Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk doğum günü qeyd olunub

Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Cəmil Məmmədlinin doğum günü məzarı yanında mövcud pandemiya qaydalarına uyğun olaraq qeyd edilib. Şəhidin ailəsi ilə bərabər, Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, ictimaiyyətin nümayəndələri, təhsil aldığı 163 saylı məktəbin müəllim kollektivi onun xatirəsini ehtiramla anıblar. Şəhidin məzarı önünə əklil və gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Natiq Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbin şagirdlərinin şəhidlərə həsr olunmuş kompozisiyası dinlənildikdən sonra mərasim şəhidin doğulduğu evdə davam edib. 44 günlük Zəfər yürüşünün qəhrəmanlarından olan Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olub. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil alıb. O, Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin Materialşunaslıq fakultəsində ali təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilib. Cəmil Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblər arası "Mahir nişançı" adlı güllə atıcılığı turnirində III yerə layiq görülüb.   Cəmil Məmmədli 2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Sentyabrın 27-də Vətən Müharibəsinə qatılaraq böyük şücaət göstərib.Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edərək oktyabr ayının 14-dən 15-ə keçən gecə şəhidlik zirvəsinə yüksəlib. C.Məmmədli rayonun şəhidlər xiyabanında dəfn edilib.   Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Cəmil Məmmədli "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.   Natiq Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbin şagirdləri və 1 saylı körpələr evi uşaq bağçasının körpə fidanları hazırladıqları şeirləri səsləndiriblər.   Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə şəhidin "Füzulinin azad olunmasına görə" medalı valideyinlərinə təqdim olunub.   Şəhidin valideyinləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər

2021-07-29 00:00:00
3623 baxış

Digər xəbərlər

“Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda konfrans keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda konfrans keçirilib.   Veteranların və 44 günlük Vətən müharibəsi iştirakçılarının qatıldığı konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın təklifi ilə dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin əsl sərkərdəlik məharəti sərgilədiyini vurğulayan Fatma Səttarova, işğalçı Ermənistan üzərində əldə edilən qalibiyyətin Azərbaycan tarixinə qızll hərflərlə həkk edildiyini bildirib.   Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dövlətin qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib, bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb:   “Qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə dövlətin göstərdiyi mütəmadi diqqət və qayğı beynəlxalq praktika üçün Azərbaycan modelini formalaşdırıb ki, bu model bütün dünyada maraq və təqdirlə qarşılanmaqdadır. Vətən müharibəsində olduğu kimi, bu gün də cəmiyyətin bütün kateqoriyalarının, o cümlədən qazilərin dövlətimiz və onun prezidenti ətrafında birləşməsi zəruridir.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı vətənpərvərliyin təbliği istiqamətində çoxşaxəli fəaliyyət ortaya qoymaqdadır. Bu məqsədlə qazilərlə mütəmadi görüşlər keçirilir, onların qayğılarının öyrənilməsi və həllinə dəstək verilir.   Son vaxtlar cəmiyyətdə müşahidə edilən bəzi mənfi təzahürlər narahatlıq doğurur. Bəzi hallarda müxtəlif şəxslərin qazi adından sui-istifadə etməyə cəhd edir ki, bu da yolverilməzdir. Vətən müharibəsində iştirak etməyən bəzi şəxslərin özünü qazi kimi təqdim edərək müxtəlif iddialarla çıxış etməsi, dövlətin qazilərə olan diqqət və qayğısına kölgə salmağa çalışması kimi hallara qarşı ictimaiyyət də fəal reaksiya verməli, bu cür şəxslər qanunsuz əməlləri ifşa olunmalıdır.   Bəzi radikal və təxribatçı qüvvələr qaziləri özlərinə cəlb etmək, onların adından və nüfuzundan çirkin, qeyri-sağlam məqsədlərini reallaşdırmağa çalışırlar ki, bu da anti-xalq və anti-dövlət mahiyyəti daşıyır. Bəzi qüvvələrin qazilərdən, onların cəmiyyətdəki nüfuzundan dövlətə qarşı istifadə etməyə cəhd etməsi yolvverilməzdir  və qaziləri bu kimi halllarla bağlı diqqətli olmağa, hər zaman olduğu kimi bundan sonra da dövlətin və onun prezidentinin ətrafında birləşməyə səsləyirik.   Qazilərə diqqət və qayğının sadəcə dövlətin deyil, hər bir vətəndaşın borcudur. Bununla  yanaşı, qazi adı daşıyan şəxslər də öz arzu və istəklərini mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə ifadə etməlidirlər.   Son vaxtlar 44 günlük Vətən müharibəsi və 2016-cı ilin aprel döyüşləri iştirakçılarından 800 nəfərə qədər qazinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üzv olub. Respublikanın bütün bölgə və rayonunda təşkilatımızın yerli strukturları mövcuddur. Mən qazilərimizi təşkilata üzv olmağa səsləyirəm. Onlar təşkilatdaxili müzakirələr və tədbirlərdə iştirak edə, onları narahat edən, düşündürən məsələləri dilə gətirə, təşkilatın imkanlarından yararlana bilərlər”.   Konfransda çıxış edən 44 günlük Vətən müharibəsi iştirakçıları da dövlətin onlara olan diqqət və qayğısından məmnunluqla bəhs etməklə yanaşı, cəmiyyətdə bəzi hallarda mənfi təzahürlərə də rast gəldiklərini vurğulayıblar. Aparılan müzakirələrdən məlum olub ki, dövlət başçısının xəbərdarlığına rəğmən hələ də bəzi məmurlar tərəfindən müharibə iştirakçılarına laqeyd münasibət, o cümlədən süründürməçilik halları mövcuddur ki, bu da qazilərdə haqlı narazılığa səbəb olur.   Konfransda mənfi təzahürlərə qarşı birgə mübarizənin zəruriliyi qeyd olunub və bu cür hallarla qarşılaşan qazilərə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına müraciət etmək, öz hüquqlarını təmin etmək üçün təşkilatın imkanlarından faydalanmaq tövsiyə olunub.   Konfransda iştirak edən xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan mayoru Salman Hüseynovun, ehtiyatda olan kiçik çavuş Elçin Əhmədovun, polkovnik-leytenant Şahin Məmmədovun,  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı Rasim Mirzəyevin çıxışları da böyük maraqla qarşılanıb və konfrans iştirakçıları tərəfindən təqdir olunub.   Konfransın sonunda bir daha tədbir iştirakçılarına üz tutan  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova qaziləri dövlət başçısının ətrafında sıx birləşməyə, dövlətimizin daha da güclənməsi prosesində aktiv iştirak etməyə səsləyib.  Daha sonra konfrans iştirakçıları xatirə şəkli çəkdirib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
“Görülən işlər sadəcə başlanğıcdır...”

