Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Füzuli ilə bağlı müjdəli xəbəri ELAN ETDİ

"Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Artıq göstəriş verildi. İndi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaqdır. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib. "Oradan Şuşaya məsafə də yaxındır. Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər - Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni, bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır", - Prezident əlavə edib.

2021-01-05 00:00:00
3497 baxış

Digər xəbərlər

Ulu Öndər xalqın yaddaşında xilaskar dövlət xadimi, milli lider kimi qalıb

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının əbədi lideri və xilaskarıdır. Xalqımız Ulu Öndəri, onun tarixi xidmətlərini heç vaxt unutmayacaq. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri unudulmazdır və bu xidmətlər hər zaman xalqımız tərəfindən minnətdarlıq hissi ilə xatırlanacaq: “Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dövlətimizin güclənməsi, erməni işğalının genişlənməsinin qarşısının alınması, ölkəmizin iqtisadi qüdrətinin artması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev öz müdrik siyasəti ilə xalqımızın, dövlətimizin həyatında prinsipial rol oynayıb. Ulu Öndərin milli dövlətçiliyin möhkəmlənməsi, təhlükəsizliyimizin təmin edilməsi istiqamətindəki ən mühüm xidmətlərindən biri isə nizami ordunun formalaşdırılmasıdır. Çünki məhz vahid komandanlıq sisteminin tətbiqi, peşəkar hərbi kadrların hazırlanması, ordunun müasir hərbi texnika ilə təmin edilməsi Ermənistanın işğalının genişləndirilməsinin qarşısını aldı. Düşmən öz işğalçılıq planlarını sona qədər həyata keçirə bilmədi. 1994-cü ildə Heydər Əliyev “Əsrin müqaviləsi” adlı nəhəng neft müqaviləsinin imzalanmasına nail oldu. Bu da Azərbaycan neftinin dünya bazarına çıxışını təmin etməklə yanaşı, dövlət büdcəmizə böyük maliyyə vəsaitlərinin daxil olmasına imkan verdi. Nəticədə, ordumuzun maddi-texniki təchizatının yaxşılaşdırılması, müdafiə qabiliyyətimizin güclənməsi üçün əlverişli zəmin formalaşdı. Bu gün Azərbaycan xalqı öz böyük liderinin 19-cu ildönümünü, Anım Gününü minnətdarlıq hissi ilə yad edir. Azərbaycanın hər bir vətəndaşı anlayır ki, onun bugünkü firavanlığının kökündə Heydər Əliyev faktoru dayanır. Məhz Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan xalqının rifahını, sosial ədaləti, təhlükəsizliyimizi təmin edib. Biz bütün bunlara görə Ulu Öndər Heydər Əliyevə, onun memarı olduğu dövlətçilik ənənəsinə borcluyuq”. “Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Heydər Əliyevi sevgi və minnətdarlıq hissi ilə yad edir, veteranlar olaraq ona öz sonsuz ehtiramımızı bildiririk. Heydər Əliyevin müqəddəs xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq və dövlətimizin çiçəklənməsi uğrunda fəaliyyətimizdə bizim üçün ən böyük stimul olacaq”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Bakı Təhlükəsizlik Forumu: Qlobal təhdidlər fonunda etimad və əməkdaşlıq platforması – TƏHLİL

