Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev igid övladlar yetişdirən xalqımıza təşəkkür etdi

“Ağdamlılar Birinci Qarabağ Müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. İkinci Qarabağ Müharibəsində - Vətən Müharibəsində də cəsarətlə vuruşmuşlar, şəhidlər vermişlər. Mən fürsətdən istifadə edərək bu Qələbəni bizə bəxş edən bütün şəhidlərimizi yad etmək istəyirəm, Allah onlara rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin”.  Oxu.Az-ın məlumatına görə, bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. “Şəhidlərimizin valideynlərinə, yaxınlarına bir daha müraciət edərək, onlara öz təşəkkürümü bildirirəm ki, belə gözəl, igid övladlar yetişdiriblər dövlətimiz üçün, xalqımız üçün. Yaralı əsgərlərimizə, zabitlərimizə tezliklə normal həyata qayıtmağı arzu edirəm. Allah onlara şəfa versin. Onların reabilitasiyası ilə bağlı artıq tədbirlər planı hazırlanır, müvafiq göstərişlər verilib. Onlar daim diqqət mərkəzində olacaqlar.

 
Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir”. İ.Əliyev bildirib ki, bu torpaqların abadlaşdırılması ilə bağlı tədbirlər görüləcək. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu da çox vaxt aparan bir məsələdir: “Çünki mənfur düşmən böyük əraziləri minalaşdırıb. Ondan sonra infrastruktur layihələri ilə bağlı işlər aparılmalıdır. Artıq göstəriş verilib, mövcud infrastruktur təhlil edilir. Bizim indi peyk imkanlarımız və digər imkanlar var. Mən Füzuli və Cəbrayıl rayonlarına səfər edərkən artıq qısa müddət ərzində salınmış yeni yoldan istifadə etdim. O müvəqqəti yoldur, amma hər halda, bu yoldan istifadə etmək olar. Yəni, bütün bu işləri biz görəcəyik və bizim böyük qayıdış planımız hazırda tərtib edilir”.

2020-11-20 00:00:00
3081 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Əməkdar jurnalist Ağahüseyn Hüseynovu 85 illik yubileyi münasibətilə təbrik edib

İyulun 7-də Prezident Kitabxanasında Əməkdar jurnalist Ağahüseyn Hüseynovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Veteran.gov.az Azertac-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Azərbaycan milli mətbuatının inkişaf tarixində özünəməxsus yeri olan Ağahüseyn Hüseynovun peşəkar jurnalist, bacarıqlı redaktor və media təşkilatçısı kimi uzun illər səmərəli fəaliyyəti ilə seçildiyini bildirib. O qeyd edib ki, yaradıcılıq yoluna görkəmli alim-jurnalist Nəsir İmanquliyevin yaratdığı məşhur "Bakı" və "Baku" qəzetlərində başlayan Ağahüseyn Hüseynov həmin nüfuzlu jurnalistika məktəbinin layiqli yetirmələrindən biri kimi formalaşıb. Sonralar bu qəzetlərə rəhbərlik edərək yüksək redaktorluq mədəniyyəti, peşə etikasına sadiqliyi və prinsipial mövqeyi ilə milli mətbuatın inkişafına mühüm töhfələr verib. Professor Afət Abbasova vurğulayıb ki, Ağahüseyn Hüseynovun çoxillik fəaliyyəti Azərbaycan jurnalistikasında peşəkarlıq, məsuliyyət və vətəndaş mövqeyinin vəhdətini özündə ehtiva edən örnəklərdən biridir. Daha sonra Ağahüseyn Hüseynovun ömür yolunu, jurnalistika sahəsində keçdiyi peşəkar inkişaf mərhələlərini və Azərbaycan mətbuatına verdiyi dəyərli töhfələri əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Azertac-ın İdarə Heyəti sədrinin müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, kinoşünas, Əməkdar mədəniyyət işçisi və Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, yazıçı-publisist, baki-baku.az saytının baş redaktoru Şərəf Cəlilli, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin baş məsləhətçisi, baki-baku.az saytının layihə rəhbəri Dəniz Məmmədli, Əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmli, veteran jurnalist Ənvər Məşədiyev, polkovnik, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin baş müşaviri Pərvanə İsmayılova, jurnalist, tədqiqatçı, kulturoloq-yaponşünas Əbülfəz Babazadə, Ağahüseyn Hüseynovun