Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dövlət Xidməti təşkilat üzvlərini və yeniyetmələri təltif edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində bir sıra şəxsləri təltif edib. 

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 7 nəfər üzvü gənclərin vətənpərvərlik tərbiyəsində göstərdikləri xidmətlərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun müvafiq əmri ilə fəxri fərmanla təltif ediliblər.

Təqdimat mərasimində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, həmçinin Dövlət Xidmətinin rəhbər şəxsləri – polkovnik Tehran Babatov və Pərviz Sədrəddinov iştirak ediblər.

Tədbirdə çıxış edən Cəlil Xəlilov üzvlərinin həvəsləndirilməsini yüksək qiymətləndirib və təşəbbüsə görə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimova minnətdarlığını bildirib.

 

2024-12-27 23:18:48
2889 baxış

Digər xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Kollecində Xocalı soyqırımının 34-cü illiyi qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi  Hacıyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən  Azərbaycan Dövlət Pedaqoji Kollecində tədbir  təşkil ediblər. Xocalı soyqırımının 34-cü il dönümünə həsir edilmş  tədbirdə Sabunçu rayon Veteranlar Təşkilatının sədri Sabir Allahverdiyev, kollecin direktoru Amalya Sezgin,Tərbiyə işləri üzrə direktor müavini Nigar Şirəliyeva, İnzibati təsərrüfat şöbəsinin  rəhbəri Elsevər Abbaslı, müəllimlər, tələbələr və digər qonaqlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra dövlətimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad olunub. Tədbiri kollecin tələbələri açıb. Tədbir iştirakçıları Xocalı soyqırımını əks etdirən filmə baxıblar. Tədbirdə çıxış edən ehtiyatda olan polkovnik Adil Haqverdiyev Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Polkovnik bildirib ki, Xocalı hadisələri dünyanın ən amansız  soyqırımıdır: “Xocalıda öldürülən yüzlərlə insandan 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri – diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, hətta körpə uşaqların gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Ermənilər meyitləri belə təhqir ediblər. Son zamanlar artıq barışığa doğru addımlar atılır. Atılan bütün bu adımlara baxmayaraq, biz faciələrimizi unutmamalıyıq. Bu işdə siz gənclərin üzərinə böyük məsuliyyət düşür. Mən çıxışımın sonunda bir daha  Xocalı soyqırımının qurbanlarına, torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət qazi və veteranlarımıza cansağlığı arzulayıram”. Sabir Allahverdiyev də çıxışında Xocalı soyqırımından ətraflı bəhs edib, tələbələrə təhsil həyatında uğurlar arzulayıb. Daha sonra kollecin direktoru Amalya Sezgin çıxış edib. O, qeyd edib ki, vətənpərvərlik tərbiyəsi tələbələr, gənclər üçün vacib amillərdən biridir. Müəllim və tələbə kollektivi adından qonaqlara öz təşəkkürünü bildirən Amalya Sezgin, gələcəkdə də oxşar xarakterli tədbirlərin keçiriləcəyini vurğulayıb. Tədbirin sonunda xatirə şəkli çəkilb.  

Hamısını oxu
Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib

Bakı, 5 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. – Sabahınız xeyir, cənab Prezident. Bizimlə söhbət etmək, bizə müsahibə vermək üçün vaxt ayırdığınıza görə təşəkkür edirik. – Bu imkana görə təşəkkür edirəm. - Hazırda Dağlıq Qarabağdakı müharibənin altıncı həftəsi başlayır. Cəbhədə hazırda vəziyyət necədir? – Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən demək olar ki, 30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik. – Siz işğal olunmuş 7 rayonun - 5 üstəgəl 2 azad edilməsini istəyirsiniz. Siz onlardan artıq neçəsini azad etmisiniz? – Faktiki olaraq, işğal olunmuş rayonlardan 5-dən 4-ü artıq ya tamamilə, ya da qismən azad edilib. Bu gün biz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik. Qeyd etdiyim kimi, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik və yeri gəlmişkən, biz artıq əsas prinsiplərin bir hissəsini yerinə yetirmişik. Çünki ATƏT-in Minsk qrupu tərəfindən təklif olunan həll üçün əsas prinsiplər faktiki olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını tələb edirdi. Əfsuslar olsun ki, Ermənistan könüllü şəkildə bunu etmək istəmirdi, ona görə də biz onları bunu etməyə məcbur etməli olduq. – Hər iki tərəf artıq 3 humanitar atəşkəslə bağlı razılığa gəlib. Lakin onlar heç bir neçə dəqiqə də belə çəkməyib. Nəyə görə müharibəni üç dəfə durdurmaq və danışıqlara başlamaq mümkün olmamışdır? – Düşünürəm, bu atəşkəslərin işləməməsinin səbəblərindən biri ondan ibarət idi ki, Ermənistan artıq bizim tərəfimizdən azad edilmiş əraziləri geri almağa cəhd göstərirdi. Başqa sözlə, onları yenidən işğal etmək istədilər. Ona görə də onlar sizin doğru olaraq qeyd etdiyiniz kimi, humanitar məqsədlərlə elan olunmuş bu atəşkəsdən resursları səfərbər etmək və yeni hücuma keçmək üçün istifadə etmək istədilər. Onlar bunu edə bilməyəndə, Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raketlə hücum etdilər. Onlar bunu iki dəfə etdilər. Lakin birinci dəfə oktyabrın 10-da, atəşkəs elan olunandan dərhal sonra etdilər və bunun nəticəsində 10 mülki şəxs həlak oldu, onlarla adam yaralandı. Beləliklə, onlar birinci atəşkəsi kobud şəkildə pozdular. İkinci atəşkəs də elan olunan vaxtdan təxminən 5 dəqiqə sonra onlar tərəfindən pozuldu və üçüncü atəşkəsi onlar dinc şəhər olan Bərdəyə hücum etməklə pozdular. Orada 21 nəfər mülki şəxs qətlə yetirildi, 70 nəfər yaralandı. Beləliklə, hər 3 dəfə bu, Ermənistanın bizə qarşı məqsədli şəkildə təcavüzkar hücumu idi və biz cavab verməli və özümüzü müdafiə etməli olduq. – Siz dediniz ki, Ermənistan qoşunlarının çıxarılması ilə bağlı konkret təqvim istəyirsiniz. Ermənistan dedi ki, kompromisə hazırdır, ancaq təslim olmağa, həmin əraziləri təslim etməyə yox. Siz də kompromisə hazırsınız? Bu kompromis necə olacaq? – İlk növbədə, bizim mövqeyimiz demək olar ki, bu 40 gün ərzində artıq dəfələrlə bəyan edilib. Mən dəfələrlə demişəm ki, bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünü öz doğma torpaqlarına, onların əsrlərboyu yaşadıqları ərazilərə geri qaytarmaq və bundan sonra həmin ərazidə Azərbaycan əhalisi və erməni icması arasında sülh şəraitində birgəyaşayışı təmin etməkdir. Bizim mövqeyimiz sağlam düşüncəyə, humanitar zəminə əsaslanır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Beləliklə, bu, çox açıq-aşkardır. Ermənistan kompromisdən danışanda konkret heç nə demir. Onlar yalnız öz müqəddəratını təyinetmədən danışırlar, amma öz müqəddəratını təyinetmə onlar tərəfdən kompromis deyil. Onlar öz mövqelərində daha dəqiq olmalıdırlar, çünki hazırda o, çox qeyri-müəyyəndir. Ona görə də biz Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxması üçün vaxt cədvəli tələb etdik və biz bunu toqquşmaların ilk günündən tələb etdik. Beləliklə, əgər Ermənistan bizə qulaq assaydı və məntiqlə davransaydı, bu gün biz hazırda qarşılaşdığımız vəziyyətdə olmazdıq. Müharibə bəlkə də bir ay əvvəl bitərdi. Ona görə də Ermənistan tərəfdən kompromis çox dəqiq olmalıdır. Hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli bizə təqdim edilməlidir, Ermənistanın baş naziri bunu şəxsən bəyan etməlidir. Lakin onlar nəinki bizə vaxt cədvəli vermirlər, onlar həmin əraziləri boşaldacaqlarını demirlər. Sentyabrın 27-dən