Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyev Fondunun Vatikanda icra etdiyi layihələr Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsinə ən tutarlı cavabdır

Məlum olduğu kimi, 30 aprel 2026-cı il tarixində Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib. Tamamilə yalan və böhtandan ibarət qətnamədə ölkəmizə qarşı bir sıra əsassız iddialar səsləndirilib ki, bunlardan da biri Azərbaycanın guya 19 sentyabr 2023-cü il tarixində həyata keçirdiyi anti-terror əməliyyatı zamanı mədəni və dini abidələrə ziyan vurması ilə bağlıdır. Hansı ki, bu iddianın tamamilə absurd olduğu, hər hansı bir faktla öz təsdiqini tapmadığı şübhəsizdir. 

Bundan başqa, Avropa Parlamentinin məlum qətnaməsi və bu qətnamədə yer alan ittihamlar BMT-nin qiymətləndirmə missiyasının 2023-cü ilin 2 oktyabr tarixli bəyanatı ilə də ziddiyyət təşkil edir. Xatırladaq ki, BMT missiyası öz bəyanatında anti-terror əməliyyatı zamanı heç bir dini, mədəni, tarix abidənin ziyan görmədiyini, bu əməliyaytdan mülki insanların zərər çəkmədiyini vurğulayıb. BMT-nin qiymətləndirmə missiyasının bu bəyanatı Avropa Parlamentinin ittihamlarının yalan və qərəzdən başqa bir şey olmadığını təsdiqləyir.

Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsini ifşa edən, bu qətnamədə yer alan ittihamların əsassız olduğunu isbatlayan ən böyük fakt isə Heydər Əliyev Fondu tərəfindən Vatikanda dini- tarixi abidələrin bərpası istiqamətində görülən işlər, həyata keçirilən layihələrdir.

Yada salaq ki,  2024-cü il sentyabrın 11-də Müqəddəs Taxt-Tac tərəfindən 25 ildən bir qeyd edilən “Müqəddəs Yubiley İli” çərçivəsində Vatikan şəhər-dövlətinin qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin qorunmasını, təhlükəsizliyinin təmin olunmasını, həmçinin bərpasını nəzərdə tutan sənəd imzalanıb. Həmin müqavilə çərçivəsində Bazilikada bərpa və konservasiya işləri aparılıb, bu işlər uğurla başa çatdırılıb.

30 aprel 2026-cı il tarixində isə Vatikanda keçirilən görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair daha bir müqavilə imzalanıb. Müqaviləyə görə, Heydər Əliyev Fondu Müqəddəs Pavel Bazilikasında bərpa işlərində də yaxından iştirak edəcək, dini-tarixi abidələrin bərpasına yeni töhfələr verəcək.

Heydər Əliyev Fondunun 30 aprel 2026-cı il tarixində Vatikan təmsilçisi ilə imzaladığı müqavilə Azərbaycan dövlətinin dini, tarixi, mədəni abidələrin qorunmasına və bərpasına nə qədər böyük önəm verdiyini, öz sərhədlərindən min kilometrlərlə uzaqlarda belə bu abidələrin bərpasına dəstək verdiyini göstərir. Belə olan halda Azərbaycanı öz sərhədləri daxilində hansısa dini-tarixi və ya mədəni abidənin məhv edilməsində ittiham etmək sadəcə məntiqsizlik deyil, həm də əxlaqsızlıq, mənəviyyatsızlıqdır.

30 aprel 2026-cı il tarixində - Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsi qəbul etdiyi bir gündə Heydər Əliyev Fondunun Vatikandakı dini-tarixi abidələrin bərpası ilə bağlı yeni müqaviləyə imza atması Avropa Parlamentinin sahib olduğu dəyərlərin nə qədər çürük olduğunu göstərməklə yanaşı, Azərbaycanın ümümbəşəri dəyərlərə nə qədər sadiq olduğunu əks etdirir. Və bu fakt bir daha sübut edir ki, Avropa Parlamentinin Azərbaycanla bağlı irəli sürdüyü iddialar faktlara deyil, yalanlara, əxlaq və məntiqə deyil, böhtan və iftiraya söykənir.

