilə yox, döyüş meydanında əldə edildi. Danışıqlar yoluna qalsaydı, hələ 30 il də davam edəcəkdi. Bizim başımızı aldadırdılar. Amma görün, 27 ildə ermənilər özləri üçün burada qəsəbə salıblar. Xaricdən ermənilər gətiriblər. Gördülər bizim gücümüzü. Hesab edirdilər ki, əbədi bizim torpaqlarımızda oturacaqlar, bizə meydan oxuyacaqlar. Səbrimiz tükəndi, dedik, irəli. Məğrur Azərbaycan əsgəri özü gücünü bütün dünyaya göstərdi. İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrinin ali məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu bir yenilikdir. 21-ci əsrin müharibəsidir. Həm peşəkarlıq, həm iradə, həm milli ruh, həm də qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etmişik”.

Hamısını oxu
Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Leninqrad blokadasının iştirakçıları ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Leninqrad blokadasının iştirakçıları ilə görüşüb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, sədr müavini polkovnik Cəlil Xəlilov və digər veteranlar iştirak edib. Aleksandr Beqlov Azərbaycan xalqının faşizmə qarşı mübarizədə fəal iştirak etdiyini, bu mübarizədə böyük qəhrəmanlıqlar göstərdiyini bildirib, buna görə xalqımıza, veteranlara öz təşəkkürünü bildirib. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycanla Rusiya arasında tarixi dostluq əlaqələrinə diqqət çəkib, hər iki xalqın faşizmə qarşı birgə mübarizə apardığını vurğulayıb. Polkovnik Cəlil Xəlilov Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovu “General Həzi Aslanov” yubiley medalı ilə təltif edib.  

Hamısını oxu
“Avropa İttifaqının Azərbaycanla bağlı bəyanatı ədalət adına utancdır”

“Avropa İttifaqının Azərbaycanla bağlı bəyanatı ədalət adına utancdır”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Birliyinin sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bəyanat tamamilə yalan və böhtan üzərində qurulub ki, bu da ölkəmizə qarşı qərəzli münasibətin göstəricisidir: “Avropa İttifaqının 18 oktyabr tarixində ölkəmizlə bağlı qəbul etdiyi bəyanat, bu bəyanatda yer alan iddialar tamamilə absurddur və bunun Azərbaycan reallqları ilə heç  bir əlaqəsi yoxdur. Məlum bəyanat sadəcə Avropa İtifaqının Azərbaycana qarşı nə qədər qərəzli, riyakar və ədalətsiz mövqe tutduğunu, Qərbdə bir çox ölkənin bu gün də  erməni yalanlarına ciddi dəstək verdiyini göstərir. 30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemlərinə kor olan, Qarabağda qətlə yetirilən minlərlə günahsız insanın faciəsini görməyənlərin, indi Qarabağı könülü tərk edən ermənilərə görə bu cür narahatlıq keçirməsi heç cür anlaşılan deyil. Görünür, Avropa İttifaqı, habelə, demokratiyadan, ali insani dəyərlərdən, ədalətdən bəhs edən Qərb dövlətləri bütün bu dəyərlərə öz maraq və mənafelərindən yanaşır. Onlar hesab edir ki, ədalət də, demokratiya da, insani dəyərlər də ancaq bəzi dövlətlərə münasibətdə tətbiq olunmalıdır. Halbuki, Azərbaycan ermənilərə qarşı nə müharibə, nə də post-müharibə dönəmində heç bir anti-insani mövqe sərgiləməyib. Düşünürəm ki, Avropa İttifaqı bu bəyanata yenidən baxmalı, Azərbaycana münasibətdə necə gülünc, rüsvayçı, ikrahedici mövqe sərgilədiyini görməlidir. Sözügedən qurum anlamalıdır ki, bu cür bəyanatlar sadəcə onun öz nüfuzuna kölgə salır, Avropa İttifaqının ədalətinə olan ümidlərin üstündən xətt çəkir”. Seymur ƏLİYEV  

Hamısını oxu