Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: Böyük uğurlardan yeni hədəflərə doğru...

Bir neçə gündən sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun 65 yaşı tamam olur. Cəlil Xəlilov sözün həqiqi mənasında dolğun və şərəfli ömür yaşayıb. Ömrün müdriklik çağında – 65 yaşından geriyə baxanda onun qürur duymağa haqqı çatdığının təsdiqi olacaq çox faktlar, layiqincə yaşanmış, Vətəninə, doğma xalqına xidmətdə keçmiş neçə illər var. Cəlil müəllimlə bu söhbətimizdə onunla birlikdə həmin illərə ötəri də olsa nəzər saldıq, bu gün də uğurla yazılan bir zabit, vətəndaş həyatının səhifələrini vərəqlədik. 

- Cəlil müəllim, 65 yaş insan ömrünün müdriklik çağı hesab edilir. Bu yaşın sanbalı, məsuliyyəti, xüsusi maraq doğurması həm də sanki insanın qeyri-ixtiyari özünə hesabat verməsi ilə izah edilir. Bu mənada geriyə baxanda Siz daha çox yaşadığınız zəngin və mənalı ömrünüzün hansı dövrlərini, məqamlarını xüsusi qeyd edərdiniz. 

- Ömrün bütün dövrləri gözəldir və insan həyatında onların hər birinin öz yeri, çəkisi var. Orta məktəb, ali təhsil illəri, hərbi xidmətdə keçən dövr, nəhayət Respublika Veteran Təşkilatında fəaliyyət... Bu dövrlərin hər birinin mənim ömrümdə öz yeri olub, mənim üçün onların hər biri əzizdir.

Hələ orta məktəb illərindən hərb sənətinə böyük marağım olub. Tarix dərslərində atalarımızın, babalarımızın düşmənə qarşı necə böyük cəsarət və qəhrəmanlıqla döyüşdüyünü sevə-sevə öyrənir, milli tariximizdən, hərb tariximizdən ixtixar hissi duyurdum. Həmin döyüş səhnələri barədə yazılan tarixi əsərləri, eləcə də qəhrəmanlıq dastanlarımızı oxuduqca, özümü o döyüşlərin ən qızğın yerində hiss edirdim. Gəncliyin verdiyi böyük həvəs və enerji ilə hərbin sirlərini öyrənməyə can atır, hərbdən, müharibələrdən bəhs edən çoxlu kitablar mütaliə edirdim. Məhz bu həvəs və istək məni hərb peşəsinə gətirib çıxardı. Uşaqlıq arzularım, gənclik xəyallarım reallaşdı. Əslində, Respublika Veteranlar Təşkilatında fəaliyyətim də məhz məsləkimlə bağlıdır. Özümü veteranların içərisində daha gümrah, daha rahat və mübariz hiss edirəm. Bura mənim üçün hər mənada doğmadır və hər zaman da belə qalacaq.

- Azərbaycan Sərhəd Qoşunlarının yarandığı ilk illər son dərəcə çətin,  mürəkkəb və məsuliyyətli bir dövrə təsadüf etmişdi. Tale elə gətirmişdi ki, Siz də bu qoşunların təşkili prosesində fəal iştirak edən azsaylı milli sərhədçi kadr zabitlərinin sırasında idiniz. O dövrün ən yaddaqalan və bugünədək çoxlarına məlum olmayan hadisələrini yada salanda yadınıza ilk düşən məqamlar hansılar olur? 

- Azərbaycanın Sərhəd Qoşunlarının yaranması prosesi, həqiqətən də, çox çətin və olduqca gərgin dövrə təsadüf etmişdi. Sərhəd Qoşunlarının yaranması, habelə sərhədlərimizin etibarlı müdafiəsinin təmin edilməsi ilə bağlı ortada bir çox ciddi çətinliklər mövcud idi. Bu çətinliklərin sırasına milli hərbi kadrların  azlığı, lazımı texniki avadanlığın, maddi-texniki bazanın olmaması, sərhədlərin müstəqil qorunması ilə bağlı təcrübənin azlığı idi. Təbii, bura ölkədəki ümumi ictimai-siyasi vəziyyətin qeyri-stabil olması, dövlətimizin kənar güclərin ciddi təzyiqlərinə məruz qalması kimi problemlər də dolayısı ilə öz mənfi təsirini göstərirdi.

