Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyevin yaratdığı elit qrup: onlar kimdir

Azərbaycan ordusunun ən elit qrupu sayılan Dəniz Pişikləri. Burda təlim almaq və qrupa üzv olmaq o qədər çətindir ki, ora sənəd verənlərin 80 faizi təlimlərə dözə bilmir. Amma elit qrupda olan əsgər heyəti məğlubedilməz igidlər olurlar. Kult.az xəbər verir ki, bu barədə dosent Zaur Əliyev qeyd edib. O bildirib ki, super əsgərlər olan bu qrupa düşənlər suyun altında, quruda və havada hərbi əməliyyatları qısa zamanda və itkisiz həll edirlər. “Bu qrupun Azərbaycanda yaradılmasının səbəbkarı Heydər Əliyev olub. Çox nadir dövlət başçıları olub ki, Amerikanın elit “Dəniz pişikləri” qarşısında çıxış edib. Onlardan biri də Heydər Əliyevdir. Amerikaya səfər zamanı Dəniz Pişikləri üçün yarım saatlıq mühazirə deyən Ümummilli lider Heydər Əliyev onların təlimləri və hərbi hazırlığı ilə tanış olur və Azərbaycana qayıtdıqdan sonra burda Dəniz Qüvvələrində belə elit qrup yaradılmasına tapşırıq verir”, - alim bildirib. Z.Əliyev Vətən müharibəsi ilə bağlı olduqca maraqlı hadisəni də bölüşüb: “Cəbrayıl rayonu uğrunda döyüşlərdə Azərbaycanın 75 əsgəri mühasirəyə düşür. Ermənilər durduqları postlardan əsgərləri atəşə tuturlar, mühasirəni yarmaq çətin olur. Onlara köməyə 30-a yaxın Dəniz Pişiyi gəlir. Beş dəqiqə ərazini müşahidə edən qrup 20 dəqiqə içində ermənilərin bütün postlarını məhv edib, bircə itki vermədən əsgərləri xilas edirlər. Döyüşü təsvir edən əsgər deyir ki, köməyə gələn bir bölükdən də az şəxsi heyət düşmənin bir taboruna qarşı dayanır və düşməni mövqelərindən çıxarıb qaçmağa məcbur etdi. Üç əsgəri düşmənin nəzarətindəki əraziyə sızıb postdakı bütün erməni əsgərləri öldürdü”. Alim qeyd edib ki, Dəniz Pişikləri bu gün də ermənilərin ən qorxulu yuxusu olaraq qalırlar...

