Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müşfiq Cəfərov: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi erməni faşizmini uğurla ifşa edir”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi surətdə internet resursları vasitəsi ilə  işğaldan azad edilən ərazilərdəki dini abidələr və məscidləri tanıtma, işğalda qaldıqları müddət ərzində üzləşdikləri erməni vəhşilikləri ilə bağlı məlumatlandırma kampaniyası həyata keçirməkdədir. Hansı ki, bu kampaniya həm sözügedən dini-tarixi abidələrin, məscidlərin tanıdılması, həm də erməni vəhşiliyinin ifşa edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

 

Veteran.gov.az-a açıqlama verən millət vəkili Müşfiq Cəfərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən məlum maarifləndirmə siyasətinin böyük önəm kəsb etdiyini vurğulayıb:

 

“Ermənilərin Azərbaycana qarşı işğalının və terror əməllərinin hədəflərindən biri də məhz tarixi-dini abidələrimizdir.

 

Azərbaycan çoxkonvessiyalı ölkədir və burada tarixən müxtəlif dini və mədəni abidələr mövcuddur. Əsrlərdir dinindən, dilindən, milli mənsubluğundan asılı olmayaraq ölkəmizdə yaşayan hər bir xalqa məxsus olan mədəni, dini abidələr yüksək səviyyədə qorunub.

 

Milli mənsubiyyəti və qədim tarixi, milli, dini ənənələri özündə ehtiva edən abidələrimiz tamamilə uçurulub. Bu abidələrin erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhd edilib. İşğal altındakı abidələr, o cümlədən digər mədəniyyət göstəriciləri dağıdılıb, təmir adı altında dəyişdirilib, təhqir olunub. Beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür. Düşmənimizin təmir-bərpa işləri bəhanəsi ilə Qarabağın incisi Şuşa şəhərində yerləşən "Yuxarı Gövhər ağa" məscidinin daxili interyerində ciddi dəyişiklik etməsi, tarixi abidənin bədii-estetik dəyərlərinə zərər vurması, guya bu abidənin Azərbaycan xalqına mənsub olmaması barədə iddialar irəli sürməsi onların mənimsəmə siyasətini bir daha sübut edir.

 

Müharibə zamanı da Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan və ağır artilleriyadan istifadə edərək abidələrimizə  də ziyan vurdu. Atəş zərbələri Füzuli rayonunda ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə və Gəncədəki tarixi abidəyə ziyan vurub. Hazırda Ermənistan işğalçı və şovinist siyasət aparmaqla beynəlxalq və regional təhlükəsizlik, bölgədə sülhün və sabitliyin təmin olunması üçün ciddi təhdid yaradır. Dini dəyərlərə daim yüksək diqqət və qayğı göstərməsilə seçilən Prezident İlham Əliyev ermənilər tərəfindən Azərbaycanın tarixi-mədəni irsinin mühüm bir hissəsi təşkil edən dağıdılmış bütün məscidlərimizi bərpa etdirir.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi surətdə işğaldan azad edilən dini abidələr və məscidlərin tanıdılması, işğalda qaldıqları müddətdə məruz qaldıqları erməni vəhşilikləri ilə bağlı məlumatlar yayır. Bu çox müsbət addımdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bununla erməni vəhşiliklərini uğurla ifşa edir, erməni faşizminin sivilizasiyadan, insani dəyərlərdən nə qədər uzaq olduğunu bütün dünyaya göstərir. Ancaq onu da qeyd edim ki, bu nəhəngliyində işin öhdəsindən yalnız bir qurumun gəlməsi mümkün deyil. Biz bütün işləri yalnız biur qurumdan gözləyə bilmərik. Bu sahədə bütün vətəndaşlarımız fəaliyyət göstərməlidir. Ən vacibi, dünya ictimaiyyəti və bu sahədə fəaliyyət göstərən xüsusi təşkilatlara mütəmadi məlumat verilməlidir”.