Müasir beynəlxalq münasibətlər sistemi təhlükəsizlik anlayışının sürətlə dəyişdiyi mərhələdən keçir. Ənənəvi hərbi-siyasi risklər artıq terrorçuluq, transmilli cinayətkarlıq, kibertəhdidlər, qeyri-qanuni miqrasiya, narkotik və silah dövriyyəsi, kritik infrastrukturun təhlükəsizliyi kimi bir-biri ilə əlaqəli çağırışlarla paralel inkişaf edir. Belə bir şəraitdə Bakıda IV Təhlükəsizlik Forumunun keçirilməsi təhlükəsizlik sahəsində beynəlxalq dialoq üçün ayrıca platformanın formalaşması baxımından diqqət çəkir.  Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilən Forumda beynəlxalq təşkilatların, 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələri olmaqla 600-ə yaxın şəxsin iştirakı tədbirin coğrafiyasının genişləndiyini göstərir. Forumun 2023-cü ildən davamlı xarakter alması isə onu birdəfəlik müzakirə formatından daha çox xüsusi xidmət və təhlükəsizlik qurumları arasında əlaqələrin saxlanmasına xidmət edən mexanizm kimi nəzərdən keçirməyə imkan verir. Prezident İlham Əliyev Forum iştirakçılarına müraciətində də iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsini və müzakirə edilən məsələlərin aktuallığını Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi kimi qiymətləndirib. Dövlət başçısının vurğuladığı kimi, “Artıq dördüncü dəfə Bakıda keçirilən bu Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya gətirməklə beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır”. Forumun əhəmiyyətini artıran əsas məqamlardan biri müxtəlif siyasi mövqelərə malik dövlətlərin təhlükəsizlik strukturlarının eyni platformada təmsil olunmasıdır. Geosiyasi rəqabətin və dövlətlərarası etimad böhranının dərinləşdiyi şəraitdə təhlükəsizlik orqanları arasında peşəkar kommunikasiya kanallarının qorunması xüsusilə vacibdir. Çünki terrorçu və transmilli cinayətkar şəbəkələr siyasi sərhədlərlə məhdudlaşmadığı kimi, onlara qarşı mübarizə də yalnız milli mexanizmlərlə effektiv aparıla bilməz. Prezident İlham Əliyev də müraciətində dünyada baş verən sürətli və mürəkkəb dəyişikliklərin, geosiyasi rəqabətin kəskinləşməsinin və müxtəlif regionlardakı münaqişələrin qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, “Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir”. Bu yanaşma təhlükəsizliyin yeni mahiyyətini də ortaya qoyur. Müasir dövrdə dövlət təhlükəsizliyi yalnız sərhəd və hərbi infrastrukturu əhatə etmir. Enerji sistemləri, nəqliyyat dəhlizləri, bank sektoru, su ehtiyatları, rabitə şəbəkələri və informasiya infrastrukturu da milli təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsinə çevrilib. Bir ölkədə və ya regionda yaranan böhran qısa müddətdə təchizat zəncirlərinə, enerji bazarlarına, ərzaq təhlükəsizliyinə və kommunikasiya xətlərinə təsir edə bilir. Dövlət başçısı müraciətində bu qarşılıqlı bağlılığa xüsusi diqqət çəkərək hər hansı regionda meydana gələn böhran və ya gərginliyin digər regionlara təsir göstərə, siyasi-iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə zərər vura biləcəyini qeyd edib. Prezidentin ifadəsi ilə, “Təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır”. IV Bakı Təhlükəsizlik Forumunun gündəliyində texnoloji risklərin xüsusi yer tutması da təsadüfi deyil. Süni intellekt, rəqəmsal platformalar, kiberimkanlar və kosmik sistemlər dövlətlərin inkişaf alətləri olmaqla yanaşı, yeni təhlükəsizlik riskləri yaradır. Xüsusilə terrorçu və ekstremist qrupların rəqəmsal texnologiyalardan təbliğat, maliyyələşmə, koordinasiya və yeni tərəfdarların cəlb olunması məqsədilə istifadəsi xüsusi xidmət orqanlarının qarşısında yeni vəzifələr qoyur. Prezident İlham Əliyev də süni intellekt daxil olmaqla müasir texnologiyaların bədniyyətli istifadəsinin terrorçuluğa qarşı mübarizəni mürəkkəbləşdirdiyini vurğulayıb. Dövlət başçısı bildirib: “Bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır”. Bu kontekstdə Bakı Forumunun praktiki əhəmiyyəti yalnız təhlükələrin müzakirəsindən ibarət deyil. Əsas məsələ risklərin erkən müəyyənləşdirilməsi, məlumat mübadiləsinin sürətləndirilməsi, milli təcrübələrin müqayisəsi və təhlükəsizlik qurumları arasında birbaşa peşəkar əlaqələrin inkişaf etdirilməsidir. Terrorçuluq və transmilli cinayətkarlıqla mübarizədə məlumatın operativ ötürülməsi bəzən təhlükənin nəticələri ilə mübarizədən daha vacib olan preventiv tədbirlərin görülməsinə imkan verir. Prezident də təhlükəsizliyin etibarlı təminatı üçün yalnız mövcud təhdidlərin nəticələri ilə mübarizənin kifayət etmədiyini, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və vaxtında qarşısının alınmasının vacibliyini bildirib. “Təcrübə göstərir ki, açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar ən mürəkkəb təhlükəsizlik çağırışlarının belə daha çevik və effektiv şəkildə qarşısının alınmasına imkan yaradır”, – deyə dövlət başçısı vurğulayıb. IV Bakı Təhlükəsizlik Forumunun əsas mesajlarından biri qlobal təhlükəsizlik sistemində qarşılıqlı asılılığın artması fonunda etimad və operativ əməkdaşlıq mexanizmlərinə ehtiyacın güclənməsidir. 100-dən artıq ölkədən xüsusi xidmət və təhlükəsizlik strukturlarının nümayəndələrinin Bakıda bir araya gəlməsi fərqli siyasi yanaşmaların mövcud olduğu şəraitdə belə ortaq təhlükələr üzrə dialoqun davam etdirilməsi imkanını göstərir. Azərbaycanın bu format vasitəsilə irəli sürdüyü yanaşmanın əsasında isə təhlükəsizliyin bölünməzliyi, qabaqlayıcı fəaliyyət, məlumat və təcrübə mübadiləsi, eləcə də dövlətlər arasında etimadın gücləndirilməsi dayanır. Prezident İlham Əliyevin müraciətində ifadə etdiyi kimi, Bakı Təhlükəsizlik Forumu “konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə şərait yaradır”. Qlobal təhdidlərin getdikcə daha çox transsərhəd xarakter aldığı indiki mərhələdə Forumun praktiki nəticəliliyi də məhz bu dialoqun konkret əməkdaşlıq mexanizmlərinə çevrilmə dərəcəsindən asılı olacaq. APA.az  

