Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Baş Prokurorluqda yeni dəyişikliklər oldu - Bəzi idarə və şöbələr ləğv edildi

Avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Bu barədə Baş Prokurorluqdan Modern.az-a verilən məlumatda bildirilib.

Məlumata görə, Baş prokuror Kamran Əliyev bildirib ki, aparılan islahatlar çərçivəsində prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvatlaşdırılması, işində çevikliyin və səmərəliliyin artırılması, o cümlədən müasir dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə Prezident lham Əliyevin 10 iyun 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilib:
“Qurumun strukturu qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla mahiyyətcə tamamilə yenidən formalaşdırılıb, daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılaraq struktur qurumların sayı 15-dən 18-ə çatdırılıb. Habelə idarəetmədə nəzarət mexanizminin optimallaşdırıması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilib”.   “Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğunun yeni strukturuna uyğunlaşmanı təmin etmək məqsədilə Hərbi Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Bakı şəhər prokurorluğunun və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin də müasir çağırışlara cavab verən yeni strukturları təsdiq edilərək bəzi idarə və şöbələr ləğv edilməklə müasir tələblərə uyğun yeni struktur vahidləri yaradılıb, Respublika Hərbi prokurorunun əlavə müavini vəzifəsi təsis edilib”,-deyə K.Əliyev qeyd edib.

2020-08-05 00:00:00
3257 baxış

Digər xəbərlər

“İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi”

Azərbaycan xalqı bu günlərdə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd edir. Bu günlər xalqımız üçün sadəcə qələbəni xatırlamaq deyil, həm də milli varlığımızı, hər bir azərbaycanlının ürəyində yaşayan torpaq sevgisini, bütövlük arzusunu yenidən dərk etmək deməkdir. 2020-ci ilin həmin möhtəşəm payız günləri tariximizin ən şərəfli və ən yadda qalan səhifələrindən birinə çevrildi. 44 gün ərzində xalqın iradəsi, dövlətin gücü və ordunun əzmi bir amal ətrafında birləşərək “Dəmir yumruq” kimi sıxıldı və illərlə davam edən işğala son qoydu. Məhz buna görə də həmin günlərin hər dəqiqəsi, hər anı hər bir azərbaycanlının yaddaşında həkk olunmuş müqəddəs xatirədir. Bu xatirə həm də torpağımızın azadlığı uğrunda canından keçən, adını tarixə qızıl hərflərlə yazdıran şəhidlərimizin and yerinə çevrilmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” əsəri məhz bu tarixi mərhələnin mahiyyətini, dövlət başçısının müstəsna liderliyini və ordumuzun misilsiz qəhrəmanlığını elmi-publisistik şəkildə təhlil edən qiymətli mənbədir. Müəllif faktlara əsaslanaraq göstərir ki, Azərbaycan Ordusunun əldə etdiyi bu möhtəşəm qələbə uzun illər ərzində formalaşan milli iradənin, siyasi məqsədyönlülüyün və ölkənin hərbi-siyasi strategiyasının məntiqi nəticəsi idi. Müharibənin arxasında dayanan əsas güc xalq–dövlət birliyi, məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və ordumuzun yenilməz ruhu olmuşdur. 30 il boyunca gözlənilən ədalətin bərpası bu birliyin sayəsində mümkün oldu və Azərbaycan XXI əsrin hərb tarixində iz qoyan qələbə qazandı. Kitabda müəllif 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı başlatdığı separatçı hərəkatın tarixi köklərini geniş şəkildə araşdırır. Qarabağ münaqişəsi sadəcə iki xalq arasında yaranmış lokal problem deyildi. Bu, Sovet İttifaqının son illərində geosiyasi maraqlarla manipulyasiya edilən, beynəlxalq güclərin müdaxiləsi ilə dərinləşən və Azərbaycan xalqına böyük faciələr yaşadan bir proses idi. Ermənistanın ideoloji əsaslara söykənən işğalçılıq