bu yana bütün bu vaxt ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi ərazilərin boşaldılacağı barədə heç vaxt heç nə deməyib. Belə olan halda, onlar 7 rayonun qaytarılmasını təmin etmək üçün bu prinsipləri işləyib hazırlamış Minsk qrupunun həmsədrlərinə faktiki olaraq hörmətsizlik nümayiş etdirirlər və faktiki olaraq daha çox eskalasiyaya gətirib çıxarırlar. Beləliklə, biz Ermənistanın baş nazirinin Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını açıq şəkildə deməyini gözləyirik. – Əgər belə olmasa, Sizin üçün yalnız hərbi variant mövcuddur? – Başqa yol qalmır, bilirsiniz, başqa variant yoxdur. Biz hərbi əməliyyatları davam etdirmək istəmirik və mən dəfələrlə demişəm və bu gün də təkrar edə bilərəm, əgər Ermənistanın baş naziri şəxsən özü, bu qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə bir bəyanat versə, biz dərhal dayanmağa hazırıq, dərhal. Mən sözünə əməl edən insanam və biz bunu edərik. Lakin o, bunu demir. O, vaxt qazanmaq istəyir, daha çox hərbi yardım əldə etmək üçün atəşkəs istəyir, Azərbaycana qarşı yeni hücumlar etmək və bizim azad etdiyimiz əraziləri geri almaq üçün bu atəşkəsdən istifadə etmək istəyir. Onun niyyəti bundan ibarətdir. – Siz hazırda cənab Paşinyanla bir masa arxasında oturmağa hazırsınız, yoxsa bunun bir mənası yoxdur? – Xeyr, bunun qətiyyən heç bir mənası yoxdur. Son iki il ərzində mənim onunla çoxsaylı görüşlərim olub, lakin onların hamısı tamamilə səmərəsiz və mənasız olub, ilk görüşlər istisna olmaqla. O, mənə söz vermişdi ki, əgər Azərbaycan dırnaqarası “inqilab”dan sonra ona vaxt versə, o, yaxşı hazırlaşacaq, Ermənistanda siyasi cəhətdən öz mövqeyini gücləndirəcək və sonra əsas prinsipləri yerinə yetirmək üçün konstruktiv şəkildə işləməyə hazır olacaq. Bu, onun Ermənistanda rəhbərliyinin ilk aylarında mənə söylədikləri idi. Lakin bir ildən sonra o, tamamilə fərqli sözlər dedi. O dedi ki, Azərbaycana qaytarılası bir santimetr belə torpaq yoxdur. Dedi ki, “Qarabağ Ermənistandır”. Dedi ki, Azərbaycan Dağlıq Qarabağdakı qondarma qurumun dırnaqarası “rəhbərliyi” ilə danışıqlar aparmalıdır. Beləliklə, o, danışıqlar prosesini pozmaq üçün hər şeyi etdi. Ona görə də hazırda mən onunla görüşməkdə bir məna görmürəm. Bu yaxınlarda bizim xarici işlər nazirlərimiz Cenevrədə görüşüblər və mən düşünürəm ki, hazırda bu, təmaslar üçün doğru formatdır. – Siz dediniz ki, demək olar 30 il ərzində Minsk qrupu işğal edilmiş ərazilərin qaytarılması üçün heç nə etməmişdir və ya bu istiqamətdə heç bir irəliləyişə nail olmamışdır. Hazırda ABŞ, Rusiya və Fransadan gözləntiniz nədir? – Bəli, siz haqlısınız. Mən demişəm ki, Minsk qrupu heç bir nəticə əldə etməyib. Lakin mən, eyni zamanda, demişəm ki, onların fəaliyyətinə tamamilə göz yuma və onları yalnız tənqid edə bilmərəm. Çünki hazırda masada olan əsas prinsiplər Minsk qrupunun köməyi ilə işlənib hazırlanmış prinsiplərdir. Beləliklə, onlar işlədilər, çalışdılar. Lakin onlar əraziləri boşaltması ilə bağlı Ermənistana təzyiq göstərmək üçün əllərində olan bütün alətlərdən istifadə etmədilər. Bu ölkələrdən hər birinin birtərəfli qaydada Ermənistana təsir etmək üçün kifayət qədər vasitələri var, istər hərbi dəstək olsun, istər siyasi dəstək, iqtisadi dəstək, diaspor dəstəyi və s. Lakin onlar əllərində olan bu alətlərdən istifadə etmədilər, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq özlərinin qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında israr etmədilər. Ona görə də nəticənin olmaması faktı, əlbəttə ki, onların bacarmadığından çox istəmədiyini nümayiş etdirir. Əgər onlar bacarmadılarsa, kim bacarar? BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü kiçik, yoxsullaşmış, asılı Ermənistana təsir edə bilmir? Onlar, sadəcə olaraq, istəmədilər. Onlar vəziyyətin sabit olmasını istəyirdilər, bu, doğrudur. Onlar sülh ssenarisini istəyirdilər. Lakin onlar görəndə ki, demək olar 30 ildir sülh ssenarisi yoxdur və Ermənistanın yeni hökuməti bəyanatlar və əməllərlə prosesi faktiki olaraq məhv edir, düşünürəm ki, onlar hərəkətə keçməli idilər. Mən dəfələrlə onların liderləri, yüksək rütbəli rəsmiləri ilə danışaraq çağırış etmişəm ki, Ermənistana təzyiq göstərin, sanksiya tətbiq edin. Əgər sanksiya tətbiq etmək istəmirsinizsə, ən azı bunu dilə gətirin, elan edin ki, sanksiyalar tətbiq olunacaq, əks halda, bu təcavüzkara təzyiq göstərmək üçün başqa heç bir mexanizm olmayacaq. Beləliklə, düşünürəm, bu gün onlar dərk ediblər ki, uzun illər “münaqişənin hərbi həlli yoxdur” deməklə səhv ediblər. Biz bu reallığı dəyişdik. Hərbi həll yolu var. Lakin bizim bu gün danışdığımız ondan ibarətdir ki, gəlin, hərbi həllin həmin səhifəsini bağlayaq və siyasi həllə keçək. Beləliklə, hərbi-siyasi həll üstünlük təşkil etməlidir. Əgər Ermənistanın baş naziri mənim artıq ondan tələb etdiyimi desə, biz bu gün dayanmağa hazırıq. İndi sülh prosesi artıq qismən yerinə yetirilmiş əsas prinsiplərin qalan hissəsinin icrasına əsaslanmalıdır. Bizə Kəlbəcər, Laçın və Ağdamın bir hissəsinin boşaldılması ilə bağlı dəqiq vaxt cədvəli lazımdır. Bundan sonra düşünürəm ki, regiona sülh gələcək. – Mən Sizdən “Amnesty International”ın faktiki olaraq hər iki tərəfin kasetli bombalardan istifadə etməsinə dair bəyanatları ilə bağlı soruşmaq istəyirəm. Siz də, rəsmi İrəvan da qeyd edirsiniz ki, tərəflər mülki əhaliyə qarşı fosfor tərkibli sursatdan istifadə edir. Siz beynəlxalq konvensiyalarla qadağan edilən silahlardan istifadə edirsiniz? – Biz qadağan olunmuş silahlardan istifadə etmirik. Bizim ərazi bütövlüyümüzü bərpa etmək üçün kifayət qədər sursatımız var. Bu, birincisi. İkincisi, biz mülki şəxslərə hücum etmirik. Oktyabrın 10-dan sonra Dağlıq Qarabağdakı şəhərlərə hücum etmirik. Ondan əvvəl, bəli, bunu qəbul edirik. Lakin bu, ona görə oldu ki, Ermənistan ordusunun hərbi hissələrinin və infrastrukturunun çoxu Dağlıq Qarabağın dırnaqarası “paytaxtı” olan Xankəndidə cəmləşmişdi. Ona görə də biz bunu etməli idik. Biz təhlükəsizliyimizi təmin etmək və əməliyyatımızın daha səmərəli olması üçün həmin mühüm hərbi obyektləri vurmalı idik. Lakin humanitar atəşkəs elan olunandan sonra, - bunu dəfələrlə elan etmişik, - biz heç vaxt insanların yaşadığı heç bir şəhəri və ya kəndi vurmamışıq. Buna zidd olaraq ermənilər nə etdi. Onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar və bu, sübuta yetirilib. Baxmayaraq ki, Ermənistanın baş naziri bunu onların etmədiyini dedi. Lakin bu, gülüncdür. Çünki ballistik raketin buraxılışı peyklər vasitəsilə müşahidə olunur. Hər kəs onun haradan buraxıldığını və onun hədəfinin nə olduğunu bilir. Gəncədə mülki şəxslərin yaşadığı əraziləri qəsdən iki dəfə vurdular. Onlar Bərdəyə çox dağıdıcı “Smerç” raketləri ilə iki dəfə zərbə endirdilər və yalnız bir hücum nəticəsində 21 insan öldürülmüş və 70 insan yaralanmışdır. Bir çox hücumlar olmuşdur. Onlar Tərtərdə dəfn mərasiminə zərbə vurdular, bu, tamamilə insan davranışının bütün normalarından kənar bir şeydir. İnsanlar dünyasını dəyişmiş şəxsi dəfn edəndə onlar qəbiristanlığı vurdular və dörd nəfər qətlə yetirildi. Onların kasetli bombalardan istifadə etmələri beynəlxalq media və QHT-lər tərəfindən təsdiq olunmuşdur. Əminəm ki, bu barədə ilk dəfə məlumat verən oranı ziyarət etmiş beynəlxalq media