Xəyal Rza: “Yazıçılarımızın zəfərə həsr edilmiş əsərlərinə bundan sonra da rast gələcəyik”   Qarşıdan 44 günlük Vətən müharibəsinin ildönümü gəlir.   Maraqlıdır, bu tarixi zəfər, böyük qələbə ədəbiyyatımızda öz əksini yetərincə tapırmı? Yaxın gələcəkdə bu istiqamətdə yeni ədəbi əsərlərin yaradılması nə dərəcədə zəruridir?   Saytımıza açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza artıq bu yöndə bir sıra addımların atıldığına diqqət çəkib:   “Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə, sədr müavini Rəşad Məcidin redaktorluğu ilə (ön söz Rəşad Məcid) "Qarabağ dastanı - 30 ilin həsrəti, 44 günün zəfəri" adlı kitab çap edildi. Almanax halında çap edilən kitabda qarabağlı qələm adamlarının məqalələri, şeirləri yer alıb. Şəhidlərimizə, zəfərimizə həsr edilimiş ayrı-ayrı onlarla kitab işıq üzü görüb. AYB-nin "Ulduz" jurnalı Qarabağa xüsusi buralıxlış həsr edib. "Ədəbiyyat qəzeti" müntəzəm olaraq zəfərə, şəhidlərimizə həsr edilmiş əsərlər, hekayələr, məqalələr, şeirlər dərc edir.   Düşünürəm ki, bu bir başlanğıcdır. Yazıçılarımızın zəfərə həsr edilmiş əsərlərinə bundan sonra da rast gələcəyik. Bilirsiniz ki, roman uzun zaman tələb edir. Yaxın illərdə bu münasibətlə yazılmış romanları da oxuya biləcəyimizə inanıram”.   Seymur ƏLİYEV    

Hamısını oxu
“Türkiyədəki meşə yanğınlarına qarşı mübarizədə FHN-nin yanğın-xilasetmə qüvvələri əsl fədakarlıq göstərməkdədir”

