Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Türkiyə nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz, əziz Mövlud bəy, sizi salamlayıram. Şadam ki, siz gəlmisiniz. Siz Azərbaycanda dəfələrlə olmusunuz. Amma bu səfərin xüsusi önəmi var. Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır. Mənim əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım, onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır. Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verməkdədir, həm Yaxın Şərq bölgəsində, eyni zamanda, Qafqaz bölgəsində. Ona görə Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə biz bu məsələ ilə bağlı dəfələrlə öz sözlərimizi demişik ki, Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır. Bu gün biz real həyatda bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaqdır. Sizi bir daha salamlayıram. Xahiş edirəm ki, mənim səmimi salamlarımı hörmətli cənab Prezidentə çatdırasınız. x x x Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dedi: -Sağ olun, cənab Prezidentim. Əvvəlcə, bizi qəbul etdiyiniz üçün Sizə çox təşəkkür edirik. Hörmətli Prezidentimiz, qardaşınız Rəcəb Tayyib Ərdoğanın, bütün kabinetimizin, - dünən Nazirlər Kabinetində toplantımız var idi, - və türk xalqının Sizə salamlarını və uğur diləklərini gətirmişəm. Xüsusilə Zati-alinizin də vurğuladığı kimi, Türkiyənin, türk xalqının Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya səfərə gəldim. Bu gün Sizin liderliyinizlə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü vardır, potensialı vardır. Əlbəttə, Türkiyə olaraq və türk xalqı olaraq, biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq. Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizim də borcumuzdur. Bunu Ceyhun qardaşımla, xaricdəki bütün səfirliklərimizlə - Azərbaycanın və Türkiyənin səfirlikləri ilə birlikdə həyata keçiririk. Bu gün Sizdən alacağımız təlimatlarla daha böyük güclə bir yerdə çalışmağa davam edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik. Bu gün Sizin qəbulunuzdan sonra qardaşım Ceyhunla bu məsələlərdə necə birlikdə hərəkət edəcəyimizi dəyərləndirəcəyik. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirik. Dostluq qrupumuzun sədri Şamil bəylə birlikdə gəldik. İnşallah, bugünkü toplantılarımız Azərbaycanın torpaqlarının azad edilməsi yolunda xeyirlərə səbəb olacaq. Bir daha təşəkkür edirəm, hörmətli Prezidentim. Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

2020-10-06 00:00:00
3329 baxış

Digər xəbərlər

“İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir”

“Martın 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu və həmin Forumda Müzəffər Ali Baş Komandanın çıxışı müharibədən əziyyət çəkən, sülh arzusunda olan dünyamız üçün yol xəritəsidir”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı məlum Forumdakı çıxışında sülhə gedən yolu addım-addım şərh edib, Azərbaycan təcrübəsindən konkret nümunələr gətirib: “Prezident İlham Əliyev çıxışında sülh və müharibə arasında paralellər aparıb, sülhə alternativin olmadığını konkret nümunələr əsasında Forum iştirakçılatının, eləcə də dünya ictimaiyyətinin diqqətinə çatdırıb Dövlət başçısı qeyd etdi ki, bəşəriyyətin tərəqqisi və inkişafını sitimullaşdıra biləcək yeganə amil sülhdür. Buna görə də planetimizdə sülhün bərqərar olması üçün hər bir dövlət ciddi səy göstərməli, həmrəylik nümayiş etdirməlidir.  Dövlət başçısı Azərbaycanla Ermənistan arasında uzun illərdir ki, davam edən müharibə və münaqişəyə də diqqət çəkib. Müzəffər Ali Baş Komandan bildirib ki, məhz Azərbaycanın ardıcıl səyləri, sülhə sadiqliyi nəticəsində iki dövlət arasında müharibəyə son qoyulub, de-fakto olaraq sülh təmin edilib. 2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətni paraflanıb ki, bu da de-yure sülh üçün əlverişli zəmin formalaşdırıb”. Polkovnik qeyd edib ki, dövlət başçısı Azərbaycanın müharibə təcrübəsinə də malik olduğunu, öz torpaqlarını güc yolu ilə azad etdiyini də Forum iştirakçılarının diqqətinə çatdırıb: “Prezident İlham Əliyev çıxışnda yaxın tarixi keçmişə diqqət çəkərək Azərbaycanın öz ərazi bütövlüyünü hərbi əməliyyatlar yolu ilə bərpa etdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan işğal etdiyi torpaqları azad etməkdən imtina etdiyi üçün Azərbaycan BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində ərazi bütövlüyünü təmin edib. Yəni Azərbaycan güc faktorunu məcbur qaldığı üçün, beynəlxalq hüquq çərçivəsində tətbiq edib və öz məqsədinə nail olandan dərhal sonra müharibəni dayandırıb. Bütün bunları nəzərə alaraq əminliklə bildirirəm ki, XIII Qlobal Bakı Forumu beynəlxalq sülh prosesinə ciddi dəstək verəcək, dünyamızın müharibə və münaqişlərdən sülhə doğru addımlamasını böyük ölçüdə sitimullaşdıracaq”.