olmuşdur. “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının bu halları təsdiq etməkdən savayı başqa bir seçimi yox idi. Lakin sual orasındadır ki, nə üçün onlar birinci növbədə Azərbaycana gəlmədilər? Nə üçün onlar yalnız Ermənistan tərəfindən işləyirdilər? Yalnız beynəlxalq media, Qərb mediası ermənilərin istifadə etdiyi kasetli bombaları göstərdikdən sonra bu iki QHT bunu təsdiq etdi. Onların bunu təsdiq etməsi yaxşı haldır, lakin səmimi desəm, bunun açıq-aşkar olmasını nəzərə alaraq onların bu məsələni necə təsdiq etməməsini də təsəvvürümə gətirə bilmirəm. - Rusiya, Sergey Lavrov dünən dedi ki, Dağlıq Qarabağda təqribən iki min muzdlu döyüşür. Bununla bağlı nə deyərdiniz? -Mən bu ittihamlara, bu əsassız ittihamlara dəfələrlə cavab vermişəm. Səmimi desəm, təəssüflənirəm ki, bitərəf olmalı, onlara ATƏT tərəfindən verilmiş mandata əsasən hərəkət etməli olan ölkələrin yüksək səviyyəli rəsmiləri təsdiqini tapmamış bu əsassız dırnaqarası “informasiya”dan və şayiələrdən istifadə edirlər. Bu, birincisi. İkincisi, bizdə heç bir muzdlu yoxdur. Mən bu haqda dəfələrlə demişəm. Bizim onlara ehtiyacımız yoxdur. Bizim 100 min döyüşçüdən ibarət ordumuz var, biz tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox toplaya bilərik. Lakin biz Ermənistandan fərqli olaraq bunu etmirik. Bizim tərəfimizdə hər hansı bir əcnəbi döyüşçünün vuruşması ilə bağlı heç bir sübut yoxdur. Bu bir aydan çox müddət ərzində bizə heç bir sübut, heç bir sənəd, heç bir dəlil təqdim edilməmişdir. Yalnız bəyanatlar. Bəs, onda nə üçün onlar Ermənistan tərəfində baş verənləri, Ermənistan tərəfindən neçə muzdlunun döyüşdüyünü görmürlər? Nə üçün bizi ittiham etməyə çalışan nə Rusiya, nə də Fransa bunun haqqında heç nə deməyib? Bizdə artıq əcnəbi pasportları olan zərərsizləşdirilmiş insanların siyahısı var. Amerikalı, fransalı, kanadalı, livanlı, iraqlı, postsovet məkanı ölkələrindən, onlarla Gürcüstandandır. Bəli, onlar o ölkələrdə yaşayan ermənilərdir, lakin bu, heç bir fərq etmir. Əgər onlar başqa ölkələrin vətəndaşlarıdırsa, onların orada olması qanunsuz hesab edilir. Bu vaxtadək bu məsələ barədə heç nə deyilməmişdir, amma bizim sübutlarımız var. Bizim əlimizdə pasportlar var. Bizim sübutumuz var, video var. Bunun haqqında heç nə deyilməyib. Bu, bizim tərəfimizdən qəbul edilə bilməyən selektiv bir yanaşmadır, bu, vasitəçilərin mandatına uyğun deyil. Mən dəfələrlə demişəm, vasitəçilər bitərəf olmalıdırlar. Əgər onlar tərəf tuturlarsa, bu, onların işidir, lakin onda vasitəçilikdən çıxmalıdırlar. Hər bir ölkənin istənilən ölkəyə yaxşı və ya pis münasibəti ola bilər. Biz müəyyən səbəblər üzündən bəzi ölkələr tərəfindən ermənilərə qarşı xüsusi hisslərin olduğunu başa düşürük. Bunu öz ölkələrinin adından deyirlərsə, biz buna etiraz etmirik. Lakin əgər siz vasitəçisinizsə, xahiş edirəm, bitərəf olun və ittihamlardan uzaq durun. Əgər biz bizi muzdlularla bağlı ittiham edənləri dünyanın müxtəlif yerlərində nə etdikləri haqqında ittiham etməyə başlasaq, bu, çox uzun bir məsələ olacaq. Biz bunu etmirik. Buna görə biz tərəfdaşlarımızdan eynisini gözləyirik. -Türkiyənin Sizə nəinki siyasi, eyni zamanda, hərbi dəstək də göstərdiyini söyləyənlərə nə deyərdiniz? -Mən deyərdim ki, bu növbəti təxribat, növbəti feyk xəbərdir. Türkiyədən heç bir hərbi dəstək yoxdur. Biz Türkiyədən yalnız müasir hərbi avadanlıq alırıq. Bu, həqiqətdir. Bu, dünyada istənilən ordunun paxıllıq edə biləcəyi yeni müasir avadanlıqdır. Türkiyənin hərbi sənaye kompleksi, həqiqətən də, möcüzələr göstərir. Bu avadanlıq bizə döyüş meydanında çox kömək edir. Lakin biz onu alırıq, biz müqavilələr imzalayırıq, hər şey şəffafdır, hər şey qanunidir. Biz başqa ölkələrdən də silah alırıq. Nəyə görə heç kim bizim Rusiyadan nə qədər silah aldığımızdan danışmır? Yalnız Türkiyə. Çünki Türkiyə əfsuslar olsun ki, indi müxtəlif avropalı siyasətçilərin hücumuna məruz qalır. Türkiyəni qaralamaq cəhdləri var. Türkiyəni şantaj etmək, ona təzyiq göstərmək cəhdləri var. Bu, tamamilə qəbuledilməzdir. Bizim əsas silahlarımız Rusiyadan gəlir. Biz başqa ölkələrdən də silah alırıq. Yalnız Türkiyənin adı hallanır. Bu, birincisi. İkincisi, Türkiyənin bizə hərbi dəstək göstərdiyini həmişə deməyə davam edənlər nəyə görə vasitəçi, Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana hərbi dəstək göstərdiyini demirlər? Bizim əlimizdə sübutlar var, bu 40 gün ərzində Ermənistanın hansı məbləğdə silahla təchiz edildiyi ilə bağlı məlumatı Rusiya rəsmilərinə təqdim etmişik. Niyə heç kim bu barədə danışmır? Gəlin, bunun haqqında danışaq, gəlin, ədalətli olaq. Buna görə birincisi, bu, səhv məlumatdır. İkincisi, biz Türkiyə hərbi avadanlığını alırıq və almağa davam edəcəyik. Üçüncüsü, bu məsələ ilə bağlı heç bir ikili standart olmamalıdır. Yeri gəlmişkən, Azərbaycana Türkiyə tərəfindən hərbi dəstək göstərildiyini deyənlər, hesab edirəm, bu absurd ittihamlardan çəkinməlidirlər. -Açıq-aydındır ki, Türkiyənin regionda marağı var, necə ki, Rusiyanın və İranın var. Ermənistan Rusiyaya öz təhlükəsizliyinin təmin olunmasının mümkünlüyü barədə müraciət etmişdir. Siz müharibənin beynəlmiləlləşdirilməsindən qorxursunuz? -Ermənistan lap əvvəldən elə bunu etmək istəyirdi və biz həmişə buna qarşı idik. Mən dəfələrlə bütün ölkələrə demişəm, bu münaqişədən uzaq durun. Bu, bizim məsələmizdir, bu, ərazi bütövlüyü uğrunda bizim döyüşümüzdür. Münaqişəni beynəlmiləlləşdirmək üçün heç bir cəhd olmamalıdır. Lakin Ermənistan bunun üçün hər şeyi etdi. Ermənistanın baş nazirinin Rusiya Prezidentinə göndərdiyi məktub təkcə onların öz məğlubiyyətini artıq qəbul etdiyini, bizim döyüş meydanında onlara qalib gəldiyimizi göstərmir, eyni zamanda, onu göstərir ki, onlar münaqişəni beynəlmiləlləşdirmək istəyirlər, onlar Rusiyanı birbaşa müharibədə iştiraka sürükləmək istəyirlər, bu da tamamilə qəbuledilməzdir. Mənim bildiyimə görə, bu, Rusiya tərəfindən rədd edilmişdir və Rusiyanın xarici işlər naziri bununla bağlı bəyanat vermişdir. Ola bilsin, bunu lap dəqiqliklə ifadə etmirəm, lakin belə bir mesaj var idi ki, döyüş Azərbaycanın ərazisində aparılır. Əgər Azərbaycan, əgər istənilən ölkə Ermənistana hücum etsə, onda Rusiya öhdəliyini yerinə yetirməlidir. Lakin döyüş bizim torpağımızda gedir. Hesab edirəm ki, bu cəhdlər tamamilə faydasızdır. Rusiyanın mövqeyi xarici işlər naziri tərəfindən ifadə olunmuşdur. İranın da mövqeyi ifadə edilmişdir. Yəqin siz ölkələrin ərazi bütövlüyünün təminatına dair İranın münaqişənin həll edilməsi ilə bağlı planını eşitmisiniz. Bu yaxınlarda İranın Ali Rəhbəri Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini boşaltmalı olduğu ilə bağlı bəyanat vermişdir. Bu, iki qonşu ölkənin reaksiyasıdır. Türkiyənin mövqeyi yaxşı bəllidir. Türkiyə həmişə beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləyir. Həmçinin Gürcüstan da dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Bu, bizim qonşuların mövqeyidir. Ermənistan təcrid olunub. Onlar münaqişəni beynəlmiləlləşdirmək istəyirlər, onlar dəstək qazanmaq üçün bəzi feyk xəbərlərdən və tarixdən olan bəzi feyk məlumatlardan istifadə etmək istəyirlər. Lakin Ermənistan üçün ən yaxşı hərəkət öz məğlubiyyətini, bizim qələbəmizi qəbul etmək və yerdə qalan torpaqları boşaldacaqlarına dair üzərinə öhdəlik