Seymur ƏLİYEV

 

2026-05-02 22:23:00
1481 baxış

Digər xəbərlər

Gədəbəy və Ağstafa rayonlarında Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının Milli Qurtuluş Gününə həsr edilmiş tədbirləri keçirilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının son birillik fəaliyyətləri ilə bağlı hesabat konfransları keçirilir. Milli Qurtuluş Gününə həsr edilmiş növbəti tədbirlər Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə iyun ayının 14-də  Gədəbəy və Ağstafa rayonlarında təşkil olunub. Bu toplantılarda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları,  şəhid ailələrinin üzvləri, qazilər, rayon idarə və təşkilatlarının rəhbərləri, digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Azərbaycanın xilaskarı, memarı və qurucusunun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.  Konfranslarda müqəddəs torpaqlarımızın azadlığı, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Sonra çıxış edən hər iki rayonun İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq, onları 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər. 1993-cü ilin iyun ayında  ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının əhəmiyyətindən, ölkəmizin parçalanma və vətəndaş müharibəsi  təhlükəsindən xilas edilməsindən, bütün sahələrdə aparılan mühüm  islahatlardan bəhs edən natiqlər Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf prosesindən danışıblar. Öz çıxışlarında ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı önəmli fəaliyyətlərinin, gənclərlə apardıqları maarifləndirici tədbirlərin əhəmiyyətini  vurğulayan Natiq Nağıyev və Seymur Orucov onlara gələcək işlərində uğurlar arzulayıblar. Sonra Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədovun və Ağstafa Rayon Ağsaqqallar Şurasının sədr müavini Cəmaləddin Rzayevin son birillik hesabat dövrü ərzində yerli təşkliatlarda aparılan işlər və qarşıda duran vəzifələr barədə məruzələri dinlənilib. Koronovirus pandemiyasına qarşı apardıqları təbliğat işlərindən, şəhid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğıdan, gənclərə milli vətənpərvəlik ruhunun aşılanmasından, xüsusilə  narkomaniyaya, erkən nikahlara, son dövrdə artmaqda olan boşanmalara qarşı həyata keçirdikləri maarifləndirici tədbirlərdən söz açıblar. Xalqımızın qurtuluşu missiyasını həyata keçirən ulu öndər Heydər Əliyevin ağsaqqallara verdiyi yüksək dəyərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən böyük həssaslıqla davam etdirilməsindən bəhs ediblər. Gələcəkdə, koronovirus pandemiyasının zəiflədiyi bir dövrdə daha səmərəli və aktiv şəkildə fəaliyyət  göstərəcəklərini bildiriblər. Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq, hər bir kəsi Milli Qurtuluş Günü münasibətilə təbrik edib.  Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli dəvəti ilə ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını həyata keçirməsindən söz açan natiq məhv olmaq təhlükəsi qarşısında qalan ölkəmizin bütün problemlərinin  Ulu Öndərin titanik fəaliyyəti sayəsində aradan qaldırılmasından,  Azərbaycanının taleyini dəyişən bu önəmli tarixin – Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Bayram müəllim ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə əsası qoyulan uzaqgörən və müdrik siyasətin Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun şəkildə uğurla davam etdirilməsindən, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, işğaldan azad edilmiş əzəli, əbədi torpaqlarımızda geniş vüsətlə aparılan abadlıq-quruculuq işlərindən, bir sözlə, qurtuluşdan tərəqqiyə böyük addımlarla irəliləyən ölkəmizin uğurlarından ətraflı bəhs edib.  Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Azərbaycan dövlətinin ictimai-siyasi həyatında respublika ağsaqqallarının əhəmiyyətli rolundan danışan Bayram Yusifov onların hər zaman dövlətə, dövlətçiliyə, sabitliyə və inkişafa xidmət etdiklərini vurğulayıb. Qeyd edib ki, ağsaqqalın hər bir sözü, davranışı onun fəaliyyətidir və ağsaqqal nəsihəti, məsləhəti xalqımız üçün həmişə böyük dəyər kəsb edib. “Dahiləri kənarda axtarmamlıyıq” deyən natiq Azərbaycan, Türk millətinin böyük millət olduğunu, güclü tarixi şəxsiyyətlər yetişdirdiyini tədbir iştirakçılarına xatırladıb. O, ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini də yada salaraq bu gün Ümummilli Liderin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin respublikamızı regionun lider, dünyanın tanınan və qəbul edilən ölkəsinə çevirdiyini qürurla vurğulayıb və əlavə edib ki, bu gün biz böyük fəxrlə deyə bilərik: “Var millətimin imzası imzalar içində...” Rayon təşkilatlarının fəaliyyətlərini təqdirəlayiq hesab edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov onlara gələcək işlərində uğurlar arzulayıb və qeyd edib ki, əgər ağsaqqal yerindədirsə, hər şey öz qaydasında olacaqdır. Allah heç bir ailəni, eli, obanı, cəmiyyəti ağsaqqalsız etməsin. Daha sonra çıxış edən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, rayon ağsaqqalları, şəhid valideynləri, qazilər və digər natiqlər öz çıxışlarında qeyd ediblər ki, xalq arasında ağsaqqalların hər zaman böyük hörməti və nüfuzu olubdur. Ümummilli lider Heydər Əliyevin ağsaqqallara göstərdiyi yüksək qayğı və diqqətin bütün təzahürləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətində özünü aydın şəkildə göstərir. Habelə vurğulanıb ki, ölkəmizin hər bir regionunda olduğu kimi  Gədəbəy və Ağstafa rayonlarında da Azərbaycanın tərəqqisi naminə həyata keçirilən bütün  tədbirlərdə ağsaqqallar yaxından iştirak edərək, öz zəngin təcrübələrini və biliklərini əsirgəmirlər. Səmimi şəraitdə keçən hər iki konfransda ağsaqqalların və rayon sakinlərinin müxtəlif məsələlərə dair bəzi təklif və iradları da dinlənilib və bu məsələlərlə bağlı müvafiq qurumlar tərəfindən  lazımi tədbirlərin görüləcəyi qeyd olunub. Sonda yerli təşkilatlara yeni üzvlüyə qəbul edilən şəxslərə vəsiqələr, daha aktiv fəaliyyətləri ilə fərqlənən ağsaqqallara isə Fəxri fərmanlar təqdim edilib. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov səfər çərçivəsində yerli təşkilatların iş otaqları, yaradılan şəraitləri və göstərdikləri fəaliyyətlə yaxından tanış olaraq öz məsləhət və tövsiyələrini verib. Tədbir iştirakçıları, həmçinin, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Məzahir Rüstəmovun Gədəbəyin  mərkəzində ucaldılan tunc abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar, xatirəsini ehtiamla yad ediblər. Qeyd edək ki, Məzahir Rüstəmovun atası, Azərbaycan Respublikası Baş nazirinin keçmiş müavini, professor İzzət Rüstəmov hazırda Xətai Rayon Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərir.  

