Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

General-leytenant Hüseyn Rəsulbəyov

Sovet dövründə bizim xeyli tanınmış hərbi sərkərdəmiz olub. Onların sıra-sında general-leytenant Hüseyn Rəsulbəyovun xüsusi yeri və dəsti-xətti vardır. Müharibədən əvvəl təhsil və əmək fəaliyyətə başlaması, texniki işlərlə məşğul olması, hərbi akademiyanı bitirdikdən sonra döyüşən orduya, müharibəyə yollanması, orada özünü əsl komandir və mütəxəssis kimi göstərməsi onun peşəkarlığından və parlaq gələcəyindən xəbər verirdi. Bir məsələni açıq şəkildə söyləmək istəyirəm. Sovetlər dönəmində qeyri-slavyan millətindən olan insanların ali vəzifələrə təyin olunması, yüksək rütbələr alması heç də asan məsələ deyildi; səbəb də o idi ki, qeyri-slavyan millətindən olan insanlara o qədər də inanmırdılar. Bu stereotipləri qırmaq yüksək professionallıq tələb edirdi, gərək digərlərindən mütləq dərəcədə fərqlənəydin ki, səni yüksək vəzifəyə təyin edəydilər. Uzun müddət işinlə, əməlinlə sübut yetirməliydin ki, sən professionalsan, sən düzgün insansan, sən ədalətlisən, sən işini bilənsən, yüksək təşkilatçılıq bacarığın var, idarəetmə qabiliyyətinə maliksən. Bu xüsusiyyətlərə malik olmaq sovet dövründə asan məsələ deyildi və Hüseyn Rəsulbəyov general-leytenant rütbəsinə yüksələrək Azərbaycanın adını xeyli ucaltmışdır. Rəsulbəyov 1941-ci ilə Moskvada F.E. Dzerjinski adına Hərbi Mühəndislik Akademiyanı bitirmiş ilk azərbaycanlı olub. O, hava hücumundan müdafiə sisteminin zenit-raket qoşunlarının komandanı vəzifəsinə yüksəlmiş yeganə azərbaycanlıdır. Rəsulbəyov sayılıb-seçilən generallardan idi. Hər bir Azərbaycan gənci üçün, hər bir Azərbaycan zabiti üçün onun 40 illik xidmət dövrü gözəl bir nümunədir. Ona görə də tarixdə belə şəxsiyyətlər qalmalıdır və qalır. Onun keçdiyi həyat yolu, fəaliyyəti dərindən öyrənilib gənclərimizə, zabitlərimizə, əsgərlərimizə çatdırılmalıdır. Azərbaycan ictimaiyyəti onun haqqında geniş məlumata malik olmalıdır. General-leytenant H. Rəsulbəyov həm Moskvada, həm də keçmiş Sovet İttifaqının müxtəlif yerlərində, hətta uzaq Misirdə, Qvineya-Bisauda, Əfqanıstanda və digər xarici ölkələrdə xidmət etmişdir. Hərbi xidmətdən sonra Azərbaycanın rabitə naziri vəzifəsinə təyin edilən Hüseyn Rəsulbəyov bu sahədə də böyük uğurlara imza atıb. Onun Azərbaycanın şəhər və kəndlərinin telefonlaşmasında, radio-televiziyanın maddi-texniki bazasının möhkəmlənməsi və yenilənməsində xüsusi xidmətləri olmuşdur. Qədirbilən Azərbaycan xalqı general-leytenant Hüseyn Rəsulbəyovun ölkəmiz qarşısında xidmətlərini heç vaxt unutmayacaqdır. Mən də 40 ildən artıq hərbi sahədə xidmət etmişəm. Biz kursantlar vaxtilə belə sərkərdələrin adını eşidəndə, azərbaycanlılar arasında belə generalların çıxmasını görəndə çox sevinir və fəxr edirdik. Onlar həmişə bizim fəxrimiz, tariximizdilər, Azərbaycan tarixində xüsusi xidmətləri olan insanlardılar. Bunları biz heç vaxt unutmamalıyıq. General-leytenant Hüseyn Rəsulbəyov Vətənimiz üçün yüzlərlə peşəkar hərbiçinin yetişdirilməsində iştirak etmiş, Azərbaycanın inkişafı üçün önəmli addımlar atmışlar. Azərbaycanda rabitə kommunikasiyaların qurulmasında da onun böyük xidmətləri var. Ona görə biz ona minnətdarıq, fəxr edirik ki, Azərbaycan tarixində belə generallar var. Çox istəyərdik ki, general arzusunda olan zabitlərimiz, əsgərlərimiz, gənclərimiz elə insanların həyat yolunu özlərinə nümunə götürsünlər, onlar kimi çətinlikləri keçməyi, hörmət qazanmağı bacarsınlar. Görkəmli sərkərdə və dövlət xadimi general-leytenant Hüseyn Rəsulbəyov Azərbaycan tarixində, onun hərbi salnaməsində əbədi olaraq yaşayacaqdır.    Polkovnik Cəlil XƏLİLOV,  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranları Təşkilatının sədr müavini,  Azərbaycan Respublikası Prezidenti yanında  Dövlət İdarəçiliyi Akademiyasının dosenti,  siyasi elmlər üzrə fəlsəfə doktoru  

