Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanda hərbi xidmətdən tərxis başladı

Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların mərhələli şəkildə tərxis edilməsi prosesinə başlanılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” sərəncamının Azərbaycan Ordusunda icrası ilə əlaqədar Müdafiə nazirinin müvafiq əmri imzalanıb.

 
Əmrə əsasən, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr tarixli sərəncamı ilə hərbi xidmətə çağırılan hərbi qulluqçular cari ilin dekabr ayının 25-dən 2021-ci ilin aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək.  Hərbi qulluqçular onların yaş həddi nəzərə alınmaqla, mərhələli şəkildə və tərxisetmə dövrlərinə uyğun olaraq tərxis olunacaq. Qeyd edək ki, zabit və gizirlərin pul təminatı xidmət etdikləri hərbi hissə üçün müəyyən edilmiş artım əmsalları tətbiq edilməklə təyin olunduğu vəzifələrə uyğun olan vəzifə maaşları, hərbi rütbələrinə görə maaşlar və digər əlavələrdən ibarətdir. Əsgər və çavuşlara isə eyni qaydada təyin olunmuş vəzifə maaşlarına əlavə olaraq 360 manat məbləğində aylıq müavinət verilir.  Tərxisetmə ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

2020-12-25 00:00:00
3649 baxış

Digər xəbərlər

Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur

Azərbaycan öz coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, inkişaf etmiş iqtisadiyyatı, rus mədəniyyəti ilə ənənəvi əlaqələri baxımından Rusiya üçün böyük maraq və dəyər kəsb edir. Xüsusən ona görə ki, respublikada rus dili, birgə tarix, iki yüz il ərzində xalqlarımızı birləşdirən nə varsa, hamısı qayğı ilə əhatə olunub və qorunur. Bu fikri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində Azərbaycan və Rusiya prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünü şərh edərkən söyləyib. Şübhəsiz ki, yüksək səviyyədə müntəzəm görüşlər dövlətlərarası münasibətlərə dinamizm verir, lakin indiki halda bu münasibətlər fundamental əhəmiyyətə malikdir. Hər iki dövlətin başçısı öz çıxışlarında iki ölkə arasında əlaqələrin strateji xarakterini vurğulayıb. Cəlil Xəlilov qeyd edib ki, biznes sahəsindən siyasətə keçən "strateji tərəfdaşlıq" termini iki ölkənin fəaliyyətinin əlaqələndirilməsinin yüksək formasını, siyasi, sosial, mədəni, iqtisadi sahələrdə resursların qarşılıqlı səmərəli kooperasiyasını göstərir. Azərbaycan və Rusiya arasında əlaqələr strateji tərəfdaşlığın ruhuna və məzmununa tamamilə uyğundur. İqtisadiyyatın və mədəniyyətin bir çox sahələrində Azərbaycanın Rusiya ilə əməkdaşlıq perspektivləri təqdirəlayiqdir. Belə ki, investisiyalar, ticarət əlaqələri, nəqliyyat kommunikasiyaları genişlənir, humanitar və turizm sahəsində əlaqələr dərinləşir. 2017-ci ilin yekunlarına görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiya qeyri-neft sektorunda idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. Rusiyanın bir çox şirkətləri Azərbaycanda uğurla işləyir. Energetika, maşınqayırma, kimya, əczaçılıq sənayesi sahələrində kooperasiya dərinləşir. Cənubi Asiyanı və Yaxın Şərqi Avropa ilə birləşdirəcək "Şimal-Cənub" qitələrarası nəqliyyat dəhlizinin yaradılması üzrə birgə işlər böyük beynəlxalq əhəmiyyət daşıyır. Azərbaycanın bilavasitə Rusiyanın regionları ilə fəal əməkdaşlığı diqqət çəkir. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla iqtisadi, mədəni əlaqələr saxlayır. Elm, təhsil, ədəbiyyat və incəsənət sahələrində çox geniş əlaqələr mövcuddur. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan Rusiyanın geostrateji maraqlarına anlaşıqlı yanaşır. Rusiya da öz növbəsində, Qarabağ problemi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faiz işğal edilməsi ilə bağlı Azərbaycanın narahatlığını bölüşür. "Azərbaycan ictimaiyyəti bu münaqişənin həllində Rusiyanın daha fəal iştirakına ümid bəsləyir. Rusiya öz hərbi müttəfiqi Ermənistana Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılmasına dair BMT qətnamələrini icra etməklə bağlı birmənalı təsir göstərə bilərdi. Biz bu istiqamətdə Rusiya tərəfdən daha qətiyyətli addımlar gözləyirik", - deyə siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov bildirib.