Hamısını oxu
Baş verənlər göstərdi ki, Ermənistan sülh deyil, terror haqqında fikirləşir

Martın 5-də ermənilərin Xankəndi-Xəlfəli-Turşsu yolunda törətdiyi təxribat rəsmi İrəvanın sülh niyyətindən uzaq olduğunu göstərir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik bildirib ki, məlum insident bütün qanunsuz silahlı dəstələrin Azərbaycan torpaqlarından çıxarılmasının nə qədər vacib olduğunu bir daha göstərdi. Martın 5-də öz xidməti tapşırıqlarını icra edən hərbçilərimizə qarşı erməni tərəfinin atəş açması və nəticədə ordumuzun iki hərbçisinin şəhid olması Ermənistanın bu gün də öz təxribatçılıq əməllərindən, məkirli niyyətlərindən əl çəkmədiyini göstərir. Bu fakt həm də onu sübut edir ki, Azərbaycan ərazilərindən erməni silahlı dəstələrinin çıxarılması son dərəcə vacibdir və rəsmi Bakının bu günə qədərki narahatlığı heç də əbəs olmayıb. Bundan başqa, bu təxribat sübut etdi ki, həqiqətən də Ermənistandan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə - erməni separatçılarına silah-sursat, mina və digər hərbi ləvazimatlar daşınır. Yəni Ermənistan tərəfi 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatın şərtlərini açıq şəkildə pozur, imzaladığı Bəyanatın şərtlərini yerinə yetirməkdən nümayişkaranə surətdə imtina edir. Bu isə Azərbaycan tərəfini adekvat, öz suveren ərazisində təhlükəsizliyin təmini üçün ciddi addımlar atmaq məcburiyyəti qarşısında qoyur. Polkovnik qeyd edib ki, Rusiya sülhməramlıları qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasını təmin etməli, erməni təxribatlarına qarşı sərt mövqe nümayiş etdirməlidir. “5 mart təxribatı bölgədəki Rusiya sülhməramlılarının da məsuliyyətini artırır. Çünki 10 noyabr Bəyanatına görə erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını məhz Rusiya sülhməramlıları təmin etməlidir. Rusiya sülhməramlıları üzərilərinə götürdükləri bu öhdəliyin yerinə yetirilməsi istiqamətində ciddi addımlar atmalı, erməni təxribatlarına qarşı sərt mövqe ortaya qoymalıdır. Bu baş verməsə, dövlətimiz erməni təxribatlarının qarşısını almaq, bölgədə təhlükəsizliyi təmin etmək üçün bütün gərəkli addımları atacaq, erməni faşizminin başını bir daha əzəcək”, - deyə Cəlil Xəlilov bildirib.

