Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyevdən şəhid ailələrinə və müharibə əlillərinə BÖYÜK DƏSTƏK

Prezident İlham Əliyevin bu gün imzaladığı yeni fərmanlar dövlət başçısının şəhid ailələrinə, müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, Milli qəhrəmanlara, İkinci Dünya müharibəsi iştirakçılarına, əlilliyi olan şəxslərə xüsusi qayğısının növbəti əyani təzahürüdür. Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələri, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezidentin təqaüdünün məbləğinin artırılması haqqında imzalanan Fərmanlara əsasən, həmin ailələr üçün Prezidentin aylıq təqaüdünün məbləği 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırıldı. Prezident İlham Əliyevin daha bir Fərmanı isə müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Fərmanla bu kateqoriyadan olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bərabər tutulanlar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər) üçün Prezidentin təqaüdünün məbləği orta hesabla 50%-dən çox artırılaraq: I dərəcə əlilliyi olan şəxslər üçün 250 manatdan 400 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 230 manatdan 350 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 210 manatdan 300 manata çatdırıldı. Qeyd edək ki, şəhid ailələri və qeyd edilən əlilliyi olan şəxslər Prezidentin təqaüdü ilə yanaşı, aylıq əsasda müavinət və ya pensiya ilə də təmin olunurlar. Dövlət başçısının digər Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanına Prezidentin aylıq təqaüdünün məbləği 20% artırılaraq 1500 manatdan 1800 manata çatdırıldı. İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizin qazanılmasına mühüm töhfələr vermiş Vətən müharibəsi qəhrəmanlarının sosial müdafiəsi də Prezidentin diqqətindədir. Dövlət başçısının imzaladığı yeni Fərmanla sosial təminat sistemində yeni təqaüd növü kimi, Vətən Müharibəsi Qəhrəmanı üçün Prezidentin aylıq təqaüdü (2 000 manat) də təsis olundu. İkinci Dünya müharibəsi iştirakçıları üçün Prezidentin aylıq təqaüdü 100% artırılaraq 150 manatdan 300 manata çatdırıldı. Eyni zamanda, bir sıra digər kateqoriyadan olan şəxslərə ödənilən sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılmış və artımlar müəyyən edilmişdir. Artımlar 2021-ci il yanvarın 1-dən tətbiq ediləcək. Ümumilikdə qəbul olunan yeni normativ hüquqi aktlar əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində növbəti əhəmiyyətli addımlardır. Eyni zamanda, bu sənədlər sosial təminat sisteminin optimallaşdırılmasına, pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin gücləndirilməsinə, sosial ödənişlərin təyinatlarının elektron icrasının sürətləndirilməsinə xidmət edir.

2020-12-31 00:00:00
3471 baxış

Digər xəbərlər

Paşayeva Heydər Əliyevin şəxsi rejissoru ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva komitədə Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin Fəxri təqaüdçüsü, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki, televiziya və kino rejissoru Vasif Babayevlə görüşüb. Axar.az xəbər verir ki, Q.Paşayeva Mədəniyyət komitəsi adından bugünlərdə 80 yaşı tamam olmuş görkəmli sənətkarı yubileyi münasibəti ilə təbrik edib, ən xoş arzularını bildirib. Vasif Babayev ömrünün 60 ilindən çoxunu yerli televiziyanın inkişafına, onun ideoloji və maarifçilik rolunun gücləndirilməsinə həsr edib. O, müxtəlif beynəlxalq kino və televiziya festivallarında yüksək mükafatlara layiq görülmüş onlarla sənədli filmin müəllifi və rejissorudur. Yaradıcılıq dövründə televiziyanın “Qızıl fond”una daxil olmuş yüzlərlə televiziya proqramına və konsertə müəlliflik edib. Vasif Babayev Azərbaycanın “xalq artisti” fəxri adına layiq görülmüş ilk televiziya rejissorudur. Onun yaradıcılığında ən böyük töhfə Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti və taleyüklü məsələlərin həlli istiqamətindəki rolu barədə televiziya proqramları olub. Vasif Babayev 1969-cu ildən 1982-ci ilədək Ulu öndərin şəxsi rejissoru kimi çalışıb, dövlət əhəmiyyətli yayımlar aparıb, Ümümmilli liderin bütün çıxışlarını lentə alıb, həmçinin dahi şəxsiyyətin ailə arxivi üçün çəkilişlər edib. Hər gün bütün Azərbaycan telekanallarında onun çəkdiyi filmlərdən xroniki kadrlar efirə verilir. Vasif Babayevin çəkdiyi sonuncu film "Yüksəliş" olub (2015).