2020-12-20 00:00:00
3850 baxış

Digər xəbərlər

Ata, ağlama, evə qayıdırıq! – Şuşa səfəri, I yazı

  Sentyabrın 11-də Şuşaya səfər edəcəyimizi eşidəndə ilk ağlıma gələn atam oldu. Ona görə yox ki, o, Şuşada doğulan, ömrünün böyük hissəsini Şuşada keçirən, bütün qəlbi, ruhu ilə bu şəhərə bağlı olan və Şuşa həsrəti ilə dünyasını dəyişən sadə şuşalılardan biri kimi bu şəhəri dəlicəsinə sevirdi. Ona görə ki, mən Şuşanı məhz onun sayəsində sevmişdim. Atamın Şuşa haqqında danışdıqları məni bu şəhərə onun gözləri, onun könlü ilə baxmağa sövq etmiş, onun Şuşa sevgisi anbaan, günbəgün, ilbəil qeyri-ixtiyari şüuruma, ruhuma axmışdı. Lakin əminliklə deyə bilərəm ki, Şuşanı yurd yeri, and yeri kimi əsl dəyərini mənə anlatan atamın sevgi dolu sözləri deyil, onun göz yaşları oldu. Heç vaxt ağlamayan, ən dar məqamda da həyata nikibinliklə baxan atamın göz yaşları...   Boğazda qalan loxma...   Şuşanı ailə olaraq 1992-ci ilin 8 mart tarixində tərk etmişdik. O vaxt bizi Sumqayıta – dayımgilə yola salan atam şəhərin bombalanması dayanandan, ordumuz erməniləri məğlub edəndən sonra bizi geri qaytaracağını bildirmişdi. Təbii, o vaxt Şuşanın ermənilər tərəfindən işğal olunacağı, itiriləcəyi heç kimin ağlına gəlmirdi. Şuşa sakinləri bu ehtimalı özləri üçün təhqir hesab edir, bu barədə ara-sıra səslənən fikirlərə ən cəfəng, absurd iddia kimi yanaşırdılar. Lakin taleyin ümidinə buraxılan köməksiz şəhərin 1992-ci ilin 8 may tarixində işğalı acı bir gerçəyə çevrildi. Həmin gün şəhərin müdafiəsində iştirak edən onlarla insan qəhrəmancasına şəhid olsa da bu, şəhərin erməni faşistləri tərəfindən işğalına mane ola bilmədi.   Şuşanın işğalı xəbərini eşidəndə ailəmizin ilk ağlına gələn atamın taleyi oldu. Artıq bir gün keçsə də atamdan heç bir xəbər yox idi. Bəziləri onun öldüyünü, digərləri isə əsir götürüldüyünü  iddia edirdi. Ailəmizn mayın 9-u gecəsini də bu cür ağrılı və qorxunc düşüncələr, göz yaşları içində keçirdi.   10 may 1992-ci il... Günortadan xeyli ötüb... Dayımgilin həyət qapısı açılır və üst-başı toz-torpaq içərisində olan atam həyətə daxil olur. Şəhərin işğal edilməsi bizi nə qədər sarsıtsa da, atamın sağ qalmasına bir o qədər çox sevinirik. Cəmi bir neçə dəqiqədən sonra ev əhli əl-üzünü yuyub əyin-başını qaydaya salan atama eyni anda onlarla sual ünvanlanmaya başlayır. Ancaq heç kim əsas məsələ haqqında - Şuşanın həqiqətən də işğal edilib-edilmədiyi barəsində soruşmağa cürət eləmir. Sanki hamı bu suala qorxduqları cavabı alacaqlarından ehtiyat edir.   “İkinci dərəcəli” suallara ötəri cavab verən atamın davranışında diqqəti çəkən əsas məqam onun baxışlarını günahkar kimi bizdən gizləməsi, Şuşa itkisi fonunda zahiri soyuqqanlığını, saxta təmkinini qorumağa çalışmasıdır. Lakin görünür o bunu o qədər də yaxşı bacarmırdı. Bəlkə elə buna görə də onun daxili narahatlığını hiss edən qohumlardan kimsə ortamı yumşaltmaq, bu gərginliyə adi ovqat qatmaq üçün atamın iki gündür ac-susuz yollarda olduğunu xatırlatdı və üzünü ətrafdakılardan kiməsə tutub yemək gətirmələrini tapşırdı.   ...Daha bir neçə dəqiqə keçir. Qohumların təkidi ilə atam ilk loxmanı ağsına qoyub udmağa çalışır. Lakin “nə isə” buna imkan vermir. Və birdən hər kəs tükürpədən hönkürtüdən dəhşətə gəlir. Və hər kəsin eşitməkdən qorxduğu baş verir. Atam üzümü anama tutaraq sel kimi axan göz yaşları içində sadəcə, “Daha Şuşa yoxdur” deyə bilir.   Mən yalnız həmin an necə böyük, dəhşətli hadisənin baş verdiyini dərk etdim. Məhz o zaman anladım ki, Şuşanını itirilməsi sadəcə evimizin, şəhərimizin itirilməsi demək deyil. Bu, mənim uşaq ağlımın dərk edə bilmədiyi daha böyük, daha mühüm nələrinsə itirlməsi deməkdir. Bu itkiyə elə şeylər daxildir ki, onun ağrısı bütün həyatı əzab-əziyyət içində keçən, od-alovda möhkəmlənən insanı belə başqaları önündə ağlamağa məcbur edir, onu göz önündəcə boğurdu. Məhz bu mənzərə Şuşanı – onun əsl dəyərini mənə yenidən kəşf etdirdi.   Ruhun ölümü və ya sağ qalmaq günahdır!   Sonralar həmin günü xatırladıqca daha bir həqiqəti başa düşdüm. Anladım ki, evini, şəhərini, torpağını itirən, bu səbəblə də başqa evə, başqa məkana sığınan insan fiziki baxımdan sağ olsa da, mənəvi baxımdan ölür. Bu ölüm birdən-biri deyil, tədricən baş verir və uzunmüddətli olur. Hansı ki, həmin gündən etibarən atam da beləcə ölməyə başlamışdı. Və ən pisi isə o idi ki, heç kim onun gözü önündə baş verən bu prosesə əngəl ola, bu ölümü dayandıra bilmirdi.   Atam Şuşasız yaşamağı bacarmırdı və ölənə qədər də bacarmadı. O, Şuşasız yaşamağı günah hesab edirdi. Ona görə vətənsiz yaşamağın, sağ qalmağın heç bir mənası yoxdur. Buna görə də, atam Şuşanın işğalından sonra nəfəs alsa da, yaşamırdı.   İndi, atamın ölümündən və Şuşanın işğaldan azad olunmasından sonra bütün bunları yada salanda düşünürəm ki, bəlkə də atam haqlı idi. Bəlkə də vətəni müqəddəs və vazkeçilməz edən onsuz sağ qalmaq günah olmasıdır. Bəlkə də vətən elə bu olan şeydir ki, ondan ayrı keçən günlər ömürdən sayılmır. Bəlkə də vətənsizlik elə ruhun ölümü deməkdir. Hansı ki, ruhun yoxluğu fonunda bədənin var olması heç bir önəm daşımır...   ...Odur ki, həm 2020-ci ilin 8 noyabrında Şuşa erməni işğalından azad ediləndə, həm də 11 sentyabrda Şuşaya üz tutarkən üzümü yaddaşımda 1992-ci ildəki hönkürtüsü ilə qalan atama tutub bu sözləri demək gəldi içimdən: “Ata, ağlama, evə qayıdırıq!”   Əsgər ruhlarının keşik çəkdiyi müqəddəs yol...   11 sentyabr səhər saat 06:20. İçində mənim də olduğum avtobus “Azneft” dairəsindən hərəkətə başlayır. Saatlar ötdükcə rayonlar bir-bir geridə qalır. Magistral yolda sürətlə şütüyən avtobus bizi Füzuliyə yaxınlaşdırır. Avtobusumuz Füzulidən Şuşaya Zəfər yolu ilə hərəkət edəcək. 2020-ci ilin payızında hərbçilərimizin mərmi yağışı altında piyada hərəkət etdiyi, dağlar və meşələr içərisində addım-addım qət etdikləri müqəddəs yolla...   ...Çox keçmir ki, avtobusumuz Zəfər yolu ilə şütüməyə başlayır. Meşələrlə əhatə olunan dağların qoynunda ilan kimi qıvrılaraq uzanan yollar yadıma Şuşa-Laçın yolunu, həmin yolun “Yeddi dolama” adlanan hissəsini xatırladır. Lakin Zəfər yolundakı dolamalar mənə “Yeddi dolama”dan daha uzun gəlir. Yolun kənarlarından dağların ətəyinə doğru açılan sıldırımlar da mənə daha dərin gəlir. Və avtobus bu yolla irəlilədikcə istər-istəməz 44 günlük Vətən müharibəsini, hərbçilərimizin bu müharibədəki qəhrəmanlığını xatırlayırsan. Gözlərinin önünə yüngül və ağır atıcı silahlarla silahlanan, günlərlə davam edən soyuq havalarda bitib-tükənməyən dağ yolları ilə Şuşaya doğru hərəkət edən əsgərlər gəlir. Dar gündə Vətənin səsinə səs verərək evdə yaşlı valdieynlərini, balaca körpələrini, xəstə yaxınlarını, yardıma möhtac doğmalarını qoyub gələn əsgərlər... Hansı ki, onların bəzisinə yenidən evinə dönmək, öz yaxınlarına yenidən sarılmaq nəsib olmayıb. O əsgərlər ki, onların bir qismi üçün bu yol şəhidliyə - əbədiyyətə uzanan yola çevrilib. O əsgərlər ki, onların bəzisinin yaxınları bu gün də onların ölümünə inanmır, inana bilmir və nə vaxtsa evlərinə qayıdacağına ümid edir.   Və bütün bunları düşündükcə adama elə gəlir ki, bu yola – Zəfər yoluna bu gün də şəhid hərbçilərin ruhları keşik çəkir. Bəlkə də şəhidlik onları bu müqəddəs yolların əbədi keşikçisinə çevirib. Bəlkə onlar bundan sonra da qan və alın təri ilə suladıqları bu yolu mühafizə etməkdə, bu yolları bundan sonra da qorumaqda davam edəcəklər... Ömrünün tamamını hərbə həsr edən əsgərlər kimi...   “Bəyaz qala”, yaxud isti ürəklərlə buz qayalara doğru...   Zəfər yolunun bitməsinə bir qədər qalmış uzaqdan – az qala buludların qoynunda ağaran nəhəng sıldırım qayalıqlar diqqət çəkir. Bura Şuşadır. Üstündə qərar tutduğu ağ qayalar fonunda bəyaz qalaya bənzəyən doğma Şuşa... 29 il öncə xəyanət səbəbi ilə düşmənə yenik düşən, bir qərinəyə yaxın əsirlik həyatı yaşayan, torpağında babamın, nənəmin uyuduğu müqəddəs şəhər... 29 il ərzində yüzlərlə şuşalının həsrəti ilə öldüyü, onlarla döyüşçünün uğurunda şəhid olduğu doğma yurd yeri...   Avtobus Daşaltı kəndinin boyu yolla irəlilədikcə ötən ilin soyuq noyabr günləri yada düşür. Istər-istəməz döyüşçülərimizin bu yollarla piyada Şuşaya necə yaxınlaşdıqları, mərmi yağışı altında düşmənlə necə mübarizə apardıqları, bu sərt qayalıqları necə dırmaşdıqları haqqında düşünürsən. Gözlərinin önünə soyuq barmaqları ilə buz tutan qayalıqlardan yapışıb yuxarı qalxan, hər an yıxılmaq, yaxud düşmən gülləsinə hədəf olmaq təhlükəsi ilə üzləşən əsgərlərimiz gəlir. Onların ağır əsgər çəkmələri, atıcı silahlar, hərbi ləvazimatlarla bu qayaları səssiz-səmirsiz necə dırmaşa bildiklərini təsəvvür etməyə çalışırsan. Və bu zaman xəyallarının sərhədlərinin daraldığını, təsəvvür gücünün yetərli olmadığını hiss edirsən. Hiss edirsən ki, bu qəhrəmanlığı təsəvvür etmək, onu düşüncə olaraq yaşamaq belə böyük güc, özünəinam və cəsarət tələb edir. Bəlkə bu qəhrəmanlığı təkrarsız və böyük edən onun xəyalının belə qeyri-adi, heyrətaimiz olmasıdır.   Daşaltı kəndindən Şuşanın ağaran qayalıqlarına baxdıqca bu qayaları güllə yağışı altında fəth edən, onun buz soyuqluğunu ruhundakı vətən sevgisi ilə isidən, qayların sərtliyinə dəmir iradələri ilə qalib gələn, bu mübarizənin gedişində özləri də yeriyən qayalara çevrilən insnalarla eyni səma altında yaşadığına, onlarla eyni qanı daşıdığına, eyni bayrağın keşiyində dayandğına görə böyük bir fərəh və qürur hiss edirsən. Və içində baş qaldıran dərin bir inam səni əmin edir ki, vətən oğullarının sərgilədiyini bütün bu igidliklər bu vətənin özü kimi əbədi və həmişəyaşardır. Nə zamansa bu vətənin başı üzərini qara buludlar alarsa, o zaman tarixə çevrilən bu qəhrəmanlıqlar vətənin gələcək oğullarının simasında yenidən təkrarlanacaq, dövlətimizin xalqımızın, bayrağımızın əbədi toxunulmazlığını təmin edəcəkdir...   Seymur ƏLİYEV

