Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ağdamla bağlı beynəlxalq elmi-praktik konfransa məqalə və tezislərin qəbulu davam edir

 

"Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” Beynəlxalq elmi-praktik konfransına məqalə və tezislərin qəbulu davam edir.

 

Məqalə və tezislərin qəbulu sentyabrın 10-da başa çatacaq.

 

Bu il 16-17 sentyabr tarixlərində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkil etdiyi Konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada keçiriləcək.

 

Konfransda:

Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər;

Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı;

Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət;

Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı   istiqamətlərində müzakirələr aparılacaq.

 

Məqalə və tezislər aşağıda göstərilən tələblərə uyğun qaydada tərtib edilməli və sentyabrın 10-dan gec olmayaraq agdam@pa.gov.az elektron ünvanına göndərilməlidir. Məqalə və tezislər Azərbaycan, türk, rus, ingilis dillərində və elektron formada qəbul edilir.

 

Tərtibat qaydası:

"Microsoft Word” (A4) formatında, "Times New Roman” şrifti ilə (hərflərin ölçüsü - 12; sətirlərarası interval - 1,15; kənardan məsafələr: soldan - 3 sm, sağdan - 1 sm, yuxarı və aşağı 2 sm);

Məqalənin həcmi 15 000 - 20 000 , tezislərin həcmi 2 000 - 2 500 işarə arasında olmalıdır;

Məqalənin adı böyük hərflərlə, tünd (bold), 12 şriftlə; müəllifin (müəlliflərin) soyadı, adı, atasının adı (tam şəkildə), 12 şriftlə, müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvanı, əlaqə nömrəsi – yeni sətirdə, 11 şriftlə;

Məqalənin xülasəsi – maksimum 1 000 işarədən ibarət olmaqla 11 şriftlə yazılmalıdır.

Ədəbiyyat siyahısı əlifba sırası ilə 11 şriftlə yığılmalıdır.

Məqalə mətnlərində göstərilən bölmələrin olması vacibdir:
- Problemin qoyuluşu (yaxud Giriş);
- Təhlil və qiymətləndirmə;
- Nəticə və təkliflər.

Əlavə məlumat üçün: +99412 599 99 97 (Fidan Axundova, AR Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı)

 

2021-08-25 16:26:00
1073 baxış

Digər xəbərlər

AŞPA siyasi riyakarlığını sübut etdi

Beynəlxalq riyakarlığın təzahürünə şahidlik edirik. 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasına üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Təşkilatı təzyiq etmə alətinə çevirən Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir desək, yanılmarıq. AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır. İllərdir ki, AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etmədi. Qərbdəki antiazərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Avropanı narahat edən Zəfər Qələbəmiz, ardınca, lokal antiterror əməliyyat aparıb suverenliyimizi bərqərar etməyimizdir. Son hadisələr göstərdi ki, AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanı məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir. Avropanın əsl niyyətlərini ifşa edən həqiqətlərə qısa nəzər salsaq görərik ki, 2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən  suveren ərazimizdə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsinə çağırış etdi. Bu çağırışlar dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasının tələb edilməsi idi.  Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə, planlarının fiaskoya uğradığlna əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verdi. 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirdi. Bu dəfə də plan baş tutmadı. Ermənilərin “blokadada yaşadıqları”nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan imkan vermədi. 2023-cü ildə AŞPA nümayəndələrinin Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib. Avropa səmərəsiz cəhdləri ilə heç nəyə nail ola bilməyəcək. Qloballaşan dünyada Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Son aylardakı fəaliyyətlərini izlədikdə aydın görünür ki, AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir.        Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Artıq bu problem Azərbaycanın daxili gücü ilə həll olunub və hazırda nəinki dünya səviyyəsində, heç Avropada da  nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. 2020-ci il Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Sözügedən hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi. Azərbaycan bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyünü bərpa etdi. Suverenliyimiz bərqərar olub. Hazırda Azərbaycan sülh istəyir. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdik. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olur. Məşhur Məmmədov Milli Məclisin deputatı  