Hamısını oxu
Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər,   Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Vətənin azadlığı uğrunda həlak olan qəhrəmanların xatirəsi daima yaşayacaqdır

İkinci Dünya Müharibəsində  Azərbaycan xalqının göstərdiyi şücaət və qələbəyə olan töhfəsini danmaq, inkar etmək mümkün deyil. Xalqımızın müharibədəki rolu, həm də Qafqaz cəbhəsindəki şanlı döyüşləri və Bakı neftinin strateji əhəmiyyəti daha geniş auditoriyaya çatdırılmalıdır. Onların cəsurluğu, əzmkarlığı və vətənə olan bağlılığı bu gün də bizi qürurlandırır. Azərbaycanın müxtəlif sahələrdə, xüsusilə də təbii sərvətlər və hərbi qüvvə baxımından necə mühüm rol oynadığını qeyd etmək vacibdir. Bu qəhrəmanları təbliğ etmək, gənclərin və ümumiyyətlə hər bir vətəndaşın öz vətəninə olan sevgi və bağlılığını gücləndirə bilər. Qəhrəmanların həyatları, mübarizələri və göstərdikləri fədakarlıq gələcək nəsillərə böyük bir dərsdir. Belə şəxslərin nümunəsi, gənclərin öz milli dəyərlərinə, torpaqlarına və xalqına olan məsuliyyətini artırmağa kömək edir.Bu təbliğat yalnız keçmişi yad etməklə kifayətlənmir, eyni zamanda indiki dövrdə gənclərə vətənpərvər olmağa təşviq edir. Bu mənada Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev şübhəsiz xalqının və torpağının azadlığı uğrunda fədakarlıq göstərmiş bir şəxsiyyət olaraq, müasir gənclər üçün çox böyük bir nümunədir. Belə insanlar göstərdikləri dözüm və vətənpərvərliklə gənclərə yalnız bu günü deyil, həm də gələcəkdə öz dəyərlərini qorumağın vacibliyini öyrədir. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlı döyüşçülərimizin döyüş yollarına nəzər salmaq, həmin ənənəni gənc nəslə çatdırmaq bizim vətəndaşlıq və mənəvi-əxlaqi borcumuzdur. Azərbaycanın belə cəsur oğlanlarından biri də Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevdir. Müseyib Allahverdiyev 1909-cu ildə Qazax rayonunun Dağkəsəmən kəndində dünyaya göz açmışdır.  Müseyib Allahverdiyev 1931-ci ildə hərbi xidmətini Serqo Orconikidze adına Azərbaycan diviziyasında xidmət etmişdir.Hərb sənətinə marağını, komandir qətiyyətinə malik olduğunu görən hərbi hissə rəhbərləri onu 1933-cü ildə hərbi və siyasi hazırlıq əlaçısı kimi Tiflisdəki hərbi məktəbə göndərməyi məsləhət bilmişlər.1936-cı ildə həmin məktəbi bitirən Müseyib Abdullayev taleyini həmişəlik orduya bağlayır. Böyük Vətən müharibəsi başlanarkən könüllü olaraq ordu sıralarına yazılıb. Moskva ətrafındakı döyüşlərdən başlayaraq Macarıstanın paytaxtı Budapeşt şəhərinə qədər şanlı döyüş yolu keçmişdir. Moskva yaxınlığındakı döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Müseyib Allahverdiyev “Qırmızı Ulduz” ordeni ilə təltif edilmişdir. Xarkov uğrunda döyüşlərin iştirakçısı olmuş, Dnepropetrovsk, Zaporojye, Nikolayev, Krivoy Roq, Kirovqrad, Kişinyov şəhərlərinin azad edilməsində qətiyyətlə döyüşmüşdür. Beləliklə çox keçməmişdir ki, qvardiya kapitanı hərbi rütbəsinə layiq görülmüşdür. Müseyib Allahverdiyev Macarıstan torpağında böyük bir düşmən qrupunun ləğv edilməsində isə xüsusilə fərqlənmişdir. 13 noyabr 1944-cü ildə onun komandanlıq etdiyi batalyon düşmənin müdafiə xəttini yararaq alayın döyüş tapşırığının yerinə yetirilməsini təmin etmişdir. 