Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Sabirabad rayonunda daha bir şəhid məzarı ad günündə ziyarət edilib

Mayın 2-də Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, o cümlədən rayon ziyalıları Cavad kənd qəbiristanlığında şəhid mayor Məmmədov Anar Elşad oğlunun məzarını ziyarət edib, şəhidin məzarı üstünə gül dəstələri qoyub. Daha sonra ziyarətçilər önündə çıxış edən  Respublika Veteranlar Təşkilatının Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov şəhidlərimizin heç zaman unudulmayacağını, onların xatirəsinin əsrlər sonra da xalqımızın qəlbində yaşayacağını vurğulayıb.   Şəhidin qızı Zeynəb Məmmədli də çıxış edərək atası Anar haqqında ürək sözlərini bildirib, ona olan sevgi və heyranlığını vurğulayıb.   Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, o cümlədən digər yetkililər iştirak edib.   Xatırladaq ki, şəhid Anar Məmmədovun qaynatası Heydər Həmidov da Birinci Qarabağ müharibəsində şəhid olub.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

2021-05-04 00:00:00
3483 baxış

Digər xəbərlər

Fatma Səttarova 9 may – Qələbə Günü münasibətilə veteranları təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova  9 may – Qələbə Günü münasibətilə veteranları təbrik edib. Təbrikdə deyilir: "Hörmətli veteranlar, İkinci Dünya müharibəsinin qəhrəmanları! Sizi  Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri adından və şəxsən öz adımdan 9 May – faşizm üzərində qələbənin 79-cu ildönümü münasibətilə təbrik edirəm! Ulu öndər Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir. 1941-1945-ci illəri əhatə edən və tarixə İkinci Dünya müharibəsi adı ilə daxil olan  bu müharibədə düşmən üzərində şanlı qələbənin qazanılmasında Azərbaycan xalqının  böyük rolu olmuşdur. Xalqımızın yüz minlərlə oğul və qızı əlinə silah alıb, bütün cəbhələrdə düşmənə müqavimət göstərmiş, çoxları həyatını bu yolda qurban vermişdir. Respublikamızın on minlərlə vətəndaşı, azərbaycanlılar döyüşlərdə fərqləndiklərinə, qəhrəmanlıq göstərdiklərinə görə yüksək orden və medallarla təltif edilmiş,  Azərbaycandan 123 nəfər soydaşımız ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.      Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Neft mədənlərində və zavodlarda, elmi laboratoriyalarda ümumi qələbəni təmin etmiş azərbaycanlılar əzəmətli igidlik göstərmişlər. Göstərdiyiniz döyüş və əmək hünərləri qədirbilən nəsillərin qəlbində əbədi yaşayacaqdır! Xalqımız Sizinlə fəxr edir ki, qalib Ordu sıralarında Azərbaycanın sədaqətli, igid oğul və qızları da var idi. Bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsi kimi xatırlanır.  Hörmətli veteranlar,   Sizi bir daha 9 May – Qələbə Günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, uzun ömür və firavan həyat diləyirəm. Hörmətlə,   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, Prezident təqaüdçüsü   Fatma Səttarova                     

Hamısını oxu
Diplomat və jurnalist Ənvər Məmmədov haqq dünyasına qovuşub

Veteran.gov.az xəbər verir ki, bu gün görkəmli diplomat və jurnalist Ənvər Məmmədov haqq dünyasına qovuşub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Ənvər Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına səbr diləyir, dərin hüznlə başsağlığı verir.  Qeyd edək ki, Ə.Məmmədov avqustun 15-i 100 yaşını qeyd edib. O, 1923-cü ildə Bakı şəhərində anadan olub. 1959–1960-cı illərdə “Sovinformbüro”nun baş redaktoru və sədrin birinci müavini olan Məmmədov ölümünə qədər “RİA Novosti” agentliyində redaktor məsləhətçisi olaraq fəaliyyət göstərib. Qeyd edək ki, o, məktəbi bitirdikdən sonra 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunsa da, tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunub. Bundan sonra isə azərbaycanlı diplomat Bakıya qayıdıb və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilib. O, Böyük Vətən müharibəsində də iştirak edib. 1943-cü ildə ordudan xaric edilərək, SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləməyə göndərilib, 1944–1945-ci illərdə isə İtaliyadakı sovet səfirliyinin mətbuat katibi işləyib. Bununla yanaşı, Məmmədov Nürnberq prosesi zamanı beynəlxalq tribunalın SSRİ-dən olan nümayəndələri arasında olub.  Eyni zamanda, o, 1950-ci ilin fevralınadək SSRİ xarici işlər nazirliyi sistemində müxtəlif vəzifələrdə işləyib. 1953-cü ildə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirib. 1956-cı ilədək ABŞ, İngiltərə və Latın Amerikasında yayım üzrə Baş redaksiyanın baş redakoru vəzifəsində işləyən Məmmədov həmin il XİN-ə qayıdıb, 1959-cu ilədək SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir-nümayəndə və “USSR” jurnalının baş redaktoru vəzifəsində işləyib. Ə.Məmmədov ingilis, alman, italyan və fransız dillərini bilib. Allah rəhmət eləsin!    