 

Seymur ƏLİYEV

2021-09-01 12:04:00
1352 baxış

Digər xəbərlər

Gəncədə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş regional konfrans keçirilib

Azərbaycan Ağsaqqallar Şurası Gəncə şəhərində  “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müstəqilliyin Bərpası Gününə  həsr olunmuş “Azərbaycanın müstəqillik salnaməsi: Suverenliyə aparan yol”  mövzusunda regional konfrans keçirib. Ağsaqqalların, ziyalıların, müəllim və tələbələrin iştiakı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin binasında baş tutan regional konfransda Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyimizin bərpası uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov   konfrans iştirakçılarını salamlayaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bağlı fikirlərini bölüşüb. Qarşıdan gələn 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü tariximizin böyük dönüş nöqtəsi kimi dəyərləndirib. Natiq, həmçinin, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam bərpa olunması uğrunda misilsiz qəhrəmanlıqlar göstərmiş Vətən övladlarından söz açıb. Bütün şəhidlərimizi, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olmuş 30-dan çox şəhidimizi ehtiramla xatırlayıb. Ölkəmizdə ağsaqqallarla gənclərin vəhdətini yüksək dəyərləndirən Zəfər Qurbanov bu birliyin növbəti təzahürü olan regional konfransın işinə uğurlar arzulayıb. Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru  Bayram Yusifov çıxış edərək hər kəsi qarşıdan gələn Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. 1991-ci ildə Azərbaycan xalqının müstəqillik istəyinin həyata keçdiyini bildirən natiq vurğulayıb ki, biz bu müstəqilliyi Ümummilli Liderimiz Heydər Əliyevin sayəsində qoruyub saxlaya bildik. Ulu Öndər dövlətimizi məhv olmaqdan xilas etdi və bu gün Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində müstəqil və suveren Azərbaycan dünya səviyyəsində güclü və qüdrətli ölkəyə çevrilib. Bayram Yusifov, həmçinin, 2003-cü ilin 15 oktyabr tarixində cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyini və həmin gündən 22 il ötdüyünü xatırladıb. Vurğulayıb ki, biz xoşbəxt xalqıq, çünki belə müdrik və güclü Prezidentimiz var. Regional konfransda çıxış edən digər natiqlər də bu tarixi məkanda – Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi binada Müstəqilliyin Bərpası Gününə həsr olunmuş  regional konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Ötən əsrin sonunda Azərbaycanın müstəqilliyinin bərpası, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizədən və ölkəmizin əldə etdiyi nailiyyətlərdən, eləcə də ölkə başçısı cənab İlham Əliyevin bu sahədəki uğurlu siyasətindən ətraflı  bəhs ediblər. Tədbirdə Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, 88 yaşlı professor Nurəddin Məmmədov uzunmüddətli səmərəli fəaliyyətinə və xidmətlərinə görə Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunub. Konfransdan sonra tədbir iştirakçıları Gəncə Memorial Kompleksini ziyarət ediblər. Kompleksdə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri qoyaraq, Gəncə terroru zamanı həlak olanların ruhuna dualar oxuyublar.

Hamısını oxu
“Qanunsuz abidələrə qarşı mübarizə Azərbaycanın suveren və konstitusion hüququdur”

