Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyevin Azərbaycanın bu gününü hazırlayan dərin strategiyası

Vəsiyyətin həyata keçdi, böyük lider: artıq Şuşa azaddır, artıq Qarabağ Azərbaycandır. Sənin başladığın Azərbaycan adlı mübarizə sənin yetişdirdiyin liderin əzmi ilə bu gün hədəfinə çatdı...

Heydər Əliyev, Azərbaycan xalqının milli lideri. Onun haqqında danışarkən Şərq fəlsəfəsinin bir deyimi yada düşür: insanlar öz həqiqi lideri ilə birləşəndə xalqa çevrilir. Və tarix şahiddir ki, Azərbaycan insanı məhz Heydər Əliyevlə birləşəndə əyilməz ruhunu özünə qaytardı.

Bunu görmək üçün bir daha ötən əsrin əvvəlinə ekskurs etməyə lüzum var.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik işğalı bu xalqa heç də bərabərlik gətirmədi. SSRİ-nin tərkibində “qardaş xalqlar” şüarı hər yeri bəzəsə də, Azərbaycanın digər respublikalarla, xüsusilə Ermənistanla müqayisədə geridə qalması, azərbaycanlıların digər millətlərin nümayəndələrinə nisbətdə önə çıxmasına imkan verilməməsi tarixi faktdır. O da faktdır ki, bu proses “qırmızı imperiya”nın kulislərində tülkü kimi dolaşan ermənilər tərəfindən daha da dərinləşdirilir, Azərbaycanın inkişaf etməməsi, azərbaycanlıların önə çıxmaması üçün əllərindən gələni edirdilər.

1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Sovet İttifaqının “əyalət ölkəsi” hesab olunan Azərbaycanın üzünə tale güldü, geridə qalmış respublikadan aparıcı ölkəyə çevrildi, azərbaycanlıların önü açıldı, ölkəyə diqqət artdı, beləliklə, bu gün vətəndaşı olduğumuz müasir, güclü Azərbaycanın formalaşmasına zəmin yarandı. SSRİ kimi “dəmir qanunların” olduğu, milli maraqların “dəfn edildiyi” və milliliyin önə çəkilməsinə görə güllələnmə, ən yaxşı halda sürgün cəzasının tətbiq edildiyi bir rejimdə öz ölkəsinin maraqlarını müdafiə etmək, həm də bunu çox ustalıqla həyata keçirmək yalnız Heydər Əliyev dühasının bacarığı ola bilərdi və o, “geridə qalmış” ölkəni, həm də geridə qalmasında maraqlı qüvvələrin olduğu bir dövrdə, ittifaqın güclü respublikasına çevirdi.

Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər Azərbaycan əsasən aqrar ölkə idi, ən böyük istehsal sahəsi kənd təsərrüfatından və neftdən ibarət idi. Azərbaycanın məhsulları ittifaqın digər respublikalarına daşınır, orada istehsal olunur, müəyyən hissəsi ölkəyə gətirilidi. Xüsusilə SSRİ rəhbərliyindəki ermənilər Azərbaycanın “geridə qalmasında” maraqlı idilər və bunun üçün hər şey edirdilər. Məhz Heydər Əliyev bu mənzərəni dəyişdirdi. O, milliləşdirmə siyasətini hələ Azərbaycan DTK-nın rəhbəri olduğu dövrdə başlamış, ermənilər və qeyri-azərbaycanlıların çoxluq təşkil etdiyi bu strukturu azərbaycanlılaşdırmışdı. Eyni milli xətti Azərbaycana rəhbərlik etdiyi dövrdə də davam etdirdi.

“Müasirləşdirmə” – tarixçilər Heydər Əliyevin 50 il öncə ölkəyə rəhbərlik etməyə başladığı dövrdən sonra baş verənləri belə xarakterizə edirlər və bunun bəhrəsini xalq olaraq bu gün də görürük. Ölkədə sürətlə müasirləşdirmə prosesi başlandı. Heydər Əliyev gələcəyə hesablanmış addım olaraq, SSRİ-nin mühüm istehsalat zavodlarının məhz Azərbaycanda inşa edilməsinə nail oldu. Neft sənayesi yeniləndi, zavodların inşası həyata keçirildi. Respublikanın bütün bölgələrində müasirləşdirmə aparılır, yeni müəssisələr inşa edilir, şəhərlərin siması dəyişirdi. Nəticədə Azərbaycan SSRİ-də ön pillələrə çıxmağa başladı.