1944-cü ilin 1 dekabr gecəsi Müseyib Allahverdiyevin batalyonu düşmənin top atəşi altında Dunay çayını keçərək sağ sahildə gedən qızğın döyüşlərə qatımışdır. Çox məsuliyyətli və ağır döyüşdə batalyon komandiri şəxsən özü döyüşçülərin sahilə enməsini pulemyot atəşi ilə himayə etmiş, düşməni geri çəkilməyə məcbur etmişdi. Bu döyüşdə Müseyib Allahverdiyevin batalyonu 500 faşist əsgərini məhv etmiş və 2200 düşmən əsgər və zabitini əsir almış 24 silah, 36 pulemyot, 8 minaatan, 3 avtomaşın, 10 araba, 2 silah və ərzaq anbarlarını ələ keçirmişdir. Macarıstanın paytaxtı Budapeşt uğrunda gedən döyüşlərdə də Müseyib Allahverdiyevin döyüşçüləri fərqlənmişlər. Onun batalyonuna Budapeştdə mühasirədə olan alman qoşunlarının xilas edilməsi üçün tələsən 120 düşmən tankından ibarət dəstənin qarşısını almaq əmri verilmişdi. Mayorun təşkil etdiyi döyüş pusqusu nəticəsində 25 düşmən tankı və 700 əsgər və zabit məhv edilmiş, beləliklə də, düşmənin şəhərə girməsinin qarşısı qətiyyətlə alınmışdır. Ordu komandanlığının həmin xüsusi tapşırığını yerinə yetirərkən alman-faşist işğalçıları ilə döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şəxsi şücaətə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 24 mart tarixli fərmanı ilə Müseyib Allahverdiyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, “Lenin” ordeni və “Qızıl Ulduz” medalı ilə təltif edilmişdir. 1946-cı ildə ordudan tərxis olunan Müseyib Allahverdiyev uzun illər Qazax, Ağstafa, Tovuz rayonlarında rəhbər vəzifələrdə, sovet və təsərrüfat işlərində çalışmışdır. Ağstafa rayon xalq deputatları soveti sədrinin müavini, rayonlararası meşə təsərrüfatı idarəsinin direktoru olmuşdur. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına və fəxri diplomuna layiq görülmüşdür. Müseyib Allahverdiyevin döyüşlərdəki şücaəti, xüsusilə də Macarıstan torpağında düşmənin böyük bir qrupunu məhv etməsi və minlərlə əsgər və zabiti əsir alması, onun necə bir komandan və döyüşçü olduğunu bir daha nümayiş etdirir. Həmçinin, onun rəhbərliyindəki batalyonun, faşist qüvvələrinin şəhərə girməsinin qarşısını almaqla böyük bir strateji uğur əldə etməsi də döyüşçülük bacarığının və müharibə taktikasının nümunəsidir. Bu cür qəhrəmanların həyat hekayələrini gələcək nəsillərə çatdırmaq yalnız keçmişi yad etmək deyil, həm də indiki dövrün gənclərinə öz ölkələrini qorumaq və azadlığı uğrunda mübarizə aparmaq barədə dəyərli dərslər vermək deməkdir. Bu cür təbliğat həm də gənclərin vətənə, tarixə və mədəniyyətə olan bağlılıqlarını artıraraq, onların daha məsuliyyətli və vətənpərvər olmalarına səbəb ola bilər. Müseyib Allahverdiyev 1969-cu ildə dünyasını dəyişmişdir. Hazırda Ağstafa rayonunun Dağkəsəmən kəndindəki orta məktəb onun adını daşıyır. Ağstafa və Qazax rayonlarında onun adına küçələr salınmış, büstü qoyulmuşdur. Müseyib Allahverdiyev kimi igidlərin mübarizəsi və vətənə bağlılığı minlərlə insanın qəlbində əbədi iz buraxıb. Belə insanlar yalnız öz dövründə deyil, gələcək nəsillər tərəfindən də hörmətlə yad edilir. Onların vətənə olan sevgisi və fədakarlığı heç vaxt unudulmur, çünki onların qoyduğu dəyərlər və göstərdikləri qəhrəmanlıq zamanın sərhədlərini aşıb.Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri   polkovnik  Cəlil Xəlilov

