Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Rusiya Federasiyasının ölkəmizdəki səfiri ilə görüşüb

Bu gün Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikovun rəhbərlik etdiyi nümayəndə heyəti Respublika Veteranlar Təşkilatını ziyarət edib, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb.   Görüş əsnasında Respublika Veteranlar Təşkilatnın fəaliyyəti ilə yaxından tanış olan səfirə görülən və görülməsi nəzərdə tutulan işlər haqqında məlumat verilib, Rusiya və Azərbaycan veteran təşkilatları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivi ilə bağlı fikir mübadiləsi aparılıb.   Azərbaycan və Rusiya xalqları arasında möhkəm dostluq əlaqələrinin mövcudluğuna diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, faşizmə qarşı xalqlarımızın birgə mübarizə apardığını, bəşəriyyətin gələcəyi təhdid edən “qəhvəyi taun”a qarşı mübarizədə tarixi həmrəylik sərgilədiklərini bildirib. Bu gün də iki dövlət arasında sıx dostluq münasibətlərinin mövcudluğuna diqqət çəkən Fatma Səttarova, Azərbaycan və Rusiyanın dövlət başçıları arasında da şəxsi dostluq münasibətinin mövcudluğunu vurğulayıb, bu dostluğun xalqlarımız üçün də nümunə olduğunu qeyd edib.   Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov da Azərbaycan-Rusiya münasibətlərinin tarixən dinamik şəkildə inkişaf etdiyini, hər iki xalqın bir-birlərinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına böyük maraq göstərdiyini qeyd edib. Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında da ətraflı danışıb.   Daha sonra çıxış edən Rusiya Federasiyasının səfiri Mixail Boçarnikov səmimi qəbula görə Fatma Səttarovaya təşəkkürünü bildirib, təşkilat sədrinə gül dəstəsi təqdim edib.  Azərbaycan-Rusiya xalqlarının dostluq və əməkdaşlığından məmnunluğunu ifadə edən Mixail Boçarnikov Azərbaycan xalqının faşizmə qarşı mübarizədəki xidmətlərini yüksək qiymtələndirib, birgə tarixi mübarizənin xalqlarımızın həmrəyliyinə nümunə olduğunu bildirib. Mixail Boçarnikov onu da qeyd edib ki, Respublika Veteranlar Təşkilatının fəaliyyətini maraq və məmnunluqla izləyir.   Görüşün sonunda səfir Mixail Boçarnikov Fatma Səttarovaya Rusiyanın “Qələbə” Təşkilatı Komitəsinin “1941-1945-ci illər Böyük Vətən Müharibəsi Qələbəsinin 75 ili” medalını təqdim edib. Respublika Veteranlar Təşkilatına bu cür mötəbər medalın təqdim edilməsinə, təşkilata və şəxsinə göstərilən etimada görə Mixail Boçarnikova, onun timsalında Rusiya dövlətinə təşəkkür edən Fatma Səttarova, Azərbaycan-Rusiya dostluğunun bundan sonra da davam edəcəyinə inamını ifadə edib.   Seymur ƏLİYEV

2021-03-12 00:00:00
3976 baxış

Digər xəbərlər

Tehran sülh istəmir, amma müharibə aparmağı da bacarmır - TƏHLİL!!

