Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın hərbi tarixində mühüm əməliyyatlardan biri kimi yadda qalıb. Qısa müddət ərzində həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusunun müxtəlif qoşun növləri arasında koordinasiya, müasir döyüş vasitələrindən istifadə və dəqiq hədəflərə yönəlmiş zərbələr xüsusi diqqət çəkib. Əməliyyatın gedişi eyni zamanda 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun döyüş təcrübəsinin hansı istiqamətlərdə inkişaf etdiyini də nümayiş etdirib.

Mövzu ilə bağlı Hafta.az-ın suallarını hərbi ekspert Cəlil Xəlilov cavablandırıb.

– Cəlil müəllim, Azərbaycan Ordusunun son illərdə əldə etdiyi uğurların əsasını hansı amillər təşkil edib?

– 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Azərbaycan Ordusunun peşəkarlığı, müasir texnologiyalardan istifadə imkanları və illər ərzində qazandığı döyüş təcrübəsi əməliyyatların uğurla başa çatmasında həlledici rol oynadı. Qeyd etməliyik ki, Azərbaycan Ordusunun bugünkü gücü uzun illər ərzində aparılan məqsədyönlü siyasətin nəticəsidir. Bunun ilk ciddi nümunələrindən biri 2 aprel 2016-cı ildə başlayan döyüşlər zamanı Lələtəpə yüksəkliyini işğaldan azad edilməsi idi. Bu yüksəklik strateji əhəmiyyət daşıyırdı və onun nəzarətə götürülməsi Aprel döyüşlərinin əsas hərbi nəticələrindən biri hesab olunur. Həmin vaxt Azərbaycan əsgəri yüksək mənəvi-psixoloji hazırlıq nümayiş etdirdi və işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi. Azərbaycan uzun müddət gözlədi ki, Ermənistan beynəlxalq hüququn tələblərini qəbul etsin, işğal olunmuş ərazilərdən çıxsın və bölgədə sülhə şərait yaransın. Lakin qarşı tərəf bu çağırışlardan nəticə çıxarmadı. Əksinə, təxribatlar davam etdirildi, yaşayış məntəqələri və mülki obyektlər atəşə tutuldu, dinc insanlar həlak oldu. Bu müddətdə Azərbaycan Ordusu müasir silah və texnikalarla təchiz edildi. Dünyanın qabaqcıl ölkələrinin istehsalı olan hərbi vasitələr alındı, NATO ölkələri ilə, xüsusilə qardaş Türkiyə ilə birgə təlimlər keçirildi. Xəzəryanı regionda və digər beynəlxalq təlimlərdə iştirak edən hərbçilərimiz həm peşəkarlıq, həm də döyüş hazırlığı baxımından ciddi təcrübə qazandılar. Nəticədə Ordumuz həm fiziki, həm mənəvi, həm də texniki hazırlıq baxımından yüksək səviyyəyə çatdı və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə tam hazır vəziyyətə gəldi.

– Müasir döyüş konsepsiyası baxımından 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatlar hansı yenilikləri ortaya qoydu?

– Müasir müharibələrdə əsas amillərdən biri dəqiq və operativ kəşfiyyat məlumatlarıdır. Əməliyyatlardan əvvəl düşmənin dislokasiya məntəqələri, hərbi bazaları, silah-sursat anbarları, texnikaları və hərəkət marşrutları barədə ətraflı məlumatlar əldə olunur. Bundan sonra hansı istiqamətlərdə hərəkət ediləcəyi və hansı texniki vasitələrdən istifadə olunacağı müəyyənləşdirilir. Azərbaycan Ordusu bu sahədə böyük üstünlüyə malik idi. Düşmənin yerləşdiyi mövqelər, istifadə etdiyi texnika və müdafiə imkanları əvvəlcədən məlum idi. Buna uyğun olaraq ən effektiv vasitələrdən istifadə edildi və qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi.

44 günlük Vətən müharibəsi göstərdi ki, müasir texnologiyalar, pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar və kəşfiyyat məlumatlarının düzgün əlaqələndirilməsi döyüş meydanında üstünlük yaradır. Sonrakı dövrdə bu təcrübə daha da təkmilləşdirildi.

– 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərini 2020-ci il Vətən müharibəsi ilə müqayisə etdikdə hansı fərqləri görürsünüz?