Hamısını oxu
Azərbaycanda ilk dəfə Repetitorların I Ümumrespublika Forumu baş tutub

Forum Hədəf Şirkətlər Qrupunun baş sponsorluğu, Hədəf Nəşrlərinin təşkilatçılığı ilə keçirilib Veteran.gov.az xəbər verir ki, Hədəf Şirkətlər Qrupunun baş sponsorluğu, Hədəf Nəşrlərinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə Repetitorların I Ümumrespublika Forumu baş tutub. Forumda Azərbaycanın bütün bölgələrindən repetitor müəllimlər iştirak edib. Salamlama və açılış nitqi ilə çıxış edən Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq bu forumun repetitorlar üçün əhəmiyyətini vurğulayıb. Daha sonra öz sahəsində brendə çevrilmiş məruzəçilərdən Cəlalə Nəzəroğlu, Fəxri Ağayev, Araz Paşayev, Səfa Xəlilov, Qulu İbrahimli repetitor müəllimlərə çox faydalı məlumatlar veriblər. I panel yekunlaşdıqdan sonra II paneldə müəllimlər öz ixtisasları üzrə dərslərə qoşulublar. Yekunda müəllimlərə sertifikat və hədiyyələr verilib, xatirə şəkli çəkilib. Seymur ƏLİYEV

Hamısını oxu
Dünya şöhrətli fotoqraf Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub

Veteran.gov.az xəbər verir ki, 23 sentyabr tarixində dünya şöhrətli fotorepartyor Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub. Qonağı qarşılayan MŞ sədri Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumla bağlı məlumat verərək bildirib ki, Şura Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən, jurnalistlərin özlərinin formalaşdırdıqları qurumdur. İkinci Qarabağ Müharibəsi reallıqlarının, Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması məsələlərindən söz açan Ə.Amaşov məsələnin ölkəmiz üçün əhəmiyyətindən söz açıb. O bildirib ki, Azərbaycan zaman-zaman dünyanın ikili standartlar siyasətindən əziyyət çəkib. Bu baxımdan müharibədə baş verənlərin olduğu kimi çatdırması xüsusi önəm daşıyırdı. Bunu reallaşdıran hər biz şəxs azərbaycanlıların sevimlisidir. Bu baxımdan R.Deqati də Azərbaycan cəmiyyətinin rəğbət bəslədiyi sənət adamıdır. Ə.Amaşov R.Deqatinin İkinci Qarabağ Müharibəsi dönəmindəki fəaliyyətindən söz açaraq bu işi böyük fədakarlıq kimi dəyərləndirib. O, rəhbərlik etdiyi qurumun Tərtər İcra Hakimiyyəti ilə birgə təsis etdiyi fəxri diplomu qonağa təqdim edib. R.Deqati Azərbaycana hər gəlişinin bir məqsəd daşıdığını vurğulayaraq bildirib ki, ermənilər işğal altında saxladıqları Qarabağın mədəniyyətinə böyük zərər vurublar, ekoloji terror həyata keçiriblər, qəbirstanlıqlarda vəhşiliklər törədiblər, şəhərləri, kəndləri viran qoyublar. Səfərdən məqsəd bunları çəkmək və dünya ictimaiyyətinə çatdırmaqdır. O, Azərbaycanda hər zaman böyük diqqət və qayğıyla qarşılandığını deyib və bu amilin onu yaradıcılıq üçün daha da həvəsləndirdiyini dilə gətirib. R.Deqati həmçinin Azərbaycan Mətbuat Şurası rəhbərliyinə əməyinə verilən qiymətə görə təşəkkürünü bildirib.   Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvləri – “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Bayraqdar.info” saytının baş redaktoru Azər Həsrət, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov da öz növbələrində R.Deqatinin istər birinci, istərsə də ikinci Qarabağ müharibəsindəki fəaliyyətinə toxunublar. Onlar bu fəaliyyətin önəmini informasiya savaşındakı mühüm amillərdən biri kimi dəyərləndiriblər.  

Hamısını oxu