Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib

Azərbaycanın Rus İcması Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə müraciət edib. APA xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Heydər oğlu! İcazə verin, Azərbaycanın Rus İcması adından Sizi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı bütün Azərbaycan xalqının düşmən üzərində birmənalı, möhtəşəm Qələbəsi münasibətilə təbrik edək. Ermənistan Respublikasının işğalçı qüvvələri darmadağın edildi və geri çəkildi. Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi. Möhtərəm İlham Heydər oğlu, biz bilirik ki, Siz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə müvafiq olaraq bu münaqişənin dinc yolla nizamlanması üçün nə mümkündürsə etdiniz. Lakin Ermənistanın destruktiv mövqeyi danışıqlarda irəliləyişə nail olmağa imkan vermədi, onun daimi hərbi provokasiyaları bu il sentyabrın 27-də münaqişənin eskalasiyasına gətirib çıxardı. Biz, Azərbaycanın rus əhalisi Sizin mətinliyinizə, müdrikliyinizə və qəti qələbəyə qədər getmək əzminizə görə Sizə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk. Sizin rəhbərliyinizlə igid, rəşadətli ordumuz qısa müddətdə çoxsaylı kəndləri, şəhərləri erməni işğalından azad etdi və Ermənistanı tam hərbi kapitulyasiya aktını imzalamağa məcbur etdi. Respublikanın rus vətəndaşlarının çoxu 1990-cı illərin əvvəlində olduğu kimi, bu dəfə də Azərbaycan xalqı ilə çiyin-çiyinə dayandı və Azərbaycan sərhədlərinin pozulmazlığı hüququnu müdafiə edərək ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında iştirak etdi. Biz Sizin sözlərinizi xatırlayırıq ki, bu gün biz birlikdəyik və heç kəs bu birliyi poza bilməz. Cənab Prezident, Sizin Ali Baş Komandan, diplomat, siyasi xadim və öz ölkəsinin vətəndaşı kimi fəaliyyətiniz sabahkı quruculuq gününə qəti əminlik yaradır, o vaxt minlərlə insan öz evlərini yenidən tikmək, müharibə dəhşətlərinin nə demək olduğunu bilməyən yeni nəsil tərbiyə etmək üçün işğaldan azad olunmuş torpaqlara qayıda biləcəklər. Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinin torpağında sülhün və firavanlığın bərpa edilməsi üzrə titanik səylərinizə görə sağ olun. Sizin Azərbaycan xalqına səmimi müraciətləriniz bu xalqın qəlbində inam oyatdı, düşməni darmadağın etmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün xalqı vahid cəbhə kimi sıx birləşdirdi. Biz doğma Qarabağ regionunu azad etdik, bu gün bizim bayrağımız Şuşada – Qarabağın ürəyində dalğalanır. Məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaq və bütün ölkəmiz yenidən firavanlaşacaq. Bütün Azərbaycan xalqı çoxdan gözlədiyimiz şanlı Qələbə gününü Sizinlə birlikdə bayram edəcək. Yaşasın Ali Baş Komandan! Yaşasın çoxmillətli Azərbaycan xalqı! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!” Bildirilib ki, müraciət Azərbaycan Rus İcmasının Respublika Şurasının iclasında qəbul edilib.

2020-11-23 00:00:00
3240 baxış

Digər xəbərlər

Niderland Krallığının Haaqa şəhərində Orhan Arasın Nizami Gəncəvi kitabının təqdimat mərasimi keçirilib

Niderland Krallığının Haaqa şəhərində Almaniyada yaşayan azərbaycanlı şair- yazar Orhan Arasın Nizami Gəncəvi kitabının təqdimat mərasimi keçirilmişdir. Haaqa şəhərində fəaliyyət göstərən Azərbaycan Türk Kültür dərnəyinin təşkilatçısı olduğu mərasimə ev sahibliyini şəhərin Transval kitabxanası etmişdir. Veteran.gov.az xəbər verir ki, açılış sözü ilə dərnəyin sədri İlhan Aşqın gəlmiş  qonaqları salamladı və kitab haqqında ətraflı məlumat vermək üçün müəllif Orhan Arazı kürsüyə dəvət etdi.Müəllif Nizami Gəncəvinin ölməz yaradıcılığı haqqında qısaca məlumat verdikdən sonra kitabın yazılma tarixçəsi, Nizamı yaradıcılığının aktuallığı, həmçinin Holland- Türk dilində olan kitabın məhz Niderland Krallığında nəşrinin əhəmiyyətindən danışdı. Sonra Sima Cəfərova, Ofelya Mehdiyeva və Yusif Can Nizami Gəncəvinin şerlərini söylədilər. Mərasimdə iştirak edən rəsmi qonaqlar arasında Azərbaycanın Niderland Krallığındakı səfirin 1-ci müavini Səbinə Sadıxova,  Türkiyə səfiliyinin nümayəndəsi Ozan Can Gümüş bəy,  Azerbaycandan xüsusi  dəvətlə gəlmiş Azərbaycan Dillər Universitetinin  dosenti Həqiqət Hacıyeva, Azərbaycan,  Türk təşkilatları ve Hollandiyadakı fəallar da iştirak etmişlər. Mərasimdə sözləri Nizami Gəncəviyə aid olan musiqi parçaları söyləndi və iştirakçılar tərəfindən böyük alqışlarla qarşılandı. Məclisin sonunda Azərbaycan Türk Kültür dərnəyinin sədri İlhan Aşqın və xüsusi dəvətlə Azərbaycandan gəlmiş qonaq Həqiqət Hacıyeva bəzi qonaqlara və dərnək üzvlərinə xüsusi təşəkkürnamələr təqdim etdilər. Qonaq Həqiqət Hacıyeva  Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun  Prezidenti  Sərraf Orucovun adından 44 günlük müharibə zamanı əlil olmuş qazilərimizə  maddi, mənəvi dəstəklərinə  görə təşəkkürnamələr təqdim etdi.Təşəkkürnaməyə layiq görülən  şəxslərin  diaspora fəaliyyəti və müharibə qazilərinə göstərilən yardım işlərindəki köməyi qonaqların nəzərinə çatdırıldı. Təşəkkürnamə alanlar arasında Orhan Aras, “Kros Medical” şirkətinin müdürü Ron Gelzelle, İlhan Askin, Aydəmir Çətin, İmam Əfəndiyev, Mehman Haqverdiyev, İrfan Parlar, Müşviq Mikayıl, İmdat Sakruca, Həqiqət Hacıyeva olmuşlar. Sonda gələn qonaqlara təşəkkür edən İlhan Aşqın gələn tədbirlərdə görüşmək ümidi ilə mərasimi bağlı elan etdi.

