Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikası Prezidentinin sərəncamı

1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

02 may 2024, 15:34

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2,0 (iki) min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1,0 (bir) min manat məbləğində birdəfəlik maddi yardım verilsin.

2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə:

2.1. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat vəsait ayrılsın;

2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin;

2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 may 2024-cü il

2024-05-02 20:37:35
3662 baxış

Digər xəbərlər

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb. APA-nın məlumatına görə, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib,  Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edənlər xalqımızın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək Mübariz İbrahimovun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıblar.  Milli Qəhrəmanın timsalında bütün şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında daim əziz tutulacağı xüsusi vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildiyi diqqətə çatdırılıb. Daha sonra tədbir iştirakçılarına şəhidimizin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunan, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

Hamısını oxu
Zəfərin Sədaları Altında: Tarixin, Qəhrəmanlığın və Suverenliyin Diyarında – Naxçıvan

Zamanın tozlu səhifələrini vərəqlədikcə bəzi torpaqların adları tarixə qızıl hərflərlə yazılır. Elə bir diyar var ki, onun hər daşı bir qəhrəmanlıq dastanı, hər nəfəsi bir mübarizə nəğməsidir bu diyar Naxçıvandır. Naxçıvan Azərbaycanın canlı tarix salnaməsi, ulu keçmişinin aynası, qəhrəmanlıq və müdriklik məkanıdır. Əsrlərin sınağından çıxmış bu qədim torpaq həm tarixi kökləri, həm də müasir inkişafı ilə Azərbaycanın milli kimliyində mühüm yer tutur. “Nuh peyğəmbərin məskəni”, “Əcəmi yurdu”, “Heydər Əliyev diyarı” kimi ifadələr onun çoxşaxəli və zəngin simasını əks etdirir. Nuhun türbəsi məhz burada yerləşir. Şəhərin adı bəzi mənbələrdə “Nuhun açdığı yer” kimi də izah olunur. Tarixi faktlar göstərir ki, bu torpaqlarda insan məskənləri hələ Paleolit dövrünə  təqribən 100 min il əvvələ gedib çıxır. Eneolit və Tunc dövrlərində burada formalaşan mədəniyyət və ictimai həyatın izləri Kəngərli, Ordubad, Şahbuz, Culfa və Babək kimi bölgələrdə bu gün də yaşadılır. Naxçıvan həm də Azərbaycan memarlığının beşiyi sayılır. XII əsrdə yaşamış dahi memar Əcəmi Naxçıvani tərəfindən inşa edilən Möminə Xatun və Yusif ibn Küseyir türbələri təkcə Azərbaycanın deyil, bütün İslam aləminin memarlıq incilərindəndir. Bu abidələr Naxçıvanın tarixi, estetik və mənəvi dəyərinin canlı sübutudur. Naxçıvan əsrlər boyu yadelli hücumlara qarşı sipər olmuş, igid oğul və qızları ilə vətənin keşiyində dayanmışdırlar. Xüsusilə 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzkar siyasəti və ölkədəki xaos zamanı Naxçıvan blokada şəraitində milli dirənişin və dövlətçiliyin