Hamısını oxu
Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər:  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Məmmədov Azər Kərəm oğlu – polkovnik-leytenant “Vətən uğrunda” medalı ilə Babayev Elmar Elxan oğlu – mayor İsmayılov Nicat Əbülfəz oğlu – mayor Quliyev Rüfət Qüdrət oğlu – mayor Mədətov Fərid Fikrət oğlu – mayor Babazadə Vaqif Elçin oğlu – kapitan Səmədov Mədət Fərzulla oğlu – kapitan İbrahimov Vüsal Cümşüd oğlu – baş leytenant Ağabalayev Vazeh Xanbala oğlu – leytenant Ağayev Yaşar Təvəkkül oğlu – ehtiyatda olan baş miçman Əmranov Rəşad Murtuzəli oğlu – ehtiyatda olan baş miçman İmamverdiyev Aqil Əzim oğlu – gizir Novruzlu Səbuhi Rövşən oğlu – çavuş  “İgidliyə görə” medalı ilə  Quliyev Şəhriyar İlqar oğlu – polkovnik-leytenant Quliyev Elnur Əlifağa oğlu – mayor Mirzəyev Hikmət Elçin oğlu – mayor Əhmədov Emin Seymur oğlu – leytenant İbrahimli Tacəddin Əmirullah oğlu – gizir İsmayılov Oqtay Şahsuvar oğlu – gizir Quliyev Vaqif İbrahim oğlu – gizir “Hərbi xidmətlərə görə” medalı ilə Daşdəmirov Vilayət Allahyar oğlu – mayor Muradov Zaman Muqabil oğlu – mayor Alxasov Taleh Aydın oğlu – kapitan Salmanov Tərlan Babək oğlu – kapitan Abdullayev Rövşən Əhədulla oğlu – gizir Ağayev Şəmsəddin Əsədulla oğlu – gizir Babayev İlknur Ramiz oğlu – gizir Dostalılı Dostalı Şirvan oğlu – gizir Əliyev Şahin Məhəmməd oğlu – gizir Xəlilzadə Bəşir Məhəmməd oğlu – gizir İslamov Emin Bəxtiyar oğlu – gizir Qurbanzadə Ülvi Babaquli oğlu – gizir Mərdənov Cəmil Omar oğlu – istefada olan gizir Muxtarov Kamal Qismət oğlu – gizir Nuriyev Toğrul Əhliman oğlu – gizir Yolçiyev Bəşir Qoca oğlu – gizir Həsənov İsmayıl Bəhlul oğlu – baş çavuş Nəhmədov Xəzər Sabir oğlu – çavuş Necəfov Üzeyir Hacı oğlu – ehtiyatda olan kiçik çavuş Süleymanov Afiq Ziyafət oğlu – kiçik çavuş Sadıqov Vüsal İbrahim oğlu – əsgər.  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Səssiz Qəhrəmanlıq: General-mayor Polad Həşimovun Əbədiyyətə Gedən Yolu