qızı, pedaqoq Nurlanə Quliyeva və yazıçı-tərcüməçi, baki-baku.az saytının redaktoru Xanım Aydın Ağahüseyn Hüseynovun milli mətbuatın inkişafındakı rolundan danışıblar. Natiqlər onun uzun illər "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru kimi peşəkar jurnalistika prinsiplərinin qorunmasına, redaktorluq məktəbinin inkişafına və gənc jurnalistlərin formalaşmasına mühüm töhfələr verdiyini bildiriblər. Qeyd olunub ki, yüksək peşəkarlığı, obyektivliyi, prinsipiallığı, tələbkarlığı və təşkilatçılıq bacarığı ilə seçilən Ağahüseyn Hüseynov redaktor kimi sözün məsuliyyətini daim diqqət mərəzində saxlayıb. Onun rəhbərliyi ilə hazırlanan nəşrlər mövzuların dolğun təqdimatı, faktlara dəqiq yanaşma, aydın üslub və peşəkar redaktə mədəniyyəti ilə geniş oxucu auditoriyasının rəğbətini qazanaraq Azərbaycan mətbuatında özünəməxsus yer tutub. Əməkdar jurnalist, "Bakı" və "Baku" qəzetlərinin sabiq baş redaktoru Ağahüseyn Hüseynov yubileyinin Prezident Kitabxanasında keçirilməsini həyat və yaradıcılığına verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirib, göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına səmimi minnətdarlığını bildirib. Tədbirə yekun vuran Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova qeyd edib ki, Ağahüseyn Hüseynovun zəngin ömür yolu və çoxillik redaktor təcrübəsi Azərbaycan jurnalistikasının peşəkar inkişaf mərhələsini dolğun şəkildə əks etdirir. O bildirib ki, sözə məsuliyyətlə yanaşmaq, obyektiv mövqe və milli mətbuat ənənələrinə bağlılıq Ağahüseyn Hüseynovun fəaliyyətini səciyyələndirən əsas keyfiyyətlərdəndir. Professor Afət Abbasova vurğulayıb ki, belə görkəmli ziyalıların irsinin öyrənilməsi və təbliği yalnız mətbuatın deyil, bütövlükdə ölkənin ictimai fikir tarixinin araşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Afət Abbasova əlavə edib ki, Prezident Kitabxanası Azərbaycan dövlətçiliyinə, elmə, mədəniyyətə və milli mətbuata dəyərli xidmətlər göstərmiş görkəmli ziyalıların zəngin irsinin toplanılması, mühafizəsi, tədqiqi və geniş oxucu auditoriyasına çatdırılması istiqamətində fəaliyyətini bundan sonra da ardıcıl surətdə davam etdirəcək.

Hamısını oxu
“Zəfər yolunda inamla və qürurla irəliləyirik”

Veteran.gov.az xəbər verir ki, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun rayonun Göyəçöl kəndində seçicilərlə görüşü keçirilib.Görüşdən öncə Göyəçöl şəhidlərinin xatirəsi yad edilib, onların şərəfinə salınan parkda ucaldılan abidənin önünə gül dəstələri düzülüb. YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, Heydər Əliyev siyasəti Azərbaycan xalqına ən dəyərli milli sərvətimiz olan dövlət müstəqilliyini bəxş edib, ölkəmizin demokratiya və sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irəliləməsini, beynəlxalq münasibətlər sisteminin nüfuzlu dövlətinə çevrilməsini şərtlənib: “Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ardıcıl nailiyyətlərə imza atılıb, xalq-iqtidar birliyi daha da möhkəmlənib, Azərbaycan qalib ölkəyə çevrilib”. Çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov seçkilərin ölkəmizin ictimai-siyasi həyatında rolundan danışıb. O bildirib ki, postmüharibə dövründə Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət kursu yeni reallıqlar yaradıb: “Bu gün Zəfər yolunda inamla və qürurla irəliləyirik. İnanırıq ki, sentyabrın 1-də keçiriləcək seçkilər yeni, müasir və müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Lider Heydər Əliyevin ideyalarına, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinə xalqın dəstəyinin növbəti təzahürü olacaqdır”, - deyə deputatlığa namizəd vurğulayıb. Görüş iştirakçılarından şəhid anası Mehriban Sultanzadə, Həsənağa Əliyev, Əntiqə Tağıyeva, Vaqif Şükürov, Xudayar Rəhimov və digərləri YAP-ın namizədini dəstəkləyəcəklərini vurğulayıblar.  