Həmin proseslərlə bağlı yaddaqalan, ağırılı və sevincli xatirələrim çoxdur. Bunların hamısını danışmaq çox vaxt alar. Sadəcə, bir faktı deyim ki, o vaxt dağlıq və yüksək dağlıq relyefə malik əraizlərimizin sərhədlərini qorumaq üçün müxtəlif üsullardan istifadə edirdik. Bu üsullardan biri müxtəlif tikanlı kol və bitkilərlə təbii maneələrin yaradılması idi. Həmin vaxt maddi-texniki bazamız zəif olduğu üçün bir çox hallarda sərhəd xəttində dəmir-beton konstruksiyadan ibarət fiziki maneələr yaratmağa imkanımız olmurdu. Bu, böyük maliyyə vəsaiti, çoxlu işçi qüvvəsi tələb edirdi. Buna görə də əksər hallarda böyürtkən kollarından təbii sipər çəkir, həmin ərazini qaçaqmalçılar, sərhəd pozucuları üçün keçilməz etməyə çalışırdıq. Kadr azlığı, şəxsi heyətədki çatışmazlıqlar bizi mülki insanlarla daha geniş əmədkaşlğa sövq edirdi. Biz çox tez-tez sərhədyanı ərazilərdə yaşayan insanlarla görüşür, onları ayıq-sayıq olmağa, gördükləri yad, şübhəli adamlarla bağlı dərhal sərhədçiləri, hüquq-mühafizə orqanlarıın əməkdaşlarını məlumatlandırmağı tövsiyə edirdik. Bir çox sərhəd pozucusu məhz vətəndaşların sayıqlığı nəticəsində ifşa olunmuş, məsuliyyətə cəlb edilmişdir. Sərhədçilərimiz həmin illərdə ağır şərtlər altıdna belə öz missiyalarını ləyaqətlə yerinə yetirmiş, sərhədlərimizin təhlükəsizliyini təmin etmişdilər. 

- 1993-cü ilin iyun-avqust ayları Azərbaycan Respublikasının ikinci müstəqillik tarixinin siyasi mənada ən qaynar ayları sayıla bilər. Bu qaynarlıq yalnız Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzü, cəbhə xəttində yaşanan gərginliklə deyil, həm də ölkənin cənubunda yaşanan və gənc respublikanın taleyini ciddi zərbə altında qoyan digər bir separatşılıq hərəkətləri ilə bağlı idi. Həmin hadisələr vaxtı Siz Lənkəran Sərhəd Dəstəsində qərargah rəisi işləyirdiniz və vəzifə borcunuz, tutduğunuz post Sizi də bu qaynar hadisələrin içərisinə atmışdı. 

- Əvvala onu deyim ki, o dövrdə, yəni iyun ayının 15-də Ulu öndər Heydər Əliyev Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasaydı, Azərbaycan dövləti Gəncədə və ölkənin cənubunda baş verən hadisələr nəticəsində süqut edəcək, vətəndaş müharibəsinin başlanması səbəbilə ölkəmiz parçalanacaqdı. Məhz Heydər Əliyevin atdığı qətiyyətli addımlar Azərbaycanı bu məşum taledən xilas etdi. 30 il sonra o hadisələri daha dərindən təhlil edəndə bu qənaətin nə qədər doğru olduğuna bir daha əmin olursan.

Belə bir zamanda – 1993-cü ildə Azərbaycanın cənub bölgəsində bir qrup separatçı fəallaşaraq ətraflarına silahlı dəstələr yığıb, özbaşınalıqla məşğul olurdu. Həmin vaxt mən Lənkəranda sərhəd dəstəsinin qərargah rəisi idim və faktiki olaraq sərhəd dəstəsinin rəisi vəzifəsini icra edirdim. O vaxt sərhəd dəstəsi cənubdakı separatçı qüvvələrə qarşı yeganə əsas müqavimət mərkəzi idi. Mən Heydər Əliyevi mütəmadi surətdə bölgədəki vəziyyətlə bağlı məlumatlandırır, öz fəaliyyətimi onun tövsiyələri və göstərişləri əsasında qururdum.