– Ən vacib fərq qazanılmış döyüş təcrübəsi idi. Azərbaycan əsgəri artıq mürəkkəb dağlıq ərazilərdə döyüş aparmağın bütün çətinliklərini yaşamışdı. Şuşanın azad olunması bunun ən parlaq nümunəsidir. Şuşaya doğru hərəkət etmək, sıldırım qayaları aşmaq, silah-sursatla dağlıq ərazilərdə irəliləmək yalnız yüksək fiziki və mənəvi hazırlığa malik əsgərlərin bacaracağı vəzifə idi. Bu təcrübə sonrakı mərhələdə Ordumuzun daha da peşəkarlaşmasına səbəb oldu. Antiterror tədbirləri zamanı həm kəşfiyyat məlumatlarından, həm də əvvəlki illərdə əldə edilən strateji üstünlüklərdən istifadə edildi. Azərbaycan Ordusu bir sıra yüksəkliklərə nəzarət etdiyindən ərazini müşahidə etmək, düşmənin hərəkətlərini izləmək və operativ qərarlar qəbul etmək imkanına malik idi. Düşmənin hərəkət yolları, təchizat imkanları və mövqeləri tam şəkildə öyrənilmişdi. Nəticədə onlar elə vəziyyətə salındılar ki, müqavimət göstərmək imkanları minimuma endi və qısa müddət ərzində Azərbaycan tərəfinin tələblərini qəbul etməyə məcbur oldular.

– 2023-cü ilin sentyabr hadisələrinin Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Bu hadisələri çox yüksək qiymətləndirirəm. Azərbaycan 1918-ci ildə müstəqilliyini elan etsə də, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Həmin dövrdə Nuru

Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını və ətraf bölgələri erməni-daşnak qüvvələrindən azad etməsi Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynadı. Sonradan isə bolşevik işğalı nəticəsində müstəqilliyimiz əlimizdən alındı.

Bu gün isə Azərbaycan tam müstəqil dövlətdir. 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər ölkəmizin suverenliyinin tam bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir.

Təbii ki, bu yolda şəhidlərimiz oldu, qazilərimiz oldu. Biz onların hamısını ehtiramla yad edirik. Azərbaycan xalqı heç vaxt onların qəhrəmanlığını unutmayacaq. Bu gün ölkəmiz iqtisadi, siyasi və hərbi baxımdan daha da güclənir, beynəlxalq əlaqələrini genişləndirir və müstəqil siyasət həyata keçirir. Bununla belə, bölgədə hələ də revanşist düşüncədən əl çəkməyən qüvvələr mövcuddur. Ermənistanda keçmiş hakimiyyətlə bağlı bəzi siyasi dairələr, o cümlədən Robert Köçəryan və Serj Sarkisyan komandasında təmsil olunan şəxslər zaman-zaman qarşıdurma ritorikasını gündəmə gətirməyə çalışırlar. Onlar yenidən gərginlik yaratmaq istəyirlər. Lakin reallıq tamam başqadır. Bu gün Ermənistan cəmiyyətində də başa düşürlər ki, yeni müharibənin heç bir perspektivi yoxdur. Hesab edirəm ki, Ermənistanın hazırkı rəhbərliyi də regionda yaranmış yeni reallıqları anlayır. Onlar görürlər ki, hər hansı yeni qarşıdurma Ermənistan üçün əlavə problemlər yaradacaq və ölkəni daha ağır vəziyyətə sala bilər. Bu baxımdan sülh gündəliyi xüsusi əhəmiyyət daşıyır. Vaşinqtonda paraflanmış sülh sənədi də göstərir ki, tərəflər münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atırlar. Regionun gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqda, iqtisadi inkişafda və təhlükəsizlik mühitinin formalaşdırılmasındadır. Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoyub. Dövlətimiz bölgədə davamlı sülhün və sabitliyin tərəfdarıdır. Ancaq eyni zamanda hər kəs anlamalıdır ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kifayət qədər güclü orduya malikdir. Bu gün xalqımız öz Ordusu ilə fəxr edir və həmin uğurların müəllifi olan şəhidlərimizin, qazilərimizin və hərbçilərimizin xidmətlərini daim yüksək qiymətləndirir.

Hafta.az

2026-09-20 12:51:00
56 baxış

Digər xəbərlər

İtaliyada azərbaycanlı partizanların xatirəsi anılıb

İtaliyanın Lombardiya regionunun Berqamo əyalətində yerləşən Monte-di-Neze kəndində faşistlər tərəfindən 1945-ci ilin aprelində qətlə yetirilən 120 azərbaycanlının xatirəsi anılıb. Bu barədə Azərtac-a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə Alzano Lombardo bələdiyyəsinin sədri Kamillo Bertokki və ölkəmizin İtaliyadakı səfirliyinin müşaviri Vüqar Hacıyev çıxış edib, 81 il öncə baş vermiş hadisələrdən danışıblar. V.Hacıyev o zaman azərbaycanlıların evlərindən qayıtmaq ümidi ilə ayrıldıqlarını, amma taleyin onları əbədi olaraq bu dağların keşikçiləri olmağa yönəltdiyini deyib. O, sözügedən tədbirin məhz həmin insanların xatirələrinə ehtiram olduğunu ifadə edib.  