1982-ci ildə onu Moskvaya yüksək vəzifəyə dəvət etdilər – Nazirlər Soveti sədrinin birinci müavini. SSRİ-də “qardaşlaşmış xalq” şüarı hər fürsətdə bayraq edilsə də, bir azərbaycanlının, həm də müsəlmanın ittifaqın ən yüksək vəzifələrindən birinə dəvət olunması nadir hadisə idi. Heydər Əliyevin Azərbaycanda gördüyü işlər və şəxsi keyfiyyətləri onun yolunu açmışdı. Bu, həm də Azərbaycan xalqının yolunun açılması idi. O, Moskvada işləyərkən, diqqəti daim Azərbaycanın üzərində idi və həmin illərdə ittifaq miqyasındakı layihələri Azərbaycana yönəldir, xalqının bundan faydalanmasına çalışırdı. SSRİ rəhbərliyində çalışarkən Heydər Əliyevin ən böyük işlərindən biri Baykal-Amur magistralının (BAM) inşası oldu. O, 1940-cı ildə təməli qoyulan layihənin qısa müddətdə həyata keçirilməsində böyük rol oynadı. Lakin ən maraqlı məqam BAM-ın inşasında azərbaycanlıların sayının çoxluq təşkil etməsi idi. Bu, həm Heydər Əliyevin belə mühüm layihədə yalnız öz xalqına etibar etməsindən, həm də sevgisindən irəli gəlirdi. 1969-cu ilə qədər SSRİ-də aşağı kateqoriyada qəbul edilən azərbaycanlılar Heydər Əliyevin sayəsində ön plana çıxdı.

Milli kökə qayıdış, Heydər Əliyevin 1969-cu ildən sonra həyata keçirdiyi siyasətin əsasını bu təşkil edirdi. Moskvanın “vahid sovet xalqı” idealogiyasına rəğmən, Azərbaycanın bütün sferalarında milliləşdirmə siyasəti aparılır və dahi lider bütün bunları şəxsi nüfuzunun hesabına həyata keçirirdi. Onun ana dilinə xüsusi qayğısı milli siyasətin bazasını təşkil edirdi. 1978-ci il Azərbaycan SSR Konstitusiyası qəbul olunanda Heydər Əliyev tarixi gedişlə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail oldu. Bu, SSRİ rejimində olduqca cəsarətli, bir o qədər də təhlükəli addım idi. Lakin o, Moskvanı fakt qarşısında qoydu və buna nail oldu. Milli köklərin təbliği üçün film sahəsində tarixi mövzulara geniş yer verildi. Azərbaycanın qəhrəmanlıq səlnaməsindən bəhs edən “Babək” filminin çəkilişləri bunun ən bariz nümunələrindəndir. Bu film Heydər Əliyevin təşəbbüsü ilə çəkilib.

Heydər Əliyevin SSRİ dövründə ən sərt qaydalara baxmayaraq, milli xətti daim ön planda tutmasını təsdiqləyən çoxsaylı faktlar mövcuddur və o, ittifaq rəhbərliyində təmsil olunanda da təkbaşına milli fəaliyyətini davam etdirdi. Və bu fəaliyyətinə görə müəyyən təzyiqlərlə də üzləşdi. Xüsusilə, ermənilər 1969-cu ildən sonra Heydər Əliyev haqqında Moskvaya anonim məktublar yazır, onun əleyhinə kampaniya aparırdılar. Dahi lidersə yorulmadan, şəxsi həyatını təhlükəyə ataraq, öz xalqı uğrunda mübarizəsindən geri durmadı. 1987-ci ildə bu fəaliyyətini bəhanə edərək, onu tutduğu postdan uzaqlaşdırdılar…