Hamısını oxu
Prezident İlham Əliyev türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının növbəti iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə etdi. İclasın ikitərəfli və çoxtərəfli əməkdaşlığımızla bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyən Prezident İlham Əliyev ölkələrimiz arasında etimada əsaslanan çox sıx qardaşlıq münasibətlərinin mövcud olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu təmasların təhlükəsizliyin və regional sabitliyin təmin olunmasındakı rolunu vurğuladı. Azərbaycanın regional əməkdaşlıq proseslərində fəal iştirak etdiyini deyən Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsi üçün səylərin bundan sonra da davam etdiriləcəyini bildirdi. Dövlətimizin başçısı iclasda müzakirə edilən məsələlərin ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Görüşdə çıxış edən qonaqlar Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının növbəti iclasının yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirdilər və bu tədbirin ölkələrimizin müvafiq qurumları arasında əlaqələrin və sıx əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyini vurğuladılar.

Hamısını oxu
Vətənpərvər

Neçə il əvvəl bir dostum haqqında “bizi birləşdirən çox şeylər vardı”, yazmışdım. Bu gün haqqında söhbət açmaq istədiyim Bayram Məmmədovla bağlı da bu sözləri yaza, onunla bölüşdüyümüz çox şeylərin olduğunu deyə bilərəm. Yəqin bununla mübaliğəyə yol vermərəm, çünki biz eyni rayonda yaşamış, eyni məktəbi bitirmiş, ali təhsil aldıqdan sonra da təqribən eyni vaxtda, bir-birinə yaxın sahələrdə fəaliyyət göstərmişik. Bayram partiya-komsomol işində, mən həmin partiyanın orqanı və təbliğat-təşviqat vasitəsi olan rayon qəzetində. Ən başlıcası fikirlərimiz üst-üstə düşüb, dünyaya baxışımız, bölüşdüyümüz dəyərlər barədə uzun-uzadı danışmasaq da onların da cüzi fərqlərlə eyni olduğu qənaətindəyəm. Dinc, Zəngilanlı günlərimizdə də, torpaqlarımızın düşməndən qorunması naminə o silah, mən qələm götürüb səngərə üz tutanda, sonra bizləri Qarabağsız və nəhayət Zəngilansız qoyan illərin acısını çəkəndə, qəzəbimizi ürəyimiz boyda olan yumruğumuza düyünləyib başımız üzərinə qaldıranda da eyni hissləri, ağrı-acıları yaşamışıq. Ancaq Bayram Məmmədovla bir-birimizə dost deməyə haqqımız çatsa da, bu sözü yeri gəldi-gəlmədi işlətməyə ehtiyac duymamışıq. Bayram Məmmədov ixtisasca müəllim və politoloqdur. Rayonun qiyabi orta, Keçikli və Canbar kənd 8 illik məktəblərində ingilis dili müəllimi işləmişdi. Ancaq onu rayonda daha çox tanıdan sovet idarəçilik sistemində xüsusi yeri olan komsomol, partiya təşkilatlarında və Icraiyyə Komitəsində işləməsi olmuşdu. Elə həmin vaxtdan çoxlarının biliyi, təşkilatçılığı, işə münasibəti, şəxsi keyfiyyətlərinə görə bu cavan oğlanı özünə yaxın, etibar ediləsi şəxs saydığını deyə bilərəm. Ancaq fikrimcə, Bayramı bütün zəngilanlıların yaxını, dostu, nəhayət doğması edən onun rayonda yaradılan ilk ərazi müdafiə taborunun (yarandığı vaxt bu hərbi birlikləri özünümüdafiə taboru adlandırırdılar) komandiri, əlinə silah alanların ön sırasında dayanması oldu. Mən o zaman “Vətən səsi”, “Xalq ordusu” və “Sərhəd” qəzetlərində işlədiyimdən  cəbhə və sərhəd rayonlarında tez-tez olurdum. Ən azı ayda iki dəfə Zəngilana baş çəkdiyim, eləcə də Laçın, Qubadlı, Cəbrayıl və başqa rayonlara müntəzəm