Hamısını oxu
“Ölkəmizdə II Dünya Müharibəsi ilə bağlı muzeyin yaradılması faydalı olar”

“Biz dəfələrlə Bakıya “Qəhrəman şəhər” adının verilməsi təklifi ilə çıxış etmişik”   Gələn il İkinci Dünya Müharibəsinin 75 illiyi dünyanın bir çox ölkələrində, xüsusilə də faşizmə qarşı ciddi mübarizə aparan, bu yolda böyük qurbanlar verən, fədakarlıqlar göstərən dövlətlərdə, eləcə də ölkəmizdə qeyd ediləcək. Moderator.az olaraq millət vəkili Siyavuş Novruzovla söhbətimizdə Azərbaycanın faşizm üzərindəki qələbədəki rolunu şərh etməklə yanaşı, Azərbaycanın bu qələbədəki rolunun təbliği istiqamətində atılması gərəkən addımlara da aydınlıq gətirməyə çalışdıq.   -Siyavuş bəy, gələn il faşizm üzərindəki qələbənin 75 illiyi qeyd olunacaq. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik  Cəlil Xəlilov saytımıza açıqlamasında belə bir təkliflə çıxış edib ki, ölkəmizin II Dünya Müharibəsində iştiakını əks etdirən muzeyin açılmasına ehtiyac var və bu, tarixi həqiqətlərin gənc nəslə təbliği baxımından da mühüm əhəmiyyət kəsb edər. Bu təkliflə bağlı fikrinizi bilmək isəterdik.   -Hesab edirəm ki, ölkəmizdə belə bir muzeyin yaradılması məqsədəuyğun olar. Çünki Azərbaycan II Dünya Müharibəsində həqiqətən də aktiv iştirak edib, faşizm üzərində qələbənin əldə edilməsinə böyük töhfələr verib. Həm insan resursu baxımından, həm də təchizat baxımından Azərbaycan SSRİ məkanında faşizmə qarşı mübarizəyə ən çox töhfə verən ölkədir. Biz əhalinin o vaxtkı sayına görə müqayisə etsək görərək ki, Azərbaycan bu məsələdə həqiqətən də öncül mövqeyə malikdir. Bu baxımdan Azərbaycanın II Dünya Müharibəsində iştirakını, faşizm üzərindəki qələbədə göstərdiyi fədakarlıqları əks etdirən belə bir muzeyin yaradılması hesab edirəm ki, işin xeyrinə olar. Bu, gənclərin, yeni nəsillərin maariflənməsi, ölkəmizə gələn qonaqların məlumatlandırılması baxımından da faydalı olar. Bu baxımdan hesab edirəm ki, belə bir muzeyin yaradılması məqsədəuyğundur.   -Azərbaycanın II Dünya Müharibəsində insan faktoru baxımından da yaxından iştirak etdiyini vurğuladınız. Bu iştirakçılıq rəqəmlərdə necə əks olunub?   -Azərbaycan II Dünya Müharibəsində 600 min nəfərlə cəbhələrdə təmsil olunurdu. Hansı ki, onun 300 mini faşizməq arşı döyüşlərdə qəhrəmancasına həlak oldu. Geri qayıdanların isə yarısı əlil vəziyyətində geri qayıtdı. Azərbaycan kifayət qədər böyük canlı qüvvə ilə bu müharibədə iştirak etdi.   -Faşizm üzərindəki qələbədə Bakı neftinin önəmi həm yerli, həm də xarici ekspertlər tərəfindən zaman-zaman qeyd olunub. Hətta mərhum prezident Heydər Əliyev bildirirdi ki, əgər Bakı nefti olmasaydı, o zaman müharibənin taleyi sual altına düşə bilərdi. Sizcə bu amil faşizm üzərindəki qələbədə Bakı  neftinin əlahiddə əhəmiyyətə malik olduğunu isbatlamırmı?   -Təbii ki, Bakı neftinin faşizm üzərindəki qələbədəki rolu böyükdür. Daha dəqiq desək, faşizm üzərindəki qələbədə Bakı nefti həlledici əhəmiyyətə malik olub. Çünki həmin vaxtı SSRİ-dəki bir sıra neft yataqları hələ kəşf edilməmiş, istismara verilməmişdi. Tümen və s. kimi neft yataqları yalnız sonradan istifadəyə verildi. Belə olan halda müharibənin bütün ağırlığı neft Bakısının üzərinə düşürdü. Müharibədə iştirak edən bütün təyayrələrin, tankların, döyüş maşınlarının 70%-dən çoxu məhz Bakı nefti ilə hərəkətə gətirilirdi. Buna görə də Hitleürin əsas planlarındna biri Bakını tutmaq idi. O, Bakını tutmaqla SSRİ-nin yanacaq təchizatından məhrum etmək, müharibənin taleyini həll etmək istəyridi. Yəni Bakı həm də bir sənaye şəhəri, neft şəhəri  kimi II Dümya Müharibəsində fəal iştirak edib.   -Lakin təəssüflər olsun ki, göstərdiyi bütün fədakarlıqlara rəğmən Bakıya “Qəhrəman şəhər” adı verilmədi...   -Bəli. Bu, həqiqətən də təəssüf doğuran bir məsələdir. Biz dəfələrlə Bakıya “Qəhrəman şəhər” adının verilməsi məsələsini qaldırmışıq. Çünki Bakı bu ada artıqlaması ilə layqidir. Qeyd etdiyimiz kimi ön xəttə bütün təchizat Bakıdan gedirdi. Bakının faşizm üzərindəki qələbədəki rolu doğrudan da böyükdür. Bakıda II Dünya Müharibəsində SSRİ-nin müxtəlif bölgələrindən gətirilən qaçqınlar məskunlaşdırılıb. Buradakı qospitallarda alman faşizmi ilə döyüşlərdə  yaralanan minlərlə insan müalicə alıb. Bakının, Azərbaycanın bu müharibədəki mövqeyi birmənalı olub. Əgər biz Qərb ölkələrinə baxsaq görərik ki, onların bir çoxunda bu məsələyə birmənalı baxış olmayıb. Yəni orada insanlaırn bir qismi faşizmə qarşı döyüşsə də, digər qismi alman faşizminin sıralarında vuruşurdu. Azərbaycanda isə SSRİ-nin tərkibində faşizmə qarşı yekdil mübarizə həyata keçirilirdi. Təəssüflər olsun ki, Azərbaycandan olan, faşizmə qarşı mərdliklə döyüşən insanlarımızın bir qismi də öz layiqli qiymətini almayıb.   -Sizcə cəbhələrdə böyük qəhrəmanlıqlar göstərən azərbaycanlıların hamısının layiqincə qiymətləndirilməsinə nə mane oldu?   -Buna səbəb o vaxt SSRİ rəhbərliyində ermənilərin geniş şəkildə təmsilçiliyi idi. O vaxt SSRİ-nin həm Müdafiə Nazirliyində, həm Xarici İşlər Nazirliyində, həm SSRİ Mərkəzi Komitəsində və digər qurumlarda çoxlu sayda erməni erməni var idi. Onlar  azərbaycanlıların orden və medallarla təltif edilməsinə, onların layiqincə qiymətləndirilməsinə maneçilik törədirdilər. Onlar cəbhə xəttindən mərkəzə göndərilən təltiflərlə bağlı təqdimatlara mane olurdular. Bunun özü də vacib araşdırma tələb edən məsələlərdən biridir. Hesab edirəm ki, bu istiqamətdə ciddi, fundamental araşdırmaların aparılmasına ehtiyac var və bu, tarixi həqiqətlərin üzə çıxarılması baxımından mühüm əhəmiyyətə malikdir.   Seymur ƏLİYEV