Tarix təsdiqlədi ki, ermənilərin illər boyu Heydər Əliyevin əleyhinə apardıqları kampaniya səbəbsiz deyil, məhz onun postundan uzaqlaşdırılmasından 1 il sonra – 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başladı. Ardınca Qorbaçovun anti-Azərbaycan siyasətinin davamı olaraq, 20 Yanvar faciəsi yaşandı. Çoxları Kremlə qarşı çıxmaq qorxusu ilə susanda Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və “qırmızı imperiya”nın üzünə açıq şəkildə qatil olduğunu dedi, əli azərbaycanlıların qanına batmış cinayətkarların cəzalandırılmasını tələb etdi və etiraz olaraq, Kommunist Partiyasının biletini tulladı. Sonralar ona qarşı çıxanlar həmin vaxt “qırmızı bileti” döş ciblərində gəzdirirdilər.

1990-cı ilin iyulunda Heydər Əliyev Azərbaycana qayıtdı. Əvvəlcə Bakıda yaşasa da, sonradan Naxçıvan Muxtar Respublikasına köçdü və ölkədə müharibənin getdiyi, dövlətin dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ən həssas coğrafiya olan Naxçıvanı düşmən təhlükəsindən xilas etdi. Ermənilərin tarix boyu əsas hədəfi Naxçıvanı ələ keçirmək olub, hətta bu gün belə bunu açıq şəkildə dilə gətirirlər. Məhz Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etməsi ermənilərin bu planlarının reallaşmasına imkan vermədi. Və dahi lider üçrəngli bayrağımızı ilk dəfə Naxçıvanda qaldırmaqla Azərbaycan dövlətinin müstəqilliyinin yenidən bərpa edilməsinin əsasını qoydu. Lakin Bakıda və respublikanın digər bölgələrində vəziyyət olduqca acınacaqlı idi. Cəbhədə müharibə gedir, buna paralel olaraq, hakimiyyət daxilində nüfuz müharibəsi aparılır, ölkə parçalanmaq təhlükəsinin kandarına gəlmişdi. Orduda nizam-intizam yox idi, fərarilik sürətlə artırdı, rayonlarda icra başçıları ilə hərbi komandirlər arasında mənsəb davası baş alıb gedirdi, bir tərəfdə “Sadval”çılar, digər tərəfdə Hümbətovun dəstəsi, bunlara paralel olaraq, Sürət Hüseynovun hərbi dəstələri Azərbaycanı de-fakto bölmüşdülər.

15 iyun 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan xilas oldu. Xalq anlayırdı ki, yeganə çıxış yolu məhz Heydər Əliyevin qayıdışıdır, buna görə də onun Bakıya gəlməsində sona qədər israr etdi. Heydər Əliyev xalqın çağırışı ilə Bakıya gəldi, 1993-cü il iyunun 15-də Ali Məclisin sədri seçildi. Onun ölkəni dağılmaqdan xilas etmək üçün atdığı addımlar və əldə olunan nəticələr haqlı olaraq, 15 iyunun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi düşməsinə əsas yaratdı.

Heydər Əliyev hakimiyyətə qayıdan kimi ölkənin parçalanması təhlükəsini aradan qaldırdı, nizami ordu yaratdı, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı, idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.

Dahli lider müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 illik zaman kəsimində 100 illik zaman kəsiminə sığacaq işlər gördü. Bunardan ən vacibi də işğal altındakı torpaqların azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün zəminin yaradılması idi.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün fəaliyyətinin – nizami ordunun yaradılması, beynəlxalq münasibətlərdə ölkəmizin ön plana çıxarılması, diplomatiya işinin gücləndirilməsi, enerji sektorunda atılan addımlar və s. – bir hədəfi var idi: güclü və ərazi bütövlüyü təmin edilmiş Azərbaycan.

Və dahi lider bu hədəfə çatmaq üçün həm də dərin strategiya hazırladı.

1998-ci il, ümumilli lider Heydər Əliyevin Türkiyə səfəri.