5 mart 2026-cı il tarixində İranın Naxçıvandakı bir sıra mülki obyektləri dron zərbəsinə məruz qoyması yalnız ölkəmizdə deyil, bütün dünyada ciddi etiraz və narahatlığa səbəb olub. ABŞ-İsrail koalisiyasının dağıdıcı zərbələrinə məruz qaldığı, aqibəti tükdən asılı olduğu bir zamanda İranın Azərbaycana heç bir əsas olmadan dron zərbələri endirməsi, rəsmi Tehranın qeyri-dost və qeyri-məntiqi davranışıdnan xəbər verir. Bu gerçək onu deməyə əss verir ki, molla rejimi nə yaxın, nə də uzaq ölkələrlə münasibətdə sülh istəmir və öz mövcudluğunu xaosda, digər dövlətlərlə qarşıdurmalar fonunda tapır. Bununla yanaşı, İranın Naxçıvandakı mülki obyektlərə zərbə endirməsi sübut edir ki, molla rejimi müharibə aparmağı da bacarmır. Çünki istər beynəlxalq hüquq və konvensiyalar, istərsə də əxlaq və mənəviyyat mülki insanları hərbi əməliyyatların hədəfinə çevirməyi yasaqlayır. Lakin İranın bu hüquqi-mənəvi qadağanı nəzərə almaması, öz hərbi gücünü dinc insanları hədəf almaqla isbatlamağa çalışması İranın müharibə mədəniyyətindən məhrum olduğunu göstərir. Bu, eyni zamanda İranın müharibədə belə heç bir əxlaq, heç bir mənəviyyat tanımadığını sübut edir. Təsadüfi deyil ki, 5 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı İranın bu addımını namərdlik kimi qiymələtdirərək deyib: “Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”. (https://president.az/az/articles/view/71792 ) Daha sonra çıxışı davam etdirən Müzəffər Ali Baş Komandan Tehran rejimini həm də nankorluqda ittiham edib: “Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək”. (https://president.az/az/articles/view/71792 ). Məlumat üçün xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri erməni faşizminə qarşı 44 günlük Vətən müharibəsində belə heç bir mülki obyekti, dinc insanı hədəf almayıb, bir nəfər də olsa sadə vətəndaşa xəsarət yetrməyib. Hətta mülki infrstrukturu və dinc insanları qorumaq üçün ordumuz mülki obyektlər içərisində ermənilərin quraşdırdığı artilleriya qurğularına belə atəş açmayıb, yaxud, bu atəş son dərəcə dəqiqliklə endirilib. Azərbaycan Ordusu eyni həssaslığı 2023-cü ilin 19-20 sentyabr tarixlərində reallaşdırılan anti-terror əməliyyatlarında da sərgiləyib. Məhz bunun nəticəsidir ki, anti-terror əməliyyatından sonra  - 1 oktyabr 2023-cü il tarixində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərliyi ilə Qarabağ regionuna səfər edən BMT missiyası hərbi əməliyyat nəticəsində heç bir mülki infrastruktura zərər dəymədiyini bildrib. Bu rəy onların missiya ilə bağlı hesabatında da yer alıb. (https://azerbaijan.un.org/az/248051-bmt-nin-qaraba%C4%9Fa-missiyas%C4%B1-ba%C5%9Fa-%C3%A7at%C4%B1b ). Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, İranın bütün digər məsələlərdə olduğu kimi müharibə mədəniyyəti sahəsində də Azərbaycandan, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən öyrənməli olduğu çox şey var. Lakin molla rejiminin mahiyyətini - sonsuz cılızlığını, sözü ilə əməli arasındakı ənənəvi ziddiyyəti, əxlaq və mənəviyyatdan hədsiz uzaqlığını nəzərə alsaq, əminliklə bir söz demək olar: İran heç vaxt bu ucalğı yüksələ bilməyəcək! Seymur ƏLİYEV  

Hamısını oxu
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1372 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 1.1. “Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin: “Xalid Əhədov – Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi”; 1.2. “Elçin Əmirbəyov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi” və “Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi” abzasları aşağıdakı redaksiyada verilsin: “Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Elçin Əmirbəyov – Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi”; 1.3. “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin; 1.4. “Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri” sözləri “Aydın Kərimov – Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi” sözləri ilə əvəz edilsin; 1.5. “Kamran Əliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin: “Elçin Yusubov – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev – Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov – Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi”; 1.6. “Fikrət Məmmədov” sözləri “Fərid Əhmədov” sözləri ilə, “İnam Kərimov” sözləri “Məcnun Məmmədov” sözləri ilə əvəz edilsin; 1.7. “Anar Quliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edilsin: “Fərid Qayıbov – Azərbaycan Respublikasının gənclər və idman naziri”; 1.8. “Vüqar Süleymanov” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin: “Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri”. 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 dekabr 2024-cü il

Hamısını oxu
Polkovnikdən Türkiyə ictimaiyyətinə çağırış: Azərbaycanla münasibətləri gərginləşdirməyin!