Bir dəfə Heydər Əliyev mənə zəng edərək əslən Lənkərandan olan, vaxtı ilə bu şəhərdə yüksək vəzifələr tutan, xalq arasında böyük nüfuza sahib olan bəzi adamlardan söhbət açdı və məndən “Bu adamları tapıb mənimlə əlaqələndirmək üçün sənə nə qədər vaxt lazımdır?, - deyə soruşduqda cavabında dedim ki, cəmi bir saat içində həmin adamları tapa bilərəm. Bir saatdan sonra Heydər Əliyev həmin şəxslərə telefon əlaqəsi yaradaraq təlimatlar verdi, onları əhali arasında təbliğat işini genişləndirməyi, insanları separatizmə qarşı mübarizəyə səfərbər etməyi tapşırdı. Həmin vaxt separatçılara qarşı mübarizədə böyük fəallıq göstərən Dilrubə Camalovanın təhlükəsizliyinin təmin edilməsi, onun qorunması da diqqət mərkəzində saxlanılırdı. Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycan xalqı heç vaxt separatizmə dəstək verməyib, əksinə, bu cür hallara qarşı çıxıb. Sadəcə, həmin vaxt baş verən hadisələrin mahiyyətini anlamayan bəzi gənclər müxtəlif vədlərə inanaraq separatçı fəalların ətrafında cəmləşmişdilər ki, onların böyük əksəriyyəti sonradan əsl həqiqəti anladılar və Heydər Əliyevə inanaraq separatist əməllərdən əl çəkdilər. Ümumiyyətlə, xalq Heydər Əliyevə bütün qəlbi ilə inanırdı və Ulu öndər hər zaman xalqın bu inamını doğruldurdu.

Növbəti zənglərin birində Ulu öndər ölkəmizin cənubunda yaranan gərgin vəziyyət haqqındakı söhbət əsnasında mənim mövcud situasiya ilə bağlı nə düşündüyümü soruşdu. Bildirdim ki, separatçıların ətrafında birləşən gənclərlə, xüsusilə də onların valideynləri, doğmaları ilə təbliğat işini genişləndirməliyik. Əgər biz bu işi yüksək səviyyədə qura bilsək, o zaman gənclər səhv yolda olduqlarını anlayaraq geri dönərlər.

Bu təklif Heydər Əliyevin çox xoşuna gəldi. Məhz onun göstərişi ilə biz, habelə Bakıdan Lənkərana ezam edilən nümayəndə heyəti həmin gənclərin doğmaları ilə geniş maarifləndirmə işi apardıq. Nəticədə, bir neçə gündən sonra həmin gənclərin böyük hissəsi silahı yerə qoyaraq doğmalarının yanına qayıtdı. Separatçılar qısa zamanda neytrallaşdırıldı. Onların nəzarətindəki silah-sursat, hərbi texnika müvafiq dövlət orqanlarına qaytarıldı. Ulu öndərin böyük qətiyyəti sayəsində ölkəmizdə qardaş qırğının qarşısı alındı. Çox xoşbəxtəm ki, bu hadisələrin qarşısının alınmasında, Azərbaycanın real parçalanmaq təhlükəsindən qurtulmasında mənim də kiçik də olsa iştirakım olub.

- Gələn il Sizin çox mühüm bir sahədə, Respublika Veteran Təşkilatında fəaliyyətə başlamağınızın 10 ili tamam olacaq. Bu illərdə ən çox nələr yadınızda qalıb? 

- Bu illər ərzində ən çox yaddaqalan qəhbrəmanlarımızın təbliği, onların xatirəsinin əbədiləşdirilməsi, gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində atılan çoxsaylı addımlar, həyata keçirilən saysız-hesabsız layihələrdir. Respublika Veteranlar Təşkilatı dünyanın bir çox ölkələrində veteranlar təşkilatı ilə geniş əlaqələrə malikdir və bu ölkələrdə milli dövlətçilik siyasəti baxımından mühüm tədbirlər həyata keçirib. Rusiya, Ukrayna, Belarus və digər ölkələrdə İkinci Dünya müharibəsində faşizmə qarşı döyüşən, itkin düşən soydaşlarımızn aqibətinə aydınlıq gətirib. Təşkilatımız onların xatirəsinin bu ölkələrdə əbədiləşdirilməsinə nail olub.

Təşkilatımız qatıldığı beynəlxalq tədbirlər, konfranslar vasitəsi ilə də milli maraqlarımızı beynəlxalq arenada uğurlu müdafiə edib. Bu tədbirlər zamanı emrəni yalanları, ölkəmizə qarşı dezinformasiya siyasəti ifşa edilib. Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq təşkilatlara mütəmadi müraciətlər göndərilib, bəyanatlar verilib. Xaricdəki soydaşlarımızın da fəal iştirakı ilə Respublika Veteranlar Təşkilatı milli maraqlarımızın müdafiəsi sahəsində sistemli mübarizə ortaya qoyub və bu mübarizə bu gün də davam etməkdədir.