Qarabağın işğalı ilə nəticələnən atəşkəsdən 4 il keçir, Ermənistan məsələni həll etdiyini düşünür və işğalı legitimləşdirmək istiqamətində addımlar atırdı. Heydər Əliyev isə işğala son qoymaq üçün Ankarada gələcək strategiyanın təməllərini atırdı: işğalçının uzunmüddətli siyasi və iqtisadi blokadaya salınması.

Həmin tarixdən 18 il sonra – “aprel müharibəsi”də Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan yeni reallığı şərh edən Ermənistanın məşhur analitiki İqor Muradyan belə deyirdi: “1998-ci ildə Heydər Əliyev gələcək strategiyanı hazırladı. Bu, Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistanın uzunmüddətli siyasi və iqtisadi blokadaya alınması və bizim ölkənin Azərbaycanla Türkiyənin “quberniyası” vəziyyətinə salınması idi”.

Heydər Əliyevin uzunmüddətli strategiyasını Ermənistanda anlayan və bunun təhlükəsi haqda xəbərdarlıq edənlər var idi. Hərçənd, Azərbaycanda da zaman-zaman “işğalla barışdığımızı” deyənlər çıxır, bəzən də siyasi məqsədlər üçün istifadə edənlər tapılırdı. Heydər Əliyev “yerdən çıxan boğuq səslərə” fikir vermir, səbrlə ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində həyata keçirdiyi strategiyanı tətbiq edirdi.

2003-cü ildən sonra Prezident İlham Əliyev bu strategiyanı yeni dünya reallığına uyğun davam etdirdi.

- Azərbaycan bölgənin həlledici aktoruna çevrildi;
- Ermənistan “oyundan kənar vəziyyətə” salındı;


Və nəhayət, 27 il sonra Azərbaycan torpaqlarında erməni işğalına son qoyuldu. Bu, Heydər Əliyevin dərin strategiyasının və bu strategiyadan yola çıxan Prezident İlham Əliyevin tarixə yazılan siyasi gedişlərinin nəticəsidir.

Prezident İlham Əliyev Şuşanın azad olunması müjdəsini xalqa verəndə bildirmişdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Vəsiyyətin yerinə yetirildi, Milli Lider. Sənin arzuladığın və uğrunda mübarizə apardığı Azərbaycan artıq var: torpaqları azad olunmuş, güclü, qüdrətli, qürurlu ölkə...

Asif Nərimanlı

2020-12-12 00:00:00
3244 baxış

Digər xəbərlər

Suraxanı rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü qeyd olunub

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri e/o polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 26 aprel Bakı şəhəri Suraxanı rayonunda yerləşən Albert Aqarunov adına 154 saylı tam orta məktəbdə tədbirdə iştirak ediblər.   Tədbir Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə həsr edilib. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin müavini Günel Axundova, YAP-ınm Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov, rayon VT-nın sədri Eldar Rüstəmov, Qarabağ müharibəsi veteranları Ağa Məmmədov, Elmar Hüseynov, məktəbin direktoru Əli Əliyev, şagird və müəllim kollektivi iştirak ediblər.   Tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin hazırladıqları  kompozisyalara  baxılıb, şeirlər dinlənilib. Şagirdlərin çıxışından sonra səhnəyə qonaqlar dəvət olunub. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin müavini Günel Axundova çıxış edib. O, bildirib ki, torpaqlarımızın toxunulmazlığı uğrunda şəhidlik zivəsinə ucalanlar əbədiyyətə qovuşsalar da, hər zaman xalqımızın qəlbində qalacaqdır. Qazilərimizin, veteranlarımızın həyat yolu gənc nəslə hər zaman örnək olacaq.   Daha sonra söz Adil Haqverdiyevə verilib. O,ilk öncə  Təşkilatın sədri Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb.A.Haqverdiyev Əfqanıstan və Qarabağ müharibələrinin  iştirakçısı kimi bildirib ki,həmin illərdə vətənpərvər oğullarımız könülü olaraq vətənin müdafiəsinə qalxıb: “Dilindən, dinindən aslı olmayaraq hər kəsin bir amalı vardı - mənfur düşməndən torpaqlarımızı qorumaq. Belə oğullardan biri də Albert Aqarumov idi. O vaxt silah-sursatın az olması, işğalçıya bəzi qüvvələrin havadarlıq etməsi və s. kimi amillər səbəbi ilə torpaqlarımızın bir hissəsi işğal altına düşdü. Lakin indi biz Şəhidlər Xiyabanı önündən qürurla keçib deyirik: “Ruhunuz şad olsun şəhidlərimiz, Ali Baş Komandan İlham Əiyevin rəhbərliyi altında müzəffər ordumuz torpaqlarımızı azad etdi”. Mən çıxışımın sonunda bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr,qazilərimizə cansağlığı diləyirəm”.   Tədbirin sonunda Suraxanı VT-nın sədri Eldar Rüstəmov şagirdlərlə suallar ünvanlayıb. Sualları düzgün cavablandıran şagirdlərə Fəxri Fərman və kitab hədiyyə olunub.  