Hamısını oxu
Qalib komandanın qələbə diplomatiyası

lqar RÜSTƏMOV, jurnalist-politoloq Müharibə şəraitində olan dövlətin rəhbəri dərin zəkaya, dəmir iradəyə, qətiyyətə sahib olmalı və hərb sənətinin incəliklərini yüksək səviyyədə bilməlidir ki, qarşıya qoyduğu məqsədə çata bilsin. Böyük Britaniyanın məşhur dövlət xadimi Uinston Çörçil dövlət xadimləri ilə siyasətçilər haqqında danışarkən yazırdı: “Dövlət xadimi ilə siyasətçi arasındakı fərq ondadır ki, siyasətçi növbəti seçkini, dövlət xadimi isə gələcək nəsilləri düşünür”. Bu rakursdan yanaşdıqda aydın görürük ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət rəhbəri və həqiqi lider kimi hakimiyyətdə olduğu 17 ildə bütün fenomenal keyfiyyətlərini parlaq şəkildə nümayiş etdirmişdi. İkinci Qarabağ savaşı, Vətən müharibəsi başlayandan isə O Ali Baş Komandan olaraq hərb sənətində də yüksək sərkərdəlik məharətini Ordumuzun və dövlətimizin hərb meydanındakı parlaq qələbəsi ilə təsdiqlədi. 28 il işğal damğası daşıyaraq mənən əzilən Azərbaycan cəmi 44 gündə, hələ illər sonra öz ədalətli və real qiymətini alacaq möhtəşəm və fövqəladə bir qələbəyə imza atdı. Bu qələbəni qazanan Qalib sərkərdənin, Vətən üçün Şəhid olmağı şərəf bilən minlərlə cəsur, mərd və mübariz Azərbaycan əsgərinin, zabitinin ağlasığmaz qəhrəmanlığı sayəsində xalqımızın məğlub ruhu dirçələrək qalib kimi bütün dünyaya hayqırdı. İllərlə həsrətində olduğumuz bu qələbənin ölkə üçün siyasi və hərbi əhəmiyyətini dərk etməmək, ya da dərk edərək gözdən salmağa çalışmaq ən azından siyasi nadanlıq və əxlaqsızlıqdır. Anlaşılan və görünən odur ki, siyasi yöndən yanaşanda bu siyasi əxlaqsızlar, sadəcə 30 il işğal faktına dözən Azərbaycan üçün bu, möhtəşəm, fövqəladə hadisəni cılız təkəbbürlərinə sığışdıra bilmir və bunudan siyasi dividend qazanacaqlarına, miskin vəziyyətdə olan siyasi təşkilatlarının ətrafına müəyyən qüvvələr toplamağa ümid bəsləyirlər. Narazılıqlar və nadanlıqlar nədən irəli gəlir və nə üçündür? Əslində sualı bu şəkildə qoymaq da düzgün deyil və məsələyə yanaşmada cavab axtarılası sual bu narazılıqlar təsadüfdürmü, yoxsa düşünülmüş və məqsədli xarakter daşıyırmı? Son iki ayda baş verənləri siyasi yöndən araşdırmağa və dəyərləndirməyə çalışdıq. Ordumuzun müzəffər yürüşü ilə ağlasığmaz döyüş qələbələrinə imza atılandan 44 gün sonra, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları məlum bəyanatla, Azərbaycan 30 il əvvəl, hərb meydanında məğlub olmuş ölkə kimi diktə olunan tərəfdən, indiki halda hökmünü diktə edən tərəfə çevrilərək, sözün həqiqi mənasında Ermənistanın qondarma “Dağlıq Qarabağ Respublikası”ndakı ermənilərin öz müqəddəratını təyinetmə arzusunun üstündən birdəfəlik xətt çəkdi. Bu saziş müəyyən mənada Ermənistanla Azərbaycan arasında üçüncü tərəfin- Rusiya Federasiyasının iştirakı ilə imzalanmış bir sülh sazişi kimi qiymətləndirilsə də, əslində Azərbaycan Prezidentinin qeyd etdiyi kimi Ermənistanın təslim olması aktı idi. Bu sazişdə Azərbaycandakı bəzi siyasi qüvvələri qane etməyən Dağlıq Qarabağ bölgəsinin, Xankəndi də daxil olmaqla, çox az bir hissəsində ermənilər yaşayan ərazilərdə əmin-amanlığı təmin edəcək, xüsusilə Xankəndinin Ermənistanla nəqliyyat əlaqələrini tənzimləyəcək Laçın dəhlizində 5 kilometrlik təhlükəsizlik zolağını mühafizəyə götürəcək Rusiya sülhməramlıları kontingentinin yerləşdirilməsi faktıdır. Özlərini milli mənafeyin “ultra cəfakeşləri” kimi göstərən Azərbaycanın daimi və bəlkə də əbədi müxalifəti bunu ölkəmizin məğlubiyyəti kimi gündəmə gətirir və dövlət müstəqilliyimiz üçün ciddi təhlükə hesab edirlər. Adama deyən lazım, 30 ilə yaxın bir vaxtda bu ərazilərdə erməni silahlı qüvvələr at oynadıb meydan sulayanda, “yallı gedib milli heysiyyatımızı təhqir