- İkinci Qarabağ savaşında Respublika Veteran Təşkilatının gördüyü işlər dövlət rəhbərliyi səviyyəsində yüksək qiymətini aldı. 44 günlük müharibədə veteranlar bir an belə durmadılar, cəbhə xəttində, döyüş zonalarında, arxa cəbhədə fəallıq göstərdilər. Bu insanlar üçün “hər şey cəbhə, hər şey Qələbə üçün” şüarı o günlərdə daha ürəkdən və ucadan  səslənirdi. Bilirəm ki, deməyə sözünüz çoxdur. 

- 2020-ci ilin 27 sentyabr tarixində başlayan və həmin ilin 10 noyabrında başa çatan bu müharibə ilə Azərbaycan, sadəcə, erməni faşizmini, onların havadarlarını məğlub etmədi. Həm də tarixi ədaləti, ölkə başçısının sözləri ilə desək, “milli qürurunu bərpa etdi. 30 ildir işğal altıdna qalan torpaqlarımız azad edildi. Ərazi bütövlüyümüz təmin olundu. Bu qələbə xalqın inamını özünə qaytardı. Bu qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı, Azərbaycan Ordusu güclüdür, böyükdür, yenilməzdir”.

Təşkilat olaraq həmin vaxt qarşımızda duran ən başlıca vəzifə Ali Baş Komandanın ətrafında veteranların daha sıx birləşməsinə nail olmaq, dövlətimizə, ordumuza dəstək nümayiş etdirmək, düşmənin dezinformasiyalarını ifşa etmək, daxildəki birlik və həmrəyliyin möhkəmlənməsinə töhfə vermək idi. Bu məqsədlə Vətən müharibəsi dönəmində təşkilatımız beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri haqqında daha dolğun məlumat əldə etməsinə nail olmaq üçün informasiya müstəvisində geniş fəaliyyət göstərib, cəmiyyətdə geniş təbliğat işi aparıb, döyüşən orduya, o cümlədən şəhid və qazi ailələrinə dəstək kampaniyalarında yaxından iştirak edib.

Müharibə dönəmində veteranlarımızla birlikdə cəbhə xəttinə ardıcıl səfərlər təşkil edir, əsgər və zabitlərimizlə görüşür, onları qələbəyə ruhlandıran çıxışlar edirdik. Bu səfərlər zamanı ordumuza ərzaq, geyim, tibbi ləvazimatlar da çatdırır, vətəndaş cəmiyyəti olaraq erməni faşizminə qarşı aparılan mübarizəyə töhfə verməyə çalışırdıq. Bütün gücümüz, enerjimiz, fəaliyyətimiz böyük qələbəni yaxınlaşdırmağa xidmət edirdi və biz xalq olaraq Ali Baş Komandanımızın rəhbərliyi, qətiyyəti, səriştəsi sayəsində buna nail olduq.  

- Respublika Veteran Təşkilatı bu gün də gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində ardıcıl iş aparır. Təşkilat gənclərin milli, hər an Vətəni, xalqı qorumağa hazır olmaq ruhunda böyüməsi üçün səylərini əsirgəmir. Bu həm də Ermənistanın sülh müqaviləsi imzalamaqdan hər vasitə ilə yayınması, sərhədlərimizdə müntəzəm surətdə təxribatlar törətməsi ilə bağlıdır.

- Gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların dövlətə, torpağa, bayrağa bağlılığının artırılması təşkilatımızın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Vətənimizi təhdid edən təhlükələrin mövcudluğu, erməni təxribatları və sair kimi amillər bu fəaliyyəti ikiqat zəruri edir. Biz həm də gənclər arasında geniş maarifləndirmə işi aparır, onların hüquqi, sosial və sair problemlərinin həllinə dəstəkçi olmağa, həmin şəxsləri müvafiq dövlət qurumları ilə əlaqələndirməyə çalışırıq.