Hamısını oxu
Bakı İdman Sarayında “Şuşa ili”nə həsr edilən möhtəşəm idman yarışı...

26-28 fevral 2022-ci il tarixlərində, Bakı İdman Sarayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyası tərəfindən “Şuşa ili”nə həsr edilmiş, Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında 26-cı açıq respublika çempionatı və birinciliyi keçirilir Azərbaycan Kempo Federasiyası, Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasında rəsmi və səlahiyyətli nümayəndəliyi, V & A Law Consulting Group -un rəsmi tərafdaşlığı ilə 26-cı açıq respublika çempionatı və birinciliyində paytaxtla yanaşı, Respublikanın ən güclü 350 idmançısı mübarizə aparır. Qalib idmançılar yığma komandanın tərkibində yer alaraq, 2022-ci il üçün Beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər deyə Federasiya rəsmisi Vüsal Abdullazadə bildirib. Vüsal Abdulazadə qeyd edib ki, bugünün sağlam gənci, dövlətimizin gələcəyi, sabahımızın təminatçılarıdır: “Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində bildirib ki, xalqımız 2022-ci ildə Pənahəli xanın 1752-ci ildə təməlini qoyduğu Şuşanın yubileyini böyük təntənə ilə qeyd edəcək. Dövlətimizin başçısı bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə 2022-ci ili “Şuşa ili” elan Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyası tərəfindən “Şuşa ili”nə həsr edilmiş, Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında 26-cı açıq respublika çempionatı və birinciliyi edib. Bu xəbər hər bir vətənpərvər insan kimi, məni də çox sevindirdi. Ona görə ki, Şuşa adi şəhər deyil. Bu gözəl və ecazkar şəhər bizim milli musiqimizin beşiyidir, mədəniyyətimizin tacıdır. Mən inanıram ki, 2022-ci il təkcə Şuşa, Qarabağ üçün deyil, bütövlükdə ölkəmiz üçün çox uğurlu il olacaq. Təsadüfi deyil ki, Prezident xalqa müraciətində demişdir: “Əziz həmvətənlər, qeyd etdiyim kimi, bu il ölkəmiz üçün uğurlu olub. Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək. Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm”. Məlum olduğu kimi, bu il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gəliblər. Dövlətimizin başçısı Şuşanın məşhur Cıdır düzündə parlaq, dərin məzmunlu çıxış edərək deyibdir: “Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Azərbaycan xalqı bütün bu illər ərzində mənə inanırdı. Baxmayaraq ki, həm ovaxtkı məcburi köçkünlər, həm ölkə ictimaiyyəti ildən-ilə davam edən mənasız danışıqlara nəzər salaraq görürdü ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli çətinləşir. Amma buna baxmayaraq, doğma xalqım mənim sözlərimə inanırdı. Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. Prezident İlham Əliyev Cıdır düzündəki tarixi çıxışında həmçinin vurğuladı ki, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir. Azərbaycan xalqı Qarabağı şəhidlərinin canı-qanı bahasına azad edibdir. Qoy bunu hamı bilsin: heç bir qüvvə bundan sonra bizi Şuşadan, Qarabağdan ayrı sala bilməz! Bəllidir ki, İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı öz liderinin ətrafında bir yumruq kimi birləşdi. O yerdə ki, milli birlik, həmrəylik var, orada həmişə uğur və qələbə olacaq. Biz bu xoşbəxtliyə xalq-iqtidar birliyi sayəsində nail ol-muşuq. Bəli, biz birlikdə güclüyük! Bu həqiqəti heç vaxt unutmamalıyıq. Bu yerdə bir məqamı da vurğulamaq istərdim. Azərbaycan xalqı bu gün işğaldan azad edilmiş ərazilərdə böyük həvəs və şövqlə qurub-yaratmaqla məşğuldur. Prezident İlham Əliyevin müdrik liderliyi ilə Azərbaycan dövləti və xalqımız regionda ədalətli və davamlı sülhün bərqərar olunması üçün çalışır. Sonda demək istəyirəm ki, 2022-ci ilin “Şuşa ili” elan edilməsi xalqımız üçün çox əlamətdar hadisədir. Əminəm ki, bu il ölkəmizin uğurları daha da artacaq, xalqımızın inkişaf və intibahı sürətlənəcək”. Federasiyanın prezidenti, Əməkdar Bədən tərbiyəsi və idman xadimi Tarverdi Allahverdiyev idmançıları salamlayaraq onlara uğurlar arzulayıb. Bildirib ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində 2022-ci ili “Şuşa İli” elan etdiyini bildirdi. Bu il yanvarın 5-də isə dövlətimizin başçısı Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Məlum olduğu kimi, Şuşa şəhərinin təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub və bu il biz mədəniyyət paytaxtımızın 270 illiyini böyük təntənə ilə qeyd edəcəyik. Bu ilin “Şuşa İli” elan olunması isə bütün xalqımız üçün cari ildə görüləcək işlərin əhəmiyyətini daha da artırır. O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncam bir daha ölkəmizdə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunmasına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyini nümayiş etdirir. Daha sonra isə digər rəsmilər, şəhid ailələri və qazilər çıxış edərək idmançılara uğurlar arzu ediblər.            