Hamısını oxu
Bəxtiyar Məmmədov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri ilə görüşüb

Mayın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıdan, onların ictimai həyatdakı rolunun artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, eyni zamanda gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı görülən işlərdən danışılıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində veteranların sosial müdafiəsinin gücləndirilməsi daim diqqətdə saxlanılır. Görüşdə təşkilatın fəaliyyəti və qarşıya qoyulan hədəflərdən bəhs olunub. Vətən müharibəsində qazanılan tarixi Zəfərin 5 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasından başlanılmaqla, ölkəmizin digər yerlərində də tədbirlərin keçiriləcəyi qeyd edilib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva görüşdə iştirak edib.      

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsinin ilk tədbirini keçirmişdir

Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsini icrası çərçivəsində ilk tədbirini keçirmişdir. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, vətən yolunda canından keçmiş şəhidlərimizin, vətən qarşısında əvəzsiz xidmətləri olan şəxslərin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ edilməsidir. Tədbir Azərbaycan Respublikasının dövlət himninin sələnməsi ilə başlamış, şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müvini polkovnik Cəlil Xəlilov lahiyə barəsində, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Təşkilatın fəaliyyəti, keçirilən tədbirlər məlumat vermiş, bu sahədə veteranların üzərinə düşən vəzifələrdən danışmışdır. Cəlil Xəlilov çıxışına davam edərək demişdir: “Bu gün biz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” adlı layihənin ilk tədbirinə toplaşmışıq. Şəhidlərimizə həsr olunmuş belə layihələr mühüm əhəmiyyət kəsb edir. Çünki şəhidlər babaların bizlərə əmanət etdiyi yurdu canları, qanları bahasına müdafiə ediblər. Onlar Vətəni yaşatmaq naminə qanlı döyüşlərə atılıblar. Düşmənə ağır zərbələr vuraraq Azərbaycanın qəhrəmanlıq, mərdlik tarixinə yeni, silinməz səhifələr yazıblar. Hər birimiz bu gün də, sabah da onlar qarşılarında minnətdarlıq borcumuzu yerinə yetirməli olduğumuzu bir an da unutmamalıyıq. Xüsusilə gənclər onların hər birinin həyat yolu, döyüş yolu barədə məlumatlı olmalı, Vətəni, xalqı müdafiə etməkdə yeri gəlsə hər cür fədakarlığa hazır olmalıdırlar. Bu yolda həyatını fəda edənlərin əbədi yaşamaq haqqı var. Respublika Veteranlar Təşkilatı belə tədbirləri yalnız layihələrlə əlaqədar deyil, il ərzində müvafiq Tədbirlər Planı əsasında müntəzəm olaraq keçirir. Layihələrə gəlincə, biz 2016-cı ildə “Qarabağ müharibəsi qəhrəmanlarını tanıyaq və tanıdaq” adlı layihə də həyata keçirmişdik. Bu çərçivədə ölkənin 4 regionunda əsasən gənclərin iştirakı ilə silsilə tədbirlər keçirilmişdi. İndiki tədbirlərdə də həm Qarabağ, həm də Aprel şəhidlərinin həyat və döyüş yolundan söhbət açılacaqdır. Ümumiyyətlə vətənpərvərlik tərbiyəsi, gənclərin xalqımızın qəhramanlıq, dövlətçilik tarixinə sədaqət, məhəbbət ruhunda tərbiyə olunması Təşkilatımızın başlıca vəzifəsidir. Bu baxımdan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi və bu günü, qəhrəman oğullarımızın nəsillərə örnək olacaq yolunun təbliği bizim daim diqqət mərkəzimizdədir. Şəhidlərimiz haqqında biz hər gün, hər saat danışmalı, onların daim xatırlanmalarına nail olmalıyıq. Yeniyetmə və gənclər bu işdə daha fəal olmalı, onların adına layiq insanlar kimi yetişməyə çalışmalıdırlar. Layihə çərçivəsində görüşlərimiz davam edəcək, ali və orta məktəblərdə belə tədbirlər keçiriləcəkdir. Biz şəhidlərimizə həsr olunmuş bir kitabça da hazırlamışıq”. Tədbirdə Respublika Veteranlar Təşkilatının əməkdaşları ehtiyatda olan  polkovniklər Adil Haqverdiyev, Lətif Babayev, şairə Güləmail Murad, polis orqanlarının veteranı e.o polkovnik-leytenant Zakir Məmmədov və başqaları çıxış edərək şəhidlərimizin xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşadacağını, yeniyetmə və gənclərimizin onların həyat və döyüş yolunu öyrənmələrinin mühüm əhəmiyyət kəsb etməsini qeyd etmiş, yeni nəslin üzərlərinə düşən vəzifənin məsuliyyətlərini dərindən dərk etdiklərinə, torpaqlarımızın erməni işğalından azad olunması üçün hər cür fədakarlığa hazır olacaqlarına əminlik ifadə etmişlər.  Həmçinin bildirilmişdir ki, Təşkilatın layihəni həyata keçirməkdə məqsədi həm də müasir yeniyetmə və  gəncliyimizə vətənpərvərlik hisslərinin daha dərindən aşılanmasına nail olmaqdır. Tədbirin sonunda iştirakçılara qəhrəman şəhidlərimizə həsr edilmiş marifləndirici bukletlər paylandı, gənclərlə veteranların birgə xatirə şəkli çəkdirildi.

Hamısını oxu