rəmzinə çevrildi. Bu çətin dövrdə Naxçıvanı sabitlik adasına çevirən şəxsiyyət isə Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı ildə Moskvadan Vətənə qayıdan Heydər Əliyev ilk olaraq doğma Naxçıvana gəldi. O zaman ölkənin böyük hissəsində anarxiya hökm sürsə də, onun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası özünü qorudu və Azərbaycanın müstəqillik yolunda möhkəm dayağına çevrildi. Məhz onun təşəbbüsü ilə 1990-cı ilin iyulunda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Ali Məclisinin binasında qaldırıldı. Bu, Azərbaycanın müstəqillik yolunda atdığı ən cəsur addımlardan biri idi. Bu gün Naxçıvan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi və mədəni inkişafının öncül nümunəsinə çevrilib. Bölgədə həyata keçirilən infrastruktur, səhiyyə, təhsil və sənaye layihələri Naxçıvanın potensialını tam şəkildə ortaya qoyur. Bu inkişafın və milli birliyin bariz nümunəsi isə 2025-ci il mayın 19-da Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümünə həsr olunan “8 Noyabr Zəfəri – suverenliyimizin qarantıdır” adlı konfransda bir daha özünü göstərdi. Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən bu möhtəşəm tədbir yalnız rəsmi bir toplantı deyil, həm də tarixə, milli ruh və ideologiyaya dərin ehtiramın ifadəsi idi. Konfrans Naxçıvanın təkcə strateji deyil, həm də mənəvi və ideoloji baxımdan Azərbaycanın dayaq nöqtələrindən biri olduğunu bir daha sübut etdi. Ulu Öndər Heydər Əliyevin abidəsi önündəki sayğı duruşu ilə başlanan bu gündə tarix və milli ruh bir yerdəydi. Polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndə heyəti Naxçıvana səfər etmişdi. Tarixi abidələrə edilən səfərlər, igidlərin xatirəsinə göstərilən ehtiram, xalqla dövlətin bir-birinə sıx bağlı olduğunun canlı ifadəsi idi. Bu konfrans bir daha sübut etdi ki, 8 Noyabr  Zəfərin, suverenliyin və milli iradənin bayramıdır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin sözləri ilə desək, bu Zəfər regionun geosiyasi mənzərəsini dəyişdirən, yeni dövrün qapılarını aralayan bir tarixdir. Polkovnik Cəlil Xəlilovun çıxışında bir məqam xüsusi ilə yadda qaldı: “8 Noyabr Zəfəri Cənubi Qafqazda köhnə və zərərli status-kvonu dağıtdı, yeni reallıqlar yaratdı.” Bəli, bu reallıqlar təkcə hərbi üstünlük deyil, həm də tarixi ədalətin bərpası, milli mənəviyyatın, xalqın qürurunun özünə dönüşüdür. Ən başlıcası isə xalqın öz torpağına sahib çıxması, milli ruhun və suverenliyin təntənəsidir. Bu ruhun təməli hələ ötən əsrin sonlarında Ulu Öndər Heydər Əliyev tərəfindən atılmışdı. O, Azərbaycanın müstəqilliyinin ilk illərindəki çətin və qarışıq dövrlərdə xalqın iradəsini, dövlətin dayaqlarını bərpa etdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyərək milyonların içində sönməkdə olan inam çırağını yenidən alovlandırdı. Heydər Əliyev təkcə dövlət qurucusu yox, həm də bu xalqın milli ideologiyasını formalaşdıran tarixi şəxsiyyət idi. Onun həyata keçirdiyi ordu quruculuğu islahatları, vətənpərvərlik ruhunun təməlinə çevrildi. Bu möhkəm təməlin üzərində yüksələn Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün ən şanlı səhifəsini 2020-ci ildə yazdı. 