Cəlil Xəlilov: “Heç kim ölkəmizi “abidə müharibəsi”ndə ittiham edə bilməz!” “Qanunsuz abidələrə qarşı mübarizə Azərbaycanın suveren və konstitusion hüququdur”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun  Xankəndidə vaxtiylə Rusiya sülhməramlı qüvvələri tərəfindən qanunsuz şəkildə inşa edilən erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) heykəlinin sökülməsinə verdiyi şərh yanlış və qərəzlidir: “Azərbaycan heç vaxt heç bir ölkə və ya xalqa qarşı “abidə müharibəsi” aparmayıb, fərqli mədəniyyətlərə daim böyük hörmət və ehtiramla yanaşıb. İşğaldan azad edilən ərazilərdə İslam dini ilə yanaşı, digər dinlərə məxsus abidələrə olan münasibət bunun isbatıdır. Azərbaycan 44 günlük Vətən müahribəsindən sonra ermənilər tərəfindən dağıdılan bütün bu abidələrin bərbası və təmiri istiqamətində mühüm addımlar atıb və bu gün də məlum siyasət davam etdirilir. Xankəndidə vaxtiylə Rusiya sülhməramlı qüvvələri tərəfindən qanunsuz şəkildə inşa edilən erməni əsilli rəssam İvan Ayvazovskinin heykəlinin sökülməsinə gəlincə, bu, tamamilə haqlı, hüquqi və məntiqi baxımdan düzgün addımdır. Çünki bu abidə torpaqlarımız işğal altında olanda Rusiya sülhməramlıları tərəfindən  Azərbaycanın iradəsinə zidd olaraq, dövlətimizin razılığı olmadan ucaldılıb. Buna görə də Azərbaycanın ölkəmizin suveren hüquqlarının ziddinə inşa edilən bu abidəni sökməsi nəinki doğru, həm də zəruri idi. Buna görə də, məlum faktı Azərbaycanın guya Rusiyaya qarşı “abidə müahribəsi” aparması kimi dəyərləndirilməsi yanlış və qərəzlidir”. Polkovnik qeyd edib ki, Azərbaycan hər zaman Rusiyanın maraqlarına və rus mədəniyyətinə hörmətlə yanaşıb: “Azərbaycan tarixin bütün mərhələlrində Rusiya ilə dostluq və mehriban qonşuluq siyasətinin davam etdirilməsində maraqlı olub, bu istiqamətdə ardıcıl mövqe sərgiləyib. Bu gün ölkəmizdə rus dilində nəşrləin və məktəblərin fəaliyyəti bunun ən bariz nümunəsidir. Bakıda və ölkəmizin digər bölgələrində Rusiyanın məşhur sənət adamlarının, mədəniyyət xadimlərinin çoxsaylı abidəsi ucaldılıb ki, bu da Azərbaycanın rus xalqına, onun sahib olduğu mədəniyyətinə olan hörmətinin göstəricisidir. Belə olan halda Azərbaycanı “abidə müharibəsi”ndə, yaxud “Rusiya mədəniyyətinin ləğv edilməsi”ndə ittiham etmək açıq-aşkar ədalətsizlik deməkdir. Təəssüf doğrudan digər bir məqam ondan ibarətdir ki, bu gün ölkəmizi Xankəndidə qanunsuz inşa edilən heykəli sökdüyü üçün “abidə müharibəsi” aparmaqda ittiham edən şəxslər, erməni işğalı dönəmində tarixi torpaqlarımızdakı yüzlərlə abidənin, eləcə də İkinci Dünya müharibəsi ilə bağlı abidələrin, maddi-mədəniyyət nümunələrinin məhv edilməsini soyuqqanlılıqla izləyib, bir dəfə də olsun baş verənlərə səsini çıxarmayıb. Bütün bunlar bir daha sübut edir ki, Rusiyadakı bəzi dairə və məmurların ölkəmizlə bağlı səsləndirdiyi iddialar qərəzlidir və bu cür qərəzli, məsuliyyətsiz açıqlamalar iki dövlət arasındakı münasibətlərə xələl gətirməkdən başqa heç nəyə yaramır”. Seymur ƏLİYEV  

Hamısını oxu
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı polkovnik Cəlil Xəlilovu qəbul edib

19 mart 2026-cı il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovu qəbul edib.  Görüşdə dövlətimizin şəhid ailələri və veteranlara olan diqqət və qayğısına diqqət çəkən Müharibə, Əməlk və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Xaçmaz Rayon İcra Hakimiyyətinin də həssas kateqoriyadan olan vətəndaşlara hər zaman xüsusi həssaslıqla yanaşdığını bildirib və buna görə icra başçısına öz təşəkkürünü bildirib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri və veteranlara qayğı ilə yanaşmağın hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib, bu münasibətin bundan sonra da eyni həssaslıqla davam etdiriləcəyini vurğulayıb. Görüşdə Xaçmaz Rayon İcra Hakimiyyəti ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları arasında əməkdaşlığın genişləndirilməsi, birgə tədbirlərin keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Qeyd edək ki, görüşdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Ərazi-təşkilat və ictimai-siyasi  məsələlər şöbəsinin müdiri Günel Nurəddinova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev, Xaçmaz Rayon Veteranlar Təşkilatının sədri Abasyar Heydərov da iştirak edib. Seymur ƏLİYEV

Hamısını oxu
AR Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya Müharibəsi veteranlarının görüşü