2017-09-06 00:00:00
2110 baxış

Digər xəbərlər

Azərbaycan Respublikası Prezidentinin sərəncamı

1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 02 may 2024, 15:34 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram: 1. 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2,0 (iki) min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1,0 (bir) min manat məbləğində birdəfəlik maddi yardım verilsin. 2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə: 2.1. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat vəsait ayrılsın; 2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin; 2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 2 may 2024-cü il

Hamısını oxu
Anım Günündə Cəlilabadda Şəhidlər Xiyabanının açılışı olub

Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Veteran.gov.az xəbər verir ki, Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da şəhidlərin xatirəsi ehtiramla anılıb.Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, rayon Veteranlar Təşkilatının üzvləri və din xadimləri iştirak edib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tədbirdə çıxış edərək  44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalçılardan azad edərək tarixi Qələbəyə imza atdığını vurğulayıb. Bu il sentyabrın 12-dən 13-nə keçən gecə baş vermiş növbəti erməni təxribatı nəticəsində qəhrəmancasına şəhid olan igid Azərbaycan oğullarının qanlarının yerdə qalmadığı, görülmüş əks-hücum tədbirləri nəticəsində düşmənə layiqli cavabın verildiyini qeyd  edib. Şəhid ailələri adından çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin anası Sevil Abdullayeva, Vətən müharibəsi şəhidi Elməddin İbrahimovun atası Zeynəddin İbrahimov, Vətən Müharibəsi Qəhrəmanı, leytenant Qəzənfər Ağayev, Birinci Qarabağ şəhidi Şamil Nəzərovun qardaşı, baş leytenant Aqil Nəzərov və Qarabağ qazisi Maşalla Əliyev çıxış edərək igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən danışdılar. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan razılığını ifadə edən çıxışçılar Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər. Tədbir iştirakçıları Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsinə yenidən inşa edilmiş Şəhidlər Xiyabanını və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, əbədi məşəl önünə əklil və gül-çiçək dəstələri qoyublar. Tədbirdən sonra rayon Veteranlar Təşkilatının İdarə Heyətinin üzvləri müharibənin ilk günü şəhid olan Cəlilabad rayonunun Muğan kəndinin igid oğlu Dəmirov Həsən Turan oğlunun ailəsini ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxunub. Allah bütün şəhidlərimizi rəhmət eləsin! Ədalət  SALMANOV Cəlilabad rayon Veteranlar Təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist  