Hamısını oxu
Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfrans keçirilib

Konfransın sonunda Prezident İlham Əliyevə müraciət ünvanlanıb   Veteran.gov.az xəbər verir ki, bu gün saat 11:00 radələrində Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Nəsillərin görüşü” adlı konfrans keçirilib.   Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qalibiyyətə həsr edilən konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova tədbir iştirakçılarını salamlayıb, Azərbaycan xalqının tarixi zəfəri münasibəti ilə bir araya gəlməkdən məmnunluğunu bildirib.   Giriş sözünün ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev çıxış edib. Çıxışında 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfərin xalqımızın sadəcə bugünü deyil, həm də gələcəyi baxımından müstəsna rol oynadığnı bildirən Vüsal Quliyev, xalqımızı bu zəfərə qovuşduran Ali Baş Komandana, şanlı ordumuza, şəhidlərimizə və qazilərimizə minnətdarlığını ifadə edib.   Vüsal Quliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən bu qələbə, həm də erməni faşizmi üzərində əldə edilən mühüm zəfər kimi tarixdə qalacaq ki, bu da dövlətimizin, Prezidentimizin, xalqımızın sivil və mədəni dünya qarşısında böyük xidmətidir.   Konfransda çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev də Vətən müharibəsində əldə edilən zəfərin önəminə diqqət çəkib, bu zəfərdə ölkə gəncliyinin yaxından iştirak etdiyini, dövlətimizin ərazi bütövlüyünün bərpasına böyük töhfə verdiyini qeyd edib.   Tədbirdə çıxış edən veteranlar və dövlət qurumlarının nümayəndələri də Vətən müharibəsindəki tarixi qələbənin Azərbaycan xalqının həyatında həlledici rol oynadığını, dövlətimizin gücünə güc qatdığını, onun inkişafı üçün geniş perspektivlər açdığını qeyd ediblər.Vurğulanıb ki, bu zəfər əsrlər sonra da xalqımız tərəfindən qürur və iftixar hissi ilə yad ediləcək, qəhrəmanlarımız minnətdarlıq hissi ilə anılacaq.   Konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun yekun sözü ilə çıxış edib. Sədr müavini Vətən müharibəsindəki tarixi zəfərin sadəcə Azərbaycanın deyil, bütün regionun həyatında yeni səhifə açdığına diqqət çəkib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, bu qələbə dövlətimizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqımızın özünəinam və qürur hissinin bərpası, mənəvi cəhətdən bütövləşməsi, öz güc və iradəsini bütün dünyaya nümayiş etdirməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Konfransda müxtəlif nəsillərin nümayəndələrinin iştirak etdiyini xatırladan Cəlil Xəlilov, bu qələbənin ümumxalq zəfəri olduğunu bildirib, ölkə başçısına, Azərbaycan ordusuna, şəhid və qazilərə, eləcə də hər zaman Ali Baş Komandanın və ordunun yanında olan Azərbaycan xalqına təşəkkür edib.   Tədbirin sonunda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.   Daha sonra  Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndəsi vətənpərvərlik mövzusunda mahnılar ifa edib, xatirə şəkli çəkilib.   Seymur ƏLİYEV