götürməkdən ibarətdir. -Əgər onlar Dağlıq Qarabağın müstəqilliyini tanıyarlarsa, Sizin buna reaksiyanız necə olardı? -Bilirsiniz, onlar müstəqilliyi tanımaq istəsəydilər, uzun müddət bundan öncə tanıyardılar. Nəyə görə əvvəl tanımadılar? Çünki onlar aydın başa düşürdülər ki, bu, çox məntiqsiz addım nəticəsində danışıqlar tamamilə dayanacaqdır. Odur ki, onlar bunu etsələr, danışılası bir şey qalmayacaq. Sonra nə sülh təşəbbüsü, nə əsas prinsiplər, nə də gələcək tənzimləmə, heç nə masa üzərində olmayacaq. Hesab edirəm ki, onlar bunu başa düşürlər. Onlar həmişə bundan bizi qorxutmaq üçün bir alət kimi istifadə etmək istəyirdilər və deyirdilər Azərbaycan bunu etsə, biz müstəqilliyi tanıyacağıq. Mən bu müharibə günlərində dəfələrlə demişəm və indi də deyirəm, Ermənistanın baş naziri, bu gün Dağlıq Qarabağı tanı, bunu et, cəsarətini göstər, sözünün bir məna daşıdığını göstər, bu gün Dağlıq Qarabağı tanı. Yenə də siz görəcəksiniz ki, onlar bunu etməyəcəklər. Çünki onlar qorxaqdırlar, onlar yalnız dinc vətəndaşlara qarşı vuruşa bilirlər və onlar gücümüzü, birliyimizi görüb qaçırlar. -Siz indi regionun muxtariyyətini qəbul etməyə hazırsınız? -Bu, əsas prinsiplər üzərində gələcək danışıqların bir hissəsi olmalıdır. Çünki əsas prinsiplərin birinci hissəsində işğal olunmuş ərazilərdən - 5 üstəgəl 2 rayondan vaxt cədvəlinə müvafiq olaraq qoşunların çıxarılması tələb olunurdu. Sonra təhlükəsizlik, sülhməramlı əməliyyatlar, Dağlıq Qarabağın statusu kimi əsas prinsiplərin başqa elementləri də var idi. Biz həmişə bunu müzakirə etməyə çox açıq idik. Biz dəfələrlə onlara müxtəlif yolları təklif etmişdik, lakin onlar bunları rədd etmişlər. Biz onlara Azərbaycan daxilində muxtariyyət təklif etdik, biz onlara mədəni muxtariyyət təklif etdik. Biz dedik ki, dünyada, Avropada, Skandinaviya, Alan Adaları timsalında, İtaliyada Cənubi Tirol timsalında və bir çox başqa yerlərdə yaxşı nümunələr var. Lakin onlar hər şeyi rədd etdilər. Onlar yalnız müstəqillik tələb edirdilər və istəyirdilər ki, biz bu müstəqilliyi tanıyaq. Bunu etməklə onlar, əslində, bizim bunu heç vaxt etməyəcəyimizi bilərək münaqişəni dondurmaq üçün hər şeyi edirdilər. Mən bilirəm, biz birincisi münaqişənin bu qaynar fazasını bitirməliyik, danışıqlar masasına qayıtmalıyıq, Ermənistan mənim artıq dediyim öhdəlikləri üzərinə götürməlidir və sonra biz gələcəkdə nə baş verəcək onun haqqında danışa bilərik. Bu məsələ ilə bağlı indi heç nə deyə bilmərəm. -Çox sağ olun, cənab Prezident. Mən bizə vaxt ayırdığınız üçün Sizə minnətdarlığımı bildirirəm. -Suallarınıza, Azərbaycana marağınıza görə çox sağ olun.

Hamısını oxu
Bir ömürlük xidmət: İmran Əbilovun işıqlı yolu

Cəmiyyətdə elə şəxsiyyətlər var ki, onlar ömrünü xalqa və Vətənə həsr etsələr də, bu barədə danışmağı, öndə olmağı heç zaman sevmirlər. Onların təvazökarlığına baxmayaraq, gördükləri işlər, topluma verdikləri töhfələr, eləcə də müxtəlif sahələrin xüsusilə elmin, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafındakı rolları gənc nəsillərə örnək olmalıdır. Bu səbəbdən də kənd təsərrüfatı sahəsində böyük iz qoymuş ziyalılardan biri  İmran Rəşid oğlu Əbilovun həyat yoluna nəzər salmaq yerinə düşər. İmran Rəşid oğlu Əbilov  kənd təsərrüfatı sahəsində dərin iz qoymuş, xalqına və torpağına sədaqətlə xidmət etmiş ziyalı və ictimai xadimdir. 23 oktyabr 1935-ci ildə Masallı rayonunun səfalı Mahmudavar kəndində dünyaya göz açan İmran Əbilov zəhmət və maarif yolu ilə addımlayan ziyalı, ictimai xadim, dəyərli kənd təcərrüfatı mütəxəssisidir. İlk təhsilini kənd məktəbində alan gənc İmran, 1954-cü ildə Lənkəran Pedaqoji Texnikumunu bitirərək, Boradigah kəndində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Təhsil və zəhmətə sevgisi onu daha böyük hədəflərə aparıb. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Stalin təqaüdü ilə və fərqlənmə diplomu ilə başa vurub. Ali təhsildən sonra doğma yurda dönən İmran müəllim, Həsənli kəndində yerləşən “Şən həyat” kolxozunda baş zootexnik kimi çalışaraq kənd təsərrüfatının inkişafına töhfə verib. Onun təşkilatçılıq bacarığı və idarəçilik qabiliyyəti 1959-1962-ci illərdə Masallı Rayon Partiya Komitəsində təlimatçı, daha sonra isə Rayon Komsomol Komitəsinin birinci katibi vəzifələrində çalışarkən özünü göstərib. 1962-ci ilin martından Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsində təşkilatçı kimi fəaliyyətini davam etdirən İmran Əbilov, 1963-1969-cu illərdə Masallı Rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi vəzifəsində çalışaraq bölgənin aqrar potensialının yüksəldilməsində mühüm rol oynayıb. 1969-1991-ci illər onun dövlət səviyyəsində fəaliyyətinin zirvəsi olub. Bu dövrdə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini, daha sonra isə Dövlət Aqrar Sənaye Komitəsinin sədr müavini kimi məsuliyyətli vəzifələrdə çalışıb. 1991-ci ildən Azərquşsənaye Dövlət Şirkətində vitse-prezident vəzifəsini icra edib. 1997-ci ildən etibarən Nazirlər Kabinetinin Aqrar-sənaye şöbəsində baş məsləhətçi kimi dövlət qulluğunda fəaliyyətini davam etdirən İmran Əbilov, 2011-ci ildən etibarən dövlət qulluğu təqaüdçüsüdür. Onun həyat yolu - maarifə, zəhmətə və dövlətə sədaqətlə xidmət edən nümunəvi bir ömrün təcəssümüdür. İmran Əbilovun zəngin və mənalı fəaliyyət yolunun önəmli səhifələrindən biri də onun beynəlxalq və ittifaq miqyaslı tədbirlərdə Azərbaycanın layiqli təmsilçisi kimi çıxış etməsidir. Onun rəhbərlik etdiyi nümayəndə heyətləri təkcə ölkəmizin deyil, bütövlükdə SSRİ-nin kənd təsərrüfatı sahəsindəki mövqeyini ifadə edirdi. 1970-ci ildə Gürcüstanda keçirilən Kolxozçular qurultayına Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi qatılan İmran müəllim, 1978-ci ildə Hindistanda təşkil olunan Beynəlxalq Camışçılıq Simpoziumunda artıq Sovet nümayəndə heyətinə rəhbərlik edirdi.  1979-cu ildə İsveçdə ölkəmizə həsr olunmuş ongünlük mədəni və iqtisadi tədbirlərdə iştirak etməsi, 1985-ci ildə isə Misirdə keçirilən Ümumdünya Camışçılıq Konqresində Sovetlər İttifaqını təmsil edən yeganə nümayəndə kimi çıxış etməsi onun beynəlxalq miqyasda yüksək dəyərləndirildiyini sübut edirdi. 1989-cu ildə Bolqarıstanda keçirilən Beynəlxalq Federasiyanın Avropa Komissiyasının müşavirəsində, eləcə də SSRİ daxilində Penza, Səmərqənd, Belqorod və Qrenburqda təşkil olunan müxtəlif elmi-praktik tədbirlərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində çıxış edən İmran Əbilov, iştirak etdiyi hər görüşdən sonra əldə etdiyi yeni bilik və təcrübələri respublikanın bölgələrində tətbiq etməklə kənd təsərrüfatının inkişafına real töhfələr verirdi.  Bu səfərlər təkcə statistik göstəricilər deyil, eyni zamanda, bir alimin, bir peşəkarın və bir vətənpərvərin milli maraqlar uğrunda göstərdiyi ardıcıl səylərin təcəssümüdür. Bədii yaradıcılığı isə həyatın mənəvi qatlarına işıq salır. “Bir ömrün salnaməsi”, “Vətənə vurğun ömürdən səhifələr”, “Deyilən söz yadigardır” və “Xatirələrdə yaşayan insan” kimi kitablarında müəllif keçdiyi mənalı ömür yolunu, zamanın axarında tanıdığı insanları, ölkənin ictimai-siyasi həyatında şahid olduğu hadisələri oxucularla bölüşür. Bu əsərlərin əhəmiyyəti təkcə xatirə janrında deyil, həm də tarixi sənəd və vətənpərvərlik ruhu daşıyan bədii publisistik mənbə kimi dəyərlidir.  