Hamısını oxu
Bir Gözlə Vətəni Bütöv Görən Qəhrəman Azər Abdullazadə

“Azərbaycan ordusunun hərbi qulluqçusu olmağımla fəxr edirəm…” Bu ifadə Azərbaycan əsgərinin dövlətinə sədaqətinin, xalqına bağlılığının və Vətən qarşısında daşıdığı ali məsuliyyətin rəsmi və mənəvi ifadəsidir. Bu sözlər bir ömrün həyat prinsipi, bir nəslin Vətənə sədaqət andı, bir xalqın öz ordusuna olan sarsılmaz inamının təcəssümüdür. Sözügedən fikirlər Vətənin taleyini öz taleyi ilə birləşdirən, onu qanı və canı bahasına qoruyan Azər Rizvan oğlu Abdullazadənin vətəndaş mövqeyini, daxili dünyasını və hərbi xidmət fəlsəfəsini dolğun şəkildə əks etdirir. Abdullazadə Azər Rizvan oğlu 18 fevral 2001-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olmuşdur. O, Vətənə xidmətin ailə dəyəri kimi qəbul edildiyi, hərb və vətənpərvərlik ruhunun nəsildən-nəslə ötürüldüyü qəhrəman bir ailədə böyümüşdür. Bu ailədə “Vətən” anlayışı yalnız coğrafi məfhum deyil, yaşam tərzi, mənəvi məsuliyyət və əxlaqi borc kimi formalaşmışdır. Azər Abdullazadənin ailə tarixində Qarabağ müharibələrinin dərin izləri vardır. Onun əmisi  tibb xidməti leytenantı Natiq Abdullayev Birinci Qarabağ müharibəsi zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Atası Rizvan Abdullayev isə həmin döyüşlərdə ağır yaralanaraq I qrup müharibə əlili olmuşdur. Bu ailənin yaddaşı şəhidlik zirvəsi, qazilik yolu və Vətənə sədaqət ruhu üzərində formalaşmışdır. Azər Abdullazadə 2018-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış, Bakı şəhərində yerləşən N saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmət müddətinin başa çatmasına cəmi bir neçə gün qalmış, 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlanmışdır. O, təxris olunmaq hüququndan imtina edərək könüllü şəkildə döyüş bölgəsinə yollanmışdır. 44 gün davam edən Vətən müharibəsi zamanı Azər Abdullazadə tank heyətinin tuşlayıcısı kimi Füzuli və Cəbrayıl istiqamətlərində aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Döyüş tapşırıqlarını yerinə yetirərkən düşmənin atəş mövqelərinin, zirehli texnikasının və canlı qüvvəsinin məhv edilməsində xüsusi fərqlənmiş, şəxsi igidlik, yüksək peşəkarlıq və dözümlülük nümayiş etdirmişdir. Onun fəaliyyəti Azərbaycan Ordusunun həmin istiqamətlərdə uğurlu irəliləyişinə mühüm töhfə vermişdir. Azər Abdullazadə döyüşlər zamanı iki dəfə yaralanmışdır. İlk yaralanmadan sonra həkimlərin tövsiyəsinə baxmayaraq, təkidlə yenidən ön cəbhəyə qayıtmışdır. 2020-ci il oktyabrın 11-də Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlər zamanı tankın vurulması nəticəsində ağır yaralanmış, bir gözünü itirmişdir. Tank komandiri şəhid olmuş, Azər Abdullazadə isə böyük fədakarlıq və iradə nümayiş etdirərək döyüş zonasından çıxarılmışdır. Uzunmüddətli tibbi müalicə və bir neçə mürəkkəb cərrahi əməliyyata baxmayaraq, o, mənəvi möhkəmliyini qoruyub saxlamış, qazilik statusuna baxmayaraq dövlətə və orduya sədaqətini daim ifadə etmişdir. Onun həyat mövqeyi “göz ürəyin aynasıdır” ifadəsinin rəmzi mənasını daşıyır - Azər Abdullazadə bir gözünü Vətən yolunda itirsə də, Vətəni bütöv görən qəhrəman kimi yadda qalmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin  9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Abdullazadə Azər Rizvan oğluna “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilmişdir. O, bu ali ada layiq görülən ən gənc hərbi qulluqçulardan biri olmuşdur. Həmçinin Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” medalı və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilmişdir. Bu gün Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə Azərbaycan gəncliyi üçün vətənpərvərlik, sədaqət və fədakarlığın canlı nümunəsidir. Onun adı çəkiləndə Azərbaycan xalqı qürurla başını dik tutur, çünki Azər Abdullazadənin taleyində ordunun şərəfi, şəhidlərin ruhu və qazilərin dözümü birləşir. O, Vətən uğrunda sağlamlığından keçməyin söz yox, əməl olduğunu sübut etmiş qəhrəmanlardandır. Azər Abdullazadənin bir gözü Qarabağ torpağında qaldı. Amma o  göz bu gün Şərqi Zəngəzurda, Cəbrayılda, Füzulidə dalğalanan üçrəngli bayrağın göz bəbəyinə çevrilib. O bayraq ki, şəhidlərimizin al qanı ilə suvarılmış suveren torpaqlarımızda ucalıb və əbədi olaraq dalğalanacaq. Bu, təkcə bir qəhrəmanın taleyi deyil - bir millətin qələbə dastanıdır! Cəlil Xəlilov    Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“AzerGold”un birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” QSC cari ilin birinci rübündə 12 284 unsiya qızıl, 22 053 unsiya gümüşün beynəlxalq və yerli bazarlarda satışı nəticəsində ölkə iqtisadiyyatına 102,4 milyon manat vəsait cəlb edib. “AzerGold”dan Veteran.gov.az-a verilən məlumata görə, qeyd edilən dövr ərzində əldə edilən gəlirlərin 91,1 milyon manatdan çoxu ixrac əməliyyatlarının, 11,3 milyon manatdan çox hissəsi isə yerli bazarda pərakəndə satışın payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirləri (72,5 milyon manat) 26%, pərakəndə satış gəlirləri isə (5,6 milyon manat) 102% artıb. Beləliklə, dövlət şirkəti fəaliyyət dövrü ərzində ümumilikdə 572, 3 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satışını həyata keçirərək ölkə iqtisadiyyatına 2,04 milyard manat vəsait cəlb edib. Fəaliyyət dövrü ərzində “AzerGold” QSC tərəfindən dövlət büdcəsinə ümumilikdə 281 milyon manat vəsait ödənilib. Bunun 242 milyon manatı vergi, 39 milyon manatı isə sosial ödənişlərin payına düşür. Milli dağ-mədən şirkəti 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi arasında 20-ci yerdə qərarlaşıb. “AzerGold” QSC əhəmiyyətli vergi ödənişləri ilə yanaşı, fəaliyyət göstərdiyi regionda məşğulluğun genişləndirilməsində də mühüm rol oynayıb. Ötən rübdə Cəmiyyət və onun törəmə müəssisələrində çalışan əməkdaşların sayı 1152 nəfərə çatıb. Hazırda dövlət şirkətinin fəaliyyəti nəticəsində Gəncə-Daşkəsən iqtisadi rayonunda podratçı təşkilatlar da daxil olmaqla, 2595 nəfər daimi işlə təmin edilib. “AzerGold” QSC cari ilin birinci rübündə əldə etdiyi maliyyə göstəriciləri, ixrac və satış həcmlərində müşahidə olunan artım, dövlət büdcəsinə ödənişlər , məşğulluğun genişləndirilməsi, cümlədən yerli icmalara yönəlmiş təşəbbüslərin icrası istiqamətindəki fəaliyyəti ilə ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməyə davam edir.  

Hamısını oxu
“Müdafiə” adı ilə silahlanma

Hamısını oxu