08 may 2017-cı il tarixində RVT-nin inzibati binasında Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya müharibəsi veteranlarının görüşü keçirilmişdir. Tədbir İkinci Dünya müharibəsi zamanı həlak olanların, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Görüşdə, RVT-nin sədri general-mayor Dadaş Rzayev, general-polkovnik Tofiq Ağahüseynov, Müdafiə Nazirliyinin və Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq, veteranlara göstərilən dövlət qayğısından danışmış, onların Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını,  problemlərinin vaxtında həll olunduğunu qeyd etmişdir. Cəlil Xəlilov ölkə rəhbərliyinin yüksək münasibətindən nümunə götürən müvafiq dövlət orqanlarının da veteranlara qayğıkeşliklə yanaşdıqlarını, alman faşizmi üzərində qələbənin 72-ci ildönünümü ərəfəsində general-leytenant Kərim Vəliyevlə bugünki görüşün baş tutmasının məhz bunun əyani sübut olduğunu bildimişdir. Son günlər İkinci Dünya müharibəsi veteranları ilə ölkənin bir sıra dövlət orqanlarında silsilə görüşlərin keçirilməsinin doğrudan da sevindirici olduğunu qeyd edən C.Xəlilov hazırkı görüşün ənənəvi xarakter daşıdığını və xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Hər il alman faşizmi üzərində qələbə günü ərəfəsinə təsadüf edən Müdafiə Nazirliyi rəhbərliyinin İkinci Dünya veteranları ilə görüşləri olduqca səmimi və yadda qalan olur. Azərbaycan ordusunun son dövrlərdəki uğurları ilə qürur duyan veteranlar belə görüşlər zamanı işğal altındakı torpaqlarımızın düşməndən tezliklə azad edilməsi üçün ordumuzun daha da güclənməsi, qələbə əzminin artması istiqamətində təcrübələrini bölüşür, hərbçilərimizə öz fikir və tövsiyələrini çatdırırlar. C.Xəlilov İkinci Dünya veteranlarının sayının günü-gündən azaldığını narahatlıqla bildirərək, onların xüsusi diqqətlə əhatə olunmalarının zəruriliyini qeyd etmişdir. O, həmçinin, İkinci Dünya müharibəsi veteranlarının hər zaman Azərbaycan ordusunun yanında olduğunu, gənc əsgər və zabitlərdə vətənpərvərlik hissinin artırılmasında əvəzsiz xidmət göstərdiklərini vurğulamışdır. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun veteranlara salamlarını və təbriklərini çatdıraraq, İkinci Dünya müharibəsinin tarixdə ən qanlı müharibə hesab edildiyini və 1945-ci ilin 9 may gününün tarixə qızıl hərflərlə yazıldığını vurğulamışdır. Qələbə gününün bütün tərəqqipərvər bəşəriyyətin, sülhsevər insanların bayranı olduğunu qeyd edən nazir müavini bu qələbənin əldə edilməsinə Azərbaycanın verdiyi böyük töhfələrdən danışmış, əvəzsiz xidmətlərinə görə veteranlara dərin minnətdarlığını bildirmişdir. K.Vəliyev 9 may qələbə gününün ildən-ilə daha böyük təmtərahla qeyd edildiyini, bunun Ümummilli lider Heydər Əliyevin veteranlara verdiyi böyük dəyərin və diqqətin göstəricisi və nəticəsi olduğunu vurğulamış, hazırda Ali Baş Komandan İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini bildirmişdir. O, İkinci Dünya veteranlarının, ümumən Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında xidmətlərindən danışmış, gənclərin torpağına, xalqına sədaqətli insanlar kimi yetişməsi, hərbi xidmətə hazırlanmaları istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirmişdir. O, Şuşanın işğalı gününə təsadüf edən bu görüşün növbəti illərdə Şuşada keçiriləcəyinə əminlik ifadə etmişdir. Daha sonra Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun 9 may Qələbə günü münasibətilə imzaladığı əmr veteranların diqqətinə çatdırılmış və həmin əmrə müvafiq olaraq bir qrup İkinci Dünya müharibəsi veteranına pul mükafatı və qiymətli hədiyyələr təqdim edilmişdir. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev hədiyyələri təqdim edərək, bayram münasibətilə veteranları bir daha təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Sonda İkinci Dünya müharibəsi veteranları adından Fatma Səttarova və Daməd Nəbiyev Müdafiə Nazirliyinin rəhbərliyinə və kollektivinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə və Azərbaycan Ordusunun parlaq qələbəsinə inamlarını ifadə etmişlər. General-leytenant Kərim Vəliyev veteranlarla xatirə şəkli çəkdirmişdir.

Hamısını oxu