ezamiyyələrə getdiyimdən ərazi müdafiə taborlarının necə döyüşdüyündən xəbərdar idim. Əli silahlılardan fərqli olaraq əli qələm tutanların üstünlüyü olan bu cəhət bizə həqiqi komandirlərlə təsadüfi şəxsləri bir-birindən fərqləndirməyə imkan verirdi. Əslində sonda yazmağımın daha doğru olduğu fikri elə buradaca da demək istəyirəm. Bayram Məmmədov peşəkar hərbçi olmasa da, əsl komandir, həqiqi vətənpərvər zabitdir. O, hərbi, yaxud xüsusi təhsil almamışdı. SSRİ-nin Uzaq Şərqdəki hərbi hissələrindən birində əsgəri xidmət keçmiş, ehtiyatda olan zabit olmuş, sonra da rayon komsomol təşkilatında idman və kütləvi- müdafiə işləri şöbəsinin müdiri kimi bu sahədə müəyyən təcrübə qazanmışdı. Ancaq getdkcə intensivləşən erməni hücumlarının qarşısının alınması zərurətinin yerli özünümüdafiə taborunun yaradırılmasını həyatı məsələyə çevrdiyi günlərdə Bayram da, döyüş yoldaşları da sanki aylar deyil, günlərlə püxtələşdilər. Əslində mövcud vəziyyət bunu tələb edirdi. Vaxt son dərəcədə məhdud idi. Ermənilərlə döyüşlərin gedişində formalaşan tabordan düşmən təcavüzünün qarşısının alınması üçün hərbi əməliyyatları daha peşəkarlıqla hazırlayıb həyata keçirməsi tələb edilirdi. Bütün bunlar mərkəzdən heç bir real köməyin gözlənilmədiyi şəraitdə baş verirdi. Ancaq həqiqi fədakarlar düşmənə müqavimət göstərməyə qadir hərbi hissə yarada bildilər. Laçında, Qubadlıda olan hərbi birləşmələrlə yanaşı, Ermənistandan gözlənən təcavüzün qarşısında artıq Zəngilan özünümüdafiə taboru da dayanmışdı. Taborun apardığı uğurlu döyüşlər çox keçmədən Bayramın əsl komandir, həqiqi vətənpərvər zabit olduğuna nəinki Zəngianda, qonşu rayonlarda da inam yaratdı. Müdafiə Nazirliyi sistemində sonrakı xidmət illəri də bunun məhz belə olduğunu sübuta yetirdi. Daha dəqiq olsun deyə, onun komandir kimi keçdiyi döyüş yolu, ağır xidmət illəri ilə bağlı bəzi faktları yada salmağı, o vaxta aid qeydlərimi bölüşməyi lazım bilirəm. Çünki faktlara istinad etməkə istənilən məsələ barəsində daha obyektiv, birmənalı fikir yürütmək olar. Digər tərəfdənsə, mənim də Bayram Məmmədovun da xüsusi ilə hazırkı yaşımızda gəlişi gözəl sözlərə ehtiyacımız yoxdur. Beləcə, faktların dili ilə nələrisə çatdırmağa çalışaq. Yazacaqlarımı şərti olaraq sübutlar da adlandırmaq olar. Bayram Məmmədovun şəxsi arxivində saxladığı “Sərhəd” qəzetində (“Komandir nümunə göstərməlidir” 1993-cü il 22 aprel) illər əvvəl dərc olunmuş bir müsahibə. Bu müsahibə həmin qəzetdə hərbi müxbir işlədiyim dövrə aiddir. Doğrusu, arxivlərdə işləməyi xoşlasam da, şəxsi arxiv yaratmaqda laqeyd olduğumu etiraf edirəm. 1984-1992-ci illərdə müxtəlif qəzetlərdə onlarla yazılarımın dərc edilməsin baxmayaraq, bu gün əlimdə 10-15 yazıdan artıq heç nə qalmayıb. Yenə dost-tanış, qohum-qardaş sağ olsunlar ki, hərdən özlərində saxladıqları qəzet nüsxələrinin surətini mənə də verirlər. Bayram Məmmədovun saxladığı həmin müsahibə onunla 1992-ci il dekabr ayının 10-da ermənilərin Zəngilanın 11 kəndini işğal etdiyi günlərdə aparılıb. “Sual: - O vaxt Ordu yox, prezident qvardiyası adı altında eks-prezidenti müdafiə edəcək qüvvələr yaratmağa can atırdılar. Milli Ordunun yaradılması haqqında Qanun əslində kağız üzərində qalmışdı. Cavab: - Əlbəttə, vəziyyət ağır idi. Ordu quruculuğunun ləngidilməsi keçmiş hakimiyyətə sərf edirdi. Halbuki bütün imkanlar bu işə