"İki qardaş ölkə arasında nifaq salmaq istəyənlər var. Amma nə Türkiyə xalqı, nə də Azərbaycan xalqı bu nifaqa uymamalıdır. Xalqlar arasında olan dostluq və qardaşlıq missiyası davam etdirilməlidir. Çünki Türkiyə ilə Azərbaycan arasında həm güclü iqtisadi, hərbi, həm də mədəni əlaqələr mövcuddur. Bu əlaqələri inkişaf etdirmək lazımdır. Münasibətlərdə gərginlik yaradılmasına icazə verməməliyik. Biz Türkiyənin ictimaiyyətinə də müraciət edirik və xüsusilə qeyd edirik ki, əhali arasında olan insanlar da bu yoldan çəkindirilməlidir. Onlara başa salınmalı və tələb olunmalıdır ki, qardaş dövlətləri bir-birinə vurmasınlar, aralarında gərginlik yaratmasınlar". Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirdi. Müsahibimiz diqqətə çatdırdı ki, Azərbaycan və Türkiyə beynəlxalq, hərbi, humanitar və mədəni məsələlərdə həmişə bir yerdə olub: "Beynəlxalq səviyyədə hər birimiz bir-birimizin ölkəsini dəstəkləmişik. Bu gün də belədir, gələcəkdə də belə olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına, Azərbaycan ordusuna, Azərbaycanın Prezidentinə və vitse-prezidentinə necə hörmətlə yanaşırsa, Azərbaycan tərəfindən də Türkiyəyə eyni münasibət göstərilir. Yadımdadır ki, müharibə başlamazdan əvvəl Prezident Ərdoğan xüsusi qeyd etdi ki, Azərbaycan tək deyil. Eyni zamanda, xatırlayıram ki, bir dəfə Türkiyə haqqında suallar verirdilər və Türkiyənin orada nümayəndəsi yox idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi ki, Türkiyənin nümayəndəsi yoxdur, mən buradayam. Nə sualınız varsa, Türkiyə ilə əlaqədar mən cavablandırım. Yəni bu, bir daha sübut etdi ki, bizim aramızda qardaşlıq, dostluq və əmin-amanlıq var". C.Xəlilov vurğuladı ki, sülhü, əməkdaşlığı və qardaşlığı pozmaq istəyən qüvvələr var: "Xarici dövlətlərdən münasibətləri pozmağa maraq göstərənlər, eyni zamanda, daxilimizdə Azərbaycanı istəməyən qüvvələr var. Biz buna yol verməməliyik. Münasibətləri pozmaq istəyənlərə Türkiyənin alimləri, siyasətçiləri və din xadimləri tərəfindən münasibət bildirilməli, onlar bu işlərdən çəkindirilməlidirlər. Dövlətlər arasında qardaşlıq münasibətləri davam etməlidir. Xarici dövlətlərdən bizə təzyiqlər artdıqca, qardaşlığımız daha da möhkəm və etibarlı olmalıdır ki, xarici təzyiqlərə birlikdə müqavimət göstərək". Həmsöhbətimiz qeyd etdi ki, bu məsələləri yalnız Azərbaycanın dövlət aparatında, Xarici İşlər Nazirliyində çalışanlar və siyasətlə məşğul olan insanlar araşdırmalı, lazım gəldikdə, onlara cavab verməlidirlər: "Siyasətdən başı çıxan, bu məsələləri və problemləri bilən insanlar öz mövqelərini ortaya qoyurlar. Ondan sonra bəzən araşdırılmamış, dəqiqləşdirilməmiş yalan məlumatlar yayılır. Bunun qarşısı alınmalı, hər kəsin Azərbaycanın maraqlarının qorunması adı ilə beynəlxalq səviyyədə hər hansı məsələyə münasibət bildirməsinə imkan verilməməlidir". Aytəkin TOFİQQIZI  