edəndə”, bizim bu ərazilərə addım atmağa imkanımız olmayanda, görəsən bu müstəqilliyimiz üçün təhlükə deyildimi?! Elə bu aspektdən yanaşaraq, Azərbaycanın həm siyasi, həm də hərbi cəhbədə qazandığı zəfəri indiki reallıqlardan çıxış edərək pessimist mövqedən qiymətləndirən beşinci kolonun nümayəndələrinə 44 gün əvvəlki gerçəkləri və Şimal qonşularımızın, eləcə də bizim “ultra cəfakeşlərin” demokratik dəyərlərindən ilham aldıqları Qərb dövlətlərinin rəsmi mövqeyini ifadə edən bəzi məqamları xatırlatmaq istəyirəm. Qarabağda azadlıq müharibəsinibaşlamaq belə asan idimi? Bu sualı təsadüfən vermədim. Çünki cəmi iki ay əvvələ qədər istər müxalifət düşərgəsində, istərsə də ictimaiyyət arasında, Prezident İlham Əliyev başda olmaqla dövləti Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün niyə Ermənistanla müharibəyə başlamamaqda qınayanlar kifayət qədər idi. Bəzən siyasi ambisiyalar naminə bu arqumentə istinad edərək, hakimiyyəti acizlikdə, bəzən də Azərbaycan Silahlı Qüvvələrinin azadlıq müharibəsinə lazımi səviyyədə hazır olmamaqda ittiham edir və siyasi dividend qazanmağa çalışırdılar. İnsafən cəmiyyətdə də torpaqlarımızın azad edilməsi ilə bağlı daxili bir narahatlıq var idi və xalq səbr nümayiş etdirsə də, hakimiyyətə mesajlar verilirdi. Amma heç kim müharibəyə necə başlamaq və necə hərəkət etmək, hansı addımı atmaq haqqında ağlabatan bir təklif irəli sürmürdü. Çünki münaqişənin, ümumiyyətlə namərd qonşularımızla 200 ildən artıq sürən ziddiyyətli tarixini az çox bilənlər, başa düşürdülər ki, hakimiyyətin səbrlə dözüm nümayiş etdirməsinə, beynəlxalq birliyin ikili standartlardan yanaşması ilə yanaşı daha ciddi amil Rusiyadır. Nədən bu amil hər dönəmdə ortaya çıxır və Azərbaycan öz işğal altında olan torpaqlarını almaq üçün niyə müharibə aparmağa tələsmirdi? Təbii ki, bunun səbəblərini anlamadan bugünki Qələbəmizə həm siyasi, həm də müharibə anlamında qiymət vermək olmayacaq. Azərbaycan siyasi isteblişmentinə, xüsusilə jurnalist, politoloq, konfliktoloq və ekspertlərinə yəqin ki, rus siyasi elitasının velikorus şovunizmi ilə süslənmiş filosofu, politoloqu və ideoloqu Aleksandr Duginin Şimal qonşumuzun dövlət siyasətində hansı mənsəbə sahib olduğu yaxşı məlumdur. Rəsmi Kremlin siyasi ideologiyasını formalaşdıran bu qatı velikorus ideoloqun elə bu ilin iyul hadisələri zamanı “ru.1in.am” internet nəşrinə müsahibəsində pafosla səsləndirdiyi bəzi məqamları diqqətinizə çatdırmaq istərdim. Aleksandr Dugin erməni jurnalistin Azərbaycanın Dağlıq Qarabağda müharibəyə hazırlaşması ilə bağlı sualına belə cavab verirdi: “Əgər Azərbaycan Qarabağda müharibəyə başlasa, heç vaxt heç nə əldə etməyəcək. Qarabağın hərbi yolla ələ keçirilməsi mümkün deyil. Bu təkcə Ermənistanla yox, həm də Rusiya ilə münaqişədir. Həm də ermənilər çox yaxşı döyüşürlər və azərbaycanlılar bunu bilir. Azərbaycanlılara, hətta onların ordusunun istehkamları belə kömək etməyəcək...” Rus ideoloqunun belə düşünməsinə və bunu əminliklə dilə gətirməsinə əsas verən, heç şübhəsiz, ilk növbədə onun Kremlin münaqişə ilə bağlı illərlə formalaşan mövqeyindən yetərincə məlumatlı olması idi. Belə olmasa, Dugin müsahibəsində, azərbaycanlı kimi bizi qəzəbləndirən daha kəskin mövqe sərgiləməzdi. Rusiyalı ideoloq böyük əminliklə deyir: “Qarabağın Azərbaycanın ərazisi olmasını Rusiya da, beynəlxalq birlik də tanıyır. Saakaşvilinin nümunəsi onun (İlham Əliyevin -İ.R.) gözləri qarşısındadır. Rusiya Federasiyası da daxil olmaqla, beynəlxalq birlik Cənubi Osetiya və Abxaziyanı da Gürcüstanın bir hissəsi kimi tanıdı, əgər Saakaşvili və Tbilisi Rusiya ilə razılaşdırılmış şəkildə hərəkət etsəydi, Abxaziya və Cənubi Osetiya indiyə qədər də Gürcüstanın tərkibində ola bilərdi. Lakin Rusiyayla