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri bu böyük insanla qürur duyur. 2020-ci ilin iyul ayının 14-ü Azərbaycan tarixinə qanla yazılmış, lakin eyni zamanda milli ruhun və vətənpərvərliyin rəmzinə çevrildiyi bir gündür. Həmin gün general-mayor Polad Həşimovun şəhid olması xəbəri bütöv bir xalqın yaddaşına həkk olunan qəhrəmanlıq dastanının yeni səhifəsi idi. Onun şəhidliyi təkcə Azərbaycanın deyil, bütün türkdilli xalqların ürəyində əbədi iz buraxdı. Polad Həşimov 1975-ci ilin yanvar ayının 2-də Qəbələ rayonunun Vəndam kəndində dünyaya göz açmış, uşaqlığını torpaqla nəfəs alan, bulaq səsi ilə böyüyən bir coğrafiyada keçirmişdi. Sonralar ailəsi ilə birlikdə Sumqayıta köçmüş, burada orta təhsil alaraq hərb sənətinə doğru ilk addımlarını atmışdı. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirmiş və peşəkar hərbçi kimi Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlamışdı. Onun hərbi xidməti mərhələlərlə yüksəlmiş, zabitlikdən general-mayor rütbəsinə qədər uzanan şərəfli bir yol keçmişdi. 2016-cı ilin Aprel döyüşlərində və daha öncəki lokal toqquşmalarda göstərdiyi şücaət, onu təkcə hərbi sistemin deyil, xalqın da qəhrəmanına çevirmişdi. Polad Həşimovun hərbi uğurları onun şəxsiyyətindəki səmimiyyət, sadəlik və xalqla iç-içə olma ruhu ilə vəhdət təşkil edirdi. Onun haqqında əsgərləri deyirdi: “General yox, böyük qardaş kimi idi.” 2020-ci ilin iyul ayının 12-dən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara qarşı Azərbaycan Ordusunun göstərdiyi müqavimət zamanı Polad Həşimov 3-cü Ordu Korpusunun Qərargah rəisi kimi birbaşa əsgərlərinin yanında olmağı seçərək ön cəbhədə döyüş mövqeyində şəxsən iştirak edirdi. İyulun 14-də, səhər saatlarında döyüşlər zamanı o, silahdaşları ilə birgə şəhid oldu. Bu hadisə Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi oldu. Onun şəhidliyi vətən uğrunda canından keçənlərin ruhunu bir daha yaşatdı, minlərlə gəncin ruhunda milli və mənəvi dirçəlişi gücləndirdi. Prezident İlham Əliyev şəhidin ailəsinə şəxsən başsağlığı verərək Polad Həşimovun adını Azərbaycanın şərəfli qəhrəmanları sırasına daxil etdi. 2020-ci il dekabrın 9-da ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Polad Həşimovun hərbi fəaliyyəti müxtəlif orden və medallarla da qiymətləndirilmişdir. O, “Hərbi xidmətlərə görə” medalı (2003), “Vətən uğrunda” medalı (2009), III və II dərəcəli “Vətənə xidmətə görə” ordenləri (2014 və 2016), və nəhayət, general-mayor rütbəsi (2019) ilə təltif olunmuşdur. Bugün onun adı Azərbaycanda və xaricdə müxtəlif təhsil ocaqlarına, park və küçələrə verilib. Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində onun adını daşıyan park salınıb. Onun vətən uğrunda şəhid olmuş əziz ruhu yalnız Azərbaycan xalqının deyil, azadlıq və ədalət uğrunda mübarizə aparan bütün xalqların ruhani mülkiyyətinə çevrilmişdir. Polad Həşimov ailəli idi, iki oğlu və bir qızı yadigar qalıb. Qəhrəmanlar unudulmur, onlar millətin yaddaşına çevrilir. Polad Həşimovun adı və əməlləri biz veteranlar üçün də əsl vətənpərvərlik nümunəsidir. Onun timsalında vətənə xidmətin nə demək olduğunu anlayan hər bir insan başa düşür ki, azadlıq və suverenlik asanlıqla qazanmır. Bu yolun hər qarışı, hər addımı Poladlar kimi oğulların qanı ilə sulanır. Bu gün biz general-mayor Polad Həşimovu yalnız göz yaşımızla deyil, qürurumuzla, minnətdarlığımızla və tarixi yaddaşımızla anırıq. Onun əziz xatirəsi Azərbaycan xalqının, türk dünyasının və sülhə, ədalətə can atan bütün xalqların yaddaşında daim yaşayacaqdır. Cəlil Xəlilov: Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  