Hamısını oxu
I Qarabağ müharibəsi əlillərinə qayğı

Hamısını oxu
Prezident və Birinci vitse-prezident nekroloq imzaladılar

"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov 2020-ci il avqustun 4-də ömrünün 83-cü ilində vəfat etmişdir. Fəttah Heydərov 1938-ci il fevral ayının 23-də Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinə daxil olaraq, 1964-cü ildə Universitetin mexanika-riyaziyyat fakültəsində ali təhsilini başa vurmuş, 1975-ci ildə isə Bakı Ali Partiya Məktəbindən məzun olmuşdur. Fəttah Heydərov 1955–1958-ci illərdə Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Güznüt kənd klubunun müdiri, 1958–1966-cı illərdə isə rayonun Çeşməbasar kənd səkkizillik məktəbinin müəllimi işləmişdir. O, 1966–1970-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı və 1970–1976-cı illərdə Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi vəzifələrində çalışmışdır. Fəttah Heydərov 1976–1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əhaliyə Məişət Xidməti naziri vəzifəsini tutmuş, 1978–1983-cü illərdə Ordubad və Culfa rayon partiya komitələrinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri olmuşdur. 1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin, 1990–1995-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı kimi fəaliyyət göstərən Fəttah Heydərov 1995-ci ildən etibarən altı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə təşkilatçılıq qabiliyyəti nümayiş etdirən Fəttah Heydərov yüksək məsuliyyət hissi və insanlara münasibətdə həssaslığı sayəsində həmkarlarının rəğbət və ehtiramını qazanmışdır. Dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi onun təqdirəlayiq xidmətləri vardır. Fəttah Heydərov böyük nüfuza malik el ağsaqqalı idi. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq xüsusən yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli dövlətçiliyə sədaqət, mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə və adət-ənənələrə dərin hörmət ruhunda tərbiyəsi işinə mühüm diqqət yetirmişdir. Fəttah Heydərovun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim layiqincə qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2008-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf” və 2018-ci ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdir. Tanınmış ictimai xadim və səmimi insan Fəttah Səməd oğlu Heydərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin! İlham Əliyev Mehriban Əliyeva Əli Əsədov Sahibə Qafarova Samir Nuriyev Əli Əhmədov Eldar Əzizov Ziyad Səmədzadə Eldar İbrahimov Əhliman Əmiraslanov Teymur Bünyadov Sudeif İmamverdiyev".

Hamısını oxu
Qələbə bizimlədir, Qarabağ bizimdir - RƏY

“Azərbaycanın ordu quruculuğu, ordumuzun potensialı, döyüş qabiliyyəti bu gün çox yüksək səviyyədədir. Tərtər-Ağdərə uğrunda döyüşlərdə iştirak etmişəm. O dövrlərdə silah-sursatımız az idi, hərbi hazırlıq səviyyəsi aşağı idi. İndi Azərbaycan Ordusu çox güclüdür. İnanıram ki, qələbə bizimlədir, Qarabağ bizimdir”. Bu sözləri Publika.az-a açıqlamasında ehtiyatda olan baş gizir Tapdıq Məmmədov deyib. O bildirib ki, dövlət qəsbkarlara qarşı dözdü, biz məsələnin sülh yolu ilə həll olunmasına çalışdıq: “Lakin indi haqq-ədalət öz yerini tutmaq üzrədir. Gördük ki, ATƏT-in Minsk Qrupundan heç bir köməklik göstərilmədi. İndi dövlətimizin qüdrətli ordusu var. Döyüşə hazırıq, qələbə isə sözsüz ki, bizim olacaq. Cəmiyyətdə ordumuza çox böyük inam var, hər kəs qələbə ruhunda danışır və düşünür. Döyüş mütləq olmalıdır. Azərbaycan hərbçiləri yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq səlnaməsi yaradıb. Bütün Azərbaycan xalqı, hər bir vətəndaş milli ordumuzun, hərbçilərimizin təəssübünü çəkir, ordumuzun gücünə inanır və güvənir. Yadda saxlamaq lazımdır ki, ya silahla qələbə qazanmaq olar, ya da güclü təxribatla. Panika silahdan güclüdür. Odur ki, ordumuz və hərbçilərimizə qarşı inamsızlıq formalaşdırmağa çalışan, yalan, dezinformasiya yayan şəxslər ən sərt şəkildə qınanılmalıdır. Bu gün ordumuz müasir texnika ilə təmin olunub. Artilleriyada yeni silahlar və qurğular var”. Tapdıq Məmmədov onu da əlavə edib ki, Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi ilə yanaşı, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, onların əməkhaqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Aytən Məftun

Hamısını oxu