Hamısını oxu
Nəsimi!

“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən III yazı  Qurbanlığa soyun məni, Topuğumdan asın dara. Və sonra duzlayın məni, Büründüm qapqara qara.   Hansı casusa nəsibdir tac, Səltənət de zəng çalacaq, zəng. Mən zindanda ödəmişəm bac – Saç ağardı, ağarmadı səhər.   Bu alnıma basılmış damğa: Nəsiminin beytləri küfr. Cəllad, artıq eləmə nəğmə, Şeirə deyil, üzümə tüpür.   Ağrımaz tən, Edərəm huzur, Siz dərimi soyduğunuz an. Mən haqqına girməyim, üzr, Azan, ya təkbir söyləyin, aman.   Günəş üfqə qoyduğutək baş, Qəlbin hüftan oldu mu, ey Şərq? Yeri altını parlatsa Günəş – Yer üzü də çeçəkləyəcək.   Qurbanlığa soyun məni, Və dağıtın bütün Bəşərə...   Bu dünya…   Bu günəş anamtək qocalmış, Anamtək qocalmış yer üzü. Mən batdım günəşin altına, Gündüzü, gündüzü, gündüzü.   Bu külək Cənubdan əsdimi, Cənubdan əsdimi sabalar? Qaranquş, qanadın kəsdimi, Səvdalar, səvdalar, səvdalar.   Ağ yağış qarlara dönüşdü, Qarlara dönüşdü leyləklər. Bu dünya darlara dönüştü, Sarlara dönüşdü leyləklər.   Nələrdən xəbərdir bu təsvir, Yuxulu gözlərin süzülüb. Gələn bu müsibət müsəvvir, Gedərəm ip kimi mən qopub.   Müsəvvir, gümanla tapdınmı, Sən məni adım ya ismimdən? Təndirə çörəktək yapdınmı, Ulduzlar tökülsə cismimdən?   Ağlasan, doğru ağla, gül süni, Adın var keçmişə adanan. Bu dünya bir dəstə gül süni, Mən də bir dünyayam xətərli.   Axtarış   Axtarışda qalan insantək, Özümü axtarıram səsdən. Adımdan ta bədəniməcən Müharibə elan etdim qəsdən.   Dörd bir yandan alıb nişanə, Atılacaq kamandan yaylar. Soyguncuya dönüşüb dünya, Durbin ilə addımım sayar.   Dağ qoynunda qapqara şərpə, Qanad çırpan bir şahin kimi. Mən izinsiz yox oldum, əfsüs, Elə düşməz intiqam kimi.   Özümü axtarıram hələ, Axtarıram mağara, dərədən. Yadımda yox hətta simam da, Əfsüs, min il keçdi aradan.   Ayın on beşi zülmət olsa, Mən axtardım günəşlərindən. Damladım anamın son nəfəsi Və sonuncu göz yaşlarından.   Ağı   Bu sözlərə çəkiç dəyməmiş, Balta ilə doğranıb amma. Qılınc gəlsə başın əyməmiş, Pərdə kimi örtülüb amma.   Burda bülbül oxuyar səssiz, Təfəkkürü çaxır əqrəb də. Yaşayıram qürub, gecəsiz, Yaşayırsan hansı tərəfdə?   De, haradan alınıb torpağın, Torpağına qarışıb laşım. Qarışqalar öpmüş ayağın, Onlar mənim gözüm və qaşım.   Bax ki, mənim gözlərim kordur, Çiynin tutar nədənsə dul-dul?! Alnımdan bir ayə oxuyar, Yenə həmin dili yox bülbül.   Sinəm yırtar kipriyinin tığı, Bir Söz hələ ki can istəyər. Mən dünyaya yetəcək ağı, Dünya isə bir qan istəyər.   Dənə kimi səpilmişdir…   Dənə kimi səpilmişdir bədənim, Gözümdəki gölməçə də Nilə dönər. Doğuluş… Doğuluş – mən ölən tarıx, Bu tarıx, bəlkə də, bir gülə dönər.   Dənə kimi səpilib dilə gəlir, Basdığım o izlər, tutmuş əllərim. Yanımda səssizcə kimsə dayanır, Sonra… Boş qalacaq sağım, sollarım.   Dənə kimi səpilib nalələrim də, Şərab içən kimi yenə sərxoşum. Qasırğada qırıldı budaqlarım, Kökünü qurd yemiş elə ağacım.   Dənə kimi səpilib bütün soyum, Soyuq ölkələrdə qartallara yem. Yaram yeniləndi, ağrıyır yaram, Kaş bu ağrı olsa bədənə məlhəm.   Bir gün başıma yetəcək dünya, Babaqəndlər gəlir, gəlir Mirzalar. Dənə kimi səpilir o zaman dünya, Sonra közə dönər dəstxət, imzalar.   Sonra dənə kimi səpilirim mən...   Babaqənd MİRZƏ Özbəkistan Respublikası Nəvai şəhər Xalq Deputatları Şurasının deputatı, “Dustluq bayrağı” və “Знамя дружби” qəzetlərinin baş redaktoru  Özbək dilindən uyğunlaşdıran: Rəhmət Babacan