hesablaşmadan, Rusiyanı hesaba almadan, amerikalılara güvənərək problemi həll etmək istəyi, Saakaşvili kimi, hərəkətə keçərək birtərəfli qaydada ələ keçirmək istədiyi bu ərazilər, Rusiyasız problemi çözməyə cəhd etməyə başlayana qədər, yalnız hüquqi cəhətdən Gürcüstana məxsus olur. Əliyev bunu görməyə bilməz. Ona görə də, mən qəti əminəm ki, bu vəziyyətdə uduza biləcəyi səbəbindən Əliyev Qarabağ münaqişəsinin kəskinləşməsində maraqlı deyil”. Dugin hələ Ermənistanın Tovuz təxribatı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin ümumiyyətlə, heç XXI əsrin üfüqündə görünmədiyini də gizlətmirdi. Təbii ki, bu təkcə, onun öz düşüncəsinin məhsulu deyildi və Rusiyanın Cənubi Qafqaz siyasətinin dəyişməyəcək ana xəttinin konturlarını nümayiş etdirirdi: “Elə münaqişələr var ki, onların həlli yoxdur. Dağlıq Qarabağ münaqişəsi bunlardan biridir. Nə qədər ki, orada super güclərin maraqları toqquşur Qarabağ probleminin həlli yoxdur. Yalnız Ermənistan və Azərbaycan Avrasiya strukturuna daha fəal inteqrasiya etməyə başlayacaqları halda (Ermənistan artıq bu istiqamətdə addımlar atır), biz uzaq gələcəkdə, xüsusi vurğulayıram, bu gün deyil, sabah da, birisi gün də deyil, uzaq gələcəkdə bəzi hüquqi həllər təklif edə bilərik”. Dugin hələ o zaman açıq bəyan edirdi ki, Rusiyasız Qarabağ münaqişəsinin həlli, ümumiyyətlə bu bölgədə sülh, zatən mümkün olmayacaq. Dugin heç də sıradan bir sadə politoloq yox, Rusiya Federasiyasının sözçüsü kimi təmsil etdiyi dövlətin açıq mesajını verirdi: “Təsəvvür edin mavi dəbilqəli BMT sülhməramlıları əvvəlcə nə edəcəklər - onlar azərbaycanlıları öz ərazilərinə qaytaracaqlar və dərhal yeni zorakılıq dalğası başlayacaq. Yalnız münaqişəni çox yaxşı təsəvvür edən ruslar, rus qoşunları qan tökülməsinin qarşısını ala bilərlər. Biz nəyin necə olduğunu çox yaxşı bilirik. Elə problemlər var ki, Rusiyaya sülh faydalıdır, digər hallarda isə, etiraf edilməlidir ki, biz münaqişədə maraqlıyıq. Dağlıq Qarabağ məsələsində sülh bizim üçün həyati vacibdir. Qarabağda sülh - əgər açıq bilmək istəyirsinizsə, milli eqoizm maraqlarımızdır”. Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin mənzərəsini canlandıran Lavrov, Dugin, Jirininoski, Tolstoy, Solovyov və sair kimi diplomatların, Duma üzvlərinin, politoloq və jurnalistlərin ifadə etdikləri rəsmi və qeyri-rəsmi fikirləri böyük və irticaçı bir tarixə söykənir. Bütün bunları adlamaq və bu hegemon dövlətin təzyiqlərinə, müdrikliklə, Şimal qonşumuzu qəzəbləndirmədən, çox müdrik diplomatik gedişlərlə neytrallaşdıraraq, müharibəni Qələbəyə çatdırmaq, istinasız olaraq Prezident İlham Əliyevin xidmətidir. Dövlət başçısının bu xidməti, bu diplomatik qələbəsi nəinki etiraf edilməli, dəyərləndirilməli, eləcə də dövlətçilik tariximizin, diplomatiya tariximizin ən parlaq səhifəsi kimi gələcək nəsillərə tanıdılması üçün geniş araşdırılmalı və ali məktəb dərsliklərində yer almalıdır. Lakin özünü siyasətçi adlandıran qismlər dövlət başçısının bu müstəsna xidmətlərinə münasibətlərini açıqlayarkən ifadə etdikləri fikirləri xalqın fikri ilə eyniləşdirməyə çalışır və öz iddialarından doğan niyyətlərini xalqın adına yazırlar. Bu yüz illərlə sınaqdan çıxmış bir üsuldur və müasir dünyada belə üsulu yalnız siyasi cəhətdən avam olan kütləyə sırımaq olar. Azərbaycan xalqı bu avamlıqdan çoxdan xilas olub və müasir dünyagörüşə malik bir xalq kimi ən azından regionda özünü təsdiq etmişdir. Əslində, qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqın Vətən müharibəsində əldə etdiyi Qələbəyə kölgə salmaq istəyənlər uzun illərdir ki, Azərbaycanda siyasət hesabına yaşayan müxalifət liderləridir və siyasət onların dövlətə fayda verməsinə deyil, cəmiyyətdə üzdə qalmasına, yaxşı yaşamalarına və müəyyən