Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Kazan kitabxanalarına Azərbaycanla bağlı kitab təqdim edilib

Rusiya Federasiyası üzrə Azərbaycan diasporunun nəşr etdirdiyi Böyük Vətən Müharibəsinin 75 illiyinə həsr olunmuş “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı kitabın Tatarıstanda təbliğat və tanıtımı davam edir. Belə ki, Tatarıstanın Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin sədri Ramiz Məmmədovun təşkilatçılığı ilə “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı Kazan kitabxanalarına təqdim edilib. Xatırladaq ki, “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı ötən il Kursk şəhərində çapdan çıxıb. Kitabın nəşrində məqsəd Rusiyada diaspor sahəsində çalışan soydaşlarımız üçün mühüm vəsait hazırlamaqdır. Nəşrdə Azərbaycan milli diviziyasınin ön və arxa cəbhədəki qəhrəmanlıqlarından və müharibəyə vermiş olduğu əvəzsiz töhfəsindən bəhs edilir. Kitabın təşəbbüskarı və müəlliflərindən biri də Rusiyanın Kursk şəhərində yerləşən Cənub-Qərb Universitetinin dosenti, ictimai xadim Qasım Kərimovdur. Digər müəllif isə Azərbaycan tarixçisi, tarix elmləri doktoru Vəfa Quliyevadır. Kitabda, həmçinin Azərbaycanda müharibə veteranlarına göstərilən diqqət barədə ətraflı məlumat verilir. Qeyd edək ki, kitabda Ramiz Məmmədovun atası, Böyük Vətən müharibəsi iştirakçısı Mustafa Yusif oğlu Məmmədov haqqında da məlumat yer alıb. Rusiyada yaşayan bir çox soydaşlarımız, o cümlədən Lenonoqarskda “Birlik” Azərbaycan diasporunun rəhbəri Ramiz Məmmədov kitabın nəşrinə təşkilati və maddi yardım göstərib. Həmçinin, Tatarıstan Azərbaycanlıları Regional İctimaı Birliyinin sədri Bəhram Mustafayev Kazanda kitabın təqdimatının xərclərini öz üzərinə götürüb. Tatarıstan Respublikasının Milli Kitabxanasında kitabın təqdimatı olub. Milli Kitabxananın direktor müavini Liliya Zalyalova kitabxana fonduna kitabı qəbul edib. Liliya Zalyalova bu kitaba görə Azərbaycan diasporuna öz təşəkkürünü bildirib: “Artıq hər hansı bir Tatarıstan sakini və ya qonaq kitabla tanış ola bilər”, deyə o əlavə edib. Kitabın ideya müəllifi Qasım Kərimov təqdimata gələ bilməsə də, telefon bağlantısı ilə öz sevincini bölüşüb: “Nəşrdə bir sıra mühüm və mötəbər mənbələrdən istifadə olunub. Burada həm Sovet İttifaqının qəhrəmanları, bu müharibənin iştirakçıları haqqında, həm də arxa cəbhədə Azərbaycanda görülən işlər haqqında ətraflı məlumat verilir. Qələbənin təmin edilməsində mühüm rol oynamış neftçilərimiz, alimlərimiz, kənd təsərrüfatı işçiləri, tibb işçiləri və s haqqında qeyd olunub. “Cəbhə üçün hər şey, qələbə üçün hər şey” prinsipi ilə gecə-gündüz işləyənlərin intensiv fəallığı, nailiyyətləri barədə ətraflı məlumat var, konkret misallarla oxuculara çatdırılır. Bundan başqa, kitabda bəzi ölkələrdə tarixi saxtalaşdıraraq faşizmi təbliğ edən, bunun qəbuledilməz olduğunu iddia edən mənfur insanlardan bəhs edilir”. Həmçinin, kitabla Tatarıstan Respublikasının Mərkəzi Kitabxanasında da tanış olmaq mümkündür. Orada da təqdimat və kitab təqdim olundu. Azərbaycan diasporunun nümayəndələri kitabxanalara Leninoqorskda keçirmək istədikləri “Dostluq körpüsü” aksiyasında iştirak etməyi təklif ediblər. Kitabın təqdimatı və təqdim edilməsi Tatarıstanda Azərbaycan diasporunun birgə layihələrinin və aksiyalarının başlanğıcıdır. Ramiz Məmmədovun təşkilatçılığı ilə Leninoqorskda Azərbaycan xalqının və Tatarıstanın mədəni mübadiləsinə həsr olunmuş “Dostluq körpüsü” aksiyasının həyata keçirilməsi planlaşdırılır.

2021-05-15 00:00:00
3692 baxış

Digər xəbərlər

Heydər Əliyev Fondunun Vatikanda icra etdiyi layihələr Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsinə ən tutarlı cavabdır