yönəldilsəydi, bütün potensial Ordunun komplektləşdirilməsi və formalaşdırılmasına istiqamətləndirilsəydi, məğlubiyyətlərimiz də olmazdı. Bəlkə də indi müharibəni qurtarmışdıq. Sual: - Yadımdadır, ötən ilin 25 aprelində Zəngilan ərazisinə çox güclü hücum oldu. Artilleriya atəşlərindən sonra düşmən iki istiqamətdə hərbi texnikanın və vertolyotların köməyi ilə torpaqlarımıza soxuldu. Ancaq əsgərlərimizin şücayəti ilə qarşısı alınan ermənilər itki verib geri çəkildilər. Dekabrın 10-da isə 4-5 qat artıq qüvvə ilə torpaqlarımızı düşmən işğalından qoruya bilmədik. Bunu nə ilə izah edirsiniz? Cavab: - Keçən il aprel hadisələri dediyiniz vaxt bizim üçün ən ağır dövr idisə də, inam vardı. Komandirlər nümunə göstərirdilər. 25-i sübhçağı birinci komandirlər getdilər. Kəşfiyyat aparıldı, sonra gərgin döyüşdə düşmən geri oturduldu. Dekabrın 10-da isə mülki adamlar Canbar kəndinə qədər getdilər, düşmənin əsas qüvvələri geri çəkilmişdilər. Ancaq bir nəfər Ordu komandiri tapılmadı ki, əsgərləri döyüşə aparıb ərazilərimizi geri qaytarsın. Ordunun başında duran adamların kimliyi bilinmirdi. Dolayı yollarla Silahlı Qüvvələrə soxulanlar isə döyüş yox, başqa şeylər haqqında düşünürdülər. Mən qəti deyirəm, 10 dekabrda əks-hücum olsaydı, biz torpaqlarımızı geri qaytara bilərdik”. Yəqin ki, əlavə şərhə, qəhrəmanımın qeyd olunan keyfiyyətlərindən xəbər verən məqamların təhlilinə ehtiyac yoxdur. Görünən dağa nə bələdçi. Onunla yenə 1993-cü ilin əvvəllərində baş tutan, sonra bir yazımda yer alan söhbətimizi xatırlayıram. Həmin vaxt bir çox məsələlərdən, əsasən də 1989-90-cı illərdə getdikcə güclənən, sonra daha geniş miqyas alan düşmən təcavüzlərinin qarşısının alınması, torpaqlarımızın müdafiəsinin təşkilindəki problemlərdən danışmışdıq. “Biz ilk dəfə batalyon yaradanda çoxları inanmırdılar ki, Azərbaycanın özünün Silahlı Qüvvələri ola bilər. Buna baxmayaraq, sağlam qüvvələr tapıldı. Məşəqqətlərə, əziyyətlərə davam gətirməli olduq. Biz ilk müdafiə qüvvələrini yaradanda ağsaqqallardan, hətta savadlı adamlardan belə “həyatınızdan qorxmursunuz? Hökumət gələcək, sizi aradan götürəcək” deyirdilər. Bütün bunları bəzən eşitməzliyə vurur, öz işmizi görürdük. Vətənin müdafiəsini hər şeydən üstün tutan adamlar bizə lazımi kömək göstərirdi. Əsas çətinliyimiz o idi ki, bizə dövlət tərəfindən mane olurdular. Ordunun təşkilini ləngitmək üçün hər şeyə əl atırdılar. Nəticəsi gətirib ona çıxardı ki, həddindən artıq itkilərimiz oldu.” Şuşa daxil omaqla Dağlıq Qarabağın, Laçının işğalını, başqa torpaqlarımızın itirilməsini nəzərdə tuturdu. Hələ nə o, nə də mən inana bilməzdik ki, bu itkilər son olmayacaq. Qarşıda bizi daha 6 rayonun işğalı, Xocalı kimi soyqırım fəlakəti gözləyir. Soyqırımlar isə əslində 1905-1907-ci illərdən başlamış, 1918-1920-ci və daha sonrakı tarixlərdə müxtəlif miqyaslarda təkrarlanmış, nəhayət 1988-ci ilin fevralında yenidən vüsət almışdı. Nəticəsi də azərbaycanlıların (düşmənin daha dəqiq adlandırdığı kimi türklərin) öz əzəli yurdlarından didərgin salınması ilə türksüz Ermənistanın yaradılması olmuşdu. Bayramla bu tarixlərin hər biri, ümumən ermənilər (daşnak, yaxud qeyri ad altında əslində fərq etmir) tərəfindən Azərbaycan torpaqlarında törədilmiş qanlı faciələr barəsində xeyli söhbətlərimiz olub. Ancaq təəssüf ki, əksər hallarda olduğu kimi, bizimki