Vətəndaşların dövlətlə, onun aidiyyati qurumları ilə əlaqələndirilməsi problemlərin qarşılıqlı anlaşma əsasında həlli, vətəndaş hüquqlarının təmin edilməsi, dövlət siyasətinin dəstəklənməsi baxımından olduqca önəmldir. Bu, həm də anti-milli qüvvələrin dövlətimizlə bağlı çirkin məqsədlərinin qarşısını almaq baxımından vacibdir. Bildiyiniz kimi, bəzi qüvvələr var ki, onlar xalqla-dövlət, vətəndaşla-hökumət arasında süni gərginlik yaratmağa, bu gərginlik fonunda öz məkrli niyyətlərinə nail olmağa çalışır. Bunun üçün isə onlar çox vaxt gənclərdən, eləcə də veteranlardan istifadə etməyə səy göstərirlər. Buna görə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı paytaxt və bölgələrdə keçridiyi çoxsaylı görüşlərdə, konfrans və forumlarda geniş maarifləndirmə işləri həyata keçirir. Bildiririk ki, hər bir vətəndaş onda narazılıq doğuran məsələ ilə bağlı əlaqədar dövlət qurumuna müraciət etməli, problemin hüquqi müstəvidə həllinə nail olmalıdır. Bu baxımdan onlar bizim Təşkilatımız vasitəsi ilə də öz səslərini istənilən dövlət qurumuna çatdıra bilərlər. Biz bugünə qədər olduğu kimi, bundan sonra da veteranlarımıza bu və digər məsələlərdə dəstək olmağa, onlara əlimizdən gələn köməkliyi göstərməyə hazırıq.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi dövlətimizin müstəqilliyi, təhlükəsizliyi, sərhədlərimizin etibarlı şəkildə müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir və biz gündəlik fəaliyyətimizdə bunu nəzərə alırıq. Bu isə o deməkdir ki, bütün əlaqədar dövlət və qeyri-hökumət təşkilatları, eləcə də veteranlar təşkilatları fəal olmalı, bu istiqamətdəki səylərini ardıcıl şəkildə gücləndirməlidir. Unutmamalıyıq ki, sabahımız gənclərimizdən, onların vətənpərvərlik tərbiyəsindən, xalqa, doğma torpağa sevgi və bağlılığından asılı olacaq. Odur ki, veteranlar və veteran təşkilatları müzəffər Ali Baş Komandanın siyasətini daim dəstəkləməli, gənclərlə fəal iş aparmalı, onları doğru yola yönəltməlidirlər. Biz 8 Noyabr Zəfərinin nəticələrini, o cümlədən ordumuzun, xalqımızın, cəmiyyətimizin vətənpərvərlik əzmini qoruyub saxlamalıyıq. Milli maraqlarımız, dövlətimizin və xalqımızın maraqları və düşmən qüvvələrin öz məkrli niyyətlərindən hələ də əl çəkməmələri bunu tələb edir. Biz sülh istəyirik, ancaq bunun əksinə də hər an hazır olmalıyıq.

- Siz həm də elmi və pedoqoji fəaliyyətlə məşğul olursunuz. Bu barədə danışında ali məktəblərimizdə milli təhlükəsizlik strategiyasınn peşəkar tədrisi üçün hazırladığınız monoqrafiya və digər elmi əsərləriniz yada düşür. Elmi işləriniz necə, davam etdirməyə vaxt tapırsınızmı? 

- Elmi-pedaqoji fəaliyyət mənim həyatımın ayrılmaz hissəsidir. Mən uzun müddətdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, “fəxri professor” kimi bu təhsil müəssisəsində dərs deyirəm. Mənim “Milli təhlükəsizliki strategiyası” kitabım, eləcə də 50-dən çox elmi əsərim təhsil müəssisələrində elmi ədəbiyyat kimi istifadə olunur. Hazırda yeni elmi araşdırmalar üzərində çalışıram və yəqin ki, yaxın gələcəkdə bu araşdırmaların nəticəsi haqqında ictimaiyyət də məlumatlı olacaq.

Vaxt məsələsinə gəlincə, vaxt hər zaman məhduddur və zaman qıtlığı özünü daim hiss etdirir. Ancaq bununla belə biz ictima-siyasi fəaliyyətlə yanaşı, elmi fəaliyyətə də vaxt tapmalıyıq. Çünki bu, ictimai əhəmiyyətli fəaliyyət növü olmaqla yanaşı, həm də mənəvi tələbatdır və bu tələbat hökmən ödənməlidir.

- Cəlil müəllim, əksər insanlar övladlarının onların yolunu davam etdirməsini, nəsillər arasında bağların həm də bununla möhkəmlənməsini istəyirlər. Sizdə necə, övladlarınızdan yolunuzu davam etdirəni varmı?

- Bildiyiniz kimi, mən uzun illər Sərhəd Qoşunlarında, daha sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyində xidmət etmişəm. Mənim üçün qürurvericidir ki, övladlarımdan biri bu gün mənim yolumu davam etdirir. Tale elə gətirib ki, o da mənim kimi öncə Sərhəd Qoşunlarında xidmət edib. Bu gün isə təhlükəsizlik orqanlarında vətənə xidmət etməkdədir.

Övladımın mənim yolumu davam etdirməsi məni sevindirir, məndə iftixar hissi oyadır. Çünki mən bu yolun nə qədər çətin, eyni zamanda, şərəfli olduğunu bilirəm. Və onu da bilirəm ki, xalqa, dövlətə xidmət yolu olan bu yol müqəddəsdir və onu gedən insanı hökmən işığa çıxarır. 

- Bilirəm ki, elə məsələlər var ki, bu barədə danışmaq, fikirlərinizi bölüşmək istəyirsiniz. Müsahibədə toxuna bilmədiyimiz belə məsələlərdən hansı barədə söz demək istərdiniz?

- Əslində, danışmaq istədiyim məsələlər çoxdur. Amma mən sadəcə, bir məqamı vurğulamaqla söhbətimizi yekunlaşdırmaq istərdim. Biz hər zaman hər bir addımımızı milli dövlətçilik mənafeyimizi, ümumxalq maraqlarını nəzərə alaraq atmışıq. Milli maraqlarımızın müdafiəsi bizim fəaliyyətimizin nüvəsini təşkil edir. Bu fəaliyyət xalqımız, dövlətimiz tərəfindən daim rəğbətlə qarşılanıb. Prezidentimizin 44 günlük Vətən müharibəsində təşkilatımızın fəaliyyətinə verdiyi yüksək qiymət buna nümunədir. Lakin təəssüflər olsun ki, bəzən təşkilatımızın gördüyü bunca işlərə qara yaxmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq istəyən məkirli şəxslər də meydana çıxır. Şəxsi ambisiyalardan, fərdi maraqlardan çıxış edən bu şəxslər milli maraqlar zəminində həyata keçirilən işlərə kölgə salmağa cəhd edir. Mən buradan həmin şəxslərə müraciət edərək onları ədalətə, obyektivliyə, milli maraqlarımızın, dövlətimizin mənafeyinin müdafiəsinə səsləyirəm. Çünki xalqın, Vətənin taleyüklü məsələlərinin həll edildiyi hazırkı həssas vəziyyətdə biz hamılıqca şəxsi ambisiyalarıızı bir kənara qoyub xalqa, qətiyyətlə Vətənə  xidmət yolunu tutmalıyıq. Yeganə məqsədimiz bu olmalıdır. Eləcə də, Vətənimizin keşiyində dayanmaq, xalqımıza, Prezidentimizə sədaqətli olmaq bizim bir vətəndaş kimi vicdan borcumuzdur. Heç bir maraq, heç bir ambisiya bu borcdan daha önəmli, daha vacib ola bilməz! Gələcək uğurlarımıza gedən yol birliyimizdən gedir və biz nəyin bahasına olursa-olsun bu birliyi qorumalıyıq.  

2023-07-20 12:14:03
3441 baxış

Digər xəbərlər

Великая Отечественная война советского народа против немецко-фашистких захватчиков завершена

Hamısını oxu
Prezident BMT-də Ermənistanı faktlarla İFŞA ETDİ

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 5-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanı dünyanın ali tribunasından ifşa etdi və bu çıxış təkcə işğalçı ölkənin mahiyyətinin dünyanın diqqətinə çatdırılması yox, Azərbaycanın işğal faktı ilə barışmayacağının növbəti dəfə bəyan edilməsi idi.Azərbaycan liderinin çıxışının Ermənistana həsr olunmuş hissəsi özündə mühüm aspektləri birləşdirir.Müharibə cinayətiDövlət başçısı Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərinə qanunsuz köçürmə həyata keçirdiyini qeyd edib: “Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal edilmiş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur”.Prezident qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz.Avqustun 4-də Beyrut limanında baş verən partlayışdan sonra bütün dünya bu humanitar fəlakətin aradan qaldırılmasına yardım etdiyi vaxt, Ermənistan “humanitar addım” və “Livan ermənilərə dəstək” atı altında onların işğal edilmiş ərazilərə köçürülməsini sürətləndirdi. Ermənistan bu qanunsuz köçürməni rəsmən təsdiqləyir. Bu ölkənin Diaspor İşləri üzrə Baş Komissarlığının mətbuat katibi Zare Sinanyan bildirir ki, “Livan ermənilərindən iki həkim ailəsi “Artsax”-a (Dağlıq Qarabağ) köçürüldü, onlar Şuşa şəhərində məskunlaşdırıldı”. Livan ermənisi olan aşpaz Toni Hajar erməni mediasında müsahibəsində üç nəfərdən ibarət olan ailəsi ilə birlikdə məskunlaşdığı işğal altındakı Şuşada “kulinariya layihəsi”ni həyata keçirmək niyyətində olduğunu açıqlayıb.Qarabağdakı separatçıların rəhbəri Araik Arutunyan isə “Livan koloniyası”nın yaradılacağını deyib.Ermənistanın işğal olunmuş ərazilərə qanunsuz köçürmə siyasəti illərdir davam edir. 2015-ci ildən başlayaraq, Suriya erməniləri də bu ərazilərə köçürülür. Hazırda həmin ermənilər “Hələb koloniyası”nda məskunlaşıb. Yaxın Şərq ölkələrindən Qarabağa köçürülən ermənilərdən muzdlu əsgər kimi istifadə edildiyi faktları da var.Ermənistanın bu qanunsuz siyasəti beynəlxalq hüquqda əksini tapmış “müharibə cinayəti”dir. 1949-cu ildə qəbul olunan Cenevrə Konvensiyasında işğalçı dövlətin işğal olunmuş ərazilərdə məskunlaşdırma siyasəti aparması müharibə cinayəti kimi tövsif edilib.Konvensiyanın 49-cu maddəsində deyilir: “İşğalçı dövlət öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə deportasiya edə və ya köçürə bilməz”.Bu prinsip Konvensiyaya 1977-ci ildə əlavə edilən Beynəlxalq Hərbi Münaqişə qurbanlarının qorunmasına dair 1 saylı Protokolda, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsi, Birləşmiş Millətlər Təşkilatının Şərqi Timordakı Keçid İdarəsi Qaydasında da qeyd olunur.Prezident bu şirkətlərə xəbərdarlıq etdi...Prezident İlham Əliyev Ermənistanın işğal altındakı ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsini məhv etdiyini, Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismar edildiyini də bəyan edib.Ermənistan işğalı altındakı ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdır, Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir. Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalıb.Ermənistanın maddi-mədəni irsimizə qarşı vandalizmi bu gün də davam edir. 1994-cü ilin qiymətləndirmələrinə görə, dəyərini müəyyən etmək mümkün olmayan daşınmaz tarix və mədəniyyət abidələrindən başqa respublikamıza dəymiş ümumi zərərin məbləği 23 trilyon 680 milyon manat və ya 6 milyard 71 milyon ABŞ dollardır.Prezident İlham Əliyev Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlərə də xəbərdarlıq edib. Bildirib ki, bu şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmadıqları halda onlar hüquqi məsuliyyətlə üzləşəcəklər.Ermənistanın terror siyasəti və ASALA-nın Qarabağa gətirilməsiDövlət başçısı BMT tribunasından Ermənistanın terrorla əməkdaşlığını da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.“Ermənistan müxtəlif ölkələrdən olan muzdluları və terrorçuları cəlb edir və onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var”, - Prezident bəyan edib.Tovuz döyüşlərindən sonra PKK və ASALA terror təşkilatlarının Dağlıq Qarabağa gətirilməsi faktı bunu sübut edir.Son bir ayda 250 PKK terrorçusu Qarabağa gətirilib. Bununla yanaşı, PKK tərkibində yaradılan “Nubar Ozanyan” adlı erməni taborunun terrorçuları da işğal olunmuş ərazilərdədir. Məlumatlara görə, erməni erməni taborunun üzvləri, eləcə də Qəndil və Qamışlıdan gələn digər terrorçular Ağrı dağı üzərindən Ermənistana keçib. Terrorçuların Ağrı dağından keçidinə “Ağrı qartalları” qruplaşmanın üzvləri olan Livan Qaradağ, Hemaran Kervaçiyan və Sərvət Boqapşin adlı terrorçular bələdçilik edib. 400-ə yaxın terrorçunun Göyçə gölü ərazisində PKK üçün ayrılan Vardenes düşərgəsində təlimlər keçdiyi, ardınca Dağlıq Qarabağa göndərildiyi deyilir. Döyüşlərdə əsasən təcrübəli terrorçulardan istifadə olunur.Azərbaycan Prezidenti BMT tribunasından “Erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var” deməklə beynəlxalq ictimaiyyətin diqqətinə Ermənistanın terror dövləti olduğunu çatdırdı.BMT tribunasından BMT-yə çağırışPrezidentin çıxışında ən mühüm məqamlardan biri BMT Təhlükəsizlik Şurasının erməni hərbi birləşmələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarlmasına dair 4 qətnaməsinin hələ də icra edilmədiyi haqda fikirləri idi.“BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir. Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yaradılmalıdır”, - dövlət başçısı bəyan edib.Azərbaycan lideri BMT tribunasından “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq” deyir və dünyanın ən ali təşkilatından qəbul etdiyi qətnamələri icra etməyi tələb edir.Ermənistanın hücum planı ifşa edildiPrezident İlham Əliyev beynəlxalq ictimaiyyəti işğalçı Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə də çağırıb.“Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə verməmişdir. Ermənistanın məqsədi işğal ilə bağlı cari status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ Prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanmışdır. Azərbaycan tərəfi həmin bəyanatları alqışlayır, lakin bəyanatlar kifayət etmir. Real addımlara ehtiyac var”, - dövlət başçısı qeyd edib.Azərbaycan lideri BMT tribunasından Ermənistanın işğalçı siyasətini və hücum planlarını ifşa etdi. Bəyan etdi ki, “İşğalçı dövlət olan Ermənistana beynəlxalq sanksiyalar tətbiq olunmalıdır”.Prezident İlham Əliyevin bu çıxışının Ermənistanda ciddi rezonans yaratması da təsadüfi deyil. Keçmiş ədliyyə naziri Arpine Ovannisyan Azərbaycan Prezidentinin BMT-nin tribunasından Ermənistanı biabır etdiyini, baş nazir Nikol Paşinyanın isə İlham Əliyevə verməyə cavabının olmadığını bildirib.Asif Nərimanlı

Hamısını oxu
Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür. O, 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Milli Qəhrəmanımız Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri, Heydər Məmmədəliyev isə güləş üzrə dünya çempionu olub. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib. 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib. Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

Hamısını oxu
Polkovnik: Müdafiə sənayesi sahəsində birgə istehsal Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını gücləndirəcək

Bakı, 21 fevral, Təhminə Verdiyeva, AZƏRTAC Prezident İlham Əliyev Türkiyəyə səfəri zamanı iki dövlət arasında bir sıra məsələlərlə yanaşı, müdafiə sənayesi sahəsində birgə hərbi istehsalın da diqqət mərkəzində olduğunu bildirib. Bu, onun göstəricisidir ki, iki ölkə arasında müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq mühüm önəm kəsb edir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov söyləyib. C.Xəlilov bildirib ki, Prezident İlham Əliyev qardaş Türkiyəyə səfəri zamanı iki dövlət arasında müdafiə sənayesi sahəsində ortaq istehsalla bağlı fikirlər səsləndirdi, bununla bağlı konkret planlara malik olduqlarını vurğuladı: “Hesab edirəm ki, Azərbaycanla Türkiyənin birgə hərbi istehsalla bağlı atacağı addımlar iki ölkə arasındakı hərbi əməkdaşlığın daha da güclənməsinə, mahiyyət etibarilə yeni mərhələyə qədəm qoymasına səbəb olacaq. Bu, həm Azərbaycana, həm də Türkiyəyə imkan verəcək ki, öz müdafiə sənayesini yerli istehsal hesabına daha da gücləndirsin, ordularını daha keyfiyyətli silahlarla, hərbi texnikalarla təmin etsin”. Polkovnik qeyd edib ki, birgə hərbi istehsal həm Azərbaycanın, həm də Türkiyənin xaricdən silah idxalını da əhəmiyyətli dərəcədə azaldacaq: “Müdafiə sənayesi sahəsində ortaq istehsalın ən mühüm üstünlüklərindən biri də, bunun Azərbaycan və Türkiyənin xarici idxaldan asılılığını azaldacağı ilə bağlıdır. Bu isə müasir dövrümüzdə çox mühüm, hətta həyati bir məsələdir. Birgə istehsal həm Azərbaycan, həm də Türkiyə ordusunun milli silahlarla silahlanmasını təmin edəcək, dünyanın qabaqcıl silah ixracatçılarından asılılığını azaldacaq və ya bu asılılığa son qoyacaq”. “Bu gün Azərbaycan və Türkiyədə silah istehsalı sürətlə inkişaf etməkdədir. Hazırda hər iki türk dövləti öz daxili tələbatının önəmli bir hissəsini yerli istehsal hesabına təmin etməklə yanaşı, digər ölkələrə də çox sayda silah-sursat, hərbi texnika satır. Birgə hərbi istehsalın reallaşması ilə Azərbaycan və Türkiyənin hərbi ixrac imkanları da artacaq ki, bu da yeni maliyyə mənbəyi olmaqla yanaşı, həm də hər iki dövlətin dünyadakı nüfuzuna müsbət təsir göstərəcək”, - deyə Cəlil Xəlilov əlavə edib.

Hamısını oxu