siyasəti nəticəsində yüzlərlə yaşayış məntəqəsi viran edilmiş, bir milyonadək soydaşımız doğma yurdlarından didərgin salınmışdı. Bakı Xocalının amansız qətliamını, Şuşanın itirilməsini, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Zəngilanın və Qubadlının işğala məruz qalmasını heç vaxt unutmadı. Bu yaralar xalqın yaddaşında silinməz iz buraxmışdı və azadlıq gününü gözləyən hər bir azərbaycanlı həmin tarixi ədalətin bərpasına inanırdı. Müəllif haqlı olaraq 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsi kimi qiymətləndirir. O dövrdə ölkədə hökm sürən xaos, ordunun zəifliyi, siyasi parçalanmalar və xarici müdaxilələr gənc dövlətin varlığını təhlükəyə atmışdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində sabitlik bərpa olundu, dövlətçilik əsasları möhkəmləndirildi, müasir ordu quruculuğunun təməli qoyuldu və Azərbaycanın milli təhlükəsizlik konsepsiyası formalaşdı. Sonrakı illərdə İlham Əliyevin bu siyasəti yeni mərhələyə yüksəldərək modern ordunun, güclü iqtisadiyyatın və beynəlxalq nüfuzun bünövrəsini yaratdı. Cəlil Xəlilovun vurğuladığı kimi, məhz bu sistemli iş 2020-ci ildə qələbənin əsasını təşkil edirdi. İkinci Qarabağ müharibəsinin başlanması Ermənistanın ardıcıl təxribatlarının nəticəsi idi. Tovuz hadisələri, sərhəd boyunca gərginlik və Azərbaycanın mülki əhalisinə qarşı atəşlərin açılması artıq işğalçı dövlətin məqsədini açıq göstərirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hücumu Azərbaycanın səbr kasasını daşırdı və ordumuz haqq müharibəsinə başladı. Cəmisi bir neçə gün ərzində Azərbaycanın müxtəlif istiqamətlərdə qazandığı uğurlar təkcə hərbi üstünlüyümüzün deyil, həm də ordunun ruh yüksəkliyinin və qələbə amalının parlaq göstəricisi idi. Hər qarış torpağın, hər kənd və qəsəbənin azad edilməsi xalqda möhtəşəm birlik hissi yaratdı və “Dəmir yumruq” Azərbaycan xalqının həmrəyliyinin rəmzinə çevrildi. Kitabda Azərbaycan Ordusunun fəaliyyəti yüksək elmi təhlillə təqdim edilir. Ordumuzun döyüş qabiliyyəti, müasir silah sistemlərindən effektiv istifadə etmə bacarığı, əməliyyatların dəqiqliklə planlaşdırılması və hərbi qulluqçularımızın fədakarlığı dövlətimizin gücünü bir daha nümayiş etdirdi. Bu müharibə yalnız pilotsuz uçuş aparatlarının üstünlüyü ilə deyil, həm də quru qoşunlarının, xüsusi təyinatlıların, artilleriya və tank birləşmələrinin sinxron fəaliyyəti ilə dünyaya nümunə oldu. Azərbaycan əsgəri qarşısında ən çətin relyefi belə aşaraq irəlilədi və qəhrəmanlığı ilə hərb tarixinə düşdü. Şuşanın qayalıqlarından qalxan döyüşçülərimiz yüngül silahlarla, bəzən əlbəyaxa mübarizə ilə şəhəri düşməndən təmizləyərək qəhrəmanlıq salnaməsi yazdılar. Bu əməliyyatın uğuru dünya ekspertləri tərəfindən “XXI əsrin hərb möcüzəsi” kimi qiymətləndirildi. Bu qələbənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı dayanır. Şəhidlərimizin hər biri Azərbaycanın bütövlüyü uğrunda canını fəda etdi və bu torpaqlara əbədiyyət möhürü vurdu. Qazilərimiz isə həyatlarını riskə ataraq döyüş meydanında misilsiz qəhrəmanlıq göstərdilər. Onların bəziləri ayaqlarını, qollarını, bəziləri gözlərini itirsə də, heç biri qələbə amalından dönmədi. Qazilərimizin hər biri bu xalqın canlı qəhrəmanlarıdır və dövlət tərəfindən onlara göstərilən qayğı əsərdə geniş şəkildə qeyd olunur. Müəllif vurğulayır ki, Azərbaycanın igid oğullarının fədakarlığı milli yaddaşımızın ən parlaq səhifələrini təşkil edir və gələcək nəsillər üçün örnəkdir. Müharibənin gedişində təhlükəsizlik orqanlarının fəaliyyəti də kitabda əhatəli şəkildə araşdırılır. Dövlət Təhlükəsizliyi Xidmətinin düşmənin daxili diversiya planlarının qarşısını alması, ölkədə sabitliyi təmin etməsi, əməliyyat məlumatlarının ordunun istifadəsinə çatdırılması qələbənin əldə edilməsində mühüm rol oynadı. 