imtiyazlar əldə etməsinə xidmət etməkdən başqa bir şey deyil. Onların qərəzli mövqeyi və Ali Baş Komandan başda olmaqla Azərbaycan Silahlı Qüvvələrinin yenilməz əsgər və zabitlərinin Qələbəsinə kölgə salmaq cəhdləri ilə tanış olduqda ortaya belə bir sual çıxır: Azərbaycan doğurdanmı noyabrın 10-da müharibənin dayandırılması haqqında razılaşma imzalamaqla uduzubmu? Uduzubsa, demək ki, o zaman Ermənistan qalib gəlib, deyilmi? Buna ən obyektiv cavabı Azərbaycan ictimai fikrində yer alan rəylər və şərhlərdə deyil, beynəlxalq aləmdə, ilk növbədə ermənilərin siyasi elitasının mövqeyini göstərən Ermənistan mətbuatında axtarmağa qərar verdim. Ermənistanın “Armenian report” nəşrinin müxbiri Qalust Qriqoryan hadisələrdən dərhal sonra yazır: “...baş verənlərin hesabını yalnız bir adamdan soruşmaq lazımdır – Rusiya prezidenti Vladimir Putindən. Ancaq o, Ermənistanı və Artsaxı (Dağlıq Qarabağı-red.) satıb, Türkiyə -Azərbaycan təxribatının reallaşmasına o razılıq verib, bizim qəhrəmanlarımızın ölümündə o, günahkardır”. Eyni nəşrin digər bir müxbiri Nils Arutunyan isə daha hiddətli və qəzəblə yazır: “Mahiyyətcə Artsax artıq yoxdur – biz üç tərəfin sevincinin şahidiyik – Azərbaycan, Rusiya və Türkiyə...Ermənistanın rəhbərliyi bizim hamımızı satdı, göstərdi ki, asanlıqla hər bir erməninin qəlbinə tüpürə bilər. Biz hamımız düşünürdük ki, elə xətt var Nikol Paşinyan onu adlaya bilməz. Heç demə elə bir şey yox imiş. Biz biləvasitə özümüz, şadyanalıqla və özümüzün hazırki rüsvayçılığımızla, hakimiyyəti satqının, qorxağın və əclafın əlinə verdik. O, təkcə öz adını deyil, həm də yeddi arxasını rüsvay etdi. O, bizim hamımızı alçaltdı. Azərbaycan tərəfi toy-bayram edir. Bakının buna səbəbi var. Onlar iki ay əvvəl heç ağıllarına belə gətirə bilmədiklərini əldə ediblər... ... İlham Əliyev özünün çoxsaylı müsahibələrində bizim ordumuzu bizim torpaqlardan çıxartmaqla bağlı Paşinyandan qrafik tələb edirdi və nəticədə bunu aldı! Döyüşsüz, bir güllə atılmadan belə Ağdam rayonu və Azərbaycan Respublikasının Qazax ryonunun bizim nəzarətimizdə olan əraziləri təhvil verilir...” Nils Arutunyan Azərbaycanın işğal altında olan qalan rayonların boşaldılmasının da qrafikinin verildiyini qeyd edərək sual edir: “Ermənistanın Artsaxdan qalan ərazi ilə əlaqəsi Laçın dəhlizi vasitəsi ilə olacaq və bu, artıq hüquqi cəhətdən də itirdiyimiz Şuşaya aid olmayacaq!” Ürəyindən qara qanlar axan erməni müxbiri daha sonra yazır: “Qalır Stepanakert (Xankəndi-rued.). Axı yeni şəraitdə, qələbə dadı damağında qalan və onların yeni bir hərbi təxribat törətməkdən açıq-aşkar çəkinmədiyi halda, orada yaşamağa kim cəsarət edər?! Rusiyanın belə açıq bir xəyanətdən və Türkiyənin güclənməsindən sonra kim orada yaşamağa cürət edə bilər?” Erməni müəllif bildirir ki, əgər Paşinyan Kremlin təzyiqlərinə daha tez, bizim xalqa qarşı hərbi təxribat başlamamışdan tabe olsaydı, ən azından bu qədər itgilər olmazdı, Şuşa və daha iki rayon bizdə qalardı. “Ancaq nəticədə biz nə qazandıq – minlərlə həlak olanlar və rüsvayçı təslim aktı”. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan isə “168.am” saytına müsahibəsində özünü keçmiş günahlardan sığortalamq üçün də olsa, silahlı qüvvələr rəhbərliyinin təklifi ilə müharibəyə son qoymaq qərarının düzgün olduğunu etiraf edib. “Bununla belə, ordunun deyil, dövlətin məğlub olması birmənalıdır, həmçinin, bunun erməni xalqı üçün çox pis bir sənəd olması da birmənalıdır,”- deyə Ohanyan vurğulayıb. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin 44 gün böyük qəhrəmanlıqla, heç bir dövlətdən, hətta Rusiyadan belə çəkinmədən ordusuna qətiyyətlə rəhbərlik etməsinin səbəblərindən biri də Cənubi Qafqazda sülhün açarının Azərbaycanda olmasıdır. (ardı var)