Hamısını oxu
“Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir”

Cəlil Xəlilov: “Veteranlarımız hər zaman olduğu kimi, bundan sonra da prezidentimizin siyasətini yekdilliklə dəstəkləyəcəklər” “Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir”. “Ölkəmizdə şəhid ailələri və veteranlara dövlətimiz tərəfindən daim böyük qayğı və diqqət göstərilib, onların sosial rifahının yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bu baxımdan, yaxın gələcəkdə də mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bunlardan biri bütün şəhid ailələrinin və əlillərin qarşıdakı 5 il ərzində mərhələli şəkildə mənzillə təminatı ilə bağlıdır. Bununla bağlı cənab prezidentin sərəncamı mövcuddur və əlaqədar qurumlar haqqında bu sərəncamdan irəli gələn vəzifələrin həlli ilə məşğuldurlar. Şəhidlərin ailə üzvlərinin təhsil haqqından azad edilməsi, onlara verilən çoxsaylı imtiyazlar dövlətimizin öz şəhidlərinə, onların ailə üzvlərinə, əlil və veteranlarına sahib çıxdığını, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaq üçün mütəmadi surətdə ciddi addımlar atdığını göstərir”. Son vaxtlar veteran təşkilatlarının konfederasiya halında birləşməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirən polkovnik, maraqlı təkliflə çıxış edib: “Bildiyiniz kimi, son günlər veteran təşkilatlarının konfederasiya halında bir araya gəlməsi müzakirə olunur. Bu təkliflə çıxış edənlər ilk öncə konfedarasiyanın hüquqi anlamının fərqli olduğuna diqqət yetirməlidirlər ki, bu anlayış dövlətlərə aiddir. Təbii ki, bu və digər təkliflərdə əsas məqsəd veteranlarla bağlı bütün məsələləri diqqət mərkəzində saxlamaq, onlarla ünsiyyət və əlaqələri intensivləşdirməkdir. Mənsə hesab edirəm ki, hər bir dövlət qurumunun nəzdində veteranlarla bağlı təşkilat və bölmənin yaradılması daha faydalı olar. Belə olarsa, o zaman hər bir dövlət qurumundan Vətən müharibəsində iştirak edən şəxslər bu təşkilatda bir araya gələr ki, bu da həmin dövlət qurumuna öz veteran əməkdaşlarının hər birini diqqətdə saxlamağı, onlarla çevik əlaqə yaratmağı, onların problemlərinin daha operativ həlli istiqamətində addımlar atmağı ən çətin və ən mürəkkəb məsələlərin həllində onların gücündən istifadə edər, gənclərin mənəvi və peşəkar fəaliyyətinin daha da yaxşılaşdırılmasında nümunə, örnək olarlar. Düşünürəm ki, belə bir addım həm veteranlarımız, həm də dövlət qurumlarımız üçün daha məqsədəuyğun olar”. Veteranların Ali Baş Komandan, prezident İlham Əliyevin siyasətini hər zaman müdafiə etdiyinə diqqət çəkən Cəlil Xəlilov, veteranlaırn bundan sonra da ölkə başçısını yekdilliklə dəstəkləyəcəklərini vurğuladı: “Veteranlarımız hər zaman cənab prezidentimizin, hörmətli Ali Baş Komandanımızın siyasətini dəstəkləyib, onun ətrafında sıx birləşərək dövlət maraqlarımızın, milli maraqlarımızın müdafiəsində iştirak edib. Əminliklə bildirirən ki, veteranlaırmız bundan sonra da ərazi  bütövlüyümüzü təmin edən, erməni işğalına son qoyan, vətəndaşların sosal rifahının yüksəldilməsi üçün fədakarlıq göstərən prezident İlham Əliyevin siyasətini dəstəkləyəcək, dövlətimizin, onun maraq və mənafeylərinin müdafiəsində əllərindən gələni əsirgəməyəcəklər”.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında bir qrup 44 günlük Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirildi

Respublika Veteranlar Təşkilatında 44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Veteran hərəkatına 44 günlük Vətən müharibəsi iştirakçılarının cəlb edilməsi, bilik və bacarıqlarından gənc nəslin vətənpərvərlik tərbiyəsində istifadəsi, respublikamızın çiçəklənməsi, xalqımızın birliyinin əbədi olması tədbirin qayəsini təşkil edib. Görüşdə çıxış edən RVT-nin sədri, II Dünya müharibəsi iştirakçısı Fatma Səttarova 44 günlük Vətən müharibəsinin qəhrəmanlıqla tarixə yazdığımızı bildiridi. F.Səttarova: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı tarixin bütün mərhələlərindən alnı açıq çıxmağı bacarıb, mərdliyi qəhrəmanlığı təcəssüm etdirib. II Dünya müharibəsində 600 mindən çox oğul və qızlarımız döyüşüb, faşizm bəlasından dünyanın azad edilməsində misilsiz qəhrəmanlıqlar göstərib. Ədalətin, sülhün dünyada bərpa edilməsində azərbaycanlı adını iftixarla daşıyıblar”. Təşkilatın sədri həmçinin Vətən müharibəsindən sonra başlamış və əzmlə davam etdirilən quruculuq işlərinin Respublikamızın iqtisadiyyatına və hərbi potensialının daha da yüksəlməsinə səbəb olacağını bildirdi. Müzəffər Azərbaycan ordusu hər zaman düşmənin istənilən mənfur təxribatının qarşısının alacağına və layiqli cavab verə biləcəyinə əminlik ifadə etdi. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Təşkilat və onun həyata keçirdiyi təbirlər haqqında məlumat verdi. C.Xəlilov: “44 günlük Vətən müharibəsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir”. Təşkilatın sədr müavini hər bir veteranın, müharibə iştirakçısının sağlamlığının və maddi-sosial vəziyyətinin yaxşılaşdırılması, yaralıların reabilitasiyası, şəhidlərimizin xatirəsinin əbədi yaşadılması, onların ailələrinin maddi durumunun daim diqqət mərkəzində saxlanılması və yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin son dövrlərdə imzaladığı fərman və sərəncamlar, ayrı-ayrı dövlət qrumlarının bu istiqamətdə həyata keçirdikləri tədbirləri Vətən müharibə iştirakçılarına verilən dəyərin bariz nümunəsi olduğunu diqqətə çatdırdı. Bütün bunların Vətən yolunda mərdlik, rəşadət nümayiş etdirən hər bir kəsin unudulmayacağına, əksinə əbədi yaşayacağına əyani sübut olduğunu bildirdi. C.Xəlilov veteranın, qazinin bundan sonra da Vətən üçün xidmət edəcəyinə, ürəklərinin vətənlə birgə döyünəcəyinə inamının sonsuz olduğunu bildiridi. Gənc nəslin vətənpərvərlik tərbiyəsinin yüksəldiləməsində, Azərbaycan xalqının birliyinin daim olmasında veteranların, müharibə iştirakçılarıının təcrübəsinin xüsusi önəm daşıdığını vurğuladı. 44 günlük Vətən müharibəsinin iştirakçısı çavuş Elçin Əhmədov çıxışında qəhərmanlıq tariximizin bir hissəsi olmaqdan qürürla danışdı. Hər bir müharibə iştirakçısının əsas amalının vətənimizin azad olması və qələbə ilə başa çatmasını diqqətə çatdırdı. O, həmçinin əminliklə bildirdi ki, bundan sonra da dünyaya nümayiş etdirdiyimiz birliyimiz sarsılmayacaq, qələbə əzmimiz bitməyəcəkdir. E.Əhmədov: “Müharibə iştirakçısının, veteranın, qazinin müharibədən sonra da tək bir amalı dövlətimizin daha da güclənməsidir. İstər azad edilmiş torpaqlarımızın bərpası olsun, istərsə də digər sahələrdə bizim dəmir yumruğumuz getdiyimiz yolları işıqlandıracaq, Vətən, millət təssübkeşliyimiz gücümüzə güc qatacaqdır. Hər birimiz, veteran, qazi adını fəxrlə daşıyacaq, ölmləri ilə ölmsüzlük qazanan, şəhid olan qardaşlarımızın adlarını yaşadacaq, əbədiləşdirəcəyik. Biz ön cəbhədə qəhrəmanlıq dastanı yazdıq, Ali Baş Komandan İlham Əliyev və onun timsalında bütün Azərbaycan xalqının vətənpərvərliyi, qətiyyəti, əzmi və iradəsi ilə bunlara nail olduq”. Digər çıxış edənlər Respublika Veteranlar Təşkilatı ilə əməkdaşlığı bundan sonra da davam etdirəcəkləri, üzərlərinə düşən işin icrasına məsuliyyətlə yanaşacaqlarına əminlik ifadə etdilər.    Sonda xatirə şəkli çəkildi.