44 gün ərzində bircə dəfə belə daxili sabitliyin pozulmaması, terror aktlarının baş verməməsi Azərbaycanın güclü təhlükəsizlik sisteminə malik olduğunu sübut etdi. Zəfərdən sonra Qarabağda həyata keçirilən quruculuq işləri də əsərin mühüm istiqamətlərindəndir. Müəllif geniş şəkildə göstərir ki, müharibədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı işlərə start verildi. Füzuli, Zəngilan və Laçında hava limanlarının tikilməsi, yolların çəkilməsi, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrası, məktəblərin, xəstəxanaların, yaşayış məhəllələrinin inşası Azərbaycanın bu torpaqlara həyat qaytarmaq əzmini nümayiş etdirir. Artıq yüzlərlə ailənin doğma yurdlarına qayıtması Zəfərin real nəticəyə çevrildiyini sübut edir. Müəllif sülh prosesini də geniş təhlil edərək qeyd edir ki, İlham Əliyev müharibənin qalibi olmaqla yanaşı, həm də sülhün müəllifidir. Azərbaycanın bölgədə yaratdığı yeni reallıq, Ermənistanla aparılan danışıqlarda tutduğu prinsipial mövqe, region ölkələri ilə əməkdaşlıq təşəbbüsləri ölkəmizin Cənubi Qafqazda aparıcı gücə çevrildiyini göstərir. Bu gün Azərbaycan diktə edən, şərtləri müəyyənləşdirən tərəfdir və bu reallıq sülhün uzunmüddətli olmasını şərtləndirir. Nəticə etibarilə, Cəlil Xəlilovun “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabı müasir Azərbaycan tarixinin ən həlledici mərhələlərini dərindən təhlil edən, ordumuzun şücaətini, şəhid və qazilərimizin qəhrəmanlığını, Prezident İlham Əliyevin liderlik fenomenini əhatəli şəkildə təqdim edən sanballı bir tədqiqat əsəridir. Bu kitab bir daha sübut edir ki, 44 günlük Vətən müharibəsi milli birliyin, dövlətin qüdrətinin və xalqın əzminin təntənəsi idi. Bu Zəfər həm bu günümüzün qürur mənbəyidir, həm də gələcək nəsillərin milli kimliyini formalaşdıran əbədi ideoloji dayaqlardan biri olacaq.  s.e.f.d., dos. Murtəza Həsənoğlu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Siyasi İdarəetmə fakültəsinin dekanı  

Hamısını oxu
Xəzər rayonunda veteranlarla görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin  müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 18 fevral 2022-ci il tarixində  Xəzər rayonunda keçirilən tədbirdə iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər   rayon  Veteranlar Təşkilatının sədri Səxavət Məcnunov, müavini Samir Məmmədov, Birinci və İkinci Qarabağ müharibəsinin qaziləri və veteranları iştirak ediblər. Tədbiri giriş sözüq ilə açan polkovnik Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın toxunulmazlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Adil Haqverdiyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Çıxışında Xocalı faciəsindən danışan Adil Haqverdiyev bildirib ki, mənfur düşmən Birinci Qarabağ müharibəsi dönəmində şəhərlərimizi, qəsəbələrimizi, kəndlərimizi viran qoydu. Onlar nəinki xalqımıza, eyni zamanda dinimizə, tariximizə, mədəniyyətimizə qarşı da ağır cinayətlər törətdilər. Qürurvericidir ki, 44 günlük  Vətən müharibəsində xalqımızın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın edərək torpaqlarımızın azadlığını təmin etdi. Adil Haqverdiyev çıxışında son vaxtlar bəzi qüvvələrin qaziləri, veteranları öz tərəfinə çəkmək, onların nüfuzundan şəxsi ambisiyalarını həyata keçirmək, dövlətimizin maraqlarına zərbə vurmaq üçün istifadə etməyə çalışdıqlarını bildirib, qaziləri ayıq-sayıq olmağa, dövlətin və  Prezidentin ətrafında sıx birləşməyə çağırıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.    

Hamısını oxu
Azərbaycan-İspaniya tarixi dostluğu: Ağır dönəmlərin işıqlı xatirələri...

İspan pilotlarla bağlı yaşananlar xalqımızın humanizmindən, ümumbəşəri dəyələrə verdiyi önəmdən xəbər verir Məlum olduğu kimi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə təlim keçmiş ispan pilotların tarixindən bəhs edən sənədli film paylaşıb. Hikmət Hacıyev qeyd edib ki,  Gəncə uzun illər onun üçün gizli bir sirr olaraq qalıb: bəzi yaşlı sakinlərin şəhərdəki məktəblərdən birini niyə "İspan məktəbi" adlandırması və Gəncədə ispan pilotların məzarlarının olması sual doğurub. Prezidentin köməkçisi bildirib ki, "AnewZ" tərəfindən hazırlanmış "The aviators of Ganja | AnewZ investigative documentary" ("Gəncənin aviatorları | AnewZ araşdırma sənədli filmi) adlı araşdırma filmi bu unudulmuş tarixin bir hissəsinə işıq salır. Azərbaycandan həyatını ona etibar edənlərlə bağlı şərəfli addım... "AnewZ"-un hazırladığı filmdən məlum olur ki, ispan pilotların təlim keçmək məqsədilə Azərbaycana gəlişi 1936-1939-cu illəri əhatə edir. Bu, elə bir tarixi dönəm idi ki, Almaniyada faşistlər siyasi hakimiyyəti ələ keçirməklə yanaşı, Avropada da müttəfiq axtarışına çıxmış, başlayacağı böyük müharibədə qələbəni təmin etmək üçün diktatura rejmli millətçi hökumətlərlə rəsmi və qeyri-rəsmi razılaşmalara can atırdı. Bu, İspaniya dövləti üçün də keşməkeşli bir dövr idi. 1936-1939-cu illərdə İspaniyada vətəndaş müharibəsi gedirdi. Bu müharibənin qalibi general Fransisko Franko oldu. Frankonun qələbəsi Azərbaycandakı gənc ispan pilotların da taleyini həll etdi. Onlar üçün diktatura rejiminin bərqərar olduğu İspaniyaya gedən yol həmişəlik bağlandı. Məhz bu səbəbdən də onların taleyi Azərbaycandan, siyasi hakimiyyətlə yanaşı, Azərbaycan xalqının onlara olan münasibətindən asılı hala çevrildi. Qürurvericidir ki, Azərbaycan xalqı bütün zamanlarda və situasiyalarda olduğu kimi ispan pilotlara münasibətdə də ənənəvi humanizm prinsipindən yanaşdı, onlar üçün ikinci vətən oldu. Azərbaycan ispan pilotları geriyə - Franko rejiminin hakimiyyətdə olduğu İspaniyaya qaytarmadı. Bununla da onların təhlükəsizliyini təmin etmiş oldu. Xalqımız bununla sübut etdi ki, o, həyatını ona etibar edənlərin təhlükəsizliyini təmin etməyi, onlara qayğı göstərməyi özünə mənəvi borc hesab edir və bu borca istənilən təzyiq qarşısında sadiqdir. “Qəhvəyi taun”a qarşı mübarizənin birləşdirdiyi iki azad ruhlu xalq... Gəncədəki ispan pilotlarla bağlı "AnewZ"-un hazırladığı sənədli film, habelə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bununla bağlı paylaşımı Azərbaycan-İspaniya dostluğu ilə bağlı çoxdan unudulan həqiqətləri yada salmış oldu. Gündəmə gətirilən bu məlumatlar Azərbaycan və ispan xalqının “qəhvəyi taun”a qarşı birlikdə necə mübarizə apardığını, bu mübarizənin faşizm üzərindəki tarixi qələbəyə necə böyük töhfə verdiyini xatırlatdı. "AnewZ"-un ərsəyə gətirdiyi film sayəsində məlum oldu ki, Azərbaycanı özlərinə ikinci vətən edən ispan pilotlar onlara qayğı və sevgi ilə yanaşan bu torpaqların faşist hücumlarından müdafiəsində fəal iştirak edib, neft mədənlərinin qorunmasında böyük qəhrəmanlıqlar göstəriblər. Bu fakt iki azad ruhlu xalqın – Azərbaycan və İspaniyanın faşizm istilasına qarşı birgə mübarizəsinin şanlı salnaməsi, qızıl səhifəsidir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan-İspaniya dostluğu tarixin sınaqlarında təsdiqlənən, bu sınaqlardan keçərək həyata vəsilə alan həqiqi dostluqdur və bu dostluğun daha da inkişafı hər iki xalqa ancaq uğur və nailiyyət gətirəcək. Seymur ƏLİYEV  

Hamısını oxu
Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib

Prezident İlham Əliyev oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi bu gün “Pervıy Kanal” televiziyasında yayımlanıb. AZƏRTAC müsahibəni təqdim edir. -Mənim adın Yevgenidir, “Pervıy kanal”ın müxbiriyəm. Çox sağ olun. Prezident İlham Əliyev: Çox yaxşı. Sağ olun. -İlham Heydər oğlu, Siz dəfələrlə bəyan etmisiniz ki, budəfəki hücum əməliyyatının məqsədi Qarabağı geri qaytarmaqdır. “Qarabağ bizim torpağımızdır və biz oraya qayıdacağıq”, - bu, Sizin sözlərinizdir. Bu, tamamilə birmənalı mövqedir. Lakin qarşı tərəfin mövqeyi də bundan az birmənalı deyil – “Bir qarış belə torpağı verməyəcəyik”. Beləliklə, qeyri-müəyyənliyə gedən yol alınır. Sizin fikrinizcə, Azərbaycan və Ermənistanın danışıqlar masası arxasında əyləşməsi üçün nə baş verməlidir? -İlk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə - erməni işğalçı qüvvələri Azərbaycanın ərazilərini ələ keçirdikləri dövrdə qəbul edilmiş 4 qətnaməsi yerinə yetirilməlidir. Bu qətnamələrdə təcavüzkara çox dəqiq siqnal göndərilir. Orada yazılıb ki, işğal olunmuş ərazilərin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılması təmin edilməlidir. O vaxtdan 27 il keçib. Erməni tərəfi həmin qətnamələri yerinə yetirmir, onlara məhəl qoymur və hər vasitə ilə münaqişəni mümkün qədər çox, mümkün qədər uzun müddətə dondurmağa çalışır. Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır. Buna görə ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır. Əminəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan tərəfindən yerinə yetirilən, Ermənistan öz qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına razılıq verən kimi hər iki tərəf qısa müddətdə razılığa gələ bilər. Bu razılıq Qafqazda sülhü bərqərar edər. -Bir həftədən çoxdur döyüşlər gedir və istər bir tərəfin, istərsə də digər tərəfin yaydığı videolardan aydın görünür ki, döyüşlər intensiv, itkilər çox ağırdır. Siz Azərbaycan tərəfindən həmin rəqəmləri göstərə bilərsinizmi? -Ermənistan tərəfindən və Dağlıq Qarabağ tərəfindən artilleriya atəşləri nəticəsində bu gün səhərə olan məlumata görə, bizim tərəfdən 27 dinc sakin həlak olub, 170-dən çox dinc sakin müxtəlif dərəcəli xəsarətlər alıb, 800-dən çox ev dağıdılıb. Qarşıdurmanın budəfəki eskalasiyası sentyabrın 27-də başlanıb. O vaxt Azərbaycanın işğal edilmiş ərazilərindən bizim yaşayış məntəqələrinə, habelə döyüş mövqelərimizə artilleriya atəşləri başlanıb, nəticədə bu hücumun elə ilk dəqiqələrində dinc sakinlər və hərbi qulluqçular həlak olub. Biz adekvat tədbirlər görməyə məcbur olduq, operativ surətdə əks-hücuma keçdik. Bu əks-hücum nəticəsində düşmənin çox sayda atəş nöqtələrini, döyüş mövqelərini susdurduq, şimal və cənub istiqamətlərində işğal altında olan ərazilərin bir hissəsini azad etdik, bununla da Azərbaycanın bir sıra yaşayış məntəqələri, oradakı vətəndaşlar bu gün artıq normal şəraitdə yaşaya bilərlər, çünki ermənilərin artilleriya atəşləri artıq oraya çatmır. Lakin son günlərdə Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermənistan tərəfindən uzaqvuran artilleriya vasitəsilə aparılır, “Toçka U” və “Elbrus” kimi ölümsaçan sistemlərdən istifadə edilir, bu, Cenevrə konvensiyalarının çox kobud şəkildə pozulmasıdır, cinayətdir, müharibə cinayətidir. Bu gün səhərdən münaqişə zonasının bilavasitə yaxınlığında yerləşən Tərtər şəhərinin atəşə tutulması yenidən davam edir. Əhalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalisi də atəşə tutulub. Mingəçevirdə bizim ən böyük elektrik stansiyasının ərazisinə bir raket düşüb, 10-dan çox şəhərimiz, yüzlərlə kəndimiz şiddətli artilleriya bombardmanına məruz qalır. Bu, erməni tərəfin köhnə taktikasıdır. Onlar hər dəfə döyüş meydanında məğlubiyyətə uğrayanda dinc əhaliyə ziyan vurmağa və beləliklə, Azərbaycan Ordusunun əks-hücumunu dayandırmağa çalışaraq belə alçaq hərəkətlərə əl atırlar. Lakin onlar bu əks-hücumu dayandıra bilmirlər və bilməyəcəklər. -Hərbi itkilər barədə danışmaq olarmı? -Hərbi itkilər. Bu gün bununla bağlı informasiya məxfidir. Azərbaycan ictimaiyyətinə bu barədə döyüş əməliyyatlarının fəal fazası başa çatandan sonra məlumat veriləcək. -Siz Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etməyə çağırırsınız. Sizin fikrinizcə, bu iştirak hərbi, yoxsa siyasi səylər mənasında məhz nədən ibarət olmalıdır? - Mən bu barədə dünən bəyan edərkən onu nəzərdə tutmuşam ki, Ermənistanın təcavüzkar hərəkətləri davam edir, Ermənistan hər vasitə ilə çalışır ki, bu münaqişəyə mümkün qədər çox ölkə cəlb edilsin. Mən müsahibələrimin birində belə siyasətin yolverilməz olduğunu demişəm. Münaqişə Ermənistanın və Azərbaycanın hüdudlarından kənara çıxmamalıdır. Əslində, münaqişə hətta Ermənistan ərazisinə də çıxmır. Odur ki, Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik, Ermənistan ərazisinə keçmirik, hərçənd bunun üçün hər cür imkanımız var. Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni cəlb etməyə çalışır. Uğursuz cəhddir. O, Avropa ölkələrini cəlb etməyə çalışır. Mahiyyət etibarilə bu münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Müvafiq surətdə biz belə yanaşmanın yolverilməz olması barədə öz mövqeyimizi bildiririk. Türkiyənin cəlb edilməsi barədə mənim bəyanatıma gəldikdə isə mən, təbii ki, yalnız siyasi nizamlanmanı, münaqişədən sonrakı dövrdə nizamlamanı nəzərdə tutmuşam. İndiki anda Türkiyə bununla bağlı heç bir faktla təsdiqlənməmiş müxtəlif şayiələrə və insunasiyalara baxmayaraq, əsla münaqişəyə cəlb edilmiş tərəf deyil. Məsələn, guya Türkiyəyə məxsus F-16 təyyarəsinin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə xəbər həm Rusiya, həm də Avropa KİV-lərində yayılıb. Heç bir sübut yoxdur. Məlum olub ki, görünür, erməni pilot, sadəcə, peşəkar baxımdan o qədər də hazırlıqlı olmayıb və dağa çırpılıb. Bax, bu cür feyk xəbərlər yayılır. Bunun nə məqsədlə edildiyini bilmirəm. Güman edə bilərəm, lakin bu feyk xəbərlər üçün heç bir əsas yoxdur. Beləliklə, hərbi qarşıdurma fazası başa çatanda biz, təbii ki, danışıqlar masası arxasına qayıdacağıq. Yeri gəlmişkən, döyüş əməliyyatlarının lap əvvəlindən Azərbaycan deyirdi ki, biz danışıqlar prosesindən çıxmırıq, biz siyasi nizamlamaya ümid edirik, lakin bu, nizamlama olmalıdır. Biz daha 30 il gözləyə bilmərik ki, Ermənistana nə vaxt müvafiq təsir göstəriləcək. İndiki vasitəçilik missiyasının 28 il ərzində heç bir nəticəyə gətirib çıxarmaması, fəaliyyətsizliyə, mövcud vəziyyətə gətirib çıxarması nəzərə alınmaqla biz, əlbəttə, praqmatik yanaşmanı əsas götürməliyik - eskalasiyanın azalması, möhkəm sülhün bərqərar olması, əməkdaşlığın inkişafı üçün regionda baş verən hadisələrə kimin real müsbət təsir göstərə biləcəyini nəzərə almaqla, şübhəsiz, fəal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəçilik missiyasında Türkiyənin böyük ölkə kimi, bizim qonşumuz, Cənubi Qafqazda qonşumuz kimi iştirak etməyə tamamilə haqqı var. Əlbəttə, hesab edirəm ki, bunlar, ilk növbədə, Türkiyə və Rusiyadır. -Siz Avropa ölkələri barədə danışdınız. Fransa prezidentinə çox sərt cavab verdiniz. Onu guya Azərbaycan Ordusu tərəfindən vuruşan muzdlular barədə dediyi sözlərə görə üzr istəməyə çağırdınız. Bu gün Siz bir daha təsdiq edə bilərsinizmi ki, Dağlıq Qarabağ münaqişəsində muzdlular Azərbaycan tərəfində iştirak etmirlər? -Mən bütün bu günlər ərzində bu barədə deyirəm. Belə informasiya tullantılarına görə heyrətlənirəm və Fransa prezidenti ilə telefon söhbətlərimdə mən bizim mövqeyimizi kifayət qədər əsaslandırılmış şəkildə müdafiə etmişəm. Əvvələn, sübutlar təqdim etməsini, əgər belə sübutlar yoxdursa, onda Azərbaycan xalqından üzr istəməsini xahiş etmişəm. İkincisi, mən demişəm ki, bizim muzdlulara ehtiyacımız yoxdur. Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütün beynəlxalq reytinqlərə görə o, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Ehtiyatda olanları, döyüşə hazır olan digər hərbiləşdirilmiş dəstələri nəzərə almasaq, bizim nizami orduda 100 min döyüşçümüz var. Bu gün Azərbaycan Ordusu bizim əraziləri azad edir. Döyüş əməliyyatları yerindən çəkilmiş videolarda bizim artilleriyanın, pilotsuz uçuş aparatlarının necə işləməsi, azərbaycanlı əsgər və zabitlərin işğaldan azad edilmiş torpaqlarda bayraqlarımızı necə ucaltmaları görünür. Buna görə də bu ittihamlar əsassızdır, biz onları qətiyyətlə rədd edirik və bu cür şayiələrin, yoxlanılmamış məlumatların ictimai rəylə necəsə manipulyasiya etməsinə yol verə bilmərik. Qoy, sübutlar təqdim etsinlər. Bu gün fəal döyüş əməliyyatlarının onuncu günüdür, bizə heç bir sübut təqdim edilməyib. -Döyüş əməliyyatlarının başa çatdığını və Azərbaycanın öz qarşısına qoyduğu məqsədlərə nail olduğunu fərz etsək, Qarabağda yaşayan ermənilərin sayını nəzərə almaqla onları hansı gələcək gözləyir? Onların aqibəti necə olacaq? -Bu mövzuda əvvəl də, eskalasiyaya qədər də, eskalasiya dövründə də dəfələrlə danışmışam. Elə dünən Türkiyə telekanalına müsahibədə demişəm ki, biz Qarabağ ərazisində yaşayan ermənilərə öz vətəndaşlarımız kimi baxırıq. Hesab edirik ki, münaqişə nizamlanandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi uzun illər boyu olduğu kimi birlikdə yaşamalıdır. 1980-ci illərin sonunda münaqişə başlayanda Dağlıq Qarabağ ərazisində əhalinin 75 faizi erməni, 25 faizi isə azərbaycanlı idi. Onların cinayətkar rejiminin başçısının qondarma “inauqurasiyası”nı keçirdikləri və Azərbaycan xalqını təhqir etdikləri Şuşa şəhərinin əhalisinin 98 faizi azərbaycanlılar idi. Şuşa şəhərinin əsası azərbaycanlı Pənahəli xan tərəfindən qoyulub. Bu qədim Azərbaycan şəhərindən bütün azərbaycanlılar qovulub. Odur ki, münaqişə başa çatandan və dinc yolla nizamlamadan sonra, yeri gəlmişkən, bu məqam Madrid Prinsipləri adlanan baza prinsiplərində əks etdirilib, – azərbaycanlı əhali işğal olunmuş ərazilərə qayıtmalıdır. Orada dəqiq yazılıb ki, köçürülmüş bütün şəxslərin öz yaşayış yerlərinə qayıtmaq hüququ var. Beləliklə, sülh sazişi əldə ediləndən sonra, - bunun baş verəcəyinə ümid edirəm, - azərbaycanlılar Dağlıq Qarabağa qayıdacaq və orada əvvəl yaşadıqları kimi yaşayacaqlar. Mənim mövqeyim həmişə belə olub ki, biz 1980-ci illərin sonunda münaqişə başlayana qədər mövcud olmuş ab-havanı qaytarmalıyıq. Düşünürəm ki, bu, mümkündür. Erməni cəlladların Xocalıda törətdiklərindən, dinc əhalini məhv etmələrindən, bizim tarixi, dini abidələri dağıtmalarından, bu ərazilərdə azərbaycanlıların tarixi irsini yerlə-yeksan edəndən sonra bu, asan olmayacaq. Lakin hesab edirəm ki, biz buna çalışmalıyıq. Döyüş əməliyyatları günlərində mənim Ermənistan xalqına və hazırda Dağlıq Qarabağda yaşayanlara müraciətim dəfələrlə səslənib. Mən erməni xalqını öz hökumətinin başına ağıl qoymağa, erməni anaları öz uşaqlarını işğal edilmiş ərazilərə göndərməməyə çağırmışam. Ona görə ki, yəqin indi heç kəs üçün gizli deyil, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. “Dağlıq Qarabağ ordusu” deyilən ordunun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Mən bu cür çağırışlar etmişəm. Erməni tərəfindən bu günlərdə nifrətdən, təcavüzdən, hədə-qorxulardan və tamamilə qeyri-adekvat hərəkətlərdən başqa çağırışlar eşitməmişəm. Bizim mövqeyimiz belədir, biz münaqişənin dinc yolla nizamlanmasının tərəfdarıyıq. İnanıram ki, Ermənistan tərəfinin siyasi iradəsi olarsa, biz buna nail ola bilərik. -İlham Heydər oğlu, bütün müharibələr, hər bir müharibə gec-tez sülhlə başa çatır. Siz həmin anı necə təsəvvür edirsiniz? -Bilirsiniz, bu barədə danışmaq çətindir, ona görə ki, bizim xalqımız o qədər müsibətlər görüb, erməni işğalçılar bu xalqa o qədər əzab-əziyyət verib ki, indi həmin məqamı bir mənzərə şəklində təsəvvür etmək çox çətindir. 30 ildən çoxdur ki, bizdə sülh yoxdur. Son iyirmi ildən artıq müddətdə malik olduğumuz vəziyyət atəşkəs olub. Lakin hamı başa düşürdü ki, bu atəşkəs davamlı deyil, möhkəm deyil. Buna görə Rusiya, ABŞ və Fransa prezidentlərinin şəxsində Minsk qrupunun həmsədrləri bir neçə il bundan əvvəl bəyanatlarla çıxış ediblər, status-kvonun qəbuledilməzliyi, onun dəyişdirilməli olması barədə bir neçə bəyanat qəbul edilib. Onlar çox gözəl başa düşürdülər və başa düşürlər ki, bu atəşkəs çox amanabənddir, davamlı deyil. Bugünkü eskalasiya bunu bir daha təsdiq edir. Buna görə də sülh barədə danışmalı olsaq mən, ilk növbədə, onu genişəhatəli, uzunmüddətli, dünyanın aparıcı ölkələri tərəfindən, həm Azərbaycan, həm də Ermənistan üçün məqbul olan ciddi zəmanətlər şərti ilə əbədi nizamlama kimi görürəm. Bu ölkələrin tərkibinin Minsk qrupunun və onun həmsədrlərinin bugünkü tərkibindən fərqli ola biləcəyini istisna etmirəm. Ona görə ki, Minsk qrupu 1992-ci ildə tamamilə başqa geosiyasi reallıq şəraitində yaradılmışdı. O dövrdə SSRİ yenicə dağılmışdı və səmimi desəm, bu qrupun hansı əsasla yaradılmasını o qədər də başa düşmürəm. Ona görə ki, bu və ya digər birliyin, yaxud müvəqqəti formatın yaradılması müəyyən prinsipə əsaslanmalıdır. Buna görə, sizinlə əvvəl danışdığımız mövzuya qayıdaraq düşünürəm ki, region dövlətləri bu məsələdə fəal iştirak etməli, beynəlxalq təşkilatlar zəmanət verməli və əlbəttə, azərbaycanlılar hüquqa görə onlara məxsus olan torpaqlara qayıtmalıdırlar. -Daha bir dəqiqləşdirici sual. Sizin fikrinizcə, konfiqurasiya necə ola bilər? -Yəqin ki, bu barədə danışmaq hələ tezdir. Fikrimcə, bu barədə danışmaq hadisələri bir qədər qabaqlamaq deməkdir. Sadəcə istəyirəm ki, qonşularımız və tərəfdaşlarımız mənim mövqeyimi bilsinlər. Düşünürəm ki, regional əməkdaşlıq çox sahələrdə özünü kifayət qədər göstərib. Son illərə diqqət yetirsək görmək olar ki, Azərbaycan öz qonşuları ilə birlikdə əməkdaşlığın möhkəm regional formatının yaradılması üzərində çox fəal iş aparıb. Bu, siyasi, iqtisadi, nəqliyyat, energetika sahələrində və hər hansı başqa sahələrdə əməkdaşlığa aiddir. Uzun illərdən sonra, praktiki olaraq, müstəqillik dövrünün əvvəlindən başlayaraq beş Xəzəryanı ölkə arasında Xəzər dənizinin hüquqi statusunun nizamlanmasına dair Konvensiya imzalamaqla əldə etdiyimiz nailiyyətlərə baxmaq kifayətdir. Əvvəlcə həmin ölkələrin bəziləri ilə razılığa gələ bilmirdik, lakin sonra biz xoş məram göstərərək razılığa gəldik və bunun üstünlüklərini gördük. Bu gün böyük dövlət olan Rusiya ilə digər böyük dövlət, NATO-nun üzvü olan Türkiyə arasında əməkdaşlıq NATO ölkələri ilə Türkiyənin əməkdaşlığından qat-qat səmimi, möhkəm və səmərəlidir. Məsələn, NATO üzvü olan digər ölkə Türkiyəni daim nədəsə günahlandırır. Bunlar yeni geosiyasi reallıqlardır, 1992-ci ildə bunlar yox idi. Dünya dəyişib. Dünya gözümüzün qabağında dəyişir. Biz bunu əsas götürməliyik, filan ölkənin həll potensialına malik olması barədə hansısa ehkamları, fərziyyələri və ya sabitləşmiş fikirləri yox. Bu gün münaqişənin fəal fazaya keçdiyi və Ermənistanın baş nazirinin, - mən bunu görürəm, - öz telefon zəngləri ilə dünya liderlərini bezdirdiyi bir vaxtda kimin nizamlama potensialına malik olması aşkar görünür. Bax, nizamlama potensialına malik olan, ləyaqətinə, ədalətliliyinə, səmimiyyətinə görə Azərbaycanın hörmət etdiyi ölkələr uzunmüddətli sülhün qarantları olacaqlar. -Müsahibəyə və ətraflı cavablara görə çox sağ olun.

Hamısını oxu