44 gün ərzində xalq bir yumruq kimi birləşdi, ordu əfsanəvi zəfərlərə imza atdı, Prezident Müzəffər Ali Baş Komandan kimi xalqı və ordunu bir hədəf ətrafında topladı. Bu, xalqın yaddaşında onillərlə daşıdığı ədalət arzusunun gerçəyə çevrilməsi idi. Şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi bu zəfərin əbədi əsaslarıdır. Bu sütunlar üzərində yüksələn Zəfər abidəsi isə yalnız bugünkü nəsli deyil, gələcək nəsilləri də ruhlandıracaq. Bu Zəfər Heydər Əliyevin müstəqillik mirasını qoruyub inkişaf etdirən İlham Əliyev liderliyində Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək gücünə sahib olduğunu sübut etdi. Tarix yazıldı və bu tarixdə Naxçıvanın, onun qəhrəman insanlarının, igid oğul və qızlarının da silinməz izləri var. Bu zəfər yalnız silah gücü ilə deyil, həmçinin mənəvi güc, liderlik və xalqın birliyi ilə əldə olunmuşdu. Məhz bu ruh sayəsində Azərbaycan bu gün regionun lider dövlətinə çevrilib, sabahına isə əmin şəkildə və əzəmətlə addımlayır. Konfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və 44 günlük Vətən müharibəsi qazisi Təbriz Zeynalov, müharibə qazisi Mirkənan Kərimov, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin 2-ci kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Firudin Süleymanov da 8 Noyabr Zəfərinin hərbi-siyasi, tarixi və mənəvi önəmini vurğuladılar. Onların fikirləri bir nöqtədə qovuşurdu: bu Zəfər təkcə bugünün yox, həm də gələcəyin təminatıdır. Çünki bu Zəfər suverenliyimizin qarantına çevrilmişdir.  Çıxışçılar Azərbaycanın Qarabağda həyata keçirdiyi genişmiqyaslı abadlıq və quruculuq işlərinə diqqət çəkərək dövlətimizin yenidənqurma işlərindəki iradəsini və davamlı inkişaf strategiyasını alqışladılar. İnamla bildirildi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün istiqamətlərdə yeni və daha böyük uğurlara imza atacaqdır. Naxçıvan bu Zəfərin ruhunu yaşadan, onu gələcək nəsillərə daşıyan müqəddəs bir məkandır. Bura qəhrəmanların, alimlərin, şəhidlərin və vətən sevdalılarının yurdudur. Səfər çərçivəsində polkovnik Cəlil Xəlilovun akademik Yusif Məmmədəliyevin ev muzeyinə etdiyi ziyarət isə xüsusi rəmzi məna daşıyırdı. Sonda belə bir nəticəyə gəlmək olur Zəfərlər təkcə silahla qazanılmır.Ən böyük zəfərlər ürəklərdə, ruhlarda, ideallarda qazanılır. O zəfərlər ki, səngərdə döyüşçü ilə, laborotoriyada alimlə, məktəbdə müəllimlə, ailədə ana ilə qazanılır. Bu zəfərləri yaşadan, qoruyan və gələcəyə daşıyan isə məhz Naxçıvan kimi ruhu bütöv, mənəviyyatı zəngin yurdlardır.Azərbaycanın qəhrəmanlıq xəritəsində daim parlayan bir ulduz  tükənməz güc, sarsılmaz iradə, qürur mənbəyi olan Naxçıvan! Bu görüşlər, bu addımlar, bu ziyarətlər bir başlanğıcdır.Tarixə, elmə, qəhrəmanlığa atılan bu addımlar bundan sonra da davam edəcək. Hər səfər, hər görüş bu torpağın ruhuna bir salam, gələcək nəsillərə isə bir ismarıcdır: Naxçıvan var olduqca, Azərbaycan bütöv olacaq. Bu vəhdət, bu ruh bizim sonsuz zəfərimizdir. Nadir  İsmayılov