Hamısını oxu
Prezident şəhid generalla, polkovnikin ailəsinə ev verdi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinin hərtərəfli diqqətlə əhatə olunması və onlara yüksək qayğı göstərilməsi istiqamətində konkret addımlar atılır.  Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə iyulun 16-da Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, eləcə də nazirliyin idarə rəisləri general-mayor Rasim Əliyev, general-mayor Rasim Babayev və digər zabitlər Qəbələ rayonunda şəhid general-mayor Polad Həşimovun və Bakı şəhərində şəhid polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Hər iki ailənin qayğıları ilə maraqlanan Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri bir daha Ali Baş Komandanın və Müdafiə nazirinin  başsağlıqlarını şəhid ailələrinə çatdıraraq, Prezident İlham Əliyev tərəfindən onlar üçün ayrılan mənzillərin sertifikatlarını ailələrə təqdim ediblər.   Söhbət zamanı şəhid general-mayor P. Həşimovun və polkovnik İ. Mirzəyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və nazirliyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onu da qeyd edək ki, Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində də addımlar atılacaqdır.

Hamısını oxu
Azərbaycanda Böyük Vətən müharibəsinin Mingəçevirdən olan sonuncu iştirakçısı vəfat edib

Böyük Vətən müharibəsinin sonuncu iştirakçısı Baba Əliyev 99 yaşında dünyasını dəyişib. Qocaman veteran Baba kişi 1921-ci ildə Yevlax rayonunun Xanabad kəndində anadan olub. 1941-1945-ci illərdə 223-cü diviziyanın tərkibində Qafqazdan keçmiş Yuqoslaviya ərazisinədək olan cəbhə xəttinin ən qanlı döyüşlərində şərəfli döyüş yolu keçib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Böyük Vətən müharibəsi iştirakçısı Baba Əliyevin vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir.

Hamısını oxu