Hamısını oxu
Möhkəm təməl üzərində qurulan əməkdaşlıq

Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir. Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub.2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb.Tarixə nəzər salsaq görərik ki, Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir.Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir.Statistikaya görə Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir.Hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir. Ticarət dövriyyəsi dəfələrlə artır. Potensialın artması tendensiyası da mövcuddur.Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir.Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artıb. 100 milyon dollar da son hədd deyil. Müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün tədbirlər görülür.İnvestisiya siyasəti üzrə digər formalara da müraciət olunacaq. Artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb.Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Bu qardaş dəstəyinə görə çox minnətdarıq. Bu, bizim üçün böyük əhəmiyyətə malikdir.Energetika və nəqliyyat sahələrinin böyük potensialı var. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik.Prezident İlham Əliyevin carı ilin 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi, qarşılıqlı fəaliyyət məqsədlə münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq.Cari ilin 24 aprel tarixində iki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”; “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi”; “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qırğız Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Nazirlər Kabineti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında 2024-2029-cu illər üzrə Əməkdaşlıq Proqramı”; “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətdə statistik məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol”; “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”; “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”; “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” Azərbaycan-Qırğızıstan arasında əlaqələrin daha da şaxələnəcəyindən xəbər verir.Ötən həftə Bakı şəhərində hər iki ölkənin dövlət başçısının iştirakı ilə Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılış mərasimu oldu. Abidə dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq. Məşhur Məmmədov,Millət vəkili

Hamısını oxu
Zabit yoldaşı qollarında şəhid olan qazimiz:

“Silah yoldaşım yanımda snayper gülləsindən yaralandı. Əlini sıxdım ki, qorxma, çıxacağıq, yaşayacaqsan. Son nəfəsində mənə evlərinin nömrəsini verib, ailəmə xəbər verərsən deyib qollarımda şəhid oldu...İnsan o görüntüləri yaddaşından silə bilmir, bu gün də mən gözlərimi yumub rahat yuxu yata bilmirəm...” Nə qədər ağır olsa da, bu müharibədən geridə qalan acı həqiqətidir. 44 günlük Vətən müharibəsində 2783 nəfər hərbi qulluqçu həlak olub. O igidlərin öz dilindən eşidə bilməyəcəyimiz ən azı 2783 qəhrəmanlıq dastanı qaldı geridə. Onların şücaətləri barədə isə elə onlarla çiyin-çiyinə vuruşan, şəhidlərin qanını yerdə qoymayan qəhrəman qazilərimiz, əsgərlərimiz danışacaq. Elə bu dəfə ki, müsahibimiz kimi. Müharibə başlayandan orduya can atan Mehdiyev Samir Nizami oğlu səfərbərlik elan edildikdən sonra ön cəbhəyə yollanan hərbçilərimizdəndir. Zabit kimi Vətən müharibəsində iştirak edən Samir deyir ki, döyüşlərə tağım komandiri kimi başlayıb.   - Döyüşlərə hansı istiqamətdə başladınız? - Füzuli istiqamətindən döyüşlərə başladıq. Bizim tabor bu istiqamətdə döyüş tapşırıqlarını layiqincə yerinə yetirdi. Biz Füzuliyə girəndə ermənilər döyüşmək yerinə silahlarını, mövqelərini qoyub qaçırdılar. Bəlkə də bir neçə saatın içində Füzulini ermənilərdən təmizlədik. Daha sonra Cəbrayıl istiqamətində irəliləməyə başladıq. Hadrut istiqamətində də çox gərgin döyüşlər oldu. Düşmənin döyüş meydanında qoyub-qaçdığı zirehli texnikaları, silah-sursatları qənimət kimi götürürdük. Onların mövqelərini tuta-tuta irəliləyirdik. Boşaldılan kəndləri gördükcə insanın ürəyi ağrıyırdı. Bizim torpaqlarımızı, ata-baba evlərimizi darmadağın ediblər. - Yaralandığınız istiqaməti xatırlayırsızmı? - Xocavənd istiqamətindəki döyüşlərdən sonra Şuşa uğrunda döyüşlərə qoşulduq. Səngərlərdə mövqelərimizi tuturduq. Hər səngərdə demək olar ki, 3-4 nəfər olurduq. Şuşanın girişinə çox az qalmışdı. Düşmən minaatandan atəş açdı. Çox təəssüf ki, mərmi səngərdə dayanan əsgərin üzərinə düşdü. Bir anlıq hər kəs yerində dondu qaldı. Gözümüzün önündə yox oldu... Qanı üzərimizə sıçradı. Mən və zabit yoldaşım isə qəlpə yarası aldıq. Ayağımdan bir neçə yerdən qəlpə yarası aldım, mərminin dalğası isə aşağı ətrafları yandırdı. Şokdan çıxa bilmirdik. Əsgərlər bizi yaralı halda sürüyə-sürüyə təhlükəsiz mövqelərə gətirdilər. Oradan təcili tibbi yardım maşını ilə Füzuli rayon xəstəxanasına gətirildim. İlkin yardım edildikdən sonra Bakıya göndərdilər. - Bəs o səngərdə şəhid olan əsgər...? - Özümə gələn kimi, o əsgərin ailəsini ziyarət edəcəm. O gənc qəhrəman özü bilmədən digərlərinin həyatını xilas etdi. O qədər cəsur, mərd əsgər idi, sizə onu ifadə edə bilmirəm. Ömür boyu bu hadisə mənim hafizəmdən çıxmayacaq. Hər gözümü yumanda o gəlir gözümün önünə. Artilleriya atəşindən bir neçə dəqiqə qabaq isə əsgərlər çay istəmişdi. Həlak olan əsgər birinci dedi mən dəmləyərəm. Sonra bilmirəm nə oldusa, fikrini dəyişdi. Digər əsgər yoldaşı getdi, o qaldı. Bəlkə də o da əsgər yoldaşları ilə birlikdə getsəydi, indi sağ olardı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əsgərlərimizin hər biri yüksək əhval-ruhiyyədə idi, can atırdılar ki, irəli getsinlər. Danışdıqca özümə yaxşı hiss etmirəm. O uşaqların üz-gözü yadımdan çıxmır. Səhər bir yerdə olduğun əsgərin bir neçə saat sonra nəşini daşımaq çox