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə veteranlar, gənclər, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.  Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov 26 iyun tarixinin  önəminə toxunub, ordumuzun keçdiyi inkişaf yoluna nəzər salıb. Polkovnik Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların əsrlər sonra da heyrət və ehtiramla yad ediləcəyini bildirib. Prezident Administrasiyasının QHT-lə iş və kommunikasiya şöbəsinin QHT-lə iş sektorunun müdiri Tural Əliyev, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, “SOS” MMC-nin direktoru polkovnik Anar Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin zabiti polkovnik-leytenant Xəqani Seyidov, Vətən müharibəsi iştirakçısı Mahmur Kərimov öz çıxışlarında Azərbaycan Silahlı Qüvvələrinin artan gücünə, yüksək döyüş hazırlığı və peşəkarlığına toxunub, Müzəffər Ali Baş Komandanın ordu quruculuğu istiqamətində atdığı mühüm addımlardan bəhs edib. Tədbirin sonunda çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, xalqımızın bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atacağını bildirib. Tədbirin sonunda Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mahnıları ifa ediblər.

Hamısını oxu
“8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

“Bu qələbə göstərdi ki, dünyanın Ordumuzdan və Prezidentimizdən öyrənməli olduğu çox şey var”  Sabah 8 Noyabr – Zəfər Günüdür. Bu tarixi günlə bağlı  “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayev Moderator.az saytına müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:  -Səmyar müəllim, sabah 8 Noyabr – Zəfər Günüdür. Bu tarixi gün və onun əhəmiyyəti ilə bağlı fikirinizi bilmək istərdik.  -Mən öncə bu tarixi və müqəddəs bayramla əlaqədar olaraq “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi adından 8 Noyabr zəfərinin baş memarı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi, hörmətli Birinci Vitse-prezident Mehriban Əliyevanı, Silahlı Qüvvələrimizi, qazilərimizi, bütün Azərbaycan xalqını təbrik edir, şəhidlərimizin ruhu qarşısında hörmətlə baş əyirəm.    Azərbaycanın yalnız hərb tarixinə deyil, bütövlükdə, dövlətçilik tarixinə qızıl hərflrə həkk olunan bu tarixi zəfər Prezidentimizin və Ordumuzun xalqımıza, dövlətçiliyimizə əbədi töhfəsi oldu. Cənab İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün ərzində 30 illik işğala son qoyan  Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, milli-mənəvi dəyərlərimizin bərpası baxımından da həyati addım atdı.  Qələbə nəticəsində xalqımız özünə olan inamını tam bərpa etdi, xalqımızın qürur və ləyaqətinin tapdanmasına son qoyuldu. 8 Noyabr zəfəri sadəcə erməni faşizminə deyil, bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı məğlubedilməzdir və onun sülh arzusunu zəiflik kimi qəbul etmək, onunla təhdid və təzyiq dili ilə danışmaq yanlışdır. Necə ki, cənab Prezident İlham Əliyev dəfələlər qeyd edib ki, heç kim Azərbaycanla təzyiq və təhdid dili ilə danışa bilməz və bu cür danışmaq istəyənlər heç vaxt öz məqsədlərinə nail olmayacaqlar. -Sizcə 8 Noyabr zəfəri dünyanın Azərbaycana olan baxışını necə dəyişdi?  -Etiraf etmək lazımdır ki, qələbə ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, dünyanın bizə olan baxışının da əhəmiyyətli dərəcədə dəyişilməsində mühüm rol oynadı. Biz 2020-ci iln 8 Noyabr zəfərinə qədər təcavüzə məruz qalan, işğalın nəticələrini ortadan qaldıra bilməyən, məğlub tərəf idik. Demək olar ki, dünya dövlətlərinin böyük əksəriyyəti hesab edirdi ki, Azərbaycan işğaldakı torpaqlarını heç vaxt azad edə bilməyəcək. İşğal faktının üstündən 30 illik uzun bir zamanın keçməsi reallığı da bu düşüncəni qüvvətləndirirdi. Lakin Azərbaycan Silahlı Qüvvələri öz misilsiz zəfəri ilə bütün dünyaya göstərdi ki, xalqımız qələbə qazanmağa, özünü və öz torpaqlarını hər cür təcavüzdən hifz etməyə qadirdi.  