Qeyd etmək yerinə düşər ki, “Bir ömrün salnaməsi” və “Vətənə vurğun ömürdən səhifələr” adlı kitablarında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərinə dəfələrlə yer verilməsi, müəllifin dövlətə və onun rəhbərlərinə olan dərin hörmətinin və sarsılmaz inamının parlaq ifadəsidir. İmran Əbilovun zəngin elmi və ədəbi irsi onun çoxşaxəli dünyagörüşünün və vətənə bağlı ziyalı mövqeyinin təcəssümüdür. Onun qələmindən çıxan əsərlər yalnız ixtisas sahəsində deyil, həm də milli ruhun, vətəndaşlıq mövqeyinin güclü ifadəsidir. Elmi yaradıcılığı əsasən kənd təsərrüfatı və heyvandarlıq sahəsinə həsr olunub. O, Azərbaycanın təbii-iqlim şəraitinə uyğun damazlıq heyvanların yetişdirilməsi, saxlanılması və bəslənməsi ilə bağlı elmi əsaslara söykənən tövsiyələr hazırlamış, bu sahədə onlarla kitab və məqalə qələmə almışdır. 1975-ci ildə yazdığı “Azərbaycana gətirilən cins malların iqlimə uyğunlaşdırılması” və “Buzovların bəslənməsi” kimi əsərləri bu sahədə çalışan mütəxəssislər üçün faydalı vəsaitlər olmuşdur. 1985-cı ildə nəşr etdirdiyi “Nauçno-obosnovannaya sistema vedeniya jivotnovodstva” adlı fundamental elmi əsər isə Azərbaycanın elmi heyvandarlıq strategiyasının əsas bünövrələrindən biri sayılır. Onun müəllifi olduğu “Azərbaycanda qoyunçuluq”, “Azərbaycanda camışçılıq”, “Damazlıq heyvanların biologiyası və yetişdirilməsi” kimi dərslik və elmi vəsaitlər bu gün də gənc mütəxəssislərin stolüstü kitabıdır. Eyni zamanda, xarici alimlərin əsərlərinə verdiyi elmi rəylər də onun beynəlxalq elmi aləmdə qəbul edilən bir tədqiqatçı olduğunu göstərir. İmran Əbilov yalnız kənd təsərrüfatının tanınmış mütəxəssisi kimi deyil, eyni zamanda ziyalılarla, elm və mədəniyyət adamları ilə qurduğu dərin mənəvi əlaqələrlə də fərqlənmiş bir şəxsiyyətdir. O, fəaliyyət göstərdiyi illər ərzində müxtəlif sahələrdə çalışan nüfuzlu şəxslərlə dostluq etmiş, fikir və düşüncə mübadilələri aparmışdır. Hələ Lənkəran Pedaqoji Texnikumunda oxuduğu gənclik illərində sevimli şairimiz Səməd Vurğunla məktublaşması, bu məktubların Azərbaycan Ədəbiyyat və İncəsənət Muzeyində qorunub saxlanılması onun ədəbiyyata, sənətə duyduğu ehtiramın göstəricisidir. Ədib Mehdi Hüseyn, şairlər Rəsul Rza və Bəxtiyar Vahabzadə, dramaturq İlyas Əfəndiyev, qəzəlxan Əliağa Bəkir, jurnalist və icmalçı Oruc Qoşqarlı, SSRİ Xalq artisti İsmayıl Dağıstanlı, Xalq artistləri Lütvəli Abdullayev, Canəli Əkbərov, Habil Əliyev, Sabir Mirzəyev, eləcə də qudası, böyük xanəndə Arif Babayev onun dostluq dairəsində olmuşlar. Şair Nəbi Xəzri, yazıçı Cəmil Əlibəyov, jurnalistlər Ağababa Rzayev, Rəfail Nağıyev, Əli İldırımoğlu ilə yaxın münasibətlər saxlamışdır. Bu dostluq çevrəsi təkcə ölkə daxilində məhdudlaşmamış, beynəlxalq səviyyəyə də yüksəlmişdir. Braziliyanın keçmiş kənd təsərrüfatı naziri Antonio Kabrera, Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının prezidenti X. Xinkovski, professor Alekso Alekseyev, SSRİ Kənd Təsərrüfatı Nazirinin müavini S. Kuznetsov kimi nüfuzlu şəxslərlə də tanışlıq və əməkdaşlıq onun elmi və ictimai nüfuzunu daha da möhkəmləndirmişdir. Bu görüşlər və dostluqlar barədə İmran Əbilovun müxtəlif kitablarında geniş şəkildə bəhs olunmuşdur. 1989-1991-ci illər… Azərbaycanın tarixinə ağır, eyni zamanda həmrəylik və fədakarlıq nümunələri ilə yazılan illər… Məhz belə bir dönəmdə İmran Əbilov Respublika Dövlət Aqrar Sənaye Komitəsi sədrinin göstərişi ilə işğal və təcavüzə məruz qalmış bir sıra bölgələrə - keçmiş Dağlıq Qarabağa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Ağdam rayonlarına göndərilmişdi. Bu səfərlər sadəcə xidməti tapşırıq deyildi. Vətənə, yurda, köməksiz insanlara səssiz bir sədaqətin ifadəsi idi. İmran Əbilov o bölgələrdə təkcə kənd təsərrüfatı mütəxəssisi kimi deyil, həm də millətin ağrısını duyan bir ziyalı kimi çıxış etmiş, erməni təcavüzü nəticəsində doğma torpaqlarından didərgin salınan soydaşlarımıza dayaq olmuş, onların yerləşdirilməsi, ehtiyaclarının qarşılanması istiqamətində əhəmiyyətli işlər görmüşdür. O günlərin ağrılı xatirələri, şahidi olduğu səhnələr, insanların çəkdiyi əzablar İmran Əbilovun “Vətənə vurğun” və “Ömürdən səhifələr” adlı kitablarında təsirli və real boyalarla qələmə alınmış, oxuculara bir tarix dərsi kimi təqdim olunmuşdur. Bu səhifələr təkcə bir ömrün deyil, bütöv bir xalqın yaddaşını daşıyan sətirlərdir. 1990-cı ilin iyun ayında ölkəni quraqlıq bürüdü, qaba yem ehtiyatları kəskin azaldı və bu, hər kəsi dərin narahatlığa sürüklədi. Respublika hökuməti Krasnodar bölgəsindən Azərbaycana 100 min ton qaba və qüvvətli yem gətirilməsi qərarını verdi. Lakin bu iş təkcə yemlərin alınması ilə bitmirdi, rayondakı nümayəndələr Krasnodarda öz təsərrüfatlarında yemi toplamalı, presləməli, sonra isə maşınlarla dəmir yolu stansiyalarına çatdırmalı və vaqonlarla ölkəyə göndərməli idilər.  Bu, ağır və mürəkkəb iş idi, üstəlik Krasnodarda yaşayan erməni əhalisi məqsədyönlü şəkildə bu işin həyata keçməsinə mane olur, işçilərə qarşı təzyiqlər göstərirdi. Bu məsuliyyətli iş nazir müavini İmran Əbilova tapşırıldı. O, böyük məharətlə Krasnodarda vəziyyətə nəzarət etdi və cəmi bir ay ərzində respublikaya 110.0 min ton qaba və qüvvətli yem daşıyıb gətirdilər. İ.Əbilovun kənd təsərrüfatının inkişafında rolu saymaqla bitməz. Silajın - yəni mal-qaranın qida ehtiyatlarını qorumaq üçün torpağa basdırılan yemlərin-Azərbaycanda ilk dəfə tətbiqi, damazlıq işinin sənaye prinsiplərinə uyğun qurulması, mədəni otlaqların yaradılması, qoyunların yaylaq çatışmazlığı səbəbindən stasionar şəraitdə saxlanılması, gətirilən cins malların iqlimə uyğunlaşdırılması kimi uğurlar onun adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında ölkədə heyvandarlığın inkişafına xüsusi diqqət yetirilirdi. O dövrdə bir inəkdən süd sağımı keçmiş SSRİ-də aşağı sayılan 650 kq-dan 2200 kq-a qədər yüksəldi və mal-qara cins tərkibi 96 faizə çataraq nadir göstəricilərdən biri oldu. İmran Əbilovun fəaliyyəti sayəsində Azərbaycana 300 min cins düyələr, 1 milyondan çox cins qoyun gətirildi və bu, ölkə rayonlarında heyvandarlığın keyfiyyətcə yeni səviyyəyə qalxmasına səbəb oldu. Heyvandarlıq sənaye əsaslarına keçərək, 200-ə yaxın iri heyvandarlıq kompleksi və quşçuluq fabrikləri inşa edildi.  Xarici ölkələrdən gətirilən müxtəlif cinsli mallar da ölkəmizin heyvandarlıq potensialını artırdı: Bolqarıstandan 1200 baş “Mürrah” camışı, Türkmənistandan 400 baş dəvə, Kubadan 200 baş zebu cinsli heyvanlar və digər ətlik cinsli mallar ölkə təsərrüfatlarında yetişdirildi.  Hər il Azərbaycana Sovet hökuməti tərəfindən ayrılan 1 milyon ton qüvvətli qarışıq yemə əlavə olaraq, İmran Əbilovun səfərləri sayəsində əlavə 200-300 min ton yem də təmin edilirdi ki, bu da heyvandarlığın inkişafında əvəzsiz rol oynadı. İmran Əbilovun zəhmət və xidmətləri həm yerli, həm də ölkə səviyyəsində daim yüksək qiymətləndirilmişdir. Onun 60 ilə yaxın davam edən fəaliyyət dövründə rəhbərlik tərəfindən göstərilən etimad və hörmət hər zaman bariz şəkildə özünü göstərmişdir. Masallıda işlədiyi illərdə xalq arasında dərin ehtiram qazanmış, bu gün də yaşlı nəsillə sıx əlaqələrini qoruyub saxlamışdır. 