  Cəlil Xəlilov: “Bu, Azərbaycan-Türkiyə qardaşlığının daha bir bariz nümunəsidir”   “Türkiyədəki kütləvi meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri əsl fədakarlıq göstərməkdədir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Azərbaycanın ilk andan Türkiyənin yanında yer aldığına diqqət çəkən polkovnik, ölkəmizin sona qədər qardaş ölkəyə dəstək verəcəyini bildirib:   “Bildiyiniz kimi, Türkiyədə meşə yanğınları başlayan andan Azərbaycan hərəkətə keçdi və ölkə prezidentinin göstərişinə əsasən FHN-nin bir qrup əmkdaşı, o cümlədən yanğınsöndürmə texnikası, ambulans və digər nəqliyyat vasitələri qardaş ölkənin köməyinə göndərildi. Iyulun 30-da Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, FHN-nin yanğınsöndürmə qüvvələrinin 100 nəfərlik əməkdaşlarından ibarət ilk qrup Türkiyəyə yola salındı. Onlar qısa zamanda Trükiyənin Marmaris bölgəsində yanğınların söndürülməsi prosesinə cəlb edildi.   Iyulun 31-də FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyə Respublikasına yola düşdü. Hansı ki, həmin yanğın-xilasetmə qrupuna FHN-in 1 ədəd helikopteri, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 1 ədəd tibbi yardım avtomobili, 220 nəfər yanğınsöndürən və xilasedici daxil idi.   Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Marmaris bölgəsində olub, yanğın baş verən ərazidə qüvvələrin işi ilə yerində tanış olub, aidiyyəti üzrə tapşırıqlar verib. Bunun ardınca Böhranların İdarə edilməsi Mərkəzində Azərbaycan FHN və yerli qüvvələrin təmsilçilərinin iştirakı ilə müşavirə keçirilib, həmin müşavirədə atılacaq növbəti addımlar müzakirə olunub.   Bundan başqa, Azərbaycan qardaş ölkəyə həm də amfibiya təyyarə göndərib. Qeyd edim ki,  FHN-in arsenalında olan yanğın əlehinə "B-240ÇS" amfibiya təyyarəsi unikal keyfiyyətlərə malikdir. Bu təyyarə hərəkətdə ola-ola su ehtiyatı yığa bilir və sadəcə dənizə eniş etməklə 1 dəqiqə ərzində lazım olan su ehtiyyatını toplayır.   Azərbaycanlı yanğınsöndürənlər yanan evlərin birindən türk bayrağını xilas etdilər ki, bununla bağlı görüntülər həm ölkəmizdə, həm də qardaş Türkiyədə qürurla izləndi.   Azərbaycanın FHN-nin yanğın-xilasetmə qüvvələrinin fəaliyyəti, ümumilikdə dövlətimizin yanğınlara qarşı mübarizədə Türkiyəyə verdiyi dəstək rəsmi Ankara, eləcə də türk xalqı tərəfindən də yüksək qiymətləndirilməkdədir. Bu, Azərbaycan-Türkiyə dostluğunun, Azərbaycan-Türkiyə qardaşlığının daha bir  bariz nümunəsidir. Baş verənlər bir daha göstərir ki, Azərbaycan və Türkiyə dövlətləri hər zaman bir-birinin yanındadır və bütün təhlükələrə, problemlərə birlikdə mübarizə aparmaq, bütün çətinliklərin öhdəsindən birlikdə gəlmək əzminə malikdirlər.   Mən Türkiyədə meşə yanğılnlarına qarşı mübarizə aparan FHN-nin yanğın-xilasetmə qüvvələrinə öz fəaliyyətlərində uğurlar arzulayır, qardaş türk xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Slovakiya səfirliyində görüş keçirilib.

28 iyul 2026-cı il tarixində Təşkilatımızın sədri polkovnik Cəlil Xəlilovun başçılıq etdiyi  nümayəndə heyəti Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəvəti ilə  Səfirliyin müşaviri cənab Vladimir Jezek  və hərbi attaşe polkovnik Juraj Beskid ilə görüş keçirilmişdir. Görüş zamanı Azərbaycan ilə Slovakiya arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə veteran təşkilatları arasında əlaqələrin qurulması və möhkəmləndirilməsi məsələsi müzakirə olundu. Müzakirə zamanı polkovnik Cəlil Xəlilov Təşkilatımızın Slovakiyanın müvafiq veteran təşkilatları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında və inkişaf etdirilməsində maraqlı olmasını diqqətə çatdırdı, qarşılıqlı səfərlərin, işgüzar görüşlərin və birgə tədbirlərin təşkili ölkələrimiz arasında humanitar və tarixi əməkdaşlığın genişlənməsinə, eləcə də veteran hərəkatı sahəsində təcrübə mübadiləsinə mühüm töhfə verəcəyinə əminliyini bildirildi. Bu məqsədlə, gələcəkdə qarşılıqlı görüşlərin keçirilməsinə və əməkdaşlıq istiqamətlərinin müzakirəsini məqsədəuyğunluğu vurğulandı, eyni zamanda, İkinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı hərbi qulluqçuların taleyinin araşdırılması və tarixi irsimizin qorunması istiqamətində Slovakiya Respublikasının arxivlərində mövcud olan müvafiq sənəd və məlumatların bizim Təşkilata təqdim olunması və ya bu məlumatların əldə edilməsinə dəstək göstərilməsi xahiş edildi. Bu materialların tarixi həqiqətlərin öyrənilməsi və soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi baxımından böyük elmi və mənəvi əhəmiyyət daşımasınası qeyd etdi. Görüşün sonunda polkovnik Cəlil Xəlilov Slovakiya Səfirliyinin rəhbər heyətinə görüşün təşkilinə görə təşəkkür etdi və əməkdaşlığımızın  gələcəkdə  ikitərəfli ələqələrə töhfə verəcəyinə əminlik bildiridi.

Hamısını oxu