Hamısını oxu
Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın hərbi tarixində mühüm əməliyyatlardan biri kimi yadda qalıb. Qısa müddət ərzində həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusunun müxtəlif qoşun növləri arasında koordinasiya, müasir döyüş vasitələrindən istifadə və dəqiq hədəflərə yönəlmiş zərbələr xüsusi diqqət çəkib. Əməliyyatın gedişi eyni zamanda 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun döyüş təcrübəsinin hansı istiqamətlərdə inkişaf etdiyini də nümayiş etdirib. Mövzu ilə bağlı Hafta.az-ın suallarını hərbi ekspert Cəlil Xəlilov cavablandırıb. – Cəlil müəllim, Azərbaycan Ordusunun son illərdə əldə etdiyi uğurların əsasını hansı amillər təşkil edib? – 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Azərbaycan Ordusunun peşəkarlığı, müasir texnologiyalardan istifadə imkanları və illər ərzində qazandığı döyüş təcrübəsi əməliyyatların uğurla başa çatmasında həlledici rol oynadı. Qeyd etməliyik ki, Azərbaycan Ordusunun bugünkü gücü uzun illər ərzində aparılan məqsədyönlü siyasətin nəticəsidir. Bunun ilk ciddi nümunələrindən biri 2 aprel 2016-cı ildə başlayan döyüşlər zamanı Lələtəpə yüksəkliyini işğaldan azad edilməsi idi. Bu yüksəklik strateji əhəmiyyət daşıyırdı və onun nəzarətə götürülməsi Aprel döyüşlərinin əsas hərbi nəticələrindən biri hesab olunur. Həmin vaxt Azərbaycan əsgəri yüksək mənəvi-psixoloji hazırlıq nümayiş etdirdi və işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi. Azərbaycan uzun müddət gözlədi ki, Ermənistan beynəlxalq hüququn tələblərini qəbul etsin, işğal olunmuş ərazilərdən çıxsın və bölgədə sülhə şərait yaransın. Lakin qarşı tərəf bu çağırışlardan nəticə çıxarmadı. Əksinə, təxribatlar davam etdirildi, yaşayış məntəqələri və mülki obyektlər atəşə tutuldu, dinc insanlar həlak oldu. Bu müddətdə Azərbaycan Ordusu müasir silah və texnikalarla təchiz edildi. Dünyanın qabaqcıl ölkələrinin istehsalı olan hərbi vasitələr alındı, NATO ölkələri ilə, xüsusilə qardaş Türkiyə ilə birgə təlimlər keçirildi. Xəzəryanı regionda və digər beynəlxalq təlimlərdə iştirak edən hərbçilərimiz həm peşəkarlıq, həm də döyüş hazırlığı baxımından ciddi təcrübə qazandılar. Nəticədə Ordumuz həm fiziki, həm mənəvi, həm də texniki hazırlıq baxımından yüksək səviyyəyə çatdı və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə tam hazır vəziyyətə gəldi. – Müasir döyüş konsepsiyası baxımından 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatlar hansı yenilikləri ortaya qoydu? – Müasir müharibələrdə əsas amillərdən biri dəqiq və operativ kəşfiyyat məlumatlarıdır. Əməliyyatlardan əvvəl düşmənin dislokasiya məntəqələri, hərbi bazaları, silah-sursat anbarları, texnikaları və hərəkət marşrutları barədə ətraflı məlumatlar əldə olunur. Bundan sonra hansı istiqamətlərdə hərəkət ediləcəyi və hansı texniki vasitələrdən istifadə olunacağı müəyyənləşdirilir. Azərbaycan Ordusu bu sahədə böyük üstünlüyə malik idi. Düşmənin yerləşdiyi mövqelər, istifadə etdiyi texnika və müdafiə imkanları əvvəlcədən məlum idi. Buna uyğun olaraq ən effektiv vasitələrdən istifadə edildi və qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi. 44 günlük Vətən müharibəsi göstərdi ki, müasir texnologiyalar, pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar və kəşfiyyat məlumatlarının düzgün əlaqələndirilməsi döyüş meydanında üstünlük yaradır. Sonrakı dövrdə bu təcrübə daha da təkmilləşdirildi. – 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərini 2020-ci il Vətən müharibəsi ilə müqayisə etdikdə hansı