sözdən-söhbətdən o tərəfə keçmir. Baxmayaraq ki, bunların bir çoxu onun da, mənim də hansısa yazılarımızda işıq üzü görüb, ictimailəşdirilib. Birbaşa cəbhə xəttində baş tutan söhbətlərimiz də az olmayıb. Belə söhbətlərdə yaxınlığımıza mərmi düşdüyü, güllələrin böyür-başımızdan uçuşduğu anlar da olub. Ancaq söhbətimizi heç vaxt yarımçıq kəsməmişik. Xatırlayıram ki, Bayram torpaqlarımızın müdafiəsini bütün xalqın, onun əli silah tutan hər bir övladının vəzifəsi hesab edir, həmçinin məsələnin obyektiv bir cəhətini də daim vurğulayırdı. Düşmənə qəfil, daha effektli zərbələrin vurulması üçün həmin ərazilərdə doğulmuş, döyüş bölgələrini yaxşı tanıyanlara xüsusi ehtiyac var. Belələri hərbi birləşmələrin azı 35-40 faizini təşkil etməlidirlər. Bu mövqe günümüzdə də öz aktuallığını itirməyib. “Torpaqları qoyub qaçdınız” kimi haqsız ittihamlarla “silahlanmış” biganəlik təcəssümləri, “torpağı ancaq biz qorumalıydıqmı?” kimi utandırıcı bəraət müəllifləri üçün də eyni qədər keçərlidir. Görünür, hələ də “yurdum” dediyimiz torpaqların hər birimiz üçün doğma Vətən olduğunun, Azərbaycan adlandığının fərqində deyilik. Öz əlimiz, öz dilimizlə parçaladığımız Vətəni isə düşməndən müdafiə edə bilmədiyimiz kimi, geri qaytarıb bütünləşdirməyimiz də çətin olacaq. Son 100 ildən bir qədər artıq dövrün hadisələri də bunu dəfələrlə sübuta yetirib. Böyük şair demişkən “məndən ötdü” deyəndən bəri nə qədər torpaqlar itirmişik, nə qədər faciələr, fəlakətlər yaşamışıq. Bunu bizə yaşadan düşmənin, millətçi, qeyri-millətçi, daşnak, bolşevik, ya kommunist (nə adlanması fərq etməz), bir sözlə erməninin arxasında kimlərinsə durmasının da elə bir fərqi yoxdur. Özümüzü bu aldadıcı təsəllidən də uzaq tutmağı bacarmalıyıq. Az qala 200 ildir ki, biz torpaqlarımızı itirə-itirə, ermənilərsə qazana-qazana gəlirlər. Son 30 ildə işğal edilmiş 20 faiz ərazimizi çıxmaqla, hamısı ilə də əslində, təəssüf ki, barışmışıq, yaxud da bizi barışdırıblar (yenə fərq etmir). Heç olmasa, sonuncu işğala görə düşməni layiqincə cəzalandırmaq, Azərbaycanın taleyini qaranlıqdan biryolluq qurtarmaq lazımdır. Sizlərə də yaxşı məlum olan bu həqiqətləri təkrarlamaqda məqsədim onunla hansı fikirləri bölüşdüyümüzü bir daha çatdırmaq, qayğıları, düşüncələri ilə bir az da yaxından tanış etməkdir. Ən yeni tariximizin səngərlərdə yazıldığı günlərdə cəbhə bölgələrini mərhum hərbi operator Seidağa Mövsümlü ilə birlikdə addım-addım gəzən hərbi jurnalist, tələbə dostum Ədalət Teymurovun Bayram Məmmədov haqqında dediklərini yada salmamaq mümkün deyil. Müdafiə Nazirliyinin əməkdaşı, hərbi jurnalist kimi komandirlərin avtobioqrafiyasına, xarakterlərinə, səriştələrinə yaxşı bələd olan Ədalət Bayram barəsində rəğbətlə danışır, onun tabeliyində olanlarla davranışını xüsusi vurğulayırdı: “Deyirlər, dünya yaxşıların çiynində qərar tutur. Həmin yaxşılar öz varlığı ilə dünyanı zinətlədirir. Bayram Məmmədov dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan Ordusunun ilk zabitlərindən, Vətənin müdafiəsi üçün könüllü olaraq əlinə silah götürənlərdən biri, birincilərdən idi. Bayramı mən də, başqaları da qətiyyətli, tabeçilində olanlara qayğıkeş yanaşmaqla onlardan nizam-intizam tələb edən komandir, əsl zabit kimi tanıyırıq. Döyüşlərdə əldə etdiyimiz uğurlar da elə onun kimi zabitlərin sayəsində mümkün olurdu. O, yaddaşımda