Hamısını oxu
Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Türkiyə nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz, əziz Mövlud bəy, sizi salamlayıram. Şadam ki, siz gəlmisiniz. Siz Azərbaycanda dəfələrlə olmusunuz. Amma bu səfərin xüsusi önəmi var. Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır. Mənim əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım, onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır. Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verməkdədir, həm Yaxın Şərq bölgəsində, eyni zamanda, Qafqaz bölgəsində. Ona görə Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə biz bu məsələ ilə bağlı dəfələrlə öz sözlərimizi demişik ki, Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır. Bu gün biz real həyatda bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaqdır. Sizi bir daha salamlayıram. Xahiş edirəm ki, mənim səmimi salamlarımı hörmətli cənab Prezidentə çatdırasınız. x x x Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dedi: -Sağ olun, cənab Prezidentim. Əvvəlcə, bizi qəbul etdiyiniz üçün Sizə çox təşəkkür edirik. Hörmətli Prezidentimiz, qardaşınız Rəcəb Tayyib Ərdoğanın, bütün kabinetimizin, - dünən Nazirlər Kabinetində toplantımız var idi, - və türk xalqının Sizə salamlarını və uğur diləklərini gətirmişəm. Xüsusilə Zati-alinizin də vurğuladığı kimi, Türkiyənin, türk xalqının Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya səfərə gəldim. Bu gün Sizin liderliyinizlə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü vardır, potensialı vardır. Əlbəttə, Türkiyə olaraq və türk xalqı olaraq, biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq. Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizim də borcumuzdur. Bunu Ceyhun qardaşımla, xaricdəki bütün səfirliklərimizlə - Azərbaycanın və Türkiyənin səfirlikləri ilə birlikdə həyata keçiririk. Bu gün Sizdən alacağımız təlimatlarla daha böyük güclə bir yerdə çalışmağa davam edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik. Bu gün Sizin qəbulunuzdan sonra qardaşım Ceyhunla bu məsələlərdə necə birlikdə hərəkət edəcəyimizi dəyərləndirəcəyik. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirik. Dostluq qrupumuzun sədri Şamil bəylə birlikdə gəldik. İnşallah, bugünkü toplantılarımız Azərbaycanın torpaqlarının azad edilməsi yolunda xeyirlərə səbəb olacaq. Bir daha təşəkkür edirəm, hörmətli Prezidentim. Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri qazilərlə görüşüb

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova ilə 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup qazi arasında görüş keçirilib.   Veteran.gov.az xəbər verir ki, tədbirdən öncə qaziləri Respublika Veteranlar Təşkilatının fəaliyyəti ilə yaxından tanış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qaziləri təşkilatın fəaliyyəti ilə yaxından tanış edib, onların suallarını cavablandırıb.   Respublika Veteranlar Təşkilatında baş tutan görüşdə çıxış edən təşkilatın sədri Fatma Səttarova, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığa diqqət çəkib, bu qəhrəmanlığın sadəcə milli tariximizə deyil, bütövlükdə dünya hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirib.   Tədbirin sonunda xatirə şəkli çəkilib, qazilərə bayram sovqatı verilib.   Seymur ƏLİYEV

Hamısını oxu