ağırdır...Bunu izah etmək olmur. Hər saniyənin öz hökmü olduğunu çox acı şəkildə yaşadıq... - Azad edilən ərazilərdə düşmən tərəfindən yerləşdirilən minalar çox idi? - Bizim qarşımızda ermənilər var. Onlar elə düşməndir ki, illərdir bu ərazilərdə pusqular qurub. Onlar savaşa bilmir, ancaq qorxub qaçırlar. Qaçdıqca əraziləri minalayırlar. Amma Azərbaycan Ordusu onların düşündüyündən də güclü, yüksək hərbi biliklərə malikdir. Odur ki, biz nə özümüz, nə də əsgərlərimizi onların tələlərinə düşməyə icazə vermədik. Əraziləri, evləri minalayır, müxtəlif partlayıcı qurğular qoyurdular. Bəzən zirehli jiletlərini, bir neçə silahlarını ortalıq yerdə atıb, altına partlayıcı qoyurdular. Kəndlərdə isə küçəyə diqqət çəkmək üçün müxtəlif zinət əşyaları, avadanlıqlar qoyurdular. O qədər dilənçi millətdir ki, zənn edirdilər ki, bizim əsgərlər onları götürüb tələyə düşəcək. Əvvəla biz irəlidə əsgərlərin getməsinə icazə vermirdik. İkincisi isə heç kim ərazi təmizlənməmiş heç nəyə toxunmurdu. - Özünüzün qarşılaşdığınız və zərərsizləşdirdiyiniz partlayıcı olubmu? - Bir dəfə Cəbrayılda bir kəndə girdik. Kənddəki evlərdən birinin qapısında əl qumbaralarından ibarət “sürpriz” hazırlanmışdı. Biz onlardan daha ehtiyatlı davranıb hazırlanan qurğunu işə düşməmiş zərərsizləşdirdik. Şükür ki, heç bir itkimiz olmadı. Evlərin içərisində ermənilər gizlənə bilərdi, mülki əhali qala bilərdi. Ona görə biz bütün evlərə girib boş olduğunu yoxlayırdıq. - Sosial şəbəkələrdə evlərin anbarında şorabalardan, kompotlardan yeyən-içən əsgərlərin videoları paylaşılırdı. Hər kəs onlara görə narahat olurdu ki, zəhərli olar. Bəs siz istifadə edirdinizmi o qidalardan? - Xeyr, bizim qida ehtiyatımız var idi. Bütün hallarda müharibədir, çətinlik ola da bilərdi, amma bütün hallarda əsgərlərin o qidalara toxunmasına, yeməsinə icazə vermirdik. Onların təhlükəsizliyi naminə bu məsələdə qəti qərar verilmişdi. Siz təsəvvür etməzsiz, əhalidən bizə nə qədər qida, isti corab, papaq, əlcəklər göndərirdilər. Analarımız öz əlləri ilə yun corablar toxuyub göndərirdi. Onların əsasən, qoyunlarından, toyuqlarından kəsib kabab edirdik. Əsgərlərə şərait yaradırdıq ki, yorğunluqlarını belə atsınlar. - Sizin üçün müharibədə ən çətin mövqe, ən ağır döyüş hansı istiqamətdə oldu? - Füzuli istiqamətində hücuma keçəndə bunker deyilən yerə hücuma keçdik. 28 ildə hazırladıqları bunkerlər artilleriya davamlı olduğu üçün silah-sursatları orada saxlayırdılar. Snayperlər, qumbaraatan qurğular orada saxlanılırdı. Biz hücuma keçəndə onlar gözlədilər. Bunkerlərə yaxınlaşdıqdan sonra düşmən bizi artilleriya atəşinə tutdu. Bir neçə əsgər, zabit yoldaşlarımız şəhid oldu. Təxminən 3-4 saat davam edən ağır döyüşlərdə təəssüf ki, itkilərimiz oldu. Yaralılarımızı təhlükəsiz mövqelərə çəkdik. Düşmən isə öz yaralılarını elə orda qoyub qaçırdı. Gecə isə şəhid olan yoldaşlarımızın nəşlərini neytral ərazidən götürdük. Füzulinin Əsləsgərli kəndinə hücuma keçərkən tabor komandirimiz mayor Azayev şəhid oldu. Düşmənin snayper atəşi ilə həlak olan mayor Azayev 12 nəfərdən ibarət zabit, əsgər heyətinin həyatını xilas etdi. Ermənilər bizi mühasirəyə almağa cəhd etdilər, amma buna nail ola bilmədilər. Döyüş tapşırıqlarını yerinə yetirib, mövqelərimizi dəyişirdik. Düşmənin mövqelərində çox qalmaq olmurdu, çünki onlar ilk olaraq tərk etdikləri səngərləri atəşə tuturdular.   - Ən uzun çəkən döyüş hansı oldu? - Hadrut istiqamətindən qızğın döyüşlər getdi. Yüksəklik olduğu üçün düşmən hər cür mənfur addımı atırdı. Lakin, sonunda haqq qazandı, biz qazandıq. Onları iti qovan kimi qovub, torpaqlarımızdan çıxardıq. - Şuşanın azad olunması xəbərini xəstəxanada aldınız? - Bəli. Ayın 5-i mən artıq xəstəxanada idim. Onda eşitdim ki, bizim tabor Şuşaya girib. Həm sevindim, həm də kədərləndim. Sevindim ona görə ki, əsgər yoldaşlarımız bizim yoxluğumuzda belə düşmənə Azərbaycan Ordusunun gücünü göstərdi. Kədərlənməyim isə Şuşaya girmək, azadlığı uğrunda döyüşdə iştirak etmək şərəfinə nail olmamağıma görədir. Amma Ali Baş Komandana təşəkkür edirəm ki, Vətən müharibəsində iştirak etmək şərəfinə layiq görülənlərdən biri oldum. - Yaralandığınızla bağlı ilk xəbəri kimə dediz? - Biz ailədə beş qardaşıq. Ortancıl qardaşıma mesaj yazdım. Anam xəstədir, qorxdum ki, narahat olar. Elə Füzulidə xəstəxanada qardaşıma mesaj yazdım ki, “Horadizdə hospitala düşmüşəm, heç kimə demə. Yaram yüngüldü”.   Sonra zəng elədim ki, kənara çəkilər yəqin. Qardaşım da elə bilib ki, mən deyiləm, kimsə mənim adımdan yazıb. Qorxub.  Söhbətimizə qoşulan qazımızın qardaşı Füzuli Mehdiyev deyir ki, səsini eşidənə qədər qardaşının şəhid düşdüyünü zənn edib: “Ağlıma o qədər fikirlər gəldi ki, narahat oldum. Düşündüm ki, ciddi nəsə olub. Mənə demirlər. Sonra səsini eşitdikdən sonra ürəyim yerinə gəldi. Düşündüm ki, atama necə deyim ki, qorxmasın. Bizim öz aramızda qərargah adlandırdığımız otağımız var. Həmişə orda oturub söhbət edirdik. Atamı otağa çağırdım, gələn kimi soruşdu ki, “Samirə nə olub?”. Dedim yaxşıdı, sadəcə yaralanıb. Elə həmin gün də Füzuliyə yola düşdük. Evə gələnə qədər anama demədik ki, Samir yaralanıb”. Qazimizin atası Nizami Mehdiyev isə oğlu ilə fəxr etdiyini deyir: “Beş oğlum var hamısını vətənpərvər ruhda böyütmüşəm. Özüm Birinci Qarabağ müharibəsində iştirak etmişəm. Müharibəyə könüllü olaraq yardım edənlərdən biri olmuşam. O vaxt 26 şəhidi daşımışdım, oğlum üçün bir anlıq həyəcan keçirdim. Şəhidlik ən uca zirvədir, təəssüflənməzdim. Amma atayıq, valideyn olduğumuz üçün ani olaraq sağ-salamat olduğunu eşitmək istəyirsən... Birinci mənə dedilər ki, Samirin ayağını çəkmə sürtüb, həkimə aparıblar. Özüm də ehtiyatda olan zabitəm, dedim məni aldatmayın. Nəhayət səs yazısını mənə dinlətdilər, canı üstündədir dedilər ürəyim sakitləşdi”. - 44 gün ərzində ailəniz ilə danışa bilirdinizmi? - Çalışırdım hər gün danışım. Lakin, imkan olmurdu. Orada dalğa tutmurdu. Elə olurdu günlərlə evi yığa bilmirdim. Ailəmdən, övladlarımdan ötrü darıxırdım. Həm də mən cəbhədə olanda qızımın ad günü oldu. Burda əlimdən gələn heç nə yox idi. Bu döyüşlərə gəlmişik ki, müharibə sabaha qalmasın, övladlarımıza qalmasın. Qızıma bir məktub yazdım. Xahiş etdim ki, ona çatdırsınlar. Qismətdir, bəlkə bir də görmək nəsib olmaz. Bilsin ki, atası harda olursa olsun onu da, qardaşını da bir an belə yadından çıxarmayıb. Sağ olsun qardaşım, məktubu qızıma çatdırıb. Onun da görüntülərini çəkib mənə göndərdi. Hisslərimi ifadə edə bilmirəm. Allah bütün əsgərləri ailələrinə, əzizlərinə qovuşdursun. Şəhid olan əsgərlərimizə Allah rəhmət eləsin, yaralı əsgərlərimizə şəfa diləyirəm. Könül CəfərliFoto: Ramil Zeynalov

Hamısını oxu