fərqləri görürsünüz? – Ən vacib fərq qazanılmış döyüş təcrübəsi idi. Azərbaycan əsgəri artıq mürəkkəb dağlıq ərazilərdə döyüş aparmağın bütün çətinliklərini yaşamışdı. Şuşanın azad olunması bunun ən parlaq nümunəsidir. Şuşaya doğru hərəkət etmək, sıldırım qayaları aşmaq, silah-sursatla dağlıq ərazilərdə irəliləmək yalnız yüksək fiziki və mənəvi hazırlığa malik əsgərlərin bacaracağı vəzifə idi. Bu təcrübə sonrakı mərhələdə Ordumuzun daha da peşəkarlaşmasına səbəb oldu. Antiterror tədbirləri zamanı həm kəşfiyyat məlumatlarından, həm də əvvəlki illərdə əldə edilən strateji üstünlüklərdən istifadə edildi. Azərbaycan Ordusu bir sıra yüksəkliklərə nəzarət etdiyindən ərazini müşahidə etmək, düşmənin hərəkətlərini izləmək və operativ qərarlar qəbul etmək imkanına malik idi. Düşmənin hərəkət yolları, təchizat imkanları və mövqeləri tam şəkildə öyrənilmişdi. Nəticədə onlar elə vəziyyətə salındılar ki, müqavimət göstərmək imkanları minimuma endi və qısa müddət ərzində Azərbaycan tərəfinin tələblərini qəbul etməyə məcbur oldular. – 2023-cü ilin sentyabr hadisələrinin Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyətini necə qiymətləndirirsiniz? – Bu hadisələri çox yüksək qiymətləndirirəm. Azərbaycan 1918-ci ildə müstəqilliyini elan etsə də, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Həmin dövrdə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını və ətraf bölgələri erməni-daşnak qüvvələrindən azad etməsi Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynadı. Sonradan isə bolşevik işğalı nəticəsində müstəqilliyimiz əlimizdən alındı. Bu gün isə Azərbaycan tam müstəqil dövlətdir. 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər ölkəmizin suverenliyinin tam bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Təbii ki, bu yolda şəhidlərimiz oldu, qazilərimiz oldu. Biz onların hamısını ehtiramla yad edirik. Azərbaycan xalqı heç vaxt onların qəhrəmanlığını unutmayacaq. Bu gün ölkəmiz iqtisadi, siyasi və hərbi baxımdan daha da güclənir, beynəlxalq əlaqələrini genişləndirir və müstəqil siyasət həyata keçirir. Bununla belə, bölgədə hələ də revanşist düşüncədən əl çəkməyən qüvvələr mövcuddur. Ermənistanda keçmiş hakimiyyətlə bağlı bəzi siyasi dairələr, o cümlədən Robert Köçəryan və Serj Sarkisyan komandasında təmsil olunan şəxslər zaman-zaman qarşıdurma ritorikasını gündəmə gətirməyə çalışırlar. Onlar yenidən gərginlik yaratmaq istəyirlər. Lakin reallıq tamam başqadır. Bu gün Ermənistan cəmiyyətində də başa düşürlər ki, yeni müharibənin heç bir perspektivi yoxdur. Hesab edirəm ki, Ermənistanın hazırkı rəhbərliyi də regionda yaranmış yeni reallıqları anlayır. Onlar görürlər ki, hər hansı yeni qarşıdurma Ermənistan üçün əlavə problemlər yaradacaq və ölkəni daha ağır vəziyyətə sala bilər. Bu baxımdan sülh gündəliyi xüsusi əhəmiyyət daşıyır. Vaşinqtonda paraflanmış sülh sənədi də göstərir ki, tərəflər münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atırlar. Regionun gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqda, iqtisadi inkişafda və təhlükəsizlik mühitinin formalaşdırılmasındadır. Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoyub. Dövlətimiz bölgədə davamlı sülhün və sabitliyin tərəfdarıdır. Ancaq eyni zamanda hər kəs anlamalıdır ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kifayət qədər güclü orduya malikdir. Bu gün xalqımız öz Ordusu ilə fəxr edir və həmin uğurların müəllifi olan şəhidlərimizin, qazilərimizin və hərbçilərimizin xidmətlərini daim yüksək qiymətləndirir. Hafta.az

Hamısını oxu