Hamısını oxu
İkinci Dünya müharibəsi zamanı həlak olmuş azərbaycanlıların xatirəsi əbədi yaşayacaq

Azərbaycanın hərb tarixində İkinci Dünya müharibəsində azərbaycanlıların göstərdiyi qəhrəmanlığın xüsusi yeri vardır. Ancaq alman faşizmi üzərində tarixi qələbədən 71 ildən artıq vaxt keçməsinə baxmayaraq, həmin müharibədə iştirak etmiş azərbaycanlıların bir hissəsinin taleyi bugünədək aydınlaşmamış qalır.  Onlar arasında keçmiş SSRİ-nin bir sıra ərazilərində, o cümlədən Moldovada döyüşənlər də olmuşdur. Moldova Respublikasında Azərbaycanın bu ölkədəki səfirliyinin yaxından iştirakı ilə aparılan araşdırmalar nəticəsində vaxtılə itkin düşmüş sayılan soydaşlarımızdan 206 nəfərinin taleyinə aydınlıq gətirilmiş, onların kimlikləri, təvəllüd tarixləri, rütbələri, hərbi xidmətə çağrıldıqları tarix, məntəqələr, dəfn yerləri müəyyən olunmuş, sənədlərinin saxlandığı arxivlər dəqiqləşdirilmişdir. Bu münasibətlə keçirilən tədbir başlanmazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.Tədbirdə, Moldova Respublikasının Azərbaycandakı səfiri cənab George Luka, Türkiyənin Müharibə Veteranları Dərnəyinin Qars vilayəti üzrə rəhbərləri Yüksəl Öztürk, Munis Acay və Məvlud Kara, Azərbaycanın Moldova Respublikasındakı sabiq səfiri Namiq Əliyev, Azərbaycan Respublikası 2 saylı İnzibati İqtisad məhkəməsinin sədri Çingiz Bəşirov, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunun direktor müavini, professor Cəbi Bəhramov, Respublika Hərbi Prokurorluğunun şöbə rəisi ədliyyə polkovniki Toğrul Hüseynov, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər, media nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov açaraq demişdir: “II Dünya müharibəsində faşizm üzərində qələbəyə Azərbaycan böyük töhfə vermişdir. Azərbaycanlılar bu müharibədə əsl rəşadət, igidlik göstərmiş, onlardan 127 nəfəri Sovet İttifaqı qəhrəmanı adına, on minlərlə soydaşımız orden və medallara layiq görülmüşlər. Azərbaycanlıların döyüş yolu həm də Moldovadan, bu torpaqların faşist işğalından azad Azərbaycanın Moldova Respublikasındakı səfirliyinin yaxından iştirakı ilə aparılan araşdırmalar nəticəsində vaxtılə itkin düşmüş sayılan soydaşlarımızdan 206 nəfərinin taleyinə aydınlıq gətirilməsi çox böyük hadisədir.Respublika Veteranlar Təşkilatı II Dünya, Qarabağ, Əfqanıstan müharibələrində döyüşmüş, həlak olmuş, itkin düşmüş əsgər və zabitlərimizin taleyinə aydınlıq gətirilməsi istiqamətində ardıcıl iş aparır. Ötən il Moldova Respublikasında və Rusiya Federasiyası ərazisində həlak olmuş azərbaycanlı döyüşçülərin