Hamısını oxu
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib

Zaur Əliyev veteranların müalicə və istirahət şəraiti ilə tanış olub, arzu və təklifləri ilə maraqlanıb Veteran.gov.az xəbər verir ki, iyulun 4-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib, xəstəxananın tibbi heyəti və veteranlarla görüşüb. Görüşdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xəstəxananın tarixi, onun veteranların istirahəti və müalicəsindəki rolu haqqında məlumat verib. Polkovnik qeyd edib ki, Müharibə Veteranlarının Respublika Xəstəxanası bu gün də respublika veteranlarının müalicəsində mühüm rol oynayır, il ərzində yüzlərlə veterana xidmət edir. Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva xəstəxananın ötən il iki mindən çox veterana xidmət etdiyini, hazırda 150 nəfərdən çox veteranın müalicə aldığını bildirib. Gülşən Əliyeva vurğulayıb ki, müəyyən rekontruksiya işləri aparılarsa, o zaman xəstəxananın daha çox veterana xidmət göstərməsi mümkündür. Xəstəxananın korpus və şöbələrini gəzən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev xəstəxanadakı tibbi avadanlıqlar, müalicə otaqları, tibbi personalla tanış olub. Xəstəxanadakı veteranlarla da görüşən Zaur Əliyev onlarla söhbət edib, palatalarda veteranlara yaradılan şəraitlə tanış olub. Zaur Əliyev həmçinin, xəstəxana rəhbərliyinin və veteranların arzu və təklifləri ilə də maraqlanıb, xəstəxananın daha effektiv fəaliyyəti, veteranların müalicə və istirahət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanların dəyərləndiriləcəyini qeyd edib. Görüşdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da iştirak edib. Seymur ƏLİYEV Fotolar müəllifə aiddir    

Hamısını oxu