Hamısını oxu
İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib. Dövlətimizin başçısı Əli Əkbər Əhmədianın ölkəmizə səfərinin əlaqələrimizin inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Qəbula görə minnətdarlığını bildirən qonaq qeyd etdi ki, dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluq duyur. Əli Əkbər Əhmədian İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın Ali Rəhbərinə və Prezidentinə çatdırmağı xahiş etdi. Əli Əkbər Əhmədian vurğuladı ki, regionda Azərbaycan ilə İranın mədəni, tarixi, dini, o cümlədən sivilizasiya əlaqələrinin oxşarı yoxdur və bu cür qədim əlaqələrə malik iki ölkə tapmaq mümkün deyil. O, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırdı və bütün bunlara görə çox sevindiklərini dedi. Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Prezident İlham Əliyev xalqlarımızın çox sıx tellərlə bir-birinə bağlı olduğunu deyərək, iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının vacibliyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, ölkəmiz İran İslam Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişafına həmişə xüsusi əhəmiyyət verir. İranda yeni prezident seçkilərindən sonra Azərbaycanın bir neçə yüksəksəviyyəli nümayəndə heyətinin bu ölkəyə səfər etdiyi məmnunluqla xatırlandı. Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Ermənistan işğal dövründə Azərbaycanın həmin ərazilərini darmadağın edib, mədəni və dini abidələrimizi, o cümlədən məscidlərimizi təhqirə məruz qoyub, ibadət ocaqlarında donuz və inək saxlayıb. Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır və bu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan 3+3 formatının təşəbbüskarı da məhz Azərbaycan Respublikası olub. Regiondankənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməz olduğu bir daha qeyd edildi. Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin və bu baxımdan Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq formatının vacibliyinə toxunuldu, Azərbaycanda bu istiqamətdə böyükhəcmli yüklərin olduğu bildirildi. Həmçinin “Araz dəhlizi” layihəsi və bu çərçivədə Ağbənd məntəqəsi istiqamətində, Araz çayı üzərində körpülərin və yol-nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı fikir mübadiləsi aparıldı, bu layihənin də regional nəqliyyat bağlantılarının inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edildi. Azərbaycan ilə İran arasında Araz çayı boyunca su elektrik stansiyalarının inşası layihələri müzakirə olundu. Azərbaycan, Rusiya və İran arasında elektrik xətlərinin birləşdirilməsi məsələsinə toxunuldu, bu istiqamətdə əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulandı. Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipi əsasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olundu, yaxın gələcəkdə Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyi bildirildi. İclas çərçivəsində dövlət başçıları tərəfindən qeyd olunan konkret layihələrin müzakirəsi baxımından əlverişli imkanın olacağına ümidvarlıq ifadə edildi.

Hamısını oxu