Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İkinci Dünya müharibəsinin veteranları ilə görüşdülər, onları Böyük Qələbə münasibətilə təbrik etdilər. Müharibə veteranları Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qələbə Günü münasibətilə təbrik etdilər, onlara göstərdikləri yüksək diqqətə və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Vurğuladılar ki, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan və onun paytaxtı Bakı şəhəri gündən-günə inkişaf edir, gözəlləşir, abadlaşır. Xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edən Böyük Vətən müharibəsi veteranları bildirdilər ki, dövlətimiz onlara yüksək qayğı göstərir. Onlar bu qayğıya cavab olaraq gənclərimizin vətənpərvərlik ruhunda böyümələri, Vətəninə və xalqına layiqli övlad kimi yetişmələri üçün öz bilik və bacarıqlarını əsirgəməyəcəklərini dedilər. Dövlətimizin başçısı və birinci xanım müharibə veteranlarını bir daha təbrik etdilər, onlara uzun ömür və möhkəm cansağlığı arzuladılar. Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya müharibəsində SSRİ-nin qazandığı şanlı Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksəkkeyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarətlə vuruşublar. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferepolun, Odessanın, Polşanın, Çexoslovakiyanın və Yuqoslaviyanın azadlığı uğrunda döyüşlərdə fəal iştirak ediblər. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdandan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi. Ümummilli Lider onları “Xalqımızın qızıl fondu” adlandırırdı. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, 9 May - Qələbə bayramı ərəfəsində onlara birdəfəlik maddi yardımlar göstərilir. Bu isə həmin kateqoriyadan olan insanların sosial vəziyyətinin daim diqqət mərkəzində olduğunu nümayiş etdirir. Böyük Vətən müharibəsi veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdikləri qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 72 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə görüşdülər, Qələbə Günü münasibətilə onları təbrik etdilər, xatirə şəkli çəkdirdilər. Dövlətimizin başçısı və birinci xanım iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəbirüstü abidəsi önünə əklil qoydular, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad etdilər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdilər. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin qarşısından keçdi. Mərasimdə Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

2017-05-09 00:00:00
4256 baxış

Digər xəbərlər

Rayon Veteranlar Təşkilatı Vətən müharibəsi şəhidinin arzusunu reallığa çevirdi

Cəlilabad Rayon Veteranlar Təşkilatı öz fəallığı və təşkilatçılığı ilə rayonda Qeyri-hökumət təşkilatlarına həmişə  örnək olmağa çalışır. Təşkilat bu dəfə də öz təşəbbüsü ilə xeyirxah bir  ilkə imza atıb. Şəhid ailəsini sevindirmək  üçün Vətən Müharibəsi şəhidi  Əlikram Xanışovun yadigar qalan şeirlərindən ibarət  kitabını çapa hazırlayıb nəşr etdirib. "Elm və təhsil" nəşriyyatında işıq üzü görən "Vətən uğrunda ölərəm" adlanan kitabın redaktoru rayon Veteranlar Təşkilatının sədri, Azərbaycan Yazıçılar  və Jurnalistlər Birliklərinin üzvü, "Sözün işığı" qəzetinin baş redaktoru Ədalət Salmandır. Ədalət  müəllim, həm də kitaba "Yad eyləyəcək Azərbaycan" sərlövhəli ön söz yazıb. Rayon Veteranlar Təşkilatı bu günlərdə  qəhrəman şəhidin  "Vətən uğrunda ölərəm" adlı ilk və son kitabının geniş  təqdimatını keçirəcək, şəhid ailələrinə və qazilərə həmin  kitablar paylanılacaq.

Hamısını oxu
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Ukraynanın Gənclər və İdman nazirinin müavini ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Ukraynanın Gənclər və İdman nazirinin müavini ilə görüşüb. Bu barədə Fərid Şahbazlı özünün sosial mediadakı səhifəsində məlumat verib. Məlumatda deyilir: “Bu gün Kiyevdə Ukraynanın Gənclər və İdman nazirinin müavini Marina Popatenko ilə görüşdük. Nazir müavininə Azərbaycandakı uğurlu dövlət gənclər siyasəti modeli haqqında məlumat verdik. Ukraynanın gənclər təşkilatları ilə əməkdaşlıq, ortaq toplantıların keçirilməsi, beynəlxalq platformalarda birgə fəaliyyət haqqında müzakirələr apardıq. İnanırıq ki, Azərbaycan dövlətinin böyük dəstəyi ilə Ukrayna gənclər təşkilatları ilə Bakıda bir araya gələcəyik. Görüşün təşkilinə verdiyi dəstəyə görə, dəyərli dostumuz, Azərbaycanı Ukraynada uğurla təmsil edən jurnalist Mübariz Aslanova təşəkkür edirəm”.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Konstitusiya günü qeyd edildi

Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri istefada olan general-polkovnik Tofiq Ağahüseynov açdı. Təşkilatın sədri Konstitusiyanın dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin funksiyalarını dolğun əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik hüquqi sənəd olduğunu bildirdi. O, həmçinin Azərbaycan Konstitutsiyasının dünyanın ən inkişaf etmiş ölkələrinin Konstitutsiyaları ilə eyni humanist prinsiplərlə əsaslandığını vurğulamış, xalqımızın ikinci dəfə müstəqillik əldə etdikdən sonra belə mükəmməl ali hüquqi sənədin qəbul olunmasını Azərbaycan Respublikasının hüqüqi dövlət kimi varlığının əyani sübütu olduğunu qeyd etmişdir. Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək konsititutsiyanın əhəmiyyətindən və onun tarixi inkişafından danşdı. Cəlil Xəlilov: “12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib.  Artıq 18 ildir, Azərbaycan xalqı böyük fəxrlə noyabrın 12-ni Konstitusiya Günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun məqsədlə o zaman ölkə prezidenti olan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı və 1995-ci il noyabrın 12-də referendumda müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb. Tədbirdə digər çıxış edənlər  Konstitutsiya gününün əhəmiyyətindən konstitutsiyanın xalqın və dövlətin tarixindəki önəmindən danışdılar. Həmçinin Konstitutsiyanın hazırlanmasında və qəbul edilməsində fəaliyyəti olan insanların xalqımızın yaddaşında əbədi qalacaqları vurğulandı.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Daşaltı Əməliyyatı və Riad Əhmədovun Əbədi İzi

Daşaltı Əməliyyatı və Riad Əhmədovun Əbədi İzi   Qəhrəmanlar unudulmur, onların adları zamanın sınağından keçərək xalqın yaddaşına, tarixin şərəf lövhəsinə həkk olunur. Daşaltı əməliyyatı bu gün qəhrəmanlığın, fədakarlığın və şəhidliyin rəmzinə çevrilmiş bir tarixdir. Onun azad edilməsi yalnız ərazi bütövlüyümüzün bərpası yox, həm də şəhidlərimizin ruhuna ehtiramın, milli ləyaqətimizin təntənəsinin ifadəsidir. 1992-ci ilin soyuq yanvar gecələrində Azərbaycan ordusu Şuşa şəhərinə gedən strateji nöqtə sayılan Daşaltı kəndini azad etmək məqsədilə hücuma keçdi. Əməliyyat ağır şəraitdə aparılırdı. Təəssüf ki, yerli bələdçilərin xəyanəti nəticəsində ordu erməni pusqusuna düşdü və ağır itkilər verildi. Taktiki baxımdan uğursuz olan bu hücum, göstərilən igidlik və fədakarlıq baxımından milli dirənişin nümunəsi kimi tarixə düşdü. Bu əməliyyatda iştirak edənlər arasında bir ad xüsusilə seçilir - Milli Qəhrəman Riad Əhmədov. O, Nazirlər Soveti sədrinin müavini olmuş bir şəxsin oğlu idi, özü isə yüksək vəzifə daşıyırdı. Lakin Riad üçün Vətən qarşısında borc, vəzifədən, statusdan üstün idi. Kabinet rahatlığını yox, səngər sərtliyini seçdi. Əməliyyata buraxılmadıqda o, xidməti vəsiqəsini və silahını təhvil verərək sıravi döyüşçü kimi ön cəbhəyə yollandı. Döyüş zamanı yaralansa da geri çəkilmədi. “Məni döyüşdən çıxarma” deyərək şəhidliyə doğru addımladı. Onun nə cəsədi tapıldı, nə də bir izinə rast gəlindi. Lakin Riad Əhmədovun izi torpağın ruhunda, xalqın qəlbində yaşamağa davam edir. Daşaltı əməliyyatı, hər nə qədər faciə ilə nəticələnsə də, xalqımızın mübarizə ruhunu sındıra bilmədi. Və nəhayət, zamanın sınağından keçən bütün qəhrəmanlar kimi Riad Əhmədovun da adı unudulmadı, əksinə hər il daha da ucaldı. Çünki o, öz canı ilə bu torpaqlara möhür vurdu, öz əqidəsi ilə bir millətin yolunu işıqlandırdı.  Bugün Daşaltının küləkləri onun döyüş günlərini pıçıldayır, Şuşanın zirvələri onun arzusunun gerçəkləşdiyi anı xatırladır. Azad Qarabağın hər nəfəsində onun inamı, iradəsi, qüruru yaşayır. Bugün Azərbaycan həmin möhkəm iradə ilə yenidən qurulur, çiçəklənir, inkişaf edir. Şəhərlər dirçəlir, yurdlar bərpa olunur, yollar bir zamanlar bölünmüş ürəkləri birləşdirir. Və bütün bu yenidən doğuluşun altında bir həqiqət dayanır: şəhidlərin ruhu bu torpaqlara nur saçır. Riad Əhmədov kimi qəhrəmanların yolu heç vaxt yarımçıq qalmır. Onların başladığı mübarizə azadlıqla tamamlandı, qoyduqları irs isə gələcək nəsillərin əlinə bir bayraq kimi keçdi. Bu gün onun adını daşıyan 203 saylı məktəbin siniflərində oxuyan hər uşaq bir həqiqəti anlayır: Vətən sevgisi sözlə deyil, əməllə yaşanır. Qəhrəmanlıq bir ömürlük yox, bir millətlik dəyərdir. Riadın son addımları Daşaltıda qaldı, amma onun izi bütün Azərbaycanın yoluna çevrildi. Hər yeni tikilən bina, hər yenilənən küçə, hər ucalan bayraq onun və bütün şəhidlərimizin ruhuna bağışlanan bir dua kimi səslənir. Və bu böyük hekayənin sonunda bir həqiqət var: Qəhrəmanlar ölmür. Onlar torpağın nəfəsində, xalqın yaddaşında, gələcəyə ümiddə yaşayır. Riad Əhmədovun adı da belə yaşayır - əbədiyyətə çevrilmiş bir iz, millətin qəlbində səssiz, amma sarsılmaz bir ucalıq kimi… Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik      

Hamısını oxu