8 Noyabr zəfərini əvəzedilməz edən amillərdən biri də ordumuzun 44 günlük Vətən müharibəsi zamanı öz bacarığı və peşəkrlığı ilə dünyanın hərbi baxımdan inkişaf etmiş ən qabaqcıl dövlətlərinə belə dərs keçməsi idi. Şuşa kimi strateji bir şəhərin heç bir ağır texnikanın iştirakı olmadan  - sadəcə yalın əl və yüngül atıcı silahlarla azad edilməsi faktı dünya üçün əsl şok effekti yaratdı. Əminliklə bildirirəm ki, bir çox ölkələr, hərbi mütəxəssislər bu gün də həmin hadisənin təsirindən tam azad olmayıb. Onlar bu gün də 44 günlük Vətən müharibəsinin hər bir mərhələsini təhlil etməkdə, araşdırmaqdadır. 44 günlük Vətən müharibəsi sübut etdi ki, milyonlarla orduya, böyük nüvə arsenalına, yüksək texnologiyaya malik ölkələrin belə Azərbaycan Ordusundan, onun Ali Baş Komandanından öyrənməli olduğu çox şeyi var. -8 Noyabr zəfəri Azərbaycanla yanaşı, regionun həyatında hansı yeniliklərə səbəb oldu?  -Bu qələbə Azərbaycanla yanaşı, Cənubi Qafqazda da ciddi dəyişikliyə səbəb oldu. Faktiki olaraq regionda yeni bir status-kvo formalaşdı. 8 Noyabr zəfəri göstərdi ki, Azərbaycan regionda yalnız iqtisadi gücünə görə deyil, həm də hərbi potensialı və döyüş gücünə görə şəriksiz liderdir və onun iştirakı olmadan regionda sülhü və təhlükəsizliyi təmin etmək mümkün deyil. 8 Noyabr zəfərinin region üçün digər mühüm əhəmiyyəti bütün bölgənin erməni faşizmi təhlükəsindən sığortalanması oldu. Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın etdi. Ermənistan Silahlı Qüvvələrinin hərbi potensialının 80%-ni sırdan çıxarıldı. Erməni faşizmi sadəcə hərbi deyil, mənəvi-ideoloji baxımdan da ölümcül zərbə aldı. Bu amil bütün regionda sülh və təhlükəsizlik üçün əlverişli ortam formalaşdırdı. Azərbaycan işğaldan azad edilən ərazilər üzərində nəzarəti təmin etməklə uzun illər bu torpaqlarda narkotik yetişdirən, terror təşkilatları üçün hərbi düşərgələr yaradan erməni faşizminin mənfur ənənəsinə son qoydu. Bu gün işğaldan azad edilən ərazilərdə həyata keçirilən böyük quruculuq və abadlıq işləri buna nümunədir. 8 Noyabr zəfəri regionun iqtisadi inkişafı üçün də böyük imkanlar açdı. Bu gün Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addımlar atılır ki, bu da sadəcə Azərbaycanın deyil, bu dəhlizdən istifadə edəcək bütün ölkələrin iqtisadi həyatında müsbət yeniliklərə səbəb olacaq. Həmin ölkələrdə əhalinin sosial rifahı daha da yaxşılaşacaq ki, bu da hər bir dövlətin marağına uyğundur. Bir sözlə, əminliklə qeyd etmək olar ki, 8 Noyabr zəfəri hərbi əhəmiyyət daşıdığı qədər də iqtisadi və mənəvi əhəmiyyətə malikdir. Bu zəfər xalqımızın mübarizə ruhu üçün ilham mənbəyi olmaqla yanaşı, həm də tarixi yaralarımıza çəkilən əvəzsiz bir məlhəmdir. Bu zəfər illər, əsrlər sonra da bizə öz milli kimliyimizi, mübarizliyimizi, yenilməzliyimizi xatırladacaq, bizə növbəti qələblərimiz üçün ciddi sitimul olacaq. Mən bir daha 8 Noyabr – Zəfər Günü münasibətilə bütün xalqımızı, Prezidentimizi, Ordumuzu təbrik edirəm. Azərbaycan xalqı olaraq bizə bu zəfəri, bu sevinci bəxş edən qəhrəman şəhidlərinizi unutmayacaq, onların əziz xatirəsini daim sevgi və ehtiram hissi ilə yad edəcəyik. Çünki cənab Prezidentin dediyi kimi – qələbənin memarı qəhrəman Azərbaycan əsgəri, qəhrəman şəhidlərimizdir! Və şəhidlərimizin ölümsüz xatirəsi bizim qəlbimizdə sonsuza qədər əbədi yaşayacaqdır! Seymur ƏLİYEV  

Hamısını oxu