Hamısını oxu
İsmayıl Əli oğlu İbrahimov

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış alimi və ictimai xadimi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, professor İsmayıl Əli oğlu İbrahimov 2016-cı il iyulun 16-da ömrünün 101-ci ilində vəfat etmişdir.  İsmayıl İbrahimov 1915-ci il dekabr ayının 31-də Azərbaycanın Ordubad şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1930–1935-ci illərdə Bakı şəhərində Sənaye Politexnik Texnikumunun mexanika fakültəsində oxumuş, 1935–1941-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində ali təhsil almışdır. 1941-ci ildə Azərbaycan Baş Energetika İdarəsində əmək fəaliyyətinə böyük mühəndis olaraq başlayan İsmayıl İbrahimov elə həmin il ordu sıralarına çağırılaraq 1942-ci ilədək Budyonnı adına Hərbi-Elektrotexniki Rabitə Akademiyasında təhsil almışdır. O, döyüşən ordu sıralarına göndərilmiş və cəbhədə bacarıqlı hərbi mütəxəssis kimi fərqlənərək batalyon komandirliyinə qədər yüksəlmişdir. İsmayıl İbrahimov İkinci Dünya müharibəsindən qayıtdıqdan sonra 1946–1988-ci illərdə Azərbaycan Sənaye İnstitutunda baş laborant, assistent, baş müəllim, dosent, professor və kafedra müdiri işləmişdir. O, 1960–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun rektoru vəzifəsini tutmuşdur. 1970-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən İsmayıl İbrahimov 1978-ci ildə yenidən Azərbaycan Neft və Kimya İnstitutunun rektoru təyin olunmuş və 1988-ci ilədək həmin vəzifədə çalışmışdır. O, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. İsmayıl İbrahimov 1952-ci ildə texniki elmlər üzrə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1968-ci ildə isə professor adını almışdır. O, elə həmin ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. Akademik İsmayıl İbrahimov uzun illər ərzində səmərəli elmi fəaliyyəti sayəsində Azərbaycanda kibernetika, idarəetmə sistemləri, avtomatlaşdırma və informasiya texnologiyalarının inkişafında mühüm xidmətlər göstərmişdir. Alim özünün çoxillik elmi yaradıcılığı ilə ölkədə neftayırma, neft-kimya emal qurğu və proseslərinin kompleks avtomatlaşdırılması üzrə sxemlərin işlənib hazırlanaraq sənayedə tətbiqi işinə töhfələr vermişdir. Bu tədqiqatlar istehsalatın səmərəliliyinin yüksəldilməsi üçün lazımi zəmin yaratmışdır. İsmayıl İbrahimov 140-dan artıq elmi əsərin, o cümlədən 20-dək monoqrafiyanın, elmi-metodiki vəsait və dərsliklərin müəllifi idi. Alimin rəhbərliyi altında 40-dan çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. O, bir sıra mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə ölkə elmini layiqincə təmsil etmişdir. İsmayıl İbrahimov elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar şəkildə əlaqələndirmişdir. Alim respublikada və onun hüdudlarından kənarda tanınan mötəbər bir ali təhsil ocağına rəhbərlik etdiyi illər ərzində neftçi kadrların yetişdirilməsi və Azərbaycanın “neft akademiyası” kimi şöhrətinin artırılmasında böyük xidmətlər göstərmişdir. İsmayıl İbrahimovun ictimai fəaliyyəti də zəngin və təqdirə layiqdir. O, bir neçə çağırış Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilmiş, uzun müddət Azərbaycan Uşaq Fondunun İdarə Heyətinin sədri olmuşdur. Alimin fədakar əməyi yüksək qiymətləndirilmişdir. O, müxtəlif orden və medallar almış, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan “Şərəf” ordeninə layiq görülmüşdür. Tanınmış ictimai xadim, alim və pedaqoq İsmayıl Əli oğlu İbrahimovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!   İlham Əliyev Artur Rasizadə Oqtay Əsədov Ramiz Mehdiyev Elçin Əfəndiyev Hacıbala Abutalıbov Fatma Abdullazadə Akif Əlizadə Mikayıl Cabbarov Arif Mehdiyev Arif Paşayev İsa Həbibbəyli Tofiq Nağıyev İbrahim Quliyev Rasim Əliquliyev Telman Əliyev Maqsud Əliyev Çingiz Qacar Mustafa Babanlı

Hamısını oxu