Hamısını oxu
Suraxanı rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü qeyd olunub

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri e/o polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 26 aprel Bakı şəhəri Suraxanı rayonunda yerləşən Albert Aqarunov adına 154 saylı tam orta məktəbdə tədbirdə iştirak ediblər.   Tədbir Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə həsr edilib. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin müavini Günel Axundova, YAP-ınm Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov, rayon VT-nın sədri Eldar Rüstəmov, Qarabağ müharibəsi veteranları Ağa Məmmədov, Elmar Hüseynov, məktəbin direktoru Əli Əliyev, şagird və müəllim kollektivi iştirak ediblər.   Tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin hazırladıqları  kompozisyalara  baxılıb, şeirlər dinlənilib. Şagirdlərin çıxışından sonra səhnəyə qonaqlar dəvət olunub. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin müavini Günel Axundova çıxış edib. O, bildirib ki, torpaqlarımızın toxunulmazlığı uğrunda şəhidlik zivəsinə ucalanlar əbədiyyətə qovuşsalar da, hər zaman xalqımızın qəlbində qalacaqdır. Qazilərimizin, veteranlarımızın həyat yolu gənc nəslə hər zaman örnək olacaq.   Daha sonra söz Adil Haqverdiyevə verilib. O,ilk öncə  Təşkilatın sədri Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb.A.Haqverdiyev Əfqanıstan və Qarabağ müharibələrinin  iştirakçısı kimi bildirib ki,həmin illərdə vətənpərvər oğullarımız könülü olaraq vətənin müdafiəsinə qalxıb: “Dilindən, dinindən aslı olmayaraq hər kəsin bir amalı vardı - mənfur düşməndən torpaqlarımızı qorumaq. Belə oğullardan biri də Albert Aqarumov idi. O vaxt silah-sursatın az olması, işğalçıya bəzi qüvvələrin havadarlıq etməsi və s. kimi amillər səbəbi ilə torpaqlarımızın bir hissəsi işğal altına düşdü. Lakin indi biz Şəhidlər Xiyabanı önündən qürurla keçib deyirik: “Ruhunuz şad olsun şəhidlərimiz, Ali Baş Komandan İlham Əiyevin rəhbərliyi altında müzəffər ordumuz torpaqlarımızı azad etdi”. Mən çıxışımın sonunda bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr,qazilərimizə cansağlığı diləyirəm”.   Tədbirin sonunda Suraxanı VT-nın sədri Eldar Rüstəmov şagirdlərlə suallar ünvanlayıb. Sualları düzgün cavablandıran şagirdlərə Fəxri Fərman və kitab hədiyyə olunub.  

Hamısını oxu