dəfn edildikləri yerlərin müəyyən olunması bizi olduqca sevindirdi. Artıq qələbə günündə, digər bayramlarda həmin ərazilərdə yaşayan soydaşlarımız, eləcə də yerli ictimaiyyətin nümayəndələri həmin məzarları ziyarət edirlər, üstünə gül dəstəsi qoyurlar. Bu imkan, döyüşmü ruhlarının şad olması həmin insanların doğmaları, yaxınları ilə yanaşı bizim hər birimizin qəlbini sevindirir. Allah onlara rəhmət eləsin”. Azərbaycanın Moldova Respublikasındakı sabiq səfiri Namiq Əliyev öz çıxışında soydaşlarımızdan 206 nəfərinin taleyinə aydınlıq gətirilməsində Moldova Respublikasının dövlət orqanlarının göstərdiyi köməklikdən, səfirliyin bu istiqamətdəki fəaliyyətindən danışdı. Bu insanların taleyinin aydınlaşdırılmasının doğurduğu hisslərin əvəzedilməz olduğunu vurğuladı.Çıxış edən İkinci Dünya müharibəsi veteranı A.A.Qritçenko cəbhə xatirələrini yada saldı, döyüşçülərimizin şücayətindən, rəşadətindən danışdı. Bildirdi ki, Azərbaycanın öz döyüşçü oğullarını unutmaması, onların taleyinə gec də olsa aydınlıq gətirilməsi təqdirəlayiq işdir. Respublika Veteranlar Təşkilatının bu fəaliyyətlərə yaxından dəstək verməsi, belə tədbirlər keçirməsinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində çox böyük rolu vardır.Çıxış edən II dünya müharibəsində Moldovoda döyüşmüş Veteran İsmayıl Fərəcov müharibə ilə bağlı xatirələrini bölüşdü.Moldova Respublikasında döyüşlərdə həlak olmuş Sumqayıt şəhərindən cəbhəyə yola düşmüş Rzayev Oruc Şirin oğlunun, Xəzər rayonundan cəbhəyə getmiş Abbasov Vəli Abbas oğlunun yaxınları (Rzayev Oruc Şirin oğlunun bacısı oğlu Sərxan, Abbasov Vəli Abas oğlunun qardaşı oğlu Abasov Vəli İmaməli və onun qardaşı Əfqan) çıxış edərək doğmalarının taleyinə aydınlıq gətirilməsinə, xeyirxah işə görə Azərbaycanın Moldova Respublikasındakı səfirliyinin əməkdaşlarına öz minnətdarlığını çatdırdılar, bunun Vətən qarşısında həqiqi xidmət olduğunu bildirdilər.Daha sonra çıxış edənlər Azərbaycanın İkinci Dünya müharibəsində iştirakından, azərbaycanlıların keçdiyi döyüş yolundan bəhs etdilər, Moldova Respublikasında Azərbaycanın bu ölkədəki səfirliyinin yaxından iştirakı ilə aparılan araşdırmalar nəticəsində vaxtılə itkin düşmüş sayılan soydaşlarımızdan 206 nəfərinin taleyinə aydınlıq gətirilməsini böyük hadisə kimi qiymətləndirərək bu xeyirxah işdə, eləcə də “Xatirə kitabı”nın hazırlanmasında əməyi olanların hamısına dərin təşəkkürlərini bidirdilər. Tədbirin sonunda bir neçə şəxs Respublika Veteranlar Təşkilatının təsis etdiyi yubiley medallarları ilə təltif edildilər.

Hamısını oxu