xeyirxah, sadə, çətin vəziyyətdə özündə güc tapmağı bacaran insan kimi də qalır.” Dəqiq və səmimi sözlərdir. Mən deyilənlərin təsdiqi kimi onun özündən rütbəcə kiçik zabitlərə, əsgərlərə xoş münasibətinin, əsil ata, böyük qardaş qayğısının dəfəlrlə şahidi olduğumu da əlavə etmək istərdim. Bayram Məmmədov səngərdə dayanan əsgərin təkcə isti paltara, isti yeməyə deyil, həm də insani münasibətə ehtiyacı olduğunu yaxşı başa düşür və bunu həmişə nəzərə alırdı. Onunla şəxsi heyət arasında qarşılıqlı etimad da bunun nəticəsi idi. Bütün bunlarda yəqin pedoqoji təhsil almasının da təsiri vardı. Qeyd edim ki, ünsiyyətcil olması, qarşısındakını inandırmaq bacarığı da onu həmişə fərqləndirib. Birgə iş yerimiz, müstəqil hərbi jurnalistikamızın ilk səlnaməsini yaradan “Xalq Ordusu” qəzetindən tanıdığım (hazırda “Azərbaycan Ordusu”) şair dostumz, yazdıqlarının reallığına və səmimiliyinə inandığım Rəşid Faxralının “Ədalət” qəzetindəki “Kamil insan” məqaləsindən: “Döyüşlərdə özü də iştirak edirdi. Tanıyanlar ona “Döyüşən komandir” deyirdi. Döyüşlərin birində əsgərlərdən birinin yaralandığını görüb, komandir onu döyüşün içindən çıxarmaq üçün kimisə səsləməyib, kiməsə göstəriş verməyib, yaralı əsgərin imdadına özü çatıb. Əsgərə tibbi yardım göstərilib. Az sonra həkim deyib ki, gecikdirilsə, yaralı əsgər qanaxmadan keçinərdi.” Bayramı tanıyanlar da inanırlar ki, onun döyüş yolu ilə bağlı belə faktlar çoxdur. Ancaq həmin faktlarsız da hər şey ortadadır. Bayram Məmmədov ilk gəncliyindən mərd, vətənpərvər insan kimi diqqət çəkib. Ali təhsilni əla və yaxşı qiymətlərlə başa vurduğu Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunda aspirant kimi qalmayıb ucqar dağ kəndələrində müəllim işləmək istəyini qətiyyətlə bildirəndə, əvvəl şagirdlərinin, sonra bütün rayon gənclərinin vətənpərvərlik, mübarizlik ruhunda tərbiyəsində bütün biliyini, ürəyinin hərarətini əsirgəməyəndə, nəhayət Zəngilanın ilk öznümüdafiə taborunun yaradılmasında gecə-gündüz demədən fədakarlıqla çalışanda bu qənaətlərin doğruluğunu təsdiqləyib. B.Məmmədov 1991-ci ildən 2006-cı ilədək Müdafiə Nazirliyi sistemində hərbi hissə (tabor) komandiri, hərbi hissə (alay) komandirinin müavini, Silahlı Qüvvələrin Arxa Cəbhəsinin Kadrlar bölməsinin və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin baş zabiti, NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının həyata keçirilməsi bölməsinin rəisi olub. 2006-cı ildə Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra həmin ilin iyun ayından Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin xarici dillər kafedrasının baş müəllimi təyin edildi. Daha sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dillər kafedrasının rəis müavini – baş müəllimi, milli təhlükəsizlik və humanitar elmlər kafedrasının xarici dillər silsiləsinin rəisi – dosent və xarici dillər bölməsinin baş müəllimi-bölmə rəisi  vəzifəsində çalışdı. Hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzinin Roman - German dilləri bölməsinin baş müəllimi vəzifəsində Silahlı Qüvvələrimizə yüksək hazırlıqlı, peşəkar zabitlər hazırlamaqda üzərinə düşən tapşırıqları bacarıqla yerinə yetirir. Başlıcası budur ki, bu illər ərzidə o, nəinki onu insanlara sevdirən, dəyərini artıran yüksək keyfiyyətlərini dəyişməyib, əksinə bütün iş yoldaşları və tanıyanların məmnunluqla qeyd etdiyi yenilərini əlavə edib. Ancaq bütün bunlara görə nə mükafat umub, nə də özünə vurğunluq xəstəliyinə düçar olmayıb. Çünki mayası belə yoğrulub, necə deyərlər, sadə, zəhmətkeş ailədə böyüməsi, çətinliyin nə demək olduğunu şəxsi həyatında yaşaması onu təvazökar, başqalarının əməyinə qiymət verməyi, özünü ağır, sanballı aparmağı bacaran bir insan kimi yetişdirib. Mükafatlara gəlincə, bunlar Bayram Məmmədovu özü, həm də çox sakit, əksər hallarda özündən xəbərsiz tapıb. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, AR Silahlı Qüvvələrinin bir neçə, o cümlədən 100 illiyi yubiley medalları, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunlarının birinci dərəcəli medalı, Müdafiə Nazirliyi üzrə fəxri fərmanlar və qiymətli hədiyyələr, nəhayət Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 24 iyun tarixli 1291 nömrəli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Əlbəttə, bu siyahını bir qədər də uzatmaq olar. Ancaq mahiyyət eynidir. Bayram Məmmədovun fədakar və səmərəli fəaliyyəti, layiqli əməyi, məsuliyyəti və peşəkarlığı layiqincə qiymətləndirilib. 2004-2013-cü illərdə Beynəlxalq Hərbi İdman Şurasının (BHİŞ) Azərbaycanda keçirdiyi Cüdo üzrə 30-cu, Güləş üzrə 24-cü, Boks üzrə 52-ci dünya çempionatlarının, BHİŞ in Avropa Konfransının, hərbçilərin 1-ci Dünya Futbol kubokunun Təşkilat Komitəsinin üzvü və koordinatoru olanda da o eyni əzm və fəaliyyət nümunəsi göstərmişdir. Onu gəncliyindən idmana bağlayan tellər isə fərdi maraq səviyyəsindən daha yüksək, mübaliğəsiz demək olar ki, kifayət qədər möhkəmdir. Hazırda Azərbaycan Respublikası Hap Ki Do Federasiyasının vitse-prezidenti olan Bayram Məmmədovun kiçik oğlu Orxan Məmmədli taekvando(İTF) üzrə Avropa çempionu və əlbəyaxa döyüşlər üzrə beşqat dünya çempionudur.  Dəfələrlə şərq döyüş növləri üzrə ölkə səviyyəli yarışların qalibi olub. Bayram oğlu Orxanın müqəddəs Azərbaycan bayrağını beynəlxalq yarışlarda dəfələrlə dalğalandırmasından bir ata kimi haqlı qürur duyub. Onunla bərabər bu duyğuları bütün Azərbaycana yaşatdığı üçün Orxana “atana layiq, fəxr ediləsi övladsan”, deyir və idman həyatında yeni uğurlar arzulayırıq. Bayram Məmmədov istefada olan polkovnik-leytenant, Qarabağ müharibəsi veteranı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar müəllimdir. Ancaq onu bir insan, vətəndaş kimi bütün bu rütbələrdən, titullardan daha artıq xarakterizə edən bir ad var – vətənpərvər. Yurd həsrətli, Vətən yanğılı yazılarından, işğal altındakı torpqalara qayıdış, gənclərin igidlik, dönməzlik ruhunda tərbiyəsinə önəm verilməsinə çağrıan məqalə və çıxışlarından da vahid, qırılmaz bir xətt keçir -  vətənpərvərlik. Şotland əsilli məşhur amerikalı aktyor və rejissor Mel Gibsonun baş rol oynadığı “Vətənpərvər” filmini xatırlayıram. Bütün itkilərə, mərhumiyyətlərə, hətta sarsıntılara baxmayaraq, filmin qəhrəmanı sonunda düşmənini məğlub etməyi bacardı. Biz də bacarmalıyıq və bacaracağıq. Artıq başqa yolumuz yoxdur. Əsla, gəlişi gözəl səslənməsi üçün demirəm. Biz də düşmənə qalib gələcək, torpaqlarımızı işğaldan azad edəcəyik, çünki Bayram Məmmədov kimi vətənpərvər insanlarımız, onların yolunu şərəflə davam etdirən gənc əsgər və zabitlərimiz var.   Lətif Şüküroğlu, ehtiyatda olan polkovnik, Azərbaycan Yazıçılar və Jurnalıstlər birliklərinin üzvü.

Hamısını oxu