Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələrinin görüşü keçirilib

Mayın 5-də  Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 9 May – Qələbə Günü münasibətilə YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib. Görüşdə çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Azərbaycanın Sovet dövründəki həyatında 1941-1945-ci illər ən ağır və dəhşətli dövrlərdən biri olduğunu desək yəqin ki, səhv etmərik. Ölkəmizdən müharibəyə 600 min nəfərə yaxın həmyerlimiz çağırıldı və onların 350 min nəfəri geri qayıtmayıb. Arxa cəbhədə isə 250 min nəfərə yaxın insan ordunun tələbatını təmin etməsi ilə əlaqədar çalışırdı. Arif Rəhimzadənin sözlərinə görə, İkinci Dünya müharibəsi, bu müharibəyə cəlb olunan ölkələrin əhalisi üçün ən dəhşətli dövr oldu və hamıda fikir formalaşdırdı ki, faşizm ifrat dərəcədə milliyyətçiliyə, irqçiliyə yönəlib: “Azərbaycan xalqı erməni faşizmindən də əziyyət çəkib. Elə sovetlər dövründə də ermənilərin Azərbaycan torpaqlarına qarşı iddiaları var idi. Bu məsələ ilə  dövlət səviyyəsində ilk dəfə Ulu Öndər Heydər Əliyev məşğul oldu. Onun gördüyü tədbirlər nəticəsində Ermənistanın rəhbərləri anladı ki, Azərbaycana olan iddialarını həyata keçirə bilməyəcəklər. Ulu Öndərimiz böyük uzaqgörənliklə sovetlər dönəmində Bakıda hərbi məktəbin açılmasına nail oldu. Bu da milli hərbi mütəxəssislərimizin hazırlanmasında böyük rol oynadı”. Arif Rəhimzadə qeyd edib ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra Ermənistan Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları ilə çıxış etdi: “Beləliklə də, Qarabağ müharibəsi başlandı. O dövrdə ölkə iflic vəziyyətdə idi. Nə silah var idi, nə ordu, nə də ki, ölkəyə rəhbərlik edənlərdə bacarıq, səriştə, iradə. Buna baxmayaraq, minlərlə Azərbaycan vətəndaşları ölkənin müdafiəsinə qalxdı. Birinci Qarabağ müharibəsində ərazilərimizin bir hissəsini itirsək də, bu müvəqqəti idi. Bu gün isə biz hamımız İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbənin təsiri altındayıq və anlayırıq ki, bu tarixi hadisə Azərbaycan xalqının birliyi, Silahlı Qüvvələrinin yüksək peşəkarlığı və qəhrəmanlığı, Prezident, Ali Baş Komandan İlham Əliyevin ardıcıl, məqsədyönlü və məhsuldar fəaliyyətinin nəticəsidir. Eyni zamanda, biz yaxşı anlayırıq ki, Azərbaycan xalqında vətənə məhəbbət, ağır anlarında bir yumruq kimi birləşib doğma yurdumuzu müdafiə etmək, hətta canımızdan keçməyi siz veteranlar gənclərimizə  aşılayırsınız”. YAP Veteranlar Şurasının sədri söyləyib ki, azərbaycanlıların 1941-1945 –ci illərdə müharibə zamanı qəhrəmanlıqları hər zaman yaddaşlardadır.  İkinci Dünya müharibəsində yüksək şücaət göstərdiyinə görə 127 həmyerlimiz “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Bütövlükdə isə, orden və medallarla 170 minə yaxın vətəndaşımız təltif olunub. A.Rəhimzadə deyib ki, müharibə və əmək veteranlarının vətənə, dövlətə xidməti gənc nəsil üçün nümunədir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Fatma Səttarova  İkinci Dünya müharibəsində Azərbaycanın oğul və qızlarının qəhrəmanlığından, özünün də müharibə xatirələrindən bəhs edib. Fatma Səttarova ölkəmizdə müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. O, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən qürur duyduğunu, şanlı Azərbaycan Ordusu ilə fəxr etdiyini qeyd edib. Görüşdə həmçinin, Аzərbaycan Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov və təşkilatın üzvləri İmran Əbilov və Tamleyxa Həsənov çıxış edərək ölkəmizin uğurlu inkişafından, Vətən müharibəsində qazanılan zəfərdən, eləcə də ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıdan danışıblar. Eyni zamanda, hər iki təşkilat arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 

2021-05-06 00:00:00
3716 baxış

Digər xəbərlər

İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb. Publika.az-ın məlumatına görə, mətndə deyilir: "Hörmətli həmvətənlər! Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Zəngin tarixi-mədəni irsə və çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarix boyu yəhudilər digər xalqların və dinlərin nümayəndələri ilə sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşamışlar. Azərbaycan etnik-dini dözümsüzlüyün, ksenofobiyanın və antisemitizmin mövcud olmadığı nadir məkanlardan biridir.

Hamısını oxu
Topçu Qulam

Alman  faşizmi  üzərində  qələbənin  80  illiyi... Bu il mütərəqqi bəşəriyyət İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 80 illiyini təntənə ilə qeyd edir. 1418 gün davam edən İkinci Dünya müharibəsi 20 milyon Sovet adamının qanı bahasına qələbə ilə başa çatdı.  Bu qələbə bəşəriyyəti faşizm taunundan xilas etdi. 9 May günü dünyaya ağalıq etmək istəyən azğın Hitler başda olmaqla faşistlərin alçaq niyyətlərinin puç olduğu gündür. Sovet xalqının faşist Almaniyası üzərindəki qələbəsinin böyük ümumdünya tarixi əhəmiyyəti vardı. Bu qələbənin qazanılmasında  doğma Azərbaycanımız da böyük şücaət göstərmişdir. İkinci Dünya müharibəsində Vətənimizin xilası naminə, faşizmin darmadağın edilməsi naminə xalqımız böyük qurbanlar vermişdir. Vətənə sədaqətlə xidmət etmiş və öz həyatlarını qələbə naminə qurban vermiş adamların xatirəsini biz bu gün də ehtiramla yad edirik. İkinci Dünya müharibəsinin odlu-alovlu səngərlərində Cəlilabad rayonundan olan minlərlə  əsgər və zabitlərimiz də böyük əzmkarlıq göstərmiş, azğın faşistlərin yuvası olan qanlı Berlinədək şanlı döyüş yolu keçmişlər. Cəbhələrdən geri qayıtmayan, Vətən uğrunda fədakarlıqla həlak olan 3600 həmyerlimizin əziz xatirəsi bu gün də qəlbimizdə əbədi yaşayır. Cəlilabadın istirahət parkında ucaldılmış Ana abidəsi Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə xalqımızın ehtiramını bir daha nümayiş etdirir. Müharibə cəbhələrində həlak olan cəlilabadlıların  şərəfinə rayonumuzun mərkəzində  “Xatirə bulağı” kompleksi də ucaldılmışdır. İkinci Dünya müharibəsində hünər göstərmiş Fətulla Niftullayev, Gülağa Cəfərov, Rəşid Əhədov, Şirbala Mayılov, Səfəralı Məmmədov, Qulam Əliyev, Alim Əliyev, Ağapaşa Səfərov, Ağabağır Kazımov  kimi igid oğullarımızın keçdiyi şərəfli həyat yolu bu gün hamımız üçün örnəkdir. Bu yazımızda el-oba içərisində “Topçu Qulam” kimi tanınmış Qulam Əliyev haqqında söz açmaq istəyirik. Qulam Əliyev Cəlilabad rayonunun Məlikqasımlı kəndində 1902-ci ildə doğulub, boya-başa çatıb. Müharibə başlananda o,  kənddə kolxoz sədri işləyirdi. Vətənin bu ağır günündə Qulam arxa cəbhədə əlindən gələni edirdi ki, məhsulumuz bol olsun, əsgər ailələri korluq çəkməsinlər. İşçi qüvvəsi az idi. Kişilər cəbhəyə getdiyi üçün bütün işləri qadınlar görürdülər. Bir gün müharibəyə getmək üçün Qulama da çağırış vərəqi gəldi. 1942-ci ilin aprel ayında cəbhəyə yollanan Qulam ilk döyüşə Mozdak yaxınlığnda girir. Ağır döyüşdə o, düşmənin bir neçə tankını məhv edir və özü də bu döyüşdə yaralanır. Hospitalda müalicə alıb sağaldırdan sonra yenidən cəbhəyə yola düşür. 1943-cü ildə Kursk cəbhəsində gedən qanlı döyüşlərdə vuruşur. 151-ci divizi-yanın döyüşçülərilə birgə Belqorod şəhərinin, Kirov vilayətinin, Sumsk vilayətinin Luza qəsəbəsinin, Leninqradın Krasnoye kəndinin azğın faşistlərdən azad olunmasında iştirak edir. Odlu səngərlərdə göstərdiyi şücaətə görə həmyerlimiz Qulam Əliyev komandanlıq tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilir. Od-alov içindən çıxmış müharibə veteranı Qulam Əliyevin cəbhə xatirələrindən: “ Polkumuz 1943-cü ildə Kursk yaxınlığındakı döyüşlərdə fəal iştirak etdi. Tezliklə Orlov, Kursk, və Bryansk cəbhələri ilə birləşərək faşistləri mühasirəyə aldıq. Qanlı döyüşlərdən sonra Kursk vilayətini faşistlərdən azad etdik. Hər döyüşdən sonra ən yaxın dostumuzu, cəbhə yoldaşımızı görməyəndə adamın qəlbi ağrıyırdı. Lakin heç kim fikirləşmirdi ki, qarşıdakı döyüşdə düşmən gülləsinə hədəf ola bilər. Çünki insan qəzəbi, insan nifrəti ölümdən güclü idi. Hamını bir şey düşündürürdü;-daha çox faşist qırmaq, Vətəni azad etmək. Bu amal idi bizi yaşadan, döyüşlərə ruhlandıran. Qoşunlarımızın köməyi ilə Leninqrad şəhərinin ətrafını alman faşistlərindən təmizlədikdən sonra Belarusiyaya keçdik. Belarusiyanın keçilməz meşələrində almanlar bizim polku üç tərəfdən mühsirəyə aldılar. Bir tərəfimiz isə bataqlıq idi. Uzun müddətli vuruşmadan sonra mühasirəni yarıb əks hücuma keçdik. Biz mühasirədən çıxdıq. Tallin şəhərini də işğalçılardan təmizlədik.”  Sinəsini orden və medallar bəzəyən Qulam Əliyevin cəbhə xatirələri çoxdu. Yadımdadı, oxuduğum Cəlilabad şəhər 2 saylı məktəbdə  müharibə veteranları ilə şagird və müəllim heyətinin görüşündə də Topçu Qulamın maraqlı cəbhə xatirələrinə doyunca qulaq asmışıq. Onun barıt qoxulu xatirələrini dinlədikcə gözümüz önündə müharibənin odlu-alovlu günləri bir daha canlanırdı.  Biz o döyüşçünü  klublarda baxdığımız davalı kinoların qəhrəmanı kimi tanıyırdıq. Qulam Əliyevin ağsaqqal sözü, öyüd-nəsihəti, keçdiyi şərəfli həyat yolu biz gənclər üçün örnək idi. Qəhrəman döyüşçünün  barıt qoxulu xatirələrindən: “Mənim döyüşdüyüm 151-ci atıcı diviziyası Polşanın azad olunmasında da fəal iştirak edib. Kənd və şəhərləri azğın faşistlərdən təmizləyə-təmizləyə 1944-cü ildə Praqa şəhərinə gəlib çatdıq. Döyüşdəki hünərimə görə məni “Şöhrət” ordeni və “Praqanın azad olunması” medalı ilə təltif etdilər. Sonra biz Almaniyanın içərilərinə doğru irəlilədik. Hər şəhər, hər kənd uğrunda əlbəyaxa döyüşlər gedirdi. Bu döyüşlər zamanı 15-dən çox faşist öldürdüm, düşmənin bir neçə tankını yandırdım. Müharibənin qurtarması xəbərini də Almaniya torpağında eşitdik. Qələbə günü – 1945-ci il mayın 9-da hissəmizdə böyük bayram oldu. Əsgərlərimiz bir-birini təbrik edir, qucaqlaşıb öpüşürdülər. O vaxtdan neçə illər keçsə də müharibənin ürəklərə vurduğu yaralar hələ sağalmayıb...” Od-alov içindən çıxmış müharibə veteranı Qulam Əliyev müharibədən sonrakı illərdə bir müddət təsərrüfatla məşğul olub, sonra “Veteranlar” mağazasının müdiri kimi çalışıb. Özü kimi yaşlı nəslin nümayəndələrinə nümunəvi xidmət göstərib. Əmək fəaliyyətinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə o vaxtlar qabaqcıl əmək adamlarına verilən “Rəşadətli əməyə görə”, “Lenin yubiley medalı”, “Kommunist əməyi zərbəçisi”, “Sosializm yarışının qalibi” nişanları ilə təltif olunub. İkinci Dünya müharibəsi veteranı Qulam Əliyev həm də gözəl ailə başçısı olub. 9 övlad böyüdüb boya-başa çatdırıb, nəvə-nəticə sahibi olub. Qəhrəman döyüşçü, hamının “Topçu Qulam” kimi tanıdığı Qulam Əliyev 2000-ci ildə Cəlilabad şəhərində dünyasını dəyişib. O, bu gün şəhər qəbirstanlığında əbədi uyusa da, qədirbilən xalqımızın qəlbində həmişə yaşayır. Necə deyərlər, heç kim unudulmur, heç nə yaddan çıxmır...          Ədalət Salman, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü        

Hamısını oxu
Azərbaycanda ilk dəfə Repetitorların I Ümumrespublika Forumu baş tutub

Forum Hədəf Şirkətlər Qrupunun baş sponsorluğu, Hədəf Nəşrlərinin təşkilatçılığı ilə keçirilib Veteran.gov.az xəbər verir ki, Hədəf Şirkətlər Qrupunun baş sponsorluğu, Hədəf Nəşrlərinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə Repetitorların I Ümumrespublika Forumu baş tutub. Forumda Azərbaycanın bütün bölgələrindən repetitor müəllimlər iştirak edib. Salamlama və açılış nitqi ilə çıxış edən Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq bu forumun repetitorlar üçün əhəmiyyətini vurğulayıb. Daha sonra öz sahəsində brendə çevrilmiş məruzəçilərdən Cəlalə Nəzəroğlu, Fəxri Ağayev, Araz Paşayev, Səfa Xəlilov, Qulu İbrahimli repetitor müəllimlərə çox faydalı məlumatlar veriblər. I panel yekunlaşdıqdan sonra II paneldə müəllimlər öz ixtisasları üzrə dərslərə qoşulublar. Yekunda müəllimlərə sertifikat və hədiyyələr verilib, xatirə şəkli çəkilib. Seymur ƏLİYEV

Hamısını oxu
“Strateji Tərəfdaşlıq Xartiyası Cənubi Qafqazda sülh və təhlükəsizliyə tarixi töhfədir”

Cəlil Xəlilov: “Bu sənəd, həm də Prezident İlham Əliyevin böyük strateq kimi nəhəng siyasi dühasından xəbər verir” “Azərbaycanla ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün tarixi töhfədir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu Xartiya regionda uzunmüddətli sülhü təmin  etməklə yanaşı, inkişaf və tərəqqi üçün də geniş imkanlar açacaq: “Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası hər şeydən öncə iki dövlət arasındakı münasibətlərin sürətli inkişafından, qarşılıqlı inam və etimaddan, eləcə də tərəflərin əməkdaşlıq arzusundan xəbər verir. Bu Xartiya sübut edir ki, Azərbaycan və ABŞ Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizliyin mövcudluğunda maraqlıdır və onların əməkdaşlıq niyyəti məhz bu amala xidmət edir. Artıq əminliklə demək olar ki, biz yaxın gələcəkdə Azərbaycan və ABŞ-ın bu məsələdə daha sıx əmədkaşlığa şahid olacaq, məlum əməkdaşlıq regionda təhlükəsizliyin daha etibarlı şəkildə təmin olunmasına təkan verəcək. Strateji Tərəfdaşlıq Xartiyası həm də Prezident İlham Əliyevin böyük strateq kimi nəhəng siyasi dühasından xəbər verir. Bu cür mühüm və tarixi sənədin ərsəyə gəlməsi sübut edir ki, Müzəffər Ali Baş Komandan Cənubi Qafqazda sülhün və tərəqqinin inkişafında maraqlıdır və bu məqsədə çatmaq üçün böyük güc mərkəzləri ilə uğurla əməkdaşlıq edir. Bu səbəbdən də biz Bakıda imzalanan Strateji Tərəfdaşlıq Xartiyasını həm də Prezidentimizin, dövlətimizin siyasi-diplomatik uğuru kimi dəyərləndirməli, bunun müharibə və münaqişələrdən əziyyət çəkən dünyamızda necə böyük önəm kəsb etdiyini anlamalıyıq. Şübhəsiz ki, Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası, eləcə də, Prezidentimizin sülh siyasəti Cənubi Qafqazın həyatında yeni bir səhifə açacaq, regionda möhkəmlənən sülh mühiti tərəqqi və inkişafla bağlı bütün planlarımızı vaxtında və müvəffəqiyyətlə həyata keçirməyimizə imkan yaradacaq”.  

Hamısını oxu