Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Topçu Qulam

Alman  faşizmi  üzərində  qələbənin  80  illiyi...

Bu il mütərəqqi bəşəriyyət İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 80 illiyini təntənə ilə qeyd edir. 1418 gün davam edən İkinci Dünya müharibəsi 20 milyon Sovet adamının qanı bahasına qələbə ilə başa çatdı.  Bu qələbə bəşəriyyəti faşizm taunundan xilas etdi. 9 May günü dünyaya ağalıq etmək istəyən azğın Hitler başda olmaqla faşistlərin alçaq niyyətlərinin puç olduğu gündür. Sovet xalqının faşist Almaniyası üzərindəki qələbəsinin böyük ümumdünya tarixi əhəmiyyəti vardı. Bu qələbənin qazanılmasında  doğma Azərbaycanımız da böyük şücaət göstərmişdir. İkinci Dünya müharibəsində Vətənimizin xilası naminə, faşizmin darmadağın edilməsi naminə xalqımız böyük qurbanlar vermişdir. Vətənə sədaqətlə xidmət etmiş və öz həyatlarını qələbə naminə qurban vermiş adamların xatirəsini biz bu gün də ehtiramla yad edirik.

İkinci Dünya müharibəsinin odlu-alovlu səngərlərində Cəlilabad rayonundan olan minlərlə  əsgər və zabitlərimiz də böyük əzmkarlıq göstərmiş, azğın faşistlərin yuvası olan qanlı Berlinədək şanlı döyüş yolu keçmişlər. Cəbhələrdən geri qayıtmayan, Vətən uğrunda fədakarlıqla həlak olan 3600 həmyerlimizin əziz xatirəsi bu gün də qəlbimizdə əbədi yaşayır. Cəlilabadın istirahət parkında ucaldılmış Ana abidəsi Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə xalqımızın ehtiramını bir daha nümayiş etdirir. Müharibə cəbhələrində həlak olan cəlilabadlıların  şərəfinə rayonumuzun mərkəzində  “Xatirə bulağı” kompleksi də ucaldılmışdır.

İkinci Dünya müharibəsində hünər göstərmiş Fətulla Niftullayev, Gülağa Cəfərov, Rəşid Əhədov, Şirbala Mayılov, Səfəralı Məmmədov, Qulam Əliyev, Alim Əliyev, Ağapaşa Səfərov, Ağabağır Kazımov  kimi igid oğullarımızın keçdiyi şərəfli həyat yolu bu gün hamımız üçün örnəkdir. Bu yazımızda el-oba içərisində “Topçu Qulam” kimi tanınmış Qulam Əliyev haqqında söz açmaq istəyirik.

Qulam Əliyev Cəlilabad rayonunun Məlikqasımlı kəndində 1902-ci ildə doğulub, boya-başa çatıb. Müharibə başlananda o,  kənddə kolxoz sədri işləyirdi. Vətənin bu ağır günündə Qulam arxa cəbhədə əlindən gələni edirdi ki, məhsulumuz bol olsun, əsgər ailələri korluq çəkməsinlər. İşçi qüvvəsi az idi. Kişilər cəbhəyə getdiyi üçün bütün işləri qadınlar görürdülər. Bir gün müharibəyə getmək üçün Qulama da çağırış vərəqi gəldi. 1942-ci ilin aprel ayında cəbhəyə yollanan Qulam ilk döyüşə Mozdak yaxınlığnda girir. Ağır döyüşdə o, düşmənin bir neçə tankını məhv edir və özü də bu döyüşdə yaralanır. Hospitalda müalicə alıb sağaldırdan sonra yenidən cəbhəyə yola düşür. 1943-cü ildə Kursk cəbhəsində gedən qanlı döyüşlərdə vuruşur. 151-ci divizi-yanın döyüşçülərilə birgə Belqorod şəhərinin, Kirov vilayətinin, Sumsk vilayətinin Luza qəsəbəsinin, Leninqradın Krasnoye kəndinin azğın faşistlərdən azad olunmasında iştirak edir. Odlu səngərlərdə göstərdiyi şücaətə görə həmyerlimiz Qulam Əliyev komandanlıq tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilir.

Od-alov içindən çıxmış müharibə veteranı Qulam Əliyevin cəbhə xatirələrindən: “ Polkumuz 1943-cü ildə Kursk yaxınlığındakı döyüşlərdə fəal iştirak etdi. Tezliklə Orlov, Kursk, və Bryansk cəbhələri ilə birləşərək faşistləri mühasirəyə aldıq. Qanlı döyüşlərdən sonra Kursk vilayətini faşistlərdən azad etdik. Hər döyüşdən sonra ən yaxın dostumuzu, cəbhə yoldaşımızı görməyəndə adamın qəlbi ağrıyırdı. Lakin heç kim fikirləşmirdi ki, qarşıdakı döyüşdə düşmən gülləsinə hədəf ola bilər. Çünki insan qəzəbi, insan nifrəti ölümdən güclü idi. Hamını bir şey düşündürürdü;-daha çox faşist qırmaq, Vətəni azad etmək. Bu amal idi bizi yaşadan, döyüşlərə ruhlandıran. Qoşunlarımızın köməyi ilə Leninqrad şəhərinin ətrafını alman faşistlərindən təmizlədikdən sonra Belarusiyaya keçdik. Belarusiyanın keçilməz meşələrində almanlar bizim polku üç tərəfdən mühsirəyə aldılar. Bir tərəfimiz isə bataqlıq idi. Uzun müddətli vuruşmadan sonra mühasirəni yarıb əks hücuma keçdik. Biz mühasirədən çıxdıq. Tallin şəhərini də işğalçılardan təmizlədik.”

 Sinəsini orden və medallar bəzəyən Qulam Əliyevin cəbhə xatirələri çoxdu. Yadımdadı, oxuduğum Cəlilabad şəhər 2 saylı məktəbdə  müharibə veteranları ilə şagird və müəllim heyətinin görüşündə də Topçu Qulamın maraqlı cəbhə xatirələrinə doyunca qulaq asmışıq. Onun barıt qoxulu xatirələrini dinlədikcə gözümüz önündə müharibənin odlu-alovlu günləri bir daha canlanırdı.  Biz o döyüşçünü  klublarda baxdığımız davalı kinoların qəhrəmanı kimi tanıyırdıq. Qulam Əliyevin ağsaqqal sözü, öyüd-nəsihəti, keçdiyi şərəfli həyat yolu biz gənclər üçün örnək idi.

Qəhrəman döyüşçünün  barıt qoxulu xatirələrindən: “Mənim döyüşdüyüm 151-ci atıcı diviziyası Polşanın azad olunmasında da fəal iştirak edib. Kənd və şəhərləri azğın faşistlərdən təmizləyə-təmizləyə 1944-cü ildə Praqa şəhərinə gəlib çatdıq. Döyüşdəki hünərimə görə məni “Şöhrət” ordeni və “Praqanın azad olunması” medalı ilə təltif etdilər. Sonra biz Almaniyanın içərilərinə doğru irəlilədik. Hər şəhər, hər kənd uğrunda əlbəyaxa döyüşlər gedirdi. Bu döyüşlər zamanı 15-dən çox faşist öldürdüm, düşmənin bir neçə tankını yandırdım. Müharibənin qurtarması xəbərini də Almaniya torpağında eşitdik. Qələbə günü – 1945-ci il mayın 9-da hissəmizdə böyük bayram oldu. Əsgərlərimiz bir-birini təbrik edir, qucaqlaşıb öpüşürdülər. O vaxtdan neçə illər keçsə də müharibənin ürəklərə vurduğu yaralar hələ sağalmayıb...”

Od-alov içindən çıxmış müharibə veteranı Qulam Əliyev müharibədən sonrakı illərdə bir müddət təsərrüfatla məşğul olub, sonra “Veteranlar” mağazasının müdiri kimi çalışıb. Özü kimi yaşlı nəslin nümayəndələrinə nümunəvi xidmət göstərib. Əmək fəaliyyətinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə o vaxtlar qabaqcıl əmək adamlarına verilən “Rəşadətli əməyə görə”, “Lenin yubiley medalı”, “Kommunist əməyi zərbəçisi”, “Sosializm yarışının qalibi” nişanları ilə təltif olunub.

İkinci Dünya müharibəsi veteranı Qulam Əliyev həm də gözəl ailə başçısı olub. 9 övlad böyüdüb boya-başa çatdırıb, nəvə-nəticə sahibi olub.

Qəhrəman döyüşçü, hamının “Topçu Qulam” kimi tanıdığı Qulam Əliyev 2000-ci ildə Cəlilabad şəhərində dünyasını dəyişib. O, bu gün şəhər qəbirstanlığında əbədi uyusa da, qədirbilən xalqımızın qəlbində həmişə yaşayır. Necə deyərlər, heç kim unudulmur, heç nə yaddan çıxmır...        

 Ədalət Salman,

Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 

 

2025-05-16 10:32:17
653 baxış

Digər xəbərlər

Mehriban Əliyeva Qubadlının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bir sıra kəndlərimizin və Qubadlı şəhərinin işğaldan azad olunması münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:   “Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Elşad Şabanovun 70 illik yubileyi ilə bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Əfqanıstan, Qarabağ və Silahlı Qüvvələr veteranı, Təşkilatın Bakı şəhəri Nərimanov Rayon Təşkilatının sədri Elşad Şabanovun 70 illik yubileyi ilə bağlı tədbir keçirilib. Rayon gənclərinin, veteran və ziyalıların iştirak etdiyi tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Elşad Şabanovun keçdiyi döyüş yoluna nəzər salıb, onun hər zaman dövlətimizin ərazi bütövlüyünün, təhlükəsizliyinin keşiyində qətiyyətlə dayandığını bildirib. Tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri, parlamentin Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev Elşad Şabanovun timsalında bütün qazilərə öz minnətdarlığını bildirib. Millət vəkili qeyd edib ki, məhz şəhidlərimizin, qazilərimizin cəsarət və şücaəti hesabına dövlətimiz hər zaman çətin sınaqlardan alnıaçıq, üzüağ çıxmağı bacarıb. Millət vəkili çıxışının sonunda Elşad Şabanovu Fəxri Fərmanla təltif edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Elşad Şabanovun uzun müddətdir ki, Veteranlar Təşkilatının Nərimanov Rayon Təşkilatının sədri vəzifəsində çalışdığını, öz zəngin təcrübəsi, dəyərli məsləhətləri ilə gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük töhfələr verdiyini bildirib. Polkovnik Cəlil Xəlilov Elşad Şabanovu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Fəxri Fərmanı ilə təltif edib. Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov da Elşad Şabanovun həyat və döyüş yolunu yüksək qiymətləndirib, onu rəhbəri olduğu qurum adından təltif edib. Tədbirə və ona göstərilən etimada görə iştirakçılara təşəkkürünü bildirən Elşad Şabanov, hər zaman olduğu kimi bundan sonra da vətənin, dövlətin keşiyində ayıq-sayılq dayanmaqda davam edəcəyini bildirib.

Hamısını oxu
Mehriban Əliyeva Gəncə terrorundan yazdı

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Gəncə terroru ilə bağlı İnstaqram hesabında paylaşım edib. Axar.az paylaşımın mətnini təqdim edir: "Nə dərəcədə insanlıqdan uzaq, yırtıcı olmalısan ki, şəhərin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirilməsi barədə növbəti dəfə əmr verəsən? Bu gecə Gəncəyə xaincəsinə edilən hücum təkcə Ermənistan hakimiyyətinin faşist mahiyyətinə və onun prinsipsizliyinə dəlalət etmir, həm də təcavüzkarın Azərbaycan Ordusu qarşısında total acizliyinin təzahürüdür. Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir! Bu faciə nəticəsində həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm və bütün yaralıların tezliklə sağalmasını arzulayıram. Ulu Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

Hamısını oxu
Şirvanda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib

4 mart 2025-ci il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə Veteran.gov.az Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi saytına istinadən məlumat verir. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və idman məktəblərinin kollektivləri, veteran və gənc idmançılar iştirak ediblər. Tədbirdə əvvəlcə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb. Sonra şəhərin yeniyetmə və gənc idmançılarının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları izlənilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov idmançıları və idmansevərləri 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, idmanın inkişafında və gələcək yarışlarda onlara uğurlar arzulayıb. Qeyd edib ki, ölkəmizin idman sahəsində qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycanın hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Sonra çıxış edən Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini təbrik edib, ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıblar. Daha sonra bir qrup idmançı və məşqçi-müəllimlər idman sahəsində qazandığı nailiyyətlərə və şəhərin ictimai həyatında fəal iştirakına görə Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunub. Sonda idmançılarla xatirə şəkli çəkilib. Seymur ƏLİYEV    

Hamısını oxu