1965-ci ildə Masallıda “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, nazir müavini olduğu dövrdə isə “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri, yubiley medalları, eləcə də Xalq Təsərrüfatı Sərgisinin medalları və diplomları ilə mükafatlandırılmışdır. Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı və “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı onun fəaliyyətinə verilən  yüksək qiymətdir. Bundan başqa, İmran Əbilov keçmiş SSRİ-də Ümumdünya Buffalo Federasiyasının Daimi Komitəsinin yeganə üzvü kimi seçilmiş və Federasiyanın Qızıl medalı ilə təltif olunmuşdur. O, həmçinin keçmiş SSRİ Damazlıq Şurasının fəal üzvü və Zebuçuluq üzrə həmin Şuranın həmsədriseçilmişdir. Bu yüksək rütbələr onun peşəkarlığını və ölkənin kənd təsərrüfatı sahəsindəki nüfuzunu göstərir. 2011-ci ildə dövlət qulluğundan təqaüdə çıxdıqdan sonra belə, İmran Əbilov ictimai fəaliyyətini davam etdirərək, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətində (2013-2020) aktiv üzv olmuş, hazırda isə Respublika Əmək, Müharibə və Silahlı Qüvvələr Təşkilatının Rəyasət Heyətində təmsil olunur. Respublika Nazirlər Kabinetində çalışdığı illərdə, xüsusən 2005 və 2010-cu illərdə, onun əməyinə rəhbərlik tərəfindən yüksək qiymət verilib, təşəkkürnamələr və pul mükafatları ilə təltif olunmuşdur. Masallı rayonunda isə uzun müddət Ağsaqqallarla sıx əməkdaşlıq etdiyinə görə 2023-cü ildə rayon Ağsaqqallar Şurasının Fəxri Fərmanı ilə şərəfləndirilmişdir. O, həmçinin Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubiley medalı ilə təltif olunub. Azərbaycan Ordusunun döyüş ruhunun yüksəldilməsində, vətənpərvərlik duyğusunun gücləndirilməsində və ordu ilə xalq arasında mənəvi birliyin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirinin Fəxri Fərmanı ilə qiymətləndirilib. Veteranlar hərəkatının inkişafında göstərdiyi töhfələrə görə həmçinin Beynəlxalq Veteranlar İttifaqının Fəxri Fərmanları ilə də təltif edilmişdir. İmran Əbilov həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin seçki kampaniyalarında aktiv şəkildə iştirak edərək, zəruri təbliğat işlərini uğurla həyata keçirmişdir. Bu gün də o Ulu Öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu fəaliyyətin mətbuatda işıqlandırılması üçün səylə çalışır. Birinci Qarabağ müharibəsinin qazisi olaraq, Vətənə bağlılığı və torpağa sədaqəti ilə daim seçilmişdir. O, 44 günlük Vətən müharibəsi zamanı da bu mövqeyindən geri çəkilməmiş, xüsusilə gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasında fəal iştirak etmişdir. İmran Əbilovovun keçdiyi həyat yolu, mübarizə təcrübəsi və milli dəyərlərə bağlılığı bu işdə əsas örnək rolunu oynamışdır. İmran müəllim bu mühüm missiyanı bu gün də davam etdirir, gənc nəslə vətən sevgisi, milli ruh və dövlətə sədaqət hisslərinin aşılanmasında yorulmadan çalışır.  İ.Əbilov özünü Ulu Öndər Heydər Əliyev məktəbinin yetişdirdiyi dəyərli şəxsiyyət hesab edir və bundan qürur duyur. O, dövlətçiliyə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə sarsılmaz sədaqətini daim əməlləri ilə təsdiqləmiş, bu yolda bundan sonra da yorulmadan çalışmaqda qərarlıdır. İmran Əbilov özünü Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi hesab edir və bu mənəvi bağlılıqla hər zaman fəxrlə yaşayır. Onun həyat fəlsəfəsinin, fəaliyyət yolunun və dövlətə xidmət prinsipinin formalaşmasında dahi rəhbərin ideyaları mühüm rol oynayıb. İ.Əbilov bu məktəbdən aldığı tərbiyə və dövlətçilik ənənələrini yalnız özü yaşatmaqla kifayətlənməyib, eyni zamanda onu gənc nəslə aşılamaq üçün daim çalışıb. O, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursa, xüsusilə də ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası və iqtisadi inkişafı istiqamətində aparılan islahatlara sonsuz inam və sədaqətlə yanaşır. Bunu o, təkcə sözlə deyil, illərlə gördüyü ictimai və peşəkar fəaliyyəti ilə dəfələrlə sübuta yetirib. İ.Əbilov dövlətçiliyin keşiyində durmağı bir vətəndaşlıq borcu kimi qəbul edir və bu amal uğrunda bundan sonra da əzmlə çalışacağını qətiyyətlə bildirir. Onun bu mövqeyi həm öz nəsli, həm də gələcək nəsillər üçün nümunəvi və vətənpərvərliklə yoğrulmuş bir örnəkdir. Şəmsiyyə Əliqızı, “İki sahil”  

Hamısını oxu
İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib. Müxbir: Cənab Prezident, Sizi Davosda yenidən görmək çox xoşdur. Prezident İlham Əliyev: Təşəkkür edirəm. Sizi də bir daha görməyimə çox şadam. Burada sonuncu görüşümüz xatirimdədir və bu imkana görə sizə təşəkkür edirəm. Müxbir: Azərbaycanla Çin arasında dostluq, Sizin Çin xalqına münasibətiniz tərəfimizdən çox yüksək dəyərləndirilir. Prezident İlham Əliyev: Bəli, siz haqlısınız. Bizim çox yaxşı münasibətlərimiz var. Çin və Azərbaycan yaxşı dostlardır. Mənim Sədr Si Cinpinlə dəfələrlə görüşmək imkanım olub. Sonuncu dəfə bir neçə ay bundan öncə bizim çox yaxşı görüşümüz olub. Müxbir: Bu, Sizin doğum gününüzə təsadüf edirdi? O, Sizi doğum gününüz münasibətilə təbrik etdi. Prezident İlham Əliyev: Hətta ondan öncə, biz keçən ilin payızında beynəlxalq tədbirlərin birində görüşdük. Bizim gələcək əməkdaşlığımız haqqında çox məhsuldar müzakirələrimiz oldu. “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Sədr Si Cinpinlə görüşüm zamanı o məni Çinin böyük dostu adlandırdı. Müxbir: Çinin böyük dostu? Prezident İlham Əliyev: Bu mənim üçün böyük şərəf idi. Müxbir: Cənab Prezident, bu məlumatı paylaşdığınız üçün çox sağ olun. Azərbaycan və Çin haqqında danışarkən söhbət təkcə müzakirələrdən yox, praktiki fəaliyyətdən də gedir. Bu da yüksək qiymətləndirilir və hətta deyərdim ki, bizi heyran edir. Azərbaycanı və Çini bir-birinə daha uzun müddətə dayanıqlı şəkildə yaxınlaşdıracaq əməkdaşlıq fəaliyyətini necə görürsünüz? Prezident İlham Əliyev: Əməkdaşlığımız üçün tərəfimizdən çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik. Onlardan bəziləri müxtəlif sahələrdə artıq kifayət qədər fəaldır. Biz Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəkləyirik. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Beləliklə bizim həqiqətən də çoxşaxəli münasibətlərimiz var. Müxbir: Başa düşürəm ki, infrastruktur, enerji və tikinti sahələrində investisiyalarla bağlı çoxlu müzakirələr və praktiki addımlar olub. Məsələn, Azərbaycanda fəaliyyət göstərən Çin şirkətləri tərəfindən. Bəs onlar və ölkənizə gələn digər investorlar üçün hansı siyasəti təmin edirsiniz? Prezident İlham Əliyev: Ümumiyyətlə, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Bu da təbiidir və biz bunu anlayırıq. Lakin indi bizim şaxələnmə barədə düşünmək, düşünmək yox, hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpa olunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Biz, sadəcə, müvafiq şəkildə siyasətimizi planlaşdıraraq strukturlaşdırmalıyıq və xarici investorlar üçün hətta bundan da yaxşı şərait yaratmalıyıq. Lakin, biz investorları gəlməyə məcbur edə bilmərik. Biz yalnız... Müxbir: Dəvət edə bilərsiniz? Prezident İlham Əliyev: Dəvət edə bilərik. Müxbir: Onları yaxşı qarşılayaraq və yaxşı siyasətlərlə...Bu barədə söhbət edərkən mən “Bir kəmər, bir yol” layihəsi haqqında danışmaq istəyirəm. Çünki bu il, cənab Prezident, “Bir kəmər, bir yol” təşəbbüsünün 10-cu ildönümüdür. Azərbaycan indi artıq “Bir kəmər, bir yol” layihəsinə çevrilmiş təşəbbüslərdə çox konstruktiv rol oynayır. Çinlə “Bir kəmər, bir yol” təşəbbüsü ilə bağlı nailiyyətlər, koordinasiya və əməkdaşlıqla bağlı düşüncələriniz nədir? Gələcəyi necə görürsünüz? Çünki dünya çox sürətlə dəyişir. Beləliklə, strateji nöqteyi-nəzərdən hansı istiqamətdə irəliləyirsiniz? Prezident İlham Əliyev: Əvvəla, “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik. Biz əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri - avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirmişik. Beləliklə, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. İndi isə biz Şimal-Qərb marşrutu haqqında da danışırıq. Bu, uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Əlbəttə ki, nəqliyyat layihələrinə necə münasibət göstərməsi ölkələrin strategiyasından asılıdır. Bizim üçün bu, iqtisadiyyatımızı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığımızı azaltmaq üçün əsas amillərdən biri idi. Deyə bilərəm ki, ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir. Çünki burada bir çox ölkələrin səylərinin birləşdirilməsi lazımdır ki, bizim razılaşdırılmış tarif siyasətimiz mövcud olsun və heç bir ölkə süni şəkildə öz mənfəətini artırmağa çalışmasın. Biz müştərək faydanı görməyi öyrənməliyik. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Çinin artıq yeni bir dəmir yolu layihəsinin təşəbbüsü ilə çıxış etdiyini və onu artıq başladığını bilirəm - Çin-Qırğızıstan-Özbəkistan. Bu layihə də bizə, Xəzər dənizinə istiqamətlənib. Bu, çox vacib əlavə təchizat marşrutudur. Orta Dəhlizin parlaq gələcəyi var. Müxbir: Əlbəttə ki. Prezident İlham Əliyev: Mən buna tamamilə əminəm. Müxbir: Orta Dəhliz bu baxımdan getdikcə çox vacib rol oynayır. Cənab Prezident, “Bir kəmər, bir yol” layihəsində çoxlu yeniliklər olub. Layihə indi daha çox yaşıl, ekoloji cəhətdən təmiz və daha yüksək keyfiyyətə malikdir. Bu, sizin Çinlə və bəzi başqa ölkələrlə əməkdaşlığınızda özünü necə göstərir? Prezident İlham Əliyev: Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Beləliklə, biz bu səyləri birləşdirməliyik. Bizim prioritetlərə gəldikdə, bərpaolunan enerji mənbələri bizim üçün indi əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində biz 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Çünki Avropada baş verən yaşıl enerjiyə keçiddən xəbərimiz var. Eyni zamanda, Azərbaycan neft və təbii qazın təchizatçısıdır. İndi biz yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırırıq. Dediyim kimi, biz ilkin sənədləri imzalamışıq. Əlbəttə ki, müqavilələr gələcəkdə imzalanacaq. Lakin bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var. Biz ixrac etmək imkanına malik olmaq üçün həm də ötürücü xətlərə də sərmayə yatırmalıyıq, çünki bizim özümüzə bu qədər enerji lazım deyil. Müxbir: Cənab Prezident, mən 10 dəqiqədir Sizi dinləyirəm. Mən çox işin görüldüyünü, çox şeyə artıq nail olunduğunu eşitdim və bu, olduqca böyük təəssürat yaradır. Çünki son vaxtlar çox söz danışılır, ancaq əməllər daha çox qiymətləndirilir. Mən ötən illərdə iştirak etdiyim bir neçə Dünya İqtisadi Forumunu xatırlayıram, biz bir səhnədə idik, Siz mənim moderatorluq etdiyim paneldə iştirak edirdiniz. Prezident İlham Əliyev: Bəli, xatırlayıram. Müxbir: Bizim bir neçə ətraflı müsahibəmiz oldu, Sizin çox konstruktiv olduğunuzu xatırlayıram. Siz öndə olmaq istəyirsiniz ki, insanlara ölkənizin necə hazır olduğunu deyəsiniz. Məni hər zaman bir məsələ maraqlandırır ki, vəd vermək üçün kifayət qədər cəsur və mərd olmaq, ən mühümü isə sonra bu vədləri yerinə yetirmək cəsarətinə sahib olmaq üçün nə lazımdır? Prezident İlham Əliyev: İlk növbədə, demək istərdim ki, yerinə yetirə bilmədiyim sözü heç vaxt vermirəm. Müxbir: Deməli, demək istəyirsiniz ki, mən doğru sual verirəm? Prezident İlham Əliyev: Bəli, tamamilə doğrudur. Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam. Siz tamamilə haqlısınız ki, çoxlu sözlər danışılır, çoxlu bəyanatlar, açıqlamalar verilir, sonra isə onlar tamamilə yoxa çıxır və bu açıqlamaları, vədləri verənlər, onları ya unudur, ya da özlərini elə aparırlar... Müxbir: Onlar da yoxa çıxır. Prezident İlham Əliyev: Onlar da yoxa çıxır, tamamilə doğrudur. Biz yalan vədlərə əsaslanan çox sayda siyasi və ya seçki kampaniyaları görmüşük. Lakin bu, uğura gətirib çıxarmayıb, uğur yalnız müvəqqəti olub. Çünki insanlar hər şeyi çox yaxşı başa düşürlər. Onlar yadda saxlayırlar. Əgər siz vəd verib yerinə yetirməmisinizsə onlar sizi dəstəkləməyəcəklər. Mən hər zaman görülmüş işi nümayiş etdirməyi üstün tuturam və hər zaman planlarımızla bağlı insanlarla məsləhətləşirəm. Mənim Azərbaycan cəmiyyəti ilə çox açıq kommunikasiya kanalım var. Müxbir: Sirr nədən ibarətdir. Bölüşə bilərsinizmi? Prezident İlham Əliyev: Mən hər il regionlara təxminən 30-40 səfər edirəm və insanları hansı problemlərin narahat etdiyi, nələrin həll edilməli olması ilə, nə etməli olduğumuzla maraqlanıram. Bu, enerji təhlükəsizliyi, nəqliyyat kimi qlobal layihələrin bir hissəsidir, insanların gündəlik həyatıdır. Onların daha yaxşı yaşamaları üçün nəyə ehtiyacları var və bu daha yaxşı həyatı necə təmin etmək olar? Müxtəlif alətlər var. İlk növbədə, siz xalqınızla dürüst davranmalısınız və onda onlar sizi dəstəkləyəcəklər, sizə etibar edəcəklər. Başladığımız bütün proqramlarımıza gəlincə, onların hamısı icra olunub. Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb. Müxbir: Demək asandır, sübut etmək isə çətindir. Prezident İlham Əliyev: Bəli. Mən demək olar ki, 20 illik prezidentliyim dövründə söylədiyim hər bir sözə görə məsuliyyət daşıya bilərəm. Millətimizin əldə etdiyi ən böyük nəticələrdən biri işğal altındakı ərazilərin 2 il əvvəl azad edilməsi oldu. Bu, həm də tarixi nailiyyət idi, bəlkə də ən mühüm tarixi nailiyyət. Müxbir: Cənab Prezident, Sizdən enerji böhranı haqqında danışmağı xahiş edirəm. Bu, həm də bu il Dünya İqtisadi Forumunda müzakirə olunan ən mühüm mövzulardan biridir. Enerji böhranı başlayandan Sizin ölkəniz strateji cəhətdən başqaları ilə əməkdaşlıq edir ki, Azərbaycanın qlobal problemlərin həllində mühüm rol oynamasını təmin etsin. Cənab Prezident, ətraflı danışa bilərsinizmi, bu ideyaları strateji cəhətdən irəli sürməyi, Dünya İqtisadi Forumunda deyildiyi kimi, maraqlı tərəfləri bir araya gətirməyi və bunu belə aktual vaxtda etməyi necə bacardınız? Mən, həmçinin bu enerji böhranının gedişatını Sizin necə gördüyünüzü eşitmək istərdim. Prezident İlham Əliyev: Bizim bu sahədəki təşəbbüslərimizə və nailiyyətlərimizə gəlincə, ilk növbədə, biz enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaratmışıq və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olmuşuq. Biz ilkin sərmayələri cəlb edərkən kəmərlərimiz yox idi. Kəmərlər sonra inşa olundu. Bu kəmərləri inşa etmək üçün biz tranzitorlarla, qonşularımızla razılaşmalı idik. Biz hər kəs üçün uduşlu bir vəziyyət yaratmalı idik, ədalətli olmalı idik, əməkdaşlığa və dəstəyə hazır olmalı idik. Mən enerji siyasətimizdə hər zaman demişəm ki, Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. Enerji prosesinin hər bir hissəsinin sözsüz ki, töhfədən asılı olaraq öz mənfəət payı olmalıdır, bu, ədalətli olmalıdır. Biz hər zaman ədalətli olmuşuq. Ona görə də, biz 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisini tamamladıq. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Beş aparıcı maliyyə institutunun hamısı buna öz töhfəsini verib. Biz komanda işini qurmağa nail olduq. Biz bu işi məhz belə qura bildik. İndi - bütün bu infrastruktur layihələrinin hazır olduğu bir vaxtda belə alındı ki, bizim qazımıza indiyədək olduğundan daha çox ehtiyac var. Çünki Avropada qaz çatışmazlığı var və bizim Avropaya kəmərimiz enerji təhlükəsizliyinə töhfənin elementlərindən biridir. Ötən il biz Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzaladıq. Biz 5 il ərzində bu hədəfə nail olacağıq, bu, mümkündür, baxmayaraq ki, asan olmayacaq. Azərbaycan sözsüz ki, təbii qazın çox böyük təchizatçısı deyil, lakin bizim Şərqi və Cənubi Avropada bazarımız var və gələcəkdə daha çox qaz hasil etdikcə, coğrafiyamızı genişləndirəcəyik. Müxbir: Siz deyirsiniz ki, hazırsınız. Şans sizin tərəfinizdə olacaq. Prezident İlham Əliyev: Bəli. Müxbir: Siz bunu nəzərdə tutursunuz? Prezident İlham Əliyev: Tamamilə doğrudur. Müxbir: İndi dünyaya nəzər salın. Dünya İqtisadi Forumunun mövzusu “Parçalanmış dünyada əməkdaşlıq”dır. Bu mövzunun seçilməsinin səbəbi ondan ibarətdir ki, əməkdaşlıq etmək çətindir. Bu mənada ölkənizin lideri olaraq və hazırda dünyanın çağırışlarına qarşı konstruktiv rol oynayarkən Siz əməkdaşlığın mənasını nədə görürsünüz? Əməkdaşlığı çətinləşdirən nədir? Prezident İlham Əliyev: Düşünürəm ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın, öz potensialının düzgün hesablanmaması, qarşınızdakının, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi. Bu, etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır. Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub. Müxbir: Bu, həyat kimidir. Prezident İlham Əliyev: Bu, həyat kimidir, tamamilə doğrudur. Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür. Bu suala cavab verərkən sizin diqqətinizə çatdıra biləcəyim daha bir misal bizim Qoşulmama Hərəkatının sədri kimi səylərimizdir. Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Biz yekdilliklə seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılıb. Bu müddət ərzində biz həqiqətən də nümayiş etdirdik ki, bu hərəkatın səsinin eşidilməyini istəyirik, biz bu hərəkatın dünya arenasında öz yerini tutmağını istəyirik. Çünki böyük güclər arasında qütbləşmə açıq-aşkardır. Böyük güclərin maraqları arasındakı uçurum ola bilsin ki, kiçilməyəcək. Ona görə də faktiki olaraq alternativ kimi yaradılmış, lakin sonradan müəyyən mənada potensialını itirmiş Qoşulmama Hərəkatının böyük potensialı var, çünki ölkələrin bu və ya digər dərəcədə eyni keçmişləri var, eyni problemləri var. Onların əksəriyyəti müstəmləkə olub və onlar başqalarının əsarəti altında yaşamağın nə demək olduğunu bilirlər. Biz pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərmişik. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik. Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik. 1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Yəni, biz kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdıq. Bu ideologiya üstünlük təşkil etsə, dünya daha təhlükəsiz olar. Bir daha qeyd etmək istəyirəm ki, bu gün dünyanın üzləşdiyi əsas problemin legitim mənbəyi yoxdur. Bunlar, sadəcə, baxışlar, ambisiyalar və virtual liderlik uğrunda mübarizə ilə bağlıdır. Müxbir: Məsələnin tərəfinizdən bu cür qoyuluşu xoşuma gəldi. Prezident İlham Əliyev: Bilirsiniz, bu liderliyi ölçmək mümkünsüzdür. O, virtualdır və ixtiyarınızda olan media tərəfindən yaradıla bilər. O, nəzarətinizdə olan QHT-lər tərəfindən yaradıla bilər. Ancaq, necə deyərlər, rəqabət mühitində siz bunu sübut edə bilməzsiniz. Bu səbəbdən onlar gərək silahları yerə qoysunlar və bəşəriyyətin üzləşdiyi problemlərə diqqətlərini yönəltsinlər – yoxsulluq, aclıq və bir çox ölkələr üçün içməli suyun və elektrik enerjisinin əlçatan olmaması. Budur fundamental problemlər. Müxbir: Cənab Prezident, dedikləriniz Çin tərəfindən təklif edilmiş “Vahid Gələcək Birliyi” ideyasını xatırladır. İnsan olaraq bizim eyni elementar ehtiyaclarımız var. Biz kimin bizə xoş münasibət bəslədiyini, dostlarımızı tanıyırıq və uzunmüddətli perspektivdə kiminlə irəli gedə biləcəyimizi bilirik. Prezident İlham Əliyev: Əlbəttə. Sizə səmimi deyə bilərəm ki, dəstək və əməkdaşlıqla bağlı qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir. Siz bunu qlobal miqyasda edirsiniz. Biz isə bunu daha çox regional miqyasda edirik. Ancaq bizim fəlsəfəmiz eynidir və uğurludur. Baxın, Çin dünyada ən çox uğur qazanmış ölkələrdəndir və dünyanın aparıcı iqtisadiyyatlarındandır. Siz buna öz əməyiniz, xalqınızın və ölkə rəhbərliyinin müdrikliyi və nəticəyönümlü səyləriniz sayəsində nail olmusunuz. Müxbir: Cənab Prezident, mənim sonuncu sualım var. Bu gün Davos İqtisadi Forumunun açılışında çıxış edən Çinin Baş nazirinin müavini Liu He bizim ölkənin iqtisadi inkişafa və islahatlara sadiqliyini, dünyaya daha da açıq olmasına dair sarsılmaz əzmini bəyan etdi. Bilirəm ki, Sizin Çin rəsmiləri ilə tez-tez təmaslarınız olur. Siz Çinin bu məsələlərə sadiqliyini necə qiymətləndirirsiniz və bunlar ölkəniz üçün nə deməkdir? Prezident İlham Əliyev: Dedikləriniz çox vacib məsələlərdir. Siz bunu daha yaxşı bilərsiniz. Çin iqtisadiyyatı təkcə ölkənizlə məhdudlaşmır. Onun qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır – artım nə qədər olacaq, faiz dərəcəsi hansı səviyyədə olacaq və sair. Bu, bir məsuliyyətdir və hökumətiniz bu qlobal məsuliyyəti dərk edir. Ölkənizin yüksəkrütbəli rəsmisi Davosda belə bəyanatla çıxış edirsə, bu, dünya iqtisadiyyatı, bütün ölkələr, o cümlədən bizim ölkə üçün də çox yaxşı siqnaldır. Azərbaycan kimi ölkə üçün Çində iqtisadi artım olduqca vacibdir. Siz onilliklər ərzində müəyyən edilmiş hədəflərə müntəzəm surətdə nail olmusunuz. Biz sizə uğurlar diləyirik. Çünki həm qlobal iqtisadiyyatın bir parçası, həm də dost olaraq biz bütün planlarınızın həyata keçməsini arzulayırıq. Sizin iqtisadi göstəriciləriniz qlobal iqtisadiyyata və bir çox ölkələrə ciddi dərəcədə təsir edir. Müxbir: Cənab Prezident, Siz çox təvazökarsınız. Rəhbərliyinizlə ölkənizin nailiyyətləri münasibətilə Sizi təbrik edirəm. Cənab Prezident, Çin təqviminə görə bu il dovşan ilidir və bir neçə gün sonra biz onun gəlişini qeyd edəcəyik. Sizdən Çində bizim tamaşaçılarımızı salamlamağı xahiş etmək istərdim. Biz Yeni ili bir neçə gün sonra qeyd edəcəyik və bu da Davos İqtisadi Forumunun sonuna təsadüf edir. Prezident İlham Əliyev: Mən çinli dostlarımızı Çin təqvimi üzrə Yeni il münasibətilə təbrik etmək istəyirəm. Bütün Çin xalqına sülh, firavanlıq və uğur diləyirəm. Azərbaycan olaraq biz sizin dostunuz və tərəfdaşınızıq. Bizim uzun illərdir ki, çox yaxşı münasibətlərimiz var. Biz sizin ölkənizi sevirik və şadıq ki, getdikcə daha çox azərbaycanlı Çinə səfər edir. Bununla yanaşı, Çindən gələnlərin də sayı artır. İnsanlar arasında təmaslar daha sıx siyasi münasibətlərin qurulmasında vacib rol oynayır. Əminəm ki, Çin özünün iqtisadi və sosial inkişafında uğurlar əldə etməyə davam edəcək və bizi birləşdirəcək Orta Dəhliz layihəsi uğurla həyata keçiriləcək. Yeni iliniz mübarək! Müxbir: Cənab Prezident, çox səmimi təbrikinizə görə sağ olun. Prezident İlham Əliyev: Təşəkkür edirəm, məmnun oldum. Müxbir: Ümidvaram ki, Siz tezliklə Çinə səfər edəcəksiniz, çünki dovşan ilində hər kəs sürətlə hərəkət edir.  

Hamısını oxu