Məlum olduğu kimi, 30 aprel 2026-cı il tarixində Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib. Tamamilə yalan və böhtandan ibarət qətnamədə ölkəmizə qarşı bir sıra əsassız iddialar səsləndirilib ki, bunlardan da biri Azərbaycanın guya 19 sentyabr 2023-cü il tarixində həyata keçirdiyi anti-terror əməliyyatı zamanı mədəni və dini abidələrə ziyan vurması ilə bağlıdır. Hansı ki, bu iddianın tamamilə absurd olduğu, hər hansı bir faktla öz təsdiqini tapmadığı şübhəsizdir.  Bundan başqa, Avropa Parlamentinin məlum qətnaməsi və bu qətnamədə yer alan ittihamlar BMT-nin qiymətləndirmə missiyasının 2023-cü ilin 2 oktyabr tarixli bəyanatı ilə də ziddiyyət təşkil edir. Xatırladaq ki, BMT missiyası öz bəyanatında anti-terror əməliyyatı zamanı heç bir dini, mədəni, tarix abidənin ziyan görmədiyini, bu əməliyaytdan mülki insanların zərər çəkmədiyini vurğulayıb. BMT-nin qiymətləndirmə missiyasının bu bəyanatı Avropa Parlamentinin ittihamlarının yalan və qərəzdən başqa bir şey olmadığını təsdiqləyir. Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsini ifşa edən, bu qətnamədə yer alan ittihamların əsassız olduğunu isbatlayan ən böyük fakt isə Heydər Əliyev Fondu tərəfindən Vatikanda dini- tarixi abidələrin bərpası istiqamətində görülən işlər, həyata keçirilən layihələrdir. Yada salaq ki,  2024-cü il sentyabrın 11-də Müqəddəs Taxt-Tac tərəfindən 25 ildən bir qeyd edilən “Müqəddəs Yubiley İli” çərçivəsində Vatikan şəhər-dövlətinin qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin qorunmasını, təhlükəsizliyinin təmin olunmasını, həmçinin bərpasını nəzərdə tutan sənəd imzalanıb. Həmin müqavilə çərçivəsində Bazilikada bərpa və konservasiya işləri aparılıb, bu işlər uğurla başa çatdırılıb. 30 aprel 2026-cı il tarixində isə Vatikanda keçirilən görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair daha bir müqavilə imzalanıb. Müqaviləyə görə, Heydər Əliyev Fondu Müqəddəs Pavel Bazilikasında bərpa işlərində də yaxından iştirak edəcək, dini-tarixi abidələrin bərpasına yeni töhfələr verəcək. Heydər Əliyev Fondunun 30 aprel 2026-cı il tarixində Vatikan təmsilçisi ilə imzaladığı müqavilə Azərbaycan dövlətinin dini, tarixi, mədəni abidələrin qorunmasına və bərpasına nə qədər böyük önəm verdiyini, öz sərhədlərindən min kilometrlərlə uzaqlarda belə bu abidələrin bərpasına dəstək verdiyini göstərir. Belə olan halda Azərbaycanı öz sərhədləri daxilində hansısa dini-tarixi və ya mədəni abidənin məhv edilməsində ittiham etmək sadəcə məntiqsizlik deyil, həm də əxlaqsızlıq, mənəviyyatsızlıqdır. 30 aprel 2026-cı il tarixində - Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsi qəbul etdiyi bir gündə Heydər Əliyev Fondunun Vatikandakı dini-tarixi abidələrin bərpası ilə bağlı yeni müqaviləyə imza atması Avropa Parlamentinin sahib olduğu dəyərlərin nə qədər çürük olduğunu göstərməklə yanaşı, Azərbaycanın ümümbəşəri dəyərlərə nə qədər sadiq olduğunu əks etdirir. Və bu fakt bir daha sübut edir ki, Avropa Parlamentinin Azərbaycanla bağlı irəli sürdüyü iddialar faktlara deyil, yalanlara, əxlaq və məntiqə deyil, böhtan və iftiraya söykənir. Seymur ƏLİYEV  

Hamısını oxu
Cəlilabad rayon Veteranlar Təşkilatı faşizm üzərində Qələbə Gününü qeyd edib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı 9 May - alman faşistləri üzərində qələbə günü münasibəti ilə İkinci Dünya müharibəsində həlak olan qəhrəmanların xatirəsinə ucaldılmış “Ana” abidəsi önünə gülqoyma mərasimi keçirib, onların xatirəsi böyük ehtiramla yad edilib. Tədbirdə rayon Veteranlar Təşkilatının üzvləri ilə yanaşı, vitse-spiker Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayev, "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Maşallah Əliyev, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin rəhbəri Asəf İsmayılov, iş adamı, xeyriyyəçi Rafiq Abışov, bələdiyyə sədrləri, əmək və müharibə veteranları iştirak ediblər. Tədbirdən sonra Veteranlar Təşkilatının üzvləri rayonun Astanlı kəndinə gedib İkinci Dünya Müharibəsi veteranı Əbiş Zamanovla evində görüşərək onu 9 May Qələbə günü münasibətilə təbrik ediblər. 100 yaşlı müharibə veteranı Əbiş Zamanov şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığını bildirib. Qeyd edək ki, Zamanov Əbiş İbiş oğlu İkinci Dünya Müharibəsinin Cəlilabadda sağ qalan yeganə veteranıdır.  

Hamısını oxu
Başsağlığı

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının kollektivi Nəsimi Rayon Veteranlar Təşkilatının sədri Validə Vəliyevaya qardaşı Nağıyev Əliqulu Fərhad oğlunun vaxtsız vəfatından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Azərbaycan İlahiyyat İnstitutunda kitab sərgisi təşkil olunub

Sərgidə Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə nəşr edilmiş ədəbiyyatlar nümayiş olunub   Veteran.gov.az xəbər verir ki, Azərbaycan İlahiyyat İnsitutunda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə nəşr edilmiş ədəbiyyatlardan ibarət kitab sərgisi təşkil edilib. Sonda Fond tərəfindən nümayiş etdirilən